Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,bu səhər eşitdiyiniz ayələr gün boyu sizə müşayiət etsin. Bütün günü bu ayələr haqqında düşünərək Rəbb Allahı seyr etməyə çalışasınız.
Zəbur 34:1:”Hər zaman Rəbbə alqış edəcəyəm,
Ona daim mənim dilim həmd edəcək.
Rəblə könlüm fəxr edir.” Necə də gözəl sözlərdir! Hər zaman dedikdə Davud Peyğəmbər həyatının bütün hadisələrini əhatə edir. Günəşli və ya yağmurlu sabah, xoş və ya məyus olduğun gün, özünü gümrah hiss etdiyin və ya xəstə olduğun gün – hər zaman,hər vəziyyətdə Rəbbə alqış edir. Alqış etmək – tərifləmək, bəyənmək,sevinmək,xoş arzularını bildirməkdir. Hər zaman Rəbbə alqış et və Ona aid edildiyinə görə sevin. Rəbb Allahın gözəlliyini seyr et,camalını təsvir etməyə çalış. Nə olursa olsun,hər vəziyyətdə Rəbb səninlədir. Bu,gerçəklikdir. Bu düşüncə səni güclü edir,silahlandırır. Ona görə də Davud deyir ki,hər zaman Rəbbə alqış et. Sevincini Rəbbə səsləndir. Qoy sənin sevincin daxilində olmasın,musiqi ilə,rəqs ilə tərifini səsləndir. Daim Rəbbə həmdini bildir. Çünki Rəbb yaxşıdır. O,Yerin və Göyün Yaradanıdır,səni çağırandır,Öz hüzuruna dəvət edəndir və təmin edəndir. Ona görə də könlün Rəbb Allah ilə fəxr etsin,dilin daim Ona alqış söyləsin. Sevin,cuşa gəl, iftixarla dol. Açılan sabahda Rəbbin qarşısına gəlib Ona alqış etmək çox yaxşıdır. Hər anını,hər vəziyyətini Rəbb Allahın qarşısında bu cür yaşa. Çünki bu, sənin üçün yaxşıdır. Bu,sənin düşüncələrini və niyyətini qoruyacaq,daima Rəbbin hüzurunda olmağına kömək edəcək. Sənin könlün hər vəziyyətdə Rəbb Allahı səsləndirməyə vərdiş alacaq. Kədərlə və ya məyusluqla yox,sevinc ilə Ona alqış et. Hər hansı düşdüyün vəziyyət sənin xoşuna gəlməsə də,bil ki,qurtuluşun uzaq deyil, Xilaskarın səni unutmayıb. Rəbbin şəfası sənin üçün tükənməyib və bərəkəti sənin üçün bitməyib. O,davamlı sənə xeyir-dua verərək sevinəndir.
Zəbur 34:2-4:”Ey məzlumlar,eşidib sevinin!
Gəlin mənimlə birgə Rəbbi müqəddəs tutaq,
Rəbbin ismini birgə ucaldaq.
Rəbbə üz tutdum,
O mənə cavab verdi,
O hər bir dəhşətdən məni xilas etdi.” Məzlum insan – çətinlikdə olan,əziyyət çəkən, təqibə və ya təhqirə məruz qalan insandır. Davud deyir ki,belə insan eşidib sevinsin,Rəbbin adını müqəddəs tutsun. Çünki sən məzlumların yolunu seçdin və fəqirlərin yolu ilə getdin. Çünki sən indi düşdüyün vəziyyətdə Rəbbin üzünü axtarırsan. Hansı çətinliyin,problemin varsa, Rəbbi ucalt,alqış et,həmd et və Onu çağıraq. Bugün kiminsə təqibinə və ya təhqirinə məruz qalan,cavab verməmək üçün ağzını yuman,qisas almamaq üçün sakit olan,əziyyət çəkən insana Davud əsrlərdən keçən sözləri ilə deyir:”Məyus olma,ruhdan düşmə,səsini Rəbbi həmd etmək üçün ucalt, fəxr et Onunla,Rəbb Allaha aid olduğuna görə sevin,könlün Onunla fərəhlənsin.” Davud bu cür yaşadı və bizə də eyni sözü deyir. Rəbbə üz tut,O, cavab verəcək və hər dəhşətdən səni xilas edəcək. Çünki Davud özü Rəbbə üz tutdu və Rəbb Allah Davudu xilas etdi.
Zəbur 34:5-8:”Rəbbə baxan nur saçar,
Üzü qızarmaz.
Mən məzlum,Rəbbi çağırdım,
O məni eşitdi,
Bütün əzablarımdan məni xilas etdi.
Rəbdən qorxanları Onun mələyi müdafiə edər,
Onlara zəfər verər.
Dadın,görün Rəbb nə qədər şirindir,
Nə bəxtiyardır Ona pənah gətirənlər!” Rəbbə bu gözəl sözlərə görə həmd olsun! Davud özü də məzlum idi,təhqirə və təqibə məruz qalmışdı,çətinlikdə və əziyyətdə idi. Davud Rəbbin üzünü,Onun camalını axtardı, Rəbii tərənnüm edərək Ona alqış etdi. Çünki Rəbb Allahı çağıran,Onun üzünü axtarının üzü qızarmaz,pərt olmaz, əziyyətdə yaşayan insanı Rəbb qurtarar. Davud səni onunla birlikdə bu yolu getməyə çağırır. Əgər sən məzlumların yolu ilə getsən,Rəbbin mələkləri səni müdafiə edəcək,sən çağıracaqsan və hər bir bəladan Rəbb Allah səni qurtaracaq. Sən də Rəbbi alqış et,Onun ürəyinə görə hərəkət et,çünki Rəbb yaxşıdır. Davud Peyğəmbərin nümunəsinə görə yaşa,məzlumların yolu ilə get. Çətinlikdə,əziyyətdə,qisas almayanda Rəbbin mələkləri sənin ətrafında toplaşacaq,sənin üzün qızarmayacaq, çünki sən salehlərin yolunu seçdin,Rəbb Allahın adı ilə fəxr edənlərin yolu ilə getdin. Rəbb bu cür insanlara zəfər verir. Hər vəziyyətdə sənin çıxış yolun Rəbb Allahın ürəyinə görə hərəkət etməkdir. Hər an sənin çıxış yolun budur. Hər hansı çətinliklə üzləşsən də,Rəbbə həmd et,tərənnüm et. Bil ki,Rəbb yanındadır və Onun mələkləri sənin ətrafında toplaşır. Çünki sən salehlərin yolu ilə getdin,Rəbbin balalarının yolu ilə getdin. O zaman dadırsan və Rəbbin nə qədər şirin olduğunu görürsən. Bəxtiyarlıq üzərinə gəlir,çünki sən Rəbbin adına həmd edib Ona pənah gətirdin.
Qoy Rəbb hər birinizə xeyir-dua versin. Bu cür düşünün və yaşayın. Rəbbin yaxşılığını seyr edərək Ona alqışınızı səsləndirin.
Müəllif: İdris Azəri