Yaqubun Məktubu

GİRİŞ

«Yaqubun Məktubu» «millətlər arasına səpələnmiş on iki qəbiləyə» ünvanlanıb. Bu məktubda təcrübi təlimatlar və öyüd-nəsihətlər var. Müəllif məsihçi münasibətlərini və davranışını öyrətmək üçün məcazi mənada bir çox ifadələr işlədir. Yaqub məsihçi nöqteyi-nəzərindən bir çox mövzulara toxunur. O öz məktubunda var-dövlət, yoxsulluq, sınaqlar, yaxşı davranış, iman və əməllər, dilimizdəki sözlər, müdriklik, münaqişələr, qürur və itaətkarlıq, başqalarını mühakimə etmək, öyünmək, səbir və digər vacib mövzulardan yazır. Yaqubun məktubu məsihçilərə imanla bərabər əməlləri də tətbiq etməyi vurğulayır.
Kitabın məzmunu:
1:1-18 Sınaqlara dözmək
1:19-27 Eşitmək və icra etmək haqqında
2:1-13 Var-dövlət və yoxsulluq
2:14-26 İman və əməllər
3:1-12 Dil haqqında
3:13-18 Həqiqi müdriklik
4:1-17 Allaha tabe olmaq haqqında
5:1-6 Varlılara xəbərdarlıq
5:7-20 Səbir haqqında

Yaqub 1

1Allahın və Rəbb İsa Məsihin qulu mən Yaqubdan millətlər arasına səpələnmiş on iki qəbiləyə salam!

Sınaqlara dözmək

2Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin.  3Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır.  4Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.  5Əgər sizlərdən birinin müdrikliyi çatışmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək.  6Amma qoy heç şübhə etmədən, imanla diləsin. Çünki şübhə edən adam küləyin qaldırdığı və hərəkətə gətirdiyi dəniz dalğasına bənzəyir.  7Qoy belə adam düşünməsin ki, Rəbdən bir şey alacaq.  8O qərarsızdır, heç bir yolunda sabit deyil.  9Qoy həqir qardaş öz ucalığı ilə fəxr etsin,  10varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək.  11Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq.  12Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.  13Sınağa düşəndə qoy heç kim «Allah məni sınağa çəkir» deməsin. Çünki Allah pisliklə sınağa çəkilmir və Özü də heç kimi sınağa çəkmir.  14Lakin hər kəs öz ehtirası ilə aparılıb yoldan çıxarılaraq sınağa çəkilir.  15Sonra ehtiras boylu qalıb günah doğurur. Günah da yetişəndə ölüm törədir.  16Ey sevimli qardaşlarım, aldanmayın:  17hər yaxşı bəxşiş və hər kamil hədiyyə yuxarıdan, Özündə heç bir dəyişiklik ya dönüklük kölgəsi olmayan nurlar Atasından gəlir.  18O Öz iradəsinə görə həqiqət kəlamı ilə doğulmağımıza səbəb oldu ki, biz Onun yaratdıqlarının bir növ nübarı olaq.

Eşitmək və icra etmək

19Beləliklə, ey sevimli qardaşlarım, qoy hər bir adam eşitməkdə cəld, söz söyləməkdə təmkinli və qəzəblənməkdə də təmkinli olsun.  20Çünki insanın qəzəbi Allahın salehliyini hasil etmir.  21Buna görə də hər cür murdarlığı və dolub-daşan pisliyi kənara ataraq ürəyinizə əkilən, canlarınızı xilas etməyə qadir olan kəlamı həlimliklə qəbul edin.  22Bu kəlamın icraçısı olun, yalnız eşidənlər olub özünüzü aldatmayın.  23Çünki kəlamı eşidən, amma icraçısı olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir:  24O öz-özünə baxır, kənara çəkilir və dərhal necə olduğunu unudur.  25Lakin kamil qanuna, azadlıq qanununa diqqətlə baxıb ona bağlı qalan şəxs unutqan eşidən deyil, əməldə icraçıdır; belə adam öz işində nə bəxtiyardır!  26Əgər sizdən biri özünün mömin olduğunu düşünür, amma ürəyini aldadıb öz dilini yüyənləmirsə, onun möminliyi puçdur.  27Ata Allahın hüzurunda pak və nöqsansız möminlik budur: yetimlərə və dullara onların əziyyətlərində qayğı göstərmək və özünü dünyadan qoruyub ləkəsiz olmaq.

Yaqub 2

1Qardaşlarım, izzətli Rəbbimiz İsa Məsihə iman edənlər olaraq insanlar arasında tərəfkeşlik etməyin.  2Məsələn, toplandığınız yerə qızıl üzüklü, gözəl geyinmiş bir adamla eyni vaxtda kasıb, nimdaş paltarlı adam da gələrsə,  3gözəl geyinmiş adama diqqət yetirib «buyurun, burada əyləşin», kasıba da «sən orada dur» və yaxud «yerdə otur» deyərsinizsə,  4öz aranızda ayrı-seçkilik edib pis fikirli hakimlər kimi davranmırsınızmı?  5Ey sevimli qardaşlarım, dinləyin: Allah bu dünyada kasıbları imanda zənginləşmək və Onu sevənlərə vəd etdiyi Padşahlığın varisi olmaq üçün seçmədimi?  6Sizsə kasıbı hörmətdən saldınız. Məgər sizi sıxışdıran varlılar deyilmi? Sizi məhkəmələrə çəkən onlar deyilmi?  7Sizin məxsus olduğunuz Şəxsin şərəfli adına küfr edən onlar deyilmi?  8Əgər siz «qonşunu özün kimi sev» deyən Müqəddəs Yazıya görə Padşahınız Allahın qanununa həqiqətən əməl edirsinizsə, yaxşı edirsiniz.  9Amma əgər insanlar arasında tərəfkeşlik edirsinizsə, günah etmiş olursunuz və Qanuna əsasən onu pozanlar kimi məhkum olunursunuz.  10Çünki kim Qanunun hamısına riayət edərək birində büdrəyirsə, o bütün Qanuna qarşı təqsirkar olur.  11Çünki «zina etmə» deyən, «qətl etmə» də demişdir. Əgər zina etməyib qətl edirsənsə, sən Qanunu pozmuş olursan.  12Azadlıq qanunu ilə mühakimə olunacaq adamlar kimi danışın və bu cür davranın.  13Çünki mərhəmət göstərməyən mərhəmətsiz mühakimə olunur. Mərhəmət mühakiməyə qalib gəlir.

İman və əməllər

14Qardaşlarım, əgər bir kimsə yaxşı əməlləri olmadığı halda imanının olduğunu bildirirsə, bunun xeyri nədir? Belə iman onu xilas edə bilərmi?  15Əgər qardaş-bacılardan birinin paltarı və gündəlik yeməyi yoxdursa  16və sizdən biri ona «arxayın get, isin və qarnını doydur» deyib onların yaşayışı üçün lazım olanları vermirsə, nə faydası var?  17İman da elədir, əgər yaxşı əməlləri yoxdursa, özü-özlüyündə ölüdür.  18Lakin kimsə belə deyə bilər: «Sənin imanın var, mənim də əməllərim». Sən imanını mənə əməlsiz göstər, mən də sənə imanımı əməllərimlə göstərəcəyəm.  19Sən Allahın bir olduğuna inanırsansa, yaxşı edirsən. Cinlər də buna inanır və əsirlər!  20Ey ağılsız adam, əməlsiz imanın puç olduğuna sübut istəyirsənmi?  21Atamız İbrahim öz oğlu İshaqı qurbangahda Allaha təqdim edəndə əməllərlə saleh sayılmadımı?  22Görürsən, iman onun əməlləri ilə birgə fəaliyyətdə idi və iman əməllərlə tamamlanmışdır.  23Beləliklə, «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı» deyən Müqəddəs Yazı belə yerinə yetdi və İbrahim Allahın dostu adlandırıldı.  24Görürsünüz ki, insan yalnız imanla deyil, əməlləri ilə də saleh sayılır.  25Eyni tərzdə məgər fahişə Raxav belə, qasidləri qəbul edib başqa yolla geri göndərərək öz əməlləri ilə saleh sayılmadımı?  26Çünki ruhsuz bədən ölü olduğu kimi əməlsiz iman da ölüdür.

Yaqub 3

Dil haqqında

1Qardaşlarım, bildiyiniz kimi biz müəllimlər daha ciddi bir mühakimədən keçəcəyik. Bu səbəbə görə də çoxunuz müəllim olmayın.  2Çünki hamımız çox büdrəyirik. Sözləri ilə büdrəməyən bir kimsə bütün bədəni də yüyənləyə bilən kamil bir insandır.  3Bizə itaət etsinlər deyə atların ağzına yüyən taxırıq, beləcə bütün bədənlərini döndəririk.  4Bax gəmilər də böyük olduqları və güclü küləklər tərəfindən aparıldıqları halda sükançının könlü haraya istəyirsə, kiçicik bir sükanla oraya dönür.  5Dil də elədir, bədənin kiçik üzvüdür, amma çox öyünür. Baxın, balaca bir qığılcım böyük bir meşəni yandırır!  6Dil də oddur. Dil bədən üzvlərimizin arasında haqsızlıq dünyasıdır. O bütün bədənimizi ləkələyir və özü cəhənnəmdən odlandırıldığı kimi həyatımızın gedişatını da odlandırır.  7Çünki istər heyvanların, istərsə də quşların, istər sürünənlərin, istərsə də dəniz məxluqlarının hər cinsi insan nəsli tərəfindən əhliləşdirilir və əhliləşdirilmişdir.  8Amma dili heç bir insan əhliləşdirə bilmir. Dil qarşısıalınmaz bəladır və öldürücü zəhərlə doludur.  9Dilimizlə Rəbb Ataya alqış edirik. Dilimizlə də Allahın surətində yaradılmış insanları lənətləyirik.  10Alqış və lənət eyni ağızdan çıxır. Qardaşlarım, bu belə olmamalıdır.  11Bir bulağın eyni gözündən şirin və acı su çıxarmı?  12Qardaşlarım, əncir ağacı zeytun və üzüm tənəyi də əncir yetişdirə bilərmi? Eləcə də şor bulaqdan şirin su gələ bilməz.

Həqiqi müdriklik

13Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o öz yaxşı həyat tərzi ilə, müdriklikdən yaranan həlimliklə yaxşı əməllərini göstərsin.  14Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin.  15Belə müdriklik yuxarıdan nazil olan müdriklik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklikdir.  16Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pis əməl vardır.  17Amma yuxarıdan nazil olan müdriklik əvvəla safdır, sonra da sülhpərvərdir, mülayimdir, itaətlidir, mərhəmət və xeyirli bəhrələrlə doludur, qərəzsizdir, riyasızdır.  18Sülh yaradanların əkdiyi sülh toxumlarından salehlik bəhrəsi yetişir.

Yaqub 4

Allaha tabe olun

1Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi?  2Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz.  3Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz.  4Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər.  5Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir?  6Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır,

İtaətkarlara isə lütf göstərər».

7Buna görə də Allaha həsr olunun. İblisə qarşı durun və o sizdən qaçacaq.  8Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın!  9Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün!  10Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq.  11Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən.  12Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?  13İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq».  14Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır.  15Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz.  16İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir.  17Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir.

Yaqub 5

Varlılara xəbərdarlıq

1İndi isə, ey varlılar, başınıza gələcək kədərli hadisələrə görə fəryad edib ağlayın!  2Var-dövlətiniz çürüyüb, paltarlarınızı da güvə yeyib.  3Qızıl-gümüşünüz paslanıb. Onların pası sizə qarşı şahidlik edəcək və ətinizi od kimi yandırıb-yaxacaq. Bu axır zamanda var-dövlət yığmısınız.  4Bax zəmilərinizi biçən işçilərdən hiyləgərcəsinə gizlətdiyiniz əmək haqqı sizə qarşı haray çəkir. Biçinçilərin fəryadı Ordular Rəbbinin qulaqlarına çatıb!  5Siz yer üzündə firavan yaşayıb kef çəkmisiniz. Boğazlanma günündə də özünüzü kökəldirsiniz!  6Sizə müqavimət göstərməyən salehi məhkum edib öldürdünüz.

Səbirli olun

7Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir.  8Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır.  9Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur!  10Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.  11Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik. Əyyubun dözümü barəsində eşitmisiniz və Rəbbin axırda nə etdiyini də gördünüz, çünki Rəbb çox rəhmli və mərhəmətlidir.  12Lakin hər şeydən əvvəl, qardaşlarım, nə göyə, nə yerə, nə də başqa bir şeyə and için. Qoy sizdə «bəli»niz bəli, «xeyr»iniz xeyr olsun ki, mühakiməyə düşməyəsiniz.  13Aranızda əzab çəkən varmı? Qoy dua etsin. Şadlanan varmı? Qoy ilahi oxusun.  14Aranızda xəstə olan varmı? Qoy imanlılar cəmiyyətinin ağsaqqallarını çağırtdırsın. Onlar da Rəbbin adına onu yağla məsh edərək dua etsinlər.  15İmanla edilən dua xəstəni sağaldacaq və Rəbb onu ayağa qaldıracaq. Əgər o adam günah edibsə, bağışlanacaq.  16Beləliklə, günahlarınızı bir-birinizə etiraf edin və bir-biriniz üçün dua edin ki, sağalasınız. Saleh adamın duası çox güclü və təsirlidir.  17İlyas təbiətcə bizim kimi bir adam idi və o səylə dua etdi ki, yağış olmasın. Üç il altı ay torpağa yağış yağmadı.  18O yenə də dua etdi və göy yağış yağdırdı, torpaq da barını verdi.  19Qardaşlarım, əgər aranızdan biri haqq yolundan azar və kimsə onu doğru yola qaytararsa,  20qoy bilsin ki, günahkarı azdığı yolundan qaytaran onun canını ölümdən xilas edər və bir çox günahın üstünü örtər.