Paulun Romalılara Məktubu | Fəsil 1
Adamların günahkarlığı
18. Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur.
19. Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib.
20. Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür.
21. Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü.
22. Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub,
23. fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.
24. Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər.
25. Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.
26. Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər,
27. eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
28. Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər.
29. Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi,
30. böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz,
31. axmaq, xain, şəfqətsiz və rəhmsizdir.
32. Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.