Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizə Onun gerçəkliyini açır. Müqəddəs Kitabda Rəbb Allahın xoş niyyəti,arzusu aşkar edilir ki,biz Rəbb Allahın xoş iradəsini dərk edərək Onun sözünün zənginliyi ilə günümüzə başlayaq. Qoy Rəbb Allahın sözünün zənginliyi,Onun sözündən əmələ gələn şəfa,sevgi,cəsarət sizin gününüzün başlanmasına səbəb olsun.
Müqəddəs Kitabda olan Zəbur Davud Peyğəmbər tərəfindən yazılıb.
Zəbur 91:1-2:”Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan Rəbb haqqında belə söyləyir:
«O mənim sığınacağımdır, qalamdır, Allahımdır,Ona güvənirəm».” Davud Peyğəmbər Müqəddəs Kitaba adı düşmüş iman qəhrəmanıdır. O,bütün ömrü boyu Rəbb Allah qarşısında sədaqətlə,imanla yaşayıb,Rəbbə olan inamını göstərdi. Biz oxuduğumuz Zəbur Rəbbə olan münasibəti əks etdirir. Haqq-Taalanın pənahında yaşayan – yəni Rəbb Allaha iman gətirən insanın üzləşdiyi problemlərdə,xoşagəlməz hadisələrdə Rəbbə iman gətirən insan Rəbbin sığınacaq olduğunu,qalası olduğunu,ona inandığını deyir. Bugün hansısa problemlə üzləşirsənsə,indi sənə çətindirsə,sığınmaq üçün yer axtarırsansa, sığın Rəbb Allahına. Çünki Rəbb təhlükəsizlikdir,O,gerçək sığınacaqdır,səni sülhü ilə əhatə edir,təmin edir. Güvən Ona.
Zəbur 91:3-6:”ki,O səni ovçunun tələsindən,
Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
Səni qanadlarının altına alar,
Pərlərinin altında sığınacaqsan.
Sədaqəti qalxanın,sipərin olar.
Nə gecənin kabusundan,
Nə də gündüz atılan oxdan,
Nə zülmətdə dolanan ağır xəstəlikdən,
Nə də günorta məhvedici qırğından qorxmazsan.” Sığın Rəbbə. Çünki sığınan insan pənah gətirdiyi insana güvənir və Rəbb Allah onu qoruyandır,müdafiə edəndir,şəfa verəndir. Rəbb sənin həyatına təminatla gəlir,Müqəddəs Kitab bu haqqda deyir. Etibar et Rəbbə və bütün varlığınla Ona sarıl. O,sənin sığınacağındır,qorxudan azad edənindir. İnsanlar qorxuya və lərzəyə düşür,lakin Rəbb Allaha güvənənlər bəyan edirlər:”Rəbb mənim sığınacağımdır, qalamdır,Allahımdır. Ona güvənirəm.” Bizim davranışlarımız çətin vəziyyətdə,çıxılmaz vəziyyətdə olduqda çox vacibdir. Davud Peyğəmbərin məsləhətinə görə Külli-İxtiyarın kölgəsində oturan insanlar deyinmir,şikayət etmir,başqalarını ittiham etmir,günahlandırmır,Rəbbi sığınacaq,qala adlandırıb ona güvənirlər. Qoy bu iman etirafı sənin olsun. Güvən,arxayın ol. Onun sözü gerçəkdir. O,Öz sözünü verib ki, həyatına şəfa ilə,dinclik ilə,sevgi ilə gəlsin.
1 Peter 1:20:”Dünya yaranmazdan əvvəl tanınmış Məsih bu axır zamanda sizə görə zühur etdi.” Rəbb Allahın istəyi,sənə olan münasibəti nə qədər gözəldir. Rəbb Allahın sözü deyir ki,hələ dünya yaranmazdan əvvəl Rəbb Allah Məsihi Yer üzünə göndərmək arzusunda idi ki,ona güvənənləri azad etsin. Məsih sənə görə gəldi ki,səni azad etsin günahdan, qorxudan,xəstəlikdən və sənə həyatı yaşamaq üçün güc və bərəkət versin. Səni iman mövzusunda qüvvətləndirərək tamamilə Rəbb Alaha etibar edərək Ona özünü təslim edəsən. Müqəddəs Kitabı oxu. Orada yazılan insan kimi ol,çünki bu,sənin üçün təminatdır. Bu söz səni qoruyur.
1 Peter 1:21:”Məsih vasitəsilə siz Onu ölülər arasından dirildib izzətləndirən Allaha iman edirsiniz. Beləliklə,imanınız və ümidiniz Allaha bağlıdır.” Sənin güvənc mənbəyin,etibar etdiyin Rəbb Allahdırsa, bütün düşüncənlə və iradənlə Onun sözünə bağlan. Müqəddəs Kitab sənin yaşamağına,imanla hərəkət etməyinə, sevinclə dolaraq məhəbbətdə qalmağına görədir. Bunun üçün hər gün Müqəddəs Kitabı oxu.
1 Peter 1:22:” Həqiqətə itaət edərək ürəklərinizi saflaşdırıb riyasız qardaşlıq məhəbbətinə sahib oldunuz.” Bax gör nə edir Rəbb sənin həyatında. Orada yaşayan, Var Olan Rəbb Allahın sözləri həqiqətə itaət etməyinə sövq etdirir. Rəbdən Onun ürəyinə görə,Müqəddəs Kitaba uyğun insan olmaq üçün kömək istədikdə O,mütləq edəcək.
1 Pet 1:22:”Buna görə bir-birinizi var gücünüzlə səmimi qəlbdən sevin.” Külli-İxtiyar,Yerin və Göyün sahibi olan,sığınacağın olan Rəbb Allah bizdən bir-birimizi var gücümüzlə sevməyi istəyir. Ətrafında olan insanlarla münasibətlərində, davranışında,hərəkətlərində Rəbb Allahın sənə verdiyi əminlik,rahatlıq əks edilsin. İnsanlarla danışanda istifadə etdiyin sevgi sözlərində qoy Rəbb Allahın sənə verdiyi əminlik ötürülsün. Sənin həyat yoldaşın, qohumların,övladların,qonşuların,imanını səninlə paylaşan insanlar qoy səndən güc,dəstək və sevgi alsın. Səninlə görüşəndə sevinsinlər,başqalarının həyatına sevinc,barışıq,dinclik gətir. Sənin adın mühakimədə,dedi-qoduda hallanmasın,çünki sənin pənah gətirdiyin Haqq-Taala belə deyil. O, insanlar üçün sığınacaq,qala,sevgi yeridir. Sən Ona pənah gətirdin. Var Olan kimi sən də insanları sev.
1 Peter 1:23:”Çünki siz çürüyən toxumdan deyil, çürüməzdən, Allahın canlı,davamlı olan kəlamı vasitəsilə yenidən doğulmusunuz.” Rəbb Allahın sözü canlıdır, sənin həyatında davamlıdır,sənin üçün faydalıdır. Onun sözü fəaliyyətini davam edir. Rəbb səndə başladığı işi hər gün yerinə yetirir,hər gün sənə Öz həyat verici sözünü deyir. Ona görə də bu həyat qarşısında aciz,qorxaq deyilsən,Rəbb Allaha pənah gətirmiş,sığınmış insansan. Bu sözdən sonra vaxtını duada keçir. Olduğun yerdə gözünü yum və sükut gətir. Gündəlik həyatının təlaşında sükuta qərq ol,gözlərini yum və Rəbb Allahına de:”Sən mənim sığınacağımsan, qalamsan, Allahımsan. Sənə güvənirəm. Sən məni ovçunun tələsindən,ağır xəstəliyə düşüb ölməkdən qurtaransan. Sənin qanadlarının altındayam,pərlərinin altına sığınmışam. Sədaqətin qalxanım və sipərindir. Gecənin kabusundan,gündüz atılan oxdan,zülmətdə dolaşan ağır xəstəlikdən,günorta məhvedici qırğından –qorxmuram. Sənə güvənirəm.” Rəbb Allahına üz tut. Qoy O, sənə riyasız məhəbbətlə sevməyi öyrətsin,sənin nitqində insanlar rahatlıq tapsınlar,səni görən insanlar sevinsinlər. Bu insan sülh gətirir,barışıq gətirir,nifaq salmır – barışdırır. Onda Var Olan Rəbb Allah yaşayır. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri