Dekabrın 23-də Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icması İdarə Heyətinin təşəbbüsü ilə “İlham Əliyev siyasəti: dinlər və mədəniyyətlərarası harmoniya” mövzusunda tədbir keçirilib.
İslam və qeyri-islam dini konfessiyalarının da iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan Bibliya Cəmiyyəti xristian dini icmasının sədri Rasim Xəlilov Prezident İlham Əliyevin dini konfessiyalara diqqət və qayğısından bəhs edib. “Ölkəmizin multikultural ənənələri dünya ölkələri üçün nümunədir”- deyən, R. Xəlilov Azərbaycanda müxtəlif dini ayinləri icra etmək üçün hər kəsə bərabər şərait yaradıldığını diqqətə çatdırıb. Natiq, eyni zamanda təmsil etdiyi dini icmanın il ərzindəki fəaliyyəti barədə ətraflı məlumat verərək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşəbbüsü ilə dini konfessiya nümayəndələrinin bölgələrə, o cümlədən işğaldan azad edilmiş ərazilərə etdiyi səfərlərdən də danışıb.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Sədr müavini bildirib ki, dini dözümlülük və tolerantlıq Azərbaycanda dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir: “Dövlət-din siyasətinin uğurla davam etdirilməsi sayəsində ölkəmizdə tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib”.
S.Heydərov respublikamızda formalaşan multikulturalizm ənənələrinin xalqımızın milli sərvəti olduğunu vurğulayıb: “Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələri həyata keçirən bir ölkədir. Azərbaycanın multikulturalizm siyasəti dünya ölkələri üçün bir örnəkdir.”
Tolerantlıq və multikulturalizmin elmi əsasları barədə məlumat verən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov respublikamızda mövcud olan dinlərarası harmoniyadan bəhs edərək deyib ki, bu gün ölkəmizdə milli və dini həmrəylik ən yüksək səviyyədədir: “44 günlük Vətən müharibəsindəki qələbəmizdə Ali Baş Komandanımız Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti ilə yanaşı, bu həmrəylik mühüm rol oynayıb”.
Mənəvi Dəyərlər Fondunun icraçı direktoru Mehman İsmayılov çıxışında qeyd edib ki, mənəvi dəyərlərə dövlət qayğısı Prezident İlham Əliyev siyasətinin tərkib hissəsidir. M. İsmayılov bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Vurğulayıb ki, bu dəyərlərin cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyatdığını nəzərə alaraq onu mühafizə və təbliğ etmək labüddür.
Tədbirdə Əmircan “Bünyadlı” məscidinin imamı Həsən Kərimli, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, “Alov” xristian dini icmasının sədri İdris Məmmədov, Avropa yəhudilərinin Bakı dini icması sədrinin müavini Yevgeni Brenneysen və başqaları çıxış edərək Azərbaycandakı dinlər və mədəniyyətlərarası harmoniya dan bəhs ediblər. Ölkəmizdə mövcud olan tolerantlığı bütün dünya üçün nümunə adlandırıblar.
Tədbir bədii hissə ilə davam edib.