Yeni gündə qarşınıza Rəbbin sözü ilə gəlirəm. İstəyərdim ki,Davud Peyğəmbərin Zəburundan 5-ci fəsil 3-cü ayəsinə baxaq:”Ya Rəbb,səhər erkən səsimi eşidirsən,
Səhər erkən Sənə dua edib cavab gözləyirəm.” Rəbbə pənah gətirənlər isə qoy sevinsinlər, daim Rəbbi mədh etsinlər. Çünki onları qoruyan Rəbb Allahdır. Rəbb salehə xeyir-dua verir,lütfü ilə sipər kimi onları hifz edir.
Rəbbə aid olan insanın – hər birimizin həyat tərzi belədir. Sübh erkəndən Rəbb Allahın qarşısına gəlib Onun kəlamı haqqında düşünmək,bütün xahişləri Ona bildirib Ona şükür etmək bizim həyat tərzimizdir. Rəbbə pənah gətirənlər sevinsinlər,çünki Rəbb Allaha aiddirlər. Ona güvəncimiz olduğuna görə,Ona arxalandığımıza görə güvəncimiz var,çünki Rəbb bizimlədir və bizi qoruyur. Rəbbin xeyir-duası bizə bitməyəndir,tükənməzdir. Bu sabah qoy bizdə belə başlasın,Onun sözünü eşitdikdə sevincdən cuşa gələk. “Var Olan Rəbb Allah mənim Atamdır. Mən buna görə sevinirəm,çünki mən ümidsiz deyiləm. Mənim əminliyim öz gücümə deyil,məni çağırıb bağışlayan Allahadır. Buna görə sevinməyə dəyər.” – sizdə də belə olsun. Külli-İxtiyar bizimlədir.
Rom 15:13: Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.” Allahın sözü deyir ki, ümid mənbəyi olan Rəbdir. Qoy sənin sabahını,arzularını,istəklərini ilk eşidən O olsun. Bütün ricalarını Onun qarşısına gətir, çünki Rəbb gerçək mənbədir. Ümid – imandır, etibardır, güvənməkdir. Ümid arzu edilən bir şeyin həyata keçəcəyinə inanmaqdır və bu imandan doğan daxili fərəhdir. Bu,sənin ümidindir. Ümid ancaq arzu etmək deyil, güvəncdir,Var Olana olan imandır,fərəh etməkdir. Ona görə də Rəbb Allahın sözü deyir ki,sən ümid mənbəyinə yaxınlaşdıqda Rəbb səni hər cür şadlıq və sevinclə doldursun. Bu mənbədən çəkinmə, Rəbdən çəkinmə. Çünki sənin həyatına hər cür şadlıq gətirən Odur. Rəbb Allahın sözü deyir ki,bu ümid mənbəyində qalsan, könlün açıq olacaq,məmnuniyyətlə Rəbbin qarşısında alacağın hər bir xeyir-duanı dəyərləndirib Rəbbə alqış edəsən, sevinəsən. Rəbb sənə sülh verəndir,Onun sülhü barışıqdır,dinclikdir,əmin-amanlıqdır. Bu ümid mənbəyində qaldığına görə Rəbb sənə Öz sülhünü və barışığını verir. Əmin-amanlığı sənin həyatına verən Var Olan Rəbb Allahdır. O bunu edir ki,Müqəddəs Ruhun qüdrəti ilə dolub daşasan. Müqəddəs Ruhdan gələn qüdrət səndə olsun ki,sən düşdüyün çətin vəziyyətdə aciz, zəif insan olmayasan,qüvvətli insan olasan. Rəbb səni güclü insan edir ki, əyilməyəsən,dözümlü olasan,salehlərin yolu ilə mətinliklə yolunu davam edəsən. Bu ümid ancaq sənin üçün olmayacaq,ailə üzvlərin,qohumların,dostların,ölkən dolub-daşan ümidindən faydalansın,hamı üçün yetərli olacaq. Sübh erkən səsini Rəbbə ucalt,Rəbb Allahı çağır. İman et,güvən arxayın ol. Fərəh etdiyin ümid haqqında danış. Ailənə,qohumlarına,dostlarına danış, qoy onlar sənin fərəh etdiyin Rəbb haqqında bilsinlər. Sənin sevinc,sülh mənbəyini onlar da tanısınlar.
Romalılara məktub 15:14:” Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz.” Ümid mənbəyində olduğuna və Müqəddəs Ruhun qüdrəti ilə dolub-daşdığına görə Rəbb deyir ki,bizim barəmizdə hər cür yaxşılıqla dolu olduğumuza əmindir. Yəni, sənin həyatında olan münasibətlərində, davranışlarında ancaq yaxşılıq keçir. Pislik etmirsən,başqalarına zərər vurmursan,xələl yetirmirsən,incitmirsən. Çünki sən ümid mənbəyi olan Rəbb Allahdasan,orada sevincə və şadlığa maliksən. Ona görə də səndən ancaq yaxşılıq,fayda,xeyir-dua gəlir. Hər cür biliklə kamilik,çünki Rəbb bizə Müqəddəs Kitab verib ki,kamil olaq. Kamil olaq ki,nə edəcəyimizi,necə edəcəyimizi,nə üçün edəcəyimizi bilək,başqasına kömək edib nəsihət verə bilək. Başqasına nəsihət vermək onlara xidmət etməkdir,qayğı göstərməkdir,aldığın sevinc və biliklə bölüşməkdir ki,onlar da Rəbb Allahda olsunlar. Qoy bu günümüz bu sözlərlə başlasın. Rəbbin bizə verdiyi xeyir-dua haqqında düşün,fərəhlən,bayram et,rəqs et. Ona güvən və etibar et. Güvəndiyin Rəbb haqqında danış,çünki Onun sənə verəcəyi təminat yalnız sənin üçün deyil,ətrafında olan insanlar üçün yetərlidir. Rəbb Allahın sənə verdiyi bu xeyir-duanı hər kəslə paylaş. Qoy Rəbb hər birinizə xeyir-dua versin.

Müəllif: İdris Azəri