Dostum! İndi də məsihçilərin peyğəmbərlərə inamı barəsindəki sualınıza cavab vermək istəyirəm. Bəli, məsihçilər inanırlar ki, Allah Onun Kəlamını insanlara demək üçün peyğəmbərləri göndərmişdir. İnsanlar öz günahları ucbatından Allahın səsini eşitmək istəməmiş, bəlkə də öz mənəvi karlıqlarına görə bunu bacarmamışlar. Lakin tövbə etmiş kişi və qadınları Allah bağışlamışdır. Allah onlarla danışmış və onlara tapşırmışdır ki, Onun müjdəsini başqa insanlara da aparsınlar. Beləliklə, onlar Allahın peyğəmbərləri olmuşlar.
Biz peyğəmbərlər haqqında Müqəddəs Kitabdan öyrənirik. Burada Allah tərəfindən seçilmiş və Onun müjdəçiləri olan adamların tərcümeyi-halları, yazıları və sözləri vardır.
Müqəddəs Kitabda xatırlanan bəzi peyğəmbərlər bunlardırlar: İbrahim, Musanın qardaşı Harun, Musanın bacısı Məryəm, Natan, Şəmuel, Davud, İlyas, Elişa, Yeşaya, Yeremya, Yəhya, Yoel, Daniel və İsa Məsihin gəlişindən əvvəl gəlmiş Vəftizçi Yəhya. Allahın dostu və iman gətirənlərin atası sayılan İbrahimi Allah bir çox xalqların atası seçmişdir. Qoca vaxtında arvadı Saradan İbrahimin İshaq adında oğlu olmuşdur. İbrahim Allaha həddindən artıq iman etdiyinə görə oğlu İshaqı Ona qurban verməyə hazır idi. Lakin Allah İshaqın əvəzinə qurbanlıq üçün qoç verdi (Yaradılış 22:1-19). Sonra Allah İbrahimə vəd etdi ki, İshaqın nəsli dünyaya nicat və xoşbəxtlik gətirəcəkdir. Bu vəd İsa Məsihdə yerinə yetirildi. Məsihdən sonra Yəhya, Peter, Pavel kimi həvarilər gəldilər ki, onlar da Allahın kəlamını insanlara deyir və onları İsa Məsihə itaət etməyə öyrədirdilər. Biz inanırıq ki, onlar da Allahın peyğəmbərləri olmuşlar. Geniş mənada isə Allahın Kəlamını yayan hər kəs peyğəmbər adlandırıla bilər.
Məsihçilərin peyğəmbərlərə olan münasibəti başqa məzhəbdən olanların münasibətlərindən fərqləndiyi üçün mən bir neçə mühüm həqiqəti qeyd etmək istərdim:
a) peyğəmbərlərin sayı məlum deyildir, onların əksəriyyətinin adını biz bilmirik;
b) tanıdığımız bütün peyğəmbərlər Allahın dostu İbrahimin və onun oğlu İshaqın nəslindəndir;
c) Allah peyğəmbərləri 2000 il ərzində göndərmişdir;
ç) peyğəmbərlər əsasən İsrail xalqı üçün göndərilmişlər. Allah onu xüsusi xalq olaraq seçmişdir ki, həqiqətini dünyanın bütün xalqlarına bu xalq vasitəsilə bildirsin.
d) peyğəmbərlər cəmiyyətin bütün təbəqələrinə mənsub olduqlarından onların bəziləri varlı, bəziləri isə yoxsul olmuşlar. Onların arasında alim, savadsız, qoca, cavan və s. olmuşdur.
e) peyğəmbərlər heç də günahsız olmamışlar. Lakin Allaha itaət etdiklərindən onların günahları bağışlanmışdır.
ə) İlyas və Vəftizçi Yəhya kimi bəzi peyğəmbərlər kitab yazmamışlar. Musa, Davud, Yeşaya, Yəhya, Pavel kimi peyğəmbərlər isə gələcək nəsillər üçün Allahın Sözlərini yazmışlar.
f) Allahın Sözləri peyğəmbərlərə müxtəlif üsullarla gəlib çatmışdı. Bəziləri Allahın səsini eşitmiş, bəziləri mələklərdən xəbər tutmuş, bəziləri xəyallar və röyalar görmüş, bəzilərinə isə bunu ağıl və ürəkləri demişdir. Onlar da insanlara deyirdilər: ‘Rəbb belə buyurur.’
g) bəzi peyğəmbərlərə möcüzə yaratmaq gücü verilmişdir. Bu da onların sözlərinin həqiqiliyini sübut edir. Bunlar Musa, Elişa, Peter kimi peyğəmbərlərdir. Vəftizçi Yəhya kimi peyğəmbərlər isə heç bir möcüzə göstərməmişlər.
İsa Məsihə qədər gəlmiş peyğəmbərlər insanlara Allahın kamilliyini, onlardan nə tələb etməsini, Allaha itaət etmədikləri təqdirdə Onun qəzəbinə gələcəklərini bildirirdilər. Peyğəmbərlər, həmçinin, insanları inandırırdılar ki, əgər onlar öz günahlarından əl çəkib Allaha pənah gətirsələr, Allah onları bağışlayacaq və onlara xeyir-dua verəcəkdir. Yeganə qanunverici peyğəmbər olan Musa vasitəsilə Allah İsrail xalqı üçün çoxlu qanunlar vermişdir. Ondan sonra gələn peyğəmbərlər isə insanları bu qanunlara riayət etməyə inandırmışdılar. Lakin insanlar günahkar olduqları üçün Allahın bu müqəddəs Qanununa tam əməl edə bilmirdilər. Deməli, Qanun onları xilas edə bilməmiş, lakin onların günahkarlığını güzgü kimi göstərmiş və insanlar üçün Xilaskarın zəruriliyini anlamağa onları məcbur etmişdir.
Peyğəmbərlərin etdiklərinin ən əhəmiyyətlisi insanların ehtiyac duyduqları, Allahın göndərəcəyi Xilaskarı insanlara xəbər vermək idi. Mən İsa Məsih haqqında söz açanda qədim peyğəmbərlərin kitablarında tapılmış bir neçə ecazkar vədi sizə xatırladacağam.
Allah insanlardan fərqli olaraq, mələkləri də yaratmışdı. Bu barədə Müqəddəs Kitabda çoxlu məlumatlar vardır. Onlar Allahın xidmətçi mələkləridirlər. Allah Öz iradəsini peyğəmbərlərə və digər iman sahiblərinə bildirmək üçün çox vaxt onları göndərmişdir. Mələklər insan qiyafəsində İbrahim, Musa və başqalarının yanına gəlmişlər. Müqəddəs Kitabda mələklərdən yalnız ikisinin – Cəbrayıl və Mikayıl mələyinin adı verilmişdir. Məryəmə İsa adında Oğlu olacağı barəsindəki xəbəri Cəbrayıl mələk gətirmişdi.
Müqəddəs Kitabda deyilir ki, Allaha itaət edən müqəddəs mələklərdən başqa, Ona sitayiş etməyən və Ona düşmən kəsilən başqa ruhani məxluqlar da vardır. Onlar iblis və onun mələkləridir. Məsihçilərin əksəriyyəti belə hesab edirlər ki, Allah şeytanı çox gözəl yaratmışdır. Lakin o qürrələnmiş, dikbaşlıq edərək Allaha itaət etməkdən boyun qaçırmışdır. Nəticədə iblis və onun ardınca gedənlər göylərdəki müqəddəs yüksəklikdən yerə atılmışlar. İndi onlar Allahın yerdəki əməyini də alt-üst etməyə, dağıtmağa çalışırlar. Adəm və Həvvanı da elə həmən şeytan yoldan çıxarmışdır və onlar Edem bağından qovulmuşlar. Həmən şeytan bu günə kimi insanları Allahdan döndərməyə səy göstərir. O, hətta İsa Məsihi də Allaha itaət etməkdən çəkindirməyə çalışmış, lakin bu cəhdi baş tutmamışdır (Matta 4:1-11). İblisin gücü böyükdür, lakin Allaha bərabər deyildir, iblis Allahın nəzarəti altındadır. Məsihçilər nə iblisdən, nə də onun insanlara, onların bədən və canlarına ziyan vuran şər ruhlardan qorxmamalıdırlar. Çünki iblisə qarşı durmaq və ona qalib gəlmək üçün İsa Məsih bizə qüvvə verir. Allah tezliklə insanları azdıran iblisi yer üzündən cəhənnəm oduna atacaqdır (Vəhy 20:10).