GİRİŞ
Vəhy 1
1Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi. 2Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi. 3Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.
Yeddi imanlılar cəmiyyətinə müraciət
4Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək 5Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun! Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək 6bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin. 7Budur, O, buludlarla gəlir!
Hər göz Onu görəcək,
Hətta Onun bədənini deşənlər də
Onu görəcək.
Yer üzünün bütün tayfaları
Onun üçün ah-nalə edəcək.
Bəli, belə olacaq. Amin.
8Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!» 9Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. 10Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim: 11«Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər». 12Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. 13Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. 14Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi; 15ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi. 16O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi. 17Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, 18Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. 19Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. 20Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir.
Vəhy 2
Efesdəki cəmiyyət
1Efesdə olan cəmiyyətin mələyinə yaz: Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: 2sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. 3Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın. 4Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. 5Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm. 6Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm. 7Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
İzmirdəki cəmiyyət
8İzmirdə olan cəmiyyətin mələyinə yaz: Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: 9sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. 10Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. 11Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək.
Berqamadakı cəmiyyət
12Berqamada olan cəmiyyətin mələyinə yaz: İkiağızlı iti qılıncı Olan belə deyir: 13gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin. 14Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. 15Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. 16Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm. 17Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
Tiatiradakı cəmiyyət
18Tiatirada olan cəmiyyətin mələyinə yaz: Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: 19sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur. 20Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. 21Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. 22Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. 23Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm. 24Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; 25ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. 26Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm. 27“Dəmir əsa ilə onlara ağalıq edəcək,
Saxsı qablar kimi onları çilik-çilik edəcək”.
28Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. 29Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Vəhy 3
Sarddakı cəmiyyət
1Sardda olan cəmiyyətin mələyinə yaz: Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən. 2Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. 3Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən. 4Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. 5Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm. 6Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Filadelfiyadakı cəmiyyət
7Filadelfiyada olan cəmiyyətin mələyinə yaz: Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir: 8sənin əməllərindən xəbərdaram. Bax Mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən. 9İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər. 10Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. 11Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin. 12Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam. 13Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
Laodikeyadakı cəmiyyət
14Laodikeyada olan cəmiyyətin mələyinə yaz: Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir: 15sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! 16İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. 17Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan. 18Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan. 19Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et. 20Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik. 21Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam. 22Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».
Vəhy 4
Göydəki taxt
1Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm». 2Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub. 3Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi. 4Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu. 5Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur. 6Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi. 7Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi. 8Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan
Külli-İxtiyar Rəbb Allah
Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
9Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə 10iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: 11«Ey bizim Rəbbimiz və Allahımız!
Sən izzət, şərəf və qüdrət almağa layiqsən.
Çünki hər şeyi Sən yaratdın,
Hər şey Sənin iradənlə var olub yarandı».
Vəhy 5
Möhürlü tumar və Quzu
1Mən taxtda Oturanın sağ əlində bir tumar gördüm ki, onun hər iki tərəfi də yazılmışdı və yeddi möhürlə möhürlənmişdi. 2Həmçinin gördüm ki, qüdrətli bir mələk uca səslə elan edir: «Tumarın möhürlərini qırmağa və onu açmağa kim layiqdir?» 3Amma nə göydə, nə yer üzündə, nə də yer altında bir kəs bu tumarı açmağı yaxud onun içinə baxmağı bacarmadı. 4Mən çox ağladım, çünki tumarı açmağa yaxud onun içinə baxmağa layiq olan bir kəs tapılmadı. 5Onda ağsaqqallardan biri mənə dedi: «Ağlama! Budur, Yəhuda qəbiləsindən olan Aslan, Davudun Kökü qalib gəlib; buna görə də O, tumarı və onun yeddi möhürünü aça bilir». 6Gördüm ki, taxtla dörd canlı məxluqun ortasında və ağsaqqalların arasında bir Quzu dayanıb; O sanki kəsilmiş vəziyyətdə idi. Onun yeddi buynuzu və yeddi gözü var idi ki, bunlar da bütün yer üzünə göndərilmiş Allahın yeddi ruhudur. 7Quzu yaxınlaşıb taxtda Oturanın sağ əlindən tumarı götürdü. 8O, tumarı götürdüyü zaman dörd canlı məxluq və iyirmi dörd ağsaqqal Quzunun önündə yerə qapandı. Hər birinin əlində çəng var idi və buxurla dolu qızıl nimçələr tuturdular ki, bunlar müqəddəslərin dualarıdır. 9Onlar yeni bir nəğmə oxuyaraq deyirdi: «Sən tumarı götürüb
Onun möhürlərini qırmağa layiqsən.
Çünki Sən kəsildin
Və hər tayfadan, dildən, xalqdan və millətdən olanları
Allah üçün Öz qanın bahasına satın aldın.
10Onları Allahımızla birgə
Padşahlığa və kahinliyə şərik etdin;
Onlar da yer üzünə padşahlıq edəcək».
11Taxtın, canlı məxluqların və ağsaqqalların ətrafında saysız-hesabsız mələk gördüm və onların səsini eşitdim. 12Onlar uca səslə deyirdi: «Kəsilmiş Quzu
Qüdrəti, sərvəti, hikməti, qüvvəti,
Şərəfi, izzəti və alqışı
Almağa layiqdir».
13Həmçinin mən göydə, yer üzündə, yer altında, dənizdə olan bütün məxluqların və oralardakı bütün varlıqların belə dediyini eşitdim: «Taxtda Oturana və Quzuya əbədi olaraq
Alqış, şərəf, izzət və qüdrət olsun!»
14Dörd canlı məxluq da «Amin!» deyirdi. Onda ağsaqqallar yerə qapanıb səcdə etdilər.
Vəhy 6
Yeddi möhür
1Mən gördüm ki, Quzu yeddi möhürün birini açdı. Onda dörd canlı məxluqdan birinin göy gurultusuna bənzər səslə «gəl» dediyini eşitdim. 2Gördüm ki, bir ağ at və onun belində oturan atlının əlində ox-kaman var. Ona bir tac verildi və bir qalib kimi yola çıxdı ki, qələbə qazansın. 3Quzu ikinci möhürü açanda ikinci canlı məxluqun «gəl» dediyini eşitdim. 4Onda ayrısı – od rəngində bir at ortaya çıxdı. Onun belində oturan atlıya izin verildi ki, yer üzündə sülhü aradan götürsün və insanlara bir-birini qırdırsın. Atlıya böyük bir qılınc verildi. 5Quzu üçüncü möhürü açanda üçüncü canlı məxluqun «gəl» dediyini eşitdim. Gördüm ki, bir qara at və onun belində oturan atlının əlində tərəzi var. 6Dörd canlı məxluqun arasından sanki bir səsin belə dediyini eşitdim: «Bir xiniks buğda bir dinara, üç xiniks arpa da bir dinaradır; amma zeytun yağına və şəraba ziyan vurma». 7Quzu dördüncü möhürü açanda dördüncü canlı məxluqun «gəl» dediyini eşitdim. 8Gördüm ki, bir solğun rəngdə at var. Onun belində oturan atlının adı Ölüm idi. Ölülər diyarı da onun ardınca gedirdi. Onlara yer üzünün dörddə biri üzərində səlahiyyət verildi ki, qılınc, aclıq, azar və yer üzündəki vəhşi heyvanlarla insanları qırsınlar. 9Quzu beşinci möhürü açanda qurbangahın altında Allahın kəlamına və etdikləri şəhadətə görə kəsilən canları gördüm. 10Onlar uca səslə fəryad edirdi: «Ey müqəddəs və haqq olan Pərvərdigar, nə vaxta kimi mühakimə etməyib yer üzündə yaşayanlardan qanımızın qisasını almayacaqsan?» 11Onda hər birinə ağ xalat verilib deyildi ki, özləri ilə birgə qulluq edən, onlar kimi öldürüləcək bacı-qardaşlarının sayı tamam olana qədər bir az vaxt da rahat olsunlar. 12Quzu altıncı möhürü açanda gördüm ki, böyük bir zəlzələ baş verdi. Günəş qıldan toxunan çul kimi qaraldı və ayın rəngi bütünlüklə qan kimi oldu. 13Göydəki ulduzlar da əncir ağacının güclü küləkdən sarsılıb kal meyvələrini tökdüyü kimi yerə töküldü. 14Göy də bükülən tumar kimi çəkilib getdi. Hər dağ və ada yerindən tərpəndi. 15Onda yer üzünün padşahları, böyük adamlar, sərkərdələr, varlılar, güclülər, hər qul və azad adam mağaralarda və dağlardakı qayalar arasında gizlənib 16dağlara və qayalara dedilər: «Üstümüzə qopub düşün və bizi taxtda Oturanın üzündən, Quzunun qəzəbindən gizlədin. 17Çünki qəzəblərinin böyük günü gəlib çatdı və ona qarşı kim dura bilər?»
Vəhy 7
Möhürlənmiş şəxslər
1Bundan sonra mən yer üzünün dörd küncündə dayanan dörd mələk gördüm. Onlar yer üzünün dörd küləyini tutmuşdular ki, nə quru, nə dəniz və nə də bir ağac üstünə yel əssin. 2Gündoğan tərəfdən qalxan başqa bir mələk də gördüm ki, var olan Allahın möhürünə malik idi. O, uca səslə quruya və dənizə ziyan vurmaq izni verilmiş dörd mələyi çağırıb dedi: 3«Biz Allahımızın qullarının alnını möhürləyənə qədər quruya, dənizə və ağaclara ziyan vurmayın». 4Möhürlənmiş şəxslərin sayını da eşitdim; İsrail övladlarının bütün qəbilələrindən 144 000 nəfər möhürlənmişdi: 5Yəhuda qəbiləsindən 12 000 möhürlənmiş nəfər;
Ruven qəbiləsindən 12 000 nəfər;
Qad qəbiləsindən 12 000 nəfər;
6Aşer qəbiləsindən 12 000 nəfər;
Naftali qəbiləsindən 12 000 nəfər;
Menaşşe qəbiləsindən 12 000 nəfər;
7Şimeon qəbiləsindən 12 000 nəfər;
Levi qəbiləsindən 12 000 nəfər;
İssakar qəbiləsindən 12 000 nəfər;
8Zevulun qəbiləsindən 12 000 nəfər;
Yusif qəbiləsindən 12 000 nəfər;
Binyamin qəbiləsindən 12 000 möhürlənmiş nəfər.
9Bundan sonra mən gördüm ki, hər millətdən, hər tayfadan, hər xalqdan və hər dildən olan, heç kəsin saya bilməyəcəyi böyük bir kütlə taxtın və Quzunun önündə dayanıb. Onlar ağ xalat geyinib, əllərində xurma budaqları tutublar. 10Uca səslə nida edirdilər: «Xilas taxtda oturan Allahımıza və Quzuya məxsusdur!»
11Bütün mələklər də taxtın, ağsaqqalların və dörd canlı məxluqun ətrafında dayanmışdı. Onlar taxtın önündə üzüstə yerə qapanaraq Allaha səcdə edib dedilər: 12«Amin! Allahımıza əbədi olaraq
Alqış, izzət, hikmət, şükür, şərəf,
Qüdrət və qüvvət olsun! Amin!»
13Bu arada ağsaqqallardan biri məndən soruşdu: «Ağ xalat geyinmiş bu şəxslər kimdir və haradan gəliblər?» 14Ona dedim: «Ağa, bunu sən bilərsən». O mənə dedi: «Bunlar böyük əziyyətdən keçib gələnlərdir. Onlar öz xalatlarını yuyub Quzunun qanı ilə ağartdılar. 15Buna görə də Onlar Allahın taxtının önündədir,
Gecə-gündüz məbədində Ona ibadət edirlər.
Taxtda Oturan da
Onların üzərində məskən salacaq.
16Onlar bir daha nə ac,
Nə də susuz qalacaq,
Günəş və qızmar isti
Onları vurmayacaq.
17Çünki taxtın ortasında olan Quzu
Onların Çobanı olacaq,
Onları həyat suyunun qaynaqlarına aparacaq,
Allah onların bütün göz yaşlarını siləcək».
Vəhy 8
Yeddinci möhür və qızıl buxurdan
1Quzu yeddinci möhürü açanda göydə təxminən yarım saat sükut yarandı. 2Onda mən Allahın önündə dayanan yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi. 3Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin. 4Buxurun tüstüsü müqəddəslərin duaları ilə birgə mələyin əlindən Allahın önünə yüksəldi. 5Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.
Altı şeypurun çalınması
6Yeddi şeypuru olan yeddi mələk onları çalmağa hazırlaşdı. 7Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı. 8İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü. 9Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu. 10Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü. 11O ulduzun adına «Yovşan» deyilir. Suların üçdə biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu. 12Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı. 13Onda göyün ortasında uçan bir qartal gördüm və onun uca səslə belə dediyini eşitdim: «Şeypurlarını çalacaq o biri üç mələyin şeypur səslərindən yer üzündə yaşayanların vay, vay, vay halına!»
Vəhy 9
1Beşinci mələk şeypurunu çaldı. Onda mən göydən yerə düşmüş bir ulduz gördüm. Dibsiz dərinliyə enən quyunun açarı ona verildi. 2O, dibsiz dərinliyə enən quyunu açdı və quyudan iri bir kürənin tüstüsünə bənzər tüstü çıxdı. Günəş və hava quyudan çıxan tüstüdən qaraldı. 3Tüstünün içindən yer üzünə çəyirtkələr çıxdı və onlara yer üzündəki əqrəblərin gücü qədər güc verildi. 4Onlara deyildi ki, yer üzündəki otlara, heç bir yaşıllığa, heç bir ağaca deyil, yalnız alınlarında Allahın möhürü olmayan insanlara zərər vursunlar. 5Onlara izin verildi ki, insanları öldürmədən onlara beş ay işgəncə versinlər. Onların verdiyi işgəncə əqrəbin insanı sancdığı zaman olan işgəncəyə bənzəyir. 6O günlərdə insanlar ölüm axtaracaq, amma tapmayacaqlar. Özlərinə ölüm arzulayacaqlar, amma ölüm onlardan qaçacaq. 7Çəyirtkələrin görünüşü döyüşə hazırlanan atlara bənzəyirdi. Başlarında sanki qızıl tac var idi, üzləri də insan üzü kimi idi. 8Onların qadınlarda olan kimi saçları var idi, dişləri də aslan dişləri kimi idi. 9Döş zirehləri dəmir zirehlər kimi idi. Qanadlarının səsi döyüşə qaçan çoxlu sayda arabalarla atların səsinə bənzəyirdi. 10Onların əqrəb kimi quyruqları və neştərləri var idi. Quyruqlarında elə gücləri var idi ki, insanlara beş ay zərər verə bilərdilər. 11Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. 12Birinci bəla ötüb keçdi. Budur, ondan sonra daha iki bəla gəlir. 13Altıncı mələk şeypurunu çaldı. Onda mən Allahın önündəki qızıl qurbangahın dörd buynuzundan gələn bir səs eşitdim. 14Bu səs şeypuru olan altıncı mələyə deyirdi: «Böyük Fərat çayının kənarında bağlanan dörd mələyi burax». 15Həmin o saat, o gün, o ay və o il üçün hazırlanmış dörd mələk buraxıldı ki, insanların üçdə birini öldürsün. 16Atlı qoşunların sayı iki yüz milyon idi; mən onların sayını eşitdim. 17Mən görüntüdə atları və onların belində oturan atlıları bu cür gördüm: onların od, tünd göy və kükürd rəngində döş zirehləri var idi, atların başı aslan başı kimi idi və ağızlarından od, tüstü və kükürd çıxırdı. 18Bu üç bəladan, yəni onların ağzından çıxan od, tüstü və kükürddən insanların üçdə biri həlak oldu. 19Çünki atların gücü onların ağzında və quyruğundadır. Onların quyruğu başı olan ilana oxşayır və atlar bu başlarla da zərər vururlar. 20Bu bəlalardan həlak olmayıb sağ qalan adamlar öz əlləri ilə düzəltdikləri şeylərdən dönüb tövbə etmədilər. Cinlərə və görməyə, eşitməyə, yeriməyə qadir olmayan qızıl, gümüş, tunc, daş, taxta bütlərə səcdə etməkdən əl çəkmədilər. 21Həmçinin onlar nə qatilliklərindən, nə sehrbazlıqlarından, nə əxlaqsızlıqlarından, nə də oğurluqlarından tövbə etdilər.
Vəhy 10
Mələk və kiçik tumar
1Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi. 2Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu. 3Aslan nəriltisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı. 4Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma». 5Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb 6əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, 7amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək». 8Göydən eşitdiyim səs yenə də mənimlə danışıb belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür». 9Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq». 10Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu. 11Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən».
Vəhy 11
İki şahid
1Mənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say. 2Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək. 3Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər». 4Bunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır. 5Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırıb-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir. 6Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var. 7Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. 8Cəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır. 9Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər. 10Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi. 11Lakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü. 12O iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara baxdı. 13O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər. 14İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir.
Yeddinci şeypur
15Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi
Dünya üzərində Padşahlığa sahib oldu!
O əbədi olaraq padşahlıq edəcək!»
16Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək 17dedi: «Ey Var Olan, Var Olmuş
Külli-İxtiyar Rəbb Allah,
Sənə şükür edirik!
Çünki Öz böyük qüdrətini alıb
Padşahlıq taxtına çıxdın.
18Millətlər qəzəbləndi,
Sənin də qəzəbinin vaxtı gəldi.
Ölüləri mühakimə etmək,
Sənin qulların olan
Peyğəmbərlərə, müqəddəslərə,
Sənin adından qorxanlara,
Kiçiklərə və böyüklərə mükafat vermək,
Yer üzünü məhv edənləri
Məhv etmək vaxtı çatdı».
19Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.
Vəhy 12
Qadın və əjdaha
1Göydə böyük bir əlamət zahir oldu: günəşi əyninə geyinmiş, ayaqları altında ay və başında on iki ulduzlu tac olan bir qadın göründü. 2O hamilə idi və doğmaq üzrə idi, ağrı və iztirab çəkərək qışqırırdı. 3Göydə başqa bir əlamət zahir oldu: yeddi başlı, on buynuzlu, başlarının üstündə də yeddi kiçik tac olan böyük və od rəngində əjdaha göründü. 4Onun quyruğu göy ulduzlarının üçdə birini süpürüb yer üzünə atdı. Əjdaha doğmağa hazırlaşan qadının önündə dayandı ki, qadın doğan kimi onun uşağını udsun. 5Qadın bir oğlan uşağı doğdu ki, «dəmir əsa ilə bütün millətlərə ağalıq edəcək». Bu uşaq Allahın və Onun taxtının yanına qapılıb götürüldü. 6Qadınsa çölə qaçdı. Orada onun min iki yüz altmış gün bəslənməsi üçün Allah tərəfindən hazırlanmış yeri var. 7Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, 8amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. 9O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı. 10Mən göydə uca bir səsin belə dediyini eşitdim: «İndi Allahımızın xilası, gücü, Padşahlığı və
Onun Məsihinin hakimiyyəti həyata keçdi.
Çünki bacı-qardaşlarımızı Allahımızın önündə
Gecə-gündüz təqsirləndirən ittihamçı kənara atıldı.
11Onlar Quzunun qanı və öz şəhadət sözləri vasitəsilə
Ona qalib gəldilər.
Hətta ölümlə üzbəüz olanda da
Öz canlarını sevmədilər.
12Buna görə də, ey göylər və
Orada məskən salanlar, bayram edin!
Qurunun və dənizinsə vay halına!
Çünki iblis böyük hiddətlə yanınıza endi,
Bilir ki, onun az vaxtı qalıb».
13Əjdaha yer üzünə atıldığını görəndə oğlan uşağı doğan qadının ardınca düşdü. 14Amma qadına böyük qartalın iki qanadı verildi ki, çölə – öz yerinə uçsun və orada, ilandan kənarda bir vaxt, vaxtlar və yarım vaxt ərzində bəslənsin. 15İlan qadının ardınca ağzından sel kimi su püskürdü ki, sel onu aparsın. 16Lakin quru qadına kömək etdi: quru ağzını açdı və əjdahanın ağzından püskürdüyü seli içib qurtardı. 17Onda əjdaha qadına qəzəbləndi, onun nəslindən Allahın əmrlərinə riayət edən və İsa barədə şəhadət edən başqaları ilə döyüşmək üçün getdi və dəniz sahilinin qumları üzərində dayandı.
Vəhy 13
Dənizdən çıxan vəhşi heyvan
1Dənizdən çıxan on buynuzlu və yeddi başlı bir vəhşi heyvan gördüm. Onun buynuzlarının üstündə on kiçik tac var idi, başlarının üzərində isə küfr olan adlar yazılmışdı. 2Gördüyüm vəhşi heyvan bəbirə oxşayırdı. Onun ayaqları ayı ayaqları kimi, ağzı da aslan ağzı kimi idi. Əjdaha ona öz gücünü, taxtını və böyük səlahiyyət verdi. 3Vəhşi heyvanın başlarından biri sanki ölümcül yaralanmışdı, ancaq o, ölümcül yarasından sağaldı. Bütün yer üzü heyrət içində vəhşi heyvanın ardınca getdi. 4Əjdahaya səcdə etdilər, çünki vəhşi heyvana səlahiyyət verən o idi. Həmçinin vəhşi heyvana səcdə edib dedilər: «Kim bu vəhşi heyvana tay olar və onunla döyüşə bilər?» 5Vəhşi heyvana lovğa və küfr danışan bir ağız da verildi. Həm də ona səlahiyyətini qırx iki ay icra etmək izni verildi. 6O, ağzını açdı ki, Allaha küfr etsin, Onun adına, həmçinin məskəninə, yəni göydə məskən salanlara küfr söyləsin. 7Ona izin verildi ki, müqəddəslərlə döyüşüb onlara qalib gəlsin. Həmçinin ona bütün tayfalar, xalqlar, dillər və millətlər üzərində səlahiyyət verildi. 8Kəsilmiş Quzunun həyat kitabına dünya yaranandan bəri adı yazılanlardan savayı, yer üzündə yaşayanların hamısı ona səcdə edəcək. 9Kimin qulağı var, qoy eşitsin. 10Kim əsir olmalıdırsa,
Əsirliyə gedir,
Kim qılıncla öldürülməlidirsə,
Qılıncla öldürülür.
Gərək müqəddəslərin dözümü və imanı olsun.
Yerdən çıxan vəhşi heyvan
11Mən yerdən çıxan başqa bir vəhşi heyvan da gördüm. Onun quzu buynuzuna oxşayan iki buynuzu var idi, amma əjdaha kimi danışırdı. 12O, birinci vəhşi heyvanın bütün səlahiyyətini onun önündə icra edir, yer üzünü və orada yaşayanları ölümcül yarasından sağalan həmin vəhşi heyvana səcdə etməyə məcbur edir. 13İkinci vəhşi heyvan böyük əlamətlər göstərir, hətta insanların önündə göydən yerə od yağdırır. 14Birinci vəhşi heyvanın önündə göstərilməsinə izin verilmiş əlamətlərlə yer üzündə yaşayanları aldadaraq onlara deyir ki, qılıncla yaralanan, amma sağ qalan həmin vəhşi heyvanın surətini yaratsınlar. 15Ona həmin vəhşi heyvanın surətinə nəfəs vermək qüdrəti verildi ki, bu surət də danışsın və ona səcdə etməyən hər kəsin öldürülməsini əmr etsin. 16İkinci vəhşi heyvan hamını – böyükləri və kiçikləri, varlıları və yoxsulları, azadları və qulları məcbur edir ki, sağ əlləri yaxud alınları damğalansın. 17Beləcə bu damğanı, yəni həmin vəhşi heyvanın adını ya da adını təmsil edən sayı daşımayan bir kəsə alıb-satmağa icazə verilmir. 18Bu işdə müdrik olmaq lazımdır. Kimin ağlı var, qoy bu vəhşi heyvana məxsus sayı hesablasın, çünki bu bir insanın sayıdır. Onun sayı altı yüz altmış altıdır.
Vəhy 14
Quzu və 144 000 nəfər
1Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı. 2Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi. 3Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi. 4Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı. 5Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.
Üç mələk
6Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. 7Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!» 8İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi». 9Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə, 10o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək. 11Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». 12Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun. 13Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
Biçinin başlanması
14Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi. 15Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi». 16Onda buludun üstündə Oturan Öz orağını yer üzünə saldı və yer üzü biçildi. 17Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi. 18Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib». 19Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı. 20Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı.
Vəhy 15
Bəla gətirən yeddi mələk
1Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı. 2Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub. 3Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: «Ey Külli-İxtiyar Rəbb Allah,
Sənin işlərin böyük və heyrətlidir.
Ey millətlərin Padşahı,
Sənin yolların ədalətli və həqiqidir.
4Ya Rəbb, kim Səndən qorxmaz,
Kim Sənin adını izzətləndirməz?
Çünki yalnız Sən müqəddəssən.
Bütün millətlər gəlib
Sənin önündə səcdə edəcək,
Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».
5Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı 6və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı. 7Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi. 8Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.
Vəhy 16
Allahın hiddətinin yeddi nimçəsi
1Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim. 2Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi. 3İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu. 4Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. 5Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş Müqəddəs Olan,
Sən ədalətlisən ki, belə hökm çıxartdın.
6Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər.
Sən də onlara içmək üçün qan verdin.
Onlar buna layiqdir».
7Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah,
Sənin hökmlərin həqiqi və ədalətlidir».
8Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. 9Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər. 10Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar 11və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər. 12Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın. 13Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. 14Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. 15Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» 16Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı. 17Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. 18Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı. 19Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin. 20Bütün adalar aradan qalxdı və dağlar yox oldu. 21Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.
Vəhy 17
Fahişə qadın
Yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışdı və dedi: «Gəl, çoxlu suların üzərində oturmuş bədnam fahişə barədə çıxacaq hökmü sənə göstərim. 2Yer üzünün padşahları onunla əxlaqsızlıq etdilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular». 3O məni Ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın yeddi başlı, on buynuzlu və üstündə başdan-başa küfr adları yazılan al rəngli bir vəhşi heyvanın belində oturub. 4Qadın tünd qırmızı və al rəngli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvari ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi. 5Alnında isə bu sirli ad yazılmışdı: «Yer üzünün fahişələrinin və iyrəncliklərinin anası olan böyük Babil». 6Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsaya şəhadət edənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim. 7Onda mələk mənə dedi: «Nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan yeddi başlı, on buynuzlu vəhşi heyvanın sirrini açacağam. 8Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dibsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlaka gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək, çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. 9Bu işdə müdrik ağıl lazımdır. Yeddi baş qadının oturduğu yeddi təpədir. Bunlar həm də yeddi padşahdır. 10Onlardan beşi ölüb, biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır. 11Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da səkkizinci padşahdır. O, yeddi padşahdan biridir və həlaka gedir. 12Gördüyün on buynuz hələ padşahlıq etməyən on padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb bir saat padşahlıq edəcəklər. 13Onların vahid bir niyyəti var, öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər. 14Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir». 15Mələk mənə dedi: «Fahişənin üzərində oturduğunu gördüyün sular – xalqlar, kütlələr, millətlər və dillərdir. 16Gördüyün vəhşi heyvan və on buynuz isə fahişəyə nifrət edərək onu soyub çılpaq qoyacaq, ətini yeyəcək və onu odda yandıracaq. 17Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər, həmfikir olub Onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər. 18Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq edən böyük şəhərdir».
Vəhy 18
Babilin dağılması
1Bundan sonra göydən enən başqa bir mələyi gördüm. O, böyük səlahiyyətə malik idi. Yer üzü onun ehtişamı ilə işıqlandı. 2O, uca səslə nida edib dedi: «Dağıldı! Böyük Babil dağıldı!
O, cinlərin məskəni,
Hər cür natəmiz ruhun sığınacağı,
Hər cür murdar quşun yuvası,
Hər cür murdar və mənfur vəhşi heyvanın oylağı oldu.
3Çünki bütün millətlər
O qadının coşğun əxlaqsızlıq şərabından içdi.
Yer üzünün padşahları
Onunla əxlaqsızlıq etdi.
Dünyanın tacirləri
Onun şəhvətpərəstliyi ilə qazanılan sərvətdən varlandı».
4Mən göydən belə deyən başqa bir səs də eşitdim: «Ey Mənim xalqım, oradan çıxın ki,
Onun günahlarına şərik olmayasınız,
Onun uğrayacağı bəlalara düçar olmayasınız.
5Çünki onun günahları qalaqlanıb göyə çatdı,
Allah onun haqsız işlərini yada saldı.
6O nə etdisə,
Siz də əvəzində ona belə edin.
Əməllərinin əvəzini ona ikiqat verin.
Tökdüyü kasadakı şərabın
İkiqatını töküb ona verin.
7Özünü nə qədər izzətləndirib
Şəhvətpərəstlik içində yaşadısa,
Ona o qədər də işgəncə və yas verin.
Çünki ürəyində deyir:
“Mən mələkə taxtında oturmuşam,
Dul deyiləm, əsla yas tutmayacağam”.
8Buna görə də bir günün içində
Onun üstünə bəlalar gələcək,
Azara, yasa, aclığa düçar olacaq, odda yandırılacaq.
Çünki onu mühakimə edən Rəbb Allah qüdrətlidir».
9Onunla əxlaqsızlıq edən və şəhvətpərəstlik içində yaşayan yer üzünün padşahları onun yanğınından çıxan tüstünü görəndə onun üçün ağlayıb ah-nalə edəcəklər. 10Onun çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanıb deyəcəklər: «Vay, vay halına, böyük şəhər,
Möhkəm şəhər Babil!
Çünki bir saat içində cəzan çatdı».
11Yer üzünün tacirləri də onun üçün ağlayıb yas tutur, çünki onların malını – 12qızıl, gümüş, qiymətli daşlar və mirvariləri; incə kətan, ipək, tünd qırmızı və al rəngli parçaları; hər cür ətirli ağacı; fil sümüyündən, ən qiymətli ağacdan, tuncdan, dəmirdən və mərmərdən olan hər cür əşyanı; 13darçın, hil, buxur, ətirli yağ və kündürü; şərab, zeytun yağı, narın un və buğdanı; mal-qara, qoyunlar, atlar və arabaları; insan bədənləri və canlarını da artıq heç kəs almır. 14Onlar deyirlər: «Ürəyinin arzuladığı bəhrələr əlindən çıxdı,
Bütün cah-calallı malların yox oldu.
Heç kəs onları bir daha tapmayacaq».
15Orada bu mallarla varlanan tacirlər bu şəhərin çəkdiyi işgəncənin qorxusundan uzaqda dayanacaq və ağlayıb yas tutaraq deyəcəklər: 16«Vay, vay halına,
İncə kətan, tünd qırmızı, al rəngli
Parçalardan paltar geyən,
Qızıl, qiymətli daşlar və mirvarilərlə
Bəzənən böyük şəhər!
17Çünki bu qədər var-dövlət
Bir saat içində viran oldu».
Bütün gəmi rəisləri, sərnişinlər, dənizçilər və dənizdə ticarət edənlərin hamısı uzaqda dayanaraq 18onun yanğınından çıxan tüstüyə baxıb nida edirdilər: «Hansı şəhər bu böyük şəhərə tay ola bilər?» 19Onlar başlarına toz töküb fəryad edir və ağlayıb yas tutaraq deyirdilər: «Vay, vay halına,
Dənizdə gəmisi olanların hamısının
Oranın çox qiymətli malları ilə
Varlandığı böyük şəhər!
Çünki bir saat içində viran oldun».
20Ey göylər,
Müqəddəslər, həvarilər və peyğəmbərlər,
Onun halını bayram edin!
Onun sizin üçün çıxartdığı hökmü
Allah onun öz başına gətirdi.
21Bir güclü mələk dəyirman daşı boyda böyük bir daşı götürərək dənizə atıb dedi: «Böyük şəhər Babil də
Belə zorakılıqla yıxılacaq,
Bir daha görünməyəcək.
22Çəng çalanların, müğənnilərin,
Tütək və şeypur çalanların səsi
Artıq səndən gəlməyəcək.
Hər cür sənətlə məşğul olan sənətkar
Artıq səndə olmayacaq.
Dəyirman səsi də
Artıq səndən gəlməyəcək.
23Çıraq işığı
Artıq səndə görünməyəcək.
Bəy-gəlin sədası
Artıq səndən gəlməyəcək.
Çünki sənin tacirlərin
Yer üzünün böyük adamları idi,
Bütün millətlər
Sənin sehrbazlığınla aldanmışdı.
24Peyğəmbərlərin, müqəddəslərin və
Yer üzündə kəsilənlərin hamısının qanı
O şəhərdə üzə çıxdı».
Vəhy 19
Göydə sevinc
1Bundan sonra göydə böyük bir kütlənin səsinə bənzər uca bir səs eşitdim. Onlar deyirdi: «Halleluya!
Xilas, izzət və qüdrət
Allahımıza məxsusdur!
2Çünki Onun hökmləri
Həqiqi və ədalətlidir.
O, əxlaqsızlığı ilə yer üzünü azdıran
Böyük fahişəni mühakimə etdi,
Öz qullarının qanının qisasını
Ondan aldı».
3Onlar dedi: «Halleluya!
Fahişədən çıxan tüstü əbədi olaraq yüksəlir».
4Onda iyirmi dörd ağsaqqal və dörd canlı məxluq yerə qapanaraq taxtda oturan Allaha səcdə edib dedi: «Amin! Halleluya!»
5Taxtdan da belə bir səs gəldi: «Ey Onun bütün qulları,
Böyükdən kiçiyə qədər
Ondan qorxanlar,
Allahımızı mədh edin!»
6Mən böyük bir kütlənin, gur suların və güclü göy gurultusunun səsinə bənzər bir səs də eşitdim. Bu səs deyirdi: «Halleluya!
Çünki Külli-İxtiyar Rəbb Allahımız
Padşahlıq taxtına çıxdı!
7Gəlin sevinib şad olaq,
Onu izzətləndirək!
Çünki Quzunun toyu başlayır.
Gəlini özünü hazırlayıb;
8Geyinmək üçün ona
Təmiz, parlaq və incə kətan verildi».
İncə kətan müqəddəslərin saleh əməllərinin rəmzidir. 9Onda mələk mənə dedi: «Yaz: Quzunun toy ziyafətinə dəvət olunanlar nə bəxtiyardır!» Yenə də mənə dedi: «Bunlar Allahın həqiqi sözləridir». 10Mən ona səcdə etmək üçün ayaqlarına düşdüm. Amma o mənə dedi: «Yox, olmaz! Mən də səninlə və İsa barədə şəhadət edən qardaşlarınla birgə Allahın quluyam. Allaha səcdə et. Çünki İsanın şəhadəti peyğəmbərlərə ilham verir».
Ağ atın Süvarisi
11Mən gördüm ki, göy yarılıb və orada bir ağ at var. Onun belində oturan Süvari Sadiq və Haqq adlanır və ədalətlə hökm çıxararaq döyüşür. 12Onun gözləri odlu alova bənzəyir. Başında çoxlu sayda kiçik tac var və üzərində Özündən başqa heç kəsin bilmədiyi bir ad yazılıb. 13O, qana batmış bir paltar geyinib və Onun adı Allahın Kəlamıdır. 14Göydə olan ordular ağ, təmiz və incə kətan geyinərək ağ atların belində Onun ardınca gedirdi. 15Onun ağzından millətlərə zərbə vurmaq üçün iti bir qılınc çıxır. O, «dəmir əsa ilə onlara ağalıq edəcək». Külli-İxtiyar Allahın şiddətli qəzəb şərabının hazırlandığı üzümsıxanı Özü tapdalayacaq. 16Onun paltarının və budunun üstündə bu ad yazılıb: «Padşahların Padşahı və ağaların Ağası». 17Günəşdə dayanan bir mələyi də gördüm. O, uca səslə nida edib göyün ortasında uçan bütün quşlara dedi: «Allahın böyük ziyafətinə gəlin. Bir yerə yığılın ki, 18padşahların, sərkərdələrin, igidlərin ətini, atların və bellərində oturan atlıların ətini, azadların və qulların, böyük və kiçiklərin hamısının ətini yeyəsiniz». 19Mən gördüm ki, vəhşi heyvan, yer üzünün padşahları və onların orduları atın belində oturan Süvari ilə və Onun qoşunu ilə döyüşməyə toplaşıb. 20Vəhşi heyvan yaxalandı; onun önündə əlamətlər göstərmiş, bunlarla onun damğasını qəbul edib surətinə səcdə edənləri aldatmış yalançı peyğəmbər də yaxalandı. Hər ikisi diri-diri kükürdlə yanan od gölünə atıldı. 21Başqaları isə atın belində oturan Süvarinin ağzından çıxan qılıncla həlak oldu. Bütün quşlar da onların ətini yeyib doydu.
Vəhy 20
Minillik Padşahlıq
1Mən göydən enən bir mələyi gördüm. Onun əlində dibsiz dərinliyin açarı və böyük bir zəncir var idi. 2O, əjdahanı – iblis və Şeytan deyilən o qədim ilanı tutub min il müddətinə zəncirlədi. 3Onu dibsiz dərinliyə atdı və qapısını bağlayıb möhürlədi ki, min il bitənə qədər millətləri daha aldada bilməsin. Bundan sonra isə o, qısa bir müddətə azad edilməlidir. 4Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. İsa barədə şəhadət və Allahın kəlamı uğrunda boynu vurulmuş canları da gördüm. Vəhşi heyvana və onun surətinə səcdə etməyib alınlarına və əllərinə damğanı qəbul etməmişdilər. Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi. 5Bu, birinci dirilmədir. Qalan ölülərsə min il bitməyincə dirilmədi. 6Birinci dirilmədə iştirak edənlər bəxtiyar və müqəddəsdir. İkinci ölümün onlar üzərində səlahiyyəti yoxdur. Əksinə, onlar Allahın və Məsihin kahinləri olub Onunla birgə min il padşahlıq edəcək.
Şeytanın cəzalandırılması
7Min il bitəndən sonra Şeytan atıldığı zindandan azad ediləcək. 8Oradan çıxacaq ki, yer üzünün dörd tərəfində olan millətləri – Qoq və Maqoqu aldadıb döyüşə toplasın; onların sayı dəniz qumu qədər çoxdur. 9Onlar yer üzünün hər tərəfinə hücum edib müqəddəslərin düşərgəsini və sevimli şəhəri mühasirəyə aldılar. Lakin göydən od düşüb onları yandırıb-yaxdı. 10Onları aldadan iblis də vəhşi heyvanın və yalançı peyğəmbərin atıldığı yerə – odlu kükürd gölünə atıldı. Bunlar gecə-gündüz, əbədi olaraq işgəncə çəkəcək.
Ölülərin mühakiməsi
11Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı. 12Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. 13Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. 14Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. 15Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı.
Vəhy 21
Yeni göy və yeni yer
1Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. 2Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. 3Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. 4Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». 5Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». 6O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. 7Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”. 8Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür».
Yeni Yerusəlim
9Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». 10O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi. 11Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. 12Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. 13Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. 14Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi. 15Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. 16Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi. 17O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi. 18Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. 19Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, 20beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. 21On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi. 22Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. 23Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək. 25Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. 26Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. 27Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.
Vəhy 22
1Mələk mənə həyat suyu axan çayı göstərdi. Bu çay büllur kimi parlaq olub Allahın və Quzunun taxtından çıxır 2və şəhərin baş küçəsinin ortasından axırdı. Çayın hər iki tayında on iki cür meyvə gətirən həyat ağacı var idi. O ağac hər ay meyvə gətirir. Onun yarpaqları millətlərə şəfa vermək üçündür. 3Daha lənətlənən heç bir şey olmayacaq. Allahın və Quzunun taxtı orada olacaq və qulları Ona ibadət edəcək. 4Onlar Onun üzünü görəcək, alınlarında Onun adını daşıyacaqlar. 5Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
İsanın zühuru
6Mələk mənə dedi: «Bu sözlər etibarlı və həqiqidir. Peyğəmbərlərin ruhlarına ilham verən Rəbb Allah mələyini göndərib ki, Öz qullarına tezliklə baş verməli hadisələri göstərsin». 7İsa deyir: «Budur, tezliklə gəlirəm! Bu kitabın peyğəmbərlik sözlərinə riayət edən kəs nə bəxtiyardır!» 8Mən Yəhya bunları eşitdim və gördüm. Eşidib gördükdə bunları mənə göstərən mələyə səcdə etmək üçün onun ayaqlarına düşdüm. 9Amma o mənə dedi: «Yox, olmaz! Mən səninlə, peyğəmbər qardaşlarınla və bu kitabın sözlərinə riayət edənlərlə birgə Allah quluyam. Allaha səcdə et». 10Yenə də mənə dedi: «Bu kitabın peyğəmbərlik sözlərini möhürləmə, çünki vaxt yaxındır. 11Haqsızlıq edən qoy daha da haqsızlıq etsin. Murdar olan daha da murdarlansın. Saleh olansa qoy daha da saleh işlər görsün. Müqəddəs olan daha da müqəddəs olsun». 12İsa deyir: «Budur, tezliklə gəlirəm. Verəcəyim mükafat Mənimlədir və hər kəsə öz əməlinə görə əvəz verəcəyəm. 13Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!» 14Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər. 15İt kimi murdarlar, sehrbazlar, əxlaqsızlar, qatillər, bütpərəstlər və yalanı sevib danışan hər kəssə kənarda qalacaq. 16Yenə deyir: «Mən İsa Öz mələyimi göndərdim ki, cəmiyyətlərə aid olan bu şəhadəti sizə versin. Mən Davudun Kökü və Nəsli, parlaq Dan Ulduzuyam». 17Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün. 18Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq; 19kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək. 20Bunlara şəhadət edən deyir: «Bəli, tezliklə gəlirəm!» Amin. Gəl, ya Rəbb İsa! 21Rəbb İsanın lütfü hamıya yar olsun! Amin.