Әziz dost! Məsihçilərin hansı Allaha inandıqlarını qısa və natamam olsa da izah etdim. İndi isə sizə məsihçilərin insan təbiəti haqqında düşündüklərinizdən söz deməyə çalışacağam. İnsan haqqında düzgün anlayışımızın olması Allah haqqında düzgün anlayışa malik olduğumuz qədər əhəmiyyətlidir. İnsanın kimliyi barəsində düzgün təsəvvürümüz əsasən Müqəddəs Kitabdan irəli gəlir.
Tövratın əvvəlində (Yaradılış 1 və 2) yazılmışdır ki, Allah göyü, yeri, bütün bitki və heyvanlar aləmini yaradıb başa çatdırmış, sonra isə Allah insanı Öz surətində və bənzəyişində yaratmışdır. Bu, heç də Allahın bədəninin olması və ona görə də insan üçün bədən yaratması demək deyildir. Bu hər şeydən əvvəl o deməkdir ki, insan mənəvi baxımdan Allaha bənzər sayılır. Allah insana düşünmək üçün ağıl, məhəbbət üçün ürək, xeyirlə şəri bir-birindən seçmək üçün vicdan, ədalətli olmaq üçün iradə, danışmaq üçün dil, Allahla ünsiyyət də olmaq üçün ruh vermişdir. Beləliklə, Allaha bənzər yaradılmış insan Allahı tanıya və Onunla əlaqə yarada bilərdi. Deməli, insan ən müqəddəs məxluqdur.
Bəzilərinin yanlış olaraq iddia etdikləri kimi, insan heç də Allah olmamışdır. Fəqət o, Allaha çox yaxın olmuşdur. Niyyətində yamanlıq və pis niyyət olmadığından insan xeyirxah və mərhəmətli olmuşdur.
O, cansız maşın deyildir. Allah insana müstəqil seçmə imkanı vermişdir. Allah insanı elə yaratmışdır ki, o öz azad iradəsilə onu yaradana itaəti, ibadəti və sevgini seçə bilsin.
Allah istəmişdir ki, Yer üzündə yerləşdirdiyi insanlar Onu öz ataları kimi, bir-birini isə qardaşları kimi sevən, Allahın işini yerdə sevinclə yerinə yetirən əsl övladlar olsunlar. Bu gün dünyada insanlar müxtəlif irqə mənsub olub, dərisinin rəngi və cizgiləri, dillərinə görə fərqlənirlər. Lakin onların hamısı eyni qandan olmaqla bir ailəyə mənsubdurlar. Allah da onların hamısını sevir, çünki onları O yaratmışdır.
Lakin təəssüf ki, öz azad iradəsini Allaha ibadət və itaət üçün istifadə etmək əvəzinə, Yaradılış kitabının 2 və 3-cü fəsillərində deyildiyi kimi, insan Allaha qarşı çıxdı. Allah əcdadlarımız Adəm və Həvvaya buyurdu ki, xeyir və şərin idrak ağacının meyvəsindən yeməsinlər. Bu ağac Allahın onların yerləşdirdiyi Edem bağında idi. Allah Adəmə demişdir ki, əgər sözə baxmayıb bu meyvədən yesə, öləcək. İlan şəklində bağa girən şeytan Həvvanı bu meyvəni yeməyə vadar etdi. Sonra Həvva həmin meyvəni Adəmə verdi və o da onu yedi. Əcdadlarımızın bu hərəkəti yalnız adi bir səhv deyil, onların hökmdar Allaha qarşı olan şüurlu üsyanları idi. Başqa sözlə desək, onlar Allah kimi olmaq istəmişdilər. Onlar Allahın iradəsinə tabe olmaq istəmədilər. Bəs nəticəsi nə oldu? Allah onları ciddi cəzalandırdı və Edem bağından qovdu ki, onlar əzab-əziyyət dünyasında yaşasınlar.
Әn pisi budur ki, Adəmlə Həvva Allahla əlaqəni itirdilər, nəticədə isə tamamilə dəyişdilər. Әvvəllər onlar pak və təmiz idilər, indi isə onlar natəmiz olmuşlar. Allaha itaətsizlik etməzdən əvvəl onlar Allahın hər bir əmrinə əməl edə bilirdilər, indi isə onlar xeyirə nifrət etməyə, şəri isə sevməyə başladılar. Allaha qarşı bu üsyan Müqəddəs Kitabda günah adlandırılmışdır. Bu günahın cəzası isə ölümdür.
Bu ilkin günahla bağlı əhvalat bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bəşəriyyətin indiki vəziyyətini məhz o nöqteyi-nəzərdən daha aydın başa düşərik. Dünyanın adamları, sözsüz ki, Allahın Adəm və Həvvanı yaratdığı vaxtdakı kimi təmiz və pak deyildilər. Bunu dərk etmək üçün biz başqalarına deyil, öz ürəyimizə nəzər salmalıyıq. Biz çox zaman bilərəkdən düzgün iş görmürük. Biz bilirik ki, məhəbbət nifrətdən üstündür, lakin çox vaxt başqalarına nifrət edirik. Bəs nə üçün belə edirik? Çünki əcdadlarımızın təqsirkarlığı bizim qanımıza hopub, irsən təbiətimizə çökmüşdür. Biz də onların hər ikisi (Adəm və Həvva) kimi Allaha mükəmməl şəkildə itaət etmək istəmir və bacarmırıq.
Uşaq dünyaya göz açanda pak və günahsız görünür, lakin o böyüdükcə onda şər, yamanlıq və pislik görürük. Davud peyğəmbərin özü haqqında dediyi kimi:
‘Doğulandan bəri mən günah içindəyəm, ana bətnindən belə təqsirkaram mən’ (Məz. 50:7).
Beləliklə, biz etiraf etməyə məcburuq ki, bütün insanlar günahkardılar. Belə bir Allah Kəlamı ilə razılaşmalıyıq ki, ‘İnsan ürəyi hər şeydən hiyləgərdir, sağalmaz xəstəliyi var. Onu kim başa düşə bilər?’ (Yeremya 17:9). İsa Məsih dedi: ‘Bəd düşüncələr, zinakarlıq, cinsi əxlaqsızlıq, qatillik, oğurluq, tamahkarlıq, pislik, hiylə, şəhvət, pis göz, küfr, qürur və ağılsızlıq insanların ürəyindən, içindən çıxar. Bütün bu pis işlər daxildən çıxır və insanı murdar edir’ (Mark 7:21-23). Lakin insan ürəyinin bilicisi Allah demişdir: ‘Bir nəfər də olsa, saleh yoxdur’ (Rom. 3:10). Ancaq insandan daha böyük müstəsna bir şəxsiyyət vardır ki, mən sizə ondan bir qədər sonra danışacağam.
İnsanın vəziyyəti necə də dəhşətlidir! Öz itaətsizliyi ilə Allahla bütün münasibətlərini darmadağın etməklə o, çöldə azmış tənha qoyun kimi fəlakətli ölümə tərəf gedir. İnsan Allah övladı olmaqdan əlini üzdü və Allaha düşmən kəsildi, günahın və şeytanın qulu oldu (Rom. 6:17). Müqəddəs Allahın yolu ilə gedə bilməyən insan, doğrudan da günahları ucbatından ölüdür (Efes. 2:1). Allahın Adəmə dediyi kimi, günahın nəticəsi həm cismani, həm də mənəvi ölümdür.