İkinci Salnamələr

GİRİŞ

«2 Salnamələr» Kitabı «1 Salnamələr» Kitabının davamıdır. Müəllif bu kitabı Davud oğlu Süleymanın hökmdarlıq dövrünü təsvir etməklə başlayır. Süleymanın oğlu və varisi Rexavama qarşı Yarovamın başçılıq etdiyi şimal qəbilələrinin qiyamını nəql edəndən sonra yalnız cənub padşahlığı olan Yəhudanın tarixindən danışır. Kitabda miladdan əvvəl 586-cı ildə Yerusəlimin süqutunun təsviri ilə Yəhuda padşahlığının tarixi tamamlanır.
Kitabın məzmunu:
1:1–9:31 Süleymanın hakimiyyəti
1:1-17 Erkən illər
2:1–7:10 Məbədin tikilməsi
7:11–9:31 Sonrakı illər
10:1-19 Şimal qəbilələrinin qiyamı
11:1–36:12 Yəhuda padşahları
36:13-23 Yerusəlimin süqutu

2 Salnamələr 1

Süleyman Allahdan hikmət istəyir

(1Pad. 3:1-15)

1Davud oğlu Süleyman öz padşahlığını möhkəmləndirdi, Allahı Rəbb onunla idi və onu çox yüksəltdi.  2Süleyman bütün İsrailliləri, minbaşıları, yüzbaşıları, hakimləri, bütün İsraildə hər bir rəhbəri və nəsil başçılarını çağırdı.  3Süleyman və onunla bərabər bütün camaat Giveonda olan səcdəgaha getdi, çünki Rəbbin qulu Musanın çöldə qurduğu Allahın Hüzur çadırı orada idi.  4 Ancaq Davud Allahın sandığını Qiryat-Yearimdən onun üçün hazırladığı yerə gətirmişdi, çünki Davud onun üçün Yerusəlimdə bir çadır qurmuşdu.  5 Xur oğlu Uri oğlu Besalelin düzəltdiyi tunc qurbangah Giveonda, Rəbbin məskəni önündə idi və Süleymanla camaat oraya Rəbdən söz soruşmağa getdi.  6Süleyman oraya – Rəbbin önündə, Hüzur çadırının qarşısındakı tunc qurbangaha qalxdı və onun üzərində min baş yandırma qurbanı təqdim etdi.  7Həmin gecə Allah Süleymana görünüb ona dedi: «Nə istəyirsən, sənə verim?»  8Süleyman Allaha dedi: «Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin.  9 İndi, ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin, çünki Sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin.  10İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib-etməyəcəyimi bilim, çünki bu qədər böyük olan bu xalqına kim hökm edə bilər?»  11Allah Süleymana dedi: «İndi ki ürəyində bu istək var və sən var-dövlət, əmlak, izzət, hətta sənə nifrət edənlərin canını və özünə uzun ömür istəmədin, ancaq səni üzərində padşah etdiyim xalqıma hökm edəsən deyə özün üçün hikmət və bilik istədin,  12Mən sənə nəinki hikmət və bilik, həm də var-dövlət, əmlak və izzət verəcəyəm ki, nə səndən əvvəl olan padşahlarda olub, nə də səndən sonrakılarda olacaq».  13Süleyman Giveonda olan səcdəgahdan, Hüzur çadırının önündən Yerusəlimə gəldi və İsrail üzərində padşahlıq etdi.

Süleymanın var-dövləti

(1Pad. 10:26-29)

14 Süleyman döyüş arabaları ilə süvarilər topladı. Onun min dörd yüz döyüş arabası və on iki min süvarisi var idi. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.  15 Padşah Yerusəlimdə çoxluğuna görə qızıl və gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.  16 Süleymanın atları Misirdən və Quvedən gətirilirdi, padşahın tacirləri onları Quvedən satın alırdı.  17Hər bir döyüş arabası altı yüz şekel, hər bir at isə yüz əlli şekel gümüşə başa gəlib Misirdən gətirilirdi. Bütün Xet və Aram padşahları da bunları Süleymanın tacirlərinin vasitəsilə alırdı.

2 Salnamələr 2

Məbədin tikilməsinə hazırlıq

(1Pad. 5:1-18)

1Süleyman Rəbbin adına bir məbəd və özü üçün bir saray tikməyi niyyət etdi.  2Süleyman yük daşıyan yetmiş min nəfər, dağlarda daş yonan səksən min nəfər, onların üzərində nəzarətçi olan üç min altı yüz adam sayıb ayırdı.  3Süleyman Sur padşahı Xirama xəbər göndərib dedi: «Yaşamaq üçün özünə saray tiksin deyə atam Davuda sidr ağacları göndərdiyin kimi mənə də göndər.  4Mən Allahım Rəbbə təqdis etmək üçün Onun adına bir məbəd tikirəm ki, Onun önündə xoş ətirli buxur yandırmaq üçün, daimi təqdis çörəkləri üçün, səhər-axşam, Şənbə günlərində, Təzə Ay mərasimlərində və Allahımız Rəbbin bayramlarında yandırma qurbanları üçün olsun. Bunlar İsrail üçün əbədi qaydadır.  5Tikəcəyim məbəd böyükdür, çünki Allahımız bütün allahlardan böyükdür.  6 Kim Ona ev tikməyə qadirdir? O, göyə və göylərin göyünə sığmaz və mən kiməm ki, Ona bir ev tikəm? Onun önündə yalnız buxur yandırmaq üçün bir yer tikə bilərəm.  7Atam Davudun hazırladığı, Yəhudada və Yerusəlimdə mənim yanımda olan ustalarla birgə işləmək üçün mənə bir adam göndər ki, qızıl, gümüş, tunc, dəmir işlərini, tünd qırmızı, al rəngli və bənövşəyi parça işlərini bacarsın, hər cür oyma işi görsün.  8Livandan mənə sidr, şam və ardıc ağacları göndər, çünki bilirəm ki, sənin adamların Livanda ağac kəsməyi bacarır.  9İndi mənə bol taxta-şalban hazırlasınlar deyə mənim adamlarım sənin adamlarınla birgə olacaq. Çünki tikəcəyim məbəd böyük və möcüzəli bir şey olacaq.  10Mən isə sənin adamlarına – ağac kəsənlərə iyirmi min kor döyülmüş buğda, iyirmi min kor arpa, iyirmi min bat şərab və iyirmi min bat zeytun yağı verirəm».  11Sur padşahı Xiram göndərdiyi məktubla Süleymana cavab verdi: «Rəbb xalqını sevdiyi üçün səni onların üzərində padşah etdi».  12Xiram belə davam etdi: «Göyü və yeri yaradan İsrailin Allahı Rəbbə alqış olsun ki, padşah Davuda Rəbb üçün bir məbəd və özü üçün bir padşah sarayı tikən bacarıqlı, dərrakəli və müdrik oğul verib.  13Bacarıqlı və həssas olan Xiram-Avini yanına göndərdim ki, sənin ustalarınla və atanın – ağam Davudun ustaları ilə birgə ona da iş tapşırılsın.  14O, Danlı bir qadının oğludur, atası isə Surlu idi. Bu adam qızıl, gümüş, tunc, dəmir, daş, ağac işlərini, tünd qırmızı, bənövşəyi, al rəngli parça və incə kətan işlərini bacarır, hər cür oyma işini və ona tapşırılan hər naxışı çəkə bilir.  15Ağamın söylədiyi buğdanı və arpanı, zeytun yağını və şərabı qullarına göndər.  16Biz isə sənə lazım olduğu qədər Livandan ağac kəsərik, onu sallarla dəniz yolu ilə sənin yanına Yafoya gətirərik və sən də onu Yerusəlimə çıxararsan».  17Atası Davud İsrail torpağında olan bütün qəribləri siyahıya aldıqdan sonra Süleyman onları bir də saydı. Qəriblər yüz əlli üç min altı yüz nəfər idi.  18Onlardan yetmiş min nəfəri yük daşımağa, səksən min nəfəri dağlarda daş yonmağa qoydu. Üç min altı yüz adamı da xalqı işlətmək üçün nəzarətçi qoydu.

2 Salnamələr 3

Məbədin tikilməsi

(1Pad. 6:1-38)

1Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı.  2Onu padşahlığının dördüncü ilində, ikinci ayın ikinci günündə tikməyə başladı.  3Allahın məbədinin tikilməsi üçün Süleymanın qoyduğu bünövrələr bunlardır: bünövrələrin uzunluğu köhnə ölçüyə görə altmış qulac və eni iyirmi qulac idi.  4Məbədin önündəki eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və hündürlüyü yüz iyirmi qulac idi. Onu içəridən xalis qızılla örtdü.  5Böyük otağa şam ağacı ilə örtük vurub onu xalis qızılla örtdü, onun üstünə xurma ağacları və zəncir təsvirləri həkk etdi.  6Əzəmətli olsun deyə evi qiymətli daşlarla bəzədi. Qızıl Parvayim qızılı idi.  7Məbədi və onun dirəklərini, astanalarını, divarlarını və qapılarını qızılla örtdü, divarlarda keruvların təsvirini oydu.  8 Süleyman Ən Müqəddəs yeri də tikdi. Onun uzunluğu məbədin eninə görə iyirmi qulac və eni iyirmi qulac idi. Onu altı yüz talant xalis qızılla örtdü.  9Qızıl mismarların ağırlığı əlli şekel idi. Yuxarı otaqları da qızılla örtdü.  10 Ən Müqəddəs yerdə heykəltəraş işi olan iki keruv düzəltdi və onları qızılla örtdü.  11Keruvların qanadları iyirmi qulac uzunluğunda idi. Bir keruvun qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına dəyirdi.  12O biri keruvun da qanadı beş qulac idi və evin divarına dəyirdi. O biri qanadı da beş qulac idi və o biri keruvun qanadına birləşmişdi.  13Bu keruvların qanadları iyirmi qulac uzanırdı. Keruvlar ayaq üstə durmuşdu və üzləri böyük otağa doğru çevrilmişdi.  14 O, bənövşəyi, tünd qırmızı, al rəngli parça və incə kətandan pərdə tikdi, üzərində keruvlar işlədi.

Məbəd üçün qızıldan və tuncdan olan əşyalar

(1Pad. 7:15-51)

15Süleyman məbədin önündə otuz beş qulac hündürlüyündə iki sütun düzəltdi və hər bir sütunun üstündəki başlıq beş qulac idi.  16İç otaqda zəncirlər düzəltdi və onları sütunların üstünə qoydu, yüz nar düzəltdi və onları zəncirlərin üzərinə qoydu.  17O, sütunları məbədin önünə – birini sağa və o birini sola qoydu. Sağda olanı Yakin, solda olanı isə Boaz adlandırdı.

2 Salnamələr 4

1 Süleyman tuncdan bir qurbangah tikdi. Onun uzunluğu və eni iyirmi qulac, hündürlüyü isə on qulac idi.  2O, tökülmüş dairəvi bir hovuz düzəltdi. Onun hündürlüyü beş qulac idi, bir kənarından digər kənarına qədər on qulac idi və otuz qulaclıq bir ip onun ətrafına dolanmışdı.  3Altının hər tərəfindən onu buğa təsvirləri əhatə edirdi. Hər qulacda on buğa vardı. Buğalar iki cərgə idi və onlar hovuzla birgə tökülmüşdü.  4Hovuz on iki tökmə buğanın üstündə dururdu: üçü şimala, üçü qərbə, üçü cənuba, üçü də şərqə baxırdı. Hovuz yuxarıda – onların üzərində idi və buğaların bütün sağrıları içəriyə doğru idi.  5Hovuzun qalınlığı bir ovuc idi. Onun kənarı kasa kənarı kimi düzəldilmişdi və açılan zanbağa bənzəyirdi. O, üç min bat su tuturdu.  6 Süleyman on ləyən düzəltdi, onlarda yuyunmaq üçün beşini sağa, beşini sola qoydu. Yandırma qurbanı olacaq şeyləri onların içində yuyardılar. Ancaq hovuz kahinlərin yuyunması üçün idi.  7 O, təsvirinə görə on qızıl çıraqdan düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu.  8 On masa düzəltdi, beşi sağda və beşi solda olmaqla onları məbədə qoydu. Qızıldan yüz piyalə də düzəltdi.  9Kahinlər həyətini, böyük həyəti, həyətin qapılarını düzəltdi və onların qapılarını tuncla örtdü.  10Hovuzu məbədin sağında, cənub-şərq küncündə yerləşdirdi.  11Xiram həmçinin qazanlar, kürəklər, piyalələr düzəltdi. Xiram Allahın məbədi üçün padşah Süleymanın əmri ilə bütün bu işləri görüb qurtardı:  12iki sütun; sütunların üstündə iki dəyirmi başlıq; sütunların üstündəki başlıqları örtmək üçün iki hörmə tor;  13sütunların üstündə olan dəyirmi başlıqları örtən hər hörmə torun üzərində iki cərgədə dörd yüz nar;  14dayaqlar; dayaqların üzərində on ləyən;  15bir hovuz; onun altında on iki tökmə buğa;  16qazanlar, kürəklər və piyalələr. Bütün bu əşyaları Xiram-Avi Rəbbin məbədi üçün padşah Süleymanın əmri ilə cilalanmış tuncdan tökmüşdü.  17Padşah bunları İordan çayının kənarındakı düzənlikdə, Sukkot ilə Seredata arasındakı gil torpaqlarda tökmüşdü.  18Süleyman bu əşyaların hamısından lap çox düzəltdi və onlara işlədilən tuncun çəkisini müəyyən etmədi.  19Süleyman Allahın məbədindəki bütün əşyaları düzəltdi: qızıl qurbangah; təqdis çörəkləri qoyulan masalar;  20qaydaya görə iç otağın önündə yandırmaq üçün xalis qızıldan çıraqdanlar və onların çıraqları;  21xalis qızıldan güllər, çıraqlar və maşalar;  22xalis qızıldan maqqaşlar, piyalələr, nimçələr və buxurdanlar; məbədin qızıl qapıları, yəni Ən Müqəddəs yerə açılan içəri qapı tayları və məbədin böyük otağının qapı tayları.

2 Salnamələr 5

1 Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu.

Əhd sandığının məbədə gətirilməsi

(1Pad. 8:1-9)

2 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.  3Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı.  4Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü.  5Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi.  6Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi.  7Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi.  8Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.  9Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.  10 İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi.  11Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi.  12İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı.  13 Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,  14o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu.

2 Salnamələr 6

1O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.  2Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».

Süleymanın xalqa müraciəti

(1Pad. 8:12-21)

3Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu.  4 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi:  5“Mən xalqımı Misir torpağından çıxartdığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun. Xalqım İsrail üzərində hökmdar olmaq üçün bir adam da seçməmişdim.  6İndi isə adım orada olsun deyə Yerusəlimi seçmişəm və xalqım İsrail üzərində hökmdar olmaq üçün Davudu seçmişəm”.  7Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi.  8Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən.  9Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”.  10Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.  11Sandığı oraya qoydum. Rəbbin İsrail övladları ilə bağladığı əhd onun içindədir».

Süleymanın duası

(1Pad. 8:22-53)

12Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durub əllərini göyə açdı.  13O, tuncdan uzunluğu ilə eni beş qulac, hündürlüyü isə üç qulac olan bir kürsü düzəldib həyətin ortasına qoymuşdu və indi onun üstündə dururdu. Bütün İsrail camaatı önündə diz çöküb əllərini göyə açdı.  14Süleyman dedi: «Ya Rəbb, İsrailin Allahı! Nə göydə, nə də yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.  15Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.  16 Ya Rəbb İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et. Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da qanunuma görə əməl edərək öz yollarına diqqət edərlərsə, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.  17Ey İsrailin Allahı Rəbb, indi qulun atam Davuda dediyin sözü təsdiq et!  18 Lakin, doğrudan da, Allah yerdə, insanların yanında yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!  19Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım, bu gün onun önündə etdiyi fəryadı və duanı eşit.  20 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən ki, adını orada qoyursan. Qulunun buraya üz tutub etdiyi duanı eşit.  21Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydən – Öz məskənindən eşit və bağışla!  22Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,  23o vaxt Sən göydən eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.  24Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa və onlar təkrar Sənə dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,  25o vaxt Sən göydən eşit və xalqın İsrailin günahını bağışla, onları yenə özlərinə və atalarına verdiyin torpağa qaytar.  26Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,  27o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.  28Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –  29kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz bəlasını və dərdini bilib bu məbədə tərəf əllərini açsa,  30o vaxt Sən göydən – Öz məskənindən eşit və bağışla. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki insan ürəklərini yalnız Sən bilirsən.  31Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Sənin yolunla getmək üçün Səndən qorxsun.  32Əgər xalqın İsraildən olmayan yadelli də uzaq ölkədən gəlsə, Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,  33o vaxt Sən göydən – Öz məskənindən eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi et ki, yer üzünün bütün xalqları da Sənin adını tanısın, xalqın İsrail kimi Səndən qorxsun və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsin.  34Əgər xalqın göndərdiyin yolla düşmənlərinə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin bu şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Sənə dua etsə,  35Sən göydən onların dualarını və yalvarışlarını eşit, onların tərəfində ol.  36Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,  37onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,  38onların əsir olunub aparıldığı ölkədə bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,  39o vaxt Sən göydən – Öz məskənindən onların dua və yalvarışlarını eşit və onların tərəfində ol. Sənin önündə günah edən xalqını bağışla.  40İndi, ey Allahım, Sənə yalvarıram, bu yerdə edilən duanı gözlərin görsün və qulaqların eşitsin.  41Ya Rəbb Allah, qüvvənin rəmzi olan sandığınla birgə,

Gücün rəmzi olan sandığınla birgə

İstirahət edəcəyin yerə qalx.

Ya Rəbb Allah, kahinlərin zəfərinlə əhatə olunsun,

Möminlərin xeyirxahlığına görə sevinsin.

42Ya Rəbb Allah, məsh etdiyindən üz döndərmə,

Qulun Davuda göstərdiyin məhəbbətini yada sal».

2 Salnamələr 7

Məbədin təqdis edilməsi

(1Pad. 8:62-66)

1Süleyman duanı bitirdikdə göydən od düşüb yandırma qurbanları və təqdimləri uddu. Rəbbin izzəti məbədi doldurdu.  2Kahinlər Rəbbin məbədinə girə bilmədi, çünki Rəbbin izzəti Öz məbədini doldurmuşdu.  3 Bütün İsrail övladları odun düşdüyünü və məbədin üzərində olan Rəbbin izzətini görəndə daş döşəmənin üstündə üzüstə yerə çöküb «Rəbbə şükür olsun, çünki O yaxşıdır, Onun məhəbbəti əbədidir» deyərək səcdə etdilər.  4Padşah və bütün xalq Rəbbin önündə qurbanlar kəsdi.  5Padşah Süleyman qurban olaraq iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi təqdim etdi. Beləliklə, padşah və bütün xalq Allahın məbədini təqdis etdi.  6Kahinlər öz vəzifələrinə görə dayandı, Levililər isə Rəbbin musiqi alətləri ilə durdu. Padşah Davud bunları düzəltmişdi ki, o, «Rəbbə şükür olsun, çünki məhəbbəti əbədidir» oxuyaraq həmd edəndə Levililər onlarda çalsın. Kahinlər onların qarşısında kərənaylar çalırdı və bütün İsraillilər ayaq üstə dayanmışdı.  7Süleyman Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanları və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin. Çünki düzəltdiyi tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və piy oraya yerləşməzdi.  8O vaxt Süleyman və onunla birgə çox böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər yeddi gün bayram etdi.  9Səkkizinci gün təntənəli toplantı oldu. Qurbangahın təqdisi yeddi gün, bayram da yeddi gün oldu.  10Yeddinci ayın iyirmi üçüncü günü Süleyman xalqı buraxdı. Rəbbin Davuda, Süleymana və xalqı İsrailə etdiyi yaxşılıqlara görə onlar sevinclə və şad ürəklə öz evlərinə getdi.

Rəbb yenə Süleymana görünür

(1Pad. 9:1-9)

11Süleyman Rəbbin məbədini və padşah sarayını tikib qurtardı. Rəbbin məbədində və öz sarayında ürəyi istədiyi hər şeyi uğurla etdi.  12Rəbb Süleymana gecə görünüb ona dedi: «Sənin duanı eşitdim və bu yeri Özümə qurban evi seçdim.  13Göyləri bağladığım və yağış olmadığı vaxt yeri yeyib qurtarsın deyə, çəyirtkəyə əmr etdiyim və xalqımın arasına vəba göndərdiyim zaman  14əgər Mənim adımla çağırılan xalqım özünü aşağı tutarsa, dua edib Məni axtararsa və pis yollarından dönərsə, o vaxt göydən eşidib onların günahını bağışlayacağam və torpaqlarını sağaldacağam.  15İndi bu yerdə edilən duanı gözlərim görəcək və qulaqlarım eşidəcək.  16İndi adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Mənim nəzərim və ürəyim daim orada olacaq.  17Əgər sən Mənim əmr etdiklərimi yerinə yetirərək atan Davud kimi yolumla getsən, Mənim qanunlarıma və hökmlərimə əməl etsən,  18 sənin padşahlıq taxtını ucaldacağam. Mən “sənin nəslindən İsrailə hökm edən bir kişi əskik olmayacaq” deyərək atan Davudla əhd bağlamışdım.  19Ancaq siz dönüb qarşınıza qoyduğum qanunlarımı və əmrlərimi tərk etsəniz, gedib başqa allahlara qulluq edərək onlara səcdə etsəniz,  20Mən İsrailliləri onlara verdiyim torpaqdan qovub atacağam və Öz adıma təqdis etdiyim bu məbədi hüzurumdan rədd edəcəyəm. Onda İsrail barədə bütün xalqlar arasında məsəl və kinayə söylədəcəyəm.  21İndi uca olan bu məbədin yanından keçən hər kəs dəhşətə gələrək deyəcək: “Nə üçün Rəbb bu torpağı və bu məbədi bu cür rədd etdi?”  22Onlara deyəcəklər: “Bu xalq atalarını Misir torpağından çıxaran Allahı Rəbbi tərk etdi və başqa allahlardan yapışdı, onlara səcdə və qulluq etdilər. Buna görə də O bütün bu bəlanı onların üzərinə göndərdi”».

2 Salnamələr 8

Süleymanın tikinti işləri

(1Pad. 9:10-28)

1Süleyman Rəbbin məbədini və öz sarayını iyirmi ilə tikib qurtardıqdan sonra  2Xiramın Süleymana verdiyi şəhərləri Süleyman yenə tikdi və İsrail övladlarını orada yerləşdirdi.  3Süleyman Xamat-Sovaya getdi və bu ölkəni tutdu.  4Səhrada Tadmoru və Xamatda bütün anbar şəhərlərini tikdi.  5Yuxarı Bet-Xoronu və Aşağı Bet-Xoronu, divarlarla, qapılarla və sürgülərlə olan qalalı şəhərlər kimi tikdi.  6Baalatı, özünün bütün anbar şəhərlərini, bütün döyüş arabalarının olduğu şəhərləri, süvarilərin olduğu şəhərləri, Yerusəlimdə, Livanda və onun hökmranlığı altında olan bütün yerlərdə tikmək istədiyi hər şeyi tikdi.  7Ölkədə İsraillilərdən olmayan başqa xalqlar – Xetlilər, Emorlular, Perizlilər, Xivlilər və Yevuslular qalmışdı.  8Çünki İsrail övladları onların atalarını məhv etməmişdi. Süleyman onları mükəlləfiyyətçi etdi və bu indiyə qədər belədir.  9İsrail övladlarından isə heç kəsi öz işi üçün qul etmədi, ancaq onlar Süleymanın əsgərləri, keşik rəisləri, döyüş arabalarının və süvarilərinin başçıları idi.  10Padşah Süleymanın nəzarətçi rəisləri də İsraillilərdən idi. Xalqa rəislik edən bu adamlar iki yüz əlli nəfər idi.  11Süleyman fironun qızını Davudun şəhərindən onun üçün tikdiyi evinə köçürdü. Çünki o dedi: «Arvadım İsrailin padşahı Davudun sarayında yaşamasın, ona görə ki Rəbbin sandığının gəldiyi yerlər müqəddəsdir».

Süleyman məbəddə ibadət qaydasını müəyyən edir

12O vaxt Süleyman eyvanın önündə düzəltdiyi Rəbbin qurbangahında Rəbbə yandırma qurbanları təqdim edərdi.  13 Şənbə günlərində və Təzə Ay mərasimlərində, ildə üç dəfə bayramlarda – Mayasız Çörək bayramında, Həftələr bayramında və Çardaqlar bayramında Musanın əmr etdiyi təqdimlər günündə təqdim edərdi.  14Atası Davudun hökmünə görə, o, kahinlərin bölmələrini xidmətlərinə görə, hər günün qaydası ilə kahinlərin yanında həmd və xidmət etmək üçün Levililəri vəzifələrinə görə və hər qapıya qapıçıları bölmələrinə görə təyin etdi. Çünki Allah adamı Davud belə əmr etmişdi.  15Onlar hər məsələdə, xəzinələrlə bağlı məsələlərdə padşahın kahinlərə və Levililərə olan əmrindən çıxmadı.  16Rəbbin məbədinin bünövrəsinin qoyulmasından tikilib qurtarmasına qədər Süleymanın hər işi hazırlanmışdı. Beləcə Rəbbin məbədi tikilib qurtardı.

Süleymanın donanması

17Süleyman Edom ölkəsində, dənizin körfəzində olan Esyon-Geverə və Elata getdi.  18Xiram adamlarının vasitəsilə ona gəmilər və dənizə bələd adamlar göndərdi. Onlar Süleymanın adamları ilə birgə Ofirə gəldi və oradan dörd yüz əlli talant qızıl götürüb padşah Süleymana gətirdilər.

2 Salnamələr 9

Süleyman və Səba mələkəsi

(1Pad. 10:1-13)

1Səba mələkəsi Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi.  2Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin.  3Səba mələkəsi Süleymanın hikmətini və onun tikdiyi sarayı,  4süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini və onların geyimlərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanları görəndə daha özünü saxlaya bilmədi.  5O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş.  6Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə sənin böyük hikmətinin yarısı belə, danışılmayıb, sənin şöhrətin barədə eşitdiklərimdən də üstünsən.  7Sənin adamların nə bəxtiyardır və bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər.  8Allahın Rəbbə alqış olsun ki, səni istəyib Allahın Rəbb üçün padşah kimi İsrail taxtında oturtdu! Allahın İsraili əbədi möhkəmləndirməkdən ötrü ona olan sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni onlar üzərinə padşah qoydu».  9Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər ətriyyat hələ heç vaxt gəlməmişdi.  10Ofirdən qızıl gətirən Xiramın adamları ilə Süleymanın adamları ardıc ağacı və qiymətli daşlar da gətirdilər.  11Padşah ardıc ağacından Rəbbin məbədi və padşah sarayı üçün pilləkənlər, musiqiçilər üçün lira və çəng düzəltdi. Yəhuda diyarında bu günə qədər beləsi görünməmişdi.  12Padşah Süleyman Səba mələkəsinin arzuladığı və istədiyi bütün şeyləri ona verdi; bu, mələkənin padşaha gətirdiklərindən də çox idi. Sonra mələkə əyanları ilə birgə qayıdıb öz ölkəsinə getdi.

Süleymanın var-dövləti

(1Pad. 10:14-25)

13Bir ildə Süleymana gələn qızılın çəkisi altı yüz altmış altı talant idi.  14Alver edən adamların və tacirlərin gətirdiyi qızıl buraya daxil deyildi. Bütün Ərəb padşahları və ölkənin valiləri də Süleymana qızıl və gümüş gətirərdi.  15Padşah Süleyman döymə qızıldan iki yüz sipər düzəltdi. Bir sipərə altı yüz şekel döymə qızıl işləndi.  16O, döymə qızıldan üç yüz qalxan da düzəltdi və bir qalxana üç yüz şekel qızıl işləndi. Padşah onları «Livan meşəsi» adlı sarayına qoydu.  17Padşah fil sümüyündən böyük taxt düzəltdi və onu xalis qızılla örtdü.  18Taxtın altı pilləsi və ayaq qoymaq üçün qızıl kətili var idi, bunlar taxta bağlı idi. Oturacağın hər iki tərəfində qollar var idi və qolların yanında iki şir təsviri var idi.  19Altı pillənin iki tərəfində isə on iki şir təsviri var idi. Heç bir padşahlıqda belə bir şey yox idi.  20Padşah Süleymanın bütün içki qabları qızıldan idi. «Livan meşəsi» adlı sarayında olan bütün əşyalar da xalis qızıldan idi. Çünki gümüş Süleymanın dövründə heç nə sayılırdı.  21Padşahın gəmiləri Xiramın adamları ilə birgə Tarşişə gedərdi. Üç ildə bir dəfə Tarşiş gəmiləri qızıl, gümüş, fil sümüyü, meymunlar və əntərlərlə yüklənərək gəlirdi.  22Padşah Süleyman var-dövlətdə və hikmətdə yer üzünün bütün padşahlarından üstün idi.  23Bütün yer üzünün padşahları Süleymanın ürəyinə Allahın qoyduğu hikməti eşitmək üçün onun üzünü görmək istəyirdi.  24Onun yanına gələn hər kəs hədiyyə gətirirdi. Beləcə ona hər il qızıl qablar, gümüş qablar, paltarlar, silahlar, ətriyyat, atlar və qatırlar gətirilirdi.  25 Süleymanın dörd min axurunda döyüş arabaları üçün atları və on iki min süvarisi vardı. Onları arabalar üçün ayrılan şəhərlərdə və Yerusəlimdə, padşahın yanında yerləşdirdi.  26 O, Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlar üzərində hökmranlıq edirdi.  27 Padşah Yerusəlimdə çoxluğuna görə gümüşü daşlara, sidr ağacını isə yamaclı-düzənlikli bölgədə bitən firon ənciri ağacına bərabər etdi.  28 Süleymanın atları Misirdən və bütün ölkələrdən gətirilirdi.

Süleymanın ölümü

(1Pad. 11:41-43)

29Süleymanın qalan işləri, ilk işlərindən son işlərinə qədər peyğəmbər Natanın tarix kitabında və Şilolu Axiyanın peyğəmbərliyində və görücü İddonun Nevat oğlu Yarovam haqqındakı vəhylərində yazılmışdır.  30O, Yerusəlimdə bütün İsrail üzərində qırx il padşahlıq etmişdi.  31Süleyman ataları ilə uyudu və atası Davudun şəhərində basdırıldı. Onun yerinə oğlu Rexavam padşah oldu.

2 Salnamələr 10

İsraillilər Rexavama qarşı çıxır

(1Pad. 12:1-20)

1Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi.  2Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı.  3Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi:  4«Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik».  5Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.  6Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?»  7Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq».  8Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.  9Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»  10Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.  11Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».  12«Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi.  13Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb  14cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».  15Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.  16 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var?

Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur!

Ey İsraillilər, çadırınıza!

İndi, ey Davud, öz evinin halına özün bax!»

Bütün İsraillilər evlərinə getdi.  17Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi.  18Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi.  19Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir.

2 Salnamələr 11

Şemayanın peyğəmbərliyi

(1Pad. 12:21-24)

1Rexavam Yerusəlimə gəldi. O, İsraillilərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı.  2Ancaq Allah adamı Şemayaya Rəbbin bu sözü nazil oldu:  3«Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraillilərə söylə ki,  4Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Yarovamın üzərinə getməkdən əl çəkdilər.

Rexavam qalalar tikir

5Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi.  6Bet-Lexem, Etam, Teqoa,  7Bet-Sur, Soko, Adullam,  8Qat, Mareşa, Zif,  9Adorayim, Lakiş, Azeqa,  10Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi.  11Qalaları möhkəmlədib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü.  12Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı.  13Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı.  14Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi.  15 O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu.  16Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər.  17Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər.

Rexavamın arvadları və uşaqları

18Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi.  19O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu.  20Rexavam Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu.  21Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu.  22Rexavam Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi.  23Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı.

2 Salnamələr 12

Sisaqın Yəhudaya hücumu

(1Pad. 4:25-28)

1Padşahlığı möhkəmlənib özü qüvvətləndikdə Rexavam, onunla bərabər bütün İsraillilər Rəbbin Qanunundan üz döndərdilər.  2Padşah Rexavamın beşinci ilində Rəbbə qarşı vəfasızlıq etdiklərinə görə Misir padşahı Sisaq min iki yüz döyüş arabası və altmış min süvari ilə Yerusəlimə hücum etdi.  3Onunla bərabər Misirdən gələn xalqın, Luvluların, Sukluların və Kuşluların sayı-hesabı bilinmirdi.  4O, Yəhudanın qalalı şəhərlərini aldı və Yerusəlimə yaxınlaşdı.  5Peyğəmbər Şemaya Rexavamın və Sisaqdan ötrü Yerusəlimə toplanan Yəhuda rəislərinin yanına gəlib onlara dedi: «Rəbb belə deyir: “Siz Məni tərk etdiniz, buna görə Mən də sizi Sisaqa təslim etdim”».  6İsrail rəisləri ilə padşah özlərini aşağı tutdular və «Rəbb adildir» dedilər.  7Rəbb onların özlərini aşağı tutduğunu görəndə Şemayaya Rəbbin bu sözü gəldi: «Özlərini aşağı tutduqları üçün onları məhv etməyəcəyəm, onlara bir az qurtuluş verəcəyəm, Sisaqın əli ilə qəzəbim Yerusəlimin üzərinə tökülməyəcək.  8Amma Mənə qulluq etməklə dünya padşahlıqlarına qulluq etməyin fərqini başa düşsünlər deyə onun qulları olacaqlar».  9 Misir padşahı Sisaq Yerusəlimə hücum etdi və Rəbbin məbədinin və padşah sarayının xəzinələrini götürdü. Hər şeyi aldı, Süleymanın düzəltdiyi qızıl qalxanları da götürdü.  10Padşah Rexavam onların yerinə tunc qalxanlar düzəltdi və bunları padşah sarayının qapısını qoruyan mühafizə rəislərinin əlinə verdi.  11Hər dəfə padşah Rəbbin məbədinə gələndə mühafizəçilər onları daşıyır və sonra mühafizəçilərin otağına geri gətirirdilər.  12Özünü aşağı tutduqda onu büsbütün məhv etməmək üçün Rəbbin qəzəbi üzərