Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,bugün sizə çatdırdığım Rəbb Allahın sözü sizin həyatınıza Rəbbin gücünü,qüdrətini gətirsin. Rəbbin sözünün mahiyyəti sizin üçün açılsın,gündəlik həyatda hər bir vəziyyətdə və münasibətdə bu sözünün icraçısı olasınız. Rəbbin sözü nə deyirsə və məsləhət verirsə,eyni cür hərəkət edəsiniz. Çünki Rəbb Allahın sözü Ona iman edən hər kəs üçün faydalıdır,şəfa verəndir,azad edəndir,genişliyə çıxarandır.
Filiplilərə məktub 4:4-7: “Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin! Rəbb Allahın sözü bizə deyir ki,sevin. Çünki sən Məsihə iman edən və pənah gətirən şəxssən. Rəbbin sözü deyir ki,biz sevinc haqqında daha çox düşünək və sevinək. Nəyə görə sevinək? Günahların bağışlandığına görə sevin. Məsih İsaya iman etdiyin üçün malik olduğun əbədi həyata görə sevin. Hər gün sənin həyatında Rəbb Allah olduğuna görə sevin. Sevin ki, aciz və zəif deyilsən. Rəbb Allah səni təmin edəndir ki,sən bu həyatda nə etdiyini,necə etdiyini və nə üçün etdiyini biləsən. Bunlara görə sevin. Qoy sənin həyatın bayrama, şənliyə çevrilsin. Rəbb sizinlədir,Külli-İxtiyar sizə dəstək olur. Rəbb Allahın övladı olduğuna görə sevin. Rəbb Allahın sözü deyir ki,sən Rəbbin qarşısına gəldikdə bu cür düşüncəyə malik ol və sənin bu düşüncən həyatına sevinc gətirir. Həyəcanı, qayğını,qorxunu həyatından ataraq,”Allah mənimlədir” düşüncəsi ilə silahlanaraq bu həyat qarşısında aciz deyil,bacarıqlı,hər vəziyyətdə çıxış yolunu bilən,Rəbbə arxalanaraq Onun sevgisi ilə yaşayan insan olasan.
Filiplilərə məktub 4:5:”Qoy sizin mülayimliyiniz bütün insanlara məlum olsun. Rəbb yaxındır.” Mülayim – həlim, xoşniyyətli,mehriban deməkdir. Rəbb deyir ki,bu tərzdə yaşa. Ətrafımızda mülayim olmayan çoxlu insanlar var. Bunun səbəbi isə onların qayğıları,narahatlıqlarıdır ki, onların kobud davranışına səbəb olur. Onlar istəyirlər,amma əldə edə bilmirlər. İnsanlar həyatda mülayimliklərini itirirlər,çünki onlar Rəbbə malik deyillər. Onlar Rəbb Allaha malik olmadıqlarına görə,Onda olan rahatlığa və dincliyə malik olmadıqlarına görə kobud,kəskin olurlar. Rəbbin sözü sənə deyir ki,O,yaxındır. Qoy sənin mülayimliyin daxilində olmasın, bütün həyatında aşkar edilsin. Sənin həlim ürəkli olmağın insanlar arasında görünsün. Xoşniyyətli ol. İnsanlara münasibətdə, davranışda mülayim ol. Qoy sənin insanlar haqqında danışdığın və dediyin sözlərdə mülayimliyin görünsün. İnsanlar haqqında danışanda sülh gətirən,mehriban sözlər de. Sən Rəbb Allaha yaxınlaşan,özünü Məsihə yaxınlaşan insan kimi davran. Həlim ürəkli gəzdiyin qoy bəlli olsun.
Filiplilərə məktub 4:6:”Heç nəyin qayğısını çəkməyin, amma hər barədə xahişlərinizi Allaha dualarla, yalvarışlarla, şükür edə-edə bildirin.” Rəbb deyir ki,heç nəyin narahatlığını çəkmə. Bugünün,sabahın, 10 il sonranın qayğısına qalma. Sənin narahatlığında nə varsa,dualarında ümidlə,şükür edə-edə Rəbbə bildir. Hər bir insan bu həyatda qayğı göstərir. Qayğı həyatın rifahı üçün edilən fəaliyyətdir. İnsan öz həyatının müsbət dəyişiklikləri haqqında,təmin olunması haqqında düşünür. Qayğı insanlarda fikir çəkmək, narahat olmaqlarına səbəb olur. Bu cür fikirlər insanda dərdə çevrilir. İnsanlar baş vermiş hadisələri gördükdə öz hallarına yanırlar. Hazırda internetdə faciələr haqqında çoxlu xəbərlər yayılır. İnsanlar qorxub özləri üçün narahat olurlar,”necə olacaq? Nə baş verəcəkdir?” deyə düşünürlər. Bütün qayğılarını dua ilə, yalvarış ilə,şükür ilə Rəbbə bildir. Sənin həyatında olan qayğı dərd,qüssə,qəm gətirəndir. Qayğıda bilməməzlik qorxusu var ki,bu da insanı narahat edir. Yerin və Göyün sahibi olan Rəbb Allah deyir ki, özünü qüssəyə bürümə,azad ol. Bütün qayğı yükünü Rəbbin ixtiyarına ver,çünki O, qayğı çəkəndir. Rəbbin qarşısına gəl və şükürlə öz qayğılarını bildir,çünki dünən sənin qayğına qalan Rəbb Allah sabah da səni təmin edəcək.
Filiplilərə məktub 4:7:”Onda Allahın ağlagəlməz sülhü ürəklərinizi və düşüncələrinizi Məsih İsada qoruyacaq.” Bu yol ilə Rəbb sənin ürək niyyətini Məsih İsada qoruyur,saxlayır və inkişaf etdirir. Sənə ağırlıq,əziyyət verən hər bir problem üçün dua et. Bütün ehtiyaclarını,yükünü Rəbbə ver. Qoy sənin duan qəmli olmasın, çünki Rəbb Allah sənə yaxındır. Şükür edə-edə,şən və xoş ürəklə Rəbbə ehtiyaclarını bildir,çünki səni təmin edən,qayğına qalan,gündəlik ailənə azuqə gətirən Odur. Rəbb yaxındır. Bütün qayğı yükümüzü,bizi narahat edən məsələləri Ona verdikdə, bizim düşüncələrimizi qoruyur,çünki bu zaman biz Rəbbə etibar edirik. Rəbb Allaha ehtiyaclarımızı bildirmək Ona etibar etdiyimizin göstəricisidir.
Duanı bitirdikdən sonra ayağa qalx və de:” Mənim qayğıma qaldığına görə Sənə minnətdaram.” Qoy Rəbb Allahın bu sözü sənin həyatında öz yerini tutsun. Onda Rəbbin ağlagəlməz sülhü,dincliyi,əminliyi sənin ürəyini,düşüncələrini Məsih İsada qoruyacaqdır. Qoy Rəbb hər birinizə xeyir-dua versin.
Müəllif: İdris Azəri