Vaiz

GİRİŞ

«Vaiz» Kitabı insan həyatının qısa və təzadlı olmasından, onun müəmmalı haqsızlığından, insan ümidlərinin puça çıxmasından və «həyat puçdur» deyib bu nəticəyə gələn adamın fikirlərindən danışır. O, insan həyatını nizamlayan Allahın yollarını başa düşə bilmir. Buna baxmayaraq, adamlara səylə işləməyi və Allahın bəxş etdiyi nemətlərdən zövq almağı tövsiyə edir.
Vaizin çox fikirləri mənfi və sıxıntılı görünür. Lakin bu kitabın Müqəddəs Kitaba daxil olması göstərir ki, Allaha inam belə bədbinliyi və ruh düşkünlüyünü aradan qaldıra bilər.
Çox adam «Vaiz» Kitabını oxuyarkən öz fikir və düşüncələrini sanki güzgüdə görür və bu kitabdan təsəlli tapır. Belə fikirlər əks etdirən adam Allaha daha çox ümid etməyi öyrənir və beləliklə, həyatın əsl mənasını aşkar edir.
Kitabın məzmunu:
1:1-18 Hər şey puçdur
2:1-26 Şadlığın puçluğu
3:1-22 Hər şeyin öz vaxtı var
4:1-16 Dünyanın əziyyətləri
5:1–6:20 Allaha münasibət
7:1–8:17 Hikmət haqqında
9:1–10:20 Hər kəsin taleyi eynidir
11:1–11:6 Zəhmətin qiyməti
11:7–12:8 Son məsləhət: Allahı yada sal
12:9-14 Son söz

Vaiz 1

Hər şey puçdur

1Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.  2Vaiz deyir:

«Hər şey puçdur, puçdur, tamam puçdur!

3İnsanın səma altında çəkdiyi

Bütün zəhmətlərinin nə faydası var?

4Bir nəsil gedir, o biri nəsil gəlir,

Amma dünya daim qalır.

5Günəş çıxır, günəş batır,

Sonra tələsik yerinə dönür ki,

Təzədən çıxsın.

6Külək cənub səmtinə əsir,

Sonra şimal səmtinə dönür.

Dönə-dönə gedir,

Öz yolunu təkrar edir.

7Bütün çaylar dənizə axır,

Amma dəniz heç vaxt dolmur.

Axdıqları yerə qayıdırlar ki,

Təzədən axsınlar.

8Hər şey çətin başa gəlir.

Sözlər kifayət etmir,

Göz görməkdən doymur,

Qulaq da eşitməkdən.

9Nə olubsa, yenə olacaq,

Nə edilibsə, yenə ediləcək.

Ona görə də səma altında tamam təzə bir şey yoxdur.

10Məgər bir şey var ki,

Onun haqqında deyilsin:

“Bax bu təzə bir şeydir?”

O da çoxdan var imiş –

Bizim dövrümüzdən əvvəl.

11Əvvəlki şeylərdən heç nə xatırlanmır,

Gələcəkdə baş verən şeylərdən də

Bundan sonra gələnlər arasında

Heç nə xatırlanmayacaq.

Hikmətin puçluğu

12Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim.  13Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.  14Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.  15Əyri olan düz ola bilməz,

Əskik olan sayıla bilməz.

16 Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”.  17Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.  18Çünki hikmət çox olduqca

Kədər də çoxalır.

Bilik artdıqca

Dərd də artır.

Vaiz 2

Şadlığın puçluğu

1Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur.  2Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.  3Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.  4 Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım,  5özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim.  6Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın.  7 Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi.  8 Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.  9 Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.  10Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim,

Ürəyimi heç bir həzzdən məhrum etmədim,

Könlüm etdiyim hər işdən zövq aldı.

Bu çəkdiyim bütün zəhmətlərin payı idi.

11Mən etdiyim bütün işlərə,

Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım:

Gördüm ki, hər şey puçdur,

Külək dalınca qaçmağa bənzər.

Səma altında bunların faydası yoxdur.

Hikmət və ağılsızlıq puçdur

12Sonra mən hikmət, dəlilik və ağılsızlığın

Nə olduğuna dönüb baxdım.

Bundan sonra padşah olan adam

İndiyə qədər görülən işlərdən başqa

Nə edə bilər ki?

13Mən gördüm ki,

Necə işıq qaranlıqdan üstündürsə,

Hikmət də ağılsızlıqdan eləcə üstündür.

14Hikmətli adamın gözləri yerindədir,

Ağılsız adam isə qaranlıqda gəzir.

Lakin mən yenə bilirəm ki,

İkisinin də aqibəti eyni cür olur.

15Mən ürəyimdə dedim:

“Mənim də aqibətim ağılsız adamın

Aqibəti kimi olacaq.

Onda hikmətli olmağımın

Nə faydası var?”

Ona görə də ürəyimdə dedim:

“Bu da puçdur”.

16Çünki müdrik adam da

Ağılsız adam kimi

Bir daha xatırlanmayacaq,

Gələcək dövrdə hamısı unudulacaq.

Heyf ki hikmətli adam da

Ağılsız adam kimi ölür!

17Beləcə həyata nifrət etdim,

Çünki səma altında edilən işlər

Mənim üçün dərddir.

Hər şey puçdur,

Külək dalınca qaçmağa bənzər.

Zəhmətin puçluğu

18Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm.  19Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur.  20Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm.  21Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir.  22İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var?  23 Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.  24 İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır.  25Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər?  26 Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Vaiz 3

Hər şeyin öz vaxtı var

1Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:

2Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı.

Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.

3Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı.

Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.

4Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı.

Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.

5Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı.

Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.

6Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı.

Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.

7Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı.

Susmağın öz vaxtı, danışmağın öz vaxtı.

8Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı.

Müharibənin öz vaxtı, sülhün öz vaxtı.

9İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var?  10Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib.  11Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz.  12Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur.  13Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.  14Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.  15İndi nə olursa, keçmişdə də olub,

Nə olacaqsa, lap qədimdən də var idi.

Allah olub-keçənləri araşdırır.

16Səma altında bir şey də gördüm:

Ədalətin yerində pislik var,

Salehliyin də yerində pislik.

17Mən ürəyimdə dedim:

“Allah həm salehi,

Həm də pis adamı mühakimə edəcək.

Çünki O hər iş, hər əməl üçün

Bir vaxt qoyub”.

18İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”.  19Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur.  20Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır.  21Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?  22Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?

Vaiz 4

Dünyanın əziyyətləri

1Mən yenə səma altında edilən

Bütün zülmləri gördüm:

Məzlumların göz yaşlarını gördüm,

Onlara təsəlli verən yox idi,

Qüdrət zalımların əlində idi,

Məzlumlara təsəlli verən yox idi.

2Çoxdan ölüb getmiş adamları

Hələ diri qalanlardan daha xoşbəxt saydım.

3Bunlardan da xoşbəxt o adamdır ki,

Hələ dünyaya gəlməyib,

Səma altında edilən pisliyi görməyib.

4Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.  5Ağılsız adam əlini qoynuna qoyur,

Öz canını üzür.

6Bir ovuc dolusunun gətirdiyi rahatlıq

İki ovuc dolusunun gətirdiyi

Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.

7Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:  8Tənha bir adam var idi,

Onun nə oğlu, nə də qardaşı var idi.

Zəhmət çəkməkdən yorulmazdı,

Lakin yenə də gözləri mal-dövlətdən doymurdu.

Özündən soruşmurdu ki,

Kimin üçün bu qədər zəhmət çəkirəm,

Kimin üçün özümü zövq almaqdan məhrum edirəm?

Bu da puçdur, böyük bir dərddir.

9İki adam bir adamdan yaxşıdır,

Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.

10Əgər biri yıxılsa,

O biri yoldaşını qaldırar.

Lakin vay o adamın halına ki,

Yıxılanda onu qaldıran olmur!

11Həmçinin iki nəfər bir yerdə yatarsa,

Bir-birini isidər.

Amma tək yatan necə isinə bilər?

12Əgər bir nəfər tək qalıb məğlub olarsa,

İki nəfər hücuma tab gətirə bilər.

Üçqat ip tez qırılmaz.

13Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır.  14Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər.  15Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir.  16Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

Vaiz 5

Allaha münasibət

1Allahın evinə getdiyin zaman hərəkətlərinə diqqət et. Qulaq asmaq üçün oraya girmək yaxşı və pisin nə olduğunu bilməyən səfeh adamların qurban təqdim etməsindən yaxşıdır.  2Dilin tələsməsin,

Allahın hüzurunda söz deməyə

Ürəyin tələsməsin.

Çünki Allah göydədir, sən yerdə.

Buna görə də az danış.

3Necə ki iş çox olanda adam yuxu görər,

Söz də çox olanda səfeh danışığa çevrilər.

4 Allaha əhd edəndə onu yerinə yetirməkdə yubanma, çünki ağılsızlar Onun xoşuna gəlməz. Öz əhdini yerinə yetir.  5Əhd etməmək əhd edib onu yerinə yetirməməkdən yaxşıdır.  6Qoyma sözlərin səni günaha batırsın. Allahın elçisinə demə ki, bu, kiçik səhv idi. Nə üçün Allah sənin sözünə qəzəblənsin və əlinin zəhmətini yox etsin?  7Çünki çox yuxu görəndə də, çox söz danışanda da puç şeylər çox olar. Sən ancaq Allahdan qorx.

Var-dövlətin puçluğu

8Əgər bir vilayətdə yoxsullara zülm edildiyini, ədalət və salehliyin ayaq altında tapdalandığını görürsənsə, gördüyünə təəccüb etmə. Çünki hər vəzifə başında olana özündən yuxarıda bir nəzarətçi qoyulub və onların başında da özlərindən yuxarıda olanlar var.  9Ancaq hamıdan yuxarıda olan padşah ədalətli olsa, hər kəs öz tarlasının bəhrəsindən xeyir götürər.  10Pul sevən puldan doymaz,

Var-dövlət sevən də qazancdan.

Bu da puçdur.

11Var-dövlət çoxaldıqca

Onu yeyənlər də çoxalır.

Gözləri ilə görməkdən savayı

Sahibinə ondan nə fayda var?

12Fəhlə az da yesə, çox da yesə,

Yuxusu şirindir.

Amma varlı adamın dövləti qoymaz ki,

O, rahat yatsın.

13Səma altında gördüyüm

Başqa böyük dərd də var:

Yığdığı sərvət sahibinə zərər gətirir,

14Bu sərvəti bədbəxt hadisələr yox edir,

Sərvət sahibinin oğlu doğulanda

Ona verməyə bir şeyi qalmır.

15Necə ki o, anasının bətnindən çılpaq doğulub, Eləcə də bu dünyadan gedir.

Zəhmətinin bəhrəsindən

Heç nəyi əlinə götürüb

Özü ilə apara bilmir.

16Bu da böyük bir dərddir:

İnsan dünyaya necə gəlirsə,

Elə də gedir.

Boş yerə çəkdiyi zəhmətin

Ona nə faydası var?

17Ömrü boyu öz çörəyini

Qaranlıq, böyük sıxıntı, xəstəlik və

Qəzəb içində yeyir.

18İnsan üçün mənim gördüyüm yaxşı və gözəl olan budur ki, o yeyib-içsin və Allahın ona verdiyi bir neçə günlük ömründə səma altında çəkdiyi bütün zəhmətlərindən zövq alsın, çünki ona düşən bəxşiş budur.  19Həmçinin Allah hər kəsə var-dövlət bəxş edərək qüvvət verib ki, ondan yesin, payını götürsün və zəhmətindən zövq alsın. Bu, Allahın hədiyyəsidir.  20Çünki Allah insanın başını şənliklə qatdığı üçün insan ömrünün günlərini dərindən düşünmür.

Vaiz 6

1Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb:  2adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir.  3Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır.  4Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir.  5Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur.  6Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?  7İnsan bütün zəhməti

Qarnı üçün çəkir,

Amma yenə də iştahası bitib-tükənmir.

8Hikmətli adamın ağılsızdan

Nə üstünlüyü var?

Yoxsul başqa insanlarla

Necə rəftar etməyi bilsə də,

Bunun ona nə faydası var?

9Gözün görməsi ürəyin istəməsindən yaxşıdır.

Bu da puçdur, külək dalınca qaçmağa bənzər.

10Nə varsa, adı çoxdan qoyulmuşdur,

İnsanın da nə olduğu bilinir.

Heç kəs özündən güclü ilə güləşə bilməz.

11Sözün çoxluğu puçluğu çoxaldır.

Bunun insana nə faydası var?

12Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?

Vaiz 7

Hikmət haqqında


1Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır.

2Yas evinə getmək

Ziyafət evinə getməkdən yaxşıdır,

Çünki hər kəsin axırı ölümdür.

Gərək yaşayan hər adam

Bunu yadında saxlasın.

3Qüssə gülməkdən yaxşıdır,

Çünki üzün qəmgin olması

İnsan üçün daha yaxşıdır.

4Hikmətli adamın ürəyi yas evindədir,

Amma ağılsızın ürəyi şadlıq evində.

5Hikmətli adamın məzəmmətini eşitmək

Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır.

6Çünki ağılsız adamın gülməyi

Qazan altında yanan tikanlı kolun səsi kimidir.

Bu da puçdur.

7Haram gəlir hikmətli adamı ağılsıza çevirir,

Rüşvət isə ürəyi bərbad edir.

8Bir şeyin axırı əvvəlindən yaxşıdır,

Səbirli adam qürurludan yaxşıdır.

9Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların

Ürəyində yuva salar.

10“Niyə keçən günlər bu gündən yaxşı idi?” demə,

Çünki verdiyin sual hikmətli sual deyil.

11Hikmət miras mal qədər yaxşıdır,

Dünyada yaşayan hər kəs üçün faydalıdır.

12Çünki pul necə insanın sipəridirsə,

Hikmət də eləcə insanın sipəridir.

Amma biliyin faydası bundan ibarətdir:

Hikmət ona sahib olana həyat verər.

13Allahın işinə diqqət et:

Onun əydiyini kim düzəldə bilər?

14Yaxşı gündə şad-xürrəm ol,

Pis gündə isə bunu anla:

Hər cür günü Allah təyin edib ki,

İnsan özündən sonra nə olacağını bilməsin.

15Puç ömrümdə bunları gördüm:

Saleh adam salehliyinə baxmayaraq, ölür,

Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır.

16Həddən artıq saleh olma,

Həddən artıq müdrik olma.

Nə üçün özünü üzəsən?

17Həddən artıq pis olma,

Həddən artıq ağılsız olma.

Nə üçün əcəlin çatmamış öləsən?

18Bir şeydən yapışmağın yaxşıdır,

Amma o birindən də əlini çəkmə.

Çünki Allahdan qorxan adam

Hər ikisini tarazlayar.

19Hikmət ağıllı adama

Şəhərdə olan on hakimin hökmündən

Daha çox güc verər.

20Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki,

Yalnız yaxşılıq edib heç bir günah etməsin.

21Adamların dediyi hər sözə məhəl qoyma,

Onda nökərinin səni söydüyünü eşitməzsən.

22Çünki sənin ürəyin də yaxşı bilir ki,

Sən də başqa adamları çox söymüsən.

23Bu deyilənlərin hamısını hikmətlə sınadım.

“Hikmətli olacağam” söylədim.

Amma buna qadir olmadım.

24Hikmət deyilən şey

Çox uzaqda, çox dərindədir.

Onu kim tapa bilər?

25Mən ürəyimdə niyyət etdim ki,

Hikməti və hər şeyin əsasını bilim,

Axtarıb araşdırım,

Bilim ki, pislik ağılsızlıqdır,

Ağılsızlıq isə dəlilikdir.

26Tələ quran qadını

Ölümdən acı gördüm.

Onun ürəyi tora,

Əlləri zəncirə bənzər.

Allahın razı qaldığı adam ondan qaçar,

Ancaq günahkar adam ona əsir olar».

27Vaiz deyir:

«Bax bunu öyrəndim:

Hər şeyin əsasını tapmaq üçün

Bir-bir araşdıran zaman

28Ürəyim hey axtarır, ancaq tapa bilmir.

Min kişinin içində bir yaxşısını tapdım,

Amma bu qədər qadının içində bir yaxşısını tapmadım.

29Ancaq bunu öyrəndim ki,

Allah insanları kamil yaratdı,

Onlar isə qarışıq fikirlərə düşdü.

Vaiz 8

1Kim hikmətli adama tay ola bilər?

Şeylərin mənasını kim bilər?

Hikmət insanın üzünü nurlandırar,

Tutqun simasını dəyişdirər.

Padşaha itaət

2Mən deyirəm: padşahın hökmünə qulaq as, çünki Allaha and içmisən.  3Padşahın hüzurundan çıxmağa tələsmə, onun xoşuna gəlməyən işində inad etmə, çünki o istədiyi hər şeyi edə bilər.  4Padşahın sözündə səlahiyyət var.

Kim ona “Nə edirsən?” deyə bilər?

5Onun hökmünü yerinə yetirən

Heç bir bəlaya düşməz.

Hikmətli adamın ürəyi

Bunun vaxtını da, qaydasını da bilir.

6Axı hər şeyin həm öz vaxtı,

Həm də öz qaydası var.

Hərçənd ki insanın daşıdığı dərd çox ağırdır.

7Çünki kim bilir ki, nə olacaq?

Bəs kim ona deyə bilər ki, necə olacaq?

8Küləyi tutub saxlamağa heç kəsin gücü çatmadığı kimi

Ölüm gününü saxlamağa da heç kəsin gücü çatmaz.

Döyüşçü meydanı tərk etmədiyi kimi

Pislik də pis adamı tərk etməz.

9Bunların hamısını gördüm və səma altında görülən hər işə diqqət etdim: bir adamın başqa adama ağalıq etməsi başına bəla olur.  10Sonra mən pis adamların axırını da gördüm. Bu adamlar müqəddəs yerə gəlib-gedər, buna görə də pislik etdikləri şəhərdə təriflənərdi. Bu da puçdur.  11Pis işin cəzası tez verilmədiyinə görə insanların ürəyi də pislik etməyə cəsarət tapır.  12Günahkar adam yüz dəfə pislik edib uzun müddət yaşasa da, Allahdan qorxanların, Onun hüzurunda ehtiramla duranların yaxşılıq görəcəyini bilirəm.  13Ancaq pis adam yaxşılıq görməyəcək və onun kölgəyə bənzər günləri uzadılmayacaq, çünki Allahın hüzurunda ehtiramla durmur.  14Yer üzündə baş verən başqa puç şey də var: saleh adamlara layiq olan şeylər pis adamlara qismət olur, pis adamlara layiq olan şeylər saleh adamlara qismət olur. Dedim ki, bu da puçdur.  15Beləcə mən kef çəkməyi üstün saydım, çünki səma altında insan üçün yeyib-içməkdən və kef çəkməkdən yaxşı şey yoxdur. Çünki səma altında Allahın insana ömrü boyu çəkdirdiyi zəhmətdən ona ancaq bu qalır.  16O zaman ürəyimdə niyyət etdim ki, hikmət öyrənim və yer üzündə insanların gecə-gündüz gözlərinə yuxu getməyərək gördükləri işlərə nəzər salım.  17Onda Allahın bütün işlərini gördüm. Bildim ki, kimsə səma altında edilən işləri anlaya bilməz, nə qədər səy göstərsə də, yenə də bunu anlaya bilməz. Bir hikmətli adam bunu bildiyini iddia etsə də, yenə dərk edə bilməz.

Vaiz 9

Hər kəsin taleyi eynidir

1Beləcə bunların hamısını ürəyimdə araşdırıb bu nəticəyə gəldim: salehlər, hikmətlilər və onların etdikləri işlər Allahın əlindədir. İstər sevgi olsun, istər nifrət, insan qabağına nə çıxacağını bilmir.  2Hər kəsin aqibəti eyni cür olur: salehlərin və pislərin, yaxşıların və yamanların, təmizlərin və murdarların, qurban təqdim edənlərin və qurban təqdim etməyənlərin. Yaxşı adama nə olursa, günahkarlara da elə olur. And içənə nə olursa, and içməkdən qorxana da elə olur.  3Səma altında edilən işlərin hamısının pis cəhəti bundadır ki, hər kəsin aqibəti eyni cür olur. Doğrudan da, insanların ürəyi pisliklə doludur. Nə qədər ki yaşayırlar, ürəklərində dəlilik var. Sonra isə ölüb gedirlər.  4İnsan nə qədər ki yaşayır, onun üçün ümid var, ona görə ki diri it ölü şirdən yaxşıdır.  5Çünki dirilər öləcəklərini bilir,

Ancaq ölülər heç nə bilmir.

Onlara daha heç vaxt əvəz verilməyəcək,

Çünki onların xatirəsi də unudulub.

6Ölülərin sevgisi, nifrəti,

Paxıllığı artıq məhv olub.

Səma altında görülən işlərdə

Daha payları olmayacaq.

7Get çörəyini şadlıqla ye,

Şərabını şən ürəklə iç.

Çünki artıq Allah

Etdiyin işlərdən razıdır.

8Qoy paltarın həmişə ağ olsun,

Başından ətirli yağ əskik olmasın.

9Səma altında Allahın sənə verdiyi puç ömrünün bütün günlərini – həyatının hamısını sevdiyin qadınla xoş həyat keçir. Çünki həyatından və səma altında çəkdiyin zəhmətdən sənə qalan pay budur.  10Çalışmaq üçün nə bacarırsan, var gücünlə et. Çünki gedəcəyin ölülər diyarında nə iş, nə fikir, nə bilik, nə də hikmət var.  11Səma altında daha bir şey də gördüm:

Yarışı həmişə bərk qaçanlar udmur,

Müharibədə həmişə igidlər qalib gəlmir.

Çörək həmişə müdriklərə,

Var-dövlət həmişə ağıllılara nəsib olmur,

Hörmət alimlərə göstərilmir.

Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır.

12Həmçinin insan öz vaxtını bilmir.

Balıqlar amansız bir tora,

Quşlar tələyə düşdüyü kimi

İnsanlar da pis bir zəmanəyə düçar olur,

Onda pis zəmanə qəfildən başlarının üstünü alır.

Hikmətin ağılsızlıqdan üstünlüyü

13Səma altında mənə çox təsir edən bu hikməti də gördüm:  14içində az adam yaşayan kiçik bir şəhər var idi. Güclü bir padşah oraya hücum edib onu dövrəyə aldı, ətrafında böyük mühasirə işləri gördü.  15Orada yoxsul, ancaq hikmətli bir adam yaşayırdı. O öz hikməti ilə şəhəri xilas etdi. Lakin heç kəs bu yoxsul adamı xatırlamadı.  16O zaman mən dedim:

“Hikmət qüdrətdən yaxşıdır,

Lakin yoxsul adamın hikmətinə xor baxırlar,

Onun sözləri eşidilmir”.

17Hikmətli adamın pıçıltı ilə dediyi sözlər

Ağılsızların içindəki başçının qışqırtısından yüksəkdir.

18Hikmət döyüş silahından üstündür,

Amma bir günahkar hər cür yaxşılığı bərbad edər.

Vaiz 10

1Ölü milçəklər ətirdüzəldənin yağını

İylədib xarab edər.

Kiçik ağılsızlıq da

Hikmət və hörmət sahibini rüsvay edər.

2Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr,

Ağılsız adamın ürəyi əyriliyə.

3O yol gedəndə də ağlının azlığı bilinər,

Ağılsız olduğunu hamıya göstərər.

4Əgər hakimin qəzəbi sənə qarşı alovlansa,

Yerindən tərpənmə.

Çünki sakitlik

Böyük xətaların üstünü örtər.

5Səma altında bir dərd də gördüm:

O da hökmdarın əlindən çıxan səhvdir.

6Ağılsızlar yüksək vəzifələrə qoyulur,

Halbuki varlılar aşağıda oturur.

7Gördüm ki, qullar necə at üstündə,

Ağalar isə qul kimi piyada gedir.

8Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər.

9Daş kəsəni daşlar yaralar,

Odun yarana odun xətər yetirər.

10Əgər balta kütdürsə,

Onun ağzı itilənməyə verilməyibsə,

Daha çox güc sərf olunmalıdır.

Amma hikmət insanın köməyinə çatar.

11Əgər ilan ovsun oxunmazdan qabaq sancsa,

Ovsunçu çağırmağın faydası yoxdur.

12Hikmətli adamın ağzından lütfkar sözlər çıxar,

Lakin ağılsız öz dili ilə həlakına yol açar.

13Onun dilindəki sözlər ağılsızlıqla başlanar,

Danışığının axırı da sarsaqlıqdır.

14Ağılsız adam çox söz danışar.

Heç kəs nə olacağını bilməz.

Bəs kim ona özündən sonra

Nə olacağını deyə bilər?

15Ağılsızların çəkdikləri zəhmət

Özlərini yorar,

Onlar şəhərə gedən yolu da bilmir.

16Əgər padşahın bir uşaqdırsa,

Başçıların səhər tezdən

Ziyafətə başlayırsa,

Onda vay halına, ey ölkə!

17Əgər padşahın bir əsilzadədirsə,

Başçıların da vaxtında

Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə,

Onda xoş halına, ey ölkə!

18Tənbəllik üzündən evin damı uçar,

Heç bir iş görməsən, evin tavanı damar.

19Yemək şadlıq gətirər,

Şərab həyatı keflə doldurar,

Pul isə hər istəyini ödəyər.

20Padşahı hətta ürəyində də söymə,

Varlı adamı yataq otağında da lənətləmə.

Çünki göydə uçan quşlar xəbər aparar,

Qanadlı məxluqlar sənin sözünü çatdırar.

Vaiz 11

Zəhmətin qiyməti

1Çörəyini suların üzünə burax,

Çünki uzun müddət sonra yenə onu taparsan.

2Yeddi ya səkkiz adama pay ver,

Çünki bilmirsən ki,

Ölkədə necə bir pis gün olacaq.

3Əgər buludlar su ilə dolu olsa,

Yağışlarını yer üzünə səpər.

Əgər bir ağac cənub ya şimal

Səmtinə yıxılsa,

Elə yıxıldığı yerdə də qalar.

4Küləyə baxan toxum səpməz,

Buludlara baxan əkdiyini biçməz.

5Küləyin səmtini,

Hamilə qadının qarnında

Sümüklərin necə böyüdüyünü bilmədiyin kimi

Hər şeyi yaradan

Allahın işlərindən də xəbərsizsən.

6Toxumunu səhər vaxtı səp,

Axşama qədər də əlin boş durmasın.

Çünki bilmirsən ki, əvvəlki məhsuldar olacaq

Yoxsa sonrakı

Yaxud hər ikisi birlikdə.

Yaradanı unutma

7Həqiqətən, işıq gözəldir,

Günəşi görmək gözlərə xoşdur.

8Əgər insan uzun ömür sürürsə,

Qoy sevinclə yaşasın.

Ancaq qaranlıq günlərinin də olduğunu unutmasın,

Çünki onlar daha çox olacaq.

Baş verəcək hər şey puçdur.

9Ey gənc, cavanlığında sevin,

Qoy ürəyin səni cavanlıq günlərində sevindirsin.

Ürəyinin istədiyi ilə,

Gözlərinin gördüyü ilə get.

Ancaq bil ki, Allah

Bunların hamısına görə

Səni mühakimə edəcək.

10Buna görə də təşvişi ürəyindən qov,

Əzabı bədənindən uzaqlaşdır.

Çünki cavanlıq da,

Cavanlıqdakı güc də puçdur.

Vaiz 12

1Pis günlər gəlməzdən qabaq,

“Onlardan zövq almıram” deyəcəyin illər

Yaxınlaşmazdan əvvəl,

Cavanlıq günlərində

Səni Yaradanı xatırla.

2Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl,

Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl

Onu xatırla.

3O gün gələndə

Evi qoruyanlar tir-tir əsəcək,

Güclülər əyiləcək,

Əl dəyirmanı ilə işləyənlər

Az olduqları üçün

Dən üyüdə bilməyəcək,

Pəncərədən baxanlar qaralacaq.

4Küçəyə açılan qapılar bağlanacaq,

Dəyirmanların səsi kəsiləcək.

Adamlar quş səsi ilə oyanacaq,

Nəğmə oxuyan bütün qızların səsini

Zəif eşidəcəklər.

5O zaman onlar uca yerdən qorxacaq,

Yolda yerimək də təhlükəli olur.

Bax badam ağacı çiçək verir,

Çəyirtkə özünü güclə çəkir,

Həvəsi zəifləyir.

Beləcə insan son mənzilə gedir,

Yas tutanlar küçələrə düşür.

6Gümüş iplər qopmamış,

Qızıl kasa qırılmamış,

Bulaq başında kuzə tikə-tikə olmamış,

Quyu yanında çarx sınmamış,

7Torpaq gəldiyi yerə qayıtmamış,

Həyat nəfəsi isə onu verən Allaha dönməmiş

Səni Yaradanı xatırla».

8Vaiz deyir:

«Hər şey puçdur, tamam puçdur».

Son söz

9Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi.  10Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur.  11Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.  12Bunlardan başqa, oğlum, sən buna diqqət et ki,

Çox kitab yazmağın axırı yoxdur,

Çox oxumaq adamı yorur.

13Hər şey aşkar oldu,

Nəticə bundan ibarətdir:

Allahdan qorx,

Onun əmrlərini yerinə yetir.

Bəli, insanın əsas vəzifəsi budur.

14Çünki Allah hər işi, gizli olan hər şeyi –

İstər yaxşı olsun, istər pis –

Mühakimə edəcək.