Yunus

GİRİŞ

«Yunus» Kitabı Allahın əmrinə tabe olmaq istəməyən Yunus peyğəmbərin başına gələn əhvalatlardan bəhs edir. Allah ona möhtəşəm Aşşur imperatorluğunun paytaxtı Nineva şəhərinə getməyi buyurmuşdu. O dövrdə Aşşur İsrailin qatı düşməni idi. Buna görə də Yunus Allahın sözünü oradakılara çatdırmaq istəmirdi. Çünki o, Allahın rəhmli olmasına əmin idi. Bilirdi ki, Ninevalılar tövbə etsə, Allah onları məhv etməz. Bir neçə hadisə baş verəndən sonra, nəhayət, Yunus məcburiyyət qarşısında qalaraq Allaha itaət etdi. Yunusun peyğəmbərliyi yerinə yetməyəndə bu onu çox qəzəbləndirdi, Allah isə ona ibrət dərsi verdi.
Bu kitabdan aydın görünür ki, Allah təkcə İsrail xalqını deyil, bütün bəşəriyyəti cəzalandırmaq və məhv etmək əvəzinə bağışlamaq və xilas etmək istəyir.
Kitabın məzmunu:
1:1-17 Yunusun çağırışı və itaətsizliyi
2:1-10 Yunusun tövbəsi və xilası
3:1-10 Ninevalıların tövbə etməsi
4:1-11 Allahın Ninevalılara rəhmi

Yunus 1

Yunusun çağırışı və itaətsizliyi

1Rəbbin sözü Amittay oğlu Yunusa nazil oldu:  2«Qalx, Ninevaya – o böyük şəhərə get və ona qarşı car çək, çünki oradakıların pisliyi gəlib Mənə qədər çatmışdır».  3Lakin Yunus Rəbbin hüzurundan Tarşişə qaçmaq üçün qalxdı. Yafoya enib Tarşişə gedən bir gəmi tapdı. Yol haqqını verib Rəbbin hüzurundan getmək üçün onlarla birlikdə Tarşişə gedən gəmiyə mindi.  4Lakin Rəbb dəniz üzərində güclü külək qaldırdı, dənizdə böyük bir fırtına qopdu və gəmi az qala parçalanacaqdı.  5Gəmiçilər qorxuya düşüb hər biri öz allahını çağırdı və gəmi yüngülləşsin deyə orada olan yükləri dənizə atdılar. Yunus isə gəminin aşağı hissəsinə enmişdi və uzanıb bərk yuxuya getmişdi.  6Gəmi rəisi onun yanına gəlib dedi: «Sən nə yatırsan? Qalx, öz allahını çağır. Bəlkə sənin allahın bizi yada salar və biz məhv olmarıq».  7Gəmiçilər bir-birlərinə dedi: «Gəlin püşk ataq, görək kimə görə bu bəla başımıza gəldi?» Püşk atdılar və püşk Yunusa düşdü.  8O zaman Yunusdan soruşdular: «Bizə de, başımıza gələn bu bəla kimə görədir? Sənin sənətin nədir? Haradan gəlirsən? Vətənin haradır? Hansı xalqdansan?»  9Yunus cavab verdi: «Mən İbraniyəm. Dənizi və torpağı yaradan göylərin Allahı Rəbdən qorxuram».  10Onlar çox qorxdu və dedi: «Sən bunu nə üçün etdin?» Çünki Yunusun Rəbdən uzaqlaşmaq üçün qaçdığını bilirdilər, bunu onlara özü nəql etmişdi.  11Dəniz get-gedə coşduğuna görə onlar Yunusdan soruşdular: «Səninlə nə edək ki, dəniz qarşımızda sakitləşsin?»  12Yunus onlara dedi: «Məni götürüb dənizə atın, onda dəniz qarşınızda sakitləşər, çünki bilirəm, bu böyük fırtına mənə görə baş verib».  13Lakin gəmiçilər sahilə yan almaq üçün səylə avar çəkməyə başladı, amma bacarmadı. Ona görə ki dəniz onlara qarşı get-gedə coşurdu.  14O zaman onlar Rəbbə fəryad edərək dedilər: «Ya Rəbb, Sənə yalvarırıq, qoyma bu adamın canından ötrü məhv olaq. Günahsız qan üstümüzdə qalmasın! Çünki Sən, ya Rəbb, Öz istədiyini etmisən».  15Onlar Yunusu götürüb dənizə atdı və dənizdəki fırtına yatdı.  16Onda adamlar Rəbdən bərk qorxdu və Rəbbə qurban təqdim edərək əhd etdi.  17 Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı.

Yunus 2

Yunusun tövbəsi və xilası

1Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:  2«Əzab içində Rəbbi çağırdım,

O mənə cavab verdi.

Ölülər diyarının bağrından fəryad etdim,

Sən mənim səsimi eşitdin.

3Sən məni dərinə, dənizin qoynuna atdın,

Məni sellər sarıdı,

Sənin bütün ləpələrin və dalğaların

Üstümdən keçdi.

4Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”,

Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.

5Nəfəsim kəsilənə qədər məni sular bürüdü,

Məni dərinliklər aldı,

Başıma yosunlar sarıldı.

6Dağların dibinə qədər endim,

Arxamca əbədilik dünya bağlandı.

Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın.

7Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum,

Mənim duam Sənə,

Sənin müqəddəs məbədinə çatdı.

8Puç olan bütlərə səcdə edənlər

Onlara verilən lütfdən imtina edərlər.

9Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm,

Əhdimi yerinə yetirəcəyəm.

Xilas Rəbdədir!»

10Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.

Yunus 3

Ninevalıların tövbə etməsi

1Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu:  2«Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək».  3Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı.  4 Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!»  5Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi.  6Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu.  7Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin.  8İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün.  9Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq».  10Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.

Yunus 4

Allahın Ninevalılara rəhmi

1Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi.  2 O, Rəbbə dua edərək dedi: «Ya Rəbb! Mən hələ ölkəmdə ikən bunu demirdimmi? Buna görə də mən Tarşişə qaçdım, çünki bilirdim, Sən lütfkar, rəhmli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm edib bəla göndərməzsən.  3İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa, ölmək yaxşıdır».  4Rəbb dedi: «Hirslənməyin yaxşı işdirmi?»  5Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün.  6Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi.  7Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu.  8Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: «Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır».  9Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm».  10Onda Rəbb dedi: «Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan.  11Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım?»