GİRİŞ
Malaki 1
1Bu xəbərdarlıq Rəbbin Malaki vasitəsilə İsrailə dediyi sözdür.
Rəbbin İsrailə məhəbbəti
2 Rəbb «sizi sevdim» deyir. Ancaq siz «Bizi necə sevdin?» deyib soruşursunuz. Rəbb də cavab verir: «Esav Yaqubun qardaşı deyildimi? Amma Mən Yaqubu sevdim, 3Esava isə nifrət etdim. Onun dağlarını viran etdim, mirasını çöl çaqqallarına verdim». 4Edomlular deyir: «Biz əzildik, amma yenidən xarabalıqları bərpa edəcəyik». Ancaq Ordular Rəbbi belə deyir: «Qoy onlar qursun, amma Mən yıxacağam. Onların ölkəsi pislik ölkəsi, özləri isə həmişə Rəbbin qəzəbləndiyi xalq olaraq tanınacaq». 5Siz bunu gözlərinizlə görəndə «Rəbb İsrail sərhədlərindən kənarda da əzəmətlidir!» deyəcəksiniz.
Kahinlərə məzəmmət
6Ordular Rəbbi sizə deyir: «Ey adıma hörmət etməyən kahinlər! Oğul atasına, qul ağasına hörmət göstərir. Əgər Mən atayamsa, hanı Mənə hörmətiniz? Əgər ağayamsa, hanı Məndən qorxunuz? Ancaq siz “Adına necə hörmət etmədik?” deyib soruşursunuz. 7Qurbangahımın üzərində murdar çörək təqdim edirsiniz, hələ “Səni necə murdar etdik?” deyib soruşursunuz. “Rəbbin süfrəsinə hörmət etmək lazım deyil” deməklə belə edirsiniz. 8 Kor heyvanı qurban olaraq gətirmək pis iş deyilmi? Topal yaxud xəstə heyvan qurban etmək pis iş deyilmi? Belə bir heyvanı öz valinə təqdim et, gör səndən razı qalırmı yaxud səni qəbul edirmi?» deyir Ordular Rəbbi. 9«İndi bizə lütf etməsi üçün Allaha yalvarın. Siz belə qurbanlar gətirərkən O heç sizi qəbul edərmi?» deyir Ordular Rəbbi. 10«Kaş ki aranızdan bir nəfər qurbangahımda boş-boşuna od yandırmamaq üçün məbədin qapılarını bağlayaydı! Mən sizdən razı deyiləm, gətirəcəyiniz qurbanları da qəbul etməyəcəyəm» deyir Ordular Rəbbi. 11«Günəşin çıxdığı yerdən batdığı yerə qədər Mənim adım millətlər arasında əzəmətli olacaq. Hər yerdə adıma buxur yandırılacaq, pak təqdimlər gətiriləcək. Çünki millətlər arasında adım əzəmətli olacaq» deyir Ordular Rəbbi. 12«Siz “Rəbbin süfrəsi murdardır, çörəyinə isə hörmət etmək lazım deyil” deyərək adımın müqəddəsliyini pozursunuz. 13Üstəlik “bu nə zəhmətdir” deyə Mənə burun sallayırsınız» deyir Ordular Rəbbi. «Siz qurban olaraq oğurluq, çolaq, xəstə heyvan gətirirsinizsə, Mən onu sizdən qəbul edəcəyəmmi?» deyə soruşur Rəbb. 14«Sürüsündən nəzir etdiyi erkək heyvan əvəzinə Rəbbə qüsurlu heyvan qurban edən fırıldaqçıya lənət olsun! Çünki Mən böyük bir padşaham və adım millətlər arasında zəhmlidir» deyir Ordular Rəbbi.
Malaki 2
1«İndi, ey kahinlər, bu əmr sizin üçündür». 2Ordular Rəbbi deyir: «Əgər sözə qulaq asmasanız, adıma izzət verməyi ürəkdən istəməsəniz, üzərinizə lənət yağdırıb xeyir-dualarınızı lənətə çevirəcəyəm. Bəli, Mən onları lənətlədim. Çünki Məni izzətləndirməyi ürəkdən istəmirsiniz. 3Mən sizin nəslinizi məhv edəcəyəm. Bayramlarınızda qurban etdiyiniz heyvanların təzəyini üzünüzə çırpacağam, siz onunla birgə atılacaqsınız. 4 Onda biləcəksiniz ki, Mən bu əmri Levi ilə bağladığım əhdimin yaşaması üçün sizə göndərmişəm» deyir Ordular Rəbbi. 5 «Onunla həyat və sülh verən bir əhd bağladım, Mənə hörmət etdiyi təqdirdə bunları ona verdim. O da Məndən qorxub adıma hörmət göstərdi. 6Onun dilindən həqiqi nəsihət çıxardı, ağzından hiylə çıxmazdı. O, sülh və düzlük içində Mənimlə bir yol gedirdi. Çoxunu da günah yolundan qaytarmışdı. 7Kahinin ağzı biliyi qorumalı, insanlar onun dilində nəsihət axtarmalıdır. Çünki o, Ordular Rəbbinin elçisidir. 8Ancaq siz yoldan azdınız və nəsihətinizlə çox adamı günaha çəkdiniz. Levi ilə bağladığım əhdi pozdunuz» deyir Ordular Rəbbi. 9«Siz Mənim yollarımla getmədiniz, qanunla bağlı məsələlərdə tərəfkeşlik etdiniz. Buna görə də Mən bütün xalqın önündə sizi alçaldıb xəcalətli hala saldım».
Yəhuda xalqının xəyanəti
10Hamımızın atası bir deyilmi? Bizi eyni Allah yaratmadımı? Elə isə nə üçün biz atalarımızın bağladığı əhdi pozaraq öz qonşumuza xəyanət edirik? 11Yəhuda xalqı xəyanət etdi. İsraildə və Yerusəlimdə iyrənc işlər edildi: Yəhudalılar yad allahlara tapınan qızlarla evlənərək Rəbbin sevdiyi müqəddəs yeri murdar etdi. 12Bunu edən adam hətta keşik çəksə, cavabdeh olsa, Ordular Rəbbinə qurban gətirsə də, Rəbb onu Yaqubun icmasından qovsun. 13Siz başqa bir şeyi də edirsiniz: ağlayıb sızlamaqla Rəbbin qurbangahını göz yaşları ilə doldurursunuz. Çünki Rəbb artıq gətirdiyiniz qurbanlara diqqət etmir, onları sizdən könül xoşluğu ilə qəbul etmir. 14Siz «Nə üçün?» deyib soruşursunuz. Çünki səninlə cavanlığında evləndiyin arvadın arasında Rəbb şahiddir. O qadın sənin yoldaşın və nikah əhdi ilə arvadın olduğu halda ona xəyanət etdin. 15Allah sizi bir bədən olaraq yaratmadımı? Bədənlə də, ruhla da Ona aidsiniz. Bəs nə üçün bir? Çünki O Özü üçün xüsusi bir nəsil istəyirdi. Buna görə də özünüzü gözləyin. Qoy heç kəs cavanlığında evləndiyi arvadına xəyanət etməsin. 16İsrailin Allahı Rəbb belə deyir: «Mən nikahını pozub qəddarlığa bürünən adama nifrət edirəm. Buna görə də özünüzü gözləyin və xəyanət etməyin» Ordular Rəbbi deyir.
Əhd Mələyinin gəlməsi
17Dediklərinizlə Rəbbi yordunuz. «Onu nə ilə yorduq?» deyə soruşursunuz. «Pislik edən hər kəs Rəbbin gözündə yaxşıdır və Rəbb onlardan razıdır» yaxud «Ədalət keşikçisi olan Allah haradadır?» deyərək Onu yordunuz.
Malaki 3
1 «Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. 2 «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. 3O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. 4Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək. 5Mən cəza vermək üçün sizə yaxınlaşacağam. Ovsunçulara, zinakarlara, yalandan and içənlərə, muzdurun, dul qadının, yetimin, qəribin haqqını tapdalayanlara – Məndən qorxmayanlara qarşı tezliklə şahid olacağam» Ordular Rəbbi belə deyir.
Ondabirləri oğurlayanları məzəmmət
6«Mən Rəbbəm və heç vaxt dəyişmirəm. Siz bunun üçün məhv olmadınız, ey Yaqub övladları! 7Atalarınızın dövründən bəri qaydalarımdan döndünüz və onlara əməl etmədiniz. Mənə tərəf dönün, Mən də sizə tərəf dönərəm» deyir Ordular Rəbbi. «Siz “Necə dönək?” deyə soruşursunuz. 8İnsan da Allahdan oğurlayarmı? Siz isə Məndən oğurlayırsınız. “Səndən nəyi oğurlayırıq?” deyə soruşursunuz. Onda birləri və təqdimləri oğurlayırsınız. 9Siz böyük lənətə düçar oldunuz. Çünki bütün millət – hamınız Məndən oğurlayırsınız. 10 Bütün ondabirlərinizi anbara gətirin ki, məbədimdə ərzaq olsun». Ordular Rəbbi deyir: «Siz bununla Məni sınayın. Görəcəksiniz ki, göylərin pəncərələrini sizə açacağam, üzərinizə ehtiyaclarınızdan da çox bərəkət yağdıracağam. 11Çəyirtkələri əkinlərinizi yeməyə qoymayacağam, tarlada meynəniz məhsulsuz qalmayacaq» deyir Ordular Rəbbi. 12«Bütün millətlər sizi bəxtiyar sayacaq. Çünki ölkəniz gözəl bir yer olacaq» deyir Ordular Rəbbi. 13«Mənə qarşı sərt sözlər söylədiniz» deyir Rəbb, «siz isə “Sənə qarşı nə söylədik?” deyə soruşursunuz. 14Siz dediniz: “Allaha xidmət etmək faydasızdır. Ordular Rəbbinin buyruğunu yerinə yetirsək də, Onun önündə yas içində gəzsək də, bunlardan bizə nə xeyir oldu? 15İndi biz məğrurları bəxtiyar sayırıq. Pislik edənlər işlərində uğur qazanır, Allahı sınayanlar da cəzadan qurtarır”». 16O zaman Rəbdən qorxanlar bir-birləri ilə danışdı. Rəbb bu sözlərə qulaq asıb dinlədi. Rəbdən qorxub adına hörmət edənlər üçün Onun önündə bir yaddaş kitabı yazıldı. 17Ordular Rəbbi deyir: «Fəaliyyətə keçdiyim gün onlar Mənə məxsus xalq olacaq. Bir ata özünə xidmət edən oğluna necə rəhm edərsə, Mən də onlara elə rəhm edəcəyəm. 18O zaman siz salehlə pis adam, Allaha qulluq edənlə etməyən arasındakı fərqi yenə görəcəksiniz».
Malaki 4
Rəbbin günü
1Ordular Rəbbi deyir: «Budur, soba kimi yanan o gün gəlir. Bütün məğrurlar və pislik edənlər saman kimi olacaq. Gələn o gün onları yandıracaq. Onlardan nə kök, nə də budaq qalacaq. 2Ancaq adıma hörmət edən sizlər üçün şüalarında şəfa olan salehlik günəşi doğacaq. Tövlədən buraxılan danalar kimi oynayacaqsınız. 3Pis adamları tapdalayacaqsınız. Bu işləri etdiyim gün onlar sizin ayağınızın altında kül olacaq» deyir Ordular Rəbbi. 4«Qulum Musanın qanununu – Xorevdə olarkən bütün İsrail üçün ona verdiyim qaydaları və hökmləri yadda saxlayın. 5 Rəbbin böyük və dəhşətli günü gəlməzdən qabaq İlyas peyğəmbəri sizin yanınıza göndərəcəyəm. 6O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim».