Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Azərbaycanda hava soyuyur,biz bundan asılı olmayaraq Rəbbin sözü ilə günümüzə başlayırıq. Bizi Rəbb Allah qarşısında xeyirxahlıqla və lütflə saxlayan Onun sözüdür. Rəbb Allahın sözü bizə tərbiyə verir,bizi islah edir,Rəbb haqqında düşüncəyə malik olmağa sövq etdirir. Rəbb Allahın sözü güclü və təsirlidir,bizi pak edən və təlim verəndir. Buna görə də günümüzə Rəbbin sözü ilə başlayırıq. Çünki Onun sözü ondan ötrü göndərildi ki,bizi təmin etsin,bizə olan niyyətini bəlli etsin. Bun görə Rəbb Allaha yaxınlaşan hər birimiz Müqəddəs Kitabı araşdırırıq. Məsih İsaya pənah gətirən hər birimiz hər gün İncili oxuyuruq,Onun sözü ilə qüvvətlənirik.
Zəbur 103:8-9:”Rəbb rəhmli və lütfkardır,
Hədsiz səbirli və bol məhəbbətlidir.
Həmişə töhmətləndirməz,
Qəzəbi sonsuza qədər sürməz.” Davud deyir ki,Rəbb rəhmlidir. Bu,Onun xasiyyətidir. Rəbb Allah rəhmlidir. Rəhmli insan başqasının halına acıyan, günahları bağışlayan mərhəmət edən deməkdir. O, insanın pis niyyətini görür,lakin yenə də Öz xasiyyətini dəyişmir. Rəbb Allahın ürəyi insana görə yanandır. Lütfkar insan qarşılığını gözləmədən yaxşılıq edən, qazanılmamış neməti verəndir. O,Özü lütfkar olduğuna görə əvəzsiz,qarşılığını almadan yaxşılıq etməyə davam edəndir. Rəbb Allah səbrlidir. Səbrli insan həlim, qisas almağa meyilli olmayandır,Onun bizə olan səbri tükənməzdir. Rəbb bizə dəstək verməyə,bizi möhkəmləndirməyə tələsir.
Zəbur 103:11:”Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür.” Rəbb Allah məhəbbətdir. Onun məhəbbəti hədsizdir. Davud deyir ki,göylər yerdən nə qədər uzaqdırsa,Rəbbin Ondan qorxanlara olan məhəbbəti bir o qədər də böyükdür. Rəbb Öz məhəbbətini bəşəriyyətə bəlli edir və Onun məhəbbətinin ölçüsü,meyarı yoxdur. Rəbb Allahın məhəbbəti xüsusilə Ondan qorxanlara hədsizdir. Rəbb qorxusu – Onun məhəbbətini müqəddəs tutmaq,Onun sözündən çıxmamaq,Onun sözünə əməl etmək üçün ayıq olmaq,Allahın qəzəbinə səbəb olan qanunsuzluq etməmək,Allahı kədərləndirməmək,həlimliklə yaşamaq və daim duada olmaqdır. Davud deyir ki,Rəbb Allahın məhəbbəti böyük hədsizdir. Rəbbin sözünü insanlar necə müqəddəs tuturlar? Onun sözündən çıxmırlar,Onun nəsihətinə xor baxmırlar,itaətkarlıqla əməl edirlər. Rəbbi kədərləndirməmək üçün həyatlarına diqqət edirlər. Bu insanlar Rəbb Allahın balalarıdırlar. Rəbbin məhəbbəti Ondan qorxanlar üçün hədsizdir. Ancaq dildə Rəbb Allahı yaşadan deyil,sözlərində və ürəyində yaşadanlara Onun sevgisi tükənməzdir, ölçüsüzdür. Bun görə Rəbbə yaxınlaşan hər birimiz Onu qəlbimizdə yaşadırıq,sözünü ciddi qəbul edirik. Onun sözü həyat sözüdür. Rəbb Allahın sözü bizim təminatçımızdır. Rəbb Allahın sözü Onun sözünü hər şeydən üstün tutaraq əməl etməyimizi istəyir.
Zəbur 103:11-12:”Çünki göylər yerdən nə qədər ucadırsa,
Ondan qorxanlara olan məhəbbəti o qədər böyükdür
Nə qədər şərq qərbdən uzaqdırsa,
Qanunsuzluqlarımızı bizdən o qədər uzaqlaşdırıb.” Rəbb Allah səndən qanunzsuzluğu uzaqlaşdırdı. Müqəddəs Kitabda oxuduğun həyat verici sözləri qəbul edəndə,Ona ehtiram edəndə,Onun sözlərini ürəyində saxlayanda O,səndən qanunsuzluğun uzaqlaşdırdı.
Zəbur 103:13:”Ata övladlarına rəhm etdiyi kimi
Rəbb də Ondan qorxanlara elə rəhm edir.” Bəlkə də sənin həyatında Ata nümunəsi elə də yaxşı olmayıb və sən də Rəbb Allaha etibar etməkdə çətinlik çəkirsən. Yaxşı ata nümunəsini almaqdan ötrü bütün Müqəddəs Kitabı – Yaradılışdan Vəhyə qədər oxu. Hədsiz səbrli,rəhmli,heç vaxt tərk etməyən,sevən Atanı məhz Müqəddəs Kitabda görəcəksiniz. Onun bizə sevgisi onda göstərilir ki,bizim günahlarımızın bağışlanmasına görə Öz Oğlunu qurban verdi. Onun məhəbbəti hədsizdir. Bu cür məhəbbəti bol olan,xeyirxah,sədaqətli Rəbbə yaxınlaşaraq Onu müqəddəs tutaq.
Zəbur 103:17:”Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,
Onların övladlarına olan salehliyi
Əzəldən var,bu əbədi qalacaq.” Bir çox tərcümələrdə yazılıb:”Rəbbin isə Ondan qorxanlara olan məhəbbəti,
Onların özlərinə,övladlarına və övladlarının övladlarına da yetərlidir.” Rəbbin sənə verdiyi xeyir-dua,məhəbbət yalnız sənin üçün deyil,övladların üçün də kifayətdir. Bu cür Rəbb sənə yaxınlaşır,münasibət bəsləyir və sevir. Bu məhəbbətin qarşısında susma,Rəbbə Allaha tərənnüm et,alqış et,şərəfləndir,izzətləndir. Qoy sənin alqışın və izzətin bütün həyat tərzinlə və Rəbb Allaha olan xoş niyyətli ifadələrinlə aşkar edilsin. Rəbbə olan sevgini minnətdarlıqla, həlim və itaətkar ürək ilə Ona bildir.
Kolosselilərə məktub 3:16-17:” Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin,məzmurlar,ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin,Onun vasitəsilə Ata Allaha şükür edin.” Rəbbə həmd olsun. Bu cür hədsiz məhəbbəti olan Rəbbi müqəddəs tutaq,Onun sözü ilə yaşayaq və ayıq olaq ki, Onun sözündən çıxmayaq. Rəbb Allahın sözü sənin üçün zəngindir,səni təmin edir. Buna görə tam müdrikliklə,idrakla Rəbb Allahı tanıtdırmaq və Onun iradəsini bəlli etmək üçün təlim və nəsihət verək. Rəbb Allahın xoş niyyətini aşkar etmək üçün təlim verək,Onun niyyətini aşkar edək. Özümüz də bu niyyəti bilən övladlar kimi Onun qarşısında olan ömrümüzü sevinc və ehtiram ilə yaşayaq. Rəbbin sözü deyir ki, məzmurlar və ilahilər oxuyun. Qoy sənin minnətdarlığın alqışlarla,ilahilərlə bəlli edilsin,daxilində olan minnətdarlığı Onu şərəfləndirməklə iqrar et. Ağzından hansı sözlər çıxırsa,Rəbb İsa Məsihin adı ilə et, Ona layiq olan tərzdə və böyük bir xeyir-dua almış insan kimi et. Ata Allaha verdiyi bütün nemətlərə görə şükür edən insan ol. Kilsələrin birlikdə toplaşdığı bugün məhz bu cür düşüncəyə malik olasan. Bugün ibadətdə olduğun yerdə ilahilər və məzmurlar oxu,Rəbbə minnətdarlığını bildir. Onun xalqı arasında sən də sənə Rəbbin verdiyi nemətlərə görə minnətdar ol. Gəlin bugünümüzü belə başlayaq. Qoy Rəbb hər birinizə xeyir-dua versin.
Müəllif: İdris Azəri