Rəbb Allahın sözü bizim üçün ən vacib,ən dəyərli olandır,çünki Onun sözünün vasitəsi ilə Rəbb Allahın niyyətini aşkar edirik. Məhz Müqəddəs Kitab vasitəsi ilə Rəbb Allahın bizə olan xoş niyyətini,arzusunu,iradəsini aşkar edirik. Biz görürük ki,Rəbb Allah bizim həyatımızda hansı işləri görmək istəyir,hansı nemətlər verir?
Rəbb Allahın sözü bizi Yaradanla canlı və diri ünsiyyətə yönəldir. Ona dua edərək canlı ünsiyyətdə olmaq bizim ibadətimizdir. Rəbb Allah səni Onunla ünsiyyətə çağırır. Dua edəndə boşluğa ya da,soyuq divarlara danışmırsan,sən var olan,canlı və diri,hər şeyə həyat, nəfəs, təkan verən Rəbb Allahla ünsiyyətdəsən.
Bəzən çətinliklə qarşılaşdıqda,xoşagəlməz hadisə ilə üzləşəndə,xəstələnəndə insanlar düşünür ki,”Nə edə bilərəm? Ancaq dua etmək.” Bu sözlərinə duanı kiçiltmə. Laqeyd olma duaya,xor baxma. Rəbb Allahım qarşısına dualarınla gələrək sevinc,sülh,şəfa alırsan. Nə qədər böyük nemətlər var. Rəbb Allah sənə böyük xeyir-dua verib.
Efeslilərə məktub 3:12:”Məsihdə və Məsihə olan iman vasitəsilə Allaha cəsarət və etibarla yaxınlaşa bilirik.” Rəbb Allah özü bu yolu sənin qarşında açdı ki,onun qarşısına gələsən. Bir çox insanlar istəyir,diləyir ki,Rəbb Allahın qarşısına çıxıb bu cür yanaşsın. Amma bu,insandan asılı deyil,bu yolu açan Rəbb Allahdır. Bu,Məsihdən asılıdır və ona iman vasitəsi ilə mümkün olur. Bu iradəni qəbul edərək Rəbb Allahın qarşısına bu cür – cəsarətlə, etibarla yaxınlaşa bilirik. Bilirsiniz “cəsarət” sözü nə deməkdir? Rəbb Allah deyir:”Mən sənin üçün bu yolu açanda tamamilə təhlükəsiz etmişəm ki,sən qorxmayasan,tərəddüd etməyəsən. Bunun əksi olan cəsarət, əminlik verəcəyəm.” Sənin bu cəsarətlə yanaşmanda rahatlığın,əminliyin var. Rəbb Allah deyir ki,qorxmadan Ona yaxınlaşaq,O,öz sülhü və əminliyi ilə bizi əhatə edəcək. Etibarla yaxınlaşırıq Rəbbə – inamla, sədaqətlə,etimadla,davamlı,səmimi şəkildə yaxınlaşırıq. Rəbb Allah Ona bu cür yanaşmağımızı istəyir. Ondan gizlənməyi deyil,Ona səmimi olmağımızı gözləyir. Çünki Yaradan bizə öz xoş niyyətini də bu cür açır.
Rəbb Allah bizi bu cür ünsiyyətə çağırır. Bu ünsiyyətdə Rəbb Allah bizə xeyir-dua verir,al Ondan xeyir-duanı. Sənin duan sadəcə itən sözlər deyil,Yaradana olan müraciətdir. Bu,biz məsihçilərin Rəbb Allaha olan ibadətidir. Onun qarşısına sevinclə, rahatlıqla, əminliklə,sülhlə,cəsarətl gəlirik. Çünki bizi seçdi,bizə əbədi həyat verdi.
