Xilas yalnız imanla mümkündür, yoxsa iman üstəgəl əməllərlə?

Yəqin ki, bu bütün Məsihçilik nəzəriyyəsində ən vacib sualdır. Bu sual intibaha – Protestant və Katolik kilsələri arasındakı ayrılmaya səbəb olmuşdu. Bu sual Biblik Məsihçilik və “Məsihçi” ayinləri arasındakı fərqin açarıdır. Xilas yalnız imanla mümkündür, yoxsa iman üstəgəl əməllərlə? Mən yalnız İsaya iman etməklə xilas oluram, yoxsa İsaya inanmaqla yanaşı müəyyən şeyləri də etməliyəm?

Yalnız imanla, yoxsa iman üstəgəl əməllərlə sualı Müqəddəs Kitabın bəzi mübahisəli fəsillərini çətinləşdirir. Romalılara 3:28, 5:1 və Qalatiyalılara 3:24-ü Yaqub 2:24-lə müqayisə et. Bəziləri Pavel (yalnız imanla xilas) və Yaqub (iman üstəgəl əməllərlə xilas) arasında fərq görür. Həqiqətdə isə Pavel və Yaqub bir-biri ilə razı idilər. Bəzi insanların razılaşmadığı yeganə fikir iman və əməllər arasındakı münasibətdir. Pavel qəti şəkildə salehliyin yalnız imanla olduğunu (Efeslilərə 2:8-9) dediyi halda, Yaqub salehliyin iman üstəgəl əməllərlə olduğunu deyir. Bu problemə Yaqubun dəqiq nə demək istədiyini nəzərdən keçirəndə cavab tapmaq olar. Yaqub yaxşı əməlləri olmadan iman edən insanı təkzib edirdi (Yaqub 2:17-18). Yaqub bu fikri vurğulayır ki, Məsihdə həqiqi iman həyatı dəyişdirir və yaxşı əməlləri hasil edir (Yaqub 2:20-26). Yaqub demir ki, salehlik yalnız iman üstəgəl əməllərlə mümkündür, lakin onu nəzərdə tutur ki, imanla həqiqətən saleh olan insanın həyatında yaxşı əməllər olur. Əgər insan imanlı olmaq istəyirsə, lakin həyatında yaxşı əməlləri yoxdursa – onda Onun Məsihdə həqiqətən imanı yoxdur (Yaqub 2:14, 17, 20, 26).

Pavel də öz yazılarında eyni şeyi deyir. Yaxşı bəhrə verən imanlıların həyatında Qalatiyalılara 5:22-23-ün sıyahısındakılar olmalıdır. Bizim əməllərlə deyil, imanla xilas olduğumuzu dedikdən dərhal sonra Pavel, bizim yaxşı əməllər etmək üçün yaradıldığımızı söyləyir (Efeslilərə 2:10). Pavel də Yaqub kimi insanlardan dəyişilmiş həyat gözləyir “Buna görə kim Məsihdədirsə, yeni məxluqdur; köhnə şeylər keçdi, indi hər şey yeni oldu!” (2Korinflilərə 5:17) Pavel və Yaqub öz xilas haqqındakı təlimlərində bir-birindən narazı deyildilər. Onlar eyni mövzuya müxtəlif perspektivlərdən yanaşırdılar. Pavel sadəcə salehliyin imanla mümkün olduğunu vurğuladığı halda, Yaqub Məsihdəki imanın yaxşı əməllər hasil etməsi faktını vurğulayır.