Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Bu açılan sabahda Rəbb Allahdan gələn bol xeyir-dua sevgisini,mərhəmətini göstərən,Rəbdə dinclik tapan insanlar olasınız. Çünki Rəbb sizin həyatınızda bunu etmək istəyir və bunun üçün də Öz Müqəddəs Kitabını verib. Burada Rəbb Allahın xoş niyyətini,sevgisini, mərhəmətini, tükənməyən məhəbbətini,gələcəklə bağlı vədlərini görə bilərsiniz. Məhz bu vədlərdən siz və sizin ailə Rəbb Allahdan daimi olaraq bərəkət alırsınız. Buna görə də sevinin, Rəbbə aid olduğunuza görə fəxr edin. Rəbb Allahın gördüyü işlər yaxşıdır. İmanda sizi sarsılmaz edən,dözümlü,taqətli insan edən Rəbb Allahdır.
Efeslilərə məktub 6:10:”Nəhayət,Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin. İblisin hiylələrinə qarşı dura bilmək üçün Allahın verdiyi bütün zireh və silahlara bürünün. Çünki mübarizəmiz qandan və ətdən ibarət olan insanlara qarşı deyil,şər başçılarına və hakim olanlara,bu qaranlıq dünyanın hökmranlarına, səmadakı ruhani şər qüvvələrə qarşıdır.”
Sən neçə vaxtdır ki,açılan sabahını Rəbbin sözü ilə qarşılayırsan. Rəbb bizə deyir ki,bu sözlər – sənin ruhunun qidası səni möhkəm insan etməkdir. Müqəddəs Kitabımı ondan ötrü sənə vermişəm ki, Rəbb Allahına olan imanında möhkəmlənəsən və inkişaf edəsən. Rəbb istəyir ki,biz Ona olan imanımızda daim inkişaf edək. Rəbb bizdə işə başlayıb. Bu, inkişafdır,böyüməkdir,sağlam düşüncəyə malik olmaqdır. Ona görə hər gün sən Rəbb Allahın sözündə olduğun zaman Rəbb sənə Öz sözünü,xoş niyyətini açır. Rəbb Allahın sözü deyir ki,O,bizi ondan ötrü təmin edir ki,xoşagəlməz vəziyyətlərdə diqqətli və dözümlü olaq. Rəbbin sözü bizi möhkəmləndirir. Rəbb Allah öyrədir ki,bizim üzləşdiyimiz problemlər insanlarla deyil, iblisə uymuş insanlarladır. Sənin qarşıdurman,mübarizən sənin və ailənin həyatını dağıtmaq istəyən,bütün bəşəriyyətə qarşı duran iblislədir. Rəbb Allah deyir ki,iblisin hiyləsinə qarşı durmağı bacarasan və iblisin sənin ailəndə və düşüncələrində tətbiq etmək istədiyi hər bir hiyləni kənara atmağı bacarasan. Rəbdən gələn barışıq,sevinc,sülh,təskinlik gətirir. Bütün bunlardan sən özün də zövq alırsan. Lakin iblisdən gələn fikirlər dedi-qoduya, şikayətə,narazı olmağa səbəb olur, ürəyindən rahatlığı götürür.
Efeslilərə məktub 6:13:”Buna görə Allahın bütün zireh və silahlarını götürün ki,pis gündə müqavimət göstərib,əlinizdən gələn hər bir şeyi etdikdən sonra dayana biləsiniz.” Ayıq ol,iblisin toruna düşməmək üçün Rəbb Allahdan aldığın Müqəddəs Kitabda bütün zirehləri götürün ki,müqavimət göstərib güclü dayana biləsiniz. Rəbb deyir ki, müqavimət göstərəndən sonra taqətdən düşməmək və ayıq olmaq üçün Onun sözünü götürək, qəbul edək. Qoy Onun bizə verdiyi sözlər bizim üçün zireh olsun. Sənə qarşı olan hər bir haqsızlıqdan, təhqirdən, böhtandan və şərdən səni qoruyub zirehə dəyərək sənə xələl gətirməyəcəkdir. Rəbb Allah bunu edir,O,bizim zirehimizdir. Ona bürünək
Efeslilərə məktub 6:14-15: “Beləliklə, həqiqəti kəmər kimi belinizə bağlamış, salehliyi zireh kimi döşünüzə taxmış,barışıq Müjdəsini yaymaq hazırlığını ayaqlarınıza geyinmiş olaraq yerinizdə durun.” Rəbb deyir ki,həqiqəti kəmər kimi belinə bağla. Rəbbin həqiqəti bizim onurğamızı möhkəm saxlayandır. Onurğa bədənin sütunudur,bütün bədəni möhkəm saxlayandır. “Mənim həqiqətim, varlığım,sığınacağım və qalam,Odur Rəbbim və təmin edənim” ifadəsi bizi qurşalaqlayandır. Bizi gücləndirən və möhkəmləndirən Rəbdir. Onun həqiqəti ilə özümüzü bürüməliyik. Bu,səni dözümlü edəndir. Məsih İsadır bizim zirehimiz. Bizi salehlərin yolu ilə aparıb pak edən Odur. Bu fikri öz bədəninə və həyatına götür. Mübarizəmiz insanlara qarşı deyil, həyatımızı dağıtmaq istəyən iblisə qarşıdır. Rəbb bizi barışıq Müjdəsini yaymaq üçün göndərib. Biz həmin nicata qovuşduq,ona görə də bunu ailəmizdə yaymaqda davam etməliyik. Susma,barışıq Müjdəsinin carçısı və yayanı ol. Qoy sənin daxilindən həmin sülhün gəldiyi görünsün. İnsanlar sənin gözlərinə baxdıqda rahatlığı,sevgini,dincliyi görsünlər. İnsanların gözləri ürəklərini göstərir,ona görə də deyilir:”Gözlər qəlbin aynasıdır.” Rəbb deyir:”Qoy sənin gözlərində sülh olsun. Sənin şəhərində, ailən və dostların arasında barışıq Müjdəsini yayan,xilas yolunu bəyan edən, insanları qurtuluşa nail edən ol. Susma, susduqca məğlub olursan. Danış və Rəbbin sevgisini göstər. Rəbb Allahın quruluşunu bəyan et. Özün barış və barışdır.”
Efeslilərə məktub 6:16:”Bütün bunlara əlavə olaraq şər olanın bütün yanar oxlarını söndürə bilmək üçün iman qalxanını əlinizə götürün.” İnsanlar sənə böhtan atanda, dalınca danışaraq səni rüsvay etmək istəyəndə Məsih haqqında düşün. Ona qarşı da elə etdilər və uğursuz oldular. Şər iş görən insan artıq uğursuzdur.
Yeşaya 54:17:”«Sənə qarşı işlənən
Heç bir silah işə yaramayacaq.
Məhkəmədə səni təqsirləndirən
Hər kəsi təqsirkar çıxaracaqsan.
Rəbbə qulluq edənlərin irsi belədir.
Onların salehliyi Məndən gəlir».
Bunu Rəbb bəyan edir.” Bunu Rəbb Allah bəyan edir. Sənə qarşı kim hiylə işlətsə artıq uğursuzdur. Çünki Rəbb sənə Öz sözünü verdi. Sənin imanın sənin qalxanındır,qoruyandır,heç kim sənə qarşı çıxa bilməz. Çünki sən Rəbb Allahın Oğlu İsa Məsihə sığındın. Sən pisliyə pisliklə cavab vermədin,sən Rəbb Allahın Oğlu olan Məsihə sığındın və salehlərin yolu ilə gedərək xeyir-dua verməyə davam edirsən. Sənin Məsihin də belə etdi. Sığın Ona,bu, sənin qalxanındır. Pisliyə qarşı pislik deyil,əksinə yaxşılıq,mərhəmət və sevgi – bunlar sənin qalxanındır. Xilas dəbilqəbi tax başına. Rəbb deyir:”Sən xilas olmusan,bunu dəbilqə kimi başına tax və büdrəmə. Qorxma ki,xilasını itirərsən. Xilas olmuş kimi həyatını yaşa. Mənə güvəndiyinə görə zəfər çaldın,belə yaşa. Mənim övladım kimi münasibətlər qur.” Səmavi Atan kimi davranmaqla bir daha sübut edirsən ki,Onun övladısan. O rəhm etdiyi kimi sən də rəhm et. Səmavi Atan xeyir-dua verməkdə davamlı olduğu kimi sən də xeyir-dua verən ol. O ruhdan düşmədiyi kimi sən də ruhdan düşmə. Səmavi Atan insanları xilas edir,sən də insanlara Səmavi Atamın işini görmək üçün qurtuluş və xilaskar olan Məsihi göstər.
Efeslilərə məktub 6:17:”Xilas dəbilqəsini və Ruhun qılıncını,yəni Allahın kəlamını götürün.” Götür Rəbbin sözünü. Müqəddəs Kitab sənin ruhani qılıncındır. Onu götür və döyüşə hazır ol. Həmin qılınc sənə insanların düşüncələrini qırmaq üçün, insanları həqiqətə çıxarmaq üçün yararlıdır. Oxu Rəbb Allahın sözünü. Müqəddəs Kitab sənə bundan ötrü verilib ki,Rəbb Allaha yaxınlaşasan,Ona ibadət edəsən,Onun sözü ilə möhkəmlənəsən və ruhani qida alasan.
Efeslilərə məktub 6:18:”Hər cür dua və yalvarışla,həmişə Ruhun idarəsi ilə dua edin. Bu məqsəd uğrunda tamamilə mətin olub oyaq qalaraq bütün müqəddəslər üçün dua edin.” Ruhun idarəsi ilə dua edən insanlar “Ya Rəbb,mənim deyil,Sənin iradən olsun.” Rəbb Allahın təminatı budur. Dönməz,sadiq,vüqarlı ol. Al Rəbb Allahı həyatına,Onunla güclən və ayıq ol. Bütün müqəddəslər üçün dua və vəsatətdə ol. Allahın qarşısına olduğun yerdə elə indicə gəl və dua et. Rəbb hər birinizə xeyir-dua versin.
Müəllif: İdris Azəri