Martın 28-də qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar Qubaya səfər ediblər. Səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə reallaşıb.
1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımının 105-ci ildönümü ilə əlaqədar təşkil olunan səfər çərçivəsində qonaqlar əvvəlcə Qubada dağ yəhudilərinin yığcam şəkildə yaşadıqları Qırmızı qəsəbədə yerli icma nümayəndələri ilə görüşüb, burada Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi və “Giləki” sinaqoqu ilə yaxından tanış olublar.
Bildirilib ki, Qırmızı qəsəbə dünyada İsraildən sonra yəhudilərin ən yığcam yaşadıqları nadir məkandır. “Qafqazın Yerusəlimi” adlandırılan qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini yaşadırlar. Burada yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Dağ yəhudilərinin Qubada məskunlaşmaları XVIII əsrin ortalarına təsadüf edir. Fətəli xanın Quba xanlığına rəhbərlik etdiyi dövrlərdə ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub. Uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.
Sonra Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət olunub, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, dini konfessiyaların nümayəndələri dualar oxuyublar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə müsahibəsində deyib: Dünyada gedən proseslər və mənəvi böhranın getdikcə dərinləşməsi onu göstərir ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, xüsusi rol oynayıblar. Hazırda qarşımızda duran başlıca vəzifə bu dəyərlərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir.
“Qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqların Qubaya səfəri zamanı yəhudi, xristian və islam icmasının nümayəndələri bir daha erməni separatçılarını, onların havadarlarını sülhə dəvət etdilər. Çağırışımızda artıq düşmənçiliyə son qoymağın zamanının çatdığı, birgə yaşayışın, birlikdə çalışmağın vaxtı olduğu bir daha elan edildi. İcma nümayəndələri Qarabağda yaşayan ermənilərə də müraciət edərək, özlərini nümunə göstərdilər. Necə ki, onlar ölkəmizdə xoşbəxt yaşayıb-yaradırlar, erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət etdilər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan dünya üçün sülhpərvər, sülhü təbliğ edən gözəl məkana çevrilib. Biz hamılıqla fəxr edirik ki, belə bir ölkədə, belə bir dövlətdə yaşayırıq. Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir”, – deyə Səyavuş Heydərov bildirib.
Səfərdə iştirak edən qeyri-islam dini icmalarının nümayəndələrinin diqqətinə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Vurğulanıb ki, ermənilərin törətdikləri bu soyqırımı cinayətinin araşdırılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Fövqəladə İstintaq Komissiyası yaradılıb. Lakin 1920-ci ildə Xalq Cümhuriyyətinin süqutu ilə bu proses dayandırılıb, baş verənlərin sonadək araşdırılması və hadisələrə müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Qonaqlar Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıblar.
Səfərdə Azərbaycandakı Dağ Yəhudiləri, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, “Azərbaycan Bibliya Cəmiyyəti”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Bakı şəhəri Yeni Apostol”, “Həyat sözü Xristian”, Yevangelist Məsihi Baptistlərinin “Aqape”, “Həyat sözü”, “Həyatverici lütf”, “Alov”, “Vineyard”, “Krişna Şüuru”, “Molokan ruhani-xristian” və “Bəhai” dini icmaları təmsil olunub.