Yeni gündə sizin qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Göydə və Yerdə yaradılan hər bir şey Rəbb Allahın sözü ilə yaradılmışdır. Hər şeyi Rəbb Öz sözü ilə yaratdı,Öz sözü vasitəsi ilə həyat verdi. Mövcud olan hər şey Rəbbin sözünə görə mövcuddur. Məhz ona görə də Rəbb Allahın sözünə görə mövzumuz heç vaxt bitməyəcək. Biz Rəbb Allahın sözünü, Müqəddəs Kitabda olan ayələri növbəti nəsilə ötürəcəyik ki,onlar da Rəbbin sözünü bilsinlər və bu sözdə yaşasınlar. Bu,Rəbb Allahın iradəsidir.
Kol 1:14-20:” Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. Bu,Rəbb Allahın sözüdür. Həmin sözlə Rəbb bəşəriyyəti yaratdı. Bu söz 2000 il əvvəl Yerusəlimdə çarmıxa çəkilən İsa Məsihin qanı bahasına satınalınma ilə baş verdi. Bizə bugün verilən söz budur: günahlarımız bağışlandı. Bugün kimsə özünü mühakimə edirsə və ya etdiyi səhvlərə görə günahkar hiss edirsə,Rəbb deyir:Sən satın alındın,Mən Oğlumu qurban verdim ki,səni günahın hökmündən azad edim. Günahdan gələn ölümdən azad edim. Sən azadsan.” İcazə vermə ki,başqa fikirlər ağlına gələrək səni məhkum etsin,Rəbb sənə azad olduğunu dedi. Rəbb Allah günahlarını bağışladısa,günahları bağışlanmış insansan bir daha günah etmə,bir daha özünü ləkələmə. Çünki Rəbb səni təmizlədi,O,səni satın aldı.
Kol 1:15-16:”Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. Çünki göylərdə və yerdə olan,görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar,hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı.” Rəbb deyir ki,HƏR ŞEY İsa Məsih vasitəsi ilə yarandı və hər şey Onun üçün yaradıldı. Sənin bugün yaşamağın və nəfəs almağın Məsihə görədir. Bəlkə bunu anlaya bilmirsən,amma Rəbb Allah sənə verdiyi həyatı sevimli Oğlu İsa Məsihə görə verdi. Rəbb sənin həyatına verdiyi bərəkəti İsa Məsihə görə verir. Allah bugün sənin həyatına səni təmin edən vədlərini Oğluna görə verir. Hər şey Ona görədir və Onun vasitəsi ilədir. Ona görə biz Rəbbin lütf kürsüsünə gəldikdə İsa Məsihin adı ilə danışırıq,bu,Göyləri qarşımızda açır. Rəbb Allah Özünə gedən yolları sənin üçün açıq saxlayır və sən onun dərgahına gələ bilərsən. Olduğun yerdə Rəblə canlı və diri təmasda ola bilərsən. Çünki O,səni satın aldı,təmizlədi və pakladı,”övladım” adlandırdı. Rəbb Allahın övladı kimi yaşa. Kiçiltmə özünü,günah səni kiçildir. Dedi-qodu,mühakimə,ittiham–bunlar səni kiçildir. Sən isə nəcib bir ailəyə aid edildin. Bu ailənin başı Məsih İsadır. Müqəddəs Kitaba adı düşmüş Peyğəmbərlər,iman qəhrəmanları,saleh insanlar məhz bu ailənin övladlarıdır. Sən də oradasan. Rəbb Allahın sözü bizə deyir: O,görünməz Allahın surətidir. Bütün yaradılış üzərində duran Odur. Hər şey ondan irəli gəlir. Nə istəyirsənsə həyatında,gəl Məsih İsanın qarşısına və niyyətlərini Ona bildir. Çünki hər şeyin başında duran,hər suala cavab verən Odur. Sənin niyyətinə cavab verən Odur. Bütün müsbət keyfiyyətləri sənə verən Odur. Onu həvəslə,sevinclə qəbul et.
Kol 1:17:”Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur.” Hər şeydən əvvəl var olan Odur,bütün qərarlar Onda yekunlaşır,hər şeyi təsdiqləyən Məsih İsadır. Ona görə də sən Məsihdən xaric yaşama.
Kol 1:18:”Bədənin,yəni imanlılar cəmiyyətinin Başı da Odur.” İmanlılar cəmiyyətinin,kilsənin başı Odur. Hər şey Ondan qidalanır və Ona görə gəlir. Ona görə həyatımızda baş verir,Ona görə biz Rəbb Allahın cəmiyyətinə can atırıq. Məhz bu cəmiyyətə xidmət etməyə həvəs göstər. Bu cəmiyyət sənin ailəndir və onun başı Məsih İsadır. Ona görə də Məsihin cəmiyyətinə xor baxma,Onun cəmiyyətinə özünü aid et,laqeyd olma. Bu,Məsih İsanın sənin haqqında olan arzusu və niyyətidir. Sən nə edirsənsə onun cəmiyyətində,həmin cəmiyyətin başı olan Məsih İsa üçün edirsən.
Bugün–həftənin 7-ci günü dünyada olan bütün cəmiyyətlər bir yerdə yığışırlar ki, bərabər Məsih İsanı izzətləndirərək satınalınmaqlarına görə bayram etsinlər,sevinsinlər. Ona görə bugün nəğmələr oxuyub rəqs edərək Onun qarşısında sevinəcəyik. Bugün öz cəmiyyətində olmağa can at. Həmin cəmiyyətdə ol və İsa Məsihdən aldığın ənama görə xidmət et.
Kol 1:19:”Hər şeydə birinci olsun deyə başlanğıc olan,ölülər arasından dirilərək ilk doğulan Odur. Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağavə Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə,həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu.” İnsan Yaradan Allahı ilə o vaxt sülhdə razılıq ala bilər ki,artıq o,İsa Məsihdədir. İsa Məsihdə biz satınalınmağa,sülhə və dincliyə,Rəbb Allahla barışığa nail olduq. Bu,çox dəyərlidir. Buna nail olduğuna görə sevin. Qoy Rəbb sizə xeyir-dua versin,bugün ibadət günüdür. Biz birlikdə yığışaraq Rəbbi şərəfləndiririk. Unutma,satınalınmağa nail oldun. Unutma,sən Rəbb Allahla barışmısan və Rəbb Allah ilk addımı sənin üçün atdı və səni Özünə cəlb etdi. Buna görə sevin,bayram et,rəqs et,tərənnüm et və şadlan. RƏBB SƏNİ SEVİR.

Müəllif: İdris Azəri