Paulun Romalılara Məktubu

Giriş

Paul bu məktubu özünü və yaydığı Müjdəni Romadakı imanlılar cəmiyyətinə təqdim etmək üçün yazmışdı. O heç vaxt imperatorluğun paytaxtı olan bu şəhərdə olmamışdı, halbuki oradakı bir çox məsihçilərin adını bilirdi və onlara tezliklə baş çəkmək istəyirdi. Paul onlara özünün «həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş» olduğunu söyləyir (1:1). Onun yaydığı Müjdə bundan ibarət idi ki, Müjdə «iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir» (1:16).
Paul həm də hamının günah edib, Allahın izzətindən məhrum olmasını oxucuların yadına salır (3:23). Amma Allah bizi necə qəbul edə bilər? Paul bu əsas suala Romalılara məktubda cavab verir. O, məktubda göstərir ki, heç kim Allahın tələblərini yerinə yetirməyə qadir deyil. Yəhudilər Musanın Qanununa tabe olmadılar; başqa millətlərlə isə Allah müxtəlif yollarla danışdısa da, onlar Onun barəsində hətta düşünməkdən belə, imtina etdilər (1:18–3:20).
Paul burada Allahın bizi necə qəbul etdiyini aydın göstərir:
«Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur… Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır» (3:22,24).
«İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi» (4:25).
Məktubun məzmunu:
1:1-17 Salamlama və məktubun mövzusu
1:18–3:20 Xilasa ehtiyac
3:21–4:25 Allahın verdiyi xilas yolu
5:1–8:39 Məsihdə yeni həyat
9:1–11:36 Allahın İsrail üçün planı
12:1–15:13 Məsihçi davranışı
15:14–16:27 Yekun və şəxsi salamlar

Həvari Paulun Romalılara Məktubu | Fəsil 1

1. İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam!
2. Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə
3-4. Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu.
5. Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq.
6. Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız.
7. Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!

Paulun Romaya getmək arzusu

8. Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur.
9. Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram.
10. Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum.
11. Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm.
12. Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq.
13. Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim.
14. Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam.
15. Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var.

Müjdədəki Allah salehliyi

16. Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir.
17. Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq».

Adamların günahkarlığı

18. Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur.
19. Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib.
20. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür.
21. Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü.
22. Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub,
23. fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.
24. Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər.
25. Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.
26. Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər,
27. eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
28. Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.
29. Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi,
30. böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz,
31. axmaq, xain, şəfqətsiz və rəhmsizdir.
32. Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 2

Allahın ədalətli hökmü

1. Beləliklə, sən ey başqasını mühakimə edən adam, kim olursansa-ol, sən də üzrsüzsən. Çünki başqasını mühakimə edərkən özünü də məhkum edirsən. Ona görə ki başqasını mühakimə etdiyin halda özün də həmin işləri görürsən.  
2. Bizsə bilirik ki, belə işlərlə məşğul olanlara Allah həqiqətə əsasən hökm çıxarır.  
3. Ey belə işlərlə məşğul olanları mühakimə edərək özü də həmin işləri görən insan! Məgər elə güman edirsən ki, Allahın hökmündən qaça biləcəksən?  
4. Yaxud sən Allahın zəngin xeyirxahlığına, həlimliyinə və səbirli olmağına xor baxırsan? Bəs anlamırsan ki, Onun xeyirxahlığı səni tövbəyə yönəldir?  
5. Amma sən Allahın qəzəbinin və ədalətli hökmünün zahir olacağı gün inadkarlığına və tövbə etməyən ürəyinə görə özün üçün qəzəb toplayırsan;
6. Allah hər kəsə əməlinə görə əvəzini verəcək:  
7. dözümlə yaxşı əməl sahibi olaraq izzət, hörmət və ölməzlik axtaranlara əbədi həyat,  
8. özlərini göstərərək həqiqətə tabe olmayıb haqsızlığa baş əyənlərə isə qəzəb və hiddət göndərəcək.  
9. Pislik edən hər kəsə – əvvəlcə Yəhudiyə, sonra da Yunana əziyyət və sıxıntı,  
10. yaxşı əməl sahibi olan hər kəsə isə – əvvəlcə Yəhudiyə, sonra da başqa millətdən olana izzət, hörmət və sülh verəcək.  
11. Çünki Allah insanlar arasında tərəfkeşlik etməz.
12. Qanunu bilmədən günah edənlərin hamısı Qanunu bilməsələr də, həlak olacaqlar. Qanunu bilərək günah edənlərin də hamısı Qanunla mühakimə olunacaq.  
13. Çünki Allahın nəzərində Qanunu eşidənlər deyil, ona əməl edənlər saleh sayılır.
14. Beləcə Qanuna malik olmayan başqa millətlər təbiətlərinə görə Qanuna əməl edəndə Qanuna malik olmadıqları halda onlar özləri üçün qanun olur.  
15. Onlar bununla göstərirlər ki, Qanunun tələbləri ürəklərində yazılıb. Onların vicdanı buna şahiddir, düşüncələri də onları gah ittiham, gah da müdafiə edir.  
16. Mənim elan etdiyim Müjdəyə görə, Allahın Məsih İsa vasitəsilə insanların gizli işlərini mühakimə edəcəyi gün belə olacaq.

Yəhudilər və Qanun

17. Ey özünü Yəhudi adlandıran! Qanuna güvənərək Allahla öyünürsən;
18. Onun iradəsini bilirsən, Qanundan təlim aldığın üçün ən üstün dəyərləri ayırd edirsən;
19. əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən.
20. əminsən ki, Qanunda bilik və həqiqətin əsasını tapdığın üçün korlara bələdçi, zülmətdə olanlara işıq, ağılsızlara tərbiyəçi, uşaqlara müəllimsən.
21. Bəs nə üçün başqalarını öyrətdiyin halda özün öyrənmirsən? Oğurlamamağı bəyan edərkən özün oğurlayırsan?
22. «Zina etmə» dediyin halda özün zina edirsən? Bütlərdən iyrənərkən məbədləri soyursan?
23. Qanunla öyünməyinə baxmayaraq, onu pozub Allahı hörmətdən salırsan.
24. Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir».
25. Sünnətin yalnız o zaman faydası var ki, sən Qanuna əməl edəsən. Əgər sən Qanunu pozursansa, sünnətli olduğun halda sünnətsiz adam kimi olursan.
26. Eləcə də əgər sünnət olunmamış adam Qanunun ədalətli tələblərinə riayət edirsə, sünnət olunmamasına baxmayaraq, sünnətli sayılır.
27. Onda cismən sünnət olunmadığı halda Qanuna əməl edən adam səni mühakimə edəcək; sən ki yazılı Qanuna və sünnətə malik olduğun halda Qanunu pozursan.
28. Çünki zahirən Yəhudi olan Yəhudi deyil, zahirən və cismən sünnət olunan da sünnətli deyil.
29. Yalnız daxilən Yəhudi olan Yəhudidir. Sünnət də ürəyə aid olub, yazılı Qanuna görə deyil, Ruhun işidir. Belə adamın tərifi də insandan yox, Allahdan gələr.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 3