1 Yəhya 5:13:”Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki,əbədi həyata malik olduğunuzu biləsiniz.”
Rəbb Allah deyir ki,bunları ondan ötrü yazdım ki,sən biləsən. İsa Məsihə iman etməklə Ata Allah bizə əbədi həyat verir. Ölümdən qorxma,qarşıda səni nə gözlədiyindən qorxma. Əgər sənin xilasın üçün Oğlumu sənə görə qurban vermişəmsə,səni gündəlik azuqə ilə təmin etməyəcəmmi? Qorxma,Rəbb təmin edəndir,qoruyandır. Rəbb Allahın sözləri bizə bu həqiqətləri açır və deyir:”Allah sənin yanındadır.”
1 Yəhya 5:14:”Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki,Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.” Bilirik ki,nə diləyiriksə O bizi eşidir,Ondan dilədiklərimizi alırıq.
Rəbb Allahın sözü deyir:”Bil ki,Mən snə əbədi həyat verdim. Bil ki,Mənim iradəmə görə istədiklərini mən eşidirəm. Bil ki,sənin dilədiklərin eşidilir və ona cavab verilir.” Ona görə də indi harada olursan ol,gözlərini yum və Yaradanın qarşısına gəl. De:”Ey izzətli Rəbb,Məsih İsada sən məni canlı ünsiyyətə dəvət etdin. Sənin qarşına problemlərimlə,qorxularımla,şübhələrimlə gəlirəm. Qarşına gəlirəm ki,məni azad edəsən.” İndi nəyə ehtiyacın varsa,istə. Şəfaya ehtiyacın var? İstə. Rəbb Allah deyir:”Mən sənə etibarlı,cəsarətli yol açdım. Mənim sözüm sənə deyir ki,mən səni eşidirəm.” Bu,Allahın sənə olan xoş niyyəti,arzusudur. O deyir:”Mənim hüzurumda səmimiyyətinlə məndən istə. Duanın digər tərəfində durub tezliklə cavab vermək istəyirəm. Mənim niyyətim sənə hər zaman xoşdur,yaxşıdır,şəfadır.”
Cəsarətli olaq,əmin olaq,ehtiyaclarımızı Rəbbə bildirək. Rəbb Allahın sözü deyir:”Mənim iradəmə görə yaşa,istə. Mənim sənə olan iradəm hər zaman xoşdur. Sən də başqaları ilə belə ol. Sülhyaradan,sevincli,Rəbb Allahın xoş sözünü yayan,insanlara sevgi gətirən ol. Mən təhlükəsizlik təmin edirəm,sən də belə ol. Sənin dualarını eşidirəm,cavab verirəm.” Buna görə də sevincli və rahat olun, cəsarətli və həvəsli olun. Rəbb Allahın qarşısına gəlin,ehtiyaclarınızı bildirin.
Matta 7:7-8:”Diləyin,sizə veriləcək, axtarın, tapacaqsınız,qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar,axtaran tapar,qapı döyənə açılar.” Bu, Var Olanın sənə olan xoş niyyətidir,arzusudur,istəyidir. Belə də yaşa.
Qoy Rəbb hər birinizə xeyir-dua versin. Mən istəyərdim ki,siz dua haqqında və dua mövzusunda çox dəyər verən,qiymət verən,duada daimi olan insanlar olasınız. Dua ilə Rəbbin qarşısına gəldikdə,O istəmir ki,biz sadəcə əzbərlənmiş sözlər deyək. Dua Yaradanla olan dialoqdur. Qorxular,şübhələr,xəstəlik varsa,Rəbb Allaha bunu bildir və sükutda dur,icazə ver ki,O,səninlə danışsın. Qoy Rəbb ürəyindəki tərəddüdləri götürərək sülh, sevinc, rahatlıqla əvəzləsin. Qoy Rəbb bədəninə şəfa versin,duadan sonra şəfa alasan. Tələsmə dua edib işinin ardınca getməyə,narahat olma hər birini çatdıracaqsan. Rəbbin ünsiyyətinə dəyər ver. Bu,xoş və heçnə ilə əvəzedilməzdir. İstənilən vəziyyətlə üzləşdikdə,de ki,dua edəcəksən,Rəbbi səsləyəcəksən,dualarıma cavab gələcək. Qoy Rəbb sizə xeyir-dua versin,duaya münasibətiniz tamamilə dəyişilsin.
Müəllif: İdris Azəri