Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allah Öz sözünü bizə ondan ötrü verdi ki,biz hər gün Onun sözünə müraciət edək, Onun sözünü araşdıraq və həyatımızda icra edək. Nəyə görə Rəbb Allah Öz sözünü bizə verdi? Çünki Rəbbin arzusu və niyyəti səni səhvlərdən qorumaqdır,günahlardan tamamilə ayırmaqdır,sənin xoş günlər görüb həyatdan kam almağındır. Onun xoş niyyəti səni əbədiyyətə qədər aparır. Ona görə də hər gün Rəbb Allahın sözünə baxırıq və müraciət edirik. Çünki bu,bizim üçün vacibdir.
Romalılara məktub 8:1-2:” Deməli,indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur. Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.” Bu,Rəbb Allahın niyyətidir. Rəbb Allah bununla sənə Öz istəyini açır. 2000 il bundan əvvəl Məsih Yer üzündə olub Özünü insanların günahlarının bağışlanması üçün kəffarə qurbanı kimi təqdim etdi. Ona iman edən hər bir insana yaşadığı ölkədən, zamandan, məkandan asılı olmayaraq Rəbb Allahın sözü deyir: “Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.” Rəbb bizi günahdan və ölümdən azad edir. İsa Məsihə iman edənləri Rəbb axirət cəzasından azad etdi. Rəbb Allahın azad etməsi təkcə axirətlə bağlı deyil,bizim yaşadığımız hər bir gündə aşkar edilir. O, bizi mühakimə,ittiham etmir,cəzalandırmaq istəmir,əksinə Öz sevgisini ötürmək istəyir. İsa Məsihə iman edən hər kəsi Rəbb deyir:”Sevirəm!”.
İsanın şagirdlərindən biri olan Tomas Ona yaxınlaşıb deyir: “Rəbb Allahım sənsən.” İsa ona cavab verir:”Sən Məni gördün,toxundun və iman etdin. Nə bəxtiyardırlar o kəslər ki,görmədən Mənə iman edirlər.” Bu söz bizə aiddir. Biz Məsihi şəxsən görmədən Ona iman etdik,Onu “Allahım” deyib çağırdıq,Rəbbin sözü bizə cavab verir: “Bəxtiyarsan.” Rəbb Allah sənə baxıb və deyir:”Səni sevirəm,bəxtiyarsan.” Rəbbin bizə olan münasibəti,xeyirxahlığı və sevgisi bizim təminatımız üçündür. Onun ruhu və gerçəkliyi səni azad etdi. Həmin o Ruh hansı ki,dünyanın yaradılışında sular üzərində uçurdu,adları Müqəddəs Kitaba düşmüş Peyğəmbərləri idarə edirdi. Eyni Ruh vasitəsi ilə İbrahim sevimli oğlunu qurbangah qarşısına qoyaraq Allaha təqdim etmək istədi,Musa Peyğəmbər Misirə girərək İsrail xalqını azad etdi,Nun oğlu Yeşua İsrail xalqı üçün qələbələr gətirdi,Davud Peyğəmbər dövlət quraraq “Allahın ürəyinə görə insan” adlandırıldı, Süleyman Peyğəmbər dünyada ən müdrik insan oldu,Daniel Peyğəmbər özünü gəncliyindən ölənə qədər özünü Rəbb Allaha həsr etdi. Bu Ruh bizi də azad etdi. Yaradılışdan bəri Rəbb Allaha yaxınlaşan və güvənən insanları təmin edən Rəbbin Ruhu sənə azadlıq verdi. Bu azadlıq ilə sən Rəbdən hikmət,güc,bilik,bol məhəbbət və tükənməyən xeyir-dua alırsan. Sevin buna.
Romalılara məktub 8:14:”Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.” O Ruhla əgər sən idarə edilirsənsə,Rəbb Allahın övladısan. Çünki Rəbbin övladları Onun ürəyinə görə hərəkət edir,Onun iradəsini yerinə yetirir. Rəbb Allah hər gün sənin həyatına bununla yaxınlaşır:” Nə qədər Mənim iradəmi üstün tutursan? Nə qədər mühümdür iradəm sənin üçün? Yoxsa yalnız xoş sözlər eşitmək istəyirsən?” Ancaq xoş sözlər eşitmək və ləzzət almaq istəyirsən yoxsa o sözün gücü ilə ailəni Rəbbin qarşısına gətirmək, ölkənin rifahını görmək, günahlardan azad olmaq,xoş və müsbət dəyişikliklərə nail olmaq? Rəbbin sözü səni təmin edir ki,Onun nümunəsini götürərək Allahın ürəyinə görə insan olasan. Bütün qərarların, arzuların – hər şey Rəbb Allahın iradəsi ilə üst-üstə düşsün. Bu yol Rəbbin yoludur, azadlıq yoludur. Onun iradəsini hər şeydən üstün tut. Münaqişələrdə,konfliktlərdə,çətin vəziyyətlərdə Rəbbin sözünə görə insan ol. Bütün bu nümunələri Müqəddəs Kitabdan və İsanın həyatından götürmək olar. Rəbbin sözü deyir:”Mən səni Öz Oğlumda seçdim və sənə günahdan və ölümdən azadlıq verdim. Artıq günah hökmü sənin üzərində ağalıq edə bilmir,sən Rəbbin övladısan. Artıq ölüm qorxusu səni məhdudlaşdıra bilmir. Rəbb Allahın övladı kimi yaşa və elə qərar ver.”
Romalılara məktub 8:15-17:”Axı siz köləlik ruhunu almadınız ki,yenə də qorxu içində yaşayasınız;övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba,Ata» deyə nida edirik. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki,biz Allahın övladlarıyıq. Əgər Onun övladlarıyıqsa, deməli,həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.” Rəbbin sözü deyir ki,Ruh bizə şəhadət edir ki,biz Rəbb Allahın övladlarıyıq. Həmin o Ruh ilə öz dualarında,ibadətində Rəbb Allahın qarşısına gəldikdə “Ey Göylərdə Olan Atam” demək ixtiyarına malik oldun,O,sənə daha yaxın oldu və sənin sözlərin Onun dərgahında eşidilir ki,Ona tez cavab versin. Rəbbin övladısan,Onun övladı kimi yaşa və düşün. Rəbb Allahın övladı kimi münasibətləri qur ki,səndən insanlara həyat gəlsin. Çünki Atanın dediyindən ancaq HƏYAT gəlir. Sənin “Ata” dediyin Rəbb bağışlayan və mərhəmət edəndir,sən də bağışla və mərhəmət et. Sənin “Ata” dediyin Göylərdə olan Allah insanlara sülh və barışıq gətirir,zəif insanları gücləndirir. Sən də başqalarını tapdalama,mühakimə etmə,onlara kömək ol,xeyir-dua verən ol. Çünki sənin Atan bunu edəndir. Rəbb Allahın sözü deyir ki,özünü Məsihin işinə şərik et. Şərik et,çünki sən varissən. Rəbb hər birimizə böyük xeyir-dua verib,kiçiltmə bunu öz həyatında. Onu dəyərsiz etmə,hər gün bu xeyir-duada yaşa. Qoy bugünün belə başlasın:Mən Rəbb Allahın övladıyam, Rəbb Allahın sevinc,sülh və barışıq gətirəndilər. Bu,mənim həyatımdır.
Bugün belə dua et:”Sənin övladınam Ya Rəbb,övlad kimi yaşamağa mənə kömək et. Kömək et ki,Sənə məqbul olmayan fikirləri özümdən kənara atım. Sənin bənzərində, Sənin ürəyinə görə insan kimi mənim hər bir sözüm insanlara güc və sevgi gətirsin. İnsanlar mənim vasitəm ilə Sənin sevgini alsın,barışsınlar,hər cür qorxudan azad olsunlar,necə ki,sən mənə qarşı belə edirsən.” Qoy Rəbb hər birinizə xeyir-dua versin. Hər gününü Rəbb Allahın övladı kimi şərəflə yaşa.

Müəllif: İdris Azəri