Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü sənin həyatın üçün ən vacib olan təminatdır. Rəbbin sözü bizə qorxaq,aciz və zəif olmamaq üçün təminat verəndir. Yerin və Göyün Yaradanı,bütün bəşəriyyəti Öz sözünün qüdrəti ilə saxlayan Rəbb Allah sənə Öz kəlamını – Müqəddəs Kitabı da verdi. Çünki sənə can verən Rəbb istəyir ki, sənin canın salamat olsun,sənə həyat verən Rəbb Allah istəyir ki,sən bu həyatdan kam alasan. Rəbb Allah istəyir ki,sən şəfa alasan,ona görə Var Olan Rəbb sənə Öz kəlamını verdi. Müqəddəs Kitabı oxu. Orada Məsih İsanın gördüyü işlərə bax.
Luka 6:19:”Bütün izdiham İsaya toxunmağa çalışırdı. Çünki Ondan çıxan qüdrət hamını sağaldırdı.” Bütün izdiham İsaya toxunmaq üçün can atırdılar. Onlar görürdülər ki, Məsihdən qüdrət çıxır və Onun ətrafında olan insanlar fərqlidirlər. Qorxaq,aciz kimi deyil,ixtiyar sahibi kimi hərəkət edirdilər. Ona görə hamı İsanın yanında olmağa və Onu dinləməyə çalışırdı. Çünki Ondan çıxan qüdrət insanları dəyişirdi və bugünə qədər də İsa bunu edir. Ona yaxın gələn insanların taleyi xeyir-duanın mənbəyinə gəldiklərinə görə dəyişilir. Sənin həyatının xeyir-duasının mənbəyi Məsih İsadır.
Yəhya deyirdi ki,İsanın gördüyü bütün işləri bir-bir yazsaydıq,həmin kitab heç dünyaya sığmazdı. İsaya yaxınlaşan insanlar nankor,peşman qayıtmırlar,onlar hər zaman xeyir-dua alaraq sevincə malik olurlar. Bugün də bu, Müqəddəs Kitabda – İncildə yazılan sözləri oxuyub qəbul etməklə mümkündür. Orada yazılan kimi nəsihət,nümunə,örnək götür. İsanın ürəyinə görə insan ol. Əgər sən bu həyatı yaşayıb xoş günlər,sevincli anlar görmək,həyatdan kam almaq istəyirsənsə,sənə İncil lazımdır. Əgər Rəbb Allahın məhəbbəti sənin həyatında olmasını istəyirsənsə,sənə Müqəddəs Kitab lazımdır. Çünki bu,Rəbbin sözüdür və bu söz vasitəsi ilə Rəbb Allah sənə təminat verir.
Luka 6:27-29:”Amma sizə deyirəm,ey Məni dinləyənlər.” İsa bu sözləri Onu həqiqətən dinləyənlərə,Onu xilaskar kimi qəbul edənlərə səslənərək söyləyir. İnsanların çoxu eşidirlər,lakin sadəcə dinləməklə kifayətlənmə. Eşitdiyiniz sözü öz həyatında icra etməklə o sözün faydasını görür. Əgər sən acımısansa,sadəcə yeməyə baxaraq doyursan? Kim susayanda suya baxaraq doyur? Acıyan adam yemək yeyər, susayan adam isə su içər. Rəbb Allahın sözü də sənə deyildikdə sadəcə dinləmə,icra et. Çünki sənin həyatından aldığın kam,təsəlli,şəfa onun icrası ilə birbaşa bağlıdır. Sənin həyatına gələn təminat sən Rəbbin sözünü icra etdikdən sonra baş verir.
Luka 6:27-29:”Düşmənlərinizi sevin, sizə nifrət edənlərə yaxşılıq edin,sizi lənətləyənlərə xeyir-dua verin,sizi incidənlər üçün dua edin. Bir üzünə şillə vurana o birini də çevir və üst paltarını aparandan köynəyini də əsirgəmə.” Yəqin ki siz də eşitmisiniz bu sözü:” Kimsə səni incidirsə onu tərk et, öz yoluna davam et. Kimsə sənin həyatına mənfi enerji ötürürsə,onu həyatından çıxar.” Ancaq Yerin və Göyün Yaradanının sənə dediyi başqadır. O deyir ki, tərk etmə,əksinə sev. Unutma və buraxma,xeyir-dua ver,yaxşılıq et,dua et. İsa səni sənə pislik edən,sənə zərər vuran insanlara qarşı münasibətini dəyişmədən hərəkət etməyə çağırır. Çünki Rəbb Allahın balaları belə hərəkət edir. Əgər sən Yerin və Göyün sahibi olan Rəbb Allahı “Abba-Ata” deyib çağırırsansa,bu söz sənədir. İsa Öz ardıcıllarına deyir:”Düşmənlərini sev.” Kimdir sənə düşmən olan? Sənə pislik etmək niyyətində olan,sənə qarşı ədavət aparan,sənə zərər vurmaq istəyən və çox vaxt da zərət vuran,sənin haqqında mənfi söhbətlər yayan,sənə xələl gətirən insan. Rəbb Allahın sözü deyir:”Nə olur olsun, sənin ona qarşı münasibətin dəyişilməsin. Onu sev. Çünki sənin sevgin və xoş münasibətin onun həyatında dəyişikliklər gətirə bilər.” Sevgi – səbr etməkdədir. Kimsə sənə zərər verirsə,ona cavab verməyə,əvəzini verməyə tələsmə. Çünki məhəbbət səbrlidir. Söyüşə-söyüş,təhqirə-təhqir Rəbb Allahın balasına yaraşmayandır. Sən özünə yaraşanı et. Rəbbin məhəbbəti xeyirxahdır. Onun məhəbbəti ilə ürəyini doldurmusansa, başqasına zərər verə bilmərsən. Çünki sənin içində yaşayan Rəbb Allah xeyirxahdır və sən Onun məhəbbəti ilə dolmusan. Rəbb Allahın məhəbbəti öyünməz,kobudluq etməz,alovlanıb hirslənməz. Bu məhəbbətlə bir-birimizə yanaşaq. Kimsə səninlə ədavət aparırsa, səndən nifrətini gizlətmirsə,sən yaxşılıq et və xeyir-dua ver. Çünki sən özünə yaraşanı edirsən. O nə edirsə,öz işidir. Sən salehlərin yolu ilə gedənlər kimi öz işində mətin ol. Rəbb Allahın övladı olmağını şərəflə yaşa. Bunun üçün Səmavi Atanın etdiyi işləri davam et. Çünki O,pislik edən insanlara pisliklə cavab vermir,səni lənətləyən insanlara xeyir-dua verir. Lənətləmək – bir insan haqqında mənfi söhbətlər yaymaq, insanın şəxsiyyətinə,ailəsinə,ailə üzvlərinə mənfi mövzularda adını hallandırmaqla zərər vurmaqdır. Belə insanlar olublar və olacaqlar. Birini tərk etsən belə başqası ilə üzləşəcəksən. Sənin daxilində güclü şəxsiyyət yaranmalıdır,bu şəxsiyyətin adı – Rəbb Allahın övladıdır. Rəbb Allah bizim bu cür – Öz ürəyinə görə olmasını istəyir. Belə olmaq istəyirsənsə,nümunəni Məsih İsadan götürərək bu cür yaşa və xeyir-dua verən ol. Sənin həyatında bu cür insanlar olub və əlbəttə ki,səni incidiblər,onlar hələ də olacaqlar. Həmin insanlara qarşı davamlı və dözümlü olmaq üçün sənə onlar üçün dua etməyin lazımdır. Rəbdən onların ürəyinə toxunub onları dəyişməsini istə. İsaya bax. Onu çarmıxa çəkdilər,hansı pis işinə görə? O,insanların həyatına gəlib şəfa verirdi, barışıq Müjdəsini yayırdı,insanlara sevinc və sülh gətirirdi. Onu çarmıxa çəkdilər və hələ ölməzdən əvvəl paltarlarını bölüşdürülər. İsa isə onlar üçün dua edirdi. Deyirdi:”Ata,onları bağışla,onlar bilmirlər nə edirlər.” Qoy bu sənin duan olsun. Gözünün qabağına sənə pislik etmiş insanları gətir. Bəlkə səni kimsə təhqir edib,böhtan atıb. İndi duada Rəbb Allahın qarşısında dur və de:”Ata,mənə kömək et ki, məni incidən insanları bağışlayım və xeyir-dua verim,yaxşılıq edim və sevim.” Bu münasibət səni dəyişdirərək Rəbbin ürəyinə görə edir. Bu yanaşma sənin həyatında Rəbb Allahdan böyük xeyir-dua almağına səbəb olur. Dildə deyil,yaşayışında Rəbbin balası olduğunu dua etməklə,bağışlamaqla, xeyir-dua verməklə sübut edirsən. Səni təhqir edəni,səndən istifadə edəni uzaq buraxma,ona yaxın ol. Sənin müdafiəyə Rəbb qalxacaq,səni qoruyacaq və ucaldacaq. Səndən istədiyi susmamaqdır, Rəbbin övladı kimi hərəkət et. Pis işlərdə iştirak etmə,əksinə xeyir-dua ver. Yaxşılıq et,sev. Onda Rəbb Allah səni təmin edəcək və ətrafında olanlar da görəcəklər ki,Rəbb səninlədir. İstəyirsən ki,Var Olan Rəbb Allah sənin yanında olsun? Onun ürəyinə görə hərəkət et.
Luka 6:35-36:”Sizsə düşmənlərinizi sevin,onlara yaxşılıq edin və heç bir şey ummadan borc verin. Onda alacağınız mükafat böyük olacaq və siz Haqq-Taalanın övladları olacaqsınız.” Sən xeyir-dua verən insan ol. İnsanlara yaxşılıq et,borcunu geri almaq barədə düşünmədən borc ver. Onda alacağın mükafat böyük olacaq. Çünki bu cür yanaşsaq,bizim itkimizi Rəbb Allah bərpa edəcək. Əgər sənə həqarət ediblərsə və təhqir ediblərsə, Rəbb səni şərəfə çatdıracaq, bərəkətləndirəcək. Qisasda iştirak etmə, sevən ol. Bu,bizi Rəbb Allahın balası edir.
Luka 6:35-36:”Çünki O,nankorlara və pis adamlara da xeyirxahdır. Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun.” Bu,bugünə olan sözdür. Sənin Səmavi Atan necədirsə,sən də elə ol. Sükutda dayan və düşün ki,səni incidən hansı məsələ var. Bəlkə sənə elə söz deyilib ki,ürəyinə ox kimi batıb və ya sən yaxşılıq edən halda sənə pislik edən var. Dua et və de:”Ya Rəbb,Sənin qarşına həmin insanları gətirirəm. Mən demirəm ki, onlardan qisas al. Mən səndən davamlı xeyir-dua və şəfa alan insan kimi “onları bağışla” deyirəm. Qoy onlar xeyir-dua və şəfa alsınlar,mən onların pisliyini istəmirəm. Mən onlarla haqsız davranmayacağam,onlara zərər vurmayacağam. Çünki bildim ki,Sənin məhəbbətin bu cürdür – başqasına xələl gətirməyən,incitməyən,yaxşılıq edən,bağışlayan. Mən Sənin balanam və Sənin balan kimi hərəkət edirəm.”

Müəllif: İdris Azəri