Paulun Timoteyə Birinci Məktubu

GİRİŞ

Gənc məsihçi Timotey Likaonyanın Listra şəhərində anadan olmuşdu. Onun atası Yunan, anası isə Yəhudi idi. Timotey müjdəçilik işində Paula köməkçi və əməkdaş oldu. Paulun «Timoteyə Birinci Məktubu» üç əsas məsələni həll edir.
Məktub ilk növbədə imanlı cəmiyyətində verilən yanlış təlimə qarşıdır. Bu təlim Yəhudi və Yəhudi olmayanların ideyalarının qarışığı idi. Bu yanlış təlimə görə fiziki dünya şərdir və buna əsasən bəzi yeməklərdən imtina etməklə, xüsusi gizli biliyə malik olmaqla və evlənməməklə xilasa nail olmaq olar. Məktubda həm də imanlı cəmiyyətinin idarə olunmasına və ibadətə aid təlimatlar var. Bundan əlavə, burada imanlı cəmiyyətinin rəhbərlərinin və köməkçilərinin davranışının necə olması göstərilir.
Nəhayət, Paul Timoteyə İsa Məsihin yaxşı xidmətçisi olması üçün və imanlıların müxtəlif qruplarına qarşı məsuliyyətinə aid məsləhətlər verir.
Kitabın məzmunu:
1:1-2 Salamlar
1:3–3:13 İmanlı cəmiyyətinin xidmətçilərinə aid təlimatlar
3:14–4:5 Möminliyin böyük sirri
4:6–6:21 Timoteyə verilən təlimat

1 Timoteyə 1

1Xilaskarımız Allahın və ümidimiz olan Məsih İsanın əmrinə görə Məsih İsanın həvarisi mən Pauldan  2imanda mənə əsl oğul olan Timoteyə salam! Ata Allahdan və Rəbbimiz Məsih İsadan sənə lütf, mərhəmət və sülh olsun!

Yanlış təlimlərdən çəkinin

3Makedoniyaya gedərkən mən səndən xahiş etdiyim kimi Efesdə qal və bəzi insanlara əmr et ki, yad təlim yaymasınlar,  4əfsanə və bitməz-tükənməz nəsil şəcərələri ilə məşğul olmasınlar. Çünki bu şeylər Allahın niyyətinin imanla yerinə yetməsi üçün faydalı deyil, əksinə, boş mübahisələrə səbəb ola bilər.  5Bu əmrin məqsədi pak ürəkdən, təmiz vicdandan və riyasız imandan gələn məhəbbətdir.  6Bəzi adamlar isə bunlardan azaraq boşboğazlığa qapıldılar.  7Qanun müəllimi olmaq istəyirlər, amma nə söylədikləri sözləri, nə də üstündə durduqları mövzuları anlayırlar.  8Biz bilirik ki, kimsə Qanundan qanuni şəkildə istifadə edərsə, Qanun yaxşıdır.  9Bunu da bilirik ki, Qanun saleh üçün deyil, qanunsuzlar və itaətsizlər, allahsızlarla günahkarlar, müqəddəs olmayanlar və Allahla əlaqəsi olmayanlar, ata və analarını öldürənlər, qatillər,  10əxlaqsızlar, kişibazlar, adam oğruları, yalançılar, andı pozanlar və sağlam təlimə zidd olan bütün başqaları üçün qoyulmuşdur.  11Bəxtiyarlıq mənbəyi olan Allahın mənə əmanət etdiyi izzətli Müjdəyə görə bu belədir.

Allah mərhəmətlidir

12Mənə qüvvət verən Rəbbimiz Məsih İsaya şükür edirəm ki, məni sadiq sayıb Öz xidmətinə təyin etdi.  13Əvvəllər Ona küfr edən, təqibçi və söyüşkən olduğum halda mənə mərhəmət edildi. Çünki nə etdimsə, cahillik və imansızlıq üzündən etdim.  14Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.  15Məsih İsa günahkarları xilas etmək üçün dünyaya gəldi, bu söz etibarlı və tamamilə qəbul olunmağa layiq sözdür. O günahkarlardan ən betəri mənəm.  16Lakin ən betəri olduğum halda mənə buna görə mərhəmət edildi ki, Məsih İsa mənim vasitəmlə hədsiz səbrini göstərsin. Ona görə ki gələcəkdə Ona iman edib əbədi həyata malik olanlara mən nümunə olum.  17Əsrlərin Padşahı, ölməz, görünməz və bir olan Allaha əbədi olaraq hörmət və izzət olsun! Amin.  18Oğlum Timotey, əvvəlcədən sənin haqqında söylənən peyğəmbərlik sözlərinə əsasən bu əmri sənə həvalə edirəm ki, bu sözlərə güvənərək yaxşı mübarizə aparasan,  19imana və təmiz vicdana sarılasan. Bəziləri təmiz vicdanı rədd edərək imanlarını qəzaya uğrayan gəmi kimi batırdılar.  20Himeney və İsgəndər də onlardandır. Küfr etməməyi öyrənsinlər deyə onları Şeytana təslim etdim.

1 Timoteyə 2

Dua və ibadət

1Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.  2

Dua və ibadət

Hər şeydən əvvəl xahiş edirəm: möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün, bütün insanlar, o cümlədən, padşahlar və hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin.  3Çünki bu yaxşıdır və Xilaskarımız Allahı razı salır.  4O bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir.  5Çünki bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır.  6O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.  7Mən də həmin şəhadətin vaizi və həvarisi təyin edildim – yalanı deyil, həqiqəti söyləyirəm. Başqa millətlərə iman və həqiqət öyrədən müəllim oldum.  8Buna görə istəyirəm ki, kişilər qəzəblənmədən, mübahisə etmədən hər yerdə müqəddəs əllər qaldırıb dua etsinlər,  9qadınlar da ədəbli görkəmlə, abır-həya və ağıl-kamalla bəzənsinlər. Dəbdəbəli saç düzümü ilə, qızıllarla, mirvarilərlə və yaxud bahalı paltarlarla deyil,  10mömin olduqlarını bəyan edən qadınlara yaraşan tərzdə xeyirli işlərlə bəzənmələrini istəyirəm.  11Qadın sakitlik və tam bir tabelik içində öyrənsin;  12qadının öyrədib kişiyə ağalıq etməsinə izin vermirəm, qadın sakit olsun.  13Çünki ilk yaradılan Adəm oldu, sonra Həvva.  14Aldadılan da Adəm deyildi, qadın aldadılıb əmri pozdu;  15amma qadın doğuşla xilas olacaq, bir şərtlə ki ağıl-kamalla imanda, məhəbbətdə və müqəddəslikdə yaşamağa davam etsin.

1 Timoteyə 3

İmanlılar cəmiyyətinin başçıları

1Bu söz etibarlıdır: kim cəmiyyətdə nəzarətçi olmağa can atırsa, xeyirli iş arzu edir.  2Nəzarətçi nöqsansız, tək arvadlı olaraq ona sadiq, ayıq, ağıllı-kamallı, ədəbli, qonaqpərvər olmalı, öyrətməyi bacarmalıdır.  3Şərab düşkünü olmamalı; zorakı deyil, mülayim olmalı; davakar və pulpərəst olmamalıdır.  4Öz evini yaxşı idarə etməli, tam bir ləyaqətlə uşaqlarını öz tabeliyində saxlamalıdır.  5Öz şəxsi evini idarə edə bilməyən Allahın cəmiyyətinin qayğısına necə qala bilər?  6Nəzarətçi yeni iman etmiş adam olmamalıdır. Yoxsa qürurlanıb iblisin uğradığı eyni mühakiməyə uğraya bilər.  7Kənar insanlar tərəfindən də yaxşı bir insan kimi tanınmalıdır. Belə ki iblisin qurduğu tora düşüb utandırılmasın.  8Cəmiyyət xidmətçiləri də ləyaqətli olmalıdır. Riyakar, şərab düşkünü yaxud haqsız qazanca həris olmamalıdır.  9İman sirrini təmiz vicdanla saxlamalıdırlar.  10Onlar da əvvəlcədən sınaqdan keçsinlər, əgər nöqsanları olmazsa, o zaman xidmət etsinlər.  11Qadınlar da böhtançı deyil, ləyaqətli, ayıq və hər şeydə sadiq olmalıdırlar.  12Xidmətçilər tək arvadlı olaraq ona sadiq olsun, öz uşaqlarını və evlərini yaxşı idarə etsinlər.  13Çünki yaxşı xidmət edənlər özləri üçün yaxşı bir mövqe və Məsih İsaya olan imanlarında böyük cəsarət qazanırlar.

Böyük sirr

14Tezliklə yanına gəlmək ümidi ilə bu şeyləri sənə yazıram ki,  15əgər geciksəm belə, sən Allahın ev xalqı arasında necə həyat sürmək lazım olduğunu biləsən. Bu xalq var olan Allahın cəmiyyəti, həqiqətin dirəyi və bünövrəsidir.  16Şübhəsiz ki, möminliyin sirri böyükdür: O, cismən zühur etdi,

Ruh tərəfindən təsdiq olundu,

Mələklərə göründü,

Millətlərə vəz olundu,

Dünyada Ona iman edildi,

İzzətlə göyə çəkildi.

1 Timoteyə 4

İmandan dönüş

1Ruh aydın şəkildə deyir ki, gələcəkdə bəziləri imandan dönəcək, aldadıcı ruhlara və cinlərin təlimlərinə qulaq asacaqlar.  2Bu təlimlər yalançıların ikiüzlülüyü ilə yayılır. Onların vicdanı sanki yanıq yarası kimi hissiyyatını itirmişdir.  3Bu yalançılar evlənməyi qadağan edir və bəzi yeməklərdən çəkindirirlər. Amma Allah bu yeməkləri iman edib həqiqəti dərk edənlərin şükürlə qəbul etməsi üçün yaradıb.  4Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir.  5Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.

Məsihin yaxşı xidmətçisi

6Bunları bacı-qardaşlara öyrətsən, imanın və əməl etdiyin yaxşı təlimatın sözləri ilə qidalanaraq Məsih İsanın yaxşı bir xidmətçisi olarsan.  7Allahsız, axmaq qoca qarı əfsanələrindən uzaq dur. Mömin olmaq üçün özünü yetişdir.  8Bədən məşqinin az faydası olur, möminlik isə hər şey üçün faydalıdır, çünki bunda indi və gələcək üçün həyat vədi var.  9Bu söz etibarlıdır və tamamilə qəbul olunmağa layiq sözdür.  10Ona görə də biz zəhmət çəkir və mübarizə aparırıq. Çünki ümidimizi bütün insanların, xüsusən iman edənlərin Xilaskarı, var olan Allaha bağlamışıq.  11Bunları buyur və öyrət.  12Gənc olduğun üçün qoy heç kim sənə xor baxmasın. Amma sözdə, həyat tərzində, məhəbbətdə, imanda, paklıqda imanlılara nümunə ol.  13Mən gəlincə Müqəddəs Yazıları hamıya oxumaqla, nəsihət verməklə, təlim verməklə məşğul ol.  14Ağsaqqallar əllərini sənin üzərinə qoyanda sənə peyğəmbərlik sözü ilə verilən səndə olan ruhani ənama etinasızlıq etmə.  15Bunların hamısına səy göstərərək özünü həsr et ki, sənin inkişafın hamıya aşkar olsun.  16Özünə və verdiyin təlimə diqqətli ol. Bu işlərlə məşğul olmağa davam et. Çünki bunu etməklə həm özünü, həm də səni dinləyənləri xilas edəcəksən.

1 Timoteyə 5

İmanlılar cəmiyyətində məsuliyyətlər

1Ağsaqqalla sərt danışma, ona ata kimi, cavanlara isə qardaş kimi,  2ağbirçəklərə ana kimi, gənc qadınlara tamamilə saf ürəklə bir bacı kimi nəsihət ver.  3Həqiqi dul qadınlara hörmət et.  4Lakin əgər bir dul qadının uşaqları ya da nəvələri varsa, bunlar əvvəlcə öz ailələrinə yardım edərək möminliyi, yaşlı ailə üzvlərinə də haqqını verməyi öyrənsinlər. Çünki bu, Allahı razı salır.  5Həqiqətən, dul qalıb kimsəsiz olan qadın öz ümidini Allaha bağlamışdır, gecə-gündüz Ona yalvarmağa və dua etməyə davam edir.  6Keflə yaşayan dul qadınsa yaşadığı halda ölüdür.  7Nöqsansız olmaqları üçün bu əmrləri tapşır.  8Öz yaxınlarının, xüsusən, ailə üzvlərinin qayğısına qalmayan insan imanı inkar etmiş və imansızdan betərdir.  9Qoy bir dul qadının adı dullar siyahısına bu şərtlə yazılsın: ən azı altmış yaşına çatmış, ərinə sadiq olmuş,  10etdiyi yaxşı işlərlə tanınmış olsun, məsələn, uşaqlar böyütmüş, qonaqpərvərlik göstərmiş, müqəddəslərin ayaqlarını yumaqla xidmət etmiş, əziyyət çəkənlərə yardım etmiş, hər cür xeyirli işlə məşğul bir şəxs olmalıdır.  11Altmış yaşa çatmamış dul qadınları isə siyahıya yazma. Çünki cismani istəkləri Məsihə bağlılıqlarına qalib gələn kimi ərə getmək istəyərlər.  12Beləcə verdikləri ilk sözdən çıxdıqları üçün mühakiməyə məruz qalırlar.  13Eyni zamanda evdən evə gəzərək tənbəlliyə öyrənərlər. Yalnız tənbəllik deyil, lazım olmayan sözlər danışaraq qeybət edərlər, başqalarının işlərinə burunlarını soxarlar.  14Beləliklə, yaşa dolmamış dul qadınların ərə getməsini, uşaq doğmasını, evini idarə etməsini, düşmənə heç bir böhtan atmaq fürsətini verməməsini istəyirəm.  15Artıq bəziləri azıb Şeytanın ardınca getmişdir.  16İmanlı bir qadının dul qadın yaxınları varsa, qoy onlara yardım etsin. İmanlılar cəmiyyəti belə yükün altına girməsin ki, həqiqi dul qadınlara yardım edə bilsin.  17Cəmiyyəti yaxşı idarə edən ağsaqqallar, xüsusən, vəz və təlim işində zəhmət çəkənlər maddi və mənəvi cəhətdən təmin olunmağa layiq görülsün.  18Çünki Müqəddəs Yazıda belə deyilir: «Xırman çəkən öküzün ağzını bağlama» və «işçi öz haqqına layiqdir».  19İki yaxud üç şahid olmadıqda bir ağsaqqala qarşı olan ittihama əhəmiyyət vermə.  20Günah işlədən ağsaqqalları hamının qarşısında məzəmmət et ki, digərləri də günah işlətməkdən qorxsun.  21Allahın, Məsih İsanın və seçilmiş mələklərin önündə sənin öhdənə qoyuram ki, ayrı-seçkilik salmadan, tərəfkeşlik etmədən bu təlimatlara riayət edəsən.  22Heç kimin üzərinə tələsərək əl qoyma, başqalarının günahlarına şərik olma, özünü pak saxla.  23Yalnız su içməkdən vaz keç; mədənə və tez-tez baş verən xəstəliklərinə görə bir az şərab da iç.  24Bəzi insanların günahları mühakiməyə düşəndən əvvəl də bəllidir, digərlərininki isə sonradan ortaya çıxar.  25Beləcə yaxşı işlər də qabaqcadan bəllidir, bəlli olmayanlar da gizli qala bilməyəcək.

1 Timoteyə 6

1Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar ki, Allahın adına və təliminə küfr söylənməsin.  2Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır. Bu şeyləri öyrət və nəsihət ver.

Allah yoluna bağlılıq

3Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə,  4o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır;  5pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir.  6Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir.  7Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik.  8Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik.  9Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar.  10Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.  11Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get.  12İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin.  13Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki,  14Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et.  15Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır.  16Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin.  17Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər.  18Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər.  19Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı bərk tutsunlar.  20Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur.  21Bəziləri bu biliyə sahib olduqlarını iddia edərək imandan azdılar. Sizə lütf olsun!