Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü biz insanlar üçün hər vəziyyətdə və hər zaman həyatı dərk etməyə,Rəbbin iradəsini bilməyə faydalıdır. Məhz buna görə də Müqəddəs Kitaba müraciət edib araşdırırıq ki,Rəbb Allahın bizə verdiyi təlim və nəsihət ilə yaşayaq və Onun ürəyinə görə insanlar olaq. Biz Müqəddəs Kitabda İbrahim,Musa, Davud haqqında oxuyuruq və onların həyat nümunəsi bir çoxları üçün nümunədir. Çünki onlar həyatları boyu Rəbb Allahın iradəsinə görə hərəkət edən insanlar oldular və Onun sözünü vacib,əvəzedilməz hesab etdilər. Sən də Rəbb Allahın sözünü hər şeydən üstün tut.
Romalılara 15:5-6:”Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.”
Bir çox tərcümələrdə yazılıb ki,dözümün və ürəkləndirmənin mənbəyi olan Rəbdir. Müqəddəs Kitab açıqlayır ki,bizim həyat boyu dözümümüzün və ürəkləndirmənin mənbəyi Var Olan Rəbb Allahdır. O,səni Öz sözü vasitəsi ilə ürəkləndirir və ruhlandırır ki, zəif insan deyil,mətin və davamlı iman qəhrəmanı olasan. Rəbb Allahın sözü deyir ki,Rəbb gerçək dözüm mənbəyidir. Əlbəttə ki,həyatımızda müəyyən çətinliklər, xoşagəlməz hallar olacaq. Səni ruhdan salmağa,utandırmağa,məyus etməyə çalışacaqlar. Dözüm sənə məhz belə çətinliklərdə lazımlı olacaq. Susayanda su içmək və ya acıyanda yemək yemək normal hal olduğu kimi,üzləşdiyin problemlərdə deyingən,ruhdan düşən,şikayət edən insan olmaq yox,Rəbb Allaha yaxınlaşmaq da təbiidir. İman qəhrəmanları siyahısında olan Davud Peyğəmbər Zəbur 62:1-2-də belə deyilir:
“Susan qəlbim yalnız Allahı gözləyir,
Ondadır qurtuluşum.
Yalnız Odur qayam,qurtuluşum,
O mənim qalamdır,mən əsla sarsılmaram.” Rəbb Allahın ürəyinə görə yaşayan Davud bu sözləri deyir. Sənə qarşı həqarət edən insanlar qarşısında nə edirsən? Yenilirsən? Rəbb sənə deyir:”Mən sənə ürək-dirək verənəm.” Davud Peyğəmbər də eyni cür insan idi. Ona qarşı olan,təqib edən,özü ilə ordu yığıb onu öldürmək niyyətində olan Şaul kimi güclü şəxs var idi. Davud isə bütün bunların qarşısında yalnız Rəbbi qurtuluş bilib Onu gözləyirdi. Güvən Rəbb Allahına. Rəbdə qal ki,O,səni müdafiə etsin. Məyus olub ruhdan düşmək sənə fayda verməyəcək. Sənin Rəbb Allahın sənə deyir ki,Onunla olaq və O bizə sarsıntı verməz. Bu fikirdə həmfikir olmalıyıq və Rəbb Allaha bu cür yaxınlaşmalıyıq. Var Olan Rəbb Allah bizim dözüm mənbəyimizdir, qorxmayacağıq, çünki Külli-İxtiyar bizimlədir. Bu həyat tərzi və yanaşma bizi Öz izzətinə çağıran Ata Allaha alqış etmək və izzətləndirmək üçündür. Mətanətli və səbrli ol,yenilmə və sarsılma. Tənha və ya tək deyilsən,üzləşdiyin problemlərdə yalnız deyilsən,hər problemdə və çətinlikdə Rəbb səninlədir. Rəbbi səslə. Rəbb Allahın ürəyinə və sözə görə hərəkət et,Onun tərbiyəsinə görə insan ol.
Romalılara məktub 15:7-9:”Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.” Bir-birinizə olan münasibətiniz rəqabət,döyüş deyil,bir-birinizə dəstək vermək və ruhlandırmaq olsun. Qoy səndən başqasına yalnız xoş niyyət,sevgi,mərhəmət keçsin. Həvari Paul bu fəsildə bildirir ki,o Rəbb Allahın vədinə sadiq olduğunu göstərmək üçün Yəhudilərin xidmətçisi olub. Rəbb Öz vədinə sadiqdir. Rəbb sənə yanında olduğunu deyirsə,O sadiqdir. Rəbb Allaha bağlan və Onun ürəyinə görə insan ol. Qoy sənin niyyətində Rəbb Allahın xoş iradəsi aşkar edilsin.
Romalılara məktub 15:9:”Necə ki yazılıb:
«Buna görə millətlər arasında
Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm».” Qoy bu düşüncə ilə ömrümüz boyunca yaşayaq. Var Olan Külli-İxtiyar bizim dözüm mənbəyimizdir. Çətinliklə qarşılaşdıqda Rəbbə sarılacağam. Çünki O,bizim qayamız və qurtuluşumuzdur. Buna görə də dostlarım,qohumlarım,Rəbb Allahın cəmiyyəti arasında Rəbbə şükür edəcəyəm və isminə tərənnüm söyləyəcəyəm. Bu, Rəbb Allahın ürəyinə görə olan həyat tərzidir və Rəbb səndən bunu gözləyir. Ona güvən və etibar et. Qoy Rəbb hər birinizə xeyir-dua versin.
Müəllif: İdris Azəri