GİRİŞ
«Zəbur» Müqəddəs Kitabın mədh və dualar toplusudur. Bu mədh və dualar uzun illərin məhsulu olub müxtəlif müəlliflər tərəfindən musiqi üstündə yazılmışdır. Hər fəsil ayrılıqda məzmur, yəni ruhani nəğmə adlanır. İsrail xalqı dini ibadətlərində məzmurlardan geniş istifadə edirdi.
Bu mədh və dualar poetik üslubda yazılmışdır. Onlar məzmunca müxtəlifdir: Allaha mədh ilahiləri, kömək, müdafiə, qurtuluş üçün dualar, bağışlanma yalvarışları, Allaha minnətdarlıq məzmurları, tövbə duaları və s. «Zəbur» Kitabında insan duyğuları bütün dolğunluğu ilə təsvir edilir. Kitabın ümumi ideyası budur ki, insan hansı vəziyyətə düşürsə-düşsün, Allah onunladır. Burada həyat həqiqəti və Allahın məhəbbəti sarsılmaz imanla bağlanır. Elə bir insan yoxdur ki, «Zəbur» Kitabını oxuyub orada öz duyğularının əksini tapmasın.
Bu kitab İsa Məsihə iman edənlərin cəmiyyətlərinin yaranmasından bəri istifadə etdikləri ruhani xəzinələrdən biridir.
Rus və bəzi tərcümələrdə məzmurların əksəriyyəti qədim yunan tərcüməsinə əsaslandığından sıra sayı fərqlidir. Əlinizdəki tərcümədə isə onların sıra sayı əsl ibrani mətnində, ingilis və başqa Avropa dillərində olan tərcümələrdə istifadə olunan sıra sayına uyğundur. İbrani mətni ilə qədim yunan tərcüməsində olan sıra sayının fərqi belədir:
İbrani mətni (qədim yunan tərcüməsi): 1-8(1-8), 9-10(9), 11-113(10-112), 114-115(113), 116(114-115), 117-146(116-145), 147(146-147), 148-150(148-150)Kitabın məzmunu:
«Zəbur» Kitabı ənənəvi olaraq 5 hissəyə bölünür:
1. 1-41-ci məzmurlar
2. 42-72-ci məzmurlar
3. 73-89-cu məzmurlar
4. 90-106-cı məzmurlar
5. 107-150-ci məzmurlar
Birinci hissə
Zəbur 1 | Məzmur 1
1. Pislərin məsləhəti ilə getməyən,
Günahkarların yolunda dayanmayan,
Rişxəndçilərin arasında oturmayan insan nə bəxtiyardır!
2. O ancaq Rəbbin Qanunundan zövq alar,
Gecə-gündüz bu təlimatı dərin düşünər.
3. Axar sular kənarında əkilən ağac kimi
Barını mövsümündə verər,
Yarpağı solmaz,
Etdiyi hər işdə uğur qazanar.
4. Pis adamlarsa belə deyil,
Onlar yelin sovurduğu saman çöpünə bənzəyər.
5. Buna görə pis adamlar hökm günündə,
Günahkarlar salehlərin məclisində dayana bilməz.
6. Çünki Rəbb salehlərin yolunu qoruyur,
Pislərinsə yolu onları ölümə aparır.
Zəbur 2 | Məzmur 2
1. Nə üçün millətlər belə vurnuxmaya düşür,
Ümmətlər boş şeylər düşünür?
2. Dünya şahları yığışır,
Hökmdarlar Rəbbə və
Onun məsh etdiyinə qarşı birləşir.
3. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq,Üstümüzdəki zəncirlərini ataq».
4. Göylərin sakini gülür,
Xudavənd onlara istehza edir.
5. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək,
Qəzəbi ilə onları dəhşətə gətirəcək.
6. O deyir: «Mən padşahımı
Müqəddəs dağım Sionda əyləşdirmişəm».
7. Rəbbin fərmanını elan edəcəyəm.
Rəbb mənə dedi: «Sən Mənim oğlumsan,
Mən bu gün sənə Ata oldum.
8. Məndən istə, onda irs olaraq millətləri,
Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm.
9. Onları dəmir əsa ilə qıracaqsan,
Saxsı qab kimi çilik-çilik edəcəksən».
10. İndi, ey şahlar, müdrik olun!
Ey dünya hakimləri, ibrət alın!
11. Rəbdən qorxub Ona xidmət edin,
Həm titrəyin, həm sevinin.
12. Oğulu öpün ki, qəzəblənməsin,
Yoxsa tutduğunuz yolda məhv olarsınız.
Çünki qəzəbi tezliklə alovlanar.
Ona pənah gətirənlərin hamısı nə bəxtiyardır!
Zəbur 3 | Məzmur 3
Davudun məzmuru.
Oğlu Avşalomun qarşısından qaçanda.
1. Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb!
Əleyhimə qalxanlar nə qədər artıb!
2. Mənim üçün çoxları deyir:
«Allahdan ona xilas yoxdur».
Sela
3. Amma Sən, ya Rəbb, ətrafımda sipərsən,
Şərəfimsən, başımı ucaldan Sənsən!
4. Rəbbi ucadan səsləyirəm,
O, müqəddəs dağından mənə cavab verir.
Sela
5. Mən yatıram, yuxuya gedirəm,
Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.
6. Hər yandan məni mühasirəyə alan
On minlərlə xalqdan qorxmuram.
7. Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar!
Çünki Sən bütün düşmənlərimin əngindən vurursan,
Pislərin dişlərini qırırsan.
8. Qurtuluş Rəbdəndir,
Qoy Sənin xeyir-duan xalqının üzərində olsun!
Sela
Zəbur 4 | Məzmur 4
Musiqi rəhbəri üçün.
Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
1. Səni çağıranda mənə cavab ver,
Ey adil Allahım!
Dara düşən zaman məni genişə çıxar,
Mənə lütf edib duama qulaq as!
2. Ey insan övladları, nə vaxtadəkŞərəfimi rüsvayçılığa çevirəcəksiniz?
Nə vaxtadək boş şeylərə meyl göstərib
Yalan axtaracaqsınız?
Sela
3. Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb;
Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
4. Qorxub-titrəyin, günah etməyin,
Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin.
Sela
5. Salehlik qurbanları kəsin,
Rəbbə güvənin.
6. Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?»
Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
7. Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox
Mənim qəlbimə sevinc verdin.
8. Arxayın yatıb yuxuya gedirəm,
Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!
Zəbur 5 | Məzmur 5
Musiqi rəhbəri üçün.
Davudun nəfəs alətlərinin müşayiəti ilə oxunan məzmuru.
1. Ya Rəbb, sözlərimə qulaq as,
Ah-naləmə nəzər sal.
2. Ey Padşahım, ey Allahım, fəryad səsimə qulaq as,
Çünki Sənə dua edirəm.
3. Ya Rəbb, səhər erkən səsimi eşidirsən,
Səhər erkən Sənə dua edib cavab gözləyirəm.
4. Çünki Sən pislikdən xoşlanan Allah deyilsən,
Şər Sənin yanına gəlməz.
5. Təkəbbürlülər hüzurunda dayana bilməz,
Bütün şər iş görənlərə nifrət edirsən.
6. Yalan söyləyənləri məhv edirsən,
Ya Rəbb, qaniçənlərdən, hiyləgərlərdən ikrah edirsən.
7. Fəqət mən bol məhəbbətin naminə evinə gələcəyəm,
Üz tutub müqəddəs məbədinə qorxu ilə səcdə edəcəyəm.
8. Ya Rəbb, ədalətinlə məni düz yola yönəlt,
Düşmənlərimin üzündən Ö z yolunu qarşımda düzəlt.
9. Onların dillərində düz söz yoxdur,
Ürəkləri pis niyyətlə doludur.
Boğazları açıq qəbirdir,
Dilləri yalan danışır.
10. Ey Allah, onları təqsirkar çıxar,
Qoy niyyətlərinə görə bu şər insanlar yıxılsın.
Onları saysız günahlarına görə qov,
Çünki Sənin əleyhinə qalxıblar.
11. Sənə pənah gətirənlərsə qoy sevinsin,
Qoy Səni daima mədh etsinlər,
Çünki onları Sən qoruyursan.
Səni sevənlər sevincdən cuşa gəlsin!
12. Ya Rəbb, salehə xeyir-dua verirsən,
Lütfünlə sipər kimi onları hifz edirsən.
Zəbur 6 | Məzmur 6
Musiqi rəhbəri üçün.
Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru.
1. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə,
Hiddətlənib məni tənbeh etmə.
2. Ya Rəbb, mənə rəhm et,
Çünki taqətim qalmayıb.
Mənə şəfa ver, ya Rəbb,
Sümüklərim sızlayır.
3. Canıma vəlvələ düşüb.
Ya Rəbb, bu nə vaxtadək olacaq?
4. Ya Rəbb, gəl, mənə kömək et,
Məhəbbətin naminə məni xilas et!
5. Səni ölüb-gedən insan xatırlamaz.
O necə ölülər diyarından Sənə şükür etsin?
6. Öz ah-naləmdən bezmişəm,
Hər gecə ağlamaqdan döşəyim islanır,
Göz yaşlarımdan yatağım yaş olur.
7. Qəmdən gözümün nuru sönüb,
Gözlərim düşmənləri görməkdən zəifləyib.
8. Siz ey şər iş görənlər, məndən uzaq durun!
Çünki Rəbb hönkürtümü eşitdi,
9. O, yalvarışımı dinlədi,
Rəbb duamı qəbul etdi!
10. Bütün düşmənlərim rüsvay olacaq,
Canlarına vəlvələ salınacaq,
Xəcalət içində bir andaca geri qayıdacaq.
Zəbur 7 | Məzmur 7
Davudun Binyaminli Kuşa görə Allaha oxuduğu şiqqayon.
1. Ey Rəbb Allahım, Sənə sığınmışam,
Məni bütün təqibçilərimdən qurtar,
Məni xilas et.
2. Yoxsa aslan kimi məni parçalayarlar,
Xilas edən olmasa, məni didib-dağıdarlar.
3. Ya Rəbb Allahım, əgər günah etmişəmsə,
Əllərimdən haqsızlıq gəlibsə,
4. Əgər dostuma xəyanət etmişəmsə,
Düşmənimi nahaqdan qarət etmişəmsə,
5. Qoy məni düşmən qovub tutsun,
Bədənimi təpik altına salsın,
Şərəfimi yerə vursun.
Sela
6. Qəzəblə qalx, ya Rəbb,
Düşmənlərimin hiddətinə qarşı çıxıb yüksəl!
Mənə görə oyan,
Hökmünü bəyan et!
7. Salehliyinə görə Rəbbə şükür edəcəyəm, (Ümmətlər icması Sənin ətrafına yığılsın,)
Uca Rəbbin adını tərənnüm edəcəyəm. (Sən onların başı üzərində ucal, hökmünü ver.)
8. Rəbb xalqlar üzərində hakimlik edir;
Məni mühakimə et, ya Rəbb,
Salehliyimə, kamilliyimə görə mənə haqq qazandır!
9. Pislərin pisliyi sona yetsin,
Salehlərsə möhkəmlənsin!
Ey adil Allah, çünki Sən düşüncələri, hissləri bilirsən.
10. Allah mənim sipərimdir,
Ürəyidüz olanları xilas edir.
11. Allah adil hakimdir,
Hər gün haqsızlığa görə hökm verir.
12. Pislər yolundan dönməzsə,
O, qılıncını itilər,
Ox-kamanını qurar,
13. Onlara qarşı ölüm silahları hazırlayar,
Yandırıcı oxları ilə nişan alar.
14. Pislər hiyləyə hamilə olar,
Şər üçün ağrı çəkər, yalan doğar.
15. Onlar başqasına quyu qazar, dərinləşdirər,
Qazdıqları quyuya özləri düşər.
16. Yamanlıqları öz üstlərinə dönər,
Zorakılıqları başlarına düşər.
17. Rəbbə ədalətinə görə şükür edəcəyəm,
Haqq-Taala Rəbbin ismini tərənnüm edəcəyəm!
Zəbur 8 | Məzmur 8
Musiqi rəhbəri üçün.
Davudun «Gittit» üstə oxunan məzmuru.
1. Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!
Ehtişamın göylərə qalxır!
2. Düşməni və qisasçını susdurmaq üçün
Körpələrin və çağaların səsi ilə
Yağılarına qarşı qala qurdun.
3. Əllərinin işi olan göyləri,
Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm:
4. «İnsan kimdir ki, onun haqqında düşünürsən?
Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?»
5Onu Allahdan bir az aşağı yaratdın,
İzzət və əzəmət tacını onun başına qoydun,
6. Əllərinin işləri üzərində onu hökmdar etdin.
Hər şeyi onun ayağının altına qoydun:
7. Bütün sürü və naxırları,
Çöldə yaşayan heyvanları,
8. Göydəki quşları, dənizdəki balıqları,
Dəryalarda üzənlərin hamısını.
9. Ey Xudavəndimiz Rəbb,
İsmin bütün yer üzündə nə qədər əzəmətlidir
Zəbur 9 | Məzmur 9
Musiqi rəhbəri üçün.
Davudun «Mut-labben» üstə oxunan məzmuru.
1. Bütün ürəyimlə Rəbbə şükür edəcəyəm,
Bütün xariqələrini deyəcəyəm.
2. Sənə görə fərəhimdən sevinib cuşa gələcəyəm,
Ey Haqq-Taala, ismini tərənnüm edəcəyəm!
3. Düşmənlərim