GİRİŞ
1 Saloniklilərə 1
1Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə lütf və sülh olsun!
Nümunəvi iman
2Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik. 3Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq. 4Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib. 5Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz. 6Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz. 7Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz. 8Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı. 9Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz. 10Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.
1 Saloniklilərə 2
Paulun Salonikdəki xidməti
1Qardaşlar, özünüz də bilirsiniz ki, yanınıza gəlməyimiz əbəs olmadı. 2Bildiyiniz kimi, əvvəlcə Filipidə əziyyət çəkmiş, təhqir olunmuşduq. Amma böyük ziddiyyətlərə baxmayaraq, Allahın Müjdəsini sizə bəyan etmək üçün Allahımızdan cəsarət aldıq. 3Çünki bizim çağırışımız aldatmağa, murdarlığa əsaslanmır və bunun hiyləgərliyə də dəxli yoxdur. 4Əksinə, Allah tərəfindən Müjdəni yaymaq tapşırığını almağa layiq görüldüyümüzə görə insanları deyil, ürəklərimizi sınaqdan keçirən Allahı razı salmaqdan ötrü danışırıq. 5Siz bilirsiniz ki, heç vaxt yanınıza yaltaq sözlərlə yaxud tamahkarlığı gizlədən riyakarlıqla gəlmədik. Allah da buna şahiddir. 6İzzəti heç bir insanda – nə sizdə, nə də başqalarında axtardıq. 7Məsihin həvariləri kimi bunu sizdən tələb edə bilərdik, amma biz sizinlə övladlarını isti qucağına alıb yedirdən ana kimi mülayim rəftar etdik. 8Sizlərə elə könül bağlamışdıq ki, yalnız Allahın Müjdəsini deyil, öz canlarımızı belə, sizə verməyə razı idik. Çünki bizim sevimlilərimiz idiniz. 9Bəli, qardaşlar, bizim əmək və zəhmətimizi xatırlayırsınız: heç birinizə yük olmamaq üçün gecə-gündüz çalışaraq sizə Allahın Müjdəsini vəz etdik. 10Siz imanlılarla necə müqəddəs, saleh və nöqsansız davrandığımıza həm özünüz, həm də Allah şahiddir. 11Bildiyiniz kimi, ata övladları ilə necə rəftar edirsə, biz də hər birinizlə elə rəftar etdik. 12Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz. 13Biz də dayanmadan Allaha şükür edirik ki, siz bizdən eşitdiyiniz Allah kəlamını qəbul edəndə onu bəşəri söz kimi deyil, həqiqətən, Allahın kəlamı olaraq qəbul etdiniz. Siz imanlılarda fəaliyyət göstərən də bu kəlamdır. 14Çünki qardaşlar, siz Allahın Yəhudeyadakı Məsih İsada olan cəmiyyətlərindən nümunə götürdünüz. Onların Yəhudilərdən çəkdiyi əzabları eynilə siz də öz soydaşlarınızdan çəkdiniz. 15Yəhudilər Rəbb İsanı və peyğəmbərləri öldürdülər, bizi də təqib etdilər. Onlar Allahı narazı salır və bütün insanlara qarşı çıxırlar. 16Çünki başqa millətlər xilas olsunlar deyə biz onlarla danışanda bu Yəhudilər bizə mane olur. Beləcə hər zaman günahlarının üzərinə günah gətirirlər. Axırda Allahın qəzəbinə düçar oldular.
Gecikən səyahət
17Bizsə, qardaşlar, qısa bir müddət üçün qəlbən deyil, şəxsən sizdən məhrum olduq, ona görə böyük arzu ilə üzünüzü görməyə daha çox səy göstərdik. 18Biz yanınıza gəlməyi arzu etdik, dəfələrlə mən Paul bunu istədim, amma Şeytan bizə mane oldu. 19Rəbbimiz İsa zühur edəndə ümidimiz, sevincimiz yaxud Onun önündə fəxr tacımız nədir? Siz deyilsinizmi? 20Çünki siz bizim izzətimiz və sevincimizsiniz.
1 Saloniklilərə 3
1Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq 2və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik. 3Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq. 4Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu. 5Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.
Salonikdən şad xəbərlər gəlir
6Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz. 7Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq. 8Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir. 9Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik? 10Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik. 11Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın. 12Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın. 13Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.
1 Saloniklilərə 4
Allahı razı salmaq
1Qardaşlar, necə həyat sürmək və Allahı razı salmaq barədə bizdən təlimat aldınız. Nəhayət, Rəbb İsa naminə sizdən xahiş edir və yalvarırıq ki, belə həyat sürməkdə daha çox inkişaf edin. 2Rəbb İsanın səlahiyyəti ilə sizə hansı əmrləri verdiyimizi bilirsiniz. 3Çünki Allahın iradəsinə görə müqəddəslik yolunuz belədir: cinsi əxlaqsızlıqdan qaçın, 4hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin, 5hər biriniz Allahı tanımayan bütpərəstlər kimi şəhvət və ehtirasla deyil, müqəddəslik və hörmətlə arvad almağı öyrənin, 6heç kim haqsızlıq edib bacı-qardaşını istismar etməsin. Çünki əvvəlcə sizə dediyimiz və xəbərdarlıq etdiyimiz kimi, Rəbb bütün bunlara görə qisas alacaq. 7Çünki Allah bizi murdarlığa deyil, müqəddəsliyə çağırmışdır. 8Ona görə bu təlimatı rədd edən kəs insanı deyil, sizə Öz Müqəddəs Ruhunu bəxş edən Allahı rədd edir. 9Qardaşlıq sevgisinə gəlincə, sizə yazmağa ehtiyac yoxdur, çünki Allah bir-birinizi sevməyi öyrədib. 10Əslində, siz bütün Makedoniyadakı bacı-qardaşların hamısı ilə belə davranırsınız. Lakin ey qardaşlar, rica edirik ki, belə işlərin sayını artırın. 11Sizə əmr etdiyimiz kimi çalışın ki, dinc yaşayasınız, öz işinizlə məşğul olasınız və əliniz işdə-gücdə olsun; 12belə ki kənar şəxslərin qarşısında hörmətəlayiq şəkildə həyat sürəsiniz və heç kimdən təminat almağa ehtiyac duymayasınız.
Rəbbin zühuru
13Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. 14Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq. 15Çünki Rəbbin kəlamına əsaslanaraq sizə deyirik ki, Rəbbin zühurunadək sağ qalan bizlər vəfat edənlərdən əsla qabağa keçməyəcəyik. 16Rəbb Özü əmrini səsləndirməklə, baş mələyin sədası və Allahın şeypuru ilə göydən enəcək. Əvvəlcə Məsihdə olaraq ölənlər diriləcək. 17Ondan sonra sağ qalan bizlər Rəbbi havada qarşılamaq üçün onlarla birgə buludlar içində götürülüb-aparılacaq və beləcə daim Rəblə olacağıq. 18Buna görə bir-birinizə bu sözlərlə təsəlli verin.
1 Saloniklilərə 5
1Qardaşlar, zaman və məqamlar barədə sizə yazmağa ehtiyac yoxdur. 2Çünki özünüz də çox yaxşı bilirsiniz ki, Rəbbin günü oğru gecə gəldiyi kimi gələcək. 3İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər. 4Amma, qardaşlar, siz qaranlıqda deyilsiniz ki, o gün sizi oğru kimi yaxalasın. 5Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq. 6Ona görə gəlin başqaları kimi yatmayaq, əksinə, oyanıb ayıq-sayıq dayanaq. 7Çünki yatanlar gecə yatır, əyyaşlar da gecə vaxtı əyyaşlıq edir. 8Gündüzə aid olan bizlərsə iman və məhəbbətlə döşümüzə zireh taxaraq xilas ümidini dəbilqə kimi başımıza qoyub ayıq-sayıq olaq. 9Çünki Allah bizi qəzəbə düçar olmaq üçün deyil, Rəbbimiz İsa Məsih vasitəsilə xilasa nail olmaq üçün təyin edib. 10Məsih bizim uğrumuzda öldü ki, oyaq olsaq da, yatmış olsaq da, Onunla birlikdə yaşayaq. 11Buna görə indiki kimi bir-birinizi ürəkləndirin və ruhən inkişaf etdirin.
Son öyüdlər və salamlar
12Ey qardaşlar, xahiş edirik ki, aranızda zəhmət çəkənlərin, Rəbdə sizə başçılıq edib nəsihət verənlərin qədrini bilin. 13Etdikləri əmələ görə onlara hədsiz məhəbbətlə hörmət göstərin. Bir-birinizlə sülh içində yaşayın. 14Qardaşlar, sizə yalvarırıq, avaralara nəsihət verin, cəsarətsizləri ruhlandırın, zəiflərə yardım edin, hamıya qarşı səbirli olun. 15Diqqətli olun ki, heç kim pisliyə pisliklə cavab verməsin, əksinə, bir-birinizə və bütün insanlara həmişə yaxşılıq etməyə çalışın. 16Daima sevinin, 17durmadan dua edin, 18hər vəziyyətdə şükür edin. Çünki bunlar Məsih İsada olan sizlər üçün Allahın iradəsidir. 19Ruhu söndürməyin. 20Peyğəmbərlik sözlərinə xor baxmayın. 21Hər şeyi sınaqdan keçirin və yaxşı olandan möhkəm tutun. 22Hər cür şərdən uzaq durun. 23Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun. 24Sizi çağıran Allah sadiqdir və bunu edəcək. 25Qardaşlar, bizim üçün dua edin. 26Bütün bacı-qardaşları müqəddəs öpüşlə salamlayın. 27Rəbb naminə sizə and verirəm ki, bu məktubu bütün bacı-qardaşlara oxuyun. 28Rəbbimiz İsa Məsihin lütfü sizə yar olsun!