Allahın sədaqəti

1. Bəs Yəhudi olmağın nə üstünlüyü var? Sünnətin faydası nədir?
2. Hər cəhətdən böyük üstünlüyü var. Hər şeydən əvvəl, Allahın sözləri Yəhudilərə əmanət edilib.
3. Əgər onlardan bəzisi iman etmədisə, onda nə olacaq? Məgər onların imansızlığı Allahın sədaqətini ləğv edə bilər?
4. Əsla! Bütün insanlar yalançı olsa da, Allah haqlıdır. Necə ki yazılıb: «Sən Öz sözlərində haqlı çıxacaqsan, Mühakimə etdiyin zaman qalib gələcəksən».
5. Bəs bizim haqsızlığımız Allahın ədalətli olduğunu üzə çıxarırsa, onda nə deyə bilərik? İnsanların düşündüyü kimi soruşuram: Allah üzərimizə qəzəbini gətirən zaman haqsızdırmı?
6. Əsla, haqlıdır! Bəs Allah dünyanı başqa cür necə mühakimə edə bilər?
7. «Bəs mənim yalanım Allahın həqiqətini ucaldıb Ona izzət gətirirsə, nə üçün mən üstəlik bir günahkar kimi mühakimə olunmalıyam?» deyə soruşa bilərlər.
8. Belə isə, «gəlin pislik edək ki, bundan yaxşılıq əmələ gəlsin» deyə bilərikmi? Bəzi adamlar bizə böhtan atıb söyləyir ki, biz belə öyrədirik. Belə söyləyənlər haqlı olaraq cəza alacaq.

Saleh olan yoxdur

9. Bəs nə deyək? Biz Yəhudilərin üstünlüyü varmı? Əlbəttə, yox! Çünki biz artıq həm Yəhudiləri, həm də Yunanları təqsirləndirdik ki, onların hamısı günahın hökmü altındadır.
10. Necə ki yazılıb: «Saleh olan yoxdur,
Bir nəfər belə, yoxdur.

11. Dərk edən bir kəs yoxdur,
Allahı axtaran yoxdur.

12. Hamısı yoldan azıb,
Onlardan fayda yoxdur.
Bir nəfər də olsun
Yaxşı iş görən yoxdur».

13. «Boğazları açıq qəbirdir,
Dilləri yalan danışır».
«Dodaqlarında gürzə zəhəri var»
.
14. «Ağızları lənət və acı sözlərlə doludur».
15. «Ayaqları qan tökməyə tələsir,
16. Yollarında viranəlik və fəlakət var,
17. Əmin-amanlıq yolu nədir, bilmirlər».
18. «Onların gözündə Allah qorxusu yoxdur».
19. Biz bilirik ki, Qanunda deyilənlərin hamısı Qanunun hökmü altında olanlara aiddir; belə ki bütün dillər sussun və bütün dünya Allahın hökmünə məruz qalsın.
20. Beləliklə, Qanuna əməl etməklə heç bir insan Allahın önündə saleh sayılmayacaq. Çünki Qanun vasitəsilə günah dərk olunur.

İman və salehlik

21. Amma indi Qanuna bağlı olmayaraq Allahdan gələn salehlik zahir olub. Buna Qanun da, Peyğəmbərlərin yazıları da şəhadət edir.
22. Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur.
23. Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub
24. və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır.
25. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
26. Bunu etdi ki, indiki zamanda salehliyini zahir etsin; beləcə Özü ədalətli olsun, İsaya olan imana əsaslananı da saleh saysın.
27. Bəs biz nə ilə öyünə bilərik? Heç bir şeylə. Hansı ehkama əsaslana bilərik? Qanuna əməl etmək ehkamınamı? Xeyr, yalnız iman ehkamına!
28. Çünki bu nəticəyə gəlirik ki, insan Qanuna əməl etməklə deyil, iman vasitəsilə saleh sayılır.
29. Məgər Allah yalnız Yəhudilərin Allahıdır? Başqa millətlərin də Allahı deyilmi? Əlbəttə, başqa millətlərin də Allahıdır.
30. Çünki yalnız bir Allah var və O, sünnətliləri imanla, sünnətsizləri də iman vasitəsilə saleh sayacaq.
31. Onda biz iman vasitəsilə Qanunu ləğv edirikmi? Əsla! Əksinə, onu bir daha təsdiq edirik.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 4

İbrahimin imanı

1. Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi?  
2. Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox.  
3. Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».  
4. Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır.  
5. Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.  
6. Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:  
7. «Üsyankarlığı bağışlanan,
Günahı əfv olunan insan
Nə bəxtiyardır!
8. Rəbb tərəfindən təqsirkar sayılmayan insan
Nə bəxtiyardır!»
9. Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı.  
10. Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl!  
11. O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın.  
12. Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.  
13. Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.  
14. Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı.  
15. Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.  
16-17. Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».  
18. Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».  
19. Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı.  
20. Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.  
21. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.  
22. Buna görə də imanı ona salehlik sayıldı.  
23. «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb;  
24. Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.  
25. İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 5

Allahla barışmaq

1. Beləliklə, imanla saleh sayıldığımız üçün Rəbbimiz İsa Məsih vasitəsilə Allahla barışmış oluruq.
2. Elə Məsihin vasitəsilə də daxilində qaldığımız lütfə imanla nail olduq və Allahın izzətinə ümid bağlamağımızla fəxr edirik.
3. Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm,
4. dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır.
5. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
6. Biz hələ gücsüz ikən Məsih müəyyən zamanda allahsız adamların uğrunda öldü.
7. Saleh bir adam uğrunda kiminsə ölməsi çətin işdir; bəlkə də yaxşı bir adam uğrunda kimsə ölməyə cəsarət edər.
8. Lakin Allah bizə olan məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü.
9. Beləcə Onun qanı ilə indi saleh sayıldığımıza görə Onun vasitəsilə də Allahın qəzəbindən mütləq xilas olacağıq.
10. Əgər biz Allahın düşməni olduğumuz vaxt Onun Oğlunun ölməsi ilə Allahla barışdıqsa, barışdıqdan sonra Onun həyatı vasitəsilə daha qəti olaraq xilas olacağıq.
11. Yalnız bununla deyil, Rəbbimiz İsa Məsih vasitəsilə Allahla da fəxr edirik ki, indi Onun vasitəsilə Allahla barışığa nail olmuşuq.

Adəm və Məsih

12. Beləliklə, günah bir insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya gəldi. Beləcə ölüm bütün insanlara yayıldı, çünki hamı günah etdi.
13. Qanundan əvvəl də dünyada günah var idi. Amma qanun olmayanda günah hesaba alınmır.
14. Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi.
15. Amma Allahın ənamı təqsir kimi deyil. Çünki bir adamın təqsiri üzündən çox adam öldüsə də, Allahın lütfü və bir Adamın, yəni İsa Məsihin lütfü ilə verilən ənam bir çoxları üçün daha böyük təsir göstərdi.
16. Allahın ənamı həmin bir adamın günahının nəticəsi kimi deyil: bir günahdan sonra gələn hökm məhkumluq gətirdi, amma çoxlu təqsirdən sonra gələn ənam salehlik gətirdi.
17. Əgər bir adamın təqsiri üzündən ölüm həmin adamın vasitəsilə hökmranlıq etdisə, Allahın bol lütfünü və salehlik ənamını qəbul edənlər bir Adam, yəni İsa Məsih vasitəsilə daha qəti olaraq həyatda hökmranlıq edəcək.
18. Deməli, necə ki bir təqsir üzündən bütün adamlar məhkum olundu, eləcə də bir saleh əmələ görə bütün adamlara yaşamaq üçün salehlik verildi.
19. Necə ki bir adamın itaətsizliyi üzündən bir çoxları günahkar sayıldı, eləcə də bir Adamın itaəti sayəsində bir çoxları saleh sayılacaq.
20. Qanunun meydana gəlməsi təqsirin çoxalmasına səbəb oldu. Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
21. Nəticədə günah ölüm vasitəsilə hökmranlıq etdiyi kimi lütf də salehlik vasitəsilə hökmranlıq edir; belə ki lütf Rəbbimiz İsa Məsihin vasitəsilə əbədi həyat versin.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 6

Məsihlə ölüb-dirilmə

1. Bəs nə deyə bilərik? Günah işlətməyi davam etdirək ki, Allahın lütfü çoxalsın?
2. Əsla! İndi ki biz günaha münasibətdə ölmüşük, artıq günah içində necə yaşaya bilərik?
3. Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsa ilə birləşmək üçün vəftiz olunarkən həmin vəftizlə Onun ölümü ilə birləşdik?
4. Deməli, vəftiz olunub Onun ölümü ilə birləşməklə biz də Onunla birgə dəfn olunduq; belə ki Atanın izzəti ilə Məsih ölülər arasından dirildiyi kimi biz də həmin cür yeni həyat sürək.
5. Əgər Onun ölümünə bənzər ölümdə Onunla bir olmuşuqsa, Onun dirilməsinə bənzər dirilmədə də Onunla bir olacağıq.
6. Bunu bilirik ki, günahlı bədənin aradan qaldırılması üçün, daha günaha qul olmayaq deyə köhnə mənliyimiz Onunla birlikdə çarmıxa çəkildi.
7. Çünki ölmüş adam günahdan azad olub.
8. Əgər Məsihlə ölmüşüksə, Onunla yaşayacağımıza da inanırıq.
9. Çünki bilirik ki, Məsih ölülər arasından dirildiyinə görə bir daha ölməyəcək və ölüm Ona artıq hökmranlıq etməz.
10. Onun ölümü günahın müqabilində ilk və son ölüm oldu, yaşadığı həyatı isə Allah üçün yaşayır.
11. Beləcə siz də özünüzü Məsih İsada olaraq günaha münasibətdə ölü, Allaha münasibətdə isə diri sayın.
12. Ona görə də qoymayın ki, günah sizin fani bədəninizə hökmranlıq etsin və siz də bədəninizin ehtiraslarına itaət edəsiniz.
13. Bədəninizin üzvlərini də haqsızlıq aləti olmaq üçün günaha təslim etməyin; əksinə, özünüzü ölülər arasından dirilənlər kimi Allaha, bədəninizin üzvlərini də salehlik aləti olmaq üçün yenə Allaha təslim edin.
14. Günah sizə hökmranlıq etməyəcək, ona görə ki siz Qanun altında deyil, lütf altındasınız

Salehliyə itaət

15. İndi nə edək? Qanun altında deyil, lütf altında olduğumuz üçün günah edəkmi? Əsla!
16. Məgər bilmirsiniz ki, itaətli qullar kimi özünüzü kimə təslim etsəniz, onun da qullarısınız? Ya ölümə aparan günahın ya da salehliyə aparan itaətin qulları ola bilərsiniz.
17. Amma Allaha şükür olsun ki, əvvəllər günahın qulları olduğunuz halda özünüzü həsr etdiyiniz təlimin nümunəsinə ürəkdən itaət etdiniz.
18. Beləcə günahdan azad olub salehliyin qulu oldunuz.
19. Cismani təbiətinizin zəifliyi üzündən insanların düşündüyü kimi danışıram. Necə əvvəllər üzvlərinizi murdarlığa və Qanunu pozmaq üçün qanunsuzluğa qul kimi təslim etmişdiniz, eləcə də indi üzvlərinizi müqəddəs olmaq üçün salehliyə qul kimi təslim edin.
20. Çünki siz günahın qulları olanda salehliyə əməl etməkdən azad idiniz.
21. Bəs o zaman nə bəhrə götürdünüz? İndi artıq o şeylərdən utanırsınız. Axı onların axırı ölümdür.
22. Amma indi günahdan azad edilib Allaha qul olduğunuz üçün götürdüyünüz bəhrə sizi müqəddəsliyə aparır və bunun axırı da əbədi həyatdır.
23. Çünki günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 7

Qanundan azad olmaq

1. Ey qardaşlar, bunu Qanunu bilənlərə söyləyirəm, məgər bilmirsiniz ki, insan yalnız sağ ikən qanun onun üzərində hökmə malikdir?
2. Məsələn, ərli qadın qanunla ərinə o vaxtacan bağlıdır ki, əri sağdır; amma əri öldükdə qadın nikah qanunundan azad olur.
3. Buna görə də əgər qadın əri sağ ikən başqa bir kişiyə ərə gedirsə, zinakar sayılır. Amma əri ölsə, qadın qanundan azad olur və başqa bir kişiyə ərə getdikdə zinakar olmur.
4. Eləcə də, qardaşlarım, siz də Məsihin bədəni vasitəsilə Qanuna münasibətdə ölmüsünüz ki, başqasına, yəni ölülər arasından dirilmiş Məsihə məxsus olasınız; belə ki Allah üçün bəhrə verək.
5. Çünki biz cismani təbiətə görə yaşayarkən günahın Qanun vasitəsilə gələn həvəsləri üzvlərimizdə fəal idi. Buna görə də biz ölüm üçün bəhrə verirdik.
6. Amma indi əvvəlcə əsiri olduğumuz Qanuna münasibətdə ölüb, ondan azad olduq. Nəticədə yazılı Qanunun köhnə yolunda deyil, Ruhun yeni yolunda qulluq edirik.

Günahla mübarizə

7. Bəs nə deyə bilərik? Qanun günahdırmı? Əsla! Qanun olmasaydı, günahın nə olduğunu bilməzdim. Əgər Qanun «tamah salma» deməsəydi, tamahın nə olduğunu anlamazdım.
8. Lakin günah bu əmrin vasitəsilə fürsət tapıb məndə hər növ tamah əmələ gətirdi; çünki Qanun olmasa, günah ölüdür.
9. Bir vaxt Qanun məndə yox ikən mən sağ idim, amma o əmr mənə gələndə günah dirildi,
10. mənsə öldüm. Beləcə anladım ki, mənə həyat verməli olan bu əmr mənə ölüm gətirdi.
11. Çünki günah o əmrin vasitəsilə fürsət tapıb məni azdırdı və onunla məni öldürdü.
12. Buna görə də Qanun müqəddəsdir, əmr də müqəddəs, ədalətli və yaxşıdır.
13. Belə çıxır ki, yaxşı olan bir şey mənə ölüm gətirdi? Əsla! Məhz günah, günah olduğu aşkar olsun deyə yaxşı olan bir şeyin vasitəsilə mənə ölüm gətirirdi; belə ki günah əmrin vasitəsilə hədsiz günahlı olduğunu göstərsin.
14. Biz bilirik ki, Qanun ruhanidir, mənsə cismani olub qul kimi günaha satılmışam.
15. Çünki nə iş gördüyümü anlamıram; istədiyimi deyil, nifrət etdiyim şeyi edirəm.
16. Əgər istəmədiyimi edirəmsə, onda təsdiq edirəm ki, Qanun yaxşıdır.
17. Elə isə artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
18. Bilirəm ki, daxilimdə, yəni cismani təbiətimdə yaxşı bir şey yaşamır; çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm.
19. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
20. Əgər istəmədiyim şeyi edirəmsə, onda artıq mən deyil, daxilimdə yaşayan günah bu işi görür.
21. Beləcə bu nəticəyə gəlirəm ki, yaxşılıq etmək istərkən məndə pislik üzə çıxır.
22. Bir yandan daxili varlığım Allahın qanunundan zövq alır.
23. Amma üzvlərimdə başqa bir qanun da görürəm ki, ağlımın təsdiq etdiyi Qanunla mübarizə aparır və üzvlərimdə olan günah qanununa məni əsir edir.
24. Necə də yazıq insanam! Ölümə düçar olan bu bədəndən məni kim xilas edə bilər?
25. Rəbbimiz İsa Məsihin vasitəsilə Allaha şükür olsun! Beləcə mən ağlımla Allahın qanununa, cismani təbiətimlə isə günah qanununa qulluq edirəm.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 8

Həyat verən Ruh

1. Deməli, indi Məsih İsada olanlara heç bir məhkumluq yoxdur.
2. Çünki həyat verən Ruhun qanunu səni günah və ölüm qanunundan Məsih İsa vasitəsilə azad etdi.
3. Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki,
4. Qanunun ədalətli tələbləri artıq cismani təbiətə görə yox, Ruha görə həyat sürən bizlərdə yerinə yetsin.
5. Cismani təbiətə görə yaşayanlar cismani şeylər barədə düşünür, Ruha görə yaşayanlar isə Ruhla bağlı şeylər barədə düşünür.
6. Cismani təbiətə uyan fikirlər ölüm, Ruha uyan fikirlərsə həyat və sülh gətirir.
7. Çünki cismani təbiətə uyan fikirlər Allaha qarşı düşmənçilik edir; belə ki bunlar Allahın qanununa tabe deyil və ola da bilməz.
8. Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
9. Lakin Allahın Ruhu sizdə yaşayırsa, siz cismani təbiətdə deyil, Ruhdasınız. Kimdə Məsihin Ruhu yoxdursa, o adam Məsihə məxsus deyil.
10. Əgər Məsih sizdədirsə, bədəniniz günah səbəbindən ölü, ruhunuzsa salehlik səbəbindən diridir.
11. Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək.
12. Beləliklə, ey qardaşlar, biz cismani təbiətimizə borclu deyilik ki, ona görə yaşayaq.
13. Çünki cismani təbiətə görə yaşayırsınızsa, öləcəksiniz, amma bədənin pis əməllərini Ruhun vasitəsilə öldürürsünüzsə, yaşayacaqsınız.
14. Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır.
15. Axı siz köləlik ruhunu almadınız ki, yenə də qorxu içində yaşayasınız; övladlıq Ruhunu aldınız. Elə o Ruhun vasitəsilə Allaha «Abba, Ata» deyə nida edirik.
16. Elə Ruh Özü bizim ruhumuzla birgə şəhadət edir ki, biz Allahın övladlarıyıq.
17. Əgər Onun övladlarıyıqsa, deməli, həm də varisləriyik. Əgər Məsihin izzətinə şərik olmaq üçün Onun çəkdiyi əzablara şərik oluruqsa, Allahın varisləri və Məsihin irs şəriki oluruq.

İzzətli gələcəyimiz

18. Belə düşünürəm ki, çəkdiyimiz indiki əzablar bizə zahir olacaq izzətlə heç müqayisəyə gəlməz.
19. Yaradılış Allahın oğullarının zahir olmasını böyük həsrətlə gözləyir.
20. Çünki yaradılış öz iradəsi ilə deyil, onu Təslim Edənin iradəsi ilə puçluğa təslim edildi. Amma ümidvardır ki,
21. yaradılış özü də çürüməyə əsir olmaqdan xilas olub, Allah övladlarının izzətli azadlığına qovuşacaq.
22. Çünki bilirik ki, bütün yaradılış indiyəcən birlikdə inildəyib doğuş ağrısı çəkir.
23. Ancaq təkcə yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik.
24. Çünki biz ümidlə xilas olduq. Amma gözə görünən ümid ümid deyil. Axı kim gördüyü şeyə ümid edər?
25. Amma görmədiyimiz şeyə ümid edəndə onu səbirlə gözləyirik.
26. Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, lakin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir.
27. Ürəkləri sınayan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir.
28. Biz bilirik ki, hər şey birlikdə Allahı sevənlərin, Onun məqsədinə görə çağırılanların xeyrinə işləyir.
29. Çünki Allah qabaqcadan tanıdığı adamları Öz Oğlunun surətinə uyğunlaşmaq üçün əvvəlcədən təyin etdi ki, O, çoxlu qardaş arasında ilk doğulan olsun;
30. əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi. Məsihin məhəbbətindən bizi kim ayıra bilər?
31. Bəs bunlar barədə nə deyə bilərik? Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
32. O Öz Oğlunu belə, əsirgəməyib Onu hamımızın uğrunda ölümə təslim etdisə, Onunla birgə bütün şeyləri də bizə lütf etməyəcəkmi?
33. Allahın seçdiyi adamları kim ittiham edə bilər? Onları saleh sayan Allahdır!
34. Məhkum edən kimdir? Ölmüş, üstəlik dirilmiş Məsih İsa həm Allahın sağındadır, həm də bizim üçün vəsatətçilik edir.
35. Məsihin məhəbbətindən bizi kim ayıra bilər? Əziyyətmi, sıxıntımı, təqibmi, aclıqmı, çılpaqlıqmı, təhlükəmi, qılıncmı?
36. Necə ki yazılıb:
«Biz gün boyu Sənin uğrunda öldürülürük,
Qurbanlıq qoyunlar sayılırıq».

37. Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
38. Çünki əminəm ki, nə ölüm, nə həyat, nə mələklər, nə başçılar, nə indiki, nə də gələcək şeylər, nə qüvvələr,39nə ucalıq, nə dərinlik, nə də başqa bir məxluq bizi Rəbbimiz Məsih İsada olan Allah məhəbbətindən ayırmağa qadir olmayacaq.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 9

Allahın İsraili seçməsi

1. Məsihdə həqiqəti söyləyirəm, yalan danışmıram, vicdanım dediklərimi Müqəddəs Ruhda təsdiq edir ki,
2. ürəyimdə böyük bir kədər, daimi bir iztirab var.
3. Çünki qardaşlarımın, yəni cismani soydaşlarımın xatirinə mən özüm Məsihdən uzaqlaşıb lənət qazanmağımı istərdim;
4. bu, İsraillilərdir ki, övladlığa götürülmə, izzət, əhdlər, Qanunun verilməsi, məbəd ibadəti və vədlər onlara məxsusdur.
5. Əcdadlar da onlara məxsusdur, Məsih də cismən onlardandır; O hər şeyin üzərində olan Allahdır ki, Ona əbədi alqış olsun! Amin.
6. Lakin bu o demək deyil ki, Allahın kəlamı boşa çıxıb. Çünki İsraildən törəyənlərin heç də hamısı İsrailə məxsus deyil.
7. İbrahimin nəslindən olanların heç də hamısı İbrahimin övladları deyil. Amma «İshaqdan törəyənlər sənin nəslin adlanacaq» deyilib.
8. Bu o deməkdir ki, Allahın övladları cismani övladlar deyil, Allahın vədinə görə doğulan övladlardır ki, bunlar İbrahimin nəsli sayılır.
9. Çünki belə vəd verilmişdi: «Gələn il bu vaxt gələcəyəm və Saranın bir oğlu olacaq».
10. Yalnız bu yox, Rivqa da bir kişidən, yəni babamız İshaqdan hamilə oldu.
11. Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
12. Amma iki oğlu hələ anadan olmamış və yaxşılıq ya pislik etməmiş ikən Allah Rivqaya «böyüyü kiçiyinə qulluq edəcək» dedi; belə ki Allahın seçim məqsədi onların əməllərinə deyil, Öz çağırışına əsaslanaraq bərqərar olsun.
13. Necə ki yazılıb: «Yaqubu sevdim, Esava isə nifrət etdim».
14. Bəs indi nə deyə bilərik? Məgər Allah ədalətsizlik edir? Əsla!
15. Çünki O, Musaya deyir: «Kimə istəsəm, mərhəmət edərəm, kimə istəsəm, rəhm edərəm».
16. Beləliklə, seçim insanın istəyindən yaxud səyindən deyil, yalnız mərhəmət edən Allahdan asılıdır.
17. Ona görə də Müqəddəs Yazıda Allah firona deyir: «Səni buna görə ucaltdım ki, Öz gücümü sənin üzərində göstərim və adım bütün dünyaya elan edilsin».
18. Deməli, Allah kimə istəyirsə, mərhəmət edir, kimi istəyirsə, inadkar edir.

Allahın qəzəbi və mərhəməti

19. İndi sən mənə deyə bilərsən: «Bəs Allah daha nə üçün bizi təqsirkar çıxarır? Məgər kimsə Onun iradəsinin əleyhinə gedə bilər?»
20. Amma, ey insan, sən kimsən ki, Allahla mübahisəyə girişirsən? Məgər düzəldilən bir şey onu düzəldənə «Məni niyə bu cür yaratdın?» deyə bilər?
21. Məgər dulusçunun işlətdiyi gilə ixtiyarı çatmır ki, həmin gildən bir qabı şərəfli iş üçün, o biri qabı isə şərəfsiz iş üçün düzəltsin?
22. Əgər Allah qəzəbini göstərmək və qüdrətini bildirmək istəyərək qəzəbinə gəlib məhv olmağa hazırlanmış qablara böyük səbirlə dözdüsə, biz nə deyə bilərik?
23. Məgər O bunu etdi ki, qabaqcadan izzət üçün hazırladığı mərhəmət tapan qablara izzətinin necə zəngin olduğunu bildirsin?
24. O qablar bizik ki, Allah yalnız Yəhudilər arasından deyil, həm də başqa millətlər arasından çağırdı.
25. Necə ki Huşənin kitabında deyilir: «“Xalqım deyil” dediyimə
“Xalqımsan” deyəcəyəm,
“Sevdiyim deyil” dediyimə
“Sevdiyimsən” deyəcəyəm».
26. «Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək».
27. Yeşaya da İsrail barədə belə nida edir:
«İsrail övladlarının sayı dəniz qumu qədər çox olsa belə,
Ancaq sağ qalanları xilas olacaq.
28. Çünki Rəbb yer üzündə hökmünü
Tam və tez yerinə yetirəcək».
29. Yeşayanın qabaqcadan söylədiyi kimi:
«Əgər Ordular Rəbbi
Bizim xalqdan bir neçə
Sağ qalan adam qoymasaydı,
Biz Sodom kimi olardıq,
Homorraya bənzəyərdik».

İsrailin imansızlığı

30. Bəs nə deyə bilərik? Salehliyin ardınca getməyən başqa millətlər salehliyi, yəni imanla gələn salehliyi əldə etdilər.
31. Amma salehlik göstərən Qanunun ardınca gedən İsrail xalqı bu Qanuna çata bilmədi.
32. Nə üçün? Çünki imanla yox, əməllərlə gedirdilər. Beləcə büdrəmə daşına ilişdilər.
33. Necə ki yazılıb:
«Budur, Sionda bir büdrəmə daşı və yıxma qayası qoyuram.
Ona iman edən kəs utandırılmaz».

Həvari Paulun Romalılara Məktubu | Fəsil 10

1. Ey qardaşlar, İsraillilərin xilasını ürəkdən arzulayıram və bunun üçün Allaha dua edirəm.
2. Onların barəsində şəhadət edirəm ki, Allah naminə qeyrət çəkirlər, amma bu qeyrət biliyə əsaslanmır.
3. Çünki onlar Allahdan gələn salehliyi anlamayıb öz salehliklərini bərqərar etməyə çalışmaqla Allahın salehliyinə tabe olmadılar.
4. Məsih Qanunun sonu olub ki, iman gətirən hər kəs saleh sayılsın.

Hamı üçün xilas

5. Musa Qanunla gələn salehlik haqqında belə yazır:
«Bu şeyləri yerinə yetirən adam bunların sayəsində yaşayacaq».
6. Amma imanla gələn salehlik barədə belə deyilir:
«Ürəyində demə ki, “Kim göylərə, yəni Məsihi endirməyə çıxacaq?”
7. ya da “Kim dibsiz dərinliyə, yəni Məsihi ölülər arasından qaldırmağa enəcək?”»
8. Bəs onda nə deyilir?
«Kəlam sənə çox yaxındır, o sənin dilində və ürəyindədir».
Biz elə həmin iman kəlamını vəz edirik:
9. əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan.
10. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur.
11. Belə ki Müqəddəs Yazıda deyilir:
«Ona iman edən hər kəs utandırılmayacaq».
12. Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.
13. Çünki «Rəbbin adını çağıran hər kəs xilas olacaq».
14. Bəs onlar iman etmədikləri Şəxsi necə çağıracaqlar? Barəsində eşitmədikləri Şəxsə necə iman edəcəklər? Vəz edən olmasa, necə eşidəcəklər?
15. Göndərilməsələr, necə vəz edəcəklər? Necə ki yazılıb:
«Xoş xəbəri müjdələyənin qədəmləri necə də gözəldir!»
16. Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir:
«Ya Rəbb, xəbərimizə kim inandı?»
17. Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır.
18. Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı,
Sözləri yerin ucqarlarına çatdı».
19. Bir də soruşuram: məgər İsrail anlamadı?
Musa ilk olaraq deyir:
«Mən sizi xalq olmayanlarla qısqandıracağam,
Axmaq bir millətlə qəzəbləndirəcəyəm».
20. Yeşaya isə cəsarətlə deyir:
«Rəbb deyir:
“Məni axtarmayanlar tərəfindən tapıldım,
Məni soruşmayanlara Mən zühur etdim”».
21. İsrail barədə isə belə deyir:
«Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».

Həvari Paulun Romalılara Məktubu | Fəsil 11

Allahın seçdiyi xalq

1. Beləliklə, soruşuram: məgər Allah Öz xalqını rədd etdi? Əsla! Çünki mən özüm də İbrahim nəslindən, Binyamin qəbiləsindən olan bir İsrailliyəm.
2. Allah qabaqcadan tanıdığı Öz xalqını rədd etmədi. Məgər siz bilmirsiniz ki, Müqəddəs Yazıda İlyas barədə nə deyilir? İlyas İsraildən Allaha şikayət edib deyir:
3. «Ya Rəbb! Sənin peyğəmbərlərini öldürdülər, qurbangahlarını dağıtdılar. Təkcə mən qaldım, onlar canımı almaq üçün məni də axtarırlar».
4. Bəs Allahdan ona hansı cavab gəldi? «Mən Özüm üçün Baal qarşısında diz çökməmiş yeddi min adamı saxlamışam».
5. Beləcə indi də Allahın lütfü ilə seçilmiş sağ qalanlar var.
6. Əgər bu, lütflə oldusa, daha əməllərlə deyil; yoxsa lütf daha lütf olmaz.
7. Onda nə deyə bilərik? İsrail axtardığını əldə etmədi, seçilmişlər əldə etdilər; digərləri isə inadkar oldu.
8. Necə ki yazılıb:
«Allah onları dərin yuxuya saldı,
Onlara bu günədək görməyən gözlər,
Eşitməyən qulaqlar verdi».
9. Davud da belə deyir:
«Süfrələri onlara tələ, tor,
Büdrəmə daşı və cəza olsun.
10. Gözlərinə qara gəlsin, görməsinlər,
Belləri həmişə bükülü qalsın!»

Başqa millətlərin xilası

11. Beləliklə, soruşuram: məgər İsraillilər bir daha ayağa qalxmamaq üçün büdrəyib-yıxıldılar? Əsla! Amma onların təqsiri başqa millətlərin xilasına səbəb oldu ki, İsraillilərdə qibtə hissi oyandırsın.
12. Əgər onların təqsiri dünyaya zənginlik, onların qüsuru da başqa millətlərə zənginlik gətirdisə, gör onların bütövlüyü necə böyük zənginlik gətirəcək.
13. Lakin, ey başqa millətlər, sizə bildirirəm: mən başqa millətlərə göndərilən həvari olduğuma görə öz xidmətimi izzətli sayıram ki,
14. bəlkə soydaşlarımda qibtə hissi oyandırıb bəzilərini xilas edə bilim.
15. Çünki onların rədd edilməsi dünyanın Allahla barışması deməkdirsə, onların qəbul edilməsi ölülər arasından həyata dönmək deyilmi?
16. Əgər xəmirin ilk hissəsi müqəddəsdirsə, demək, xəmirin hamısı müqəddəsdir; əgər kök müqəddəsdirsə, budaqlar da müqəddəsdir.
17. Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa,
18. o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır.
19. O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum.
20. Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, qorx!
21. Çünki Allah təbii budaqlara rəhm etmədisə, bəlkə sənə də rəhm etməyəcək.

Bütün İsrail xilas olacaq

22. Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt: yıxılanlara sərtlik, sənə isə, əgər Onun xeyirxahlığına bağlı qalarsansa, xeyirxahlıq göstərər. Əks təqdirdə sən də kəsilib atılacaqsan.
23. Əgər imansızlıqda qalmasalar, onlar da peyvənd olunacaqlar, çünki Allah onları yenə də peyvənd etməyə qadirdir.
24. Əgər sən təbiətən yabanı olan zeytun ağacından kəsilib, təbiətinə uyğun olmadan yetişdirilən zeytun ağacına peyvənd edildinsə, bu təbii budaqlar öz zeytun ağacına necə də asanlıqla peyvənd olunacaq!
25. Ey qardaşlar, özünüzü ağıllı saymayasınız deyə bu sirdən bixəbər olmağınızı istəmirəm: İsrailin bəzisi o vaxta qədər inadkar qalacaq ki, başqa millətlərdən xilas olanların sayı tamamlansın.
26. Beləcə bütün İsrail xilas olacaq. Necə ki yazılıb:
«Qurtarıcı Siondan gələcək,
Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq».
27. «Günahlarını aradan qaldırdığım zaman
Mənim onlarla bağladığım Əhd budur».
28. Müjdə məsələsində İsraillilər sizin üçün Allaha düşməndir, amma Allah onları seçdiyinə görə əcdadlarının xatirinə Onun üçün sevimlidir.
29. Çünki Allahın ənamları və dəvəti geri alınmaz.
30. Siz bir zamanlar Allaha itaətsiz idiniz və indi onların itaətsizliyi üzündən mərhəmət tapdınız;
31. eləcə də sizin tapdığınız mərhəmətdən ötrü onlar indi itaətsiz oldular ki, özləri də indi mərhəmət tapsınlar.
32. Çünki Allah hamını itaətsizliyə əsir edib ki, hamıya mərhəmət göstərsin.

Allaha həmd

33. Allahın zənginliyi nə böyük,
Hikməti və biliyi nə dərindir!
Onun hökmləri necə də ağlasığmaz,
Yolları necə də anlaşılmazdır!
34 . «Rəbbin ağlını kim dərk etdi?
Ona kim məsləhətçi oldu?»
35 . «Kim Ona bir şey verdi ki,
Əvəzini Ondan istəyə bilsin?»
36 . Çünki hər şeyin mənbəyi Odur, hər şey Onun vasitəsilə və Onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun! Amin.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 12

Bədənlərinizi Allaha təqdim edin

1. Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
2. Bu dövrə uyğunlaşmayın, əksinə, düşüncənizin təzələnməsi ilə dəyişin ki, Allahın yaxşı, razı salan və kamil iradəsini ayırd edəsiniz.
3. Mənə verilən lütflə sizin hər birinizə deyirəm ki, lazım olduğundan artıq özünüz barədə yüksək fikirdə olmayın; lakin hər biriniz Allahın ona verdiyi imanın ölçüsünə görə özünü idarə edən kimi (ağıl-kamalla) düşünün.
4. Çünki bizim bir bədənimizdə çoxlu üzvlər olduğu halda onların hər birinin vəzifəsi heç də eyni deyil.
5. Eləcə biz də çox olduğumuz halda Məsihdə bir bədənik və ayrı-ayrılıqda bir-birimizə bağlı üzvlərik.
6. Allahın bizə bağışladığı lütfə görə müxtəlif ruhani ənamlarımız var. Bir kəsin ənamı peyğəmbərlikdirsə, imanının ölçüsünə görə peyğəmbərlik etsin;
7. ənamı xidmətdirsə, xidmət etsin; müəllimlikdirsə, öyrətsin;
8. nəsihət verəndirsə, nəsihət versin; pay verəndirsə, səxavətlə, rəhbərdirsə, səylə, mərhəmət göstərəndirsə, sevinə-sevinə öz işini görsün.

Məhəbbətlə rəftar edin

9. Qoy məhəbbətiniz riyasız olsun. Pislikdən ikrah edin, yaxşılığa bağlanın.
10. Qardaşlıq sevgisi ilə bir-birinizi sevin. Hörmət göstərməkdə bir-birinizi qabaqlayın.
11. Səyiniz azalmasın, ruhunuz alovlu olsun. Rəbbə qulluq edin.
12. Ümidinizlə sevinin. Əziyyətdə dözümlü olun. Dayanmadan dua edin.
13. Ehtiyac içində olan müqəddəslərə yardım etməyə şərik olun. Qonaqpərvər olmağa səy göstərin.
14. Sizi təqib edənlərə xeyir-dua verin; lənət yox, xeyir-dua verin.
15. Sevinənlərlə sevinin, ağlayanlarla ağlayın.
16. Bir-birinizlə həmfikir olun; təkəbbürlü olmayın, məzlumlarla dostluq edin. Özünüzü ağıllı saymayın.
17. Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işlər görməyə diqqət yetirin.
18. İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın.
19. Ey sevimlilər, heç kəsdən qisas almayın, Allahın qəzəbinə yer verin. Çünki yazılıb ki, Rəbb belə deyir:
«Qisas Mənimdir, əvəzini Mən verəcəyəm».
20. Əksinə, «düşmənin acdırsa, onu yedizdir, susuzdursa, ona su ver. Belə etməklə sanki onun başına köz tökərsən».
21. Pislik sənə üstün gəlməsin, pisliyə yaxşılıqla qalib gəl..

Həvari Paulun Romalılara Məktubu | Fəsil 13

Hakimiyyətlərə tabe olmaq

1. Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub.
2. Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.
3. Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər.
4. Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin.
5. Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır.
6. Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar.
7. Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət.

Bir-birinizi sevin

8. Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.
9. Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev».
10. Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.
11. Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır.
12. Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
13. Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq.
14. Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 14

Başqasını mühakimə etməyin

1. İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin.
2. Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
3. Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.
4. Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir.
5. Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun.
6. Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
7. Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük.
8. Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.
9. Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
10. Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.
11. Çünki yazılıb:
«Rəbb deyir:
Varlığıma and içdim,
Hər diz önümdə çökəcək,
Hər dil Allah olduğumu bildirəcək».
12. Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.
13. Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.  
14. Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır.  
15. Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə.  
16. İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.  
17. Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.  
18. Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır.  
19. Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək.  
20. Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir.  
21. Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir.  
22. Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!  
23. Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 15

İmanınız günbəgün artsın

1. Biz imanı güclü olanlar imanı gücsüz olanların zəifliklərinə dözməliyik və yalnız özümüzü razı salmamalıyıq.  
2. Hər birimiz yaxşılıq naminə inkişaf etdirmək məqsədi ilə qonşumuzu razı salaq.  
3. Çünki Məsih də Özünü razı salmadı. Necə ki yazılıb: «Səni təhqir edənlərin təhqirləri altında qaldım».  
4. Bundan əvvəl yazılanların hamısı bizi öyrətmək üçün yazıldı ki, dözümlə və Müqəddəs Yazıların ürək-dirəyi ilə ümidimiz olsun.  
5. Dözüm verən və ürəkləndirən Allah Məsih İsanın istəyinə uyğun olaraq sizə həmfikirlilik bəxş etsin ki,  
6. hamınız birlikdə və bir səslə Rəbbimiz İsa Məsihin Atası olan Allahı izzətləndirəsiniz.  
7. Buna görə də Məsih sizi qəbul etdiyi kimi siz də Allahın izzəti üçün bir-birinizi qəbul edin.  
8. Mən də bunu bildirirəm: Məsih Allahın haqlı olduğunu göstərmək üçün sünnətlilərin xidmətçisi oldu ki, əcdadlara verilən vədləri yerinə yetirsin;  
9. beləcə başqa millətlər də Allahın mərhəmətinə görə Onu izzətləndirsinlər. Necə ki yazılıb:
«Buna görə millətlər arasında
Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm».
10. Yenə deyilir ki:
«Ey millətlər, Onun xalqı ilə birgə sevinin!»
11. Başqa bir yerdə:
«Ey bütün millətlər, Rəbbə həmd edin!
Ey bütün ümmətlər, Onu mədh edin!»
12. Yeşaya da belə deyir: «Yesseyin Kökü gələcək,
Millətlərə hökmran olmaq üçün ucalacaq,
Millətlər Ona ümid bağlayacaq».
13. Qoy ümid mənbəyi olan Allah iman edən sizləri hər cür şadlıq və sülhlə doldursun ki, Müqəddəs Ruhun qüdrəti ilə ümidlə dolub-daşasınız.

Məsihin xidmətçisi

14. Ey qardaşlarım, mən sizin barənizdə əminəm ki, siz yaxşılıqla dolu, hər cür biliklə kamilsiniz və bir-birinizə nəsihət verməyə qadirsiniz.  
15. Amma Allahın mənə bəxş etdiyi lütflə bəzi məsələləri sizə xatırlatmaq üçün bu sözləri cəsarətlə yazmışam.  
16. Həmin lütfə görə mən başqa millətlər üçün Məsih İsanın xidmətçisi oldum ki, bir kahin kimi Allahın Müjdəsini vəz edim və başqa millətlər Müqəddəs Ruhla təqdis edilərək Allaha məqbul olan qurban olsunlar.  
17. Beləcə Allaha xidmət etdiyimə görə Məsih İsa ilə fəxr edirəm.  
18. Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım.  
19. Başqa millətləri itaətə gətirmək üçün Məsihin mənim vasitəmlə söz və əməllə, əlamət və xariqələrin qüvvəti ilə, Allahın Ruhunun qüdrəti ilə etdiklərindən başqa bir şey barədə danışmağa cəsarət etmərəm. Belə ki mən Yerusəlimdən başlayıb İllirikum diyarına qədər hər tərəfdə Məsihin Müjdəsini yayıb qurtardım.  
20. Bununla birgə, Müjdəni Məsihin adının hələ eşidilmədiyi yerlərdə yaymaq başlıca məqsədim oldu ki, bir başqasının qoyduğu təməl üzərində bina qurmayım.  
21. Amma necə ki yazılıb:
«Onun haqqında xəbəri olmayanlar görəcək,
Eşitməyənlər anlayacaq».

Paulun Romaya getmək niyyəti

22. Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi.  
23. İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim.  
24. Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız.  
25. Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm.  
26. Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər.  
27. Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar.  
28. Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm.  
29. Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm.  
30. Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki,  
31. Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin.  
32. Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim.  
33. Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.

Həvari Paulun Romalılara Məktubu | Fəsil 16

Salamlar və xahişlər

1. Kenxreyadakı cəmiyyətin xidmətçisi olan bacımız Fibi barədə sizə zəmanət verirəm.  
2. Onu Rəbdə olduğu üçün müqəddəslərə layiq tərzdə qəbul edin, nə ehtiyacı varsa, siz ona kömək edin. Çünki o, çoxlarına və şəxsən mənə də hamilik edib.  
3. Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin.  
4. Onlar mənim həyatım üçün öz canlarını təhlükəyə saldılar. Onlara yalnız mən yox, başqa millətlərin bütün cəmiyyətləri də təşəkkür edir.  
5. Onların evində toplanan cəmiyyətə də salam söyləyin. Asiya vilayətindən Məsih üçün ilk məhsul olan sevimli qardaşım Epenetə salam çatdırın.  
6. Sizin üçün xeyli zəhmət çəkmiş Məryəmə salam söyləyin.  
7. Həvarilər arasında şöhrət qazanmış, məndən əvvəl Məsihdə olmuş soydaşlarım və zindan yoldaşlarım Andronikosa və Yuniyaya salam çatdırın.  
8. Rəbdə mənə sevimli olan Ampliyata salam söyləyin.  
9. Məsihdə həmkarımız olan Urbana və mənə sevimli olan Staxisə salam çatdırın.  
10. Məsihdə sədaqəti sübut edilmiş Apellisə salam söyləyin. Aristobulun ailəsindən olanlara salam çatdırın.  
11. Soydaşım Hirodiona salam söyləyin. Narkisin ailəsindən Rəbdə olanlara salam çatdırın.  
12. Rəbbin xidmətində zəhmət çəkmiş Trifena ilə Trifosaya salam söyləyin. Rəbbin xidmətində xeyli zəhmət çəkmiş sevimli Persisə salam çatdırın.  
13. Rəbdə seçmə insan olan Rufusa və mənə də analıq edən anasına salam söyləyin.  
14. Asinkritə, Fleqona, Hermesə, Patrobaya, Hermaya və onlarla birlikdə olan bacı-qardaşlara salam çatdırın.  
15. Filoloqa, Yuliyaya, Nereyə və onun bacısına, Olimpaya və onlarla birlikdə olan bütün müqəddəslərə salam söyləyin.  
16. Bir-birinizi müqəddəs öpüşlə salamlayın. Məsihin bütün cəmiyyətləri sizə salam göndərir.  
17. Qardaşlar, sizə yalvarıram ki, öyrəndiyiniz təlimin əleyhinə çıxaraq ayrılıq salan və büdrəməyə səbəb olan adamlara nəzarət edin və onlardan uzaq durun.  
18. Çünki belə adamlar Rəbbimiz Məsihə deyil, öz qarınlarına qulluq edirlər; onlar yağlı və yaltaq nitqləri ilə sadəlövh adamların ürəklərini tovlayırlar.  
19. Sizin itaətiniz hamıya bəllidir. Buna görə də sizin üçün sevinirəm. Amma istəyirəm ki, yaxşı işlərdə müdrik, pis işlərdə məsum olasınız.  
20. Sülh qaynağı olan Allah Şeytanı tezliklə ayaqlarınızın altında əzəcək. Rəbbimiz İsanın lütfü sizə yar olsun!  
21. Həmkarım Timotey, soydaşlarım Luki, Yason və Sosipater sizə salam göndərir.  
22. Bu məktubu yazıya alan mən Terti də Rəbbin ismi ilə sizə salam söyləyirəm.  
23-24. Məni və bütün cəmiyyəti qonaq saxlayan Qayın sizə salamı var. Şəhərin xəzinədarı olan Erast və Kvart qardaş da sizə salam göndərir.

Allaha əbədi izzət olsun

25. Allah mənim elan etdiyim Müjdəyə və İsa Məsih barədə vəzə görə, əzəldən bəri gizli saxlanmış sirri aydınlaşdıran vəhyə uyğun olaraq, sizi qüvvətləndirməyə qadirdir;  
26. bu həmin sirdir ki, indi aşkar olmuş və əbədi Allahın əmrinə əsasən peyğəmbərlərin Yazıları vasitəsilə bütün millətlərin iman gətirib itaət etməsi üçün bəyan edilmişdir;  
27. o yeganə və müdrik Allaha İsa Məsih vasitəsilə əbədi izzət olsun! Amin.