Bu gün sizinlə qorxu haqqında bölüşmək istəyirəm… İlk öncə sizdən xahişim budur ki, bir neçə saniyənizi ayırıb mənimlə bərabər düşünün. Qorxu nədir? Biz nədən qorxuruq?
Bu bir neçə saniyənin ardından əminəm ki,ya ağlınıza sabaha aid,ya da ətrafınızdakı insanlara aid bir çox düşüncə gələcək.. Məsələn, sabahım necə olacaq? Bu qərarı versəm,bunu etsəm sabah başıma nə gələcək? Camaat nə deyər,nə fikirləşər? və s. bu kimi düşüncələr… Bundan əlavə isə başqa qorxuya səbəb olacaq faktorlar da,təbii ki,var.
Hamımız düşüncəmizdə qorxduğumuz şeyləri aşkar etdiksə,indi o şeydən niyə qorxduğumuzu düşünək. Əslində qorxu mənə görə bir hissədən ibarət olmur heç bir zaman. Hər zaman arxasında başqa qorxular olur. Məsələn:
İnsanları itirməkdən qorxuruq – çünki tənha qalmaqdan qorxuruq.
Tənha qalmaqdan qorxuruq – çünki sevgisizlik qorxumuz var.
Sevgisizlik qorxumuzun isə arxasında- özümüzü lazımsız hiss edəcəyimiz duyğusunu gizlədir…
Özümüz qorxularımızla baş-başa qaldığımız zaman bunu daha rahat şəkildə görə bilərik..
Bəs Rəbbin sözü qorxu haqqında bizə nə deyir? 2Timotey 1:7: “Çünki Allah bizə qorxaqlıq ruhu deyil, güc, məhəbbət və ağıllı-kamallı olmaq ruhu vermişdir.” Bu ayə bizə Rəbbin qorxaqlıq yerinə güc ruhu verdiyini göstərir.. Bəs biz bu ruhu necə işə sala bilərik ki, qorxularımızdan azad olaq ?
Zəburda Davudun hekayəsinə baxdıqda onun qorxu ilə Rəbbə tərəf döndüyünü və sonra isə o qorxudan necə azad olduğunu görə bilərik..Zəbur 13:2: “Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq?” Bu narahatçılıqdan Davudu xilas edən tək amil Rəbbinə inanması və iman etməsi oldu… Bunu isə digər ayələrdə görə bilərik.
Zəbur 13:5: “Sənin məhəbbətinə güvənirəm, 
Qurtuluşunla qəlbim şadlanacaq”.
Sizə bunları yazarkən ağlımda bir cümlə dolaşırdı və sonluqda bu cümləni sizinlə bölüşmək istəyirəm: “Tanrı gözəl şeyləri qorxuların ardında gizlədir çox vaxt. Çünki gözəl şeylər Ona güvəndikdə və iman etdikdə həyatımıza daxil olur.” Amin.

Pıçıltı