GİRİŞ
Yəhya 1
Allah Kəlamı
1Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. 2O, başlanğıcda Allahla birlikdə idi. 3Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. 4Həyat Onda idi və bu həyat insanların nuru idi. 5Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. 6 Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. 7O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. 8O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. 9Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. 10O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. 11Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. 12Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. 13Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. 14Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. 15Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». 16Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. 17Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. 18Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Yəhyanın şəhadəti
(Mat. 3:1-12; Mark 1:1-8; Luka 3:1-18)
19Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: 20o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. 21 Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. 22Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» 23Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin”
deyə səhrada nida edənin səsiyəm». 24Göndərilən bəzi fariseylər 25Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» 26Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 27Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». 28Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi. 29Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! 30“Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur. 31Özüm Onu tanımırdım, amma Onun İsrailə zahir olması üçün mən su ilə vəftiz edərək gəldim». 32Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun üzərində qaldı. 33Özüm Onu tanımırdım, lakin su ilə vəftiz etmək üçün məni göndərənin Özü mənə dedi: “Ruhun kimin üzərinə enib qaldığını görsən, bil ki, Müqəddəs Ruhla vəftiz edən Odur”. 34Mən də görüb “Allahın Oğlu budur” deyə şəhadət etmişəm».
İsanın ilk şagirdləri
35Ertəsi gün yenə Yəhya orada idi. Şagirdlərinin ikisi onun yanında idi. 36İsa yoldan keçərkən Yəhya Ona baxıb dedi: «Allah Quzusu budur!» 37Həmin iki şagird onun sözlərini eşidib İsanın ardınca getdi. 38İsa dönüb ardınca gəldiklərini görərək onlara «Sizə nə lazımdır?» dedi. Onlar İsaya dedi: «Rabbi, Sən harada qalırsan?» «Rabbi» «Müəllim» deməkdir. 39İsa onlara dedi: «Mənimlə gəlin, görərsiniz». Onlar gedib İsanın harada qaldığını gördülər və həmin gün Onunla qaldılar. Onuncu saat radələri idi. 40Yəhyadan eşidib İsanın ardınca gedən iki nəfərdən biri Şimon Peterin qardaşı Andrey idi. 41Sonra o, ilk öncə qardaşı Şimonu tapıb ona «biz Məsihi tapdıq» dedi. «Məsih» «Məsh olunmuş» deməkdir. 42Onu İsanın yanına apardı. İsa Şimona baxıb dedi: «Sən Yəhya oğlu Şimonsan, amma Kefa adlanacaqsan». Kefa isə Peter deməkdir. 43Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. 44Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. 45Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». 46Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. 47İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». 48Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». 49Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» 50İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». 51 Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».
Yəhya 2
İsa suyu şəraba döndərir
1Bunun üçüncü günü Qalileyanın Qana kəndində toy oldu. İsanın anası orada idi. 2İsa ilə şagirdləri də toya çağırılmışdı. 3Şərab qurtaranda anası İsaya dedi: «Şərabları qalmadı». 4İsa dedi: «Ana, məndən nə istəyirsən? Mənim vaxtım hələ çatmayıb». 5Anası xidmətçilərə dedi: «Sizə nə desə, edin». 6Yəhudilərin paklanma mərasimi üçün orada hər biri iki-üç ölçü su tuta bilən altı daş küp var idi. 7İsa xidmətçilərə dedi: «Küpləri su ilə doldurun». Onları ağzına qədər doldurdular. 8O, xidmətçilərə dedi: «İndi bir az götürüb toyağasına aparın». Onlar da apardı. 9Toyağası şəraba çevrilmiş suyun dadına baxdı. O bunun haradan gətirildiyini bilmirdi, bunu yalnız suyu götürən xidmətçilər bilirdi. Toyağası bəyi çağırıb ona dedi: 10«Hər kəs əvvəlcə əla şərabı, çox içiləndən sonra isə adi şərabı təqdim edir. Amma sən əla şərabı indiyə saxlamısan». 11İsa Qalileyanın Qana kəndində bu ilk əlamətini göstərdi və izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi. 12 Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə gün qaldı.
İsa satıcıları məbəddən qovur
(Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46)
13Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. 14Məbəddə öküz, qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü. 15İplərdən bir qamçı düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib pullarını yerə tökdü, 16göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın evini bazara döndərməyin». 17Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə yazıldığını xatırladılar. 18Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?» 19İsa onlara cavab verdi: «Bu məbədi dağıdın, üç günə Mən onu təzədən quraram». 20Onda Yəhudi başçıları dedilər: «Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?» 21Lakin İsa məbəd deyəndə Öz bədənini nəzərdə tuturdu. 22İsa ölülər arasından dirildiyi zaman şagirdləri Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə inandılar. 23İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən bir çox adam Onun adına iman etdi. 24Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. 25Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.
Yəhya 3
İsa və Nikodim
1Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi. 2O, gecə ikən İsanın yanına gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz». 3İsa ona cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını görə bilməz». 4Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?» 5İsa cavab verdi: «Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın Padşahlığına daxil ola bilməz. 6Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 7Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə. 8Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir». 9Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu. 10İsa ona cavab verdi: «Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi? 11Doğrusunu, doğrusunu sənə deyirəm: biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi qəbul etmirsiniz. 12Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki işlərdən danışsam, necə inanacaqsınız? 13Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. 14 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, 15Ona iman edən hər kəs əbədi həyata malik olsun». 16Çünki Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. 17Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. 18Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. 19Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. 20Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. 21Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.
Yəhyanın İsa barədə şəhadəti
22Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla orada qalıb vəftiz edirdi. 23Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu. 24 Yəhya hələ zindana salınmamışdı. 25Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə mübahisə düşdü. 26Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun yanına gəlir». 27Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 28“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 29Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu. 30İndi Ona böyümək, mənə kiçilmək gərəkdir». 31Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür. 32Nə görüb-eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz. 33Onun şəhadətini qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb. 34Ona görə ki Allahın göndərdiyi Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir. 35 Ata Oğulu sevir və hər şeyi Onun ixtiyarına verib. 36Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.
Yəhya 4
İsa və Samariyalı qadın
1Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 2əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi. 3İsa bundan xəbər tutan kimi Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı. 4Onun yolu Samariyadan keçirdi. 5O, Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə gəldi. 6Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. Altıncı saat radələri idi. 7Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə su ver, içim» dedi. 8Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi. 9 Samariyalı qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir. 10İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». 11Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 12Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» 13İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 14amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək». 15Qadın Ona dedi: «Ağa, bu suyu mənə ver ki, mən heç vaxt susamayım və su çəkmək üçün buraya gəlməyim». 16İsa qadına «get ərini çağır və buraya gəl» dedi. 17Qadın da Ona «ərim yoxdur» söylədi. İsa ona dedi: «“Ərim yoxdur” deməklə düz söylədin, 18çünki beş kişin olub, indi səninlə yaşayan da ərin deyil, sən bunu düz söylədin». 19Qadın Ona dedi: «Ağa, görürəm ki, Sən peyğəmbərsən. 20Bizim ata-babalarımız bu dağda ibadət edirdi, amma siz deyirsiniz ki, ibadət etmək üçün lazımi yer Yerusəlimdədir». 21İsa ona dedi: «Ey qadın, Mənə inan, artıq o zaman yetişir ki, Ataya nə bu dağda, nə də Yerusəlimdə ibadət edəcəksiniz. 22Siz bilmədiyinizə ibadət edirsiniz, bizsə bildiyimizə ibadət edirik, çünki xilas Yəhudilərdəndir. 23Amma o zaman gəlir və artıq gəlib ki, həqiqi ibadət edənlər Ataya ruhda və həqiqətdə ibadət etsin. Ata da Özünə belə ibadət edənlər axtarır. 24Allah ruhdur və Ona ibadət edənlər ruhda və həqiqətdə ibadət etməlidir». 25Qadın Ona dedi: «Bilirəm ki, “Məsih” deyilən məsh olunmuş Şəxs gələcək və gələndə bizə hər şeyi bildirəcək». 26İsa ona dedi: «Səninlə danışan Odur, O Mənəm». 27Bu arada İsanın şagirdləri gəldilər və Onun bir qadınla söhbət etməsinə heyrətləndilər, ancaq heç biri «Nə istəyirsən?» yaxud «Niyə o qadınla danışırsan?» demədi. 28Bu zaman qadın səhəngini yerə qoydu və şəhərə gedib adamlara dedi: 29«Gəlin, etdiyim bütün əməlləri mənə söyləyən Adamı görün. Bəlkə elə Məsih Odur?» 30Adamlar da şəhərdən çıxıb İsanın yanına gəldilər. 31Bu arada şagirdlər «Rabbi, yemək ye» deyə Ondan xahiş etdilər. 32Lakin İsa onlara dedi: «Məndə elə yemək var ki, siz ondan xəbərsizsiniz». 33Onda şagirdlər «Görəsən kimsə Ona yemək gətirdimi?» deyə bir-birindən soruşdular. 34İsa onlara dedi: «Mənim yeməyim Məni Göndərənin iradəsini yerinə yetirmək, Onun işini tamamlamaqdır. 35 Siz “biçinə dörd ay qalıb” demirsinizmi? Budur, Mən sizə deyirəm: başınızı qaldırıb tarlalara baxın; məhsul bar verib, biçilməyə hazırdır. 36Əkən də, biçən də birlikdə sevinsin deyə indi biçinçi zəhmət haqqı alır və əbədi həyat üçün məhsul toplayır. 37Bu işlə bağlı “biri əkər, biri biçər” ifadəsi doğru deyilib. 38Mən sizi zəhmətini çəkmədiyiniz bir məhsulu biçməyə göndərdim. Başqaları zəhmət çəkdi, sizsə onların zəhmətindən bəhrələndiniz». 39«Etdiyim bütün əməlləri mənə söylədi» deyə şəhadət edən qadının sözünə görə o şəhərdən olan Samariyalıların bir çoxu İsaya iman etdi. 40Sonra Samariyalılar İsanın yanına gəlib Ondan xahiş etdilər ki, onların yanında qalsın. İsa da iki gün orada qaldı. 41Daha çox adam da İsanın sözünə görə iman etdi. 42Onlar qadına deyirdilər: «Biz artıq sənin sözlərinə görə iman etmirik, elə özümüz də eşidib bildik ki, həqiqətən, dünyanın Xilaskarı Budur». 43İsa iki gündən sonra oranı tərk edib Qalileyaya tərəf yola düşdü. 44Çünki peyğəmbərin öz yurdunda hörməti olmadığı barədə İsa Özü bir vaxt şəhadət etmişdi. 45İndi Qalileyaya gələndə Qalileyalılar Onu qəbul etdi, çünki onlar da bayram zamanı Yerusəlimə gəlib Onun orada etdiyi hər şeyi görmüşdülər.
Məmur oğlunun şəfa tapması
46Beləcə İsa suyu şəraba çevirdiyi Qalileyanın Qana kəndinə yenə gəldi. Kefernahumda hökmdarın bir məmuru var idi. Onun oğlu xəstələnmişdi. 47O, İsanın Yəhudeyadan Qalileyaya gəldiyini eşidib yanına getdi və Ondan xahiş etdi ki, gəlib oğlunu sağaltsın, çünki oğlu ölüm ayağında idi. 48Onda İsa ona dedi: «Siz əlamətlər və xariqələr görməyincə iman etməyəcəksiniz». 49Hökmdarın məmuru Ona dedi: «Ağa, uşağım ölməzdən qabaq gəl!» 50İsa ona «get, oğlun sağ-salamatdır» dedi. O adam da İsanın sözünə inanıb getdi. 51Evə gələrkən qulları onu qarşılayaraq oğlunun sağ-salamat olduğunu söylədilər. 52Oğlunun nə vaxt yaxşılaşdığını qullarından soruşdu, onlar da dedilər: «Dünən yeddinci saatda qızdırması düşdü». 53O zaman ata başa düşdü ki, İsa elə həmin vaxt ona «oğlun sağ-salamatdır» demişdi. Onda özü də, bütün ev əhli də İsaya iman etdi. 54Bu, İsanın göstərdiyi ikinci əlamət idi. Onu Yəhudeyadan Qalileyaya gələndə etmişdi.
Yəhya 5
Hovuz kənarındakı xəstənin şəfa tapması
1Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. 2Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. 3Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. 4 5Otuz səkkiz il xəstə olan bir adam da orada idi. 6İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» 7Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». 8İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» 9O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. 10Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». 11O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». 12Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» 13Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. 14Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». 15O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. 16Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar, çünki bunları Şənbə günü edirdi. 17Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». 18Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı.
İsanın səlahiyyəti
19Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. 20Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. 21Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. 22Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, 23hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. 24Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. 25Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. 26Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. 27Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. 28Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib 29qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. 30Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.
İsaya şəhadət
31Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı. 32Lakin Mənim barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu bilirəm. 33Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi. 34Lakin insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları söyləyirəm. 35Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında sevinmək istədiniz. 36Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib. 37Məni göndərən Atanın Özü də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini görmüsünüz. 38Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun göndərdiyi Şəxsə inanmırsınız. 39Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim barəmdə şəhadət edir, 40sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 41İnsanlardan izzət qəbul etmirəm. 42Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah məhəbbəti yoxdur. 43Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. 44Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? 45Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. 46Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o Mənim barəmdə yazıb. 47Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?»
Yəhya 6
İsa beş min nəfəri doydurur
(Mat. 14:13-21; Mark 6:30-44; Luka 9:10-17)
1Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi. 2Böyük bir izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü. 3İsa dağa çıxıb şagirdləri ilə oturdu. 4Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. 5İsa başını qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb bu adamları yedirək?» 6Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə edəcəyini bilirdi. 7Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, hərəsi bir tikə yemək yesin». 8Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey Ona dedi: 9«Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər adam üçün bunlar nədir ki?» 10İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq da oturdu. Kişilərin sayı beş minə yaxın idi. 11O zaman İsa çörəkləri götürüb şükür edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı. 12Onlar yeyib-doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay olmasın». 13Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan hissələrdən on iki zənbil doldurdular. 14O zaman İsanın göstərdiyi əlaməti görən adamlar «Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi. 15İsa bildi ki, adamlar gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa çəkildi.
İsa suyun üstü ilə yeriyir
(Mat. 14:22-33; Mark 6:45-52)
16Axşam çatanda İsanın şagirdləri gölə enib 17bir qayığa mindilər. Onlar gölün o biri sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına gəlməmişdi. 18Güclü külək əsdiyindən göl dalğalanırdı. 19Onlar beləcə avar çəkib iyirmi beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa yaxınlaşır. Qorxdular, 20amma İsa onlara «Mənəm, qorxmayın» dedi. 21Onda şagirdlər Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı. 22Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib. 23O arada Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına gəldilər. 24Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara minərək İsanı axtara-axtara Kefernahuma gəldi.
Həyat çörəyi
25İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. 26İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız. 27Keçib-gedən yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub». 28Onlar İsadan soruşdular: «Allahın istədiyi işləri görmək üçün biz nə edək?» 29İsa onlara cavab verdi: «Allahın istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin». 30Onlar İsaya dedilər: «Sən nə əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən? 31Ata-babalarımız çöldə manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”». 32Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, göydən həqiqi çörəyi sizə verən Atamdır. 33Çünki Allahın çörəyi budur ki, göydən enir və dünyaya həyat verir». 34Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver». 35İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. 36Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz. 37Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. 38Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. 39Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. 40Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». 41Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib 42dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» 43İsa onlara cavab verdi: «Öz-özünüzə deyinməyin. 44Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. 45Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. 46Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. 47Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. 48Həyat çörəyi Mənəm. 49Ata-babalarınız çöldə manna yedilər və öldülər. 50Bu isə göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz. 51Göydən enmiş canlı çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün verəcəyim çörək Öz ətimdir». 52Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər. 53Onda İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, daxilinizdə həyat olmayacaq. 54Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata malikdir və Mən onu son gündə dirildəcəyəm. 55Çünki Mənim ətim həqiqi yemək, qanım da həqiqi içkidir. 56Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda qalıram. 57Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi Məndən yeyən də Mənim sayəmdə yaşayacaq. 58Göydən enmiş çörək budur, ata-babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». 59İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.
Şagirdlərin çoxu İsanı tərk edir
60Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya bilər?» 61Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz sizi büdrədirmi? 62Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, necə? 63Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim sözlər Ruh və həyat gətirir. 64Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi. 65O dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma gələ bilməz». 66Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. 67Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?» 68Şimon Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini söyləyən Sənsən. 69Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən». 70İsa onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir». 71O bu sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu halda İsaya xəyanət edəcəkdi.
Yəhya 7
İsa Çardaqlar bayramına gedir
1 Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. 2Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. 3Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. 4Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır». 5Çünki qardaşları da Ona iman etmirdi. 6Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. 7Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. 8Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm». 9İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı. 10Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. 11Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər. 12Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. 13Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı. 14Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. 15Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» 16İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. 17Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. 18Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. 19Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» 20Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» 21İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. 22Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. 23Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? 24Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».
İsa Məsihdirmi?
25Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? 26Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? 27Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». 28İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, 29Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». 30Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. 31Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?» 32Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. 33İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. 34Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». 35Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? 36“Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?» 37Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. 38Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». 39Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi. 40Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. 41Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? 42Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» 43Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. 44Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.
Yəhudi başçılarının imansızlığı
45Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. 46Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». 47Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? 48Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? 49Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» 50Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: 51«Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» 52Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz».
İsa və zinakar qadın
53Bundan sonra hər kəs öz evinə getdi.
Yəhya 8
1Lakin İsa Zeytun dağına getdi. 2Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. 3İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb 4İsaya dedilər: «Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. 5Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?» 6Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. 7Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın». 8Sonra yenə əyilib yerə yazı yazdı. 9Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. 10İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?» 11Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum etmirəm, get, daha günah etmə».
Doğru şəhadət
12Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq». 13Fariseylər Ona dedilər: «Sən Öz barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil». 14İsa onlara cavab verdi: «Mən Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz. 15Siz bəşər qaydalarına görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm. 16Mən mühakimə etsəm də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. 17Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır. 18Mən Öz barəmdə şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir». 19Onda İsadan soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız». 20İsa bu sözləri məbəddə, nəzir qutuları olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ gəlməmişdi. 21Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz». 22Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?» 23İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm. 24Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz». 25Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam. 26Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». 27İsanın onlara Ata barədə danışdığını anlamadılar. 28Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, O Mənəm və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram. 29Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm». 30İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.
İbrahim övladları və iblis övladları
31O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, həqiqətən, Mənim şagirdlərimsiniz. 32Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad edəcək». 33Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?» 34İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir. 35Kölə evdə daim qalmaz, oğulsa daim qalar. 36Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, azad olacaqsınız. 37İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır. 38Mən Atanın yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz». 39Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz. 40Sizsə indi Məni – Allahdan eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi. 41Siz öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir Atamız var, O da Allahdır». 42İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən gəlmədim, lakin O Məni göndərdi. 43Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim sözümü dinləyə bilmirsiniz. 44Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və yalanın atasıdır. 45Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız. 46Sizdən kim sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə inanmırsınız? 47Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki Allahdan deyilsiniz».
İsanın izzəti
48Yəhudilər cavabında Ona dedilər: «Sən Samariyalısan və Səndə cin var. Məgər doğru demirikmi?» 49İsa cavab verdi: «Məndə cin yoxdur, amma Atama hörmət edirəm, sizsə Məni hörmətdən salırsınız. 50Mən Özümə izzət axtarmıram, Mənə izzət axtaran və bu işi mühakimə edən Biri var. 51Doğrusunu, doğrusunu sizə deyirəm: kim Mənim sözümə riayət edərsə, heç vaxt ölüm görməyəcək». 52Yəhudilər Ona dedilər: «İndi bildik ki, Səndə cin var. İbrahim də öldü, peyğəmbərlər də. Amma Sən “kim Mənim sözümə riayət edərsə, heç vaxt ölməyəcək” deyirsən. 53Yoxsa Sən atamız İbrahimdən də üstünsən? O da öldü, peyğəmbərlər də. Axı Sən Özünü kim sayırsan?» 54İsa cavab verdi: «Əgər Mən Özümü izzətləndirirəmsə, Mənim izzətim heçdir, amma Məni izzətləndirən Atamdır. Siz Onun barəsində “Allahımızdır” deyirsiniz, 55lakin Onu tanımırsınız. Mənsə Onu tanıyıram. Əgər “Onu tanımıram” desəydim, sizin kimi yalançı olardım. Lakin Mən Onu tanıyıram və sözünə riayət edirəm. 56Atanız İbrahim Mənim günümü görəcəyi üçün şad oldu, görüb sevindi». 57Buna görə Yəhudilər Ona dedilər: «Sənin heç əlli yaşın yoxdur, İbrahimi necə görmüsən?» 58İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: İbrahim olmazdan qabaq Var Olan Mənəm». 59O zaman İsanı daşqalaq etmək üçün yerdən daş götürdülər, ancaq İsa gizləndi və məbəddən çıxdı.
Yəhya 9
Kor adamın sağalması
1İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. 2Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» 3İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. 4Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. 5Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». 6Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. 7Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. 8Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» 9Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. 10Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. 11O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». 12Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi.
Fariseylərin istintaqı
13Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. 14İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. 15Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». 16Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. 17Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi. 18Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar. 19Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» 20Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub. 21Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». 22Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun. 23Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi. 24Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». 25O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». 26Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» 27Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?» 28Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. 29Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik». 30O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. 31Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. 32Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. 33Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». 34Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar.
Ruhani korluq
35O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?» 36O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» 37İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». 38O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. 39İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun». 40Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. 41İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır.
Yəhya 10
Yaxşı çoban
1Doğrusunu, doğrusunu sizə deyirəm: qoyun ağılına qapıdan girməyib başqa yerdən aşan oğru və quldurdur. 2Amma qapıdan girən qoyunların çobanıdır. 3Keşikçi qapını onun üzünə açar və qoyunlar onun səsinə qulaq asar. O da öz qoyunlarını adları ilə çağırar və onları çölə çıxarar. 4Öz qoyunlarının hamısını çölə çıxarandan sonra onların önündə gedər və qoyunlar da ardınca gedər, çünki onun səsini tanıyırlar. 5Amma yad adamın ardınca getməzlər, ondan qaçarlar, çünki yad adamların səsini tanımazlar». 6İsa bu məsəli onlara söylədi, amma onlar İsanın sözlərinin mənasını anlamadılar. 7İsa yenə onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: qoyunların qapısı Mənəm. 8Məndən əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı. 9Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar. 10Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun. 11Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban verər. 12Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 13Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz. 14Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 15Yaxşı çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 16Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq. 17Buna görə də Ata Məni sevir, çünki Mən canımı qurban verirəm ki, sonra onu geri alım. 18Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam». 19Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 20Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?» 21Başqaları isə dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça bilərmi?»
Yəhudilərin İsa ilə mübahisəsi
22O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi. 23İsa məbədin həyətində olan Süleymanın eyvanında gəzirdi. 24Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə». 25İsa onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm işlər Mənim barəmdə şəhadət edir. 26Amma siz inanmırsınız, çünki Mənim quzularımdan deyilsiniz. 27Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər. 28Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim onları əlimdən qapmayacaq. 29Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç kim Atanın əlindən qapa bilməz. 30Mən və Ata birik». 31Yəhudilər yenə yerdən daş götürdülər ki, Onu daşqalaq etsinlər. 32İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?» 33Yəhudilər Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah sayaraq küfr etdiyinə görə daşqalaq edirik». 34İsa onlara dedi: «Məgər sizin öz Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”? 35Allah Öz kəlamını göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz. 36Bəs siz niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi Şəxsə “küfr edirsən” deyirsiniz? 37Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 38Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, Mənim də Atada olduğumu anlayıb bilərsiniz». 39Onlar yenə İsanı tutmağa çalışdı, amma O, əllərindən sıyrılıb çıxdı. 40İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz etdiyi yerə getdi və orada qaldı. 41Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı». 42Bir çox adam da orada İsaya iman etdi.
Yəhya 11
İsa ölən Lazarı dirildir
1 Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya kəndindən idi. 2Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm idi. Xəstələnən Lazar onun qardaşı idi. 3Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam xəstədir» deyə İsaya xəbər göndərdi. 4İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq». 5İsa Martanı, onun bacısını və Lazarı sevirdi. 6Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu yerdə daha iki gün qaldı. 7Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 8Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə çalışırdı. Sən yenə də oraya qayıdırsan?» 9İsa cavab verdi: «Gündə on iki saat yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 10Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur». 11İsa bu sözləri söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün gedirəm». 12Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq». 13İsa onun ölümü barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib. 14Onda İsa onlara açıqca dedi: «Lazar ölüb. 15Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək». 16«Əkiz» adlanan Tomas o biri şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək». 17İsa gəlib Lazarın artıq dörd gündən bəri qəbirdə olduğunu bildi. 18Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var idi. 19Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə gəlmişdi. 20Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə oturmuşdu. 21Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 22Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək». 23İsa ona «qardaşın diriləcək» dedi. 24Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da diriləcək». 25İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 26yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» 27Marta Ona cavab verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». 28Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim buradadır, səni çağırır». 29Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi. 30İsa hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı. 31Məryəmlə birgə evdə olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər. 32Məryəm İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi». 33İsa onun və yanında gələn Yəhudilərin ağladığını görəndə əhvalı pozuldu və təlaşa düşdü. 34İsa onlardan «Mərhumu haraya qoymusunuz?» deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər. 35İsa ağladı. 36Onda Yəhudilər «Bax onu necə də sevirmiş!» söylədilər. 37Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?» 38O zaman İsa yenə əhvalı pozulmuş halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu. 39İsa «daşı götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü dörd gündür». 40İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini görəcəksən?» 41Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni eşitdiyin üçün Sənə şükür edirəm. 42Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar». 43Bu sözləri söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı. 44Ölü də bayıra çıxdı. Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın getsin» dedi. 45Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir çoxu Ona iman etdi. 46Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini onlara danışdı.
Fariseylərin İsanı öldürmək niyyətləri
(Mat. 26:1-5; Mark 14:1-2; Luka 22:1-2)
47Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam çoxlu əlamət göstərir. 48Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da gəlib məbədimizi və millətimizi məhv edəcək». 49Orada olanlardan biri, həmin il baş kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz. 50Başa düşmürsünüz ki, bütün bu millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?» 51O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib xəbər verdi ki, İsa bu millətin uğrunda – 52təkcə millətin uğrunda deyil, Allahın hər tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək. 53Beləcə o gündən etibarən İsanı öldürməyi qərara aldılar. 54Buna görə də İsa daha Yəhudilərin arasında açıq gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada qaldı. 55Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan qabaq kəndlərdən Yerusəlimə getdi. 56Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?» 57Başçı kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin» deyə əmr vermişdilər.
Yəhya 12
Məryəmin İsaya hədiyyəsi
(Mat. 26:6-13; Mark 14:3-9)
1Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. 2Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. 3Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. 4Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: 5«Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» 6Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. 7Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. 8Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam». 9Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. 10Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. 11Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
İsanın Yerusəlimə daxil olması
(Mat. 21:1-11; Mark 11:1-11; Luka 19:28-40)
12Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə 13xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna!
Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!»
deyə qışqırırdı. 14İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb: 15«Ey Sion qızı, qorxma.
Bax Padşahın bir sıpaya minib gəlir».
16Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. 17İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. 18Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. 19Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».
İsa öləcəyini əvvəlcədən bildirir
20Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. 21Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. 22Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. 23İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. 24Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. 25Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. 26Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək. 27İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. 28Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. 29Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. 30İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. 31İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. 32Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». 33İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. 34Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» 35Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. 36Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».
Xalqın inadkarlığı
İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. 37Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. 38Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı,
Rəbbin gücü kimə zühur oldu?»
39Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib: 40«Allah onların gözlərini kor etdi
Və ürəklərini kütləşdirdi ki,
Gözləri ilə görməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim».
41Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 42Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. 43Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər. 44İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. 45Məni görən də Məni Göndərəni görür. 46Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. 47Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. 48Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. 49Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. 50Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm».
Yəhya 13
İsa şagirdlərinin ayaqlarını yuyur
1Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra qədər də sevdi. 2Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu. 3İsa Atanın hər şeyi Onun ixtiyarına verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi. 4O, süfrədən qalxıb üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı. 5Sonra ləyənə su töküb şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı. 6İsa Şimon Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. 7İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra anlayacaqsan». 8Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz». 9Şimon Peter Ona dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu». 10İsa ona dedi: «Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz də təmizsiniz, amma hamınız yox». 11Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna görə də «hamınız təmiz deyilsiniz» söylədi. 12İsa onların ayaqlarını yuduqdan sonra paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi bilirsinizmi? 13Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, çünki Mən elə Oyam. 14İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız. 15Çünki sizə nümunə göstərdim ki, Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz. 16Doğrusunu, doğrusunu sizə deyirəm: qul ağasından, elçi də onu göndərəndən üstün deyil. 17Əgər bu şeyləri bilib onlara əməl edirsinizsə, bəxtiyarsınız. 18Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 19İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: O Mənəm. 20Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».
Yəhudanın xəyanəti
(Mat. 26:20-25; Mark 14:17-21; Luka 22:21-33)
21İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». 22Şagirdlər Onun kimin barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 23Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı. 24Şimon Peter həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun. 25Həmin şagird İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?» 26İsa cavab verdi: «Bu çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya verdi. 27Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez et!» dedi. 28İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 29Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir. 30Yəhuda tikəni alan kimi dərhal bayıra çıxdı. Artıq gecə idi.
Bir-birinizi sevin
31O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 32İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə izzətləndirəcək. 33Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi indi sizə də bunu söyləyirəm. 34Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 35Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».
Peterin inkarı barədə peyğəmbərlik
(Mat. 26:31-35; Mark 14:27-31; Luka 22:31-34)
36Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən». 37Peter Ona dedi: «Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm». 38İsa ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.
Yəhya 14
İsa Allaha gedən yoldur
1Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin. 2Atamın evində çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa gedirəm? 3Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız. 4Gedəcəyim yerə aparan yolu tanıyırsınız». 5Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya bilərik?» 6İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. 7Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz». 8Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu bizim üçün kifayətdir». 9İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” deyirsən? 10Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür. 11Mən Atadayam, Ata da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın. 12Doğrusunu, doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm 13və Mənim adımla hər nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin. 14Əgər Mənim adımla Məndən bir şey diləsəniz, onu edəcəyəm.
Müqəddəs Ruh barədə vəd
15Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz. 16Mən də Atadan xahiş edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun. 17O, həqiqət Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq. 18Sizi yetim qoymaram, yanınıza gələcəyəm. 19Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız. 20O gün biləcəksiniz ki, Mən Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm. 21Kim əmrlərimə bağlı qalıb onlara riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona zahir edəcəyəm». 22İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, Özünü dünyaya deyil, bizə zahir edəcəksən?» 23İsa ona cavab verdi: «Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. 24Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən Atanın sözüdür. 25Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim. 26Lakin Vəsatətçi – Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim bütün sözləri yadınıza salacaq. 27Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və qorxmayın. 28Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən üstündür. 29Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız. 30Daha sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə heç bir səlahiyyəti yoxdur. 31Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.
Yəhya 15
Meynə və budaqlar
1Mən həqiqi Meynəyəm, Atam da Bağbandır. 2Məndə olub bəhrə verməyən hər budağı Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 3Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz. 4Məndə qalın, Mən də sizdə qalım. Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə verə bilməzsiniz. 5Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz. 6Kim Məndə qalmasa, budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar. 7Əgər Məndə qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək. 8Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir. 9Ata Məni sevdiyi kimi Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın. 10Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram. 11Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun. 12Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 13Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən üstün ola bilməz. 14Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim dostlarımsınız. 15Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim. 16Siz Məni seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 17Beləliklə, sizə əmr edirəm: bir-birinizi sevin.
Dünyanın nifrəti
18Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. 19Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir. 20Mənim sizə söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət edəcəklər. 21Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni Göndərəni tanımırlar. 22Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi günahları üçün bəhanələri yoxdur. 23Mənə nifrət edən Atama da nifrət edir. 24Əgər Məndən başqa heç kəsin etmədiyi işləri onların arasında etməsəydim, günahları olmazdı. Amma indi Mənim nə etdiyimi gördülər, həm Mənə, həm də Atama nifrət etdilər. 25Lakin bu ona görə baş verdi ki, öz Qanunlarında yazılan “Mənə nahaqdan nifrət etdilər” sözü yerinə yetsin. 26Atadan sizə göndərəcəyim Vəsatətçi – Atanın yanından çıxan həqiqət Ruhu gəldiyi zaman Mənim barəmdə şəhadət edəcək. 27Siz də şəhadət edəcəksiniz, çünki başlanğıcdan Mənimlə birlikdəsiniz.
Yəhya 16
1Büdrəməyəsiniz deyə bunları sizə söylədim. 2Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. 3Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. 4İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız.
Müqəddəs Ruhun işi
Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. 5İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. 6Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. 7Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. 8O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: 9günah barədə, çünki Mənə iman etmirlər; 10salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; 11mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. 12Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. 13Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. 14O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. 15Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. 16Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz».
Kədəriniz sevincə dönəcək
17O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?» 18Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq». 19İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz? 20Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. 21Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. 22Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. 23O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. 24İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun. 25Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam. 26O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. 27Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız. 28Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm». 29Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. 30İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq». 31İsa onlara dedi: «İndi inanırsınızmı? 32Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir. 33Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim».
Yəhya 17
İsa şagirdləri üçün yalvarır
1İsa bunları söylədikdən sonra başını göyə qaldırıb dedi: «Ey Ata, vaxt gəldi; Öz Oğlunu izzətləndir ki, Oğul da Səni izzətləndirsin. 2Sən Ona bütün bəşər üzərində səlahiyyət verdin ki, Ona verdiyin şəxslərin hamısına əbədi həyat versin. 3Əbədi həyat da budur ki, Səni – yeganə həqiqi Allahı və göndərdiyin İsa Məsihi tanısınlar. 4Mən yerinə yetirməyi tapşırdığın işi tamamlamaqla Səni yer üzündə izzətləndirdim. 5Ey Ata, dünya yaranmazdan əvvəl Mən Sənin yanında olarkən malik olduğum izzəti indi Mənə Öz yanında ver. 6Dünyadan Mənə verdiyin adamlara Sənin adını aşkar etdim. Onlar Səninki idi. Sən onları Mənə verdin və onlar Sənin sözünə riayət etdilər. 7İndi də bilirlər ki, Mənə verdiyin bütün şeylər Səndəndir. 8Çünki Mənə bildirdiyin sözləri onlara bildirdim, onlar da qəbul etdilər. Sənin yanından çıxıb gəldiyimi əminliklə bildilər və Məni Sən göndərdiyinə inandılar. 9Mənim onlar üçün xahişim var. Dünya üçün deyil, Mənə verdiyin kəslər üçün xahişim var, çünki onlar Səninkidir. 10Mənim olan hər şey Sənindir, Sənin olanlar da Mənimdir və Mən onlarda izzətlənmişəm. 11Mən artıq dünyada deyiləm, onlarsa dünyadadır və Mən Sənin yanına gəlirəm. Ey Müqəddəs Ata, onları Mənə verdiyin adınla qoru ki, Bizim kimi bir olsunlar. 12Onlarla birlikdə olduğum zaman onları Mənə verdiyin adınla qoruyurdum. Onları saxladım və Müqəddəs Yazı yerinə yetsin deyə həlaka gedən adamdan başqa, onlardan heç biri həlak olmadı. 13İndi isə Sənin yanına gəlirəm. Dünyada ikən bu sözləri söyləyirəm ki, Mənim sevincim onlarda kamil olsun. 14Mən onlara Sənin sözünü verdim. Dünya isə onlara nifrət etdi, çünki Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 15Onları dünyadan götürməyi deyil, şər olandan qorumağı Səndən xahiş edirəm. 16Mən dünyadan olmadığım kimi onlar da dünyadan deyil. 17Onları həqiqətlə təqdis et. Sənin sözün həqiqətdir. 18Sən Məni dünyaya göndərdiyin kimi Mən də onları dünyaya göndərdim. 19Mən Özümü onların uğrunda təqdis edirəm ki, onlar da həqiqətlə təqdis olunsun. 20Yalnız onlar üçün deyil, onların sözü ilə Mənə iman edənlər üçün də xahiş edirəm ki, 21hamısı bir olsun. Ey Ata, Sən Məndə, Mən də Səndə olduğum kimi onlar da Bizdə olsun ki, dünya Sənin Məni göndərdiyinə inansın. 22Mənə verdiyin izzəti Mən də onlara verdim ki, Biz bir olduğumuz kimi onlar da bir olsun. 23Mən onlarda, Sən də Məndə olmaqla bütünlüklə bir olsunlar ki, dünya Sənin Məni göndərdiyini, Məni sevdiyin kimi onları da sevdiyini bilsin. 24Ey Ata, istəyirəm ki, Mənə verdiyin şəxslər də Mənim olduğum yerdə Mənimlə birlikdə olub Mənim izzətimi görsünlər. Bu izzəti dünya yaranmazdan əvvəl Məni sevdiyin üçün Mənə verdin. 25Ey ədalətli Ata, dünya Səni tanımadı, Mənsə Səni tanıdım, bunlar da Sənin Məni göndərdiyini bildilər. 26Sənin adını onlara bildirdim və yenə bildirəcəyəm ki, Sənin Mənə bəslədiyin məhəbbət onlarda olsun, Mən də onlarda olum».
Yəhya 18
İsanın həbs olunması
(Mat. 26:47-56; Mark 14:43-50; Luka 22:55-57)
1İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. 2Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. 3Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. 4İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. 5Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. 6İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. 7Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. 8İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər». 9Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. 10Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. 11Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?» 12Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. 13Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi. 14Bu həmin Qayafa idi ki, «bir Adamın xalq uğrunda ölməsi yaxşıdır» deyə Yəhudi başçılarına məsləhət vermişdi.
Peterin ilk inkarı
(Mat. 26:69-70; Mark 14:66-68; Luka 22:55-57)
15Şimon Peter və başqa bir şagird İsanın ardınca gedirdilər. Baş kahin həmin şagirdi tanıdığı üçün o, İsa ilə birlikdə baş kahinin həyətinə girdi. 16Peter isə bayırda qapının yanında durmuşdu. O vaxt baş kahinin tanıdığı bu şagird bayıra çıxıb qapıçı qızla danışdı və Peteri içəri gətirdi. 17Bu arada qapıçı qız Peterdən soruşdu: «Yoxsa sən də bu Adamın şagirdlərindənsən?» O isə «xeyr, deyiləm» dedi. 18Soyuq olduğu üçün qullar və mühafizəçilər orada ocaq qalamışdılar və ətrafında dayanıb isinirdilər. Peter də onlarla yanaşı dayanıb isinirdi.
Baş kahinin yanında sorğu-sual
(Mat. 26:59-66; Mark 14:55-64; Luka 22:66-71)
19O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. 20İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm. 21Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». 22İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu. 23İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» 24Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi.
Peterin ikinci və üçüncü inkarı
(Mat. 26:71-75; Mark 14:69-72; Luka 22:58-62)
25Şimon Peter bayırda durub isinirdi. Ondan soruşdular: «Yoxsa sən də Onun şagirdlərindənsən?» O inkar edib «xeyr, deyiləm» söylədi. 26Baş kahinin qullarından biri Peterin vurub qulağını kəsdiyi adamın qohumu idi. Həmin qul «Səni bağçada Onunla birlikdə görmədimmi?» deyə Peterdən soruşdu. 27Peter yenə inkar etdi. Həmin anda xoruz banladı.
İsa vali Pilatın önündə
(Mat. 27:1-2,11-31; Mark 15:1-20; Luka 23:3-5,13-25)
28Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər. 29Ona görə də Pilat bayıra, onların yanına çıxıb dedi: «Bu Adamı nədə ittiham edirsiniz?» 30Onlar Pilata cavab verdilər: «Əgər bu Adam cinayətkar olmasaydı, Onu sənə təslim etməzdik». 31Pilat onlara dedi: «Onu siz götürüb öz Qanununuza görə mühakimə edin». Yəhudi başçıları Pilata dedi: «Bizim heç kəsi edam etməyə icazəmiz yoxdur». 32Onlar belə dedilər ki, İsanın necə bir ölümlə öləcəyinə işarə edərək söylədiyi söz yerinə yetsin. 33Pilat yenə vali sarayına girdi, İsanı çağırıb Ona dedi: «Yəhudilərin Padşahı Sənsənmi?» 34İsa cavab verdi: «Sən bunu özündənmi söyləyirsən, yoxsa başqaları sənə Mənim barəmdə danışdılar?» 35Pilat dedi: «Məgər mən Yəhudiyəm? Səni Öz millətin və başçı kahinlər mənə təslim etdi. Söylə, nə etmisən?» 36İsa cavab verdi: «Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil». 37Pilat ona dedi: «Demək, Sən Padşahsan?» İsa cavab verdi: «Sənin dediyin kimi Mən Padşaham. Mən həqiqət barədə şəhadət etmək üçün doğulub dünyaya gəldim. Həqiqətdən olan hər kəs Mənim səsimə qulaq asar». 38Pilat Ona «Həqiqət nədir?» dedi. Bunu deyəndən sonra yenə bayıra, Yəhudilərin yanına çıxıb onlara dedi: «Mən Onda heç bir təqsir görmürəm. 39Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?» 40Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox, Barabbanı azad et!» Barabba isə bir quldur idi.
Yəhya 19
İsanın ölümə məhkum edilməsi
1Onda Pilat İsanı aparıb qamçılatdı. 2Əsgərlər də tikandan bir tac hörüb Onun başına qoydular və Ona tünd qırmızı paltar geyindirdilər. 3Onlar İsanın yanına gəlib «Yəhudilərin Padşahı sağ olsun!» deyirdilər və Ona şillə vururdular. 4Pilat yenə bayıra çıxıb Yəhudilərə dedi: «Budur, Onu bayıra, sizin yanınıza gətirirəm ki, Onda bir təqsir görmədiyimi biləsiniz». 5O zaman İsa başında tikandan tac, əynində tünd qırmızı paltar bayıra çıxdı. Pilat onlara dedi: «O Adam budur!» 6Başçı kahinlər və mühafizəçilər Onu gördükdə «Çarmıxa çək, çarmıxa çək!» deyə bağırdılar. Pilat onlara dedi: «Onu özünüz götürüb çarmıxa çəkin, çünki mən Onda bir təqsir görmürəm». 7Yəhudilər ona cavab verdilər: «Bizim bir qanunumuz var, bu qanuna görə O ölməlidir, çünki Özünü Allahın Oğlu adlandırır». 8Pilat bu sözü eşidəndə daha da qorxdu. 9Yenə vali sarayına girib İsadan soruşdu: «Sən haradansan?» Amma İsa ona cavab vermədi. 10Pilat Ona dedi: «Mənəmi cavab vermirsən? Bilmirsən ki, Səni azad etməyə yaxud çarmıxa çəkməyə səlahiyyətim var?» 11İsa ona cavab verdi: «Əgər sənə yuxarıdan verilməsəydi, Mənim üzərimdə heç bir səlahiyyətin olmazdı. Buna görə də Məni sənə təslim edənin günahı daha böyükdür». 12Bundan sonra Pilat Onu azad etməyə çalışdı, ancaq Yəhudilər bağırıb dedilər: «Əgər bu Adamı azad etsən, qeysərin dostu deyilsən. Kim özünü padşah elan edirsə, qeysərə qarşı çıxmış olur». 13Pilat bu sözü eşitdikdə İsanı bayıra apardı və ibranicə Qabbata, yəni Daş döşəmə deyilən yerdə hökm kürsüsünə oturdu. 14Pasxaya hazırlıq günü idi. Altıncı saat radələri idi. Pilat Yəhudilərə «Padşahınız budur!» dedi. 15Amma onlar «Yox, rədd olsun, rədd olsun! Onu çarmıxa çək!» deyə bağırdı. Pilat onlardan soruşdu: «Padşahınızımı çarmıxa çəkim?» Başçı kahinlər cavab verdilər: «Qeysərdən başqa padşahımız yoxdur!» 16Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi.
İsanın çarmıxa çəkilməsi
(Mat. 27:32-44; Mark 15:21-32; Luka 23:24-43)
Əsgərlər İsanı götürüb apardılar. 17İsa çarmıxını Özü daşıyaraq ibranicə Qolqota, yəni «Kəllə yeri» adlanan yerə çıxdı. 18Orada Onu və başqa iki nəfəri çarmıxa çəkdilər: biri İsanın sağında, o biri isə solunda idi, İsa da ortada idi. 19Pilat bir lövhə yazıb onu çarmıxın üstündə asdırdı. Orada belə yazılmışdı: «Yəhudilərin Padşahı Nazaretli İsa». 20Yəhudilərin bir çoxu bu lövhəni oxudu, çünki İsanın çarmıxa çəkildiyi yer şəhərə yaxın idi və lövhədə ibranicə, latınca və yunanca yazılmışdı. 21Bunu görüb Yəhudi başçı kahinləri Pilata dedilər: «“Yəhudilərin Padşahı” yox, “Özünü Yəhudilərin Padşahı adlandıran” yaz». 22Pilat cavab verdi: «Nə yazdımsa, yazdım». 23Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 24Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı «Aralarında paltarlarımı bölüşdürdülər,
Geyimim üçün püşk atdılar»
sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər. 25İsanın çarmıxı yanında anası, anasının bacısı, Klopanın arvadı Məryəm və Məcdəlli Məryəm dayanmışdı. 26İsa anasını və onun yanında Öz sevimli şagirdinin dayandığını gördükdə anasına dedi: «Ana, bu sənin oğlundur!» 27Sonra isə şagirdə dedi: «Bu da sənin anandır!» Həmin andan sonra şagird onu öz evinə apardı.
İsanın ölümü
(Mat. 27:45-56; Mark 15:33-41; Luka 23:44-49)
28Daha sonra İsa hər şeyin artıq tamam olduğunu bilərək Müqəddəs Yazı tam yerinə yetsin deyə «Susadım!» dedi. 29Orada şərab sirkəsi ilə dolu bir qab qoyulmuşdu. Bir süngəri şərab sirkəsinə batıraraq züfaya taxıb İsanın ağzına yaxınlaşdırdılar. 30İsa şərab sirkəsini daddı. Sonra «tamam oldu» dedi və başını əyib ruhunu tapşırdı. 31Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. 32Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. 33İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. 34Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. 35Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. 36Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. 37Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir.
İsanın dəfni
(Mat. 27:57-61; Mark 15:42-47; Luka 23:50-56)
38Bundan sonra Arimateyalı Yusif Pilatdan İsanın cəsədini götürməyi xahiş etdi. Yusif İsanın şagirdi idi, amma Yəhudi başçılarından qorxduğu üçün bunu gizli saxlayırdı. Pilat ona izin verdi və Yusif gəlib İsanın cəsədini götürdü. 39Vaxtı ilə gecə ikən İsanın yanına gələn Nikodim də gəlib yüz litraya qədər qarışıq mirra və əzvay gətirdi. 40İsanın cəsədini götürüb Yəhudilərin dəfn adətinə uyğun olaraq ətirlərlə birgə kətan bezlərə sarıdılar. 41İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. 42Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi.
Yəhya 20
İsanın dirilməsi
(Mat. 28:1-8; Mark 16:1-8; Luka 24:1-12)
1Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. 2Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». 3Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. 4İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. 5Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. 6O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri 7və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. 8Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi. 9Çünki onlar İsanın mütləq ölülər arasından diriləcəyini bildirən Müqəddəs Yazını hələ anlamırdılar. 10Beləcə şagirdlər yenə evlərinə qayıtdılar.
İsanın Məcdəlli Məryəmə görünməsi
(Mat. 28:9-10; Mark 16:9-11)
11Məryəm isə ağlayaraq qəbirin bayırında dayanmışdı. Ağlaya-ağlaya əyilib qəbirin içinə baxdı. 12Orada ağ paltar geymiş iki mələk gördü: biri İsanın cəsədinin qoyulduğu yerin başında, o biri isə ayağında oturmuşdu. 13Onlar Məryəmdən «Ey qadın, niyə ağlayırsan?» deyə soruşdu. Məryəm də onlara dedi: «Rəbbimi qəbirdən aparıblar və hara qoyduqlarını bilmirəm». 14Bunu deyəndən sonra arxaya dönüb İsanın orada dayandığını gördü, amma Onun İsa olduğunu bilmədi. 15İsa ondan soruşdu: «Ey qadın, niyə ağlayırsan? Kimi axtarırsan?» Məryəm Onun bağban olduğunu güman edərək dedi: «Ağa, əgər Onu Sən aparmısansa, hara qoyduğunu mənə söylə, mən də Onu götürüm». 16İsa ona «Məryəm!» dedi. O da dönüb İsaya ibranicə «Rabbuni!» dedi. «Rabbuni» «Müəllim» deməkdir. 17İsa ona dedi: «Mənə toxunma, çünki Mən hələ Atanın yanına qalxmamışam. Amma qardaşlarımın yanına gedib onlara söylə: Öz Atamın – sizin Atanızın, Öz Allahımın – sizin Allahınızın yanına qalxıram». 18Məcdəlli Məryəm şagirdlərin yanına gəldi, onlara «Rəbbi görmüşəm!» deyib onun özünə bunları söylədiyini bildirdi.
İsanın şagirdlərinə görünməsi
(Mat. 28:16-20; Mark 16:14-18; Luka 24:36-49)
19O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. 20Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər. 21İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». 22Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: «Müqəddəs Ruhu alın! 23Kimin günahlarını bağışlasanız, bağışlanır, kimin günahlarını bağışlamasanız, bağışlanmamış qalır».
İsanın Tomasa görünməsi
24Lakin On İki şagirddən biri «Əkiz» adlanan Tomas İsa gələndə onların yanında deyildi. 25O biri şagirdlər Tomasa «Rəbbi gördük» deyəndə onlara söylədi: «Əgər Onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmağımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram». 26Səkkiz gündən sonra İsanın şagirdləri yenə otaqda toplaşanda Tomas da onların yanında idi. Qapılar bağlı olsa da, İsa içəri girdi. O ortada durub «Sizə salam olsun!» dedi. 27Bundan sonra Tomasa söylədi: «Barmağını buraya uzat, əllərimə bax, əlini də uzat, böyrümə qoy. İmansız olma, imanlı ol!» 28Tomas cavab verib Ona «Ya Rəbbim və Allahım!» dedi. 29İsa ona dedi: «Sən Məni gördüyün üçünmü iman etdin? Görmədən iman edənlər nə bəxtiyardır!» 30İsa şagirdlərinin gözü önündə bir çox başqa əlamətlər də göstərdi ki, bu kitabda yazılmayıb. 31Amma buradakılar onun üçün yazılıb ki, siz İsanın Məsih – Allahın Oğlu olduğuna inanasınız və iman edərək Onun adı ilə həyata malik olasınız.
Yəhya 21
İsa göl kənarında
1 Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu: 2Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi. 3Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. 4Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. 5İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. 6İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. 7Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. 8O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər. 9Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. 10İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». 11Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. 12İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. 13İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. 14İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü.
İsanın Peterlə söhbəti
15Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». 16İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». 17Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. 18Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». 19İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi. 20Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi. 21Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?» 22İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». 23Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi. 24Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır. 25İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı.