Yeni gündə qarşınıza adət etdiyimiz kimi Rəbbin sözü ilə gəlirəm. Səhər erkəndən eşitdiyimiz ayələr bizim düşüncə istiqamətimizi qərarlarımızda, münasibətlərimizdə idarə etsin. Rəbb Allahın sözü vacib olan və əvəz edilə bilməyən bir təməldir. Bu dünyada minlərlə atalar sözləri,aforizmlər var və insanlar da bu sözlər üzərində həyat qurmağa çalışırlar. O sözlərdə isə insanların həyat təcrübəsindən başqa heç bir güc yoxdur. Rəbb Allahın sözü isə həyat mənbəyidir və sənin həyatına qüdrət,səadət,rahatlıq gətirə bilər. Başqa bir mənbə yoxdur,çünki Yerin və Göyün Yaradanı bir Allahdır. Hər şeyə həyat verən Rəbb Allah Öz kitabını bizə verdi ki,biz Yaradandan həyat alaq. Bizim həyatımız günləri yola verməklə olmasın. Hər günün dadını çıxarmaq,sevinc dolu yaşamaq lazımdır. Hər bir insan bunu istəyir və arzulayır,lakin edən azdır. Rəbb Allahın sözü sənin üçün ən vacib olandır, ona görə də hər gün Rəbbin sözünə müraciət et. Oxu Müqəddəs Kitabı və oradan həyat üçün nümunə götür.
1 Peter 2:24:” O,bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki,biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq.”
Rəbbin sözü deyir ki,İsa Məsih Yer üzündə olduğu zaman Onu çarmıxa çəkdilər. O, çarmıxa könüllü getdi və Onun məqsədi onda idi ki,Ona iman edən hər bir insan millətindən,cinsindən asılı olmayaraq günahdan azad olsun,iman etdiyi gündən etibarən salehlik uğrunda yaşayan və Məsihdən gündəlik və davamlı xeyir-dua alaraq sevincə malik olsun. Məsih çarmıxa ondan ötrü getdi ki,sən azad olasan, günaha münasibətdə ölü olasan və günah sənə münasibətdə ölü olsun. Lənətdən və cəhənnəmdən azadsan,azad insan kimi yaşa. Rəbb Allahdan bu azadlığa nail olan insan kimi yaşa,bu azadlığı bəyan et və bu azadlıq haqqında danış. Rəbbin sənə verdiyi bu hədiyyəni sevinclə yaşa.
1 Peter 2:24:”Onun yaraları ilə siz şəfa tapdınız. Məsihin çarmıxda axıtdığı qanı vasitəsi ilə hər cür ağrıdan azadsan. Əgər bugün sənin bədənində səni narahat edən xəstəlik varsa,duada Rəbb İsanın qarşısına gələrək de:”Sənin sözün bunu dedi Ya Rəbb,sənin yaralarında şəfa tapdım. İnanıram,qəbul edirəm.”
1 Peter 2:25:”Hamınız qoyun kimi yolunuzu azmışdınız,indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.” İman etdiyin gündən sən canının Nəzarətçisinə və Çobanına tərəf döndün,O,sənin qayğıya qalacaq. O,səni təmin edən və qoruyandır. Ona daha da yaxın ol. İman etdiyin gündən sən Məsihə tərəf döndünsə,bütün ürəyinlə, varlığınla Ona sarıl və Ondan geri çəkilmə. Qoy sənin heç bir qərarın və düşüncən Ondan uzaq olmasın. Məsihdən öyrən və ibrət götür. O,sənin həyat mənbəyidir.
1 Peter 2:22-23:”O heç bir günah etmədi.
Ağzından hiylə sözü çıxmadı.
Onu söydülər,O isə cavabında söymürdü. Əzab çəkərək heç kimi hədələmirdi,
Əksinə,ədalətli Hakimə Özünü təslim etdi.”
Bu, həyat nümunəsidir. Məsih bu nümunəni iman edənlərə verir. Rəbb Allahın sözü deyir ki,sən günahdan azadsan. Azad olduğuna görə Rəbb sənə müqəddəs və pak deyir. Azad olmuş insan kimi,saleh insan kimi,bu tərzdə yaşa. Səni azad edən Rəbb Özüdür. O səni azad etdisə,azadsan. Rəbb Özü də sənə Öz həyat nümunəsini verdi,çünki Rəbb özü də günah etmirdi. Sən də günahdan xaric yaşa. O,rüsvay edən, təhqir edən,dedi-qoduda iştirak etmirdi. Onu söydülər,amma O,cavabında söymürdü. Əgər səni incidən varsa,Ona cavab vermə. İsa dəfələrlə deyirdi və öyrədirdi ki,düşmənlərimizi sevək,bizi təqib edənlər üçün dua edək. Məhz bu yolla yaşasanız,Məsihin övladları olacağıq. Səmavi Atanın övladları olmaq istəyirsinizsə,sizi təqib edənlər üçün dua edin. Əzab çəkəndə qisas aImaq üçün gözləməyin,təhqir olunanda əvəz olaraq cavab verməyin,özünüzü ədalətli hakimə təslim edin. İnsanlar çətinliyə düşəndə adətən ona əzab verən və pislik edən insanı Allaha tapşırırlar. Sənin Xilaskarın və sənin uğrunda Özünü fəda edən şəxs heç kimi ədalətli Hakimə təslim etmirdi,Özünü təslim edirdi və tabe etdirirdi. Sənin Xilaskarın olan Rəbb heç kimi təhqir etmirdi. Sən də Onun kimi yaşa ki, sən də Səmavi Atanın,Yerin və Göyün sahibi olan Rəbbin balası olasan. Rəbb Allahın övladları bu cürdür. Onlar günah etmir,ağızlarından günah söz çıxarmır,əzab çəkəndə heç kimi hədələmirlər,rəhm edib sevməyə davam edirlər. Onlar özlərini Rəbb Allaha təslim edirlər. Bu,bizim həyat nümunəmizdir.
1 Peter 2 21:” Biz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki,siz də Onun izi ilə gedəsiniz.” Bu həyat nümunəsini Məsih bizə verdi ki,biz Ona iman edənlər və pənah gətirənlər,Onun adı ilə günahdan azad edilənlər,Onun yaraları ilə şəfa alanlar və davamlı xeyir-dua alanlar Onun izi ilə gedək. Məsih ona görə əzab çəkdi ki,biz yaşayaq. Məsih ona görə dirildi ki,bizim əminliyimiz olsun. Qoy Rəbb sizə xeyir-dua versin. Bugün Məsih haqqında düşünərək,öz azadlığımızı gözümüzün önünə gətirərək Məsihin izi ilə gedin. İzzətli Ata sizin bu davranışlarınız və hərəkətlərinizlə hər gün izzətlənsin.

Müəllif: İdris Azəri