Nəğmələr Nəğməsi

GİRİŞ

«Nəğmələr Nəğməsi» poetik kitab olub məhəbbət şeirlərindən ibarətdir. Kitabın baş qəhrəmanı qızdır. Burada əsasən qız oğlanla, oğlan qızla şeirlərlə deyişir. Bu şeirlərdə insan məhəbbətinin ecazkar qüvvəsindən bəhs edilir.
Məhəbbət insana Allah tərəfindən verilmişdir. Buna görə də Müqəddəs Kitaba «Nəğmələr Nəğməsi»nin daxil olması heç də təəccüblü deyil. Bu şeirlərin şərhi məcazi məna daşıyır. Bu məhəbbət nəğmələri yəhudilər tərəfindən Allahla xalqının münasibətlərinin əyani təsviri kimi şərh edilir. Məsihçilər isə bunu İsa Məsihlə imanlılar arasında olan münasibətlərin əksi kimi şərh edirlər.
Kitabın məzmunu:
1:1–2:7 Birinci nəğmə
2:8–3:5 İkinci nəğmə
3:6–5:1 Üçüncü nəğmə
5:2–6:3 Dördüncü nəğmə
6:4–8:4 Beşinci nəğmə
8:5-14 Altıncı nəğmə

Nəğmələr Nəğməsi 1

1Bu nəğmələr nəğməsi Süleymanındır. Qız:  2Qoy dodaqların məni öpdükcə öpsün,

Çünki eşqin şərabdan da yaxşıdır.

3Vurduğun ətrin qoxusu nə gözəldir,

Adın belə, ətirqabıdan tökülən ətri xatırladır,

Ona görə qızların sevimlisi olmusan.

4Bağrına bas məni, səninlə qaçaq,

Qoy padşah məni otağına aparsın.

Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq,

Şərabdan da artıq eşqinizi anarıq.

Qız: Sənə heyran olanlar haqlıdır.

5Ey Yerusəlimdəki qızlar,

Qedar çadırları tək,

Süleymanın pərdələri tək

Qaralsam da mən,

Yenə gözələm.

6Baxmayın ki, mən qarayanızam,

Günəşdən qaralmışam,

Qardaşlarımın mənə qəzəbi tutarkən

Məni üzümlüklərinə qarovulçu qoydular.

Mən də öz üzümlüyümə baxa bilmədim.

7Ey könlümün sevgilisi, söylə mənə:

Sürünü harada otarırsan?

Günorta sürünü harada yatırırsan?

Niyə sənin dostlarının sürülərinin yanında gedən,

Üz-gözünü bürüyən bir qadına bənzəyim?

Qızın rəfiqələri:  8Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən,

Sürülərin izi ilə get,

Oğlaqlarını çoban çadırlarının yanında otar.

Oğlan:  9Ey yarım, sən

Fironun arabalarını çəkən

Gözəl madyana bənzəyirsən.

10Yanağına düşən bəzəklərlə,

Boynundakı daş-qaşdan olan boyunbağı ilə

Bax nə qədər gözəlsən.

11Sənə düymələri gümüşdən

Qızıl silsilə düzəldəcəyik.

Qız:  12Padşah süfrəsində oturarkən

Hər yanı nard çiçəyimin ətri bürüyür.

13Mənim üçün sevgilim

Döşlərimin arasında yatan mirra kisəsidir.

14Mənim üçün sevgilim

En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.

Oğlan:  15Ey yarım, nə gözəlsən, nə gözəlsən!

Göyərçin gözlüsən!

Qız:  16Ey sevgilim, nə gözəlsən,

Sən nə qədər şirinsən!

Yaşıldır yatağımız.

Oğlan:  17Evlərimizin dirəkləri sidr ağacındandır,

Tavanımızın oymaları şam ağacındandır.

Nəğmələr Nəğməsi 2

1Mən Şaron nərgiziyəm,

Dərələrdə bitən zanbağam.

Oğlan:  2Mənim yarım qızlar arasındadır,

Elə bil bir zanbaq tikanlar arasındadır.

Qız:  3Mənim sevgilim oğlanlar arasındadır,

Meşədəki ağaclar arasında alma ağacına oxşayır.

Kölgəsində oturmaqdan zövq alıram,

Meyvəsinin dadı damağımdan getmir.

4O məni ziyafət evinə apardı,

Sevgisi bayraq kimi üzərimdə dalğalanır.

5Mən eşq xəstəsiyəm,

Kişmiş verin, qüvvətlənim,

Alma verin, cana gəlim.

6Sevgilim sol əlini başımın altına salır,

Sağ əli ilə məni qucağına alır.

7Ey Yerusəlimdəki qızlar, sizi and verirəm

Dişi ceyranlara, çöldəki marallara!

Bizi bu sevgidən oyatmayın, ayıltmayın,

Qoy könül istəyənəcən qalsın.

8Bu, sevgilimin hənirtisidir!

O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.

9Sevgilim ahuya, maral balasına oxşayır,

Budur, hasarımızın o tayında dayanır,

Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.

10Mənə belə dedi sevgilim:

«Dur gəl, yarım, gözəlim.

11Budur, artıq qış keçib,

Yağıntılar kəsilib.

12Hər yanda güllər bitib,

Nəğmə oxumağın zamanı yetib,

Qumrunun səsi torpağı bürüyüb.

13Əncir yaşıl bar gətirib,

Üzüm çiçəklənib ətrini saçır.

Dur gəl, yarım, gözəlim!»

Oğlan:  14Ey gözəl göyərçinim,

Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən.

Qoy üzünü görüm, səsini eşidim,

Çünki şirin səsli, gözəl surətlisən.

15Tülküləri, kiçik tülküləri tutun,

Üzümlükləri korlamağa qoymayın,

Çünki bağlarımız çiçəklənib.

Qız:  16Sevgilim mənimdir, mən də onunam,

O, sürüsünü zanbaqlıq içərisində otarır.

17Gün sərinləşənəcən, kölgələr düşənəcən,

Ey sevgilim, geri qayıt,

Şişuclu dağların qoynunda olan

Ahuya, maral balasına bənzərsən.

Nəğmələr Nəğməsi 3

1Yatağımda bütün gecə

Könlümün sevgilisini axtardım,

Axtardım, amma tapa bilmədim.

2Dedim: «Qoy könlümün sevgilisini axtarım,

Durub şəhəri dolaşım,

Küçələrdə, meydanlarda axtarım».

Axtardım, amma tapa bilmədim.

3Şəhər asayişini qoruyanlar məni tapdı,

Onlardan soruşdum: «Könlümün sevgilisini görməmisiniz ki?»

4Onlardan ayrılanda könlümün sevgilisini tapdım,

Tutub onu buraxmadım.

Onu anamın evinə –

Məni doğan qadının otağına apardım.

5Ey Yerusəlimdəki qızlar, sizi and verirəm

Dişi ceyranlara, çöldəki marallara!

Bizi bu sevgidən oyatmayın, ayıltmayın,

Qoy könül istəyənəcən qalsın.

6Səhradan keçən,

Tüstü sütunları kimi gələn,

Tacirlərin ətirli bitkiləri içərisində

Mirra və kündür ətri verən kimdir?

7Budur Süleymanın taxt-rəvanı!

Ətrafını İsrail igidlərindən altmışı bürüyüb.

8Onların hamısı qılınc daşıyır,

Mahir döyüşçüdür,

Hər biri qılıncını belinə bağlayıb,

Təhlükəli gecələr üçün hazırlanıb.

9Taxt-rəvanını padşah Süleyman

Livanın ağaclarından düzəltdirib.

10Sütunları gümüşdən, söykənəcəyi qızıldan,

Oturacağı tünd qırmızı qumaşdan düzəltdirib,

Yerusəlim qızları bu qumaşa zövqlə naxış vurub.

11Ey Sion qızları, çıxın,

Padşah Süleymana baxın!

O, toy günündə, ürəkdən sevindiyi gündə

Başına anasının verdiyi tacı qoyub!

Nəğmələr Nəğməsi 4

1Ey yarım, nə gözəlsən, nə gözəlsən,

Yaşmaq altda gözlərin göyərçinə oxşayır,

Saçların Gilead dağının yamaclarından

Tökülən keçi sürüsü tək qapqaradır.

2Dişlərin qırxılmış, yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb,

Bu qoyunların hamısının əkiz balası var,

Aralarında balasız olanı yoxdur.

3Dodaqların qırmızı qaytan kimi aldır,

Dilin nə qədər şirindir,

Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.

4Boynun sursat üçün tikilmiş Davud qülləsi kimi vüqarlıdır,

Sanki buradan pəhləvan qalxanı olan min sipər asılmışdır.

5Döşlərin cüt ceyran balası kimi qoşadır,

Zanbaqlıqda otlayan əkiz maral balasına oxşayır.

6Gün sərinləşənəcən, kölgələr düşənəcən,

Mirra dağına, kündür təpəsinə gedəcəyəm.

7Təpədən dırnağa qədər gözəlsən,

Yarım, tamamilə eyibsizsən.

8Ay gəlin, Livan bölgəsindən mənimlə gəl,

Gəl, Livandan mənimlə gəl.

Amana təpəsindən, Senir, Xermon təpələrindən, dağlardan,

Aslanlar yurdundan, dağlardan, bəbirlər məskənindən en.

9Ay həmdəmim, ay gəlin!

Bir baxışınla qəlbimi aldın.

Ləl-cəvahiratı boynuna saldın,

Gözəlliyinlə qəlbimi aldın.

10Ay həmdəmim, ay gəlin!

Sevgin necə gözəldir,

Eşqin şərabdan da ləzzətlidir,

Sənin ətrin ətirlərin ən gözəlidir.

11Ay gəlin, dodaqlarından şanı balı axır,

Bal və süd sənin dilinin altındadır.

Paltarlarından Livanın ətri gəlir.

12Ay həmdəmim, ay gəlin!

Bir qapısı bağlı bağçasan,

Örtülü bir bulaq, möhürlənmiş bulaqsan.

13Sənin fidanların nar bağçasına oxşayır,

Elə bil cənnətdir, orada seçmə meyvələr,

Xına və nard çiçəkləri var.

14Nard çiçəyi və zəfəran,

Ətirli qamışla darçınlar,

Hər cür buxur ağacı,

Mirralar və əzvaylar,

Hər cür seçmə ətriyyat var.

15Sən bağçaların bulağısan,

Canlı su qaynağısan,

Livanın axar suyusan.

Qız:  16Oyan, ey şimal küləyi,

Dur gəl, ey cənub küləyi,

Gəlin mənim bağçamda əsin,

Qoy o, ətrini hər yana versin.

Sevgilim öz bağçasına gəlsin,

Seçmə meyvələrdən yesin.

Nəğmələr Nəğməsi 5

1Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm,

Ətriyyatlarımla mirramı yığmışam.

Şanı balını – öz balımı yemişəm,

Şərabımı və südümü içmişəm.

Qızın rəfiqələri: Ay dostlar, yeyin,

Ay sevgililər, için, doyunca için!

Qız:  2Yatsam da, qəlbim oyaq idi.

Qapını döyən sevgilimin səsi gəldi:

«Qapını aç, ay həmdəmim, ay yarım!

Ay göyərçinim, ay eyibsizim!

İslandı başım şehdən,

Saçım gecənin nəmindən».

3Soyunmuşam paltarımı,

Geyinimmi təzədən?

Yumuşam ayaqlarımı,

Bulaşdırımmı yenidən?

4Sevgilim əlini qapının deşiyindən uzatdı,

Onun üçün mənim köksüm oynadı.

5Mən sevgilim üçün qapı açmağa qalxdım,

Əllərimə mirra damdı,

Barmaqlarımdan süzüldü,

Cəftə üstə töküldü.

6Mən sevgilimə qapı açanda

Sevgilim çıxıb getmişdi.

O məni çağıranda huşumu itirmişdim.

Mən onu axtardım, tapa bilmədim,

Mən onu çağırdım, lakin cavab gəlmədi.

7Şəhər asayişini qoruyanlar məni tapdılar,

Döyüb bədənimi yaraladılar,

Hasar keşikçiləri örpəyimi açdılar.

8Ey Yerusəlimdəki qızlar, mən sizə and verirəm,

Tapsanız sevgilimi, deyin ona: «Mən eşq xəstəsiyəm».

Qızın rəfiqələri:  9Ey gözəllər gözəli,

Sevgilinin digərlərindən fərqi nədir?

Onu fərqləndirən nədir?

Axı niyə bizə belə and verirsən?

Qız:  10Sevgilim nur saçır, əlvan rənglidir,

O, on minlərin arasından seçilir.

11Başı sanki saf qızıldır,

Qıvrım saçı qara qarğa tək qaradır.

12Gözləri axar sular kənarındakı göyərçinlərə oxşayır,

Süd içində yuyunmuşlar,

Öz yuvasında cəvahir tək görünərlər.

13Yanaqları ətirli gülüstana oxşayır,

Hər yana ətir saçır,

Dodaqları zanbaqlara bənzəyir,

Ondan mirra tökülür.

14Əlləri sanki sarı yaqutla bəzənən qızıl budaqdır,

Qaməti sanki yaqutlarla naxışlanan fil dişidir.

15Qıçları saf qızıl ayaqlıqlar üstündə dayanan

Mərmər sütunlara oxşar.

Görkəmi Livanın dağları kimidir,

Nadir sidr ağacları kimidir.

16Şirindillidir,

Təpədən dırnağadək gözəldir.

Ey Yerusəlimdəki qızlar, mənim sevgilim budur,

Mənim yarım budur.

Nəğmələr Nəğməsi 6

1Ey gözəllər gözəli, sevgilin hara gedib?

O hansı yana dönüb?

Səninlə birgə onu axtarmağa gedək.

Qız:  2Sevgilim öz bağçasına –

Ətirli gülüstana gedib,

Bağçalarda sürüsünü otarmağa,

Zanbaq gülü toplamağa gedib.

3Mən sevgilimin, sevgilim də mənimdir,

O, sürüsünü zanbaqlıq içərisində otarır.

Oğlan:  4Ey yarım, sən

Tirsa şəhəri qədər gözəlsən,

Yerusəlim kimi sevimlisən,

Müzəffər ordu kimi möhtəşəmsən.

5Gözlərini məndən ayır,

Onlar məni mat qoyur.

Saçların Gilead dağının yamaclarından

Tökülən keçi sürüsü tək qapqaradır.

6Dişlərin yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb,

Bu qoyunların hamısının əkiz balası var,

Aralarında balasız olanı yoxdur.

7Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.  8Altmış mələkə var,

Cariyələr səksənə çatır,

Kənizlər isə saysızdır.

9Göyərçinimin, eyibsizimin tayı yoxdur,

Anasının yeganə qızıdır,

Onu doğanın canı-gözüdür.

Qızlar onu görərkən

Söyləyirlər: «Bəxtəvərsən!»

Mələkələr və cariyələr də onu mədh edir.

Qızın rəfiqələri:  10Şəfəq saçan,

Ay tək gözəl, gün tək parlayan,

Müzəffər ordu kimi möhtəşəm olan kimdir?

Qız:  11Mən qoz bağına endim,

Yaşıllaşan vadini görmək istədim.

Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi?

Bunu seyr edim.

12Heç özüm də bilmədən ruhum məni apardı,

Şanlı xalqımın döyüş arabalarının üstünə qaldırdı.

Qızın rəfiqələri:  13Qayıt, ey Şulam qızı, qayıt,

Qayıt, səni görək, qayıt.

Oğlan: Maxanayim oyununa tamaşa etdiyiniz kimi

Niyə Şulam qızına baxmaq istəyirsiniz?

Nəğmələr Nəğməsi 7

1Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir,

Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir.

2Göbəyin cürbəcür şərabların tükənmədiyi

Dəyirmi piyaləyə bənzəyir.

Belin zanbaqlara bürünən

Bir dəstə sünbülə bənzəyir,

3Döşlərin cüt ceyran balası kimi,

Əkiz maral balası kimi qoşadır.

4Boynun fil dişi qülləsi kimi gözəldir.

Gözlərin Bat-Rabbim darvazası yanındakı

Xeşbon hovuzuna bənzəyir.

Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.

5Başın Karmel dağı kimi dik durur,

Başındakı tellər tünd qırmızı rəngə çalır,

Padşah zülfünün əsiri olur.

6Nə qəşəngsən, nə şirinsən,

Ey məlahətli sevgilim.

7Qamətin xurma ağacına,

Döşlərin salxımlara bənzəyir.

8Dedim: «Qoy xurma ağacına çıxım,

Meyvəli budaqlarından yapışım».

Döşlərindən üzüm salxımları kimi dadım,

Nəfəsindən alma ətrini duyum.

9Dodaqların gözəl şərab dadı verir.

Qız: Bu şərab birbaşa sevgilim üçün tökülsün,

Biz yatanların dodaqlarına süzülsün.

10Mən sevgiliminkiyəm,

Onun meyl etdiyi mənəm.

11Sevgilim, gəl çölə gedək,

Kəndlərdə gecələyək.

12Səhər tezdən üzüm bağlarına gedək,

Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi?

Narlar çiçəklənibmi? Bunu seyr edək.

Qoy orada sevgimi sənə verim.

13Ey sevgilim, məhəbbət otları ətir saçır,

Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var,

Sənin üçün saxlanılıb.

Nəğmələr Nəğməsi 8

1Kaş ki mənə ananın döşlərindən süd əmən

Bir qardaş kimi olaydın,

Küçədə səninlə rastlaşarkən səni öpərdim,

Heç kim məni qınamazdı.

2Qarşına düşəydim, mənə öyüd verən

Anamın evinə aparaydım.

Şirin şərabdan, narımın şirəsindən

Sənə içirəydim.

3Sevgilim sol əlini başımın altına salır,

Sağ əli ilə məni qucağına alır.

4Ey Yerusəlimdəki qızlar, sizi and verirəm

Dişi ceyranlara, çöldəki marallara!

Bizi bu sevgidən oyatmayın, ayıltmayın,

Qoy könül istəyənəcən qalsın.

Qızın rəfiqələri:  5Sevgilisinə söykənib çöldən gələn

Bu gözəl kimdir?

Qız: Alma ağacı altda səni oyatdım.

Sən orada ananın bətninə düşmüsən,

Orada anan ağrı çəkib, səni doğub.

6Məni qəlbinin başında, qolunun üstündə

Bir möhür kimi saxla.

Çünki sevgi ölüm qədər qüvvətlidir,

Qısqanclıq ölülər diyarı kimi möhkəmdir,

Onun odu alovlanır,

O, atəşdir, tamamilə yandırıb-yaxır.

7Sevgini ümman sular söndürə bilməz,

Onu çağlayan çaylar batıra bilməz.

Bir insan sevgisi uğrunda var-yoxunu versə belə,

Hamı ona xor baxar.

Qızın rəfiqələri:  8Bir kiçik bacımız var,

Hələ döşləri çıxmayıb.

Bacımıza elçi gələn gün

Onun üçün nə edək?

9Əgər o, bir hasar olsaydı,

Biz üstünə gümüşdən bürc vurardıq.

Əgər o, bir qapı olsaydı,

Onu sidrdən xonça bağlayıb dövrəyə alardıq.

Qız:  10Mən bir hasaram,

Döşlərim qüllələrə oxşar,

Ona görə yarımın gözləri məndən razı qalar.

11Süleymanın Baal-Hamonda bir üzüm bağı var idi,

O bu bağı kirayəyə verirdi.

Məhsula görə hər kirayə alan

Ona min parça gümüş gətirməli idi.

12Mənim də bağım var, onun sahibiyəm,

Ey Süleyman, min parça gümüş sənin olsun,

İki yüz gümüş kirayə alanlara qalsın.

Oğlan:  13Sən, ey bağçalarda məskən salan gözəl,

Dostlar səni dinləyir,

Mənə də səsini eşitdir.

Qız:  14Ey sevgilim, qaç,

Ətir saçan dağların üstündə,

Bir ahu, bir maral balası kimi ol.