Avdiya

Fəsillər

GİRİŞ

«Avdiya» Kitabı miladdan əvvəl 586-cı ildə Babillilərin Yerusəlimi zəbt etdiklərindən sonra yazılıb. Yəhudanın qədim düşməni Esavın nəslindən olan Edomlular Yerusəlimin süqutuna sevinib şəhərin talanmasında işğalçılara kömək etdilər. Avdiya peyğəmbər Edomun dağılması və məğlubiyyəti barədə peyğəmbərlik etmişdi.
Kitabın məzmunu:
1:1-14 Edomun cəzalandırılması
1:15-21 Rəbbin günü

Avdiya 1

1 Bu, Avdiyaya zühur olan görüntüdür.

Edom üzərində Allahın məhkəməsi

Xudavənd Rəbb Edom barəsində belə deyir:

Biz Rəbdən xəbər eşitdik,

Millətlər arasına

«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.

2«Bax səni millətlər arasında kiçildəcəyəm,

Hamı sənə xor baxacaq.

3Ey sən qaya

çatlarında məskən salan, Evini yüksəklərdə quran!

Ürəyinin qüruru səni aldatdı,

Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.

4Sən qartal kimi yuxarı uçub

Yuvanı ulduzlar arasında qursan da,

Səni oradan endirəcəyəm».

Rəbb bəyan edir.

5«Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,

Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?

Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,

Bir neçə salxımı saxlamazdılarmı?

Amma gör səni nə cür müsibətlər gözləyir!

6Esavın hər şeyi talan ediləcək,

Gizli xəzinələri aşkara çıxarılacaq.

7Səninlə əhd bağlayanların hamısı

Səni ölkəndən qovacaq,

Müttəfiqlərin səni aldadıb məğlub edəcək.

Səninlə çörək yeyənlər sənə tələ quracaq,

“Onun ağlı haradadır?” deyəcək».

8Rəbb bəyan edir:

«O gün Edomun hikmətli adamlarını,

Esav dağındakı müdrikləri məhv edəcəyəm.

9Ey Teman,

igid adamların elə qorxuya düşəcək ki, Esav dağlarının hər sakini qırğında öldürüləcək.

10Qardaşın Yaquba etdiyin zorakılığa görə

Sən xəcalət içində qalacaqsan,

Əbədi məhv olacaqsan.

11Yadellilər onun sərvətini aparanda

Sən uzaqda durub tamaşa etdin.

Əcnəbilər onun şəhər darvazalarından girib

Yerusəlim üçün püşk atanda

Sən də onlardan biri kimi davrandın.

12Sən gərək Yəhudalı soydaşlarının

Bədbəxtlik günündən zövq almayaydın,

Həlak olduqları gün sevinməyəydin,

O əzablı gündə rişxənd etməyəydin,

13Xalqımın fəlakətli günündə

Onların şəhər darvazalarından girməyəydin,

Başlarına bəla gələn gün

Onların fəlakətini sevinclə seyr etməyəydin,

Başlarına bəla gələn gün

Onların malına əl uzatmayaydın!

14Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün

Yol ayrıcında dayanmayaydın,

O əzablı gün qurtulanları

Düşmənə təslim etməyəydin!

Rəbbin günü yaxınlaşır

15Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,

Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,

Əməllərinin əvəzi öz başına gələcək!

16Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi

Bütün xalqlar durmadan içəcək,

İçib yox olacaq,

Sanki əvvəldən yox idi.

İsrailin zəfəri

17Lakin qurtuluş tapanlar

Sion dağına toplanacaq,

O dağ müqəddəs olacaq.

Yaqub nəsli mülkünə sahib olacaq!

18Yaqub nəsli od,

Yusif nəsli alov,

Esav nəsli isə küləş olacaq,

Yaqub və Yusif nəsli

Esav nəslini yandırıb məhv edəcək.

Esav nəslindən qurtulan olmayacaq.

Çünki Rəbb belə söylədi.

19Negev sakinləri Esav dağını,

Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini,

Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,

Binyaminlilər isə Gileadı zəbt edəcək.

20Xalahda olan İsrail sürgünləri

Kənanın Sarfata qədər uzanan torpaqlarını,

Sefaradda olan Yerusəlim sürgünləri

Negev şəhərlərini zəbt edəcək.

21Xalqı qurtaranlar Sion dağına çıxıb

Esav dağına hökm edəcək:

Rəbb səltənət sürəcək».