Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Rəbb Allahın sözü bizə əminlik,cəsarət,güc və qüvvət gətirsin ki,biz nə edəcəyimizi və necə edəcəyimizi başa düşək. Çünki Rəbb Allahın sözü bizi təmin və təchiz edəndir,bizim yolumuza aydınlıq gətirəndir. Rəbb Allahın sözü bizim ürək niyyətimizə şəffaflıq gətirəndir,həqiqət və gerçəklikdir,sülh və rahatlıqdır. Rəbb Allah istəyir ki,Onun adını çağırıb İsa Məsihə iman edənlər təmin edilsinlər,Onun həyat verici sözü ilə dolsunlar. O söz həyata malikdir,güc və qüvvəyə malikdir. O söz vasitəsi ilə Rəbb Allah Yeri və Göyü yaratdı,bəşəriyyətə həyat və nəfəs verdi. O söz vasitəsi ilə “Ol” dedi və yazıldığı kimi insan yaşayan can oldu. Həmin o sözü Rəbb Allah bugün Müqəddəs Kitab vasitəsi ilə hər bir insanın həyatına verir. Sacəcə o həyatı götürmək lazımdır. Bu söz dəyişikliklərə səbəb olursa,onu hər gün daxilimizə alaq.
Yeşua 1:7-9:”Qulum Musanın sənə tapşırdığı Qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola dön ki, hara getsən, uğur qazanasan. Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir.” Əgər Allah Peyğəmbər Musa vasitəsi ilə dediyi sözlər bu qədər insanın həyatına təsir edirdisə, görün sevimli oğlu Məsih vasitəsi ilə dediyi söz sizin həyatınızda nə qədər böyük gücə malik olacaqdır. Nun oğlu Yeşuanın qabağına gələn Rəbb Allah deyir ki,Qanuna əməl etmək üçün cəsarətli,yəni mübariz,çəkinməyən,zirək ol,həmin sözdə davamlı qal və yaşa. Bir Peyğəmbər vasitəsi ilə verilən sözdə olan güc nə qədər böyükdür! Rəbb Allah deyir ki,həmin sözdə qal və yayınma ki,getdiyin yolda uğur qazanasan,zəfər çalasan. Arzuların və diləklərin həyata keçsin deyə Onun sözündə qal. Qoy Rəbb Allahın sözü bütün həyatının sahələrini doldursun. Rəbbin verdiyi tərbiyə ilə,Müqəddəs Kitab vasitəsi ilə necə olmalısansa,elə də ol. Düşün bu barədə,çəkinmə. Cəsarətli ol,qorxma Rəbb Allahın sözündə qalmağa,qorxma düşünməyə ki,insanlar nə deyəcək? Əgər var olan Rəbb Allahın sözünü icra edirsənsə,cəsarətli ol. Çünki Rəbb sənə bu sözü dedisə,onun nəticəsini də sənə həyat olaraq verir. Bugün etdiklərin sabah üzləşdiklərindir. Ona görə də çəkinmə,bərk ol,sarsılmaz ol Rəbbin sözündə. Oğlu İsa Məsih vasitəsi ilə bizə verdiyi təlim,nəsihət,tərbiyə sözləri bunlardır.
1 Pet 3:8-12:”Nəhayət,hamınız həmfikir olun. Başqalarının hər bir hissinə şərik olun,bir-birinizi qardaşlıq məhəbbəti ilə sevin,rəhmli və itaətkar olun. Pisliyə pisliklə,söyüşə də söyüşlə cavab verməyin,əksinə xeyir-dua edin. Çünki bunun üçün çağırılmısınız ki,xeyir-duaları irs olaraq alasınız.
Çünki:
«Kim həyatdan kam almaq,
Xoş gün görmək istəyirsə,
Qoy dilini şərdən,
Ağzını hiylə danışmaqdan qorusun,
Qoy şərdən çəkinib yaxşılıq etsin,
Qoy sülhü axtarıb ardınca getsin!
Çünki Rəbbin gözü salehlərin üzərindədir,
Qulaqları onların fəryadlarına açıqdır. Amma Rəbbin üzü şər işlər görənlərə qarşıdır».”
İsa Məsihə çağırılan insanlar,Onun şərəfli nəslinə aid edilən bizlər davranışlarımızda, münasibətimizdə həmfikir olmalıyıq. Məhz bu dəyərlər üzərində bir-birimizə yanaşırıq. Bizim ibadətimiz,xidmətimiz məhz bu dəyərlər üzərində qurulub. Dəyərimiz isə Müqəddəs Kitabdır. Məhz Müqəddəs Kitab vasitəsi ilə bütün sirləri və varlığı açaraq iman qəhrəmanı olmaq üçün bizə Öz sözünü verir. Rəbb deyir ki,bir-birimizin işinə şərik olaq. Bu,Rəbb Allahın ailəsinə münasibətdir. “Öz işidir” deyib keçmə,problemlər və çətinliklərdə şərik ol. Ən vacib olan isə – həmin insan üçün dua edin. Rəbb Allahdan xeyir-dua istə. Bizim şərikliyimiz ancaq insanların xoş günlərində yanında olmaq deyil,həyatın hər vəziyyətində bir-birimizin yanında olmaqdır. Rəbb deyir ki,bir-birinizi sevin. O sevgi nümunəsini İsadan görürük — əvəz gözləməyən, qurban verən sevgi. Sev,çünki sən sevilmisən. Sevgi böyük qüvvəyə malikdir,sevgi insanları dəyişdirir. Sevgi tərəddüdü,qorxunu qovur. Bu cür yanaş insanlara,çünki Rəbb Allahın bu cür yanaşması bizi dəyişdirdi. Bu məhəbbət ancaq 1 nəfərdən yox,hər birimizdən gözlənilir. Bu,bizim həyat tərzimizdir. Bir-birimizi sevək,rəhmli,səbirli və mərhəmətli olaq. Özünüzlə öyünməyin,amma ailəndə olan hər xidmətçiyə itaətkar ol. İtaətkarlıq bilirsiniz nədir? Başqasına xeyir-dua vermək,dua etmək,bir-birinizi sevmək itaətkar olmaqdır. Başqasının dalınca danışmaq,qeybət etmək – itaətkarsızlıqdır. Rəbb Allah bizi bu tərzə çağırmır. Rəbb səni xeyir-duanı irs olaraq almağa çağırdı. Sən xeyir-duanı qanuni alansan. Çünki Var Olan Rəbb Allahın oğlu Məsih İsaya iman etdin. Bu,gerçəkdir və mütləq sənin həyatında baş verəndir. Bu xeyir-duanı alan insan kimi pisliyə pisliklə cavab vermə,əksinə xeyir-dua ver.
Kimdir o insan ki,xoş günlər görmək istəyir? Rəbb deyir ki,Mənim sözümdür sənə həyat verən,icra etsən həyatda qalacaqsan. Əgər bunun əksini etsən,özün özünü məhrum edəcəksən. Dilini şərdən qoru,lənətləmə,söymə,təhqir etmə,tənqidçi olma,insanların dalınca danışan olma. Çəkin Ondan,bu sənə yaraşan tərz deyil. Bu tərz sənə həyat verməyəcək,uzaqlaş ondan. Həyatdan kam alan insan kimi xeyir-dua verən insan ol. Sözbaz,nifaq yaradan,ikiüzlü,yalançı olma deyir Rəbb Allah. Bu,səni məhrum edir Rəbbin xeyir-duasından. Sənin başqasına olan xoş münasibətin və niyyətin həyatdan kam almağına səbəbdir. Əgər ətrafında insanların xoşagəlməz hərəkətləri varsa,deyingən,şikayətçi olma. Bu səni mühakimənin dustağı edir. Rəbb səni azad etdi. Rəbbi dərk edən insanlar kimi hər vəziyyətdə xeyir-dua verin,sülh axtarın. Sülhyaradan ol,sülhü hər yerdə quran ol. Barışıq gətir,küsülülük və ayrılığa səbəb olma. Sənin ağzından çıxan sözlər insanları qoy barışdırsın. Bu,sənin həyat tərzin olsun. Kim özünə rəqib Rəbb Allahı seçər? Heç kim. Bizim xalqımızın dilində olan yaxşı söz var:”Allaha qurban olaram”. Rəbb Allah deyir:”Mənə aid olan insan olmaq üçün ətrafındakı insanlara xeyir-dua verən ol. Sevinc,sülh və barışıq gətirən ol”. Bu,Rəbbin səndən istəyidir. Bu tərzdə qalsan,xeyir-bərəkət daima səninlə olacaq,xoş günlər görəcəksən. Bugün oxuyun və düşünün Yeşua 1:7-9 və 1 Peter 3:8-12-ci ayələri. Rəbb Allahın qarşısına gəldikdə deyin:” Mən belə insan olmaq istəyirəm. Bunun üçün əlimdən gələni edib səy göstərəcəyəm ki,Sənin yazılarında yazılan insanın həyat tərzində yaşayım.” Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri