Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. Çünki Rəbb Allahın sözü bizə gündəlik çörək kimi lazımdır. Əgər 3 gündən artıq yemək yeməsən,sən taqətdən düşərsən,çünki sən bədəninə lazım olan maddələri qəbul etməyəcəksən və xəstəliyə düşə bilərsən. Ona görə də hər gün bizə insan olaraq su içmək,yemək yemək lazımdır ki,bizim bədənimiz taqətli,güclü, davamlı olsun. Rəbb Allahın sözü sənin üçün gündəlik çörəkdir. Səni taqətli, dözümlü,müdrik insan kimi təmin etsin ki, sən həyatdan kam alıb xoş günlər görəsən.
2 Timoteyə məktub 3:16: “Bütün Müqəddəs Yazılar Allahdan ilham almış və təlim, məzəmmət, islah, salehlik tərbiyəsi üçün faydalıdır.” Bizə deyilir ki,Müqəddəs Yazılar Rəbb Allahdan ilham alınmışdır. Burada yazılanlar insan idrakı,atalar sözləri deyil,
Rəbdən birbaşa ilham almış sözdür. Özlərini Rəbb Allaha həsr etmiş iman qəhrəmanları Müqəddəs Kitabı yazıblar. Bizə İncil ondan ötrü verilib ki,Rəbb Allahın xoş iradəsini anlayıb təmin edilmiş insanlar olaq. Rəbb Allahın məqsədi budur. Rəbb Özü bizə sözlərini nazil edib ki,bu həyat üçün təchiz edilmiş insanlar olaq. Rəbb Allah istəyir ki,Ona aid edilən insanlar Müqəddəs Kitab vasitəsi ilə öyrəndikləri bacarıqları yaxşı işlər üçün istifadə etsinlər. Yaxşı iş – insanlara sevinc,xoşbəxtlik gətirən,sevindirən,sülh yaradan,həqiqəti çatdıran işlərdir. Rəbb bundan ötrü sənə Öz sözünü verir və deyir ki,Onun Yazıları bizim üçün təlimatdır. Bu yazılar həqiqəti öyrənmək üçün faydalıdır. Müqəddəs Kitab vasitəsi ilə biz Rəbb Allahın kim olduğunu anlaya bilərik. Müqəddəs Kitab vasitəsi ilə Rəbb Allahın niyyətini görürük ki,Allah məhəbbətdir. Rəbbin istəyi və arzusu bizim üçün yaxşıdır. Rəbb bizdən öncə yaşayan insanların həyatını Müqəddəs Kitaba şəhadət olaraq yazıb ki,Musa Peyğəmbər, Sara,Davud,Süleyman və digərləri də bizim kimi insan idi. Onların Müqəddəs Kitaba düşməyinə səbəb isə onların Rəbb Allaha olan etibarı və sevgiləri idi. Rəbb Allahın sözü İbrahim,Daniel,Süleyman və digər Peyğəmbərlərə nazil olduğu kimi,bugün sənə də eyni təlimatı verərək,həqiqət yolunu getmək üçün səni öyrədir. Rəbb Allahın kəlamına müraciət et. Rəbb Allahın sözü məzəmmət üçün sənə faydalıdır. Rəbb günahı Müqəddəs Kitab vasitəsi ilə ifşa edir və bizlərə göstərmək istiyir ki, günahlı həyat yaşamaq sənə yalnız gözyaşı,ayrılıq,dağıntı gətirir. Rəbb Allahın kəlamı sənə günahlı tərzdən əl çəkib salehlərin yolu ilə getməyi öyrədir. Günaha üz çevir və Rəbb Allah yolu ilə get. Çünki günahın axırı ölümdür. Rəbb Allah isə istəmir ki,sevə-sevə yaratdığı bəndələr ölsün. O istəyir ki,biz həyatdan kam alaraq xoş günlər görək və İsa Məsihin vəd etdiyi əbədi həyata qovuşaq. Rəbbə iman et, güvən,arxalan. Rəbb sənə Müqəddəs Kitabı verdi ki,sənin həyat nümunən olsun, günahın necə zərər gətirdiyini anlayasan. Rəbb Allahın sözü islah edir,düzəliş edir və kömək edir ki,sən Rəbbin yolu ilə gedən insan olasan. İsa Məsihin məhəbbətindən, mərhəmətindən,səxavətindən, rəhmindən nümunə götürərək yaşa və əlindən gələni et ki,Rəbb Allahın sözü sənin həyatında işləsin. Bu,Rəbb Allahın iradəsidir. Ona görə də Rəbb Allah Öz kəlamını verib ki, salehlərin tərbiyəsini alaq və saleh kimi yaşayaq. Doğru seçimlər etmək üçün Rəbb bizə Öz kəlamını verdi. Rəbbin kəlamı sənə verilib ki,sən bu həyat üçün aciz deyil, qabiliyyətli olasan,Allahdan təlimat alıb Onun yolu ilə gedəsən. Bu,Allahın sözünün mahiyyəti və qüvvəsidir. Rəbbin sözünü hər gün qəbul et.
2 Tim 3:15:”Müqəddəs Yazıları uşaqlıqdan bilirsən. Onlar Məsih İsaya olan iman vasitəsilə sənə xilas gətirən hikmət verməyə qadirdir.” Budur Rəbb Allahın sözü. Onun sözü sənin üçün təchizatdır. Rəbb Allahın kəlamı sənə İsa Məsih vasitəsi ilə xilas gətirməyə qadirdir, təsirlidir. Çünki Rəbb Allah Öz kəlamı vasitəsi ilə dünyanı yaratdı. Görünən və görünməyən hər bir şey Rəbbin vasitəsi ilə yarandı və bu söz qüdrətlidir,həyat verəndir. Hər gün Rəbb Allahın sözündə qalaq və yaşayaq. Adları Müqəddəs Kitaba düşmüş Peyğəmbərlər kimi yaşayaq. Bugün bizim vaxtımızdır,bugün Rəbb Allahın sözünü yaşadaq. Rəbbin sözü hər bir kəs üçün faydalıdır. Qoy Rəbb hər birinizə xeyir-dua versin. Bugünü dua və minnətdarıqla başlayaq. Bizə verdiyi təlimat üçün, salehlərin yolu ilə getmək üçün Ona minnətdar olaq. Satın alınan insanlar kimi Rəbb Allahın övladları kimi yaşayaq. Rəbb sizinlədir.

Müəllif: İdris Azəri