Yeni günümüzü Rəbb Allahın sözü ilə açırıq. Rəbb Allahın sözü bizə Onun düşüncəsinə malik olmağa yönəldir. Rəbb istəyir ki,Ona yaxınlaşan hər kəs Onda olan düşüncəyə malik olsun. Məhz buna görə də Rəbb Allah bizə Öz Müqəddəs Kitabını verib ki,oradakı sözlərdə deyildiyi kimi düşüncələrimizdə Rəbbə malik olaq. İlk olaraq Rəbbi özümüz kəşf edək,Onu tanıyaq,Ona arxayın olaq,həlim və itaətkar övladlar kimi Rəbb Allahdan nümunə götürək. Ona görə Rəbb bizə Müqəddəs Ruhu verib ki,Ona uyğun ömür yaşamağı bacaraq. Onun haqqında danışan bizlər öz yaşayış tərzimiz,münasibətimiz və davranışımız ilə Onun təmsilçiləri kimi Rəbbi tanıtdıran insanlar olaq. Onq görə də düşüncələrimiz,niyyətimiz,hərəkətlərimiz Rəbb Allahın ürəyinə uyğun olmalıdır. Müqəddəs Kitabın səhifələrində Rəbb Allahın bizə olan məhəbbəti haqqında sözlər saysız-hesabsızdır.
Müqəddəs Kitabda qorxmamaq,narahat olmamaq barədə 193 dəfə yazılıb, məhəbbət,sevmək,”səninləyəm” ifadəsi isə 1400 dəfə qeyd olunub. Rəbb bizə daha çox sevgi barədə danışıb və bu fikirlər də bizi əmin edir ki,Rəbb Allah bizə dəstək və kömək verəndir. Ona görə də Rəbdən bu qədər xeyir-dua alan insan Ondan alınan tərbiyəyə xor baxmamalı və laqeyd olmamalıdır. Rəbb Allahın Ruhu ilə yönləndirilən,Ona iman edən hər bir insan Rəbbin övladlarıdır. Öz arzularını,düşüncə tərzini Rəbb Allaha təslim edərək Onun iradəsini istəyən insanlar Rəbb Allahın övladlarıdır. Çünki onlar Rəbbin idarəçiliyini qəbul edirlər,sözünə tabe olurlar və həmin sözə uyğun həyat yaşayırlar. Rəbbin sözünə görə yaşa və başqalarına da yaşat ki,onlar da sənin vasitən ilə Məsihi dadsınlar. Öz ürəyini Rəbb Allahdan gələn sevgi, sevinc,cəsarət ilə doldur.
Qalatiyalılara məktub 5:25-26:”Madam ki, biz Ruha görə yaşayırıq, Ruha görə də rəftar edək.
Şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək, bir-birimizə paxıllıq etməyək.”
Rəbb Allahın Ruhu sayəsində sən həyata malik oldun və yaşayırsan. Onun Ruhu sənə həyat verdi,icazə ver ki, Rəbbin Ruhu səni istiqamətləndirən olsun. Rəbb Allahın kəlamını – İncili öz həyatında rəhbər tut. Davranışında,münasibətində, həyat tərzində Rəbbin xasiyyətini üstün tut və bu cür davran. Bizdə belə bir söz işlənir:
“Dil ürəyin dolğunluğundan danışar.” Bu sözlərin Müqəddəs Kitabın səhifələrində də görürük. Sənin ürəyin nə ilə doludursa,dilin də bunu söyləyir. Əgər sən Rəbdən gələn sevinc,əminlik və cəsarət ilə dolmusansa, sənin dilin məhz bundan danışacaq. Əgər sən ürəyini Ata Allahdan deyil,şər,inciklik, paxıllıq,küsülülük ilə doldurmusansa,dilin də bunu danışacaq. Ey Allahın balası,Ona tərəf dön və Ondan gələn tərbiyəni qəbul et. Çünki Ruha görə yaşayırsan,Onun sayəsində Rəbbin vədlərinə malik oldun. O, səni salehlərin yolu ilə aparmaq üçün yol göstərir. Hər cür haqsızlıqdan,günahdan uzaq olmaq üçün tərbiyə verir,elə də yaşayaq. Rəbb Allahın Ruhu səndə bu cür fəaliyyət göstərir,sən də bu cür rəftar et. Rəbb Allahdan aldığın nümunəyə bax,bunu sən Məsihin davranışında gördün və məhz Məsihin münasibətinə görə biz Ona iman etdik,həyatımız dəyişildi,bizə ümid,sevgi, sevinc gəldi. Ümidliyik,çünki Rəbb Allaha etibar edirik. Rəbb Allahın sözü deyir:”Bu nümunəyə görə də rəftar et.” Rəbdən nə almısansa,onu da tətbiq et. Rəbb Allahdan bu qədər nemətlər aldığın halda başqa həyat tərzində olmağın çox qəribə olardı. Rəbbin balası,ayıl. Əgər indi özündə bu səhvləri görürsənsə,tövbə et. Rəbbə de:” Sənin Ruhuna görə həyat sürmədim,məni bağışla və rəhm et. Sənin verdiyin xeyir-duanı,Müqəddəs Kitabda verdiyin nəsihətləri və tərbiyəni qəbul edirəm. Sənin qarşında bu cür yaşamaq üçün əlimdən gələni edəcəyəm,səy göstərəcəyəm ki, sənin ürəyinə görə insan olum.”
Rəbbin sözü deyir ki,şöhrətpərəst olmayaq, bir-birimizi hirsləndirməyək. Şöhrətpərəst olmaq – özünü başqasından üstün tutmaq, ad qazanmağı hamıdan artıq istəmək, gördüyün işləri bəlli etmək, vəzifə arzusunda olmaqdır. Bu sözün bu formada izahı dilimizin lüğətində verilib. Belə olmaq özünü başqasından yaxşı olduğuna zənn etmək və bunu başqalarına göstərmək üçün çalışmaqdır. Bu sözün antonimi –əksi həlim olmaqdır. Rəbb Allahın sözü deyir ki, şöhrətpərəst olmayaq,özümüzü başqalarından üstün tutmayaq. Bu,Rəbb Allahın balasına yaraşmır,çünki Rəbb itaətkarların,həlimlərin,saf düşüncə ilə yaşayanların Ata Allahıdır. Sənin şöhrətpərəstliyin,özünü başqalarına sübut etməyin səni Rəbb Allahdan uzaqlaşdırır. Rəbb Allah salehlərin yolu ilə gedənlərin, itaətkarların,həlimlərin,yaxşılıq edənlərin Atasıdır. Ona görə də Rəbb bizi zülmətdən nura,günahdan azad edib salehlərin yolu ilə getməyə çağırır. Rəbb bunu Öz qanı bahasına edir ki,bu sözdə yaşayasan,həlim olasan. Bir-birimizi hirsləndirməyək,çünki Rəbb Allah hər şeyi görən və biləndir. Onun sözü qarşısında yaşayan bizlər bu cür məsləhət alırıq. Qarşımızdakı insanın hövsələdən çıxmasına səbəb olmayaq, qardaşımızın ruhdan düşməsinə səbəbkar olmayaq. Sənin başqaları haqqında dediyin sözlər həmin insanı əsəbləşdirə,ruhdan sala bilər. Bunu etmə,çünki bu,Rəbb Allahın xasiyyəti deyil. Rəbbi “Ata” deyib çağırırsansa,iman edirsənsə,Onun kimi ol. O, bizi Öz qanı bahasına təqdis etdi ki,biz də qardaşlarımızı sevək,əsəbləşdirməyək, ruhdan salmayaq. Bir-birimizə paxıllıq etməyək,bizdə olan hər nemətə görə Rəbb Allaha şükür edək. “Niyə onda var,məndə yox?” formasında düşünmə. Bu düşüncə sənə yaraşmır,başqasında Rəbbin fəaliyyətinə və onda olanlara görə minnətdar ol. Öz otağına gir,minnətdar ol və dua et ki,ətrafında olan bacı-qardaşlarının adı yüksəlsin,xidmətləri böyüsün. Rəqabət edən olma,çünki biz bunun üçün çağırılmadıq. Buna görə də bu cür düşüncəyə malik olaq. Başqalarının xidmətinə görə minnətdar ol,onlar haqqında müsbət söhbətlərdə iştirak et. Bir-birinizi hirsləndirməmək üçün məhəbbət göstər,həlim ol. Əgər Rəbb Allahın həyat verici Ruhu səndə yaşayırsa,bu cür də rəftar et. Çünki Külli-İxtiyara “Ata” deyib,Ona sığınırsan,güvənirsən. Qoy bu düşüncə sənin nitqini,hisslərini tamamilə dəyişdirsin.
Müəllif: İdris Azəri