Qanunun Təkrarı

GİRİŞ

«Qanunun Təkrarı» Kitabı Musa peyğəmbər Moav səhrasında olarkən İsrail xalqına söylədiyi nitqdir. Kitabda yazılan mühüm hadisələr bunlardır: Musa ötən qırx il ərzində baş vermiş hadisələri yada salır. O, xalqı Allaha itaətli və sadiq olmağa çağırır, Allahın onları səhradan necə keçirtdiyini yadda saxlasınlar deyə xalqa müraciət edir. Musa Müqəddəs Qanunun əsası olan On Əmri (5:6-21), həmçinin vəd olunmuş torpaqda İsrail xalqının həyatını istiqamətləndirən qanunları nəzərdən keçirir. O, Allahın kim olduğunu dönə-dönə İsrail xalqının yadına salır.
Musa İsrail xalqına Allahın onlarla bağladığı əhdinin mənasını xatırladır və əhdin şərtlərinə əsasən xalqı Allaha həsr olunmağa çağırır. Allah Musadan sonra Yeşuanı İsrail xalqına rəhbər olmağa çağırır. Musa Allahı mədh edən ilahi qoşub oxuyur və İsrail qəbilələrinə xeyir-dua verdikdən sonra Moavda – İordan çayının şərqində vəfat edir.
Kitabın əsas mövzusu budur: Allah seçdiyi xalqı sevdiyinə görə xilas edir və xeyir-dua verir. Buna görə də İsrail xalqı bunu yadda saxlamalı və xeyir-dualı həyat sürmək üçün Allaha itaət etməlidir. İsa Məsihin ən böyük əmr adlandırdığı əmrin sözləri bu kitabdandır:
«Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev» (6:5).
Kitabın məzmunu:
1:1–4:49 Musanın xalqa nidası
5:1–26:19 Musa qanunu və əmrləri təkrarlayır
27:1–28:68 Bərəkət və lənət
29:1–30:20 Əhdin yeniləşməsi
31:1–33:29 Musanın son sözləri
34:1-12 Musanın ölümü

Qanunun Təkrarı 1

Qanunun izahı

1İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi:  2Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi.  3Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi.  4 Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi.  5İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı.

Xorevdən çıxma

6«Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız!  7Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin.  8Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”.  9O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm.  10Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz.  11Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin.  12Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim?  13Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”.  14Siz də “sən deyən yaxşıdır” dediniz.  15Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim.  16O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun.  17Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”.  18O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim.

Vəd edilən torpaqların gözdən keçirilməsi

(Say. 13:1-33)

19Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq.  20Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız.  21Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”.  22O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”.  23Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm.  24Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər.  25Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”.

Rəbbə qarşı üsyankarlıq

(Say. 14:1-45)

26 Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz.  27Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin.  28Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”.  29Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin.  30 Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir.  31İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”.  32 Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla  33qarşınızca yol gedən Rəbbə etibar etmədiniz.  34 Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi:  35“Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək.  36Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”.  37Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən.  38Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək.  39‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar.  40Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”.  41Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız.  42 Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”.  43Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz.  44Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar.  45Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı.  46Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız.

Qanunun Təkrarı 2

İsrail xalqının səhrada dolaşdığı illər

1Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra  2Rəbb mənə belə dedi:  3“Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün.  4 Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun.  5Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm.  6Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”.  7Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb.  8Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik.  9 Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”.  10Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı.  11Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar.  12Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar.  13Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik.  14 Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı.  15Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu.  16Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra  17Rəbb mənə belə dedi:  18“Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz.  19 Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”.  20Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar.  21Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar.  22Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar.  23Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar.  24Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin.  25Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”.

İsraillilərin padşah Sixonu məğlub etməsi

(Say. 21:21-30)

26Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim:  27“Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik.  28Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir.  29Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”.  30Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi.  31Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”.  32Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı.  33Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq.  34O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq.  35Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik.  36Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi.  37Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq.

Qanunun Təkrarı 3

Başan padşahı Oq üzərində qələbə

(Say. 21:31-35)

1Sonra istiqaməti dəyişib Başana yollandıq. Başan padşahı Oq bütün ordusu ilə bərabər Edreidə bizimlə döyüşə çıxdı.  2Rəbb mənə dedi: “Ondan qorxma, çünki Mən onu, bütün xalqını və torpağını sənə təslim edirəm. Xeşbonda yaşayan Emorluların padşahı Sixonun başına gətirdiyini onun da başına gətir”.  3Allahımız Rəbb Başan padşahı Oqu və bütün ordusunu bizə təslim etdi. Biz də kimsəni sağ buraxmadan hamısını qırıb  4bütün şəhərlərini aldıq, almadığımız bir şəhər belə, qalmadı. Aldığımız şəhərlərin sayı altmış idi. Bu yerlər Başanda Oqun ölkəsi olan bütün Arqov diyarını təşkil edirdi.  5Şəhərlərin hamısının darvazaları cəftəli idi və hündür divarlarla əhatə olunmuşdu. Bundan əlavə, çoxlu divarsız kəndlər də var idi.  6Xeşbon padşahı Sixonun başına gətirdiyimiz kimi onları da qırıb kişi, qadın və uşaqları ilə bərabər şəhərlərin hamısını tamamilə məhv etdik.  7Bütün heyvanları götürüb şəhərləri talan etdik.  8Beləcə o vaxtlar Arnon vadisindən Xermon dağına qədər olan İordan çayının şərqindəki Emorluların iki padşahının əlindən ölkəni aldıq.  9Sidonlular Xermonu Siryon adlandırırdılar. Emorlular isə oraya Senir deyirdilər.  10Yaylada olan bütün şəhərləri, bütün Gileadı, Oqun Başan ölkəsindəki şəhərləri olan Selka və Edreiyə qədər bütün Başan torpağını aldıq.  11Rafalılardan ancaq Başan padşahı Oq sağ qalmışdı. O, dəmir çarpayısında yatardı. Hələ Ammon övladlarının Rabba şəhərində olan bu çarpayının adi ölçüyə görə uzunluğu doqquz, eni isə dörd qulac idi.

İordan çayının şərq torpaqlarının paylaşdırılması

(Say. 32:1-42)

12O vaxt irs olaraq bu torpaqları aldıq: Arnon vadisinin yanında olan Aroerdən başlanan ölkəni, Gilead dağlıq bölgəsinin yarısını şəhərləri ilə bərabər Ruvenlilərə və Qadlılara verdim.  13Gileadın qalan hissəsini, Oqun ölkəsi olan bütün Başanı Menaşşe qəbiləsinin yarısına verdim. Başanda olan bütün Arqov diyarına Rafalılar ölkəsi deyilirdi.  14Menaşşe oğlu Yair Geşurlular və Maakatlıların sərhədinə qədər Arqov diyarını aldı. Oraya – Başana öz adına uyğun Xavvot-Yair adını verdi, bu günə qədər də belə adlanır.  15Gileadı Makirə verdim.  16Ruvenlilərlə Qadlılara Gileaddan Arnon vadisinə qədər uzanan torpaqları verdim. Vadinin ortası onların sərhədi, Ammonlularla sərhədləri isə Yabboq çayı idi.  17 Aravada sərhəd İordan çayı idi: Kinneretdən Arava dənizinə, yəni Duz dənizinə, şərq tərəfdəki Pisqa yamaclarının altına qədər uzanırdı.  18O vaxtlar sizə əmr edib dedim: “Bu torpağı mülk olaraq almaq üçün Allahınız Rəbb sizə verdi. Siz – bütün cəngavərlər silahlanaraq soydaşlarınız İsrail övladlarının qarşısında gedin.  19Hər biriniz sizə verdiyim şəhərlərə sonralar qayıda bilərsiniz”.  20Amma Rəbb sizin kimi soydaşlarınıza da rahatlıq verənə qədər, Rəbbin İordan çayının şərqində onlara verdiyi torpağı mülk olaraq alana qədər arvadlarınız, uşaqlarınız və heyvanlarınız – bilirəm ki, çox heyvanlarınız var – sizə verdiyim şəhərlərdə qalsınlar.  21O vaxtlar Yeşuaya əmr edib dedim: “Allahınız Rəbbin bu iki padşahın başına gətirdiyi hər şeyi gözlərinizlə gördünüz. Rəbb keçəcəyiniz bütün ölkələrdə belə edəcək.  22Onlardan qorxmayın, çünki Allahınız Rəbb Özü sizin üçün döyüşəcək!”

Rəbb Musaya İordan çayını keçməyə izin vermir

23 O zaman Rəbbə yalvararaq dedim:  24“Ya Xudavənd Rəbb, Sən Öz böyüklüyünü və qüdrətli əlini bu quluna göstərməyə başladın. Göydə və yerdə hansı allah var ki, Sənin etdiyin böyük işləri görə bilsin, Sənin kimi hər şeyə qadir olsun!  25Rica edirəm, qoy İordan çayını keçib onun qərb tərəfində olan gözəl torpağı – o gözəl dağlıq bölgəsini və Livanı görüm”.  26Lakin sizin ucbatınızdan Rəbb mənə qəzəblənmişdi, ona görə də məni eşitmədi və dedi: “Bəsdir, bu barədə bir daha Mənə müraciət etmə!  27Pisqa təpəsinə çıxıb qərbə, şimala, cənuba və şərqə göz gəzdir. Qoy gözlərin oraları görsün, çünki sən İordan çayını keçməyəcəksən.  28Yeşuaya əmr ver. Ona cəsarət verərək qüvvətləndir, çünki bu xalqın önündən keçərək görəcəyin torpağı irs olaraq onlar üçün Yeşua böləcək”.  29Buna görə də Bet-Peor qarşısında olan dərədə dayandıq.

Qanunun Təkrarı 4

Rəbbin qanunlarına itaət

1İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız.  2 Sizə verəcəyim əmrlərə heç nə artırıb-əskiltməyin. Yalnız Allahınız Rəbbin əmrlərinə – sizə verəcəyim əmrlərə riayət edin.  3 Rəbbin Baal-Peorda nələr etdiyini öz gözünüzlə gördünüz. Allahınız Rəbb Peordakı Baala səcdə edənlərin hamısını aranızdan yox etdi.  4Siz isə Allahınız Rəbbə sadiq olduğunuz üçün bu gün sağsınız.  5Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz.  6Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır!  7Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun?  8Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?  9Ancaq diqqətli olun. Gözünüzlə gördüklərinizi unutmamaq və ömür boyu yaddan çıxarmamaq üçün böyük səy göstərin. Bunları övladlarınıza, nəvələrinizə öyrədin.  10Xorevdə Allahınız Rəbbin önündə dayandığınız günü xatırlayın. O zaman Rəbb mənə dedi: “Xalqı Mənim üçün bir yerə topla. Mən Öz sözlərimi onlara eşitdirəcəyəm. Belə ki yer üzərində yaşadıqları müddətdə yalnız Məndən qorxmağı öyrənsinlər və övladlarına öyrətsinlər”.  11 Siz də yaxınlaşıb dağın ətəyində dayandınız. Dağ yanır, alovu göyün dərinliklərinə çatırdı. Hər yan isə qara bulud və qatı zülmət içində idi.  12Rəbb sizinlə bu alovun içərisindən danışdı. Siz Onun danışıq səsini eşitdiniz, lakin bir surət görmədiniz. Yalnız bir səs var idi.  13 O sizə əhdini, yəni əməl etmənizi buyurduğu on əmri elan etdi. Bunları iki daş lövhə üzərinə yazdı.  14 Elə o vaxt Rəbb mənə mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əməl edəcəyiniz qayda və hökmləri öyrətmək tapşırığını verdi.

Bütpərəstlikdən çəkinmə yolları

15Rəbb Xorevdə alovun içərisindən sizinlə danışan gün heç bir surət görmədiniz. Buna görə çox diqqətli olun ki,  16 yoldan azıb özünüz üçün kişi və yaxud qadınabənzər,  17yerdə olan hər hansı bir heyvanabənzər, göydə uçan hər hansı bir qanadlı quşabənzər,  18torpaqda sürünən hər hansı bir məxluqabənzər, yerin dərinliklərində yığılan suda yaşayan hər hansı bir balığabənzər, hər hansı bir cisməbənzər oyma büt yaratmayasınız.  19Gözlərinizi göyə qaldıraraq günəşi, ayı, ulduzları və bütün səma cisimlərini görəndə azmayın. Allahınız Rəbbin bütün səma altındakı xalqlara verdiyi bu şeylərlə aldanıb onlara səcdə edərək sitayiş etməyin.  20 Sizə gəldikdə isə, Rəbb sizi götürüb dəmirəridən soba içindən – Misirdən çıxarıb ki, bugünkü kimi Ona məxsus xalq olasınız.  21 Sizin ucbatınızdan Allahınız Rəbb mənə qəzəbləndi və and etdi ki, mən İordan çayını keçib irs olaraq sizə verdiyi o gözəl torpağa daxil olmayım.  22İordan çayını keçə bilməyib bu torpaqda öləcəyəm. Siz isə o gözəl torpağa keçəcək və oranı mülk olaraq alacaqsınız.  23Ehtiyatlı olun ki, Allahınız Rəbbin sizinlə etdiyi əhdi unutmayasınız. Allahınız Rəbbin qadağan etdiyi hər hansı bir şeyə bənzər oyma büt yaratmayın.  24 Çünki Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. O, qısqanc Allahdır.  25Siz ölkədə yaşayıb övladlarınız, nəvələriniz doğulandan sonra oyma büt yaradaraq yoldan azsanız, Allahınız Rəbbin gözündə pis olanı edib Onu acıqlandırsanız,  26sizin qarşınızda bu gün göyləri və yeri şahid tuturam ki, mülk olaraq almaq üçün İordan çayını keçib getdiyiniz torpaq üzərindən tezliklə yox olacaqsınız. O torpaqda uzun ömür sürməyəcəksiniz, tamamilə məhv olacaqsınız.  27 Rəbb sizi xalqlar arasına səpələyəcək və apardığı yerdə millətlər arasında sizdən az miqdarda adam sağ qalacaq.  28Orada isə siz insanın əl işi olan – görməyən, eşitməyən, yeməyən, iy bilməyən ağacdan və ya daşdan olan allahlara qulluq edəcəksiniz.  29 Amma o yerdə Allahınız Rəbbi axtaracaqsınız. Əgər Onu bütün qəlbinizlə, bütün varlığınızla axtarsanız, tapacaqsınız.  30Əzabda olarkən, bütün bu hadisələr başınıza gələrkən, nəhayət, Rəbbə dönüb Ona qulaq asacaqsınız.  31Axı Allahınız Rəbb rəhmli Allahdır. O sizi atmaz, məhv etməz. Atalarınıza andla təsdiq etdiyi əhdi unutmaz.  32İndi Allahınızın yer üzərində insan yaratdığı gündən bəri sizdən əvvəlki dövrün günləri barədə göylərin bir başından o biri başına qədər hamıdan soruşun. Belə böyük hadisə olubmu? Belə bir şey eşidilibmi?  33Hansı bir xalq sizin kimi alov içərisindən danışan Allahın səsini eşitdi və sağ qaldı?  34Yaxud hansı allah Allahınız Rəbb kimi Misirdə gözləriniz önündə sizin xeyrinizə işləyərək imtahanlarla, əlamətlərlə, möcüzələrlə, döyüşlərlə, qüdrətli əli ilə, uzanan qolu ilə, böyük zəhmi ilə başqa millətin üstünə gedib onlardan öz millətini aldı?  35 Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur.  36Sizi tərbiyə etmək üçün göylərdən səsini sizə eşitdirdi. Öz böyük alovunu yer üzərində sizə göstərdi və alovun içərisindən Onun sözlərini eşitdiniz.  37Atalarınızı sevdiyindən onlardan sonra övladlarını seçdi. Sizi böyük qüdrəti ilə Misirdən Şəxsən Özü çıxartdı ki,  38sizdən böyük və qüvvətli millətləri qarşınızdan qovsun və bugünkü kimi onların torpağını irs olaraq vermək üçün sizi oraya gətirsin.  39Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur.  40Bu gün sizə verdiyim Rəbbin qanun və əmrlərinə riayət edin ki, sizə, sizdən sonra gələn övladlarınıza xeyir gətirsin, Allahınız Rəbbin əbədi olaraq verdiyi bu torpaqda uzun ömür sürəsiniz».

Üç sığınacaq şəhər

41 O zaman Musa İordan çayının şərq tərəfində üç şəhər seçdi.  42Bu şəhərləri qonşusu ilə əvvəlcədən ədavəti olmayan və bilmədən onu öldürən adamın oraya qaçması üçün ayırdı. Belə adam bu şəhərlərdən birinə qaçıb sağ qala bilər.  43Bunlar Ruven qəbiləsi üçün yaylada yerləşən səhradakı Beser, Qadlılar üçün Gileaddakı Ramot, Menaşşe qəbiləsi üçün isə Başandakı Qolan şəhərləri idi.

Qanuna giriş

44Musa Qanunu İsrail övladlarının qarşısına qoydu.  45Bu, Misirdən çıxan zaman Musanın İsrail övladlarına verdiyi göstərişlər, qayda və hökmlərdir.  46Bunları Musa İordan çayının şərqində Misirdən çıxan zaman Musa ilə İsrail övladlarının həlak etdikləri Xeşbonda yaşayan Emorluların padşahı Sixonun ölkəsində olan Bet-Peor qarşısındakı dərədə söylədi.  47İrs olaraq onun ölkəsini və Başan padşahı Oqun ölkəsini – İordan çayının şərq tərəfindən əldə edilən Emorluların iki padşahının ölkəsini,  48Arnon vadisi kənarında olan Aroerdən Siyon dağına qədər, yəni Xermona qədər,  49İordan çayının şərqində Arava dənizinə qədər olan Pisqa yamaclarının altındakı bütün Aravanı aldılar.

Qanunun Təkrarı 5

1Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et!  2Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi.  3Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi.  4Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı.  5O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız.

On əmr

(Çıx. 20:1-17)

6Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.  7Məndən başqa allahların olmasın.  8 Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.  9 Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.  10Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.  11 Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.  12 Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et.  13 Altı gün çalışıb bütün işlərini gör.  14Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin.  15Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.  16 Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun.  17 Qətl etmə.  18 Zina etmə.  19 Oğurluq etmə.  20 Heç kimə qarşı yalandan şahidlik etmə.  21 Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”.  22 Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi.  23Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı.  24Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır.  25Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik.  26Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı?  27Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”.  28Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər.  29Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.  30Get, onlara de ki, çadırlarına qayıtsınlar.  31Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”.  32Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün.  33Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz.

Qanunun Təkrarı 6

Allahınız Rəbb yeganə Rəbdir

1Allahınız Rəbbin sizə öyrətmək üçün mənə buyurduğu əmr, qayda və hökmlər bunlardır. Ona görə də irs olaraq almaq üçün gedəcəyiniz torpaqda bunlara əməl edin.  2Ömrün boyu sən, oğlun, nəvələrin sənə buyurduğum Onun bütün qayda və əmrlərinə əməl etməklə Allahın Rəbdən qorx ki, ömrün uzun olsun.  3Dinlə, ey İsrail! Bunlara diqqətlə əməl et ki, atalarının Allahı Rəbbin sənə söz verdiyi kimi süd və bal axan torpaqda xoş güzəran görərək çoxalıb artasan.  4 Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir.  5 Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə sev.  6 Bu gün sənə əmr etdiyim bu sözlər ürəyində kök salsın.  7Bunları övladlarının şüuruna yaxşı-yaxşı yerit. Evində oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danış.  8Onları yazıb qoluna bir nişan kimi, gözlərinin arasına alın bağı kimi bağla,  9evlərinin qapı çərçivələrinə və darvazalarına yaz.  10 Allahın Rəbb səni ata-babaların İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə verəcəyi torpağa aparacaq. Orada inşa etmədiyin böyük və gözəl şəhərlər, yığmadığın gözəl şeylərlə dolu evlər,  11zəhmətini çəkmədiyin qazılmış su quyuları, salmadığın üzümlüklər və zeytunluqlar var. Yeyib-doyanda isə diqqətli ol.  12Səni Misir torpağından – köləlik diyarından çıxaran Rəbbi unutma.  13 Allahın Rəbdən qorx və Ona qulluq et. Andı Onun adı ilə et.  14Yad allahların – başqa xalqların allahlarının ardınca getmə ki,  15Allahın Rəbbin sənə qarşı qəzəbi alovlanmasın və səni yer üzündən yox etməsin, çünki aranızda olan Allahın Rəbb qısqanc bir Allahdır.  16 Allahınız Rəbbi Massada sınadığınız kimi sınamayın.  17Ona görə də Allahınız Rəbbin sizə buyurduğu əmrlərə, göstərişlərə və qanunlara diqqətlə əməl edin.  18Rəbbin gözündə doğru və yaxşı olana əməl et ki, xoş güzəranın olsun, Rəbbin atalarına vəd etdiyi gözəl torpağı irs olaraq ala biləsən.  19Rəbb də söz verdiyi kimi bütün düşmənlərini qarşından qovacaq.

Rəbbin qanunlarının şərhi

20Əgər gələcəkdə oğlun sənə “Allahımız Rəbbin sizə buyurduğu göstərişlərin, qayda və hökmlərin mənası nədir?” deyə soruşsa,  21oğluna belə de: “Biz Misirdə fironun köləsi idik. Rəbb oradan bizi qüdrətli əli ilə çıxartdı.  22Rəbb gözümüzün önündə Misirə, fironla bütün ailəsinə böyük, dəhşətli əlamətlər və möcüzələr göstərdi.  23Bizi oradan çıxartdı ki, atalarımıza vəd etdiyi bu torpağa gətirsin və oranı bizə versin.  24Allahımız Rəbb bütün bu qaydalara əməl etməyi və Ondan qorxmağı bizə ona görə buyurdu ki, həmişə güzəranımız xoş olsun, bugünkü kimi bizi sağ saxlasın.  25Allahımız Rəbbin hüzurunda bizə buyurduğu bütün bu əmrlərə diqqətlə əməl etsək, bunu bizə salehlik sayacaq”.

Qanunun Təkrarı 7

Rəbbin Kənanlıları qovmaq barədəki əmri

(Çıx. 34:11-16)

1Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq.  2Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin.  3Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın.  4Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək.  5 Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın.  6 Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi.  7Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız.  8Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı.  9 Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər.  10Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək.  11Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin.  12 Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək.  13O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək.  14O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq.  15Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək.  16Allahınız Rəbbin sizə təslim edəcəyi bütün xalqların axırına çıxacaqsınız. Onlara rəhm etməyin, allahlarına sitayiş etməyin. Əgər belə etsəniz, bu sizə tələ olar.  17Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik?  18Onlardan qorxmayın. Allahınız Rəbbin firona və bütün Misirlilərə nə etdiyini xatırlayın.  19Gözünüzlə gördüyünüz böyük sınaqları, sizi Misirdən çıxaran zaman Allahınız Rəbbin göstərdiyi əlamətləri, möcüzələri, qüdrətli əlini, uzanan qolunu xatırlayın. Hazırda qorxduğunuz xalqların hamısını Allahınız Rəbb bu hala salacaq.  20Yerdə qalıb sizdən gizlənənlərin üzərinə də Allahınız Rəbb eşşəkarısı göndərib hamısını yox edəcək.  21Onlardan heç qorxmayın, çünki aranızda olan Allahınız Rəbb böyük və zəhmli Allahdır.  22Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar.  23Allahınız Rəbb onları sizə təslim edəcək və vahiməyə salaraq, nəhayət, yox edəcək.  24Onların padşahlarını da sizə təslim edəcək. Siz də onların adlarını səma altından siləcəksiniz. Siz onları qırarkən kimsə qarşınızı ala bilməyəcək.  25Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir.  26Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub.

Qanunun Təkrarı 8

Rəbbi unutmayın

1Bu gün sizə buyurduğum bütün əmrləri yerinə yetirməyə çalışın. Onda yaşayıb çoxalar və Rəbbin atalarınıza vəd etdiyi torpağa daxil olub irs olaraq oranı alarsınız.  2Allahınız Rəbbin sizi qırx il səhrada gəzdirdiyi uzun səyahəti yada salın. Bunu ona görə etdi ki, təkəbbürünüzü qırsın və sizi sınaqdan keçirərək ürəyinizdəkini öyrənsin; görsün ki, siz Onun əmrlərinə əməl edəcəksiniz ya yox.  3 Təkəbbürünüzü qırmaq üçün sizi ac qoydu, sonra isə nə sizin, nə də atalarınızın gördüyü manna ilə sizi qidalandırdı. Bununla öyrətdi ki, insan yalnız çörəklə deyil, Rəbbin ağzından çıxan hər kəlmə ilə yaşayar.  4Bu qırx il ərzində paltarınız yırtılıb dağılmadı, ayaqlarınız şişmədi.  5Bunu ürəkdən dərk edin ki, insan öz övladına necə tərbiyə verirsə, Allahınız Rəbb də sizə elə tərbiyə verir.  6Allahınız Rəbbin əmrlərinə riayət edib Onun yolları ilə gedin və Ondan qorxun.  7Çünki Allahınız Rəbb sizi gözəl torpağa – çay və gölləri olan, dərə və təpələrində bulaqlar çağlayan yerlərə aparır.  8O torpaq buğda, arpa, üzüm, əncir, nar, yağlı zeytun və bal yetirir.  9Ora elə bir torpaqdır ki, orada qıtlıqla çörək yeməyəcək və heç nəyə möhtac olmayacaqsınız; daşlarından dəmir, dağlarından isə mis çıxara biləcəksiniz.  10Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz.

Təkəbbürdən çəkinin

11 Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.  12Yeyib doyanda, gözəl evlər tikib içərisində oturanda,  13naxırınız, sürünüz çoxalanda, qızıl-gümüşünüz və hər şeyiniz artanda  14ürəyiniz qürurla dolmasın. Diqqət edin ki, sizi Misir torpağından – köləlik diyarından çıxaran Allahınız Rəbbi unutmayasınız.  15Rəbb sizi o böyük və qorxunc səhrada, zəhərli ilan və əqrəblərlə dolu olan o susuz şoran torpaqlarda gəzdirdi, sizə sərt qayalardan su çıxartdı.  16Sizi atalarınıza məlum olmayan manna ilə qidalandırdı. Xoş güzəranınız olsun deyə təkəbbürünüzü qıraraq sizi sınaqdan keçirdi.  17Ürəyinizdə “biz öz qabiliyyətimizlə və biləyimizin gücü ilə bu sərvəti qazandıq” deməyəsiniz.  18Unutmayın ki, bu sərvəti qazanmaq qabiliyyətini sizə verən Allahınız Rəbdir. O bunu edir ki, bugünkü kimi atalarınıza vəd verərək sizinlə kəsdiyi əhdi yerinə yetirsin.  19Əgər Allahınız Rəbbi unudub başqa allahların ardınca getsəniz, onlara sitayiş edərək səcdə etsəniz, bu gün sizin qarşınızda şəhadət edirəm ki, mütləq məhv olacaqsınız!  20Allahınız Rəbbin sözünə qulaq asmasanız, Rəbb sizin qarşınızdan millətləri yox etdiyi kimi sizi də yox edəcək.

Qanunun Təkrarı 9

İtaətsiz xalq

1Ey İsraillilər, qulaq asın! Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır.  2Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?”  3 Bu gün də bilin ki, sizin önünüzdə gedən Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək və sizə söylədiyi kimi onları qovub tezliklə yox edəcəksiniz.  4Allahınız Rəbb onları önünüzdən kənara atanda ürəyinizdə deməyin ki, bu torpağı almaq üçün Rəbb bizi buraya salehliyimizə görə gətirdi. Belə ki Rəbb bu millətləri pis əməllərinə görə önünüzdən qovur.  5Torpaqlarına girib irs olaraq oranı almağınız sizin salehliyinizə və ürəyinizin düzlüyünə görə deyil. Ancaq Allahınız Rəbb bu millətləri pis əməllərinə görə sizin qarşınızdan qovacaq ki, ata-babalarınız İbrahimə, İshaqa, Yaquba verdiyi vədi yerinə yetirsin.  6Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız.  7Bunu yada salın və Allahınız Rəbbi səhrada necə qəzəbləndirdiyinizi unutmayın. Misir torpağından çıxdığınız gündən bu yerə gələnədək Rəbbə qarşı nə qədər itaətsizlik etdiniz.  8Rəbbi Xorevdə qəzəbləndirdiniz. Rəbb sizi məhv edəcək qədər hiddətləndi.  9 Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim.  10Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı.  11Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi.  12Sonra Rəbb dedi: “Tez ol, dağdan en, çünki Misirdən çıxardığın xalq əxlaqsızlıq edir. Onlar buyurduğum yoldan yaman tez azdılar. Özlərinə tökmə büt yaradıblar”.  13Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır.  14Qoy onları yox edim. Adlarını səma altından silim. Səndən isə onlardan daha güclü, daha böyük millət törədim”.  15Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi.  16Gördüm ki, Allahınız Rəbbə qarşı günah edirsiniz. Özünüz üçün danayabənzər bir tökmə büt düzəltmisiniz və Rəbbin sizə buyurduğu yoldan yaman tez azmısınız.  17Buna görə də əlimdə tutduğum iki lövhəni atdım və gözünüz önündə onları parça-parça etdim.  18Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz.  19 Rəbbin qızğın qəzəbi qarşısında qorxdum. Qəzəbi o qədər alovlanmışdı ki, O sizi yox etmək istəyirdi. Amma Rəbb yenə də yalvarışımı eşitdi.  20Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an Harun üçün də yalvardım.  21 Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm.  22 Siz Taverada, Massada, Qivrot-Hattaavada da Rəbbi qəzəbləndirdiniz.  23 Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız.  24Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə qarşı üsyankar oldunuz.  25Rəbb sizi yox edəcəyini söylədiyi üçün qırx gün-qırx gecə Onun hüzurunda yerə döşənib qaldım.  26Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə.  27Qulların İbrahimi, İshaqı, Yaqubu yada sal. Bu xalqın dikbaşlığına, pisliyinə, günahına nəzər salma.  28Yoxsa bizi çıxartdığın ölkənin xalqı deyəcək ki, Rəbb onları vəd etdiyi torpağa apara bilmədi və bu xalqa nifrət etdiyi üçün onları səhrada məhv etmək məqsədi ilə Misirdən çıxartdı.  29Halbuki onlar Sənin xalqın, Sənin irsindir. Sən onları böyük qüdrətinlə, uzanan qolunla oradan çıxartmısan”.

Qanunun Təkrarı 10

Musanın yenidən əmr alması

(Çıx. 34:1-10)

1O vaxt Rəbb mənə dedi: “Əvvəlki kimi özün üçün iki daş lövhə yon və dağa – yanıma çıx. Ağacdan bir sandıq da düzəlt.  2Qırdığın əvvəlki lövhələrdə yazılan sözləri yeni lövhələrin üstündə yazacağam. Onları sandığa qoy”.  3Əbrişim ağacından bir sandıq düzəldib əvvəlki kimi iki daş lövhəni yondum. Sonra bu iki daş lövhəni əlimə götürüb dağa çıxdım.  4Rəbb yığıldığınız gün dağda alovun içindən Özünün sizə bildirdiyi on əmri bu lövhələr üzərinə yenə də əvvəlki kimi yazdı və mənə verdi.  5Mən dönüb dağdan enərək Rəbbin mənə əmr etdiyi kimi bu lövhələri düzəltdiyim sandığa qoydum və həmin lövhələr orada qaldı.  6 İsrail övladları Yaaqan övladlarına məxsus quyular olan yerdən Moseraya köçdülər. Harun orada ölüb dəfn olundu. Onun yerinə oğlu Eleazar kahin oldu.  7Oradan Qudqodaya və Qudqodadan da axar sular diyarı olan Yotvataya köçdülər.  8 O zaman Rəbb Levi qəbiləsini ayırdı ki, Rəbbin Əhd sandığını daşısınlar, Rəbbə xidmət edərək, Onun adı ilə xeyir-dua verərək hüzurunda dayansınlar. Onlar bu günədək eyni işi görürlər.  9 Elə buna görə də Levililərə İsrailli soydaşları ilə birlikdə pay və irsi torpaq düşmədi. Allahınız Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.  10 Əvvəlki kimi yenə də qırx gün-qırx gecə dağda qalmışdım. Rəbb bu dəfə də məni dinlədi və ona görə sizi qırmaq istəmədi.  11Rəbb mənə dedi: “Qalx köçən xalqın qarşısında get ki, atalarına vəd edib söz verdiyim torpağa daxil olub oranı irs olaraq alsınlar”.  12İndi, ey İsrail, axı Allahın Rəbb səndən nə istəyir? Yalnız bunu istəyir: Ondan qorx, tamamilə Onun yolunu tut, Onu sev, bütün qəlbinlə və bütün varlığınla Allahın Rəbbə sitayiş et.  13Bu gün xoş güzəranın üçün sənə buyurduğum Rəbbin əmr və qaydalarına riayət et.  14Bax göylər, göylərin ən uca qatları belə, yer üzü və yer üzərində olan hər şey Allahın Rəbbindir.  15Lakin Rəbb atalarınıza şəfqətli olmuşdur. Onları sevib sonrakı nəsil olan sizi bugünkü kimi bütün xalqlar arasından seçdi.  16Elə buna görə ürəklərinizi sünnət edin ki, bir daha dikbaş olmayasınız.  17 Çünki Allahınız Rəbb allahların Allahı, hökmranların Hökmranıdır. O tərəfkeşlik etməyən, rüşvət almayan, böyük, qüdrətli, zəhmli Allahdır.  18O, yetimin və dul qadının haqqını qoruyur. Qəribi sevir, ona çörək və paltar verir.  19Siz də qəribi sevin, çünki özünüz də Misir ölkəsində qərib idiniz.  20Allahınız Rəbdən qorxun, Ona sitayiş edərək sadiq qalın və yalnız Onun adı ilə and için.  21Ona həmişə həmd edin. Gözünüzlə gördüyünüz əzəmətli və zəhmli əlamətləri edən Allahınızdır.  22 Atalarınız yetmiş nəfər olaraq Misirə getmişdi. İndi isə Allahınız Rəbb sizi çoxaldaraq göydəki ulduzlar qədər edib.

Qanunun Təkrarı 11

Vəd olunan torpağa Rəbbin verəcəyi bərəkət

1Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin.  2Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu,  3 Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri,  4 Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini  5və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini,  6 Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu.  7Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz.  8Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz.  9Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz.  10Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız.  11Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər.  12Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır.  13 Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz,  14o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız.  15Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”.  16Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin.  17Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız.  18 Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın,  19övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın.  20Onları evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarına yazın.  21Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız.  22Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız,  23onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız.  24 Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq.  25Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq.  26Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram.  27Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız.  28Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız.  29 Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız.  30Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır.  31Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə  32bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun.

Qanunun Təkrarı 12

Tək ibadət yeri

1Atalarınızın Allahı Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda ömür boyu bu qaydalara və hökmlərə riayət edin.  2Hansı millətlərin torpaqlarını alacaqsınızsa, allahlarına səcdə etdikləri uca dağlarda, təpələrdə, kölgəli hər ağacın altında olan bütün yerləri mütləq viran qoyun.  3 Qurbangahlarını dağıdıb daş sütunları sındırın, ilahə Aşera bütlərini odda yandırıb allah saydıqları oyma bütləri baltalayın və adlarını o yerlərdən silin.  4Allahınız Rəbbə bu cür pərəstiş etməyin.  5Allahınız Rəbbin adını qoymaq üçün bütün qəbilələriniz arasından seçəcəyi yeri, Onun məskənini axtarın və oraya gedin.  6Yandırma qurbanlarınızı, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi, əhd etdiklərinizi, könüllü təqdimlərinizi, mal-qara və qoyun-keçilərinizin ilk balalarını oraya gətirin.  7Orada sizə bərəkət verən Allahınız Rəbbin önündə ailələrinizlə birlikdə yemək yeyəcəksiniz. Onda hansı işə əl atacaqsınızsa, sevinc tapacaqsınız.  8Bu gün burada etdiklərinizi orada etməyin. Burada hər kəs öz nəzərində nəyi düz sayırsa, onu da edir.  9Çünki hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız.  10Amma İordan çayını keçib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda məskunlaşacaqsınız. Rəbb sizi ətrafınızdakı bütün düşmənlərdən qurtararaq rahatlıq verəcək və əmin-amanlıq içərisində yaşayacaqsınız.  11O zaman sizə əmr etdiyim hər şeyi – yandırma təqdimlərinizi, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi və Rəbbə həsr etdiyiniz bütün seçmə təqdimlərinizi Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gətirəcəksiniz.  12Allahınız Rəbbin qarşısında siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan sizinlə birgə payı və irsi torpağı olmayan Levililər qoy sevinsin.  13Ehtiyatlı olun! Hər gördüyünüz yerdə yandırma qurbanlarınızı təqdim etməyin.  14Yandırma qurbanlarınızı qəbilələrinizin birində Rəbbin seçəcəyi yerdə təqdim edin. Sizə əmr etməkdə olduğum hər şeyi orada edəcəksiniz.  15Ancaq Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə yaşadığınız şəhərlərdə ürəyiniz istəyən qədər heyvan kəsib ətindən yeyə bilərsiniz. Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti yediyiniz kimi yeyə bilər.  16 Qanını isə yeməyin, su kimi yerə tökün.  17Taxılınızın, təzə şərablarınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qara və qoyun-keçilərinizin ilk balalarını, əhd etdiklərinizin hamısını, könüllü təqdimlərinizi, qaldırma təqdimlərinizi yaşadığınız şəhərlərdə yeməyin.  18Siz, oğullarınız, qızlarınız, qul və qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər bunları Allahınız Rəbbin hüzurunda, Onun seçəcəyi yerdə yeyəcəksiniz. Allahınız Rəbbin hüzurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız.  19Ehtiyatlı olun! Bu torpaqda yaşadığınız müddətdə Levililərə etinasız yanaşmayın.  20Allahınız Rəbbin sizə vəd etdiyi kimi sərhədinizi genişləndirəndə ət yemək istəyərək “gəlin ət yeyək” desəniz, ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.  21Allahınız Rəbbin adını qoymaq üçün seçdiyi yer sizdən uzaqdırsa, əmr etdiyim kimi Rəbbin verdiyi naxırlardan, sürülərdən heyvan kəsib öz şəhərlərinizdə ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.  22Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti kimi yeyə bilər.  23 Lakin ehtiyatlı olun ki, əti qanlı-qanlı yeməyəsiniz, çünki ətə can verən qandır. Ətlə birlikdə canı yeməyin.  24Qanı yeməyin, su kimi yerə tökün.  25Qan yeməyin. Belə etsəniz, Rəbbin gözündə doğru olanı etmiş olarsınız. Onda həm sizin, həm də sizdən sonra gələn övladlarınızın xoş güzəranı olar.  26Müqəddəs təqdimlərinizi, əhd etdiyiniz təqdimləri götürüb Rəbbin seçəcəyi yerə gedin.  27Yandırma qurbanlarınızı, əti və qanı Allahınız Rəbbin qurbangahında təqdim edin. Qurbanlarınızın qanı Allahınız Rəbbin qurbangahında tökülsün. Ətini isə yeyə bilərsiniz.  28Sizə çatdırdığım bütün bu əmrlərə düzgün əməl edin. Allahınız Rəbbin gözündə yaxşı və doğru işlər gördüyünüz üçün sizin və sizdən sonra gələn övladlarınızın həmişə xoş güzəranı olar.

Başqa allahlara səcdə etməyin

29Allahınız Rəbb torpaqlarını almağa gedəcəyiniz millətləri qarşınızdan yox edəcək. Torpaqlarını irs olaraq alıb orada yaşayanda,  30onları yox edəndə ehtiyatlı olun ki, onların felinə düşməyəsiniz. “Bu millətlər allahlarına necə sitayiş edirdilərsə, biz də elə edək” deyərək onların allahlarına müraciət etməyin.  31Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Onlar öz allahları üçün Rəbbin nifrət etdiyi iyrənc işləri görürlər. Belə ki oğullarını, qızlarını odda yandıraraq allahlarına qurban verirlər.  32 Sizə buyurduğum bütün əmrlərə diqqətlə əməl edin. Onlardan nəyisə əskildib, onlara nəyisə artırmayın.

Qanunun Təkrarı 13

1Əgər aranızdan bir peyğəmbər yaxud bir röya görən çıxıb sizə bir əlamət ya da möcüzə olacağını söyləyərsə,  2sonra “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərsə, bəhs etdiyi əlamət və ya möcüzə həyata keçsə də,  3belə peyğəmbərin yaxud röya görənin sözlərinə qulaq asmayın. Bilin ki, Allahınız Rəbb sizi sınayır, görmək istəyir, siz Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevirsinizmi?  4Siz Allahınız Rəbbin ardınca gedin və Ondan qorxun. Onun əmrlərinə əməl edib sözlərinə qulaq asın, Rəbbə sitayiş edərək Ona bağlı qalın.  5 O peyğəmbər yaxud röya görən isə öldürülsün, çünki sizi Misir ölkəsindən çıxaran və köləlik diyarından qurtaran Allahınız Rəbbə qarşı getməyə sövq edirdi. Onlar sizi Allahınız Rəbbin əmr etdiyi yolla getməkdən azdırmaq istəyirdi. Beləliklə, aranızdan pisliyi atın.  6Hətta bir anadan doğulan qardaşınız, öz oğlunuz və ya qızınız, qoynunuzdakı arvadınız ya da candan əziz dostunuz sizi gizlicə başdan çıxarmaq üçün sizə və atalarınıza naməlum olan allahlardan,  7ətraf xalqların, dünyanın bu başından o biri başına qədər sizə yaxın və ya uzaq xalqların allahlarından bəhs edib “gedək yad allahlara sitayiş edək” desə,  8ona uyaraq qulaq asmayın. Ona heyfiniz gəlməsin, acımayın, onu qorumayın.  9Mütləq onu öldürün. Əvvəlcə siz, sonra bütün xalq qoy onu daşqalaq etsin.  10Sizi Misir torpağından, köləlik diyarından çıxaran Allahınız Rəbdən ayırmaq üçün çalışdığına görə onu daşqalaq edib öldürün.  11Onda bunun sorağını alan bütün İsraillilər qorxacaq və bir də aranızda buna bənzər pis işlər olmayacaq.  12Allahınız Rəbbin sizə yaşamaq üçün verəcəyi şəhərlərin birində  13sizin aranızdan yaramaz adamlar çıxıb “tanımadığınız yad allahların ardınca gedək və onlara sitayiş edək” deyərək şəhərlərində yaşayan xalqı azdırdıqlarını eşitsəniz,  14bunu araşdıraraq yaxşı-yaxşı tədqiq edin. Eşitdikləriniz doğrudursa və aranızdan birisinin belə iyrənc iş gördüyü sübut edilərsə,  15mütləq o şəhərdə yaşayanları qılıncdan keçirin. Şəhəri tamamilə məhv edib oradakı bütün xalqı və heyvanları qılıncdan keçirin.  16Talan mallarının hamısını toplayıb meydanın ortasına yığın. Şəhəri və malların hamısını Allahınız Rəbb üçün tamamilə yandırın. Qoy bu şəhər əbədi olaraq viranəliyə çevrilsin və yenidən bərpa edilməsin.  17Məhv edilməyə həsr edilən mallardan heç nəyi özünüz üçün götürməyin. Onda Rəbbin qızğın qəzəbi yatar və atalarınıza and edib söz verdiyi kimi sizə rəhm edər və mərhəmət göstərərək sizi çoxaldar.  18Ona görə ki siz Allahınız Rəbbin sözünü dinləyirsiniz. Beləliklə, bu gün sizə buyurduğum əmrlərə əməl edib Rəbbin gözündə doğru olanı etmiş olacaqsınız.

Qanunun Təkrarı 14

Qadağan olan matəm ənənəsi

1Siz Allahınız Rəbbin övladlarısınız. Ölən üçün bədəninizi yaralamayın və saçınızın ön tərəfini qırxmayın.  2 Axı siz Allahınız Rəbbin müqəddəs xalqısınız. Rəbb yer üzərində olan bütün xalqlar arasından sizi Özünə məxsus xalq olaraq seçdi.

Əti yeyilən və yeyilməyən heyvanlar

(Lev. 11:1-47)

3Murdar şeylər yeməyin.  4Bu heyvanların ətini yeyə bilərsiniz: öküz, qoyun, keçi,  5maral, ceyran, xallı maral, dağ keçisi, geyik, cüyür, dağ qoyunu.  6Heyvanlardan qoşadırnaqlı, gövşəyən heyvanların hamısının ətindən yeyə bilərsiniz.  7Lakin gövşəyən yaxud qoşadırnaqlı olan bu heyvanların – dəvə, dovşan, qayadovşanının ətini yeməyin, çünki onlar gövşəyir, lakin qoşadırnaqlı deyil, buna görə sizin üçün haramdır.  8Donuz isə qoşadırnaqlı olsa da, gövşəmir, o sizin üçün haramdır. Onların nə ətini yeyin, nə də leşinə toxunun.  9Sularda yaşayan heyvanlardan üzgəcləri və pulcuqları olanların hamısını yeyə bilərsiniz.  10Amma üzgəcləri və pulcuqları olmayanların hamısı sizə haram sayılır, yeməyin.  11Bütün pak quşların ətindən yeyə bilərsiniz.  12Lakin bu quşların ətini yeməməlisiniz: qartal, keçələkərkəs, qaraquş,  13çalağan, şahin, bütün çalağan cinsindən olanlar,  14bütün qarğa cinsindən olanlar,  15dəvəquşu, bayquş, qağayı, bütün qırğı cinsindən olanlar,  16yapalaq, böyük bayquş, ağ bayquş,  17qutan, leş kərkəsi, qarabatdaq,  18leylək, bütün vağ cinsindən olanlar, şanapipik, yarasa.  19Bütün qanadlı qaynaşan heyvanlar sizin üçün haramdır, yeməyin.  20Qanadı olan pak heyvanların hamısını yeyə bilərsiniz.  21 Ölü halda tapılan heyvan ətindən yeməyin. Şəhərinizdə olan əcnəbiyə verə bilərsiniz ki, yesin yaxud da yadellilərə sata bilərsiniz. Siz isə Allahın müqəddəs xalqısınız. Oğlağı anasının südündə bişirməyin.

Ondabir hissəyə aid qayda

22 İlbəil tarlalarınızda bitən bütün məhsulların onda bir hissəsini mütləq ayırın.  23Daim Allahınız Rəbdən qorxmağı öyrənmək üçün taxılınızın, təzə şərabınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qaranızın, qoyun-keçilərinizin ilk balalarını Allahınız Rəbbin qarşısında, Öz isminə məskən seçdiyi yerdə yeyin.  24Allahınız Rəbbin Öz isminə məskən seçdiyi yer sizdən çox uzaqdadırsa, Allahınız Rəbbin sizə bərəkət verdiyi məhsulların onda bir hissəsini siz oraya apara bilməyəcək qədər yol uzundursa,  25o zaman bunları satıb pula çevirin və bu pulu götürüb Allahınız Rəbbin seçəcəyi yerə gedin.  26Pulu ürəyiniz istəyəni almağa sərf edin: mal-qara, qoyun-keçi, şərab, başqa kefləndirici içki – ürəyiniz nə istəyirsə, alın. Siz və külfətiniz orada Allahınız Rəbbin qarşısında yeyib sevinin.  27Şəhərlərinizdə yaşayan Levililərə etinasız yanaşmayın, çünki onların sizinlə birgə payı və irsi torpağı yoxdur.  28Hər üç ilin sonunda – üçüncü ildə bitən bütün məhsulunuzun onda bir hissəsini çıxarıb şəhərlərinizdə toplayın.  29Sizinlə birgə payı və irsi torpağı olmayan Levililər, şəhərlərinizdə olan qəriblər, yetimlər və dul qadınlar qoy gəlib bundan doyunca yesinlər. Belə edin ki, Allahınız Rəbb sizə əlinizin bütün zəhmətinə xeyir-dua versin.

Qanunun Təkrarı 15

Borcların bağışlanma ili

(Lev. 25:1-7)

1Hər yeddi ilin sonunda sizə borclu olanları bağışlayın.  2Borcların bağışlanma işini belə edin: hər alacağı olan şəxs qonşusunun borcunu bağışlasın. Qonşusunu yaxud soydaşını borcunu geri qaytarmağa məcbur etməsin, çünki Rəbb tərəfindən borcların bağışlanma ili elan edilmişdir.  3Yadellilərdən borclarınızı geri ala bilərsiniz, lakin İsrailli soydaşlarınızın borclarını bağışlamalısınız.  4Onda aranızda kasıb olmaz. Əgər Allahınız Rəbbin sizə mülk olaraq almaq üçün verəcəyi torpaqda  5Onun sözünə tam itaət etsəniz, bu gün sizə buyurduğum əmrlərin hamısına diqqətlə əməl etsəniz,  6Allahınız Rəbb sizə vəd verdiyi kimi mütləq bərəkət verəcək. Siz bir çox millətlərə borc verəcək, lakin onlardan borc almayacaqsınız. Siz bir çox millətlərə hökmranlıq edəcəksiniz, onlar sizə hökmranlıq etməyəcək.  7 Allahınız Rəbbin sizə verəcəyi torpağın hər hansı bir şəhərində yaşayan soydaşlarınızdan biri kasıbdırsa, daşürəkli olmayın. Kasıb soydaşınıza qarşı əliniz bağlı olmasın.  8Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımınca borc verin.  9Məbada “yeddinci il – borcların bağışlanma ili yaxındır” deyərək ürəyinizə pis fikirlər gətirəsiniz. Soydaşınız üçün xəsislik etməyin, ona kömək etməkdən boyun qaçırmayın. Yoxsa kasıb soydaşınız sizdən Rəbbə şikayət edər və günah qazanarsınız.  10Kasıba səxavətlə, könüllü surətdə yardım edin, çünki buna görə Allahınız Rəbb bütün əməyinizə, əl atdığınız hər işə bərəkət verəcək.  11 Ölkədə həmişə kasıblar olacaq, buna görə mən sizə belə əmr edirəm: mütləq öz ölkənizdəki kasıb və möhtac soydaşınıza qarşı əliaçıq olun.

Qullar haqqında

(Çıx. 21:1-11)

12 Əgər İbrani soydaşlarınızdan bir kişi və yaxud qadın sizə qul kimi satılıbsa, bu qul altı il sizə qulluq edəndən sonra yeddinci il onu azad edin.  13Azad edərkən onları əliboş yola salmayın.  14Səxavət göstərib sürülərinizdən, taxılınızdan, şərabınızdan onlara verin. Allahınız Rəbb sizə necə bərəkət veribsə, siz də onlara elə verin.  15Misirdə kölə olduğunuzu, Allahınız Rəbbin sizi qurtardığını yada salın. Bu gün ona görə bu əmri verirəm.  16Əgər qulunuz sizi və külfətinizi sevirsə, sizinlə güzəranı xoşdursa və “sizdən ayrılmaq istəmirəm” deyirsə,  17onda bir biz götürüb qulunuzun qulağından keçirərək qapıya batırın. Bundan sonra o ömrü boyu qulunuz olaraq qalacaq. Qarabaşlarınızla da bu cür rəftar edin.  18Qullarınızı azad etmək sizə çətin gəlməsin. Sizə qulluq etdiyi altı il ərzində muzdlu işçidən ikiqat artıq iş görmüşdür. Sizə Allahınız Rəbb hər işdə bərəkət verəcək.

İlk dəfə doğan heyvanlar

19 Mal-qara və qoyun-keçilərinizin ilk doğulan balalarından hər erkək heyvanı Allahınız Rəbb üçün təqdis edin. Öküzlərinizin ilk balalarını işlətməyin, qoyun-keçilərinizin ilk balalarını qırxmayın.  20Siz ailələrinizlə birgə hər il Allahınız Rəbbin önündə, Onun seçəcəyi yerdə bu heyvanların ətini yeyin.  21Bir heyvanın qüsuru varsa, axsaq yaxud kordursa, hansısa ciddi çatışmazlığı varsa, onu Allahınız Rəbbə qurban etməyin.  22Belə heyvanları kəsib şəhərlərinizdə yeyə bilərsiniz. Pak və yaxud murdar insan bu ətdən ceyran və ya maral əti yediyi kimi yeyə bilər.  23 Qanını isə yeməyin, onu su kimi torpağa tökün.

Qanunun Təkrarı 16

Pasxa bayramı

(Çıx. 12:1-20)

1Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı.  2Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin.  3Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın.  4Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. Qurban kəsdiyiniz heyvanların əti axşamdan sabaha qalmasın.  5Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin,  6ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin.  7Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın.  8Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin.

Həftələr bayramı

(Çıx. 34:22; Lev. 23:15-21)

9Əkinə oraq vurduğunuz ilk gündən yeddi həftə sayın və  10Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə könüllü təqdim verməklə Allahınız Rəbb üçün Həftələr bayramı keçirin.  11Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz.  12Misirdə kölə olduğunuzu yada salın və bu qaydalara diqqətlə əməl edin.

Çardaqlar bayramı

(Lev. 23:33-43)

13Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən sonra özünüz üçün yeddi gün Çardaqlar bayramı keçirin.  14Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz.  15Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız.  16Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Rəbbin hüzuruna heç kim əliboş getməsin.  17Hər biriniz Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə bəxşiş götürməlisiniz.

Hakimlərlə məmurların təyin olunması

18Allahınız Rəbbin sizə verəcəyi şəhərlərdə hər qəbiləniz üçün hakimlər və məmurlar seçin. Qoy onlar xalqa ədalətlə hakimlik etsinlər.  19 Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir.  20Salehliyin, yalnız salehliyin ardınca gedin, onda həyat taparsınız və Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq alarsınız.  21 Allahınız Rəbb üçün quracağınız qurbangahın yanına ilahə Aşeranın surətində heç bir ağac sütunu qoymayın.  22 Allahınız Rəbbin ikrah etdiyi daş sütun qoymayın.

Qanunun Təkrarı 17

1Hər hansı bir qüsuru və çatışmazlığı olan öküzü ya da qoyunu Allahınız Rəbbə qurban etməyin. Belə etmək Allahınız Rəbb üçün iyrəncdir.  2Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin birində aranızdan Onun əhdini pozub gözündə pis olanı edən hər hansı bir kişi və ya qadın çıxarsa,  3 əmrlərimin ziddinə gedib başqa allahlara sitayiş edərsə, bütlərə yaxud günəşə, aya yaxud səma cisimlərindən hər hansı birinə sitayiş və səcdə edərsə,  4bu hadisədən xəbərdar olsanız, eşitdiklərinizi yaxşı-yaxşı araşdırın. Əgər bu xəbər doğrudursa və belə iyrənc halın İsraildə baş verdiyi sübuta yetərsə,  5belə pis hərəkət edən kişini və ya qadını şəhərin darvazasına gətirib daşqalaq edərək öldürün.  6 Ölümə məhkum olan adam iki yaxud üç nəfərin şahidliyi ilə öldürülməlidir. Tək bir nəfərin şahidliyi ilə öldürülməsin.  7 O adamı əvvəlcə şahidlər, sonra isə bütün xalq daşqalaq etsin. Beləliklə, aranızdan pisliyi atın.

Məhkəmə işləri

8Əgər şəhərlərinizdə qatillik, dava və ya təcavüz barəsində qərar çıxarmaqda həll edə bilmədiyiniz çətinliklərə rast gəlsəniz, Allahınız Rəbbin seçəcəyi yerə gedin.  9O dövrdə xidmət edən Levili kahinlərin və hakimlərin yanına gedib onlara müraciət edin. Qoy onlar araşdırıb məhkəmə qərarını sizə versinlər.  10Rəbbin seçəcəyi yerdən sizə deyilən qərara əməl edin. Sizə nə öyrətsələr, ona diqqətlə əməl edin.  11Öyrədilən təlimata və söylənilən hökmə görə rəftar edin. Əmr edilənlərdən nə sağa, nə də sola dönün.  12Orada Allahınız Rəbbin hüzurunda vəzifəsini icra edən kahinə yaxud hakimə qulaq asmamaq iddiasında olan şəxs öldürülsün. Beləliklə, aranızdan pisliyi atın.  13Bütün xalq bu xəbəri eşidib qorxacaq və bir daha bu iddiaya düşməyəcək.

Padşahla əlaqədar qanunlar

14 Allahınız Rəbbin sizə verəcəyi torpağa girib, oranı irs olaraq alanda və orada məskunlaşanda əgər “bütün ətraf ölkələrdəki kimi bizə hökm edəcək bir padşah təyin edək” desəniz,  15mütləq Allahınız Rəbbin seçəcəyi adamı padşah qoyun. Padşah təyin etdiyiniz adam öz soydaşlarınızdan olmalıdır. İsrailli soydaşlarınızdan olmayan yadelli bir adamı padşah edə bilməzsiniz.  16 Qoy padşah özü üçün at çoxaltmasın. İlxısını artırmaq üçün xalqı Misirə – geriyə qaytarmasın, çünki Rəbb sizə belə demişdi: “Bir də bu yoldan geri qayıtmayın”.  17 Padşah çox arvad almasın, yoxsa ürəyi haqq yolundan dönər. O özü üçün çoxlu qızıl-gümüş yığıb onu çoxaltmasın.  18Padşah taxta çıxandan sonra Levili kahinlərin nəzarəti altında bu Qanundan bir surətini özü üçün kitaba köçürsün.  19Qoy o, Qanunun bu surətini yanında saxlayaraq ömrü boyu hər gün oxusun. Bununla da padşah Allahınız Rəbdən qorxmağı, bu Qanunun bütün sözlərinə və bu qaydalara diqqətlə əməl etməyi öyrənsin.  20Özünü soydaşlarından üstün tutmasın, əmrdən nə sağa, nə də sola dönsün. Onda İsraildə özünün və nəslinin padşahlıq dövrü uzun olar.

Qanunun Təkrarı 18

Levililərlə kahinlərin payı

1Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq.  2 Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür.  3Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin.  4Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin.  5Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar.  6Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə,  7orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin.  8O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər.

Başqa millətlərin iyrənc adətləri

9Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin.  10 Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər,  11ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın.  12Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq.  13 Allahınız Rəbbin gözü önündə kamil olun.  14Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir.

Gələcək peyğəmbər

15 Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın.  16Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”.  17Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur.  18Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək.  19 Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm.  20Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”.  21“Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz.  22Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.

Qanunun Təkrarı 19

Sığınacaq şəhərlər

(Say. 35:6-34; Qanun. 4:41-43; Yeşua 20:1-9)

1Allahınız Rəbb torpaqlarını sizə verəcəyi millətləri yox edəndə və siz onların mülkünü alıb şəhərlərində və evlərində yaşayanda  2Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpağın mərkəzində özünüz üçün üç şəhər ayırın.  3Bu şəhərlərə getmək üçün yollar çəkib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi ölkəni üç bölgəyə ayırın. Belə ki qətl edən bu şəhərlərdən birinə qaçsın.  4Sağ qalmaq üçün oraya qaçan qatil haqqında – yəni qonşusu ilə əvvəlcədən ədavəti olmadan və bilmədən onu öldürən adam barədə belə bir qaydanız olsun.  5Məsələn, odun kəsmək üçün qonşusu ilə meşəyə gedib ağac doğramaq üçün balta vuranda baltanın dəmiri sapından çıxıb qonşusuna dəyərsə və qonşusu ölərsə, ölümə bais adam bu şəhərlərdən birinə qaçıb canını qurtarsın.  6Yoxsa qan qisasını alan qəzəblə qatilin izinə düşə bilər. Yol uzaq olarsa, çatıb onu öldürə bilər. Bu adamın öldürdüyü adamla əvvəllər heç bir ədavəti olmamışdı. Ona görə də ölüm hökmünə layiq deyil.  7Bunun üçün “özünüzə üç şəhər seçin” deyə əmr edirəm.  8Allahınız Rəbbi sevmək və daim Onun yolları ilə getmək üçün bu gün sizə buyurduğum bütün bu əmrlərə diqqətlə əməl etdiyiniz üçün  9Allahınız Rəbb atalarınıza and etdiyi kimi sizin sərhədinizi genişləndirərsə və atalarınıza verməyi vəd etdiyi bütün torpaqları sizə verərsə, o zaman özünüz üçün bu üç şəhərdən əlavə üç şəhər də seçin.  10Belə ki Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda günahsız qan tökülməsin və həm də qan tökməkdə təqsirkar olmayasınız.  11Lakin kiminsə qonşusu ilə ədavəti varsa, pusquda durub onu izləyərsə, hücum edərək onu vurub öldürərsə və bu şəhərlərdən birinə qaçarsa,  12bu adamın şəhərinin ağsaqqalları adam göndərib onu oradan götürüb öldürmək üçün qan qisası alana təslim etsin.  13Ona rəhm etməyin. Günahsız qanı İsraildən təmizləyin ki, güzəranınız xoş olsun.  14 Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda alacağınız mülkdə qonşunuzun əvvəlki adamlar tərəfindən qoyulan sərhədini dəyişdirməyin.

Şahidlər

15 Bir adamı işlədə biləcəyi hər hansı bir günahda yaxud cinayətdə təqsirləndirmək üçün bir şahid kifayət deyil. Hər iddia iki yaxud üç nəfərin şahidliyi ilə təsdiq edilsin.  16Əgər bir yalançı şahid pis məqsədlə birini təqsirləndirərsə,  17aralarında münaqişə olan iki adam Rəbbin hüzurunda, o dövrdə xidmət edən kahinlərin və hakimlərin qarşısında dayansın.  18Hakimlər yaxşı-yaxşı araşdırsınlar. Əgər şahid yalançıdırsa, soydaşlarına qarşı yalandan şahidlik etmişsə,  19onda soydaşına etmək istədiyini onun öz başına gətirin. Beləliklə, aranızdan pisliyi atın.  20Qalanları da bunu eşidib qorxacaq və bir daha bu cür pislik etməyəcəklər.  21 Belə adama rəhm etməyin, can əvəzinə can, göz əvəzinə göz, diş əvəzinə diş, əl əvəzinə əl, ayaq əvəzinə ayaq ödənsin.

Qanunun Təkrarı 20

Döyüş zamanı

1Düşmənlərinizə qarşı döyüşə çıxanda atları, döyüş arabalarını və sizdən böyük bir ordunu görəndə qorxmayın, çünki sizi Misir torpağından çıxaran Allahınız Rəbb sizinlədir.  2Kahin döyüş qabağı ordunun yanına gəlib müraciət edərək  3belə desin: “Ey İsraillilər, qulaq asın! Bu gün düşmənlərinizlə döyüşə çıxırsınız. Onlardan qorxub ürkməyin və təlaşa düşərək ürəyinizi yeməyin,  4çünki Allahınız Rəbb düşmənlərinizlə döyüşmək və sizə qələbə qazandırmaq üçün sizinlə gedir”.  5Zabitlər isə orduya belə desinlər: “Yeni ev tikib içində oturmayan kim var? Qoy evinə qayıtsın. Yoxsa döyüşdə ölər, evində başqası yaşayar.  6Üzüm bağı salıb məhsulunu toplamayan varmı? Qoy o da evinə qayıtsın. Birdən döyüşdə ölər, məhsulunu başqası yığar.  7Bir qıza nişanlı olub evlənməyən varmı? O da evinə qayıtsın. Yoxsa döyüşdə ölər, nişanlısını başqası alar”.  8Zabitlərin orduya müraciətinin davamı belə olsun: “Kim qorxusundan ürəyini yeyirsə, evinə qayıtsın. Öz ürəyi kimi yoldaşlarının da ürəyini üzməsin”.  9Zabitlər orduya müraciətini bitirəndən sonra bölmələrə rəhbərlər təyin etsinlər.  10Hansı şəhərə yürüş etsəniz, əvvəl onun xalqını sülhə çağırın.  11Əgər o sizinlə sülh yolu ilə razılaşıb qarşınızda darvazalarını açarsa, qoy oranın bütün əhalisi sizə mükəlləfiyyətçi olub qulluğunuzda dursun.  12Yox, əgər sizin sülh çağırışınızı rədd edib döyüşə başlasa, onda şəhəri mühasirəyə alın.  13Allahınız Rəbb şəhəri sizə təslim edəndə oranın bütün kişilərini qılıncdan keçirin.  14Qadınları, uşaqları, heyvanları və şəhərdə olan bütün malları isə talan edin. Allahınız Rəbbin sizə verdiyi düşmən malını özünüzə sərf edə bilərsiniz.  15Sizə yaxın millətlərə aid olmayan, sizdən uzaqlarda yerləşən şəhərlərin hamısına qarşı rəftarınız belə olsun!  16Ancaq Allahınız Rəbbin irs olaraq sizə verəcəyi bu millətlərin şəhərlərində nəfəsi olan heç bir canlını belə, sağ buraxmamalısınız.  17Xetliləri, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları Allahınız Rəbbin sizə əmr etdiyi kimi tamamilə yox edin ki,  18allahlarına iyrənc adətlərlə səcdə edənlərdən bunları öyrənərək Allahınız Rəbbə qarşı günah işlətməyəsiniz.  19Hər hansı bir şəhərlə döyüşəndə oranı almaq üçün mühasirəsi uzun çəkərsə, ağacları baltalayıb məhv etməyin. Bu ağacların məhsulundan yeyə bilərsiniz, amma onları qırmayın. Məgər çöldəki ağaclar insandır ki, onları mühasirəyə alasınız?  20Biləndə ki bir ağac bar vermir, həmin ağacı kəsib yox edə bilərsiniz. Sizə müqavimət göstərən şəhəri alanadək mühasirə əməliyyatında bu ağaclardan istifadə edə bilərsiniz.

Qanunun Təkrarı 21

Naməlum şəxs tərəfindən öldürülənlər

1Allahınız Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda, çöldə yerə sərilmiş və kim tərəfindən öldürüldüyü bilinməyən meyit görsəniz,  2ağsaqqallarınız və hakimləriniz gedib meyitin olduğu yerlə ətraf şəhərlər arasındakı məsafəni ölçsünlər.  3Meyitə ən yaxın şəhər hansıdırsa, oranın ağsaqqalları işə qoşulmamış, boyunduruq taxılmayan bir düyə götürsünlər.  4Düyəni şumlanmamış, əkilməmiş torpaqdakı axar sulu dərəyə gətirsinlər və orada düyənin boynunu qırsınlar.  5Levili kahinlər də oraya getsin. Çünki Allahınız Rəbb onları Özünə xidmətçi seçib. Qoy onlar Rəbbin adı ilə xeyir-dua versinlər, aranızdakı münaqişə və zorakılıq hallarına baxsınlar.  6Meyitə ən yaxın şəhərin ağsaqqalları dərədə boynu qırılmış düyənin üzərində əllərini yuyub  7belə bəyan etsinlər: “Bu qan bizim əllərimizlə tökülməyib. Kimin etdiyini də gözümüzlə görməmişik.  8Ya Rəbb, qurtardığın xalqı – İsrailliləri kəffarə et. Xalqını nahaq tökülən qana cavabdeh etmə”. Beləliklə, qan tökmək günahı kəffarə olunacaq.  9Rəbbin gözündə doğru olanı etdiyiniz üçün nahaq qan boynunuzdan götürüləcək.

Əsirlərdən arvad almaq

10Düşmənlərinizlə döyüşə çıxanda, Allahınız Rəbb onları sizə təslim edəndə və siz onları əsir götürəndə  11aralarında gözəl qadın görüb ona vurulsanız, onu arvad olaraq ala bilərsiniz.  12Qoy o qadın kişinin evinə aparılsın. O, başını qırxdıraraq dırnaqlarını kəssin,  13əynindəki əsirlik geyimlərini çıxarsın və evinizdə qalıb ata-anası üçün bir ay yas tutsun. Bundan sonra qadını alan kişi onun yanına girib öz arvadı edə bilər.  14Əgər o sənin sonradan xoşuna gəlməzsə, könlü istədiyi kimi onu azad burax. Qadını pula satma və qul kimi rəftar etmə, çünki onu zəlil etmisən.

İlk oğulluq haqqı

15Əgər bir kişinin iki arvadı varsa, birini sevib digərini sevmirsə və hər iki qadın ona oğul doğmuşsa, sevmədiyi qadından doğulan oğul ilk oğludursa,  16bu kişi əmlakını irs olaraq oğulları arasında böləndə ilk oğulluq haqqını sevdiyi qadının oğluna verə bilməz.  17Sevmədiyi qadının oğlunu ilk oğul olaraq tanısın və bölünən malın ikiqat payını ona versin, çünki gücünün ilk yadigarıdır. Ona görə də ilk oğulluq haqqı onundur.

Sözə baxmayan oğul

18Əgər bir adamın dikbaş, itaətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa,  19valideynləri onu götürüb şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər.  20Şəhər ağsaqqallarına belə desinlər: “Bizim oğlumuz dikbaş və itaətsizdir. Heç sözümüzə baxmır, qarınqulu və əyyaşdır.  21Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə, aranızdan pisliyi atın. Qoy bütün İsraillilər bu xəbəri eşidib qorxsunlar”.

Digər qanunlar

22 Əgər bir adam bir günahdan ötrü ölüm cəzasına məhkum olunub ağacdan asılırsa,  23meyiti gecə ağacda asılı qoymayın, mütləq onu həmin gün basdırın, çünki asılan adam Allahın lənətinə düçar olub. Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağı murdarlamayın.

Qanunun Təkrarı 22

1 Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan.  2Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar.  3Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma.  4Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et.  5Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür.  6Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə.  7Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar.  8Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin.  9 Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır.  10Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma.  11Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə.  12 Əbanın dörd tərəfinə qotaz sal.

Cinsi təmizliyə aid qanunlar

13Əgər bir nəfər arvad alıb yaxınlıq edəndən sonra onu bəyənməzsə,  14ona şər ataraq adını ləkələyib “bu qızı aldım, onunla yaxınlıq edəndən sonra gördüm ki, bakirə deyil” deyərsə,  15onda ata-anası qızın “üzağlıq mələfəsini” darvazaya – şəhər ağsaqqallarının yanına gətirsin.  16Qızın atası şəhər ağsaqqallarına belə desin: “Bu adama qızımı arvad olaraq verdim. İndi qızımı bəyənmir.  17‹Gördüm ki, sənin qızın bakirə deyil› deyərək mənim qızımın adını ləkələyir. Bu isə qızımın ‹üzağlıq mələfəsidir›”. Mələfə şəhərin ağsaqqallarının qarşısına sərilsin.  18Şəhərin ağsaqqalları isə o adama cəza versin.  19Onu yüz şekel gümüş pul cəzasına məhkum edib gənc qadının atasına versinlər, çünki o adam İsraildə bir qızın adını ləkələyib. Bu qadın həmin adamın arvadı olacaq və ömrü boyu onu boşaya bilməz.  20Əgər iddia doğrudursa, gənc qadının üzağlığı tapılmazsa,  21onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın.  22Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın.  23Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə,  24o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın.  25Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün.  26Gənc qadına heç nə etməyin, çünki onda ölümə layiq günah yoxdur. Ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir.  27Çünki kişi qıza çöldə rast gəlib. Nişanlı qız nə qədər qışqırsa da, köməyinə çatan olmayıb.  28 Əgər kimsə nişanlanmamış bakirə bir qıza rast gəlib onu zorlayarsa və onlar tapılarsa,  29o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz.  30 Kimsə atasının arvadını almasın və atasının nikahını ləkələməsin.

Qanunun Təkrarı 23

Camaat arasına daxil ola bilməyənlər

1Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.  2Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz.  3 Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz,  4 çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular.  5 Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir.  6 Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın.  7Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz.  8Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.

Ordugahın təmizliyi

9Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.  10Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın.  11Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın.  12Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin.  13Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz.  14Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin.

Müxtəlif qanunlar

15Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın.  16Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.  17 İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin.  18Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.  19 Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin.  20Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin.  21 Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır.  22Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil.  23Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz.  24Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın.  25 Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın.

Qanunun Təkrarı 24

1 Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa,  2evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər.  3O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə,  4onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin.  5Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin.  6Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur.  7 Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın.  8 Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin.  9 Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın.  10 Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin.  11Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın.  12Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın.  13Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın.  14 Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin.  15Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız.  16 Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün.  17 Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.  18Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.  19 Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək.  20Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.  21Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalanı başaq etmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.  22Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.

Qanunun Təkrarı 25

1İnsanlar arasında münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Hakimlər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza versinlər.  2Əgər təqsirkar adam kötəklənməyə layiqdirsə, qoy hakim onu yerə uzandırıb kötəyi günahının ağırlığına görə vurdursun.  3 Təqsirkara qırx zərbədən artıq vurulmasın. Əgər qırxdan çox zərbə vursanız, soydaşınız göz önündə zəlil ola bilər.  4 Xırman çəkən öküzün ağzını bağlama.  5 Əgər qardaşlar bir yerdə yaşayırlarsa, onlardan biri ölərsə və ölənin oğlu olmazsa, dul qadın başqa ailədən olan bir adama ərə getməsin. Qaynı yanına gəlib onu arvad olaraq alsın və qayın-qəyyumluq vəzifəsini yerinə yetirsin.  6Qadının doğacağı ilk oğul mərhumun adını yaşatsın. Qoy İsraildə mərhumun adı batmasın.  7 Kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın darvazada yerləşən ağsaqqalların yanına getsin və belə desin: “Qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. Mənim üçün qayın-qəyyumluq vəzifəsini icra etmək istəmir”.  8Onda şəhər ağsaqqalları onun qaynını çağırıb danışacaqlar. Əgər o inad edib yenə də “onu almıram” desə,  9o zaman həmin qadın ağsaqqallar qarşısında gəlib qaynının çarığını çıxararaq üzünə tüpürsün və “qardaşının nəslini yaşatmayana belə edilir” desin.  10İsraildə onun nəsli “çarığı çıxarılanın nəsli” adlanacaq.  11Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa,  12belə qadına rəhm etmədən onun əlini kəsin.  13 Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın.  14Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın.  15Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz.  16Çünki Allahınız Rəbb bu işləri görən hər kəsdən, haqsızlıq edəndən iyrənər. (Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir.)  17 Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın.  18Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar.  19Allahınız Rəbb mülk etmək üçün irs olaraq sizə verəcəyi torpaqda və ətrafınızda olan düşmənlərin hamısından qurtarıb rahatlıq verəndə səma altından Amaleqlilərin xatirəsini silin və bunu unutmayın.

Qanunun Təkrarı 26

İlk məhsul və onda bir hissə

1Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpağa girib orada məskunlaşanda  2 Allahınız Rəbbin sizə verəcəyi ölkənin torpaqlarından topladığınız bütün məhsulların nübarını götürüb bir səbətə yığın. Sonra Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gedin.  3O dövrdə xidmət edən kahinin yanına gedib deyin: “Allahın Rəbbə bu gün bəyan edirəm ki, Rəbbin atalarımıza vəd etdiyi ölkəyə çatdım”.  4Kahin əlinizdən səbəti alıb onu Allahınız Rəbbin qurbangahı önündə yerə qoysun.  5Allahınız Rəbbin önündə bunu bəyan edin: “Atam köçəri Aramlı idi. Azsaylı olaraq Misirə enib orada məskunlaşdı və ondan böyük, güclü, çoxsaylı millət törədi.  6Misirlilər bizimlə pis rəftar etdilər. Bizi zəlil edib üzərimizə ağır işlər yüklədilər.  7Onda atalarımızın Allahı Rəbbə fəryad qopardıq və Rəbb səsimizi eşitdi. Əzabımızı, əziyyətimizi və zəlalətimizi gördü.  8Rəbb qüdrətli əli, uzanan qolu, böyük zəhmi, əlamət və möcüzələri ilə bizi Misirdən çıxartdı.  9O bizi bu yerə gətirərək süd və bal axan bu torpağı bizə verdi.  10İndi, ya Rəbb, mənə verdiyin torpağın məhsulunun nübarını Sənə gətirmişəm”. Sonra səbəti Allahınız Rəbbin önünə qoyub Onun qarşısında səcdə edin.  11Siz, Levililər, aranızda yaşayan qəriblər Allahınız Rəbbin sizə və ailənizə verdiyi bütün yaxşı şeylər üçün sevinəcəksiniz.  12 Üçüncü il onda bir hissəni təqdimetmə ilidir. Bütün məhsulunuzun onda birini bir yana yığın. Ayırma işini qurtarandan sonra onda bir hissəni Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verin ki, şəhərlərinizdə onlar da yeyib-doysunlar.  13Sonra Allahınız Rəbbə deyin: “Mənə əmr etdiyin kimi Rəbb yolunda ayırdıqlarımı evdən çıxarıb Levililərə, qəriblərə, yetimlərə və dul qadınlara verdim. Əmrlərindən çıxmadım, heç birini yaddan çıxarmadım.  14Bu paydan yas tutarkən yemədim, onu evdən çıxaranda murdar deyildim və onu ölülərə təqdim etmədim. Allahım Rəbbin sözünə qulaq asdım. Mənə əmr etdiklərinin hamısını yerinə yetirdim.  15Ya Rəbb, indi müqəddəs məskənindən – göylərdən aşağıya bax. Xalqın İsrailə, atalarımıza etdiyin anda görə bizə verdiyin torpağa – süd və bal axan torpağa xeyir-dua ver”.

Allahın Öz xalqı

16Bu gün Allahınız Rəbb bu qaydalara, hökmlərə əməl etməyi sizə buyurur. Onlara bütün qəlbinizlə, bütün varlığınızla əməl etmək üçün diqqətli olun.  17Bu gün Rəbbin Allahınız olduğunu, Onun yolları ilə gedəcəyinizi, qanunlarına, əmrlərinə, hökmlərinə riayət edəcəyinizi, Onun sözünə qulaq asacağınızı bəyan etdiniz.  18 Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz.  19O zaman dediyi kimi Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız».

Qanunun Təkrarı 27

Eval dağındakı qurbangah

1Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin.  2 İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin.  3Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın.  4Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin.  5 Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin.  6Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin.  7Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin.  8Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın».  9Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz.  10Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin».

Eval dağından lənətlər

11O gün Musa xalqa belə dedi:  12 «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin.  13Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali.  14Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin:  15 “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” Bütün xalq cavab versin: “Amin!”  16 “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”  17 “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” Bütün xalq desin: “Amin!”  18 “Qoy kor olanı yoldan azdırana lənət olsun!” Bütün xalq desin: “Amin!”  19 “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”  20 “Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”. Bütün xalq desin: “Amin!”  21 “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” Bütün xalq desin: “Amin!”  22 “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!”  23 “Qoy qayınanası ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!”  24“Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” Bütün xalq desin: “Amin!”  25“Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” Bütün xalq desin: “Amin!”  26 “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!” Bütün xalq desin: “Amin!”

Qanunun Təkrarı 28

Xeyir-dualar

(Lev. 26:3-13; Qanun. 7:12-24)

1Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğum bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək.  2Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq.  3Şəhərdə və çöldə xeyir-dualı olacaqsınız.  4Doğulan övladlarınız, torpağınızın məhsulları, heyvanlarınızın, mal-qara və qoyun-keçilərinizin balaları artımlı olacaq.  5Səbət və xəmir təknələriniz bərəkətli olacaq.  6Hər girişiniz, hər çıxışınız xeyir-dualı olacaq.  7Rəbb sizə hücum edən düşmənlərinizi önünüzdə məğlub edəcək. Onlar sizə bir yoldan hücum edəndə önünüzdən yeddi yolla qaçacaq.  8Rəbb anbarlarınıza, əl atdığınız hər işə “Bərəkətli olsun!” deyə əmr verəcək və Allahınız Rəbb sizə verəcəyi torpağa bərəkət yağdıracaq.  9Allahınız Rəbbin əmrlərinə riayət etsəniz, Onun yolları ilə getsəniz, Rəbb vəd etdiyi kimi sizi Özü üçün müqəddəs bir xalq kimi qoruyacaq.  10Yer üzərindəki bütün xalqlar Rəbbə məxsus olduğunuzu görüb sizdən qorxacaq.  11Rəbb atalarınıza vəd etdiyi torpaqda sizi bolluq içərisində yaşadacaq. Doğulan övladlarınızın nəslini artırıb-çoxaldacaq, heyvanlarınızın balalarını, torpağınızın məhsulunu artımlı edəcək.  12Rəbb torpağınıza yağışı vaxtlı-vaxtında yağdıracaq və bütün zəhmətinizə bərəkət vermək üçün göylərdən zəngin xəzinəsini açacaq. Siz bir çox millətlərə borc verəcək, lakin heç kimdən borc almayacaqsınız.  13Rəbb sizi quyruq deyil, baş edəcək. Əgər bu gün sizə buyurduğum Allahınız Rəbbin əmrlərinə qulaq assanız, onlara dəqiq əməl etsəniz, aşağıda deyil, hər zaman yuxarıda olacaqsınız.  14Bu gün sizə buyurduğum əmrlərdən kənara çıxmayın, başqa allahların ardınca getməyin, onlara sitayiş etməyin.

Lənətlər

(Lev. 26:14-46)

15Amma Allahınız Rəbbin sözünə qulaq asmasanız, bu gün sizə buyurduğum əmrlərin, qaydaların hamısına dəqiq əməl etməsəniz, bu lənətlər gəlib üzərinizə töküləcək.  16Şəhərdə və çöldə lənət qazanacaqsınız.  17Səbət və xəmir təknələriniz lənətli olacaq.  18Doğulan övladlarınız, torpaqlarınızın məhsulları, mal-qara və qoyun-keçilərinizin balaları lənətə düçar olacaq.  19Hər girişiniz, hər çıxışınız lənətli olacaq.  20Rəbb əl atdığınız hər işdə üzərinizə lənət göndərəcək, sizi vahiməyə salıb çaşdıracaq. Nəhayət, Rəbdən üz döndərib pislik etdiyinizə görə tezliklə sizə ziyan vurub həlak edəcək.  21Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqdan sizi yox edənədək vəbaya düçar edəcək.  22O sizi vərəm, qızdırma, iltihab, insanı qovuran istilik, quraqlıq, səmum küləyi və kiflə cəzalandıracaq. Siz yox olana qədər bunlar sizdən əl çəkməyəcək.  23Başınız üzərində olan göylər tunc, ayağınız altındakı yer isə dəmir kimi olacaq.  24Rəbb ölkənizə yağış əvəzinə toz-torpaq yağdıracaq. Siz həlak olana qədər göydən üzərinizə bunlar yağacaq.  25Rəbb sizi düşmənlərinizin önündə məğlub edəcək, onlara bir yoldan hücum edəndə önlərindən yeddi yolla qaçacaqsınız. Dünyanın bütün ölkələrinə dəhşətli ibrət olacaqsınız.  26 Cəsədləriniz göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, onları ürküdüb qovan olmayacaq.  27Rəbb sizi sağalmaz Misir çibanları, şişlər, xoralar, qoturlarla cəzalandıracaq.  28O sizi cəzalandıraraq dəli və kor edəcək, ürəyinizi qubarladacaq.  29Günorta vaxtı kor adam qaranlıqda əl toxundura-toxundura gəzdiyi kimi gəzəcəksiniz. Hər işiniz uğursuz olacaq, daim iztirab çəkəcək və talan olacaqsınız. Sizi qurtaran olmayacaq.  30Nişanlandığınız qızla başqası yatacaq. Tikdiyiniz evdə yaşamayacaqsınız. Saldığınız bağın məhsulunu dərməyəcəksiniz.  31Öküzünüz gözünüz önündə kəsiləcək, ətindən yeməyəcəksiniz. Eşşəkləriniz sizdən zorla alınacaq və geri qaytarılmayacaq. Sürüləriniz düşmənlərinizə veriləcək və sizi qurtaran olmayacaq.  32Oğullarınız və qızlarınız gözünüz önündə başqa bir xalqa təslim ediləcək və onların həsrətindən günbəgün gözlərinizin nuru sönəcək. Əlinizdən isə heç nə gəlməyəcək.  33Torpağınızın və bütün zəhmətinizin məhsulunu tanımadığınız bir xalq yeyəcək, siz isə daima iztirab çəkəcək və əziləcəksiniz.  34Gözlərinizlə gördükləriniz ağlınızı başınızdan çıxaracaq.  35Rəbb dizlərinizə, baldırlarınıza təpədən dırnağa qədər sağalmaz çibanlar çıxararaq sizi cəzalandıracaq.  36Rəbb sizi, öz üzərinizə təyin etdiyiniz padşahı sizin də, atalarınızın da tanımadığı bir millətə əsir apartdıracaq. Orada ağacdan, daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.  37Rəbbin sizi əsir etdiyi xalqlar arasında heyrət, məsəl və kinayə hədəfinə çevriləcəksiniz.  38Zəmiyə çox toxum səpib, az yığacaqsınız, çünki onu çəyirtkə yeyib qurtaracaq.  39Üzüm bağları salacaq, becərəcəksiniz, lakin üzümündən dərməyəcək, şərabından içməyəcəksiniz, çünki onlara qurd düşəcək.  40Torpağınızın hər tərəfində zeytun ağacları bitsə də, onlardan yağ çəkə bilməyəcəksiniz, çünki zeytun ağaclarınız öz meyvəsini tökəcək.  41Oğullarınız, qızlarınız olacaq, lakin yanınızda qalmayacaq, çünki əsir düşəcəklər.  42Bütün ağaclarınızın və əkin sahələrinizin bəhərinə çəyirtkələr daraşacaq.  43Aranızda yaşayan yadellilər sizdən olduqca üstün olacaq, siz aşağı endikcə enəcəksiniz.  44Sizə onlar borc verəcək, siz onlara borc verə bilməyəcəksiniz, onlar baş, siz isə quyruq olacaqsınız.  45Bu lənətlərin hamısı sizin üzərinizə töküləcək. Sizi həlak olanadək qovub yaxalayacaqlar, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız, sizə buyurduğu əmrlərə və qaydalara riayət etmədiniz.  46Bunlar sizə və övladlarınıza əbədi bir əlamət, bir möcüzə olacaq.  47Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz,  48Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq.  49Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq.  50Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir.  51Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq.  52Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar.  53Mühasirəyə düşəndə düşmənlərinizin sizə verəcəyi aclıqdan doğulan övladlarınızın – Allahın Rəbbin sizə verdiyi oğul-qızlarınızın ətini yeyəcəksiniz.  54Aranızda ən ürəyinazik və həssas adam belə, öz qardaşına, sevdiyi arvadına, sağ qalan övladlarına rəhm etməyəcək.  55Yediyi uşaqların ətindən onların heç birinə verməyəcək, çünki mühasirə olunanda düşmənlərinizin yaratdığı qıtlığa görə şəhərlərinizdə yeməyə heç nə qalmayacaq.  56 Aranızda ən ürəyinazik, həssas qadın – zərifliyindən və incəliyindən ayağını yerə basmaq istəməyən qadın belə, sevdiyi ərinə, öz oğluna, eləcə də qızına rəhm etməyəcək.  57Bətnindən çıxan cifti və doğduğu uşaqları verməyib gizli yeyəcək, çünki bütün şəhərləriniz mühasirəyə düşəndə aclıq olacaq.  58Əgər bu kitaba yazılmış bu Qanunun bütün sözlərinə diqqətlə əməl etməsəniz, Allahınız Rəbbin əzəmətli və zəhmli adından qorxmasanız,  59Rəbb sizi və nəslinizi dəhşətli bəlalara, böyük və sonsuz müsibətlərə, sağalmaz, ağır xəstəliklərə düçar edəcək.  60Qorxduğunuz bütün Misir xəstəliklərini yenə başınıza gətirəcək, bu xəstəliklərə tutulacaqsınız.  61Rəbbin bu Qanun kitabında yazılmamış hər cür xəstəlik və bəlanı sizi yox edənədək başınıza gətirəcək.  62Göydəki ulduzlar qədər çoxalmaq əvəzinə sayca çox az qalacaqsınız, çünki Allahınız Rəbbin sözünə qulaq asmadınız.  63Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız.  64Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz.  65Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəc
ək.  66Daim canınızın qayğısını çəkəcək, gecə-gündüz vahimə içərisində yaşayacaqsınız. Həyatınızın asayişi olmayacaq.  67Ürəyinizə dolan vahimədən və gözünüzlə gördüyünüz hadisələr üzündən səhər olanda “kaş axşam olaydı”, axşam olanda “kaş səhər olaydı” deyəcəksiniz.  68Mən sizə demişdim ki, gəldiyiniz yolla geri dönməyəcəksiniz, amma Rəbb sizi gəmilərlə Misirə geri qaytaracaq. Orada qul və qarabaş kimi düşmən bazarında satılacaqsınız, amma sizi pulla alan olmayacaq».

Qanunun Təkrarı 29

Əhdin yeniləşməsi

1Rəbb İsrail övladları ilə Xorev dağında əhd etmişdir. Moavda isə Musaya əmr etdi ki, yenidən əhd kəssin. Əhdin şərtləri bunlardır:  2Musa bütün İsrailliləri bir yerə yığıb belə dedi: «Rəbbin Misirdə gözləriniz önündə firona, əyanlarına və ölkəsinə etdiyi hər şeyi gördünüz.  3Böyük sınaqları, bu böyük əlamətləri və möcüzələri öz gözünüzlə gördünüz.  4Lakin Rəbb bu günədək sizə anlamaq üçün ağıl, görmək üçün göz, eşitmək üçün qulaq vermədi.  5Rəbb deyir: “Sizi qırx il səhrada gəzdirdim. Əyninizdəki paltar, ayağınızdakı çarıq yırtılıb-dağılmadı.  6Çörək yemədiniz, şərab ya da başqa kefləndirici içki içmədiniz. Bunları ona görə etmişəm ki, Mənim Allahınız Rəbb olduğumu biləsiniz”.  7 Buraya çatanda Xeşbon padşahı Sixon ilə Başan padşahı Oq bizimlə döyüşə başladılar. Amma onları məğlub etdik.  8 Torpaqlarını ələ keçirib irs olaraq Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına verdik.  9Ələ götürdüyünüz hər işdə uğur qazanmaq üçün bu əhdin hər sözünə diqqətlə əməl edin.  10Bu gün siz hamınız – qəbilə başçılarınız, ağsaqqallarınız, məmurlarınız, İsraillilərin hamısı,  11uşaqlarınız, arvadlarınız, aranızda yaşayıb odununuzu doğrayan, suyunuzu daşıyan yadellilər Allahınız Rəbbin qarşısında dayanmısınız ki,  12bu gün Allahınız Rəbbin and edərək sizinlə bağladığı bu əhdi həyata keçirəsiniz.  13Qoy bu gün O sizi Öz xalqı kimi təsdiq etsin, sizə söz verdiyi kimi atalarınız İbrahimə, İshaqa, Yaquba etdiyi anda görə sizin Allahınız olsun.  14Mən bu əhdi və andı yalnız sizinlə,  15Allahımız Rəbbin hüzurunda bizimlə bərabər duranlarla deyil, bu gün yanımızda olmayanlarla da edirəm.  16Misirdə necə yaşadığınızı, o biri millətlərin içərisindən keçərək buraya necə gəldiyinizi özünüz də bilirsiniz.  17Onların arasında iyrənc şeyləri – ağacdan, daşdan, qızıldan, gümüşdən düzəldilən iyrənc bütləri gördünüz.  18 Ehtiyatlı olun, bu gün aranızda bu millətlərin allahlarına sitayiş etmək üçün Allahınız Rəbdən dönən nə kişi, nə qadın, nə nəsil, nə də qəbilə olsun. Aranızda belə acı pöhrəli, zəhərli kök olmasın.  19Bu andın sözlərini eşidən zaman kimsə öz-özünə gözaydınlığı verib belə bir fikrə düşməsin: “Onsuz da salamat qalacağam, qoy kefim istəyən kimi yaşayım”. Bu fikir həm münbit torpağa, həm də quru torpağa bəla gətirər.  20Belə adamı Rəbb bağışlamaq istəməz. O adama qarşı qısqanc Rəbbin qəzəbi alovlanacaq. Bu kitabda yazılan bütün lənətlər başına töküləcək və Rəbb onun adını göyün altından siləcək.  21Rəbb bu Qanun kitabında yazılan əhdin içərisində yer tutan lənətlərin hamısına görə fəlakətə uğratmaq üçün onu İsrailin bütün qəbilələrinin içərisindən çıxaracaq.  22Gələcək nəsil, sizdən sonra gələn övladlarınız və uzaq diyardan gələn yadellilər bu ölkənin bəlalarını, Rəbbin oraya göndərdiyi xəstəlikləri görəcək.  23 Bütün torpaq yanacaq, kükürd və duzla örtüləcək, toxum əkilməyəcək, cücərti görünməyəcək, ot bitməyəcək. Ölkə Rəbbin qızğın qəzəbi ilə yerlə yeksan etdiyi Sodom, Homorra, Adma və Sevoyim kimi viran olacaq.  24 Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.  25O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar.  26Gedib tanımadıqları allahlara, Rəbbin onlara bəxş etmədiyi yad allahlara sitayiş və səcdə etdilər.  27Ona görə Rəbbin qəzəbi bu ölkəyə qarşı alovlandı, oranı bu kitabda yazılan bütün lənətlərə düçar etdi.  28Rəbb qəzəb, hirs və böyük hiddətlə onları ölkələrindən qopardı. Bu gün olduğu kimi onları başqa bir torpağa atdı”.  29Allahımız Rəbbin sirləri var, lakin bəzi şeyləri bizə və övladlarımıza əbədilik aşkar etdi ki, bu qanunun bütün sözlərinə əməl edək.

Qanunun Təkrarı 30

Şəfa və xeyir-dua

1Bütün bu hadisələr – qarşınıza qoyduğum xeyir-dua və lənət başınıza gələndə Allahınız Rəbbin sizi səpələdiyi millətlər arasında bunları xatırlayacaqsınız.  2Siz və övladlarınız Allahınız Rəbbə tərəf dönüb bu gün sizə əmr etdiyim hər işdə Onun sözünü bütün qəlbinizlə və bütün varlığınızla qulağınızda saxlasanız,  3Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq.  4 Səpələnib göyün altındakı ən ucqar ölkəyə düşsəniz belə, Allahınız Rəbb sizi oradan yığıb geri qaytaracaq.  5Sizi atalarınıza irs olaraq verdiyi torpağa qovuşduracaq. Oranı yenə də irs olaraq alacaqsınız, Allahınız Rəbb sizə xoş güzəran verəcək və sizi atalarınızdan da artıq çoxaldacaq.  6Allahınız Rəbb sizin ürəyinizi və övladlarınızın ürəklərini sünnət edəcək ki, Allahınız Rəbbi bütün qəlbinizlə, bütün varlığınızla sevəsiniz və yaşayasınız.  7Allahınız Rəbb bütün bu lənətləri isə sizə nifrət və zülm edən düşmənlərinizin üzərinə (üzərinizə) tökəcək.  8Siz yenə Rəbbin sözünə qulaq asacaq və bu gün sizə buyurduğum bütün əmrlərini yerinə yetirəcəksiniz.  9Onda Allahınız Rəbb əlinizdə olan hər işinizi uğurlu edəcək, sizə çoxlu övlad, heyvanlarınıza çoxlu bala, torpaqlarınıza bol məhsul verəcək. Rəbb atalarınıza yaxşılıq etməkdən necə razı qalırdısa, sizə də yaxşılıq etməkdən elə razı qalacaq.  10Bir şərtlə: Allahınız Rəbbin sözünü qulağınızda saxlayın. Onun bu Qanun kitabında yazılan əmrlərinə və qaydalarına əməl edin, bütün qəlbinizlə, bütün varlığınızla Allahınız Rəbbə tərəf dönün.  11Bu gün sizə verdiyim əmrə əməl etmək sizin üçün çətin və əlçatmaz deyil.  12 Axı o, göylərdə deyil ki, deyəsiniz: “Kim bizim üçün göylərə çıxacaq və onu oradan götürüb bizə çatdıracaq ki, biz buna əməl edək?”  13O, dənizin o tayında deyil ki, deyəsiniz: “Kim bizim üçün dənizin o tayına gedəcək və onu götürüb bizə çatdıracaq ki, qulaq asıb buna əməl edək?”  14Yox, bu kəlam sizə əməl etmək üçün çox yaxındır, o, dilinizdə və ürəyinizdədir.  15Bax bu gün sizin qarşınızda həyatla xoşbəxtliyi, ölümlə bədbəxtliyi qoyuram.  16Bu gün sizə Allahınız Rəbbi sevməyi, Onun qoyduğu yollarla getməyi, əmrlərinə, qaydalarına, hökmlərinə riayət etməyi əmr edirəm. Belə etsəniz, yaşayıb artacaqsınız və mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda Allahınız Rəbb tərəfindən xeyir-dua alacaqsınız.  17Əgər bu yoldan dönsəniz, qulaq asmasanız, azaraq, yad allahlara səcdə qılaraq onlara qulluq etsəniz,  18bu gün sizə bildirirəm ki, mütləq məhv olacaqsınız. İordan çayını keçib mülk olaraq almaq üçün gedəcəyiniz ölkədə uzun ömür sürməyəcəksiniz.  19Qarşınızda həyatla ölümü, xeyir-dua ilə lənəti qoyduğum üçün bu gün göyü və yeri sizə şahid tuturam. Həyatı seçin ki, siz və övladlarınız yaşaya biləsiniz.  20 Allahınız Rəbbi sevin, sözü qulağınızda qalsın və Ona bağlanın. Çünki sizin həyatınız Odur. Belə etsəniz, Rəbbin ata-babalarınız İbrahimə, İshaqa və Yaquba verməyi vəd etdiyi torpaqda sizi uzun ömürlü edəcək».

Qanunun Təkrarı 31

Musanın yerinə Yeşuanın gəlməsi

1Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi:  2 «Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, İordan çayının o tayına keçməyəcəyəm.  3Oranı keçəndə başınızın üstündə Allahınız Rəbb gedəcək və O, millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.  4 Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək.  5Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz.  6 Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»  7Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən.  8Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!»

Qanunun oxunması

9Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.  10 Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,  11bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.  12Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.  13Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».

Rəbbin Musaya son əmri

14Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər.  15Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı.  16Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.  17Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər.  18Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm.  19İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun.  20Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar.  21Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm».  22Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi.  23 Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm».  24Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda  25Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi:  26«Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın.  27Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.  28Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam.  29Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».

Musanın ilahisi

30Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin.

Qanunun Təkrarı 32

1«Ey göylər, qulaq asın, söyləyəcəyəm,

Qoy yer üzü dilimdən çıxan sözləri eşitsin.

2Qoy təlimim yağış kimi tökülsün,

Sözüm şeh kimi düşsün,

Çəmən üzərinə düşən narın yağış tək olsun,

Ot üzərinə tökülən leysana oxşasın,

3Çünki Rəbbin ismini elan edəcəyəm!

Allahımızın əzəmətini mədh edin!

4O, işləri kamil Qayadır,

Çünki bütün yolları haqdır,

Sadiq Allahdır, heç zaman haqsızlıq etməz,

Adil və doğru olan Odur.

5Ona xəyanət etdilər,

Ona övlad olmadılar,

Ona görə rüsvay oldular.

Çünki əyri və tərs nəsildirlər.

6Ey axmaq, ağılsız xalq,

Rəbbə budurmu əvəziniz?

Sizi yaradan, sizə görkəm verən

Atanız, Yaradanınız O deyilmi?

7Ötən günləri yadınıza salın,

Keçmiş nəsillərin dövrünə nəzər salın,

Atanızdan soruşun, o sizə desin,

Ağsaqqallarınızdan soruşun, onlar sizə söyləsin.

8Haqq-Taala millətlərə irsi torpaq bölərkən, Bəşər övladlarını ayırarkən

İsrail övladlarının sayına görə

Xalqlara sərhəd qoydu.

9Çünki Rəbbin payı Öz xalqıdır!

Yaqub Onun payına düşən irsidir.

10Onu quraq bir torpaqda,

Uğultulu, boş-biyaban səhrada tapdı.

Bir sipər kimi onu hifz etdi,

Göz bəbəyi kimi onu qorudu.

11Yuvasında balalarını sövq etdirərək uçuran,

Onlar üzərində qanad çalan,

Qanadlarını açıb onları tutan,

Pərlərinin üzərində aparan qartal kimi

12Ona yol göstərən yalnız Rəbb idi.

Yanında özgə bir allah yox idi.

13Onu yer üzünün yüksəkliklərinə çıxartdı,

Zəminin məhsulundan yedirtdi.

Onu qayadan süzülən balla,

Çaxmaq daşından çəkilən yağla bəslədi.

14Onu inəklərin kəsmiyi, qoyunların südü ilə,

Kökəldilmiş quzularla,

Başandakı təkələrlə, qoçlarla.

Ən yaxşı buğda ilə bəslədi.

Xalq şərabı, üzümün al qanını içdi,

15Lakin Yeşurun

kökələrkən təpik atdı, Doyarkən, yoğunlaşıb piyləşərkən

Onu yaradan Allahı tərk etdi,

Xilaskarını, Qayasını rədd etdi.

16Yad allahlarla Allahı qısqandırdılar,

İyrənc əməllərlə Onu qəzəbləndirdilər.

17Allah olmayan cinlərə, Tanımadıqları allahlara,

Atalarının qorxmadıqları,

Son zamanlar yeni yaranan allahlara

Qurban kəsdilər.

18Sizi həyata gətirən Qayanı atdınız.

Sizi yaradan Allahı unutdunuz.

19Rəbb bunu görəndə onları rədd etdi,

Çünki oğul və qızları Onu hiddətləndirdi.

20O dedi: “Bax onlardan Mənim üzüm dönəcək,

Onların aqibəti görüm necə olacaq?

Çünki onlar etimada layiq olmayan övladlar, azğın nəsildirlər.

21Məni Allah olmayanlarla qısqandırdılar, Boş bütləri ilə qəzəbləndirdilər.

Mən də onları xalq olmayanlarla qısqandıracağam,

Axmaq bir millətlə qəzəbləndirəcəyəm.

22Çünki qəzəbimdən bir od alovlandı,

Ölülər diyarı dibinəcən yandı.

Dünyanı və nemətlərini yeyib qurtaracaq,

Dağların bünövrəsi odlanıb tutuşacaq.

23Mən onların üzərinə bəlalar yığacağam,

Oxlarımı onlara tuşlayacağam.

24Qıtlıqdan tükənəcək, qızdırmadan qırılacaqlar,

Vəbadan tələf olacaqlar.

Heyvanların dişlərini,

Torpaqda sürünən ilanların zəhərini

Onlara sarı göndərəcəyəm.

25Gənc oğlanı və qızı,

Südəmər körpəni, ağsaçlı insanı

Bayırdan qılınc, daxildən dəhşət məhv edəcək.

26Dedim: ‹Qoy onları uzaqlara dağıdım,

Onları insanların yaddaşından çıxarım›.

27Lakin düşmənin istehzasından çəkindim,

İstəmədim ki, əleyhdarları yanlış anlayıb desinlər:

‹Bütün bu işləri Rəbb görməyib,

Özümüz zəfər qazanmışıq›”.

28Çünki onlar düşüncəsiz bir millətdir,

Necə də ağılsızdırlar.

29Kaş ki müdrik olub bunu dərk edəydilər,

Aqibətlərini düşünəydilər.

30Əgər onların Qayası onları satmasaydı,

Rəbb onları təslim etməsəydi,

Bir adam min nəfəri necə qova bilərdi?

İki kişi on min nəfəri necə qaçıra bilərdi?

31Həqiqətən, onların qayası Qayamız kimi deyil,

Hətta düşmənlərimiz bunu qəbul edir.

32Tənəkləri Sodomdakı üzüm ağaclarındandır,

Homorra bağlarındandır.

Üzümləri zəhərlidir,

Salxımları acıdır.

33Şərabları əfi ilan zəhəridir,

Gürzələrin öldürücü ağısıdır.

34“Məgər bunların hamısını Mən yanımda saxlamamışammı?

Bunları xəzinəmdə möhürləyən Mən deyiləmmi?

35Qisas Mənimdir, əvəzini Mən verəcəyəm. Vaxtı çatarkən sürüşüb yıxılacaqlar,

Çünki onlar həlak gününə yaxındırlar,

Əcəlləri tez çatar”.

36Rəbb Öz xalqını mühakimə edəcək. Onların gücünün qurtardığını görərkən,

Nə kölədən, nə azaddan kimsə qalmayarkən

Qullarına rəhm edəcək.

37O belə deyəcək: “Hanı onların Allahı, sığınacaqları qaya?

38Qurbanlarının yağını yeyən,

Hanı içmə təqdimlərini içən allahları?

Qoy sizə kömək etmək üçün dursunlar,

Pənahgahınız olsunlar.

39İndi görün ki, Allah yalnız Mənəm.

Başqası yoxdur.

Mənəm öldürən və həyat verən,

Mənəm yaralayan və şəfa verən,

Heç kim əlimdən qurtara bilməz.

40Çünki əlimi göylərə qaldırıb belə bəyan edirəm:

‹Əbədi Varlığıma and olsun ki,

41Şimşək çaxan qılıncımı itiləyib

Hökm etmək üçün əlimə alsam,

Düşmənlərimdən qisas alacağam,

Mənə nifrət edənlərdən əvəz çıxacağam.

42Onların qanı ilə oxlarımı sərxoş edəcəyəm;

Qılıncım əti, qırılanların, əsir edənlərin qanını,

Düşmən rəhbərlərinin başını yeyəcək›”.

43Ey millətlər, Onun xalqı ilə birgə sevinin! Çünki O, qullarının qan qisasını alacaq,

Düşmənlərindən əvəz çıxacaq,

Ölkəsi və xalqı üçün kəffarə edəcək».

44Musa Nun oğlu Yeşua ilə bərabər gəlib bu ilahinin bütün sözlərini xalq qarşısında söylədi.  45Musa bütün İsraillilərə bu sözlərin hamısını söyləyib qurtaranda
 46belə dedi: «Bu gün sizə bəyan etdiyim sözlərin hamısına ürəkdən bağlanın ki, övladlarınıza bu qanunun bütün sözlərinə diqqətlə əməl etməyi əmr edəsiniz.  47Axı bu sizin üçün əhəmiyyətsiz iş deyil, həyatınızdır. Bu sözlər mülk olaraq almaq üçün İordan çayını keçərək gedəcəyiniz torpaqda sizə uzun ömür verəcək».

Musanın ölümünün əvvəldən bildirilməsi

48 Rəbb elə həmin gün Musaya belə dedi:  49«Yerixo qarşısında, Moav torpağında olan bu Avarim dağına, Nevo dağına çıx. İsrail övladlarına mülk olaraq verəcəyim Kənan torpağını gör.  50Qardaşın Harun Hor dağında ölüb əcdadlarına qoşulduğu kimi sən də çıxacağın dağda ölüb xalqına qovuşacaqsan.  51Çünki Zin səhrasında, Meriva-Qadeş sularında, İsrail övladlarının önündə Məni müqəddəs saymamaqla İsrail övladları arasında Mənə xəyanət etdiniz.  52Ona görə ölkəni uzaqdan görəcəksən, lakin İsrail övladlarına verəcəyim torpağa girməyəcəksən».

Qanunun Təkrarı 33

Musanın İsrail qəbilələrinə xeyir-duası

1Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu.  2O belə dedi: «Rəbb Sina dağından gəldi,

Bizə Seirdən zühur etdi,

Paran dağından şəfəq saçdı,

On minlərlə müqəddəs mələklər ilə gəldi.

Sağ əlində yanar alov var idi.

3Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən!

Bütün müqəddəslər Sənin əlindədir!

Onlar ayağına düşər, sözlərini dinlər.

4Musa bizə qanuna əməl etməyi tapşırdı,

Bu, Yaqubun camaatı üçün bir irsdir.

5İsrail qəbilələri,

Xalqın rəhbərləri bir yerə yığılanda

Rəbb Yeşuruna padşah oldu.

6Qoy Ruven ölməsin, yaşasın!

Xalqının sayı azalmasın!»

7Musa Yəhuda üçün belə dedi:

«Ya Rəbb, Yəhudanın səsini eşit,

Onu xalqına geri qaytar.

O özü üçün öz əlləri ilə döyüşdü,

Düşmənlərinə görə ona kömək et!»

8Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin

Sənin sadiq qulun üçündür.

Onu Massada sınaqdan keçirdin,

Onunla Meriva sularında mübahisə etdin.

9O, ata-anası üçün dedi:

“Onlara nəzər salmadım”.

Qardaşlarını tanımadı,

Övladlarını unutdu,

Ancaq Sənin sözünə riayət etdi,

Sənin əhdini hifz etdi.

10Hökmlərini Yaqub nəslinə,

Qanununu İsraillilərə öyrədəcəklər.

Onlar hüzurunda buxuru,

Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək.

11Ya Rəbb, onların malına bərəkət ver,

Əməllərindən razı qal.

Kim onlara hücum etsə,

Kim onlara nifrət etsə,

Belini qır,

Bir daha qalxmasınlar!»

12Binyamin üçün belə dedi:

«Rəbbin sevimlisi

Onun yanında əmin-amanlıqda yaşasın!

Rəbb gün boyu onu qoruyur,

O da Rəbbin qucağında qalır».

13Yusif üçün belə dedi:

«Onun torpağı Rəbdən bərəkət alsın,

Göydən gələn qiymətli şehlə,

Yer altında yatan dərin sularla,

14Günəşin yetişdirdiyi ən gözəl barlarla,

Hər ay yetişən ən gözəl bəhərlərlə,

15Qədimdən qalan dağların əla nemətləri ilə,

Əbədi təpələrin münbitliyi ilə,

16Yerin ən qiymətli məhsulu və bolluğu ilə Kol da məskən Salanın lütfü ilə

Qoy bərəkət alsın!

Yusifin başı üzərinə –

Qardaşlarından ayrı düşənin başı üzərinə

Qoy bərəkət yağsın!

17O, birinci doğulan buğa qədər heybətlidir,

Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir.

Bu buynuzlarla xalqları,

Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq.

Bax belədir Efrayimin on minləri,

Bax budur Menaşşenin minləri».

18Zevulun üçün belə dedi:

«Ey Zevulun, yola düşəndə sevin,

Ey İssakar, çadırlarında sevin!

19Onlar xalqları dağa çağıracaqlar,

Orada salehlik qurbanları kəsəcəklər.

Bol dəniz nemətləri ilə,

Qumlarda gizlənən xəzinələrlə doyacaqlar».

20Qad üçün belə dedi:

«Qadın ərazisini artırana şükür olsun!

Qad aslan tək yaşayır,

Qolu, başı qoparır.

21O özü üçün ilk torpağı seçdi.

Çünki onun üçün sərdarın payı saxlanıldı.

Xalq rəhbərləri yığılanda

Rəbbin ədalətini,

İsraillilərə gətirdiyi hökmləri icra etdi».

22Dan üçün belə dedi:

«Dan Başandan sıçrayan

Bala aslandır».

23Naftali üçün belə dedi:

«Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali,

Qərbi və cənubu mülk edəcəksən».

24Aşer üçün belə dedi:

«Oğullar arasında Aşer ən çox bərəkət alsın!

Qardaşlarının ən çox bəyəndiyi o olsun!

Ayağını zeytun yağına batırsın.

25Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun,

Qüvvətin ömrün boyu qurtarmasın!

26Ey Yeşurun, bax sənə kömək etmək üçün

Göylər və buludlara əzəməti ilə minən

Allahın bənzəri yoxdur.

27Pənahgahın əzəli əbədi Allahdır,

Səni daim qollarında gəzdirər.

Düşmənlərini qarşından qovar,

“Yox et onları!” sənə deyər.

28İsrail əmin-amanlıqda yaşayır.

Taxıl və təzə şərab torpağında

Yaqubun çeşməsi sakit qalır,

Oraya göylərdən şeh damır.

29Ey İsrail! Nə bəxtiyarsan,

Sənin kimisi varmı?

Rəbbin qurtardığı xalqsan!

Rəbb sipərdir, köməyinə çatandır,

Əzəmətli qılıncındır.

Sənə düşmənlər yaltaqlanır,

Sən onların yuxarı yerlərini tapdalayırsan».

Qanunun Təkrarı 34

Musanın ölümü

1Musa Moav düzənliyindən Nevo dağına gedib Yerixo qarşısında olan Pisqa təpəsinə çıxdı. Rəbb ona bütün ölkəni göstərdi. Dana qədər uzanan Gileadı,  2bütün Naftalini, Efrayim və Menaşşe torpaqlarını, Qərb dənizinə qədər uzanan bütün Yəhuda torpağını,  3Negevi, Xurmalar şəhəri Yerixo vadisinin Soara qədər uzanan hövzəsini göstərdi.  4 Sonra Rəbb ona dedi: «İbrahimə, İshaqa və Yaquba vəd etdiyim torpaq budur, oranı sizin övladlarınıza verəcəyəm. Mən izin verdim ki, oranı öz gözlərinlə görəsən. Lakin oraya girməyəcəksən».  5Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü.  6Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir.  7Musa öləndə yüz iyirmi yaşında idi. Gözü nurdan düşməmiş, taqəti çəkilməmişdi.  8İsrail övladları Musa üçün Moav düzənliyində otuz gün matəm və yas tutdular. Musa üçün olan ağlaşma və yas günləri qurtardı.  9Nun oğlu Yeşua hikmət ruhu ilə dolmuşdu, çünki Musa onun üzərinə əllərini qoymuşdu. İsrail övladları da ona qulaq asdılar və Rəbbin Musaya əmr etdiyi hər şeyə əməl etdilər.  10 İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı.  11Rəbb onu göndərmişdi ki, Misir torpağında firona, onun bütün əyanlarına, ölkəsinə çoxlu əlamətlər və möcüzələr göstərsin. 12Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi.