Yəhyanın Birinci Məktubu

GİRİŞ

«Yəhyanın Birinci Məktubu»nun yazılmasında iki məqsəd var: imanlıları Allahla və Onun Oğlu İsa Məsihlə sıx ünsiyyətdə yaşamağa çağırmaq; bu ünsiyyəti məhv edə bilən yanlış təlim yayanlara qarşı xəbərdarlıq.
Bu yanlış təlimdə bildirilirdi ki, şər cismani dünya ilə təmasdan yaranır və Allahın Oğlu İsa Məsih insan təbiətinə malik deyil. Bu müəllimlər öyrədirdi ki, insan xilas tapmaq üçün bu dünyanın qayğılarından tam azad olmalıdır. Onlar həm də məsihçi imanlısı üçün mənəviyyatın və yaxınını sevməyin mühüm olduğunu inkar edirdilər.
Yəhya bütün bunlara qarşı durub aydın öyrədir ki, İsa, həqiqətən, insan idi. O həm də bəyan edir ki, İsa Məsihə iman edib Allahı sevənlər bir-birini də sevməlidir.
Kitabın məzmunu:
1:1-4 Həyat Kəlamı
1:5–2:17 Nur və qaranlıq
2:18-29 Məsihin əleyhdarı
3:1-24 Allahın övladları
4:1-6 Ruhları tanımaq barəsində
4:7-21 Allah məhəbbətdir
5:1-21 Qalib gələn iman və əbədi həyat

1 Yəhya 1

Həyat Kəlamı

1Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik.  2Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik.  3Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə ünsiyyətiniz (şərikliyiniz) olsun; bizim ünsiyyətimiz (şərikliyimiz) də Ata və Onun Oğlu İsa Məsihlədir.  4Biz bunları yazırıq ki, sevincimiz kamil olsun.

Nurda yaşayın

5Məsihdən eşitdiyimiz və sizə elan etdiyimiz xəbər budur: Allah nurdur və Onda zərrə qədər də qaranlıq yoxdur.  6Əgər biz «Allahla şərikliyimiz var» dediyimiz halda qaranlıqda gəziriksə, demək, yalan danışırıq və həqiqətə əməl etmirik.  7Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.  8Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur.  9Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.  10Əgər günahkar olmadığımızı iddia ediriksə, onda Onu yalançı yerinə qoyuruq və daxilimizdə Onun sözü olmur.

1 Yəhya 2

1Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.  2O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.  3Onu tanıdığımızı bundan bilirik ki, Onun əmrlərinə riayət edirik.  4Kim «Onu tanıyıram» deyir, amma Onun əmrlərinə riayət etmirsə, yalançıdır və onun daxilində həqiqət yoxdur.  5Lakin kim Onun sözünə riayət edirsə, Allah məhəbbəti onda, həqiqətən, kamilliyə çatıb. Bundan bilirik ki, biz Allahdayıq.  6Kim Onda qaldığını deyirsə, İsa Məsihin həyat sürdüyü kimi həyat sürməlidir.  7Sevimlilər, sizə yeni əmr yazmıram, əvvəldən bəri malik olduğunuz qədim bir əmri yazıram; qədim əmr isə eşitdiyiniz sözdür.  8Yenə də sizə yeni bir əmr yazıram; bunun həqiqi olduğu Məsihdə və sizdə görünür. Çünki qaranlıq keçir və həqiqi nur artıq parlayır.  9Kim nurda olduğunu deyir, amma qardaşına nifrət edirsə, hələ də qaranlıqdadır.  10Qardaşını sevən nurda qalır və onda büdrəmə səbəbi yoxdur.  11Amma qardaşına nifrət edən qaranlıqdadır. O, qaranlıqda gəzir və hara getdiyini bilmir, çünki qaranlıq onun gözlərini kor edib.  12Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb.  13Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz.  14Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz.  15Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur.  16Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir.  17Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.

Məsih əleyhdarı

18Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır.  19Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın.  20Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz.  21Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur.  22Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır.  23Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir.  24Sizin əvvəldən bəri eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə qalsa, siz də Oğul və Atada qalarsınız.  25Onun bizə verdiyi vəd budur: əbədi həyat!  26Bunları sizi aldatmaq istəyənlər barəsində yazıram.  27Sizə gəlincə, Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın.

Allahın övladları

28Beləliklə, ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq.  29Əgər Onun saleh olduğunu bilirsinizsə, həm də bilin ki, saleh iş görən hər kəs Ondan doğulub.

1 Yəhya 3

1Görün Ata bizə necə məhəbbət göstərib ki, biz Allahın övladları adlanırıq! Doğrudan da, beləyik! Dünya Onu tanımadığına görə bizi də tanımır.  2Ey sevimlilər, indi biz Allahın övladlarıyıq, amma nə olacağımız hələ üzə çıxmayıb. Lakin bilirik ki, Məsih zühur edəndə biz Ona bənzəyəcəyik, çünki Onu olduğu kimi görəcəyik.  3Ona bu cür ümid bağlayan hər kəs O pak olduğu kimi özünü pak edir.  4Günah edən hər kəs Qanunu da pozar, çünki günah Qanunu pozmaqdır.  5Siz bilirsiniz ki, Məsih günahları aradan qaldırmaq üçün zühur etdi. Onda günah yoxdur.  6Onda qalan hər kəs günahını davam etdirməz. Günahını davam etdirən hər kəs nə Onu görüb, nə də Onu tanıyır.  7Ey övladlar, heç kəs sizi aldatmasın; saleh iş görən şəxs Məsihin saleh olduğu kimi salehdir.  8Günahını davam etdirən şəxs iblisdəndir, çünki iblis başlanğıcdan bəri günah edir. Allahın Oğlu buna görə zühur etdi ki, iblisin əməllərini puça çıxarsın.  9Allahdan doğulan hər kəs günahını davam etdirməz, çünki Allahın toxumu onda qalır. O, günahını davam etdirə bilməz, çünki Allahdan doğulub.  10Kimin Allahın övladı, kiminsə iblisin övladı olması bundan aydın olur: saleh iş görməyən, həmçinin qardaşını sevməyən hər kəs Allahdan deyil.

Bir-birimizi sevək

11Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək.  12Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi.  13Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin.  14Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır.  15Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil.  16Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik.  17Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda necə qala bilər?  18Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək.  19Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.  20Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir.  21Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik  22və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük.  23Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək.  24Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik.

1 Yəhya 4

Ruhları sınayın

1Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb.  2Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır,  3İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır.  4Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür.  5Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır.  6Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq.

Allah məhəbbətdir

7Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır.  8Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir.  9Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq.  10Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi.  11Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək.  12Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur.  13Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib.  14Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi.  15Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır.  16Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar.  17Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik.  18Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil.  19Biz sevirik, çünki öncə O bizi sevdi.  20Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz.  21Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin.

1 Yəhya 5

Allahın Oğluna iman

1İsanın Məsih olduğuna inanan hər kəs Allahdan doğulub. Doğanı sevən ondan doğulanı da sevir.  2Biz Allahın övladlarını sevdiyimizi bundan anlayırıq ki, Allahı sevib Onun əmrlərinə əməl edirik.  3Çünki Allah məhəbbəti Onun əmrlərinə riayət etməyimizi tələb edir. Onun əmrləri isə ağır deyil.  4Çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır.  5Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsanın Allahın Oğlu olmasına inanan!  6Su və qanla gələn Şəxs həmin İsa Məsihdir. O yalnız su ilə deyil, su və qanla gəldi. Buna şəhadət edən Ruhdur, çünki Ruh həqiqətdir.  7Bəli, üç şahid var:  8Ruh, su və qan. Bunların üçü də bir-birinə uyğun gəlir.  9Biz insanların şəhadətini qəbul edirik, amma Allahın şəhadəti bundan üstündür. Çünki bu, Allahın şəhadətidir; O Öz Oğlu barədə şəhadət edib.  10Allahın Oğluna iman edən kəs öz daxilində bu şəhadətə malikdir. Amma Allaha inanmayan Onu yalançı yerinə qoyub. Çünki Allahın Öz Oğlu barədə verdiyi şəhadətə inanmayıb.  11Bu şəhadət ondan ibarətdir ki, Allah bizə əbədi həyat verib və bu həyat Onun Oğlundadır.  12Oğula malik olan şəxsin həyatı var, Allahın Oğluna malik olmayan şəxsin isə həyatı yoxdur.

Əbədi həyat

13Bunları sizə – Allahın Oğlunun adına iman edənlərə yazdım ki, əbədi həyata malik olduğunuzu biləsiniz.  14Biz Onun hüzurunda ona görə cəsarətlə danışa bilirik ki, Onun iradəsinə uyğun nəsə dilədikdə O bizi eşidir.  15Bilirik ki, nə diləyiriksə, O bizi eşidir; beləcə də bilirik ki, Ondan dilədiklərimizi alırıq.  16Əgər bir kəs qardaşının ölümə aparmayan günah etdiyini görsə, qoy Allahdan onun sağ qalmasını diləsin və beləcə ona – ölümə aparmayan günah edən kəsə həyat versin. Ölümə aparan günah da var. Demirəm ki, bu barədə Allahdan istəsin.  17Hər cür haqsızlıq günahdır, amma ölümə aparmayan günah da var.  18Bilirik ki, Allahdan doğulan hər kəs günahını davam etdirməz. Əksinə, Allahdan doğulan Oğul onu qoruyur və şər olan ona toxuna bilmir.  19Bilirik ki, biz Allahdanıq, amma bütün dünya şər olanın hakimiyyəti altındadır.  20Bunu da bilirik ki, Allahın Oğlu gəlib bizə Haqq Olanı tanımaq üçün dərrakə verdi. Biz də Haqq Olanda, Onun Oğlu İsa Məsihdəyik. Həqiqi Allah və əbədi həyat Odur. 21Ey övladlar, özünüzü bütlərdən qoruyun!