GİRİŞ
Kolosselilərə 1
1Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan 2Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizə lütf və sülh olsun!
Paul Allaha şükür edir
3Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. 4Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq. 5İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz. 6Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır. 7Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. 8O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı.
Paulun Kolosselilər üçün duası
9Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. 10Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz, 11hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, 12müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. 13O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. 14Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik.
Məsihin şəxsiyyəti və vəzifəsi
15Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. 16Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. 17Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. 18Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. 19Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa 20və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu. 21Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. 22İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. 23Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum.
Paulun imanlılara xidməti
24İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram. 25Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, 26yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. 27Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir. 28Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. 29Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram.
Kolosselilərə 2
1İstəyirəm ki, həm siz, həm Laodikeyada olanlar, həm də mənim üzümü görməyənlərin hamısı üçün nə qədər böyük mübarizə apardığımı biləsiniz. 2Ürəklərinin cəsarət tapıb məhəbbətdə birləşməsini istəyirəm; belə ki idrakın verdiyi kamil etimadın bütün zənginliyinə nail olsunlar, Allahın sirri olan Məsihi dərk etsinlər. 3Çünki hikmət və biliyin bütün xəzinələri Məsihdə gizlədilmişdir. 4Bunu mən ona görə deyirəm ki, kimsə sizi dilə tutub aldatmasın. 5Çünki cismən uzaqda olsam da, ruhən sizinləyəm. İntizamınızı və Məsihə olan imanınızın möhkəmliyini görüb sevinirəm.
Məsihin qoyduğu həyat tərzi
6Buna görə Rəbb Məsih İsanı qəbul etdiyiniz kimi Onda həyat sürün. 7Şükürlərlə dolub-daşaraq Onda kök salıb inkişaf edin və öyrəndiyiniz kimi imanda möhkəmlənin. 8Baxın, Məsihə deyil, insan adət-ənənəsinə, dünyanın ibtidai təlimlərinə istinad edərək fəlsəfə və boş aldadıcı sözlərlə kimsə sizi əsir etməsin. 9Çünki Allahın tam bütövlüyü bədəncə Məsihdə yaşayır. 10Siz də Onda tamamlanmısınız. O hər başçının və hakimin Başıdır. 11Həmçinin siz Məsihdə insan əli ilə deyil, Onun təmin etdiyi sünnətlə cismani təbiətdən ayrılaraq sünnət olundunuz. 12Vəftizdə Onunla birlikdə dəfn edildiniz və Onu ölülər arasından dirildən Allahın gücünə olan iman vasitəsilə Onunla birlikdə dirildiniz. 13Siz təqsirləriniz və cismani sünnətsizliyiniz üzündən ölü ikən Allah sizə Məsihlə birgə həyat verdi və bütün təqsirlərimizi bağışlayıb 14tələbləri ilə əleyhimizə və zərərimizə olan borc sənədini ləğv etdi, onu çarmıxa mıxlayaraq qarşımızdan götürdü. 15Allah başçıları və hakimləri tərk-silah edib, onlara çarmıxda qələbə çalaraq aləmdə rüsvay etdi. 16Buna görə qoy heç kim yemək-içmək üzündən yaxud bayram, Təzə Ay mərasimi ya Şənbə gününə görə sizi mühakimə etməsin. 17Çünki bunlar gələcək şeylərin kölgəsidir, əsli isə Məsihdədir. 18Qoy heç kim sizdən mütilik və mələklərə səcdə tələb edərək sizi mükafatınızdan məhrum etməsin. Belə bir şəxs gördüyü görüntülərə güvənir və boş yerə öz cismani ağlı ilə lovğalanır. 19O, bədənin Başı olan Məsih ilə əlaqəni itirdi. Bütün bədən buğumlar və bağlarla üzvi surətdə Məsihə bağlanaraq təmin olunur, qurulur və Allah bəslədiyinə görə böyüyür.
Məsihdə yeni həyat
20Məsihlə birgə ölüb dünyanın ibtidai təlimlərindən qurtulduğunuz halda nə üçün dünyadakılar kimi yaşayaraq 21«buna əl vurma, bunu yemə, buna toxunma» kimi əmrlərə əməl edirsiniz? 22Bunların hamısı istifadə olunduqca məhv olub gedən şeylərlə əlaqədar olur, çünki insanların verdiyi əmrlərə və təlimlərə əsaslanır. 23Şübhəsiz, bu qaydalar uydurma dindarlıq, mütilik və bədənə xətər yetirməkdə zahirən müdrik görünür, amma cismani təbiətin həvəsinin qarşısını almaq üçün onların heç bir dəyəri yoxdur.
Kolosselilərə 3
1Beləliklə, Məsihlə birlikdə dirildiyinizə görə ucalardakı şeyləri axtarın. Orada Məsih Allahın sağında oturub. 2Dünyəvi şeyləri deyil, ucalardakı şeyləri düşünün. 3Çünki siz ölmüsünüz və həyatınız Məsihlə birlikdə Allahda saxlanılıb. 4Həyatınız olan Məsih zühur edəndə siz də Onunla birgə izzətlə zühur edəcəksiniz. 5Buna görə cisminizin dünyəvi meylləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. 6Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir. 7Əvvəllər siz bunların içində yaşayanda belə həyat sürdünüz. 8İndi isə siz də qəzəbi, hiddəti, kini, böhtanı, ağzınızdan çıxan ədəbsiz sözlər kimi şeylərin hamısını kənara atın. 9Bir-birinizə yalan deməyin, çünki köhnə mənliyinizi və onun əməllərini üzərinizdən çıxarıb 10yeni mənliyə büründünüz. Yeni mənliyiniz onu Yaradanın surətinə bənzər şəkildə təzələnir ki, biliyiniz tam olsun. 11Bu təzələnmədə Yunanla Yəhudi, sünnətli ilə sünnətsiz, barbar, Skif, qulla azad arasında fərq yoxdur: Məsih hər şeydir və hamımızdadır. 12Beləliklə, Allahın seçilmişləri, müqəddəsləri və sevimliləri kimi ürək mərhəməti, xeyirxahlıq, itaətkarlıq, həlimlik və səbirə bürünün. 13Bir-birinizə dözün və birinizin digərindən şikayəti varsa, bağışlayın. Rəbb sizi bağışladığı kimi siz də bağışlayın. 14Bütün bunlardan əlavə, kamil birliyin bağı olan məhəbbətə bürünün. 15Məsihin sülhü qoy ürəklərinizdə münsiflik etsin, çünki bir bədənin üzvləri kimi bu sülhə dəvət olundunuz. Həmçinin şükür edənlər olun! 16Qoy aranızda Məsihin kəlamı bütün zənginliyi ilə yaşasın. Bir-birinizə tam müdrikliklə təlim və nəsihət verin, məzmurlar, ilahilər və ruhani nəğmələr söyləyib ürəklərinizdə Allaha minnətdar ola-ola nəğmə oxuyun. 17Dediyiniz və etdiyiniz hər şeyi Rəbb İsanın adı ilə edin, Onun vasitəsilə Ata Allaha şükür edin.
Evdə olan münasibətlər
18Ey qadınlar, Rəbdə olanlara layiq olduğu kimi ərlərinizə tabe olun. 19Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın. 20Ey övladlar, hər işdə ata-ananıza itaət edin, çünki bu, Rəbbi razı salır. 21Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar. 22Ey qullar, hər işdə dünyəvi ağalarınıza itaət edin. Bunu insanları razı salmaq üçün gözə xoş görünən xidmətlə deyil, səmimi qəlbdən, Allahdan qorxaraq edin. 23Gördüyünüz hər işi insanlar üçün deyil, Rəbb üçün edən kimi can-dildən edin. 24Bilin ki, Rəbdən bunun əvəzinə irs alacaqsınız, çünki siz Rəbb Məsihə qulluq edirsiniz. 25Kim haqsızlıq edərsə, işlətdiyi haqsızlığın əvəzini alacaq, çünki Rəbb tərəfkeşlik etməz.
Kolosselilərə 4
1Ey ağalar, bilin ki, göydə sizin də Ağanız var. Ona görə qullarınızla ədalətli və insaflı olun.
Müxtəlif öyüdlər
2Özünüzü duaya həsr edin və duada şükür edərək oyaq durun. 3Eyni zamanda bizim üçün də dua edin ki, kəlamı yaymaq üçün Allah bizə bir qapı açsın və uğrunda həbs olunduğum Məsihin sirrini elan edim. 4Dua edin ki, mən bu sirri lazımınca açıq-aşkar bildirim. 5Kənar insanlarla müdrikliklə rəftar edin və hər fürsətdən istifadə edin. 6Sözünüz duzlu və hər zaman lütflə dolu olsun. Beləcə hər adama necə cavab vermək lazım olduğunu biləsiniz.
Salam göndərmə
7 Rəbdə sevimli qardaş, sadiq xidmətçi və əməkdaş olan Tixik mənim barəmdə hər şeyi sizə bildirəcək. 8Onu bu məqsədlə yanınıza göndərdim ki, bizim vəziyyətimizdən xəbərdar olasınız və o sizin qəlbinizi ovutsun. 9Onunla birlikdə sizlərdən biri olan sadiq və sevimli Onisim qardaşı da göndərirəm. Onlar sizə buradakı bütün işlər barədə məlumat verəcək. 10Mənimlə birlikdə məhbus olan Aristarx və Barnabanın əmisi oğlu Mark da sizə salam göndərir. Mark haqqında əmrləri almısınız. Yanınıza gəlsə, onu qəbul edin. 11Yust çağırılan Yeşua da sizə salam göndərir. Sünnətlilərdən yalnız bunlar Allahın Padşahlığı üçün mənim əməkdaşlarımdır və onlar mənə təsəlli verdilər. 12Məsih İsanın qulu və sizlərdən olan Epafra sizə salam göndərir. Allahın hər iradəsini yerinə yetirərək kamil və tam əminliklə möhkəm dayanasız deyə o sizin üçün hər zaman dualar edərək mübarizə aparır. 13Onun haqqında şəhadət edirəm ki, sizin üçün, Laodikeyada və Hierapolisdə olanlar üçün çox zəhmət çəkir. 14Sevimli həkim Luka və Dima da sizə salam göndərir. 15Laodikeyada olan bacı-qardaşlara, Nimfaya və onun evindəki cəmiyyətə salam söyləyin. 16Bu məktub aranızda oxunduqdan sonra onu Laodikeyalılar cəmiyyətində də oxudun, Laodikeyadan gələn məktubu isə siz də oxuyun. 17Arxipə bunu deyin: «Rəbdə sənə tapşırılan xidməti diqqətlə başa çatdır». 18Mən Paul bu salamı öz əlimlə yazıram. Unutmayın ki, mən həbsdəyəm. Sizə lütf olsun!