Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm.
Zəbur 112:1:”Rəbbə həmd edin!” Qoy bu açılan sabah sizin üçün həmd,alqış və şükürlə başlasın. Rəbbin qarşısına minnətdarlıqla,izzətlə gəl. Çünki Var Olan Rəbb Allah sənə əbədi həyat verib. Yaşadığına görə sonuncu dəfə nə zaman minnətdar olmusan? Rəbb Allahın sənin həyatında verdiyi hər bir nemətə görə, ailənə,dostlarına,sadiq və etibarlı insanlara görə minnətdar olmusan? Qoy sənin sabahın belə başlasın. Çünki Rəbb Allah yaxşıdır və buna görə də sənə olan niyyəti yaxşıdır. O,səni möhkəmləndirən və qüvvət verəndir,bu həyatı yaşayıb kam almaq üçün sənə istiqamət verəndir. Rəbbin sözü səni hikmətli edir.
Zəbur 112:1:”Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan!” Nə bəxtiyardır o insan ki,ürəyində Allah qorxusu var. Müqəddəs Kitabda yazılıb ki,Allah qorxusu insanların qorxusu ilə eyni deyil. İnsanlar cəzadan,ölümdən qorxurlar, Allah qorxusu pisliyə,lovğalığa,təkəbbürə nifrət etmək,ikrah etməkdir. Hiylə ilə danışmağı,təkəbbürü ikrah edərək Rəbb Allahın yolu ilə gedən insan bəxtiyardır. Rəbbin əmrlərindən zövq alan,Onun sözlərini qəbul edən insan bəxtiyardır. Rəbbin əmrlərini eşidən insan sevinir,çünki bilir ki,Rəbb Allahın əmrləri səni azad etmək üçündür. Rəbb Allahın verdiyi əmrləri sənin üçün şəfa,bol bərəkətdir. Rəbb Allahın sözünü oxumaqdan,İncilin səhifələrini vərəqləməkdən zövq al. Qoy dilin Müqəddəs Kitabdan aldığın nəsihə görə alqış etsin. Müqəddəs Kitabda olan həyat nümunələrinə görə şükür et,çünki Rəbb bu yolla səni hifz edəcək, haqsızlıqdan qoruyacaq. Heç kim sənə pislik edə bilməyəcək,çünki sən salehlərin yolu ilə gedirsən,hər bir təkəbbürü,lovğalığı, günahı ikrah edirsən. Pisliyi atıb Rəbb Allahdan möhkəm tutan insan bəxtiyardır. Tamamilə Rəbb Alaha özünü həsr edərək Onun əmrlərində qal,Rəbbin sözünün icraçısı ol. Davud Peyğəmbər Rəbbin əmrlərinə,Onun sözlərinə bağlanan insanlar haqqında belə deyirdi:
Zəbur 112:2-4:”Nəsli yer üzündə güclü olacaq,
Əməlisalehlərin övladları xeyir-dua alacaq.
Evindən bolluq və sərvət əskilməz,
Salehliyi əbədi qalar.
Zülmətdə belə,əməlisaleh insanlar üçün,
Lütfkar,rəhmli və saleh adamlar üçün nur doğar.”
Əgər bugün sən öz həyatından hər cür qanunsuzluğu,pisliyi,hiyləni kənara atıb Rəbb Allahın sözünü sevinclə qəbul edirsənsə,bu,sənin üçün həyatdır. Sənin nəslin yer üzündə güclü,şaxəli olacaq,sənin nəslin Rəbb Allahdan daima xeyir-dua alacaq. Çünki sən salehlərin yolu ilə getdin, sən Rəbbin sözünü ailənə,nəslinə gətirdin, Rəbb Allahın əmrlərini elan edib Onun yolu ilə gedən,Onun ürəyinə görə insansan. Rəbbin sözü deyir ki,yalnız sən deyil,sənin övladların da xeyir-dua alacaq. Çünki sən Rəbb Allahın əmrlərindən zövq alırsan, əlindən gələni edirsən ki,nəslində və şəhərində Rəbb Allahın əmrlərini yaşatmaq üçün əlindən gələni edirsən. Rəbbin sözlərindən zövq al,özünü tamamilə Ona bağla. Əgər bunu etsən,salehliyin əbədi qalacaq,ruzi-bərəkətin daimi olacaq. Bunu istəmirsənmi? Zülmət olsa da,bəla gəlsə də,nə olursa olsun,əməlisaleh insanlar üçün hər gün nur doğar,Rəbb bizi aydınlığa çıxaracaq. Çünki sən salehlərin yolu ilə getdin. Rəbbin əmri bizə öyrədir ki,lütfkar, rəhmli,daimi sevən insan olasan. Həmin doğan nur Rəbbin Özüdür. Müqəddəs Kitaba düşmüş Peyğəmbərlərin həyatına bax,nədir onları ucaldan və onlara bərəkət verən? Rəbb Allahın əmrlərindən zövq almaqlarıdır.
Zəbur 112:5-7:”Səxavətlə borc verən,
İşlərini ədalətlə görən yaxşı insandır.
Belə adam əsla sarsılmaz,
Saleh insan əbədi olaraq yadda qalacaq.
Pis xəbərdən qorxmaz,
Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir.”
Nə qədər çox Rəbbə güvənirsənsə,o qədər çox sarsılmaz olarsan. Hər gün pis xəbərlər – qəzalar,müharibələr,daşqınlar,zəlzələlər vəs. internetdə yayılır. İnsanlar buna görə təlaş içində olurlar. Davud Peyğəmbər isə Rəbb Allahın sözünü sənə çatdırır və deyir ki,pis xəbərdən qorxmarsan,çünki sənin ürəyin möhkəmdir. Rəbbə güvən,etibar et,bütün düşüncənlə və varlığınla Ona bağlan və Rəbbin sözünə görə şadlan.
Gəlin dua edək:”Ya Rəbb,bugün üçün,yeni açılan sabah üçün sənə minnətdarıq və şükür edirik. Sənin lütfkar kürsünün yanına gəlirik və üzümüzü sənə tuturuq. Yerin və Göyün Yaradanına alqış olsun. Sənə minnətdarıq ki,bizə davamlı xeyir-dua və şəfa verirsən. Ölkəmizə,şəhərimizə görə sənə minnətdarıq. Azərbaycana görə sənə şükür edirik. Xalqımızın sevgisi,səxavəti üçün sənə alqış olsun. Ya Rəbb,sənin qarşına gəlirik və hər cür pisliyi,lovğalığı, haqsızlığı kənara atırıq və rədd edirik. Özümüzü tamamilə Sənə və əmrlərinə həsr edirik,Sənin nəsihətini qəbul edib yaşayırıq. Sənin xeyir-duanı ömür boyu almaq üçün hər gün Sənin əmrlərindəyik və bundan zövq alırıq. Sənə güvənirik,ona görə də ürəyimiz möhkəmdir və pis xəbərdən qorxmuruq. Bütün işlərimizi Sənə etibar edirik və Səndən zövq alaraq edirik.” Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri