Bugün qarşınıza Allahın sözü ilə gəlirəm. Çünki Allahın sözünün təyinatı var. Allah bəşəriyyətə sözünü verdikdə Öz sözü vasitəsi ilə bizi təmin etmək istəyir. Onun təminatı sülhdür,əmin-amanlıqdır,gündəlik xeyir-duadır,şəfadır,həyatdır. Bunun üçün Allah Öz sözünü bəşəriyyətə verib,bu səbəbdən də hər gün Allahın sözünə müraciət edirik,hər gün Allahın sözü ilə yaşayırıq,çünki Allahın sözü bizi təmin edəndir,təsəlli verəndir,ürəklərimizə təskinlik verəndir,bədənimizə şəfa verərək sığınmağımız üçün bizə genişlik verəndir. Əgər bugün sənin hər hansı bir sıxıntın,kədərin,səni darlığa salan bir şey varsa,bil ki,Allahın sözü səni genişliyə çıxarandır. Allahın sözü səni gündəlik yemək ilə təmin edəndir,bunu edən səni Yaradan Allahdır.
Allah səni yaratmadı ki,sən ac qalasan,xəstəlik içində yaşayasan. Allah səni yaratdı ki,sən yaşayan olasan,törəyən olasan,həyatın boyu Onu dərk edib Ondan zövq alasan. Bu,Allahın işidir. Düşmənin işi isə öldürməkdir,məhv etməkdir,aldatmaqdır. Bugün biz Tovuzda baş verən hadisələri eşidirik. Bunların heç biri xoş deyil,cavan şəhidlərimiz oldu. Müharibədən keçən,Qarabağ döyüşlərində iştirak edən biri kimi mən bilirəm ki,bu nə qədər kədərlidir nə vaxt ki,bizi müdafiə edən gənclər şəhid olurlar. Allah istəmir ki,xalq öz gəncliyini itirsin. Bunu düşmən istəyir ki,xalqın əlindən gəncləri alaraq ümidinı almaq istəyir. Allah həyat verir,düşmən isə onu alır. Allah müdafiə edir,bərpa edir,qoruyur. Allaha daha çox sıxınaq… Xalqımız üçün,ölkəmiz üçün duada duraq.
Zəbur 127:1-2:” Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa,Keşikçilər boş yerə orada gözlər. Erkən qalxıb gec yatmağınız,Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə,verər.” İnsanlar zəhmət çəkirlər ev tikirlər və indiki müasir dövrdə görürük ki,necə gözəl binalar tikilir. Amma Allah deyir ki,əgər Allah sənin evini tikmirsə,əgər həyat verən Allah sənin həyatında iştirak etmirsə,bənnaların zəhməti boşa çıxar. Allah deyir ki,”Bu,mənim işimdir. Mənim işim səni təmin etməkdir,evini tikməkdir. Mənim işim odur ki,xalqı,milləti qoruyum. Mənim işim odur ki, gündəlik azuqə ilə təmin edim. Mənəm şəfa vərən Allah. Gəl mənə tərəf,mənim sözümdə qal. Bu söz sənə həyat vermək üçündür,sənin evini tikim.” Bəyan et bu sözləri… Allah əliaçıqdır,zəngindir. O,öz səxavətliliyi ilə hər kəsi xeyir-dualandırmaq istəyir.
Allahı tanıyanların işi isə Allaha sığınaraq Onun xeyir-duasını ölkəmizə, şəhərimizə, ailəmizə elan etməkdir. Rəbb həyat verəndir,Rəbb qoruyandır,Rəbb müdafiə verəndir.
Rəbb nəslini qoru,gənclərini qoru,biz istəmirik ki,insanlar ölsün… Çünki sən dedin:”İnsanların ölümünü yox,məni dərk edib yaşamaqlarını istəyirəm.” Bu səhər biz bunun üçün dua edirik, Rəbb qoru gəncləri,qoru əsgərlərimizi. Qoy Sənin müdafiən gəlsin,Sənsən müdafiə edən,qoruyan,Sənsən zəfər verən,Sənsən şirin yuxu verən,Sənsən şəhəri qoruyub evimizi tikən…
Qanunun təkrarı 28:2-7:”Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq. Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız. Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq. Səbət və xəmir təknələriniz bərəkətli olacaq. Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq. Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq.”
Allah bizə deyir ki,Onun sözü yük deyil,bizi azad etmək üçündür. Onun sözü şəfa vermək,təmin etmək,şirin yuxu vermək,qorumaq üçündür. Sənin Allaha yaxınlaşmağın,Allahla yaşamağın təhlükəsizliyindir. Səslə Allahını,çağır Onu. Çünki bu Allahdan gələn misilsiz xeyir-duadır. Allah səninlədir. Bundan güclü nə ola bilər?? Hər bir həyəcanı qovan,təlaşı qovan,narahatlığı qovan Allahın hüzurudur. Sadəcə çağır Onu. Sadəcə olduğun yerdə səslə. Yerin və Göyün izzətli yaradanı olan Allah,Rəbb İsanın adı ilə sənə səslənirəm və səni çağırıram həyatıma, ailəmə, şəhərimə. Təmin et,tik,qoru,şirin yuxu ver,gündəlik azuqə ilə təmin et,xəstələrə şəfa ver.
İstə,Allah verəcəkdir. Allahınız Rəbbin sözünü dinləsəniz,xeyir-dualar üzərinizə gələcək və ancaq gəlməyəcək,üzərinizdə də qalacaq. Açın Müqəddəs Kitabı,oxuyun onu. Müqəddəs Kitab Allahın insanlara verdiyi zəngin xəzinəsidir. O zəngin xəzinədən biz şəfa alırıq,əminlik alırıq,cəsarətli oluruq,qorxunu və həyəcanı qoyuruq,yeniliklər üçün açıq,təmin olunmuş insanlar oluruq. Çünki Allahın sözü bunu edir. Bəyan et bu xeyir-duanı.
Mən dua edirəm ki,Qanunun təkrarı 28: 2-7-ci ayələrdə yazılmış xeyir-dua bütün soydaşlarımızın üzərinə gəlsin. Qoy hər bir azərbaycanlı bu söz ilə Allahdan xeyir-dua alsın. İlk xeyir-dua inananlar, güvənənlər, gerçək olduğunu bilənlərə gəlir. Allah var və Onu axtaranlara mükafat verəndir. Allahın sözü şəhərdə və çöldə xeyir-dualı olacağımızı deyir. Bəyat et öz üzərinə – “Şəhərdə və çöldə xeyir-dualı olacağam.” Allah deyir ki,doğulan övladlarınızın artımı olacaq. O demir ki,azalacaq,əksinə artacaqlar. Biz bunu bəyan edirik öz xalqımız üçün – “Artım olacaq,xalqımız çoxalacaq,törəyəcək. Güclü və Allaha bağlı nəsil yaranacaq.” Allahımızın sözü bizə bunda əminlik verir. Allah deyir ki,torpaqlarımız, heyvanlarımız, qoyun-keçilərimiz belə artacaq. Allah deyir :” Mən təmin edirəm,bərəkət olacaq. Hər girişiniz və çıxışınız xeyir-dualı olacaq.” Bəyan et bunu hər dəfə evə girəndə –”Mən xeyir-dualıyam.” Bu xeyir-duanı bizə verən Yaradandır. O,bizi təmin edir xeyir-dua vasitəsi ilə. Allah sözü deyir fərqi yoxdur hansı peşə ilə məşğulsan,bəlkə heç işimiz yoxdur karantin dövrüdür və iş tapa bilmirsənsə,hər vəziyyətdə Allah deyir:” Sən xeyir-dualısan. Səni təmin edən əllərinin zəhməti deyil,mən Allah səni təmin edirəm.” Doğulan övladlarımız,torpağın məhsulu,heyvanlar,mal-qara hər biri xeyir-dualıdır,onların artımı dayanmayacaq. Allahın sözü deyir: “Sənə hücum edən,pis niyyətlə təcavüz edən düşmənlərini sənin gözünün önündə məğlub edəcəyəm.” Onlar sizə 1 yolla hücum edəndə,önünüzdən 7 yolla qaçacaqlar.
Necə bu olacaq? Sığın Allahına. Məsləhət görürəm ki,açın Qanunun təkrarı 28:2-7-ci ayələri,oxuyun və bəyan edin,elan edin. Qoy Rəbb Allahdan müdafiə,xeyir-dua gəlsin. Bizi müdafiə edən “övladım” deyib çağıran Allahımızdır,bizi Yaradan və bizə həyat Verəndir. Allahın sözü deyir: “Sənin xəmirin,sənin səbətin bərəkətli olacaq,övladların artımlı olacaq,hər olduğun yerdə xeyir-dualı olacaqsan.” Bu,Yaradanın arzusudur,istəyidir,iradəsidir. Allahın sözü bizə bunu deyir. Rəbb hər birinizə xeyir-dua versin.
Müəllif: İdris Azəri