Müqəddəs Kitabda “qayğı” sözü 2 mənada göstərilir:
1. Qayğı-qeydinə qalmaq,diqqət göstərmək
2. Qayğı- dərd çəkmək,fikir çəkmək
Say etibarı ilə məhz 2-ci məna çoxluq təşkil edir və bu mövzudan danışmaq istəyirəm.
Hər bir insanın gündəlik həyatında,yaşayışında problemləri olur və insanlar onlarla bağlı fikir edirlər,narahat olurlar.
Matta 6:25-27: “Buna görə sizə deyirəm:“Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün,“Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən,bədən isə geyinməkdən daha vacib deyilmi? Göydə uçan quşlara baxın:onlar nə əkir nə biçir,nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə,uzada bilər?”.
Burada insanları başqa varlıqlarla müqayisə edərək əslində bizim nə qədər dəyərli olmağımız vurğulanır. Rəbb bizi sevir,bizim narahatlığımızı bilir və bizi hər şey ilə təmin edir. Yazıldığı kimi,hər hansı narahatlığımız nə bizim həyatımızı uzada bilir,nə də qayğıları həll etməyə kömək edir.
1 Peter 5:7: “Bütün qayğı yükünüzü Ona ötürün,çünki O sizin qayğınıza qalır”. Məncə bu ayədə qorxularımızı,qayğılarımızı “Rəbbə ötürün” dedikdə Ona güvənmək nəzərdə tutulurdu. Allah ən dərin inamımıza layiqdir. Ona həqiqətən güvənəndə O bizi rahatlıqla və ümidlə doldurur. Bəlkə bu bir qədər çətindir,amma Rəbbə etibar etdikdə,Onun Padşahlığını axtarıb iman etdikdə bütün qorxularımız,qayğılarımız yerini güvənə verir.
Zəbur 55:22: “Sən qayğı yükünü Rəbbə ver,Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz.” Bəli,Rəbbə güvəndikdə bizə dayaq olur,bizə sarsıntı vermir. Fikirləşirəm ki,gündəlik həyatda özümüzü kəlamla doldurmalıyıq,belə olduqda hər hansı qorxu,narahatlıqla üz-üzə gəldikdə hazır olarıq və Müqəddəs Kitabı bir növ qalxan və ya silah kimi istifadə edərik.
Allahın sevgisində bütün qayğılarımız yox olacaqdır.
1 Yəhya 4:18-də yazıldığı kimi “Məhəbbətdə qorxu yoxdur,əksinə kamil məhəbbət qorxunu qovar.” Amin.
Səfurə Ümid