Müqəddəs Kitaba əsasən, məsihçi vəftizi imanlının daxili həyatında baş verənlərin zahirən şəhadət olunmasıdır. Məsihçi vəftizi imanlının Məsihin ölümünə, dəfninə və dirilməsinə bənzərliyini təsvir edir. Müqəddəs Kitab bəyan edir, “Məgər bilmirsiniz ki, biz hamımız Məsih İsaya vəftiz olaraq, Onun ölümünə vəftiz olduq? Deməli, biz Onunla bərabər vəftiz vasitəsilə ölümə gömüldük ki, Atanın izzəti ilə Məsih ölülərdən dirildiyi kimi, biz də eyni cür yeni həyat yolunda yeriyək” (Romalılara 6:3-4). Məsihçi vəftizində suya batırılma hərəkəti Məsihin dəfn olunmasını, sudan çıxarılma hərəkəti isə Məsihin dirilməsini təsvir edir.
Məsihçi vəftizində bir kəsin vəftiz olması üçün iki tələb var: (1) Vəftiz olan şəxs İsa Məsihə Xilaskar kimi iman etməlidir və (2) insan vəftizin mənasını dərk etməlidir. Əgər bir kəs İsa Məsihə Xilaskar kimi iman edirsə, vəftizin Məsihə iman olduğunu itaətkarlıqla elan edirsə və vəftiz olmaq istəyirsə – onda həmin şəxsi vəftiz olmaqdan saxlayan heç bir səbəb yoxdur. Müqəddəs Kitaba əsasən, məsihçi vəftizi itaətkarlıq addımı və xilas üçün yalnız Məsihə etibar etməyin açıq elan olunmasıdır. Məsihçi vəftizi vacibdir, çünki bu itaətkarlıq addımıdır – Məsihə olan imanını açıq bəyan etmək, Onunla əhd bağlamaq və Onun ölümünə, dəfn olunmasına və dirilməsinə bənzəməkdir.