Huşə

GİRİŞ

Huşə peyğəmbər İsrailin şimal padşahlığının paytaxtı Samariyada vəz edirdi. O, miladdan əvvəl 721-ci ildə Aşşurlular tərəfindən zəbt edilən Samariyanın süqutundan qabaq yaşamışdı. Huşə xüsusilə İsrail xalqının bütpərəstliyinə və Allaha sadiq qalmamasına görə narahat idi. İsrail xalqı bütpərəstliyə tərəf dönmüşdü. Huşə öz uğursuz nikahının nümunəsində İsrailin Allaha xəyanət etməsini cəsarətlə təsvir edir. Huşənin arvadı Qomer ərinə vəfasız olub onu tərk etdiyi kimi Allahın xalqı da vəfasız çıxıb Ondan üz döndərmişdi. Buna görə də İsrail cəzasını alacaq. Amma Allahın məhəbbəti üstün olacaq:
«Ey İsrail, səni necə təslim edim?
…Köksümdə ürəyim alt-üst oldu,
Mərhəmət hisslərim alovlandı» (11:8).
Huşə dövrünün ictimai-siyasi vəziyyəti barədə də danışır. O, İsrailin başqa dövlətlərə deyil, Allaha güvənməsini istəyir.
Kitabın məzmunu:
1:1–3:5 Huşənin nikahı və ailəsi
4:1–13:16 Rəbbin İsraili məzəmmət etməsi
14:1-9 Rəbbin İsraili tövbəyə çağırması və vədlər verməsi

Huşə 1

1 Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür.

Huşənin arvadı və uşaqları

2Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir».  3Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu.  4 Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam.  5Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam».  6Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam.  7Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm».  8Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu.  9Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam.  10 Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək.  11Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq.

Huşə 2

1Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın.

İsrailin xəyanəti

2Qınayın siz ananızı, qınayın,

Çünki o Mənim arvadım deyil,

Mən də onun əri deyiləm.

Qoy üzündə görünən fahişəliyi,

Qoynunda olan xəyanəti atsın.

3Yoxsa onu çıl-çılpaq soyundurub

Lüt, anadangəlmə edəcəyəm.

Mən onu səhra, quru torpaq kimi edəcəyəm,

Susuzluqdan öldürəcəyəm.

4Onun balalarına da rəhm etməyəcəyəm,

Çünki onlar da xəyanət övladıdır.

5Onların anası zina etdi.

Onlara hamilə qalan qadın rəzillik etdi,

Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm,

Axı çörəyimi, suyumu, yunumu, kətanımı,

Zeytun yağımı və içkimi verən onlardır”.

6Buna görə də onun yolunu qanqallarla kəsib

Önünə hasar çəkəcəyəm.

Öz yolunu tapa bilməyəcək.

7Oynaşlarının dalınca gedəcək,

Ancaq onlara çatmayacaq.

Onları axtaracaq,

Ancaq tapmayacaq.

O zaman deyəcək:

“Qoy öz əvvəlki ərimin yanına qayıdım,

Çünki o vaxt halım indikindən yaxşı idi”.

8Amma o bilmirdi ki,

Ona taxılı, təzə şərabı,

Zeytun yağını verən Mənəm.

Baal bütü üçün sərf etdikləri

Qızıl-gümüşü çoxaldan Mənəm.

9Buna görə də öz vaxtında taxılımı,

Öz mövsümündə təzə şərabımı geri alacağam.

Onun çılpaqlığını örtmək üçün verdiyim

Yunu və kətanı əlindən alacağam.

10İndi oynaşlarının önündə

Onun ayıbını üzə çıxaracağam.

Kimsə onu əlimdən qurtara bilməyəcək.

11Onda olan bütün şadlıqlara,

Bayramlara, Təzə Ay mərasimlərinə,

Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam.

12Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm.

O bunlar barədə deyirdi:

“Bu, oynaşlarımın mənə verdiyi muzddur”.

Bağlarını tikanlığa çevirəcəyəm,

Çöl heyvanlarına yem olacaqlar.

13Baal bütlərinə buxur yandırdığı günlər üçün

Onu cəzalandıracağam.

O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək

Oynaşlarının dalınca getmiş,

Məni isə unutmuşdu»

Rəbb belə bəyan edir.

14«Amma Mən onu dilə tutub

Səhraya aparacağam,

Onun ürəyincə olan sözlər deyəcəyəm.

15Orada ona üzüm bağları verəcəyəm, Akor

vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi,

Misir torpağından çıxdığı gün kimi

Orada nəğmə oxuyacaq».

16Rəbb bəyan edir: «Həmin gün

Mənə “ərim” deyəcəksən,

Artıq “ağam”

deməyəcəksən.  17Baal bütlərinin adını dilindən siləcəyəm,

Onların adı bir də yada salınmayacaq.

18O gün sənin asayişin üçün

Çöl heyvanları, göy quşları və

Yerdə sürünənlərlə əhd kəsəcəyəm.

Ölkədən kamanı, qılıncı,

Müharibəni götürəcək,

Səni əmin-amanlıqda yatıracağam.

19Səni əbədi olaraq Özümə nişanlayacağam,

Salehlik, ədalət, məhəbbət və mərhəmətlə

Səni özümə nişanlayacağam.

20Səni sədaqətlə Özümə nişanlayacağam,

Sən də Rəbbi tanıyacaqsan».

21Rəbb bəyan edir: «O gün hay verəcəyəm,

Göylərə hay verəcəyəm,

Onlar da yerə hay verəcək.

22Yer isə taxıla, təzə şəraba və

Zeytun yağına hay verəcək,

Onlar da İzreelə hay verəcək.

23Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə

Mərhəmət edəcəyəm.

“Xalqım deyil” dediyimə

“Xalqımsan” deyəcəyəm.

O isə Mənə “Allahımsan” deyəcək».

Huşə 3

Huşə və vəfasız qadın

1Rəbb mənə dedi: «Get yenə də aşnasının sevdiyi zina edən qadını sev, necə ki Rəbb İsrail övladlarını sevir, onlarsa başqa allahlara üz tutur və bunlara təqdim edilən üzüm kökələrini sevir».  2Mən də qadını özüm üçün on beş gümüşə və bir yarım xomer arpaya satın aldım.  3Ona dedim: «Uzun müddət mənim yanımda qal, başqa bir kişi ilə olub zina etmə. Mən də səninlə belə rəftar edərəm.  4Ona görə ki İsrail övladları uzun müddət padşah və başçı, qurban və müqəddəs daş, efod və ev bütləri olmadan yaşayacaq.  5Sonra İsrail övladları dönüb özlərinin Allahı Rəbbi və padşahı Davudu axtaracaq. Axır zamanda lərzə içində Rəbbə və Onun xeyirxahlığına doğru yönələcəklər».

Huşə 4

Rəbbin İsraili məzəmmət etməsi

1«Ey İsrail övladları, Rəbbin sözünü eşidin,

Çünki bu ölkədə yaşayanları

Rəbb ittiham edir.

Sədaqət, məhəbbət, Allahı tanımaq

Bu yerdə yox olub.

2Lənət, yalan, qətl, oğurluq və zina

Hər yerə yayılıb.

Qoluzorluluq edərək

Qan üstünə qan tökürlər.

3Bundan ötrü ölkə yas tutur,

Orada yaşayan hər kəs bezib.

Həmçinin çöl heyvanları, göy quşları,

Hətta dənizdəki balıqlar da məhv olur.

4Ancaq heç kəs dava etməsin,

Heç kəs başqasını təqsirləndirməsin,

Çünki Mənim davam səninlədir, ey kahin.

5Sən gündüz büdrəyəcəksən,

Peyğəmbər də gecə səninlə birgə.

Sənin ananı

məhv edəcəyəm.  6Xalqım biliksizlikdən məhv oldu.

Sən biliyi rədd etdiyin üçün

Mən də səni rədd edəcəyəm ki,

Bir daha Mənə kahinlik etməyəsən.

İndi ki öz Allahının qanununu unutdun,

Mən də sənin balalarını unudacağam.

7Kahinlər nə qədər çoxaldısa,

Mənə qarşı o qədər çox günah etdi.

Onların izzətini rüsvayçılığa çevirəcəyəm.

8Xalqımın günahı ilə bəslənirlər,

Onların qəbahətinə can atırlar.

9Xalqın başına gələn

Kahinin də başına gələcək.

Tutduqları yol üçün onları cəzalandıracağam.

Əməllərinin əvəzini onlara ödəyəcəyəm.

10Yeyəcəklər, amma doymayacaqlar,

Fahişəlik edəcəklər, amma çoxalmayacaqlar,

Çünki onlar Rəbbi tərk edib

Başqa allahlara könül verdi.

11Zina, köhnə və təzə şərab

Onların ürəklərini cəlb edib.

12Xalqım ağacdan olan əşyaya sual verir,

Əsalarından cavab alır,

Çünki xəyanət ruhu onları azdırdı.

Özlərinin Allahından ayrılıb xəyanət etdilər.

13Dağların başında qurban kəsirlər,

Təpələrdə palıd, ağcaqovaq və yabanı püstə ağacı altında

Kölgələri gözəl olduğu üçün buxur yandırırlar.

Buna görə də qızlarınız fahişəlik edir,

Gəlinləriniz də zinakardır.

14Fahişəlik edən qızlarınızı,

Zina edən gəlinlərinizi cəzalandırmayacağam.

Çünki kişiləriniz fahişələrlə oynaşır,

Məbəd fahişələri ilə birgə qurban kəsir.

Dərrakəsiz xalq məhv olacaq.

15Ey İsrail, sən xəyanət etsən də,

Heç olmasa Yəhuda təqsirkar olmasın.

Qilqala getməyin,

Bet-Avenə çıxmayın.

“Var olan Rəbbin haqqı üçün”

Deyib and içməyin.

16Bəli, İsrail inadkar bir düyə kimi inad etdi.

İndi Rəbb onları

Otlaqda quzu otaran kimi necə otarsın?

17Efrayim bütlərindən yapışdı,

Burax onu!

18Onlar içkiləri qurtarandan sonra

Hələ pozğunluq da edir.

Onların başçıları rüsvayçılığı çox sevir.

19Külək onları qanadları ilə sarıyacaq,

Qurbanlarından ötrü utanacaqlar.

Huşə 5

İsrailin cəzası

1Ey kahinlər, bunu eşidin!

Ey İsrail nəsli, diqqətlə dinləyin!

Ey padşah sarayında olanlar, qulaq verin!

Sizin barənizdə hökm çıxarıldı,

Çünki siz Mispada bir tələ,

Tavor dağına sərilmiş bir tor oldunuz.

2Qanunsuzlar adam öldürməklə məşğuldur.

Amma Mən onların hamısını cəzalandıracağam.

3Efrayimi tanıyıram,

İsrail Məndən gizli deyil,

Çünki indi sən fahişəlik edirsən, ey Efrayim,

İsrail də murdarlanıb.

4Əməlləri qoymur ki, onlar

Özlərinin Allahına tərəf dönsün,

Çünki içlərində xəyanət ruhu var,

Rəbbi də tanımırlar.

5İsrailin qüruru özünə qarşı şəhadət edir.

İsraillə Efrayim

Günahlarından ötrü büdrəyib-yıxılır.

Yəhuda da onlarla birgə yıxılır.

6Qoyun-keçi, mal-qara qurban edərək

Rəbbi axtarmağa gedəcəklər,

Amma tapmayacaqlar,

Çünki Rəbb onları tərk etdi.

7Onlar Rəbbə xəyanət etdi,

Çünki bic uşaqlar doğdu.

İndi Təzə Ay mərasimi olanda

Onlar tarlaları ilə birlikdə məhv olacaq.

8Giveada şeypur çalın,

Ramada kərənay çalın,

Bet-Avendə car çəkin,

Düşmən arxandadır, ey Binyamin!

9Efrayim cəza günündə viran olacaq,

Bu yəqin sözü İsrail qəbilələri arasında bəyan edirəm.

10Yəhuda başçıları

Sərhəd daşı dəyişənlərə bənzəyir.

Qəzəbimi sel kimi onların üstünə tökəcəyəm.

11Efrayim zülm gördü,

Hökm ilə əzildi,

Çünki bilə-bilə

Boş şeylərin dalınca getdi.

12Mən Efrayimlilərə qarşı güvə,

Yəhuda nəsli üçün kif olacağam.

13Efrayim xəstəliyini,

Yəhuda yarasını gördü.

Efrayim Aşşura getdi,

Böyük padşahdan kömək istədi,

Amma o sizə şəfa verməz,

Yaranızı sağaltmaz.

14Bəli, Mən Efrayimlilərə qarşı bir şir,

Yəhuda nəsli üçün cavan aslan olacağam.

Mən, Mən onu parçalayıb gedəcəyəm,

Sürüyəcəyəm və kimsə əlimdən qurtarmayacaq.

15Sonra qayıdıb Öz məskənimə gedəcəyəm,

O vaxtacan ki özlərini günahkar sayaraq

Mənim hüzurumu axtaracaqlar.

Bəlaya düşəndə həsrətlə Məni axtaracaqlar».

Huşə 6

İsrailə çağırış

1«Gəlin Rəbbə qayıdaq.

O bizi parçaladı,

O da bizə şəfa verəcək.

O bizi yaraladı,

O da yaramızı sarıyacaq.

2İki gün sonra bizi dirildəcək,

Üçüncü gün ayağa qaldıracaq,

Onun hüzurunda yaşayacağıq.

3Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.

O hökmən dan yeri kimi doğacaq,

Yağış kimi,

Torpağı sulayan yaz yağışı kimi

Yanımıza gələcək».

4Allah deyir:

«Ey Efrayim, sənə nə edim?

Ey Yəhuda, bəs sənə nə edim?

Çünki məhəbbətiniz səhər dumanı,

Erkən uçub gedən şeh kimidir.

5Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım,

Ağzımdan çıxan sözlərlə öldürdüm.

Sizin üzərinizdə hökmüm

Şimşək kimi parıldayır.

6Çünki Mən qurban deyil, Mərhəmət (Məhəbbət) istəyirəm.

Yandırma qurbanlarından çox

Allahı tanımağınızı istəyirəm.

7Ancaq onlar Adəm kimi əhdi pozdu,

Orada Mənə xəyanət etdi.

8Gilead şər adamların şəhəridir,

Qan izləri ilə doludur.

9Quldur dəstələri necə insan üçün pusquya yatırsa,

Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür,

Bəli, xəbislik edir.

10İsrail nəslində qorxunc bir şey gördüm,

Efrayim fahişəliyə batmış,

İsrail murdarlanmışdır.

11Ey Yəhuda, sənin üçün də

Bir biçin günü təyin edildi.

Mən xalqımı sürgündən qaytaranda,

Huşə 7

1İsrailə şəfa vermək istəyəndə

Efrayimin günahları,

Samariyanın pislikləri ortaya çıxır.

Çünki hiylə ilə davranırlar.

Evlərə oğru girir,

Küçədə quldur soyğunçuluq edir.

2Ürəklərində düşünmürlər ki,

Mən onların bütün pisliklərini yada salıram.

İndi günahları onları dövrələyib və

Gözümün önündədir.

3Padşahı pislikləri ilə,

Başçıları yalanları ilə sevindirirlər.

4Hamısı zinakardır,

Yoğrulan xəmir acıyana qədər

Təndirçinin odunu qurdalamağa ehtiyac görmədiyi

Soba kimi şəhvətlə yanırlar.

5Padşahımızın ad günündə

Başçılar şərabın atəşindən xəstələndi,

Padşah da istehzaçılarla əl-ələ verdi.

6Pusquda yatarkən

Ürəkləri soba kimi qızar.

Qəzəbləri bütün gecə için-için yanar,

Səhər də alovlu atəş kimi parlayar.

7Onların hamısı soba kimi qızışıb

Öz hakimlərini həlak etdi.

Bütün padşahları yıxıldı,

Aralarında Məni çağıran yoxdur.

8Efrayim başqa xalqlara qarışır;

Efrayim bir üzü çiy qalan kökədir.

9Onun gücünü özgələr yedi,

O isə bilmir,

Saçına dən düşüb,

O isə bilmir.

10İsrailin qüruru özünə qarşı şəhadət edir.

Ancaq yenə də özlərinin Allahı Rəbbə tərəf dönmür,

Onu axtarmırlar.

11Efrayim səfeh və dərrakəsiz bir göyərçin kimidir.

Gah Misirliləri çağırır,

Gah Aşşura gedirlər.

12Onlar gedən zaman

Mən onların başına torumu atacağam.

Göydəki quşlar kimi

Onları vurub yerə salacağam.

İcmalarında bildirildiyi kimi

Onları cəzalandıracağam.

13Vay onların halına!

Çünki Məndən uzaqlaşdılar.

Başlarına bəla gəlsin!

Çünki Mənə qarşı üsyan etdilər.

Mən onları qurtarmaq istəyirdim,

Onlarsa Mənə böhtan deyir.

14Ürəkdən Mənə fəryad etmirlər,

Ancaq yataqlarının içində ulayırlar.

Taxıl və təzə şərab üçün özlərini yaralayırlar,

Amma Məndən üz döndərirlər.

15Mən onlara nəsihət verdim,

Qollarına güc verdim.

Onlarsa Mənə qarşı qəsd qurur.

16Onlar üz tutur,

Ancaq ucalara tərəf yox.

Hədəfi əyri vuran kamana bənzəyirlər.

Dillərinin arsızlığı üzündən

Başçıları qılınca tuş gələcək.

Buna görə də Misirdə

Kinayə hədəfi olacaqlar.

Huşə 8

İsrailin bütpərəstliyi

1Şeypur çalmağa hazırlaş!

Rəbbin evinin üzərinə

Düşmən qartal kimi hücum çəkir.

Çünki İsraillilər Mənim əhdimi pozdu,

Mənim qanunuma qarşı çıxdı.

2Onlar Mənə fəryad edib deyəcək:

“Allahım, biz İsraillilər Səni tanıyırıq”.

3İsrail yaxşılığı rədd etdi,

Düşmən onu təqib edəcək.

4Məndən soruşmadan

Özlərinə padşah qoydular.

Məndən xəbər almadan

Başçılar seçdilər.

Özlərinə qızıl və gümüşlərindən

Ölümlərinə yol açan

Bütlər düzəltdilər.

5Ey Samariya, dana bütün rədd edildi!

Mənim qəzəbim onlara qarşı alovlandı.

Nə vaxta qədər onlar pak olmayacaq?

6Çünki bu büt İsrailin işidir,

Usta onu düzəldib,

Ona görə də Allah deyil.

Samariyadakı dana bütü

Xıncım-xıncım olacaq.

7Onlar külək qaldırdı,

Qasırğa alacaqlar.

Sünbül bitirməyən buğda un verməz,

Versə də, yadlar onu udacaq.

8İsrail udulmuşdur,

İndi onlar millətlər arasında

Heç kəsin bəyənmədiyi bir qab kimi oldu.

9Onlar tənha gəzən vəhşi eşşək kimi

Aşşur tərəfə getdi.

Efrayim muzdla özünə oynaşlar tutdu.

10Onlar millətlər arasında muzdla oynaş tutsalar da,

Mən indi onları bir yerə toplayacağam.

Onlar qüdrətli padşahın zülmündən

Azalmağa başlayacaq.

11Efrayim günah təqdimi üçün

Çoxlu qurbangah tiksə də,

Bunlar onu günaha batıran qurbangahlar oldu.

12Mən onlar üçün çoxlu qanun yazdım,

Onlarsa bunları yad bir şey hesab etdi.

13Mənə kəsilən qurbanlara gəlincə, Əti Mənə qurban gətirib

Özləri yeyir.

Rəbb onlardan razı deyil.

İndi onların qəbahətlərini yada salacaq,

Günahlarına görə onları cəzalandıracaq.

Onlar Misirə qayıdacaq.

14İsrail də Yaradanını unutdu,

Özünə saraylar qurdu.

Yəhuda da çoxlu qalalı şəhər tikdi,

Ancaq Mən onun şəhərlərinə od göndərəcəyəm,

Qalalarını alov yeyəcək.

Huşə 9

İsrailin cəzası

1Ey İsrail, başqa xalqlar kimi

Sevinib coşma,

Çünki öz Allahına xəyanət etdin.

Bütün xırmanlarda

Fahişəlik muzduna könül verdin.

2Xırman və üzümsıxan xalqı doydurmayacaq,

Təzə şərab onlara qismət olmayacaq.

3Rəbbin torpağında yaşamayacaqlar,

Efrayim Misirə qayıdacaq,

Aşşurda murdar yemək yeyəcək.

4Rəbbə təqdim olaraq şərab tökməyəcəklər,

Qurbanları Ona məqbul olmayacaq.

Qurbanlar onlara yas çörəyi olacaq,

Onu yeyənlərin hamısı murdar olacaq.

Çörəkləri özlərinə qismət olacaq,

Amma Rəbbin evinə gətirilməyəcək.

5Təntənəli bayramda,

Rəbbin bayram günündə nə edəcəksiniz?

6Məhvdən qaçsalar da,

Misir onları yığacaq,

Memfis qəbirə basdıracaq.

Onların gümüş xəzinələrini gicitkən tutacaq,

Çadırlarında qanqal bitəcək.

7Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi.

Qoy İsrail bunu bilsin!

Təqsirlərinizin çoxluğundan,

Düşmənçiliyinizin böyüklüyündən

Peyğəmbəri əbləh,

Ruhani adamı divanə saydınız.

8Peyğəmbər Allahımın Efrayim üzərində qoyduğu gözətçidir.

Amma onun getdiyi hər yerdə tor qurdular,

Allahın evində düşmənçilik var.

9Givea günlərində olduğu kimi Onlar böyük pozğunluğa düçar oldu.

Allah onların təqsirlərini yada salacaq,

Günahları üçün onları cəzalandıracaq.

10Səhrada üzüm tapan kimi Mən İsraili tapdım,

İlk dəfə məhsul verən əncir nübarı kimi

Mən atalarınızı gördüm.

Amma onlar Baal-Peora çatanda

Rüsvayçı bütlərə təslim oldu.

Özləri də sevdikləri şeylər kimi

İyrənc oldu.

11Efrayimin calalı

Bir quş kimi uçub gedəcək.

Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq.

12Öz uşaqlarını böyütsələr də,

Balalarını əllərindən alacağam,

Onları kimsəsiz qoyacağam.

Mən onları tərk etdikdə vay hallarına!

13Mən gördüm ki, Efrayim

Sur şəhəri kimi gözəl bir yerdə məskən salıb.

Amma Efrayim öz övladlarını

Qatil qabağına çıxaracaq».

14Ya Rəbb, nə verəcəksən, ver onlara,

Onlara uşaq salan bətn, südsüz döşlər ver!

15Rəbb deyir: «Onlar bütün pis əməllərini

Qilqalda edir,

Orada onlara nifrət etdim.

Etdikləri günahlardan ötrü

Onları evimdən qovacağam.

Artıq onları sevməyəcəyəm.

Bütün başçıları üsyankardır.

16Efrayim kəsildi,

Kökləri qurudu.

Onlar bar verməyəcək.

Əgər doğsalar da,

Bətnlərinin əziz barını Mən məhv edəcəyəm».

17Allahım onları rədd edəcək,

Çünki Ona qulaq asmadılar.

Millətlər arasında sərgərdan gəzəcəklər.

Huşə 10

1İsrail bir qollu-budaqlı meynədir ki,

Bol-bol bar gətirir.

Ancaq barı artdıqca

Qurbangahları da artırdı.

Torpağı bərəkətli olduqca

Daha gözəl olan müqəddəs daşları da düzəltdi.

2Onların ürəkləri yalanla doldu,

Günahlarına görə də cəzalanacaqlar.

Rəbb onların qurbangahlarını dağıdacaq,

Müqəddəs daşlarını sındıracaq.

3Onda onlar deyəcək:

«Bizim padşahımız yoxdur,

Çünki biz Rəbdən qorxmadıq.

Padşahımız olsa da,

Bizə nə edəcəkdi?»

4Əhd bağlayanda boş vədlər verir,

Yalandan and içirlər.

Buna görə də məhkəmə işləri

Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür.

5Samariya sakinləri

Bet-Avendəki dana bütlərinə görə

Qorxuya düşəcək.

Onun üçün xalqı yas tutacaq.

Onun calalı ilə coşan kahinləri

Sürgünə aparıldığı üçün ağlayacaq.

6Büt özü Aşşura – böyük padşaha

Hədiyyə aparılacaq.

Efrayim biabır olacaq,

İsrail aldığı məsləhətdən utanacaq.

7Samariya və onun padşahı

Su üstündəki çubuq kimi

Axıb-gedəcək.

8İsrailin günahı olan Avendəki

səcdəgahlar yox olacaq, Onun qurbangahlarında

Tikan və qanqal bitəcək.

O zaman dağlara «Bizi örtün!»,

Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər.

9«İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi.

Orada öz işlərini davam etdirdilər.

Şər adamlara qarşı müharibə

Onları Giveada yaxalamazmı?

10Mən istədiyim zaman

Onları cəzalandıracağam.

Xalqlar onlara qarşı birləşib,

İkiqat cinayətlərindən ötrü

Onları əsir edəcək.

11Efrayim əhliləşmiş,

Taxıl döyməyi sevən düyəyə bənzər.

Mən onun incə boynunu əsirgədim.

İndi isə Efrayimi sürdürəcəyəm.

Yəhuda yer şumlasın,

Yaqub isə dırmıq çəksin.

12Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz.

Dincə qoyulmuş torpağınızı şumlayın,

Çünki Rəbbi axtarmaq vaxtıdır.

Nəhayət, O gəlib üstünüzə

Salehliyin nemətlərini yağdıracaq.

13Amma siz pislik əkib,

Qəbahət biçdiniz.

Yalanın bəhərini yediniz.

Çünki öz üsulunuza,

Çoxlu cəngavərlərinizə güvəndiniz.

14Xalqınızın içində müharibə gurultusu qopacaq,

Bütün qalalarınız dağılacaq,

Necə ki Şalman müharibə günündə

Bet-Arbeli dağıtdı,

Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı.

15Ey Bet-El, pisliyinin çoxluğu üzündən

Səninlə də belə rəftar ediləcək.

Dan ağaranda İsrail padşahı həlak olacaq.

Huşə 11

Allahın İsrailə məhəbbəti

1İsrail uşaq ikən onu sevdim, Öz oğlumu Misirdən çağırdım.

2Peyğəmbərlər İsraili çağırdıqca

İsrail onlardan uzaqlaşdı.

Baal bütlərinə qurban kəsdilər,

Oyma bütlərə buxur yandırdılar.

3Efrayimə gəzməyi Mən öyrətdim,

Onları qollarım üstünə aldım.

Ancaq bilmədilər ki,

Onlara Mən şəfa verdim.

4Onları insani tellərlə,

Sevgi bağları ilə Özümə çəkdim.

Onlar üçün çənələrindən boyunduruğu qaldıran

Bir kəs oldum,

Əyilib onlara yemək verdim.

5Məgər Misirə qayıtmayacaqlar?

Aşşur onlara padşah olmayacaq?

Çünki onlar Mənə üz tutmaq istəmədilər.

6Şəhərlərinin içində qılınc fırlanacaq,

Onların qapı sürgülərini qıracaq.

Fitnələri üzündən onları yeyib-qurtaracaq.

7Xalqım Məndən üz döndərməyi qərara alıb.

Haqq-Taalanı çağırsalar da,

Onları heç vaxt ucaltmayacaq.

8Ey Efrayim, səni necə əldən verim? Ey İsrail, səni necə təslim edim?

Admaya etdiyimi sənə necə edim?

Səni necə Sevoyim kimi edim?

Köksümdə ürəyim alt-üst oldu,

Mərhəmət hisslərim alovlandı.

9Mən qızğın qəzəbimlə rəftar etmərəm,

Efrayimi artıq məhv etmərəm.

Çünki Mən Allaham, insan deyiləm,

Aranızda Müqəddəs Olanam.

Qəzəblə üzərinizə gəlmərəm.

10Onlar aslan kimi nərə çəkən

Rəbbin arxasınca gedəcək.

O nərə çəkəndə

Övladları qərbdən titrəyərək gələcək.

11Misirdən quşlar kimi,

Aşşur ölkəsindən göyərçinlər kimi

Titrəyərək gələcəklər.

Onları evlərində sakin edəcəyəm»

Rəbb belə bəyan edir.

İsrailin günahı

12Efrayim yalanla, İsrail nəsli hiylə ilə

Ətrafımı bürüdü.

Amma Yəhuda hələ də Allahla birgə gedir,

Müqəddəs Olana sadiqdir.

Huşə 12

1Efrayim yellə bəslənir,

Bütün gün şərq küləyinin dalınca düşür.

Yalanı, qoluzorluluğu artırır.

Aşşurla saziş bağlayır,

Misirə zeytun yağı göndərir.

2Yəhuda ilə Rəbbin davası var,

Yaqubu getdiyi yola görə cəzalandıracaq,

Əməllərinə görə əvəz verəcək.

3O hələ ana bətnində ikən Qardaşının topuğundan tutdu,

Böyüklük çağında Allahla güləşdi.

4Mələklə güləşib ona üstün gəldi, Ağlayaraq Ondan xeyirxahlıq istədi.

Allah onu Bet-Eldə tapdı.

5Ordular Allahı Rəbb

Bizimlə orada danışdı.

O, «Rəbb» deyə anılır.

6Buna görə də sən Allahına üz tut,

Məhəbbətə, ədalətə bağlan,

Daim Allahına ümid bağla.

7Efrayim tacirdir,

Əlindəki aldadıcı tərəzi ilə

Aldatmağı sevir.

8Efrayim deyir:

«Doğrudan da, mən varlandım,

Özüm üçün sərvət topladım.

Çoxlu şeylər qazansam da,

Məndə günah sayılacaq bir təqsir tapılmayacaq».

9«Ancaq səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm.

Bayram günlərində olduğu kimi

Səni yenə öz çadırlarında məskunlaşdıracağam.

10Mən peyğəmbərlərlə danışdım,

Çoxlu görüntü göndərdim,

Peyğəmbərlərin dilindən məsəllər söylədim».

11Gilead xalqı pis xalqdır,

Doğrudan da, yaramazdır.

Qilqalda buğaları qurban kəsirlər.

Onların qurbangahları

Şumlanmış tarladakı daş qalaqları kimidir.

12Yaqub Aram torpağına qaçdı, İsrail arvad üçün qul oldu,

Arvada görə qoyun otardı.

13Rəbb İsraili bir peyğəmbər vasitəsilə Misirdən çıxartdı,

Bir peyğəmbər vasitəsilə qorudu.

14Efrayim Allahı bərk qəzəbləndirdi,

Tökdüyü qanı öz başına gətirəcək,

Xudavənd onun rüsvayçılığını özünə qaytaracaq.

Huşə 13

Rəbbin İsrailə qəzəbi

1Efrayim danışanda hamı titrəyirdi.

İsraildə ucalmışdı,

Amma Baala tapınıb təqsir edəndə məhv oldu.

2İndi günah üstünə günah edirlər,

Gümüşlərindən özlərinə tökmə bütlər,

Məharətlə düşünülmüş bütlər düzəldirlər.

Hamısı usta işidir.

«Qurban gətirən adamlar

Danaları öpsün!» deyirlər.

3Buna görə də səhər dumanı,

Erkən uçub gedən şeh,

Xırmanda sovrulan saman çöpü,

Bacadan çıxan tüstü kimi olacaqlar.

4«Ancaq Səni Misir torpağından çıxaran

Allahın Rəbb Mənəm.

Sən Məndən başqa allah tanımamalısan,

Çünki Məndən başqa xilaskar yoxdur.

5Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum.  6Onları bəslədiyimə görə doydular,

Doyandan sonra onların ürəyi qürurlandı,

Buna görə də Məni unutdular.

7Mən onlara bir aslan olacağam,

Bəbir kimi yol kənarında

Pusquda duracağam.

8Balalarından məhrum olmuş ayı kimi

Onlara hücum çəkəcəyəm,

Ürəklərinin pərdəsini yırtacağam.

Dişi aslan kimi onları yeyib-qurtaracağam,

Vəhşi canavar onları parçalayacaq.

9Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın

Səni ölümə aparır.

10İndi padşahın haradadır ki, Bütün şəhərlərində səni xilas etsin?

Hakimlərin haradadır?

Sən ki onlar barədə

“Mənə bir padşah və başçılar ver” deyirdin.

11Qəzəb içində sənə padşah verdim, Hiddətlənəndə onu apardım.

12Efrayimin qəbahəti yığılıb,

Günahı qeydə alınıb.

13Doğan qadının ağrıları ona çatır,

Amma o, ağılsız oğuldur.

Çünki vaxtı çatanda

Bətndən çıxmağa ləngiyir.

14Mən onları ölülər diyarının Əlindən satın alacağam,

Onları ölümdən xilas edəcəyəm.

Ey ölüm, bəlaların hanı?

Ey ölülər diyarı, həlakın hanı?

Gözümdə mərhəmət görünməyəcək.

15Efrayim öz qardaşları arasında

Barlı-bəhərli olsa da,

Şərq yeli, səhradan qalxan

Rəbbin küləyi gələcək,

Onun bulağı quruyacaq,

Çeşməsinin suyu kəsiləcək.

Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq.

16Samariya günahının cəzasını çəkəcək,

Çünki Allahına qarşı üsyankar oldu.

Onlar qılıncdan həlak olacaq.

Balaları yerə çırpılıb parçalanacaq,

Hamilə qadınlarının qarnı yarılacaq».

Huşə 14

Rəbbin İsrailə müraciəti

1Allahın Rəbbə üz tut, ey İsrail,

Çünki günahlarından ötrü büdrədin.

2Dua sözləri ilə Rəbbə tərəf dönün.

Ona belə deyin:

«Hər qəbahətimizi bağışla,

Bizi mərhəmətlə qəbul et.

Buğalar yerinə ağzımızdan çıxan

Şükürləri təqdim edirik.

3Aşşur bizi xilas etməyəcək,

Atların belinə minməyəcəyik,

Artıq əl işlərimizə

“Allahlarımız” deməyəcəyik.

Çünki yetim Səndən mərhəmət görəcək».

4«Onların dönüklüyünə əlac edəcəyəm,

Onları ürəkdən sevəcəyəm,

Çünki qəzəbim onlardan vaz keçdi.

5Mən İsrailə bir şeh olacağam,

O, zanbaq kimi çiçək açacaq,

Livan sidri kimi kök atacaq.

6Qollu-budaqlı olacaq,

Zeytun ağacı kimi gözəl olacaq,

Livan sidri kimi ətir saçacaq.

7Adamlar yenə də kölgəsi altında oturub

Buğda kimi cücərəcək,

Meynə kimi tumurcuqlayacaq,

Şöhrəti Livan şərabı kimi olacaq.

8Efrayim deyəcək:

“Artıq bütlər nəyimə gərəkdir?”

Mən onun səsini eşidəcəyəm,

Ona nəzər salacağam.

Mən həmişəyaşıl şam kimiyəm,

Sənin bar verməyin Məndən gələcək.

9Kim müdrikdirsə, bu sözləri dərk etsin,

Kim dərrakəlidirsə, bunları başa düşsün.

Çünki Rəbbin yolları düzdür.

Salehlər o yollarla gedir,

Ancaq üsyankarlar o yollarda büdrəyir».