Nehemya

GİRİŞ

«Nehemya» Kitabı «Salnamələr» və «Ezra» Kitabları ilə sıx əlaqədədir. Kitabda yəhudilərin üçüncü hissəsinin sürgündən Yerusəlim şəhərinə qayıtmasından bəhs olunur. Kitabın baş qəhrəmanı olan Nehemya Fars padşahının sarayında yüksək vəzifə sahibi, həm də Allaha səmimi qəlblə bağlı bir şəxs idi. Nehemyanın qiymətli keyfiyyətlərindən biri də vaxtaşırı Allaha dua etməsi idi. O, çox fəal adam olduğuna görə sürgündən qayıdan həmvətənlərini ruhlandırıb onların ruhani həyatlarına istiqamət verirdi. Allah da vədlərinə sadiq qalıb Öz xalqına kömək edirdi.
Kitabın məzmunu:
1:1–2:20 Yerusəlimə səyahət
3:1–6:19 Divarın tikilməsi
7:1-73 Siyahıyaalma
8:1–11:36 Xalqın ruhani oyanması
12:1-26 Kahinlərin və Levililərin siyahıya alınması
12:27-43 Divarın təqdis edilməsi
12:44-47 Məbəddə ibadətin bərpa olunması
13:1-31 Nehemyanın qayda-qanunu bərpa etməsi

Nehemya 1

Nehemyanın Yerusəlim üçün qayğısı

1Xakalya oğlu Nehemyanın sözləri: Mən iyirminci ildə Kislev ayında Şuşan qalasında olarkən  2qardaşlarımdan biri Xanani və Yəhudadan bəzi adamlar gəldi. Mən onlardan əsirlikdən qurtulub qayıdan Yəhudilərlə Yerusəlim şəhəri barəsində soruşdum.  3Mənə belə dedilər: «Əsirlikdən qurtulub qayıdanlar orada – vilayətdə böyük məşəqqət və xəcalət içində yaşayır. Yerusəlimin divarı dağıdılıb, darvazaları isə yandırılmışdır».  4Bu sözləri eşitdikdə oturub ağladım. Günlərlə yas tutdum və göylər Allahının önündə oruc tutaraq dua edib belə dedim:

Nehemyanın duası

5«Ey göylərin Allahı Rəbb! Səni sevənlərlə, əmrlərinə əməl edənlərlə Öz əhdinə sadiq qalıb lütf göstərirsən. Ey böyük və zəhmli Allah!  6Yalvarıram, mənə diqqətlə qulaq as. Qulların olan İsrail övladları üçün gözlərini aç, Sənin önündə gecə-gündüz bu qulunun etdiyi duanı dinlə. Mən, biz İsrail övladlarının Sənə qarşı etdiyimiz günahları etiraf edirəm. Mən də, atalarım da günah etmişik.  7Hüzurunda təqsirimiz çoxdur. Qulun Musaya buyurduğun əmrlərə, qaydalara və hökmlərə əməl etmədik.  8 Yalvarıram, qulun Musaya “əgər xəyanət etsəniz, sizi xalqlar arasına səpələyəcəyəm.  9 Amma Mənə tərəf dönsəniz və əmrlərimi tutub onlara əməl etsəniz, göylərin o başına qovulsanız belə, oradan sizi toplayacağam. Adımı yaşatmaq üçün seçdiyim yerə gətirəcəyəm” deyə buyurduğun sözlərini xatırla.  10Onlar Sənin qulların və xalqındır. Böyük qüvvətinlə və qüdrətli əlinlə onları Sən qurtardın.  11Ya Xudavənd, yalvarıram, bu qulunun duasına və Sənin adına ehtiram etməkdən zövq alan qullarının duasına diqqətlə qulaq as! Yalvarıram, bu gün qulunun işini uğurlu et, qoy padşahın gözündə lütf tapsın». Mən o vaxt padşahın saqisi idim.

Nehemya 2

Artaxşastanın Nehemyanı Yerusəlimə göndərməsi

1Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili, Nisan ayı idi. Padşahın qarşısına şərab gətirildi. Mən şərab camını qaldırıb ona verdim. O günə qədər mən heç vaxt onun hüzurunda kədərli görünməmişdim.  2Padşah mənə dedi: «Üzün niyə belə qəmlidir? Xəstə olmasan da, hər halda ürəyin dərdlidir». Onda mən çox qorxdum.  3 Sonra padşaha dedim: «Padşah həmişə sağ olsun! Atalarımın dəfn edildiyi yer, şəhərimiz xaraba qalıb, darvazaları yandırılıb. Bəs mən necə kədərlənməyim?»  4Padşah isə mənə dedi: «Sən məndən nə diləyirsən?» Mən göylərin Allahına dua edərək padşaha dedim:  5«Əgər padşaha bu xoş gəlirsə və qulun sənin gözündə lütf tapıbsa, məni Yəhudaya, atalarımın dəfn edildiyi şəhərə göndər ki, oranı bərpa edə bilim».  6Mələkə də padşahın yanında oturmuşdu. Padşah mənə dedi: «Bu səfərin nə qədər çəkər? Nə vaxt qayıda bilərsən?» Məni göndərmək padşaha məqbul oldu və mən qayıdacağım vaxtı müəyyən etdim.  7Sonra mən padşaha dedim: «Əgər padşaha xoş gəlirsə, Fərat çayının qərbindəki torpaqların valiləri üçün mənə namələr verilsin ki, Yəhudaya çatana qədər məni vilayətlərindən keçirtsinlər.  8Həm də padşahın meşə nəzarətçisi Asəfə namə göndərilsin ki, məbədin yanındakı qala darvazalarına, şəhərin divarına və iqamətgahıma tirlər düzəltmək üçün mənə ağac versin». Allahın mərhəmətli əli üzərimdə olduğuna görə padşahdan nə istədimsə, mənə verdi.  9Fərat çayının qərbindəki valilərin yanına getdim və padşahın namələrini verdim. Padşah mənimlə birgə ordu zabitləri ilə atlıları da göndərmişdi.  10Xoronlu Sanballat və Ammonlu məmur Toviya İsrail övladlarının xeyrinə çalışan bir nəfərin gəldiyini eşitdikdə çox hirsləndilər.

Nehemyanın dağılmış divarlara nəzər salması

11Mən Yerusəlimə gəlib orada üç gün qaldım.  12Gecə ikən qalxıb özümlə bir neçə adam götürdüm. Yerusəlim üçün nə etmək barəsində Allahımın ürəyimə göndərdiyi fikirləri heç kəsə açmadım. Mindiyimdən başqa heç bir heyvan götürmədim.  13Gecə Dərə darvazasından çıxıb Əjdaha quyusuna və Peyin darvazasına doğru getdim, Yerusəlimin dağıdılan divarına və yandırılan darvazalarına nəzər saldım.  14Sonra Çeşmə darvazasına və Padşah hovuzuna tərəf getdim, lakin mindiyim heyvan o yerlərdən keçə bilmirdi.  15Həmin gecə vadi boyunca çıxaraq divarı gözdən keçirtdim. Sonra dönüb Dərə darvazasından girərək geri qayıtdım.  16Hökumət məmurları hara getdiyimi, nə etdiyimi bilmirdilər. Çünki Yəhudilərə, kahinlərə, əyanlara, məmurlara və digər vəzifəlilərə heç bir şey danışmamışdım.  17Mən onlara dedim: «Düşdüyümüz bu pis vəziyyəti görürsünüz; Yerusəlim xarabalığa çevrilmiş, darvazalarına isə od vurulmuşdur. Gəlin Yerusəlimin divarını bərpa edək ki, bir daha rüsvayçılıq içərisində qalmayaq».  18Mən Allahın mərhəmətli əlinin üzərimdə olduğunu bildirərək padşahın mənə dediyi sözləri onlara çatdırdım. Onlar belə dedilər: «Gəlin qalxaq, buraları bərpa edək». Bu xeyirli iş üçün hamı əlbir oldu.  19Lakin Xoronlu Sanballat, Ammonlu məmur Toviya və Ərəb Geşem bundan xəbər tutanda bizə xor baxaraq ələ salıb dedilər: «Bu nə işdir tutursunuz? Yoxsa siz padşaha qarşı üsyan qaldırırsınız?»  20Mən onlara cavab verərək dedim: «Göylərin Allahı işimizi uğurlu edəcək. Onun qulları olan bizlər qalxıb buranı bərpa edəcəyik. Sizin isə Yerusəlimdə nə payınız, nə haqqınız, nə də adınız olacaq».

Nehemya 3

Divarı tikənlər

1Baş kahin Elyaşiv ilə qardaşları qalxıb Qoyun darvazasını tikdilər. Sonra onu təqdis edib qapı taylarını yerinə qoydular. Onlar Yüz qülləsindən Xananel qülləsinə qədər olan divarı təqdis etdilər.  2Elyaşivin yanındakı hissədə Yerixo sakinləri tikdilər. Onların yanında İmri oğlu Zakkur tikdi.  3Balıqlar darvazasını Hassenaa oğulları tikdi. Onlar tirləri yerinə qoydular, qapı taylarını, rəzələrini və cəftələrini yerinə taxdılar.  4Onların yanında isə Haqqos oğlu Uriya oğlu Meremot bərpa işləri gördü. Meremotun yanında Meşezavel oğlu Berekya oğlu Meşullam bərpa işləri gördü. Onların yanında da Baana oğlu Sadoq bərpa etdi.  5Sadoqun yanında Teqoa sakinləri bərpa işləri gördülər, amma oranın əsilzadələri özlərinin Xudavəndinin işlərini görmək üçün qəddini əymədilər.  6Köhnə darvazasını Paseah oğlu Yoyada və Besodya oğlu Meşullam bərpa etdi. Onlar tirləri yerinə qoyub qapı taylarını, rəzələri və cəftələri taxdılar.  7Onların yanında Giveonlu Melatya, Meronotlu Yadon, Fərat çayının qərbindəki torpaqların valisinin hökmünə tabe olan Giveon və Mispa sakinləri bərpa işləri gördü.  8Onların yanında da zərgərlərdən Xarhaya oğlu Uzziel bərpa işləri gördü. Uzzielin yanında ətriyyatçılardan biri olan Xananya bərpa işləri gördü. Onlar Yerusəlimi Geniş divara qədər təzədən qurdular.  9Onların yanındakı divarı Yerusəlim əyalətinin yarı hissə rəisi Xur oğlu Refaya bərpa etdi.  10Xarumaf oğlu Yedaya isə onun yanında öz evinin qarşısında bərpa işləri gördü. Onunla yanaşı Xaşavneya oğlu Xattuş bərpa işləri görürdü.  11Xarim oğlu Malkiya və Paxat-Moav oğlu Xaşşuv başqa bir sahəni və Sobalar Qülləsini bərpa etdi.  12Malkiyanın və Xaşşuvun yanında Yerusəlim əyalətinin o biri yarısının rəisi Halloxeş oğlu Şallum qızları ilə birgə bərpa işləri gördü.  13Vadi darvazasını Xanun və Zanoah sakinləri bərpa etdi. Onlar darvazanı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdular. Peyin darvazasına qədər min qulac məsafəyə divarı bərpa etdilər.  14Peyin Darvazasını Bet-Hakkerem əyalətinin rəisi Rekav oğlu Malkiya bərpa etdi. Oranı təzədən tikib qapı taylarını, rəzələrini və cəftələrini yerinə vurdu.  15Çeşmə darvazasını Mispa əyalətinin rəisi Qal-Xoze oğlu Şallun bərpa edərək oranı təzədən tikib üstünü örtdü və qapı taylarını, rəzələrini, cəftələrini yerinə vurdu. O, Padşah bağçasının yanında Şelah hovuzunun divarını da Davudun şəhərindən enən pilləkənə qədər bərpa etdi.  16Şallundan sonra Bet-Sur əyalətinin yarı hissə rəisi Azbuq oğlu Nehemya divarı Davudun qəbrinin qarşısına, hovuza və əsgər qışlasına qədər tikdi.  17Ondan sonra isə Levililər Bani oğlu Rexumun rəhbərliyi altında bərpa işləri gördülər. Rexumun yanında Qeila əyalətinin yarı hissə rəisi Xaşavya öz əyaləti üçün bərpa işləri gördü.  18Xaşavyadan sonra onların qardaşları, Qaila əyalətinin yarı hissə rəisi Xenadad oğlu Binnuy bərpa işləri gördülər.  19Onun yanında Mispa əyalətinin rəisi Yeşua oğlu Ezer silah anbarına çıxan yolun qarşısından divarın küncünə qədər başqa sahəni bərpa etdi.  20Onun yanında Zabbay oğlu Baruk divarın küncündən baş kahin Elyaşivin evinin qapısına qədər olan başqa bir sahəni səylə bərpa etdi.  21Ondan sonra Haqqos oğlu Uriya oğlu Meremot, Elyaşivin evinin girişindən axırına qədər bərpa etdi.  22Ondan sonra isə o düzənlikdə yaşayan kahinlər bərpa işləri gördülər.  23Onlardan sonra Binyamin və Xaşşuv öz evlərinin yanındakı sahəni bərpa etdilər. Onlardan sonra Ananya oğlu Maaseya oğlu Azarya öz evinin yanındakı sahəni bərpa etdi.  24Azaryadan sonra Xenadad oğlu Binnuy Azaryanın evindən divarın künc-bucaqlarına qədər olan sahəni bərpa etdi.  25Uzay oğlu Palal divarın küncünün qarşısından və padşahın yuxarı sarayından irəli çıxan mühafizəçilər həyətinin yanında olan gözətçilik qülləsindən başlayaraq bərpa işləri gördü. Ondan sonra Paroş oğlu Pedaya ilə  26Ofeldə yaşayan məbəd qulluqçuları şərqə doğru Su darvazasının qarşısını və gözətçi qülləsinə qədər sahəni bərpa etdilər.  27Onların yanında Teqoa sakinləri böyük gözətçi qülləsindən Ofel divarınadək olan başqa bir sahəni bərpa etdilər.  28At darvazasının yuxarı hissəsində kahinlərdən hər biri öz evinin qabağını bərpa etdi.  29Kahinlərdən sonra İmmer oğlu Sadoq öz evinin qabağını bərpa etdi. Ondan sonra Şərq qapısının gözətçisi Şekanya oğlu Şemaya bərpa işləri gördü.  30Ondan sonra Şelemya oğlu Xananya və Salafın altıncı oğlu Xanun bir sahəni bərpa etdi. Xananya və Xanundan sonra Berekya oğlu Meşullam öz evinin qarşısını bərpa etdi.  31Ondan sonra Malkiya adlı bir zərgər məbəd qulluqçularının və tacirlərin Nəzarət darvazasının qarşısındakı binasına və divarın künc tərəfindəki otağa qədər sahəni bərpa etdi.  32Divarın künc tərəfindəki otağı ilə Qoyun darvazasının arasını zərgərlər və tacirlər bərpa etdilər.

Nehemya 4

Düşmənlərin Yəhudilərə rişxənd etməsi

1Sanballat divarı tikdiyimiz barədə eşidəndə qanı qaraldı, qəzəbləndi və biz Yəhudilərə rişxənd etməyə başladı.  2O, soydaşlarının və Samariyalıların silahlı dəstəsinin qarşısında belə dedi: «Bu yazıq Yəhudilər nə edirlər? Onlar buranı təzədən quracaqlarmı? Onlar qurban kəsəcəklərmi? Görəsən bu işi bir gün bitirə biləcəklərmi? Məgər yanmış viranəlikdən yenidən daşlar yaradacaqlar?»  3Onun yanında olan Ammonlu Toviya belə dedi: «Əgər tikdikləri daş divarın üstünə bir tülkü çıxarsa, ora dağılacaq».

Nehemyanın dua ilə cavab verməsi

4Eşit, ey Allahımız, çünki bizə xor baxırlar. Qoy həqarətləri öz başlarına düşsün və əsir düşdükləri ölkədə talan olunsunlar!  5Onların günahını əfv etmə və qoy təqsirləri Sənin yadından çıxmasın! Axı onlar bənnaları təhqir etdilər.

Bərpa işlərinin davam etdirilməsi

6Biz divarın bərpasını davam etdirdik və onun hər yeri hündürlüyünün yarısına qədər bitişdirildi. Çünki xalq ürəkdən çalışırdı.  7Sanballat, Toviya, Ərəblər, Ammonlular və Aşdodlular Yerusəlim divarının bərpa işlərinin irəlilədiyini və dağıdılmış yerlərin tikildiyini eşidəndə çox hirsləndilər.  8Onların hamısı Yerusəlimə gəlib hücum etmək və orada qarmaqarışıqlıq salmaq üçün əlbir oldu.  9Lakin biz Allahımıza dua etdik və divarın üstündə onların hədə-qorxusu qarşısında gecə-gündüz gözətçilər qoyduq.  10O zaman Yəhudalılar deyirdi: «İşləyənlər taqətdən düşüb, töküntü isə çoxdur. Ona görə də biz bu divarı daha tikə bilmərik».  11Düşmənlərimiz isə dedilər: «Biz Yəhudilərin arasına girib onları öldürək. Bu işi elə edək ki, kimsə nə görsün, nə də başa düşsün».  12Onların yanında yaşayan Yəhudilər gəlib bizə on dəfə dedilər ki, düşmənlər hər tərəfdən bizə hücum edəcək.  13Buna görə də mən qılınclı, nizəli, ox-kamanlı xalqı nəsilbənəsil divarın arxasındakı ən aşağıdakı açıq yerlərə düzdüm.  14Bu vəziyyəti görəndə mən qalxıb əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə belə dedim: «Onlardan qorxmayın! Böyük və zəhmli Xudavəndi xatırlayın! Siz soydaşlarınız, oğullarınız, qızlarınız, arvadlarınız və evləriniz uğrunda vuruşacaqsınız».  15Düşmənlərimiz eşitdi ki, bu iş bizə məlum olub, çünki Allah onların niyyətini boşa çıxarmışdı. Buna görə hamımız işimizə, divarın tikintisinə qayıtdıq.  16O gündən sonra adamlarımın yarısı tikintidə çalışdı. Yarısı isə nizələri, qalxanları, ox-kamanlarını tutub zireh geydi. Rəislər bütün divar tikən Yəhuda xalqının arxasında keşik çəkirdi.  17Yük daşıyan fəhlələr bir əli ilə iş görür, o biri əli ilə silah tuturdu.  18Bənnaların da hər biri qılıncı belinə bağlayaraq divar tikirdi. Şeypurçu isə mənim yanımda idi.  19Əyanlara, hökumət məmurlarına və xalqın qalan hissəsinə dedim: «İşimiz çoxdur, tikinti sahəmiz genişdir. Biz divar üzərində olan ayrı-ayrı sahələrdə bir-birimizdən uzaqdayıq.  20Harada şeypur səsi eşitsəniz, oraya – yanımıza toplanın. Allahımız bizim üçün vuruşacaq».  21Beləliklə, işimizi gördük və xalqın yarısı dan söküləndən ulduzlar görünənə qədər nizə tutmuşdu.  22O vaxt mən camaata dedim: «Hər kəs öz nökəri ilə birgə Yerusəlimdə gecələsin və gecə keşikdə durub, gündüz isə işləsin».  23Nə mən, nə soydaşlarım, nə nökərlərim, nə də arxamda dayanan keşikçilər, heç birimiz paltarlarımızı soyunmadıq. Su gətirəndə də silah əlimizdə idi.

Nehemya 5

Nehemyanın ədalətsizliklə üzləşməsi

1O zaman xalqın kişiləri və qadınları Yəhudi soydaşlarından bərk şikayət etməyə başladılar.  2Bəziləri belə deyirdi: «Bizim külfətimiz böyük, oğullarımız, qızlarımız çoxdur. Yaşamaq üçün yeməyə taxıl tapmalıyıq».  3Bəziləri isə belə deyirdi: «Qıtlığın üzündən tarlalarımızı, bağlarımızı və evlərimizi girov qoyuruq ki, taxıl tapaq».  4Belə deyənlər də var idi: «Padşahın tarlalarımıza və bağlarımıza qoyduğu vergini ödəmək üçün borc pul aldıq.  5İndi bizimlə soydaşlarımız eyni nəsildir, bizim uşaqlarımız da onlarınkından fərqlənmir. Budur, oğullarımızı və qızlarımızı kölə kimi satmağa məcburuq. Artıq qızlarımızdan bəziləri belə, satıldı. Lakin biçarəyik, çünki tarlalarımız və bağlarımız başqalarının əlindədir».  6Mən onların şikayət və ittihamlarını eşidəndə çox qəzəbləndim.  7 Ciddi düşündükdən sonra əyanlarla hökumət məmurlarını tənbeh edib belə dedim: «Siz hamınız soydaşlarınıza sələmlə pul verirsiniz». Onların əleyhinə böyük yığıncaq topladım.  8Mən onlara dedim: «Biz yadellilərə kölə kimi satılan Yəhudi soydaşlarımızı gücümüz çatana qədər satın alırıq. Siz isə soydaşlarımızı satırsınız ki, onları təzədən bizə satsınlar?» Onlar deməyə bir söz tapmayıb susdular.  9Sonra mən dedim: «Etdiyiniz bu iş yaxşı deyil. Siz düşmənlərimiz olan yadelli millətlərin danlağından qurtulmaq üçün Allahımıza ehtiram göstərərək yaşamalı deyilsinizmi?  10Mən də qardaşlarım və nökərlərimlə birgə onlara pul və taxıl borc verirəm. Gəlin bu sələmçiliyi dayandıraq.  11İndi isə bu gün onlara tarlalarını, bağlarını, zeytunluqlarını, evlərini, onlardan aldığınız pulun, taxılın, təzə şərabın və yağın sələmini geri qaytarın».  12Əyanlar və hökumət məmurları dedilər: «Biz bunları qaytararıq və daha onlardan heç bir şey tələb etmərik. Sən necə deyirsən, biz də elə edərik». Mən kahinləri çağırdım və bu sözə əməl edəcəkləri barədə onları and içdirdim.  13Sonra ətəyimi silkələyib dedim: «Qoy bu sözə əməl etməyən hər kəsi Allah evindən, mal-mülkündən silkələyib ataraq boş yerdə qoysun!» Bütün camaat «Amin» deyib Rəbbə həmd etdi. İcma bu sözlərə əməl etdi.

Nehemyanın təmənnasız xidməti

14Bundan əlavə, padşah Artaxşastanın hökmranlığının iyirminci ilindən otuz ikinci ilinə qədər – Yəhuda torpağına vali təyin edildiyim gündən bəri on iki il mən və qardaşlarım valilərə təyin olunmuş azuqəni işlətmədik.  15Amma məndən əvvəlki valilər xalqın üzərində yük olmuşdu. Onlardan çörək və şərabdan əlavə, qırx şekel gümüş alırdılar. Hətta o valilərin nökərləri də xalqa ağalıq edirdi. Mən isə Allah qorxusuna görə belə etmirdim.  16Mən özümü bu divarın bərpasına həsr etdim. Biz bir tarla belə, almadıq. Bütün nökərlərim oraya – iş başına toplaşmışdı.  17Ətraf millətlərdən yanımıza gələnlərdən əlavə, Yəhudilərdən və məmurlardan da yüz əlli adam süfrəmdə oturardı.  18Hər gün mənim üçün bir öküz, altı seçmə qoyun və toyuqlar kəsilərdi. On gündən bir müxtəlif növ bol-bol şərab gətirilərdi. Buna baxmayaraq, mən valilərə təyin olunmuş azuqəni tələb etmirdim, onsuz da xalqın yükü ağır idi.  19Ey Allahım, bu xalq üçün etdiyim işlərə görə məni yaxşılıqla xatırla!

Nehemya 6

Düşmənlərin fənd işlətməsi

1Divarı bərpa etdiyimi və orada uçuq-söküyün qalmadığını Sanballata, Toviyaya, Ərəb Geşemə və başqa düşmənlərimizə xəbər verdilər. Lakin mən o vaxta qədər darvazaların qapı taylarını yerinə vurmamışdım.  2Sanballat və Geşem yanıma adam göndərib dedi: «Gəl Ono düzənliyindəki kəndlərin birində görüşək». Amma onlar mənə pislik etmək niyyətində idi.  3Mən onların yanına qasid göndərib dedim: «Böyük bir iş görürəm və oraya enə bilmərəm. Bu işi qoyub yanınıza endiyim müddət ərzində iş nə üçün dayansın?»  4Düşmənlər yanıma dörd dəfə bu xəbəri göndərdi və mən onlara eyni cavab verdim.  5Sanballat beşinci dəfə nökərini eyni xəbərlə mənim yanıma yolladı və onun əlində möhürlənməmiş namə var idi.  6Məktubda belə yazılmışdı: «Başqa millətlər arasında söz yayılıb və Geşem deyir ki, sən və Yəhudilər üsyan etmək niyyətindəsiniz. Divarı da buna görə tikirsən. Şayiələrə görə sən onların padşahı olmaq istəyirsən.  7“Yəhudada padşah var” deyə özün haqqında car çəkmək üçün Yerusəlimdə peyğəmbərlər də təyin etmisən. İndi isə bu sözlər padşaha çatacaq. Buna görə də gəl bu barədə birlikdə məsləhətləşək».  8O vaxt Sanballatın yanına adam göndərib dedim: «Dediyin şeylərin heç biri olmayıb, sən onları özündən uydurmusan».  9Çünki hamı bizi qorxutmağa çalışıb deyirdi: «Bu işdən əlləri soyuyacaq və bu iş baş tutmayacaq». Ay Allah, indi Sən əllərimə qüvvət ver!  10Mən Mehetavel oğlu Delaya oğlu Şemayanın evinə getdim. O, evinə qapanıb qalmışdı. Mənə dedi: «Gəl Allahın evində – məbəddə görüşək və qapılarını bağlayaq. Çünki səni öldürməyə adamlar gələcək. Bəli, gecə ikən səni öldürməyə gələcəklər».  11Mən isə dedim: «Mənim kimi adam qaçarmı? Canını qurtarmaq üçün məbəddə gizlənərmi? Əsla belə etmərəm!»  12Bunu başa düşdüm ki, Şemayanı Allah göndərməmişdi. Bu peyğəmbərlik sözünü mənə qarşı ona görə söyləmişdi ki, Toviya ilə Sanballat onu pulla tutmuşdu.  13O məni qorxutmaq üçün muzdla tutulmuşdu ki, mən dediyini edib günaha batım. Beləcə məni pisləyib hörmətdən salmağa fürsət axtarırdılar.  14Ey Allahım, Toviya ilə Sanballatı, həm də məni qorxutmaq istəyən qadın peyğəmbər Noadyanı və digər peyğəmbərləri bu əməllərinə görə yadda saxla!

Divarın tikintisinin tamamlanması

15Elul ayının iyirmi beşində, əlli iki gün ərzində divarın tikintisi tamamlandı.  16Bütün düşmənlərimiz, ətrafımızdakı xalqlar bunu eşidəndə qorxdular və öz gözlərində çox kiçildilər. Çünki onlar başa düşdülər ki, bu iş Allahımızın köməyi ilə edilib.  17Həm də o günlər Yəhudanın əyanları Toviyaya çoxlu namə göndərirdi və Toviyadan da onlara cavablar gəlirdi.  18Toviya Arah oğlu Şekanyanın kürəkəni olduğuna görə Yəhudada çox adam onunla əhd bağlamışdı. Həm də Toviyanın oğlu Yehoxanan Berekya oğlu Meşullamın qızını almışdı.  19Əyanlar onun yaxşı işləri haqqında mənim yanımda danışardılar və mənim sözlərimi ona çatdırardılar. Toviya məni qorxutmaq üçün namələr göndərirdi.

Nehemya 7

1Divar tikilib qurtaranda və mən qapı taylarını vuranda məbəd qapıçıları, ilahiçilər və Levililər təyin olundu.  2Qardaşım Xananini və qala rəisi Xananyanı Yerusəlimə məmur təyin etdim. Çünki Xanani çoxlarından sadiq və Allahdan qorxan adam idi.  3Mən onlara dedim: «Gün qızana qədər Yerusəlimin darvazaları açılmasın. Qapıçılar oyaq olduğu müddət qapıları bağlayıb qıfıllayın. Yerusəlimdə yaşayanlardan da keşikçi təyin edin, qoy hamı öz evinin qabağında keşik çəksin».

Sürgündən Yəhudaya qayıdanların siyahısı

(Ezr. 2:1-70)

4Şəhər geniş və böyük idi, lakin içində adam az idi. Evlər hələ tikilməmişdi.  5Allahım ürəyimə fikir göndərdi ki, əyanları, hökumət məmurlarını və habelə xalqı yığıb siyahıya alım. Mən ilk qayıdanların nəsil şəcərələrinin siyahısını əldə edib, içində belə bir yazı tapdım:  6Babil padşahı Navuxodonosorun əsir aldığı adamlar yaşadıqları vilayətdən Yerusəlimə və Yəhudadakı öz şəhərlərinə qayıtdı.  7Bunlar Zerubbabil, Yeşua, Nehemya, Azarya, Raamya, Naxamani, Mordokay, Bilşan, Misperet, Biqvay, Nexum və Baananın başçılığı ilə gəldi. Sürgündən qayıdan İsraillilərin sayı:  8Paroş övladları – 2172 nəfər;  9Şefatya övladları – 372 nəfər;  10Arah övladları – 652 nəfər;  11Yeşua və Yoav nəslindən Paxat-Moav övladları – 2818 nəfər;  12Elam övladları – 1254 nəfər;  13Zattu övladları – 845 nəfər;  14Zakkay övladları – 760 nəfər;  15Binnuy övladları – 648 nəfər;  16Bevay övladları – 628 nəfər;  17Azqad övladları – 2322 nəfər;  18Adoniqam övladları – 667 nəfər;  19Biqvay övladları – 2067 nəfər;  20Adin övladları – 655 nəfər;  21Ater, yəni Xizqiya övladları – 98 nəfər;  22Xaşum övladları – 328 nəfər;  23Besay övladları – 324 nəfər;  24Xarif övladları – 112 nəfər;  25Giveon övladları – 95 nəfər;  26Bet-Lexem və Netofa sakinləri – 188 nəfər;  27Anatot sakinləri – 128 nəfər;  28Bet-Azmavet sakinləri – 42 nəfər;  29Qiryat-Yearim, Kefira və Beerot sakinləri – 743 nəfər;  30Rama və Geva sakinləri – 621 nəfər;  31Mikmas sakinləri – 122 nəfər;  32Bet-El və Ay sakinləri – 123 nəfər;  33Digər Nevo sakinləri – 52 nəfər;  34Digər Elam övladları – 1254 nəfər;  35Xarim övladları – 320 nəfər;  36Yerixo övladları – 345 nəfər;  37Lod, Xadid və Ono övladları – 721 nəfər;  38Senaa övladları – 3930 nəfər.  39Kahinlər: Yeşua nəslindən Yedaya övladları – 973 nəfər;  40İmmer övladları – 1052 nəfər;  41Paşxur övladları – 1247 nəfər;  42Xarim övladları – 1017 nəfər.  43Levililər: Hodavya nəslindən Yeşua ilə Qadmiel övladları – 74 nəfər.  44İlahiçilər: Asəf övladları – 148 nəfər.  45Məbəd qapıçıları: Şallum övladları, Ater övladları, Talmon övladları, Aqquv övladları, Xatita övladları, Şovay övladları – 138 nəfər.  46Məbəd qulluqçuları: Sixa övladları, Xasufa övladları, Tabbaot övladları,  47Qeros övladları, Siya övladları, Padon övladları,  48Levana övladları, Xaqava övladları, Şalmay övladları,  49Xanan övladları, Giddel övladları, Qaxar övladları,  50Reaya övladları, Resin övladları, Neqoda övladları,  51Qazzam övladları, Uzza övladları, Paseah övladları,  52Besay övladları, Meunim övladları, Nefuşsim övladları,  53Baqbuq övladları, Xaqufa övladları, Xarxur övladları,  54Baslit övladları, Mexida övladları, Xarşa övladları,  55Barqos övladları, Sisra övladları, Tamax övladları,  56Nesiah övladları, Xatifa övladları.  57Süleymanın əyanlarının nəslindən: Sotay övladları, Soferet övladları, Perida övladları,  58Yaala övladları, Darqon övladları, Giddel övladları,  59Şefatya övladları, Xattil övladları, Pokeret-Hassevayim övladları, Amon övladları.  60Məbəd qulluqçuları ilə Süleymanın əyanlarının övladları – cəmi 392 nəfər.  61Tel-Melahdan, Tel-Xarşadan, Keruvdan, Addondan, İmmerdən qayıdan, ancaq ailələrinin və nəsillərinin İsrail övladlarından olduğunu sübut edə bilməyənlər bunlardır:  62Delaya övladları, Toviya övladları, Neqoda övladları – 642 nəfər.  63Kahinlərdən: Xovaya övladları, Haqqos övladları, Gileadlı Barzillayın qızlarından arvad alıb qayınatasının adını götürən Barzillay övladları.  64Bunlar nəsil şəcərəsini axtardılar, lakin öz adlarını tapa bilmədilər və buna görə murdar sayılaraq kahinlikdən çıxarıldılar.  65Yəhudi valisi onlara əmr edib belə dedi: «Urim və Tummimi işlədən bir kahin olmayınca onlar ən müqəddəs yeməklərdən yeməsin».  667337 nəfər kölə və kənizlərdən başqa,  67bütün camaat birlikdə 42 360 nəfər idi. Onların kişi və qadınlardan ibarət 245 ilahiçisi var idi.  68Bu adamların 736 atı və 245 qatırı,  69435 dəvəsi, 6720 eşşəyi var idi.  70Nəsil başçılarının bəziləri işin görülməsi üçün könüllü ianələr verdilər. Vali xəzinəyə 1000 darik qızıl, 50 ləyən, 530 kahin cübbəsi verdi.  71Nəsil başçılarından bəziləri iş üçün xəzinəyə 20 000 darik qızıl və 2200 mina gümüş verdilər.  72Xalqın sağ qalanlarının verdikləri 20 000 darik qızıl, 2000 mina gümüş, 67 kahin cübbəsi idi.  73 Kahinlərlə Levililər, qapıçılarla ilahiçilər, xalqın bəzisi, məbəd qulluqçuları və bütün İsraillilər öz şəhərlərində yerləşdilər. Yeddinci ay çatanda artıq İsraillilər öz şəhərlərində idi.

Nehemya 8

Ezranın Qanunu oxuyub izah etməsi

1Bütün xalq bir nəfər kimi Su darvazasının qarşısındakı meydana toplaşdı. Xalq ilahiyyatçı Ezraya dedi ki, Rəbbin İsraillilərə əmr etdiyi Musanın Qanun kitabını gətirsin.  2Yeddinci ayın birinci günü Ezra Qanunu kişilərdən, qadınlardan və dinləyib anlaya bilən uşaqlardan ibarət olan camaatın qabağına gətirdi.  3Ezra Su darvazasının qarşısındakı meydanda kişilərin, qadınların və anlaya bilənlərin qabağında səhər açılandan günortaya qədər bu kitabdan oxudu. Bütün xalq Qanun kitabına qulaq asdı.  4İlahiyyatçı Ezra bu iş üçün taxtadan düzəldilmiş hündür kürsünün üstünə çıxdı. Onun sağ tərəfində Mattitya, Şema, Anaya, Uriya, Xilqiya və Maaseya, solunda isə Pedaya, Mişael, Malkiya, Xaşum, Xaşbaddana, Zəkəriyyə və Meşullam dayanmışdı.  5Ezra bütün xalqın gözü qabağında kitabı açdı, çünki o bütün xalqdan daha yüksəkdə durmuşdu. O, kitabı açanda bütün xalq ayağa qalxdı.  6Ezra ulu Allaha, Rəbbə həmd etdi və bütün xalq əllərini qaldıraraq «Amin! Amin!» deyə cavab verdi. Sonra baş əydilər və üzüstə yerə döşənib Rəbbə səcdə qıldılar.  7Yeşua, Bani, Şerevya, Yamin, Aqquv, Şabbetay, Hodiya, Maaseya, Qelita, Azarya, Yozavad, Xanan, Pelaya adlı Levililər Qanunu xalqa izah etdilər. Xalq isə yerində dayanmışdı.  8Onlar Allahın Qanun kitabından oxuyub aydınlaşdırdılar və mənasını camaata izah etdilər ki, oxunan ayələr başa düşülsün.  9Vali Nehemya, kahin ilahiyyatçı Ezra və xalqı öyrədən Levililər hamıya dedilər: «Bu gün Allahınız Rəbb üçün müqəddəs gündür. Buna görə kədərlənməyin və ağlamayın». Çünki bütün xalq Qanunun sözlərini eşidərkən ağlayırdı.  10Nehemya da onlara dedi: «Gedin, yağlı yemək yeyin, şirin içki için və hazırlıqlı olmayanlara da pay göndərin, çünki bu gün Xudavəndimiz üçün müqəddəsdir. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir».  11Levililər «susun, kədərlənməyin, çünki bu gün müqəddəsdir» deyə bütün xalqı sakitləşdirdilər.  12Bütün xalq yeyib-içməyə, paylar göndərməyə və böyük şənlik etməyə getdi. Çünki xalq ona deyilənləri başa düşdü.

Çardaqlar bayramının qeyd olunması

13Ertəsi gün bütün xalqın nəsil başçıları, kahinlər və Levililər Qanunun sözlərini dinləmək üçün ilahiyyatçı Ezranın yanına toplaşdı.  14 Rəbbin Musa vasitəsilə buyurduğu Qanunda bu yazını tapdılar: «İsrail övladları yeddinci ayın bayram günlərində çardaqlarda yaşasın».  15Onlar bütün şəhərlərdə və Yerusəlimdə bu xəbəri elan edib yaydılar: «Dağa çıxın, yazıldığı kimi çardaq qurmaq üçün zeytun, cır zeytun, mərsin, xurma və sıx yarpaqlı ağacların budaqlarını buraya gətirin».  16Bütün xalq çıxıb budaq gətirdi, hər kəs öz evinin damında, həyətlərində, Allah evinin həyətində, Su darvazasındakı meydanda və Efrayim darvazasındakı meydanda özlərinə çardaq düzəltdi.  17Bütün əsirlikdən geri qayıdan camaat çardaqlar düzəldib orada qaldı. Əslində Nun oğlu Yeşuanın dövründən bu günə qədər İsrail övladları belə etməmişdi. Çox böyük sevinc oldu.  18Ezra birinci gündən sonuncu günə qədər hər gün Allahın Qanun kitabından oxuyurdu. Onlar yeddi gün bayram keçirtdilər, səkkizinci gün isə qayda-qanuna görə təntənəli toplantı quruldu.

Nehemya 9

Xalqın orucu və tövbəsi

1Həmin ayın iyirmi dördüncü günü İsrail övladları oruc tutaraq əyinlərində çul və başları toz-torpaq içində toplandı.  2İsrail övladları nəsli bütün yadellilərdən ayrılaraq durub öz günahlarını və atalarının şər işlərini etiraf etdi.  3Onlar olduqları yerdə dayanıb günün dörddə bir hissəsini özlərinin Allahı Rəbbin Qanun kitabından oxudular. Günün digər dörddə bir hissəsini isə günahlarını etiraf edib özlərinin Allahı Rəbbə səcdə qıldılar.  4Yeşua, Bani, Qadmiel, Şevanya, Bunni, Şerevya, Bani və Kenani Levililərin pilləkəninin üstünə qalxıb özlərinin Allahı Rəbbə uca səslə yalvardılar.  5Levililər – Yeşua, Qadmiel, Bani, Xaşavneya, Şerevya, Hodiya, Şevanya, Petahya dedilər: «Ayağa qalxın və əbədi olan Allahınız Rəbbə həmd edin! Qoy Sənin izzətli adına həmd olsun və etdiyiniz bütün həmdlərdən, şükürlərdən də çox ucaldılsın!  6Sən, yalnız Sən Rəbsən, göyləri, göylərin ən uca qatlarını və bütün səma cisimlərini, yer üzünü və onun məxluqlarını, dənizləri və içindəki hər şeyi Sən yaratdın və hamısına həyat verirsən. Səma cisimləri Sənə səcdə qılır!  7 Ya Rəbb, Sən o Allahsan ki, İbramı seçib Xaldeylilərin Ur şəhərindən çıxararaq ona İbrahim adını verdin.  8 Sən Öz önündə onun sadiq ürəyini gördün. Ona görə də Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Yevusluların və Qirqaşlıların diyarını İbrahim övladlarına vermək üçün onunla əhd kəsdin və sözlərini yerinə yetirdin. Çünki Sən adilsən.  9 Misirdə atalarımızın çəkdikləri əziyyəti gördün və Qırmızı dənizin yanındakı fəryadlarını eşitdin.  10 Fironla bütün əyanlarına və ölkəsinin bütün xalqına əlamətlər və möcüzələr göstərdin. Çünki Misirlilərin atalarımıza qarşı azğınlıq etdiyini bildin və bu günə kimi adını izzətləndirdin.  11 Atalarımızın qarşısında dənizi yardın və onlar dənizin ortasında quru yerdən keçib getdilər. Onları təqib edənləri isə dərinliklərə, coşğun sulara atılan bir daş kimi atdın.  12 Atalarımıza gündüz bulud dirəyi ilə, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyi ilə yol göstərdin.  13 Sina dağının üstünə enib onlarla göylərdən danışdın. Onlara ədalətli hökmlər, doğru qanunlar, yaxşı qaydalar və əmrlər verdin.  14Sən müqəddəs Şənbə gününü onlara bildirdin və qulun Musa vasitəsilə əmrləri, qaydaları və qanunu buyurdun.  15 Atalarımız acanda onlara göylərdən çörək göndərdin. Susayanda onlar üçün qayadan su çıxardın. Atalarımıza əmr verdin ki, vəd etdiyin torpağa girib sahib olsunlar.  16 Lakin atalarımız təkəbbürlü olub dikbaşlıq etdilər və Sənin əmrlərini dinləmədilər.  17 İtaət etmək istəməyib Sənin onlar üçün göstərdiyin möcüzələri yada salmadılar, dikbaşlıq etdilər, üsyankarlıqları ilə köləlik həyatlarına qayıtmaq üçün özlərinə bir başçı təyin etdilər. Lakin Sən bağışlamağı sevən, lütfkar, rəhmli, çox səbirli və bol məhəbbəti olan Allah olduğuna görə onları tərk etmədin.  18 Hətta atalarımız özləri üçün tökmə dana düzəldib “Budur, səni Misirdən çıxaran Allahın!” deyə böyük küfr edəndə  19 Sən Öz böyük mərhəmətin naminə onları səhrada tək qoymadın. Gündüz onlara yolda bələdçilik etmək üçün bulud dirəyini, gecələr isə gedəcəkləri yolu nurlandırmaq üçün od dirəyini qabaqlarından əskik etmədin.  20Sən onlara nəsihət vermək üçün Öz xeyirxah Ruhunu verdin. İsrail övladlarının ağızlarından mannanı əsirgəmədin, susayanda su verdin.  21Qırx il onları səhrada bəslədin və onlar heç nədən korluq çəkmədi. Nə paltarları köhnəldi, nə ayaqları şişdi.  22 Ölkələri və xalqları onlara təslim edərək torpaqlarını aralarında bölüşdürdün. Onlar Sixonun ölkəsini, yəni Xeşbon padşahının ölkəsini və Başan padşahı Oqun ölkəsini ələ keçirtdi.  23 Övladlarını göydəki ulduzlar qədər çoxaltdın. Onların atalarına “oraya girib sahib olsunlar” deyə vəd etdiyin ölkəyə gətirdin.  24 Onların övladları o torpağa girib sahib oldular. Sən oranın əhalisini – Kənanlıları onlara tabe etdirib padşahlarını ölkənin əhalisi ilə bərabər onlara təslim etdirdin ki, o adamlarla istədikləri kimi rəftar etsinlər.  25 Onlar möhkəmlənmiş şəhərləri və bərəkətli torpağı tutub mal-dövlətlə dolu evlərə, qazılmış quyulara, bağlara, zeytunluqlara və bol-bol meyvə ağaclarına sahib oldular. Yeyib doydular, kökəldilər və verdiyin böyük nemətlər üçün sevindilər.  26 Lakin onlar itaətsizlik edərək Sənə qarşı üsyankar oldular. Qanununa arxa çevirdilər, Sənə tərəf dönmək üçün onlara xəbərdarlıq edən peyğəmbərlərini öldürdülər və böyük küfr etdilər.  27Onda Sən onları düşmənə təslim etdin. Düşmənləri də onlara zülm etdilər. Sıxıntılı vaxtlarında İsrail övladları Sənə fəryad etdilər. Sən göylərdən eşitdin və Öz böyük mərhəmətinə görə onlara xilaskarlar göndərdin. Onlar da İsrail övladlarını düşmən əlindən qurtardılar.  28Lakin rahat olan kimi yenə Sənin nəzərində pis işlər gördülər. Buna görə də Sən onları düşmənə təslim etdin, düşmənləri də onlara hökm etdilər. Onlar yenə də Sənə fəryad etdilər, Sən də onları göylərdən eşidib Öz böyük mərhəmətinə görə dəfələrlə qurtardın.  29 Onlara xəbərdarlıq etdin ki, Sənin Qanununa tərəf dönsünlər. Amma onlar təkəbbürlü olub əmrlərinə qulaq asmadılar və hökmlərini pozub günah etdilər. Halbuki o hökmlərə əməl edən hər kəs həyat tapar. Onlar inadkarlıqla Sənə arxa çevirib dikbaşlıq və itaətsizlik etdilər.  30 Lakin Sən illər boyu onlarla səbirlə davrandın. Öz Ruhunla, peyğəmbərlərin vasitəsilə onlara xəbərdarlıq etdin. Onlar isə qulaq asmadılar və ona görə Sən onları ətraflarındakı xalqlara təslim etdin.  31Lakin Sən böyük mərhəmətinə görə İsrail övladlarını məhv olmağa qoymadın, onları tərk etmədin, çünki Sən lütfkar və rəhmli Allahsan.  32 Ey Allahımız! Böyük, qüdrətli və zəhmli, əhdi və məhəbbəti saxlayan Allah! Aşşur padşahlarının dövründən bu günə qədər bizim çəkdiyimiz, padşahlarımızın, ağalarımızın, kahinlərimizin, peyğəmbərlərimizin, atalarımızın və bütün xalqının çəkdiyi əzab-əziyyət Sənin gözündə kiçik görünməsin.  33Sən haqlısan, başımıza gələn hər işdə bizimlə ədalətlə davrandın, biz isə pis işlər etdik.  34Padşahlarımız, rəislərimiz, kahinlərimiz, atalarımız Sənin Qanununa riayət etmədi. Sənin əmrlərinə və verdiyin xəbərdarlıqlara qulaq asmadılar.  35Onlar öz ölkələrində verdiyin böyük nemətlər içində, geniş, bərəkətli torpaqda belə, Sənə qulluq etmədilər və pis əməllərindən əl çəkmədilər.  36Budur, bu gün biz köləyik. Atalarımıza meyvəsini və gözəl məhsulunu yemək üçün verdiyin o torpaqda biz köləlik edirik.  37Günahlarımıza görə torpağımızın bol məhsulu üzərimizdə hökm sürən padşahlara nəsib olur. Bizim özümüzü də, heyvanlarımızı da istədikləri kimi idarə edirlər. Biz isə böyük zülm içindəyik.  38Bütün bunlara görə biz Səninlə yazılı sabit əhd bağlayırıq. Rəislərimiz, Levililərimiz və kahinlər
imiz də bu əhdi möhürləyir».

Nehemya 10

Əhdi möhürləyənlərin siyahısı

1Əhdi möhürləyənlər bunlar idi: Xakalya oğlu vali Nehemya, Sidqiya,  2Seraya, Azarya, Yeremya,  3Paşxur, Amarya, Malkiya,  4Xattuş, Şevanya, Malluk,  5Xarim, Meremot, Avdiya,  6Daniel, Ginneton, Baruk,  7Meşullam, Aviya, Miyamin,  8Maazya, Bilqay, Şemaya. Bunlar kahinlər idi.  9Levililər: Azanyanın oğlu Yeşua, Xenadad övladlarından Binnuy və Qedmiel,  10onların qardaşları Şevanya, Hodiya, Qelita, Pelaya, Xanan,  11Mikeya, Rexov, Xaşavya,  12Zakkur, Şerevya, Şevanya,  13Hodiya, Bani, Beninu.  14Xalqın başçıları: Paroş, Paxat-Moav, Elam, Zattu, Bani,  15Bunni, Azqad, Bevay,  16Adoniya, Biqvay, Adin,  17Ater, Xizqiya, Azzur,  18Hodiya, Xaşum, Besay,  19Xarif, Anatot, Nevay,  20Maqpiaş, Meşullam, Xezir,  21Meşezavel, Sadoq, Yaddua,  22Pelatya, Xanan, Anaya,  23Huşə, Xananya, Xaşşuv,  24Halloxeş, Pilxa, Şoveq,  25Rexum, Xaşavna, Maaseya,  26Axiya, Xanan, Anan,  27Malluk, Xarim, Baana.  28Qalan xalq – kahinlər, Levililər, məbəd qapıçıları, ilahiçilər, məbəd qulluqçuları, Allahın Qanununa görə ətraf xalqlardan ayrılan hər kəs arvadları, ağlıkəsən oğul və qızları ilə bərabər  29əsl soydaşları ilə birləşdi. Allahın qulu Musanın əli ilə verilmiş Qanuna görə hərəkət etmək, Xudavəndimiz Rəbbin bütün əmrlərinə, hökmlərinə və qanunlarına etina ilə əməl etmək üçün and içdilər. Əməl etməyənlərə isə lənət oxudular.  30 And içdik ki, qızlarımızı ətrafımızdakı xalqlara verməyib onların qızlarını öz oğullarımıza almayacağıq.  31 Ətraf xalqlara mənsub olanlar Şənbə günü yaxud başqa müqəddəs bir gündə satmaq üçün əşya yaxud taxıl gətirsələr, onlardan heç nə almayacağıq. Yeddi ildə bir dəfə torpağı dincə qoyacağıq və bütün borcları ləğv edəcəyik.  32 Allahımızın məbədinin xidməti üçün ildə şekelin üçdə bir hissəsini verməyi öhdəmizə götürdük.  33Bu pul təqdim çörəkləri, daimi taxıl təqdimi, daimi yandırma qurbanı, Şənbə günləri, Təzə Ay mərasimləri və başqa bayramlar, müqəddəs sovqatlar, İsrail övladlarının günahını kəffarə etmək üçün günah qurbanları və Allahımızın məbədinin digər ehtiyacları üçündür.  34Biz kahinlər, Levililər və xalq hər il müəyyən vaxtda Allahımızın məbədini odunla təmin etmək üçün nəsillərimizə görə püşk atdıq. Bu odunlar Qanunda yazıldığı kimi Allahımız Rəbbin qurbangahında yandırılmalı idi.  35 Hər il torpağımızın ilk məhsulunu və hər növlü ağacın nübarını Rəbbin məbədinə aparmalıyıq.  36 Qanunda yazıldığı kimi ilk doğulan oğullarımızı, heyvanlarımızı, ilk doğulan mal-qara və qoyun-keçimizi Allahımızın məbədinə, orada xidmət edən kahinlərin yanına gətirməliyik.  37 Həm də xəmirimizin, taxıl təqdimlərimizin, hər növ ağaclarımızın meyvəsinin, təzə şərablarımızın, zeytun yağımızın nübarını kahinlərə, Allahımızın məbədinin anbarına, torpaq məhsullarımızın onda bir hissəsini isə Levililərə gətirməliyik. Çünki işlədiyimiz bütün şəhərlərdə onda bir hissəni Levililər alır.  38 Levililər onda bir hissəni alarkən Harun oğullarından olan kahin onlarla olacaq. Levililər isə alacaqları onda bir hissənin onda birini Allahımızın məbədinə, xəzinənin anbar otaqlarına aparacaq.  39Çünki İsrail övladları və Levililər taxılın, təzə şərabın və zeytun yağının təqdimlərini anbar otaqlarına gətirməlidir. Orada Müqəddəs məkanın qabları, xidmət edən kahinlər, məbəd qapıçıları və ilahiçilər olacaq. Beləcə biz Allahımızın məbədinə laqeyd yanaşmayacağıq.

Nehemya 11

Yerusəlim və digər şəhərlərinin əhalisi barəsində

1Xalqın rəisləri Yerusəlimdə yerləşdi. Xalqın yerdə qalanı isə püşk atdı ki, hər on nəfərindən biri müqəddəs Yerusəlim şəhərinə yaşamağa getsin, doqquzu isə o biri şəhərlərdə yaşasın.  2Yerusəlimdə könüllü yaşamağa gedənlərin hamısına xalq xeyir-dua verdi.  3 Yerusəlimdə yerləşən vilayət başçıları bunlardır. Ancaq bəzi İsraillilər, kahinlər, Levililər, məbəd qulluqçuları və Süleymanın əyanlarının oğulları Yəhuda şəhərlərində, hər kəs öz şəhərindəki mülkündə yerləşdi.  4Binyamin övladlarından və Yəhuda övladlarından bəziləri isə Yerusəlimdə məskunlaşdı. Yəhuda övladları: Peres nəslindən Mahalalel oğlu Şefatya oğlu Amarya oğlu Zəkəriyyə oğlu Uzziya oğlu Ataya,  5Şilolu Zəkəriyyə oğlu Yoyariv oğlu Adaya oğlu Xazaya oğlu Qal-Xoze oğlu Baruk oğlu Maaseya.  6Peres övladlarından Yerusəlimdə yerləşən 468 nəfər igid adam idi.  7Binyamin övladları bunlardır: Yeşaya oğlu Yetiel oğlu Maaseya oğlu Qolaya oğlu Pedaya oğlu Yoed oğlu Meşullam oğlu Sallu və  8ondan sonra Qabbay, Sallay – 928 nəfər.  9Zikri oğlu Yoel onların rəhbəri idi, Hassenua oğlu Yəhuda isə şəhərin vali müavini idi.  10Kahinlərdən: Yoyariv oğlu Yedaya, Yakin,  11Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Allah evinin başçısı Seraya və  12məbəddə iş görən soydaşları – 822 nəfər; Malkiya oğlu Paşxur oğlu Zəkəriyyə oğlu Amsi oğlu Pelalya oğlu Yeroxam oğlu Adaya və  13onun nəsil başçısı olan soydaşları – 242 nəfər; İmmer oğlu Meşillemot oğlu Axzay oğlu Azarel oğlu Amaşsay və  14onun soydaşları – 128 nəfər igid döyüşçü. Haqqedolim oğlu Zavdiel onların rəhbəri idi.  15Levililərdən: Bunni oğlu Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya.  16Levililərin başçılarından Şabbetay və Yozavad Allah evinin bayır işlərini idarə edirdilər.  17Asəf oğlu Zavdi oğlu Mikeya oğlu Mattanya şükür duasını oxuyan məbəd ilahiçilərinin dəstə rəhbəri və soydaşlarından Baqbuqya onun müavini idi. Yedutun oğlu Qalal oğlu Şammua oğlu Avda da var idi.  18Müqəddəs şəhərdə yaşayan bütün Levililər 284 nəfər idi.  19Məbəd qapıçıları Aqquv, Talmon ilə qardaşları darvazalarda keşik çəkənlər, 172 nəfər idi.  20İsraillilərin, kahinlərin, Levililərin yerdə qalanları bütün Yəhuda şəhərlərində yaşayırdı. Hər kəs öz mülkündə yaşayırdı.  21Məbəd qulluqçuları isə Ofeldə qalırdı. Sixa və Gişpa onlara rəhbərlik edirdi.  22Allahın evindəki ibadətdə ilahilər oxuyan Asəf övladlarından Mikeya oğlu Mattanya oğlu Xaşavya oğlu Bani oğlu Uzzi Yerusəlimdə Levililərin rəhbəri idi.  23Bu ilahiçilər padşahın fərmanına tabe idi və hər gün vəzifələrini müəyyən edən qaydaları yerinə yetirirdi.  24Yəhuda oğlu Zerah övladlarından Meşezavel oğlu Petahya İsrail xalqının ümumi işlərində Fars padşahına kömək edirdi.  25Kəndlərə və tarlalarına gəlincə, Yəhuda övladlarından bəziləri Qiryat-Arba ilə qəsəbələrində, Divon ilə qəsəbələrində, Yeqqavseel ilə kəndlərində,  26Yeşuada, Moladada, Bet-Peletdə,  27Xasar-Şualda və Beer-Şeva ilə qəsəbələrində,  28Ziqlaqda, Mekona ilə qəsəbələrində,  29En-Rimmonda, Sorada, Yarmutda,  30Zanoahda, Adullam ilə kəndlərində, Lakiş ilə tarlalarında, Azeqa ilə qəsəbələrində qaldılar. Yaşadıqları məntəqə Beer-Şevadan Hinnom dərəsinə qədər idi.  31Binyamin övladları Gevadan başlayaraq Mikmas ilə Ayyada, Bet-El ilə qəsəbələrində,  32Anatot, Nov, Ananya,  33Xasor, Rama, Gittayim,  34Xadid, Sevoim, Nevallat,  35Lod, Ono və Sənətkarlar dərəsində məskən saldılar.  36Yəhudadakı Levililərin bəzi bölmələri Binyamin ərazisi üçün ayrıldı.

Nehemya 12

Zerubbabil ilə gələn kahinlər və Levililər

1Şealtiel oğlu Zerubbabil ilə qayıdan kahinlər və Levililər bunlar idi: Seraya, Yeremya, Ezra,  2Amarya, Malluk, Xattuş,  3Şekanya, Rexum, Meremot,  4İddo, Ginnetoy, Aviya,  5Miyamin, Maadya, Bilqa,  6Şemaya, Yoyariv, Yedaya,  7Sallu, Amoq, Xilqiya, Yedaya. Bunlar Yeşuanın dövründə kahinlərin və qardaşlarının başçıları idi.  8Levililər: Yeşua, Binnuy, Qadmiel, Şerevya, Yəhuda, Mattanya. Mattanya qardaşları ilə birgə şükür ilahiləri üçün məsuliyyət daşıyırdı.  9Onların qardaşları Baqbuqya ilə Unni ibadətdə onların qarşısında dururdu.  10Yeşuadan Yoyaqim törədi, Yoyaqimdən Elyaşiv törədi, Elyaşivdən Yoyada törədi.  11Yoyadadan Yonatan törədi, Yonatandan Yaddua törədi.  12Yoyaqimin dövründə nəsil başçıları olan kahinlər bunlar idi: Seraya nəslindən Meraya, Yeremya nəslindən Xananya,  13Ezra nəslindən Meşullam, Amarya nəslindən Yehoxanan,  14Malluk nəslindən Yonatan, Şevanya nəslindən Yusif,  15Xarim nəslindən Adna, Merayot nəslindən Xelqay,  16İddo nəslindən Zəkəriyyə, Ginneton nəslindən Meşullam,  17Aviya nəslindən Zikri, Minyamin nəslindən, Moadya nəslindən Piltay,  18Bilqa nəslindən Şammua, Şemaya nəslindən Yehonatan,  19Yoyariv nəslindən Mattenay, Yedaya nəslindən Uzzi,  20Şallay nəslindən Qallay, Amoq nəslindən Ever,  21Xilqiya nəslindən Xaşavya, Yedaya nəslindən Netanel.  22Elyaşiv, Yoyada, Yoxanan və Yadduanın günlərində Levili nəsil başçıları və kahinlər Fars padşahı Daranın hökmranlığına qədər qeyd edilmişdi.  23Levili nəsil başçıları, Elyaşiv oğlu Yoxananın günlərinə qədər salnamələr kitabında yazıldı.  24Levililərin başçıları Xaşavya, Şerevya və Qadmiel oğlu Yeşua bir tərəfdə, qardaşları da o biri tərəfdə dayanıb Allah adamı Davudun əmrinə görə qarşılıqlı həmdlər və şükürlər edirdi.  25Mattanya, Baqbuqya, Avdiya, Meşullam, Talmon və Aqquv qapıçılıq edib darvazalardakı anbarları qoruyurdu.  26Bunlar Yosadaq oğlu Yeşua oğlu Yoyaqimin günlərində, vali Nehemya və ilahiyyatçı kahin Ezranın dövründə yaşayırdı.

Yerusəlim divarının təqdis edilməsi

27Yerusəlim divarının təqdisetmə mərasimini sevinclə, şükürlə, ilahilərlə, sinc, çəng və lira ilə keçirmək üçün Levililər yaşadıqları hər yerdən çağırılıb Yerusəlimə gətirildilər.  28Yerusəlim ətrafındakı sahədən və Netofalıların kəndlərindən,  29Bet-Qilqaldan və Geva ilə Azmavet çöllərindən ilahiçilər toplandı. Çünki ilahiçilər Yerusəlim ətrafında özləri üçün kəndlər salmışdılar.  30Kahinlər və Levililər özlərini pak edəndən sonra xalqı, darvazaları və divarı pak etdilər.  31Onda mən Yəhuda rəislərini divarın üstünə çıxartdım və şükür ilahiləri oxuyan iki böyük dəstə təyin etdim. Onlardan biri divarın üstü ilə sağ tərəfdən Peyin darvazasına doğru gedirdi.  32Onların ardınca Hoşaya və Yəhuda rəislərinin yarısı,  33Azarya, Ezra, Meşullam,  34Yəhuda, Binyamin, Şemaya, Yeremya,  35əllərində kərənaylarla kahinlərdən bəziləri – Asəf oğlu Zakkur oğlu Mikeya oğlu Mattanya oğlu Şemaya oğlu Yonatan oğlu Zəkəriyyə,  36qardaşları Şemaya, Azarel, Milalay, Gilalay, Maay, Netanel, Yəhuda, Xanani, Allah adamı Davudun musiqi alətləri ilə gedirdilər. İlahiyyatçı Ezra onların qabağında gedir.  37Çeşmə darvazası yanında və onların qarşısında divar yoxuşunda Davudun şəhərinin pilləkənləri ilə çıxıb Davudun sarayının üst tərəfindən şərqə doğru Su darvazasına qədər getdilər.  38Şükür ilahiləri oxuyanların o biri dəstəsi divarın üstü ilə sol tərəfə gedirdi. Mən xalqın yarısı ilə onların ardınca yeriyirdim. Sobalar qülləsindən keçib Geniş divara qədər,  39Efrayim darvazasının üstündən Köhnə darvaza, Balıqlar darvazası, Xananel qülləsi, Yüz qülləsi və Qoyun darvazasına qədər gedib Mühafizəçilər darvazasında dayandıq.  40Şükür ilahiləri oxuyanların iki dəstəsi Allah evinin yanında ayaq saxladı. Mən də hökumət məmurlarının yarısı ilə dayandım.  41Yanımda kərənay çalan kahinlər bunlar idi: Elyaqim, Maaseya, Minyamin, Mikeya, Elyoenay, Zəkəriyyə və Xananya;  42habelə Maaseya, Şemaya, Eleazar, Uzzi, Yehoxanan, Malkiya, Elam və Ezer. İlahiçilər İzrahyanın rəhbərliyi altında tərənnüm etdi.  43O gün çoxlu qurban kəsildi və şadlıq oldu, çünki Allah xalqa böyük sevinc bəxş etmişdi. Qadınlar və uşaqlar da sevinirdi və Yerusəlimin şənliyi uzaqlardan eşidilirdi.

Məbəd ibadəti üçün təminat

44Elə o gün ianələrin, ilk məhsulun və onda bir hissələrin yığılacağı anbarları qorumaq üçün adamlar təyin edildi. Bütün bunlar Qanunda kahinlər və Levililər üçün nəzərdə tutulan şəhərlərin ətrafındakı tarlalardan anbarlara gətirilməli idi. Çünki Yəhudalılar ibadət edən kahinlərlə Levililərdən məmnun idi.  45 Onlar, ilahiçilərlə məbəd qapıçıları Davud və oğlu Süleymanın əmrinə əsasən özlərinin Allahına xidmət edib pak olma mərasimini yerinə yetirdi.  46Çünki qədim zamanlarda – Davudun və Asəfin günlərində ilahiçilərin başçıları var idi və Allaha həmd və şükür mahnıları oxunurdu.  47Zerubbabilin və Nehemyanın günlərində bütün İsraillilər hər gün ilahiçiləri və məbəd qapıçılarını gündəlik paylar ilə təmin edirdi. Onlar Levililərə düşən payı ayırdı. Levililər də Harun övladlarına düşən payı ayırdı.

Nehemya 13

Nehemyanın qayda-qanunu bərpa etməsi

1O gün Musanın kitabından oxundu və xalq qulaq asırdı. Bu kitabda belə bir yazı aşkar olundu: «Allahın camaatına Ammonlu və yaxud Moavlı heç vaxt daxil ola bilməz».  2 Çünki Moav və Ammon övladları İsrail övladlarını çörək və su ilə qarşılamamışdı. Lakin İsrail övladlarına qarşı lənət oxumaq üçün Bilamı muzdla tutmuşdular. Allahımız isə lənəti xeyir-duaya çevirdi.  3İsrail övladları qanunu dinlədikdə bütün yadelliləri aralarından ayırdı.  4Bundan əvvəl Allahımızın məbədinin anbarlarına nəzarətçi təyin edilən kahin Elyaşiv Toviyanın yaxın tanışı olduğuna görə  5ona böyük bir otaq hazırlamışdı. Oraya əvvəllər taxıl təqdimləri, kündür, məbəd əşyaları, qanun üzrə Levililərə, ilahiçilərə və məbəd qapıçılarına verilən taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələri və kahinlərə verilən ianələr qoyulardı.  6Bu iş baş verəndə mən Yerusəlimdə deyildim. Ona görə ki Babil padşahı Artaxşastanın hakimiyyətinin otuz ikinci ilində onun hüzuruna getmişdim. Bir müddət sonra padşahdan izin alıb  7Yerusəlimə qayıtdım. Elyaşivin etdiyi pisliyi – Allah evinin həyətində Toviyaya bir otaq hazırladığı barədə xəbər aldım.  8Bu məni çox qəzəbləndirdi və Toviyanın bütün ev əşyalarını otaqdan bayıra atdım.  9Mənim əmrimlə otaqları təmizlədilər və Allah evinin əşyalarını, taxıl təqdimlərini kündürlə birgə oraya geri gətirdim.  10 Bir də xəbər tutdum ki, Levililərin payları onlara verilmir və xidmət edən Levililərlə ilahiçilərin hər biri öz torpağına qayıtmışdır.  11Mən hökumət məmurlarını tənbeh edib dedim: «Nə üçün Allahın evinə etinasızlıq edilir?» Sonra Levililərlə ilahiçiləri toplayıb yerlərinə qaytardım.  12 Bütün Yəhudalılar anbarlara taxılın, təzə şərabın və zeytun yağının onda bir hissələrini gətirdilər.  13Kahin Şelemyanı, ilahiyyatçı Sadoqu və Levililərdən Pedayanı anbarlara nəzarətçi və Mattanya oğlu Zakkur oğlu Xananı onların köməkçisi təyin etdim. Bu adamlar etimada layiq sayıldıqlarına görə qardaşlarına paybölmə işi onlara düşdü.  14Ey Allahım, buna görə məni yadda saxla. Allahımın məbədi və oradakı xidmətlər üçün etdiyim yaxşı işlərimi yoxa çıxarma!  15 O günlər Yəhudada gördüm ki, bəzi adamlar Şənbə günü üzüm sıxılan yerdə ayaqları ilə üzüm sıxırdı və içəri taxıl gətirib eşşəklərin üstünə yükləyirdi. Şərab, üzüm, əncir və hər cür yükləri də Şənbə günündə Yerusəlimin içinə gətirirdilər. Həmin gün mən ərzaq satanları töhmətləndirdim.  16Orada yaşayan Surlular balıq, hər cür mallar gətirərək Şənbə günü Yerusəlimdə Yəhudalılara satırdı.  17Yəhuda əyanlarını töhmətləndirib onlara dedim: «Nə üçün bu pis işi görüb Şənbə gününü murdar edirsiniz?  18Atalarımız belə işlər etmədilərmi? Allahımız bütün bu bəlaları bizim və bu şəhərin üzərinə buna görə gətirmədimi? Siz isə Şənbə gününü murdar edərək Onun İsrail övladlarına qəzəbini artırırsınız».  19 Yerusəlim darvazalarında Şənbənin başlayacağı axşamçağı əmr etdim ki, qapılar qıfıllansın. Şənbə bitənə qədər qapıların açılmamasını tapşırdım. Bəzi nökərlərimi də darvazaların qabağına qoymuşdum ki, Şənbə günü şəhərə heç bir yük gətirilməsin.  20Tacirlər və hər cür mal satanlar bir-iki dəfə Yerusəlimdən kənarda gecələmişdi.  21Mən onlara xəbərdarlıq edərək dedim: «Nə üçün divarın yanında gecələyirsiniz? Bir də belə etsəniz, sizə əl qaldıraram!» Tacirlər də o vaxtdan Şənbə günü gəlmədilər.  22Sonra mən Levililərə əmr etdim ki, Şənbə gününü təqdis etmək üçün özlərini təmizləyib gəlsinlər və darvazaların keşiyini çəksinlər. Ey Allahım, bundan ötrü məni unutma və böyük məhəbbətinə görə rəhm elə!  23 Həm də o günlər Aşdodlu, Ammonlu və Moavlılardan arvad alan Yəhudiləri də gördüm.  24Onların uşaqlarının yarısı Aşdod dilində yaxud digər xalqların dilində danışırdı, ancaq Yəhudi dilində danışa bilmirdi.  25Mən onları tənbeh və lənət etdim. Bəzilərini isə döyüb saçlarını yoldum. O adamlara Allah haqqına and içdirib dedim: «Qızlarınızı yadelli oğullarına verməyin, oğullarınıza və özünüzə onların qızlarını almayın.  26 İsrail padşahı Süleyman buna görə günaha batmadımı? Çox millətlərin arasında onun kimi padşah yox idi və o, Allahın sevimlisi idi. Allah onu bütün İsrail üzərinə padşah etdi, lakin yadelli qadınlar onu belə, günaha saldılar.  27İndi siz Allahımıza qarşı xainlik edib yadelli qadınlar alırsınız? Etdiyiniz bu böyük pisliyə yol verərikmi?»  28 Baş kahin Elyaşivin oğlu Yoyadanın oğullarından biri Xoronlu Sanballatın kürəkəni idi. Buna görə də onu yanımdan qovdum.  29Ey Allahım, onları yadda saxla, çünki onlar kahinliyi, kahinlər və Levililərlə kəsdiyin əhdi murdar etdilər!  30Beləliklə, xalqı bütün yadelli ənənələrdən təmizlədim. Kahinlərlə Levililərin vəzifələrini müəyyənləşdirdim. Hər kəsin öz işi var idi.  31Müəyyən edilmiş vaxtda odun gətirilməsini və ilk nübarın təqdim edilməsini təşkil etdim. Ey Allahım, məni yadda saxla və mənə xeyirxah ol!