Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyirəm ki,sübh tezdən Rəbb Allahın sözü üzərində malik olduğumuz düşüncə tərzi bizi gün boyu müşayiət etsin. Rəbb Allahın sözü güclü və təsirlidir,Rəbb istəyir ki,Onun sözü sənin həyatında aşkar edilsin. Bu sözü yaşatmaqla və icra etməklə sənin həyatında öz izzətini göstərəcəkdir.
Vəhy 1:8:”Var olan,Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir:«Alfa və Omeqa Mənəm!».” Başlanğıc və Son Rəbdir. Müqəddəs Kitabda Rəbb Allah deyir ki, Var olan,hər zaman Var olmuş və dünyanın sonunda Gəlməli olan Külli-İxtiyar Mənəm və hər şeyin başlanğıcı və sonuyam. Həyatında hər hansı yenilik – yeni ailə,yeni iş,yeni münasibət varsa,buna Rəblə başla. Yenilikdə Rəbbi çağırıb Onunla birgə addımlayırsansa,Külli-İxtiyar olan Mən səninlə olacağam. Hər bir vəziyyətdə Rəbbi çağır və səslə,Onunla birgə addımla ki,Rəbb Allah hər zaman səninlə olsun. Sənin həyatında tükənməyin,yorulmağın, əldən düşməyin sənin həyatında son deyil, son Rəbdir. Buna görə də Rəbbə güvən və iman et. İnsanların və ya şəxsən sənin öz haqqında yorulduğunu düşünmən son deyil,vergüldür. Çünki nöqtəni qoyan Külli-İxtiyardır. Rəbb Allah isə nöqtəni qoymur,O deyir ki,davamlı olaq. Rəbb Allahın münasibəti Onu çağıran hər bir kəs üçün, Oğlu Məsih İsaya iman edən bir şəxs üçün hər zaman xeyirlidir,faydalıdır. Buna laqeyd olmayaq,həvəslə Rəbbin sözünü yaşadan insanlar olaq.
1 Saloniklilərə məktub 1:2:”Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. Həvari Paul imanlılara məktub yazaraq deyir ki,siz yanımızda olmasanız da,biz sizin haqqınızda sizə görə Rəbbə şükür edərək danışırıq. Paul imanlıları yada saldıqda Allaha onlar üçün minnətdarlığını bildirirdi,onları xeyir-dualandırmağa həvəsli idi,çünki onları sevirdilər. İmanlılar birlikdə görüşüb bacı-qardaşlarını yada saldıqda Külli-İxtiyara onlara görə şükür edirlər,minnətdar olurlar. Bu münasibət çox gözəldir,gəlin bu münasibətdə yaşayaq,bu münasibəti icra edək.
1 Saloniklilərə məktub 1:3:”Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.” Müqəddəs Kitab deyir ki,imanından yaranan əməllərin daim Rəbb Allah qarşısında yada salınır. Əməl – hərəkət,faaliyyətdir. İmanını icra etmək imanına riayət etməkdir. İman sadəcə daxildə İsa Məsihin Rəbb Allahın Oğlu olmasına inanmaqla kifayətlənmir. Daxilindəki iman əməl ilə bəhrə verməsini səndən gözləyir. Ona görə də imanını davranışında,münasibətlərində, hərəkətlərində aşkar et. Qoy sənin Rəbb Allaha pənah gətirməyin zahir alsın,bu zahir Rəbbin gözündən yayınmır,daim yada salınır. Çünki Rəbb Öz balalarından imanlarının zahir edilməsini istəyir. Rəbb Allahın sözü deyir ki,məhəbbətdən doğan zəhmətiniz daim Allahın qarşısında yada salınır. Rəbb səni sevdi və bu məhəbbəti Müqəddəs Ruh vasitəsi ilə ürəyinə doldurdu. Qoy sənin məhəbbətin də səylə çalmağınla aşkar edilsin. Əsl məhəbbət zəhmət tələb edir. Rəbb Allah ürəyini Öz sevgisi ilə doldurduğu hər kəsdən istəyir ki, bu məhəbbət zəhmətlə,çalışmaqla,səylə aşkar edilsin. Məhəbbət ancaq sözlərlə ifadə edilmir,bu,kifayətlənmir. Məhəbbət zəhmət,çalışqanlıq tələb edir. Məhəbbət göstərdiyin hər insan buna qarşılıq verməyəcək,həvəsdən düşmə,sevməyə davam et. Çünki Rəbb Allahın məhəbbəti hər gün sənin ürəyinə Müqəddəs Ruh vasitəsi ilə gəlir. Həvəsli ol. Rəbb Allahın kəlamı deyir ki,İsa Məsihə bağladığınız ümid dözüm hasil edir. Bu,Rəbbin yadından çıxmır. Dözümlü olmaq mətanətli olmaq, yenilməmək,sarsılmamaq,dəyanətli olmaq deməkdir. Ümid sadəcə hər şeyin yaxşı olmasını arzulamaq demək deyil,Rəbb Allahın verdiyi vədlərinə,həyat kəlamlarına güvənərək davamlı qalmaqdır,Onun sözündə möhkəm olmaqdır. Bu,hər dəfə Rəbbin yadına salınır və Rəbb üçün dəyərlidir. Sən Rəbb Allahın balası olaraq sadəcə tamaşaçı deyilsən,Onun ürəyinə görə hərəkət edirsən. İman qəhrəmanlarının həyatında da imandan yaranan əməlləri,məhəbbətdən doğan zəhmətləri və Rəbbə bağladıqları ümidin verdiyi dözüm onları nüfuzlu etdi. Bu keyfiyyətlər onları iman qəhrəmanları etdi, adları Rəbbin sevimli balaları sırasına salındı. Sən də belə et.
1 Saloniklilərə məktub 1:4:”Ey Allahın sevimlisi olan qardaşlar,bilirik ki,O sizi seçib.” Rəbb sizi sevir. Qoy bu düşüncə gün boyu sizdə olsun. Bu haqda düşünün.
Gəlin bərabər bunun üçün dua edək:”Rəbb Allah, Sən hər şeyin Başlanğıcı və hər şeyin Yekunusan. Səninlə hər şey başlayır və Səndə hər şey yekunlaşır. Əgər sən bitirməsən,heçnə bitməz. Hər bir başlanğıcı Səninlə başlamaq arzusundayam. Bu sabahı Sənin sözünlə açdığım kimi hər bir yenilikdə Səni çağıracağam. Səninlə bərabər yeni işə,münasibətə, xidmətə başlamaq üçün addımlayacağam. Rəbb Allah,minnətdaram ki,Sən mənim həyatıma Öz məhəbbətinlə gəldin və hər gün Sənin məhəbbətin Müqəddəs Ruh vasitəsi ilə qəlbimə tökülür. Dua edirəm ki,qoy Sənin sözünün icraçısı olum,imandan əməllərim yaransın. Sənin mənim ürəyimə tökdüyün məhəbbətdən zəhmət doğsun. Sənə bağladığım ümid ancaq yaxşı şeyləri arzulamaqla bitməsin,qoy dözümlü və mətanətli olmağı hasil etsin. Çünki bunlar daim Sənin yadına salınır,mənim üçünsə xeyirlidir. Bugünümə xeyir-dua ver. Ölkəmə xeyir-dua ver,bugünümü Sənin övladın kimi yaşamağım üçün mənə xeyir-dua ver.”
Müəllif: İdris Azəri