GİRİŞ
Haqqay 1
Rəbb Yerusəlimdəki məbədinin bərpası haqqında əmr verir
1Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2«Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”». 3Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu: 4«Bu məbəd xaraba qaldığı halda
Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?»
5İndi isə Ordular Rəbbi belə deyir:
«Həyat yollarınız haqqında yaxşı düşünün.
6Çox əkdiniz, amma az götürdünüz.
Yeyirsiniz, amma doymursunuz.
İçirsiniz, amma susuzluğunuz yatmır.
Geyinirsiniz, amma geyiminiz sizi isitmir.
Məvacibiniz cırıq kisəyə qoyulur».
7Ordular Rəbbi belə deyir:
«Həyat yollarınız haqqında yaxşı düşünün.
8İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun.
Onda razı qalaram, izzətlənərəm».
Bunu deyən Rəbdir.
9Ordular Rəbbi belə bəyan edir:
«Çox şey gözlədiniz, budur, az oldu.
Az olanı da evə gətirəndə onları sovurdum.
Nə üçün? Xaraba qalan məbədimə görə.
Amma siz öz evləriniz üçün əlləşirsiniz.
10Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi.
11Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına,
Torpağın yetirdiyi nemətlərə,
Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə
Mən quraqlıq elan etdim».
12Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu. 13Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”». 14Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı. 15Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi.
Haqqay 2
Məbədin bərpasının tərənnümü
1Yeddinci ayın iyirmi birində peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2«İndi Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə, baş kahin Yehosadaq oğlu Yeşuaya və xalqın sağ qalanlarına belə söylə: 3 “Sizin aranızda kim burada olan məbədin əvvəlki əzəmətini görmüşdür? İndi buranı necə görürsünüz? Gözünüz önündə sanki bir heçə çevrilməyibmi?” 4Rəbb deyir: “İndi isə, ey Zerubbabil, qüvvətlən! Qüvvətlən, ey baş kahin olan Yehosadaq oğlu Yeşua! Ey bütün ölkə xalqı, qüvvətlənin və işləyin! Çünki Mən sizinləyəm”. Ordular Rəbbi belə bəyan edir: 5 “Misirdən çıxan zaman sizinlə bağladığım əhdə əsasən Ruhum aranızdadır. Qorxmayın!” 6 Budur, Ordular Rəbbi belə deyir: “Tezliklə Mən göyləri, yeri, dənizi, torpağı bir də lərzəyə gətirəcəyəm! 7Bütün millətləri lərzəyə salacağam; bütün millətlərin var-dövləti gələcək və bu evi əzəmətlə dolduracağam”. Ordular Rəbbi belə deyir. 8“Bütün qızıl-gümüş Mənimdir”. Ordular Rəbbi belə bəyan edir. 9Ordular Rəbbi belə deyir: “İndiki məbədin əzəməti əvvəlkindən üstün olacaq. Bu yerə əmin-amanlıq verəcəyəm”. Ordular Rəbbi belə bəyan edir».
Məzəmmət və vəd
10Daranın hakimiyyətinin ikinci ili, doqquzuncu ayın iyirmi dördündə Rəbbin sözü peyğəmbər Haqqaya nazil oldu. 11Ordular Rəbbi belə deyir: «Qanun haqqında kahinlərə bir müraciət edin: 12“Kimsə cübbəsinin ətəyində təqdis olunmuş ət gəzdirən zaman ətəyi ilə çörəyə, şorbaya, şəraba, zeytun yağına və yaxud hər hansı bir ərzağa toxunarsa, bunlar təqdis olunarmı?”» Kahinlər bu suala «xeyr» deyə cavab verdi. 13 Haqqay dedi: «Bəs ölü cəsədə toxunub murdarlanan bir adam həmin ərzaqlardan birinə toxunarsa, bu ərzaq murdar olarmı?» Kahinlər cavab verdi: «Murdar olar». 14Haqqay sonra belə dedi: «Rəbb belə bəyan edir: “Bu xalq – bu millət Mənim gözümdə belədir. Onların hər əməli belədir. Mənə təqdim etdikləri hər şey murdardır. 15İndi rica edirəm, bu gündən etibarən nə olacağını dərindən düşünün. Rəbbin məbədinin daşı daş üstünə qoyulmazdan əvvəl işləriniz necə gedirdi? 16O zaman hər kim iyirmi kisə məhsul gözləyirdisə, on kisə olurdu. Şərab çənindən kim əlli qab şərab çəkmək istəyirdisə, iyirmi qablıq şərab tapırdı”. 17Rəbb belə bəyan edir: “Özünüzü və əllərinizin bütün zəhmətini səmum küləyi, kif və dolu ilə vurdum. Yenə Mənə sarı dönmədiniz. 18Rica edirəm, dərindən düşünün. Bu gün doqquzuncu ayın iyirmi dördündən – Rəbbin məbədinin təməli qoyulan gündən sonra nə baş verəcəyi barədə yaxşı düşünün. 19Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”»
Rəbbin Zerubbabilə dediyi söz
20Rəbbin bu sözü Haqqaya ikinci dəfə ayın iyirmi dördündə nazil oldu: 21«Yəhuda valisi Zerubbabilə belə de: “Mən göyləri və yeri lərzəyə gətirəcəyəm. 22Padşahlıqların taxt-taclarını alt-üst edəcəyəm. Millətlərin padşahlıqlarının gücünü darmadağın edəcəyəm. Döyüş arabaları ilə sürücülərini aşıracağam, atlarla süvarilər yerə səriləcəklər. Hamı qardaş qılıncı ilə qırılacaq”». 23Ordular Rəbbi bəyan edir: «Ey qulum Şealtiel oğlu Zerubbabil, o gün səni götürüb möhürlü üzük edəcəyəm, çünki səni seçdim». Rəbb bu sözləri dedi. Bu, Ordular Rəbbinin bəyanıdır.