Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Yaradan Rəbbin iradəsi ondadır ki,Onun həyat verici sözü bizim daxilimizdə yaşasın və Onun adına iman edən bizlər də o sözlə yaşayaq. Rəbb Allah Öz sözü ilə kainatı yaratdı,görünməyəni görünən etdi,yoxluğu varlığa çevrildi,bizim gördüyümüz təbiət də Onun sözünə görə yarandı. Rəbb Allahın sözü qüvvətli,zəngin və gözəldir. Onun sözünə iman edən bizlər Müqəddəs Kitabı oxuyaq,araşdıraq və o kəlamda yazılan kimi yaşayaq,çünki bu, iman edən hər kəsin xeyrinədir.
Romalılara məktub 8:28-30:”Biz bilirik ki,hər şey birlikdə Allahı sevənlərin,Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O,çoxlu qardaş arasında ilk doğulan olsun; əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.” Rəbbin sözü bizə deyir ki,”biz bilirik”. Çünki biz hər gün Müqəddəs Kitabı araşdırıb oxuyuruq. Bu Müqəddəs Kitabdan gələn bilik Rəbb Allah haqqında,Onun iradəsi haqqında bizə bilik verir. Bu bilik bizi təmin edir ki, çətinliklər qarşısında aciz insan olmayaq. Rəbb Allah ona yaxınlaşan insanı Öz sözü ilə təmin edir. Onun sözü qüdrətlidir, heçnədən hər şey yaradandır. Buna görə də Rəbb səni Öz sözü ilə təmin edir ki,aciz insan deyil,Rəbb Allaha sığınan insan olasan. Həyatında nə baş verirsə versin, bu, sənin xeyrinə işləyir. Burada söhbət haqsızlıqdan,mühakimədən,günahdan getmir. Bugün üzləşdiyin problemlərdən, xoşagəlməz hadisələrdən danışıram. Biz çox vaxt gündəlik həyatımızı yaşadığımıza görə bugün nə baş verdiyini görürük, dünənlə əlaqələndirmirik. Bilmirik ki,bugün verdiyimiz qərarlar sabahla nə qədər də bağlıdır. Rəbb Allah sənin dünənini, bugününü,gələcəyini tamamilə birlikdə görür. Bugün yaşadığın və üzləşdiklərin dünənlə bağlıdır,buna görə də qərarlarından əmin ol. Necə? Rəbb Allaha sığın,Ona bağlan,Onun sözü ilə yaşa və hərəkət et. Çünki Onun sözü sənin üçün faydalıdır. O,sənə qarşı pis iş görmək istəmir,səni təmin etmək,şəfa vermək, təchiz etmək istəyir. Bu,Rəbb Allahın iradəsidir. Çünki Rəbb Allah səni çağırdı, Onun çağırışı sənin həyatında məqsədinə görədir. Rəbbin məqsədini biz görürük – Onun Oğlunun surətinə uyğunlaşmaq. Rəbb Allah istəyir ki,Onun adına iman edən hər bir kəs İsa Məsihə uyğunlaşsın. Niyyətləri, düşüncələri,içəridəki bütün hisslər – hər şey İsa Məsihdən götürülsün. Məsihin Ruhuna,düşüncələrinə malik olaq ki, danışığımızda,hərəkətlərimizdə öz əksini tapsın. Məsihə bax. Sevgi dolu,bağışlayan, yardımsevər,rəhm edən ol. O,heç kimi alçaltmadı,amma Ona qarşı edilən həqarətlərə cavabsız qaldı. O, heç kimi rüsvay etmədi,amma Onu rüsvay edənlərin qarşısında Özünü Allaha etibar etdi. O, heç kimi mühakiçə etmədi,amma Onu mühakimə edəndə məsum quzu kimi susdu. Çünki O,bütün varlığı ilə Yaradana güvənirdi. Güvən Rəbb Allahına. Üzləşdiyin bütün məsələlərdə Rəbbə güvən və mütləq Onun iradəsini öz həyatına götür. Onun Oğlu İsa Məsihin surətinə yaxınlaş və Ona bənzə,Onun kimi ol və yaşa. Bu,Rəbb Allahın sənə görə olan məqsədidir. Sənin məqsədin nədir? Nə əldə etmək istəyirsən? Uyğunlaş Rəbb Allahın məqsədinə. Sən Məsihisən,çünki Rəbb Allahın oğlu İsa Məsihə iman etmisən. Qoy səndən həyat gəlsin,insanlar səndən xeyir-dua,sakitlik və sülh alsınlar, sənin nitqin insanları barışdırsın. Bu, Rəbb Allahın sənə olan iradəsidir. O,səni çağırdı. Rəbb əvvəlcədən səni çağırdı,saleh saydı və izzətləndirdi. Bilirsən necə izzətləndirdi? Sən İsa Məsihin surətinə yaxınlaşdın,Onun niyyətinə və ürəyinə malik oldun,İsa kimi insanlara həyat verən oldun. Belə ol. Bu,Rəbb Allahın sənə görə olan məqsədidir.
Romalılara məktub 8:31:”Bəs bunlar barədə nə deyə bilərik?Əgər Allah bizimlədirsə,kim bizə qarşı dura bilər?” Mən dəfələrlə bu ayəni istifadə edənləri görmüşəm. Ancaq bu ayələri deməzdən əvvəl Rəbb Allahın səni çağırdığı iradəsinə yaxınlaş. İsa Məsihə uyğunlaş və Onun kimi yaşa. Onun kimi sevən,rəhm edən insan ol. İsa heç kimi ölümə məhkum etmirdi,amma başqalarını ölümə məhkum edənləri azad edirdi. İsa heç kimə pislik etmədi. Yeşaya Peyğəmbər İsa Məsihin xasiyyəti haqqında danışaraq deyirdi:”O,əzilmiş qamışı qırmırdı.” Sənin xasiyyətin buna uyğun deyilsə,düşün ki,nə qədər bu sənin vacib və mühümdür. Çünki bu Rəbbin iradəsidir. Rəbb Allahın qızı və oğlu olmaq çox şərəflidir,bu şərəflə yaşa. Rəbb Allah səni Öz nəcib ailəsinin üzvü etdi. O ailənin üzvləri məğrur,təkəbbürlü, lovğa deyildilər,həlim,itaətkar,rəhm edən, bağışlayan və sevən idilər. Sən bunu edirsənmi? Nə qədər bunun üçün çalışırsan və dua edirsən?
Romalılara məktub 8:32:” O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə,Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?” Əgər Rəbb Öz Oğlunu günahlarımızın bağışlanmasına görə verdisə,başqa istədiklərini verməyəcək? Əlbəttə edəcək. Rəbb Allah səni genişliyə və azadlığa çıxardı. Rəbb sənə “övladım” deyib xeyir-dua verdi. İsa Məsih kimi ol və arxayın yaşa. Çünki,Rəbb Allah səninlədir,səni təmin edir,qoruyur,şəfa verir. Bu,çox qiymətlidir. Gəlin o məqsədə görə yaşayaq.
Rəbb Allahla bu haqda danış və dua et. De ki:”Ya Rəbb,mən İsa Məsihə uyğunlaşmağı istəyirəm. İstəyirəm ki,İsa kimi olum. Onun münasibətləri əla idi və məni dəyişdirən İsanın mənə olan mühakiməsiz məhəbbəti idi. Sən mənə rəhm etdin,bağışladın və günahlarımı yada salmayacağını dedin. Sən mənim bədənimə şəfa verdin. Mənim həyatıma rahatlıqla,barışıqla,sülhlə gəldin. İndi sənin qarşındayam və dua edirəm ki,mən də insanların həyatına eyni cür gəlim. Ailəm,dostlarım,qohumlarım arasında nifaq salan məsələlərdə deyil,sülh gətirən işlərdə iştirak edim. Əlimdən gələni edim. Barışıq olsun,Sənin sözün yayılsın. İnsanlar Sənə iman etsin,dinclik və rahatlıq tapsın. Bu işdə mənə kömək ol. Minnətdaram ki,sən məni təmin edirsən. Əgər Oğlunu günahlarımın bağışlanmasına görə qurban verdinsə,mənim üçün də istədiklərimi edəcəksən. Çünki sən etibarlı,sadiq və vəfalısan. Sən xeyir-dua verməkdən zövq alan Rəbb Allahsan.” Amin.
Müəllif: İdris Azəri