Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın iradəsi bizim yer üzündə yaşadığımız ömür boyu Onun xoş iradəsini görmək,həyatdan kam almaq və əbədi həyatı verməkdir. Çünki Rəbb Allah Müqəddəs Kitab vasitəsi ilə bizə bu təminatı verdi. Müqəddəs Kitabın səhifələrində Rəbbin xoş niyyətini,bizə olan iradəsini,xasiyyətini görürük və bilirik ki, bunların hamısı bizim həyatımıza fayda üçündür,xeyir-dua gətirmək üçündür. Müqəddəs Kitab bizə verilib ki,bizə bu həyatı yaşamaq və həyatdan kam almaq üçün təmin etsin. Rəbb Allahın sözü təminatdır. Rəbb Allaha yaxınlaşan hər birimiz də Onun iradəsinə və sözünə görə uyğunlaşıb yaşamalıyıq
Romalılara məktub 8:28-29:”Biz bilirik ki,hər şey birlikdə Allahı sevənlərin,Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O,çoxlu qardaş arasında ilk doğulan olsun;”. Biz Müqəddəs Kitab vasitəsi ilə bunları öyrəndik,O,Öz iradəsini Müqəddəs Kitab vasitəsi ilə aşkar etdi. Rəbb Allahın iradəsini,xoş arzusunu Müqəddəs Kitabda oxuya bilərsən. Hər bir çətinlikdə,sıxıntıda Müqəddəs Kitab vasitəsi ilə Rəbbin niyyətinə bələd ola bilərsən. Ona görə də yazılıb ki,biz hər şeyin bizim xeyrimizə işlədiyini bilirik. Çünki Rəbb Allahın iradəsi bizə yaşadığımız həyatdan kam almağımız, Rəblə yaşayaq,Ona güvənək və həyatdan zövq alaq. Biz bəzən hər hansı məsələdə özümüzü itiririk və fikirləşirik ki,niyə belə oldu və ya niyə baş verdi? Bu sualları düşünürük və özümüz cavablamağa çalışırıq. Müqəddəs Kitab sənin bütün suallarına cavab verəndir. Bütün hadisələr Rəbbi sevənlərin xeyrinədir. Bütün varlığınla,ürəyinlə,gücünlə səni Öz Oğlunun surətində olmağa çalışanı sev. Sənin sevgin ancaq sözlərlə kifayətlənməsin, Rəbbə göstərdiyin güvəndə sənə bəlli olsun. Həyatda indi təqiblərlə,təhqirlərlə, dedi-qodu,xəstəlik ilə üzləşsən də,Rəbb Allahı sev və bil ki,sənin həyatında olanlar Rəbbin nəzarətindədir. İndi olduğun vəziyyətdə düşün ki,Rəbb Allahı nə qədər sevirsən? Ancaq sənə hədiyyə verəndə yoxsa çətinlikdə üzləşəndə belə Rəbbi sevirsən? Rəbb deyir ki,bu sözlər Onu sevənlər üçündür. Olduğun hər bir yerdə Onu sev. Sağlam və xəstə olanda Onu sev. Hər vəziyyətdə Rəbbin hüzuruna gəlməyə heçnə və heç kim əngəl törətməsin. Rəbb Allahın qarşısına gəl və Onun hüzurunda ol. Sənin həyatında nə baş verirsə,sənin xeyrinədir. Çünki Rəbb Allah səni məqsədyönlü şəkildə idarə edir. Rəbbin iradəsi və məqsədi insanların Öz Oğlunun surətində olmaqdır.
Romalılara məktub 8:30:”Əvvəlcədən təyin etdiyi adamları da çağırdı;çağırdığı adamları da saleh saydı;saleh saydığı adamları da izzətləndirdi.” Bu,Rəbb Allahın sənə olan münasibətidir. Rəbb səni hələ sən dünyaya gəlməmişdən öncə seçdi, istədi ki,Rəbbin Oğlunun surətinə uyğunlaşmaq üçün təyin etdi. Uyğunlaşmaq – verilən nümunəyə uyğun hala gəlmək,bənzəmək,eyni hala gəlməkdir. Rəbb istəyir ki,Müqəddəs Kitab vasitəsi ilə biz Məsihin xasiyyətini,davranışını, münasibətini öyrənək və Ona uyğun yaşayaq. Ona görə də Rəbb bizi çağırdı, saleh saydı və izzətləndirdi ki,tamamilə həyatında üzləşdiyin hər bir vəziyyət sənin xeyrinə olsun,səni güclü,əmin,imanlı,Rəbb Allaha güvənən və Onun məhəbbəti ilə dolan insanlar olaq. İsa necə idisə,Ona uyğunlaş,özünü Ona bənzət. Ona yaxınlaşan hər kəs Ondan xeyir-dua,şəfa alırdı.
Romalılara məktub 8:31-32:”Bəs bunlar barədə nə deyə bilərik?Əgər Allah bizimlədirsə,kim bizə qarşı dura bilər? O Öz Oğlunu belə,əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi? Əgər Rəbb Allahın bizə bu cür münasibəti və yanaşması varsa,hələ biz dünyaya gəlməmişdən əvvəl bizi çağırıb və seçibsə, bunlara əlavə daha nə ola bilər ki,üzləşdiyin çətinliklərdən,problemlərdən qorxmayasan. Əgər Rəbb Öz Oğlunu əsirgəməyib qurban verdisə,sənin canını xilas etmək,qorumaq, izzətləndirmək,xeyir-dua vermək üçün səni seçdisə, bundan əlavə nə deyək? Əgər Rəbb Allah bunları səndən əsirgəmədisə, səncə sənin gündəlik ehtiyaclarını verməyəcək? Kim sənə qarşı dura bilər? Sənə qarşı deyilən heç bir haqsız söz,ittiham öz yerini tutmayacaqdır,çünki sən özünü İsa Məsihə uyğunlaşdırıb Müqəddəs Yazılara uyğun yaşayırsan. Bu cür yaşa. Rəbb səni bu həyata çağırdı,bu həyat möcüzəli həyatdır,bu həyatın dadı Rəbbin səninlə olmasıdır. Bu həyatın dadını çıxar. Hər vəziyyətdə Rəbb səninlədir, yanındadır. Sən də möhkəm sədaqətlə Rəbbə bağlan,Məsihin surətinə uyğunlaşan tərzdə yaşa. Bu,Rəbb Allahın sənin üçün olan iradəsi və məqsədidir. Ailəndə, dostlarının arasında,cəmiyyətdə Onun kimi olmağa çalış. Qoy Rəbb hər birinizə xeyir-dua versin. Bu düşüncə ilə gününüzə başlayın,bütün ömrünüz boyu bu fikirlə yaşayasınız. Unutmayın ki,Rəbbin sözü deyir:”Əgər Allah bizimlədirsə,kim bizə qarşı dura bilər?” O Öz Oğlunu belə əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf edəcəkdir.

Müəllif: İdris Azəri