Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Filiplərə məktub 1:2:”Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun!” Hər gün,hər açılan sabahda Rəbb Allahın lütfü sənin üçün artıq hazırdır. Hər yeni gündə Rəbb səni xeyir-dualandırır. Onda olan sülh bizi tamamilə əhatə edir. Onun verdiyi lütf tükənməz və boldur. Yetər ki,sən ondan kam alasan və o lütfü başqa insanlarla paylaşasan.
Filiplilərə 1:6:”Əminəm ki,sizdə xeyirli işə başlayan Allah Məsih İsanın zühur edəcəyi günədək bunu başa çatdıracaq.” Rəbb Allahın sözü deyir ki,səndə xeyirli iş başlandı. Bu xeyirli iş İsa Məsihə pənah gətirdiyin gündən başlayır. Sən iman etdiyin andan etibarən Rəbb Allahın xeyirli işi başladı. Bil və əmin ol ki,Rəbbin sənin həyatında gördüyü bütün işlər sənin xeyrinədir. Bəlkə bu gün üzləşdiyin hər hansısa xoşagəlməz hadisələr var,ancaq əmin ol ki,səndə xeyirli işə başlayan Rəbb Allah onu sonlandıracaq. Rəbb heç vaxt natamam etmir,O,başladığı hər işi yekunlaşdırandır. Bu,Rəbb Allahın bizə olan münasibətidir. Bu xeyirli iş həyatımızda hər gün davam edir və Məsih zühur edəcəyi günə qədər başa çatacaqdır.
Filiplilərə məktub 1:3-4:”Sizi hər dəfə yada salanda Allahıma şükür edirəm. Həmişə hamınız üçün hər bir diləyimdə sevinə-sevinə dua edirəm.” Paul məhz iman Etdiyinə əmin olduğuna,bələd olduğuna görə bilirdi ki,O,başladığı işi sona çatdırandır. O,həmişə xeyir və yaxşılıq üçün çalışan Rəbb Allahdır. Bu gün sənin üçün olan söz budur. Rəbb Allahın niyyəti və istəyi sənə yaxşıdır. Onun sənin həyatında gördüyü işlər əvəzolunmazdır. Əgər bugün hər hansı vəziyyəti başa düşmürsənsə, hansısa məsələ sənin üçün aydın deyilsə,əmin ol Rəbb Allahından,güvən Ona və onunla danış və de:”Ya Rəbb,bugün olanlar mənim üçün çətindir. Amma mən Səndən əminəm. Mən bilirəm ki,Sən ancaq xeyirli işlər görürsən,istəyirsən ki,insan yaşayan can olsun,həyatdan kam alsın. Sənə güvənirəm. Sənin işin mənim üçün faydalıdır.”
Rəbb Allahın qarşısına gəlib ehtiyaclarını bildirdikdə sevinə-sevinə,minnətdar olaraq bildir. Ətrafında olan insanlara görə Rəbbə minnətdar ol. Sevin,çünki Rəbb Allah başladığı işi başa çatdırandır. Yarımçıq qoymayacaq,tərk etməyəcək,tək buraxmayacaq.
Hardan yaranır bu əminliklər Paulda? O bilir ki,Rəbb Allah kimdir və Onun münasibəti necədir. Müqəddəs Kitabı oxu. İman qəhrəmanlarının həyatını araşdır və görəcəksən ki,Rəbb Allah onlarda başladığı işi başa çatdırdı,tamamladı,verdiyi vədləri yerinə yetirdi. Sənin üçün də bunu edəcək və təminat verəcək. İman etdiyində əmin ol.
Filiplilərə məktub 1:5:”Çünki ilk gündən indiyədək Müjdəni yaymaqda şərik oldunuz.” Rəbb Allahın sözü deyir ki,sən iman etdiyin Müjdəni özündə gizlətmədin, yaymağa başladın. Ailənlə, dostlarınla bölüşdün və Müjdə işində öz payını götürdün. Buna görə də əmin oluruq, çünki bu,Rəbb Allahın işində özünə pay götürməyində bəlli olur. Sən ancaq özün haqqında düşünən insanlardan deyilsən. Rəbb Allahın yaxşılığını bilərək bunu öz ailənlə,yaxınlarınla,dostlarınla bölüşürsən ki,sən tanıdığın insanlar da dadsınlar və bilsinlər ki,Rəbb Allah yaxşıdır.
Filiplilərə məktub 1:9:”Dua edirəm ki,məhəbbətiniz bilik və hər cür idrak baxımından get-gedə daha çox artsın,siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız,Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.” Paul dua edir və bilirdi ki,Rəbb Allahın qarşısında pak və nöqsansız bol bəhrəli olmağınız üçün məhəbbətdə böyüməyiniz lazımdır. Məhəbbətimiz birlikdə böyüyəcək,bu isə oxumaq və təcrübə ilə əldə ediləndir. Bu mənbəyi isə Müqəddəs Kitabdan götürə bilərik. Rəbb Allahın iradəsi,gördüyü işlər haqqında Müqəddəs Kitabdan oxumaqla biliyimiz artır. Biliyinin artmağı ilə məhəbbətdə inkişaf edəcəksən,çünki Rəbb Allah məhəbbətdir. Hər cür dərrakə və qavrama ilə Rəbbin məhəbbətində iştirak edəcəksən. Rəbb Allahın məhəbbətində iştirak etməyin, həmin yolla getməyin səni pak,nöqsansız və bol bəhrəli edəcəkdir. Bunu Rəbb Allah səndən istəyir. Səndə xeyirli işə başlayan Rəbb Allah sənin iştirakını istəyir. İstəyir ki,hər birimiz öz payımızı götürək,inkişaf edək Onun məhəbbətində. Bu,Rəbb Allahın Müjdəsini verməkdə sənin şərikliyindir.
Məhəbbət yalnız şirin və xoş sözlər demək deyil. Bu barədə Müqəddəs Kitabda yazılıb.1 Korinflilərə məktub 13:4-8:”Məhəbbət səbirli,xeyirxahdır. Məhəbbət paxıllıq etməz,öyünməz, lovğalanmaz,kobudluq etməz,öz xeyrini güdməz,hirslənməz,ona edilən pislikləri sayıb-hesablamaz. Məhəbbət haqsızlığa sevinməz,həqiqətə isə şadlanar. O hər şeyə qatlaşar,hər şeyə inanar,hər şeyə ümid bəsləyər,hər şeyə dözər.” Bunda tərəqqi və inkişaf et, bütünlüklə səy göstər. Allah adamı bu cürdür,çünki onu çağıran Var Olan Rəbb Allah Özü belədir. O,səbirli və xeyirxahdır, xeyir-dua verəndir və verdiyi xeyir-duaya görə sevinəndir. Rəbb Allah insana qarşı heç vaxt pislik etmir. Sənə edilən işlər xoşagəlməz olsa da,hesabını tutma ki,bir gün qisas alasan. O,lovğalanmır və paxıllıq etmir,sən də bu cür insan ol. Bu,sənin Müjdə işində iştirakındır. Sənin Müjdən yalnız “Allah səni sevir” cümləsi ilə bitmir. Münasibətin,davranışın buna bir sübutdur. Müjdə yalnız sözlərlə deyil,insanlara olan münasibət və həyat tərzin ilə təsirə malik olur. Bu cür sev,çünki Məsih səni bu cür sevdi. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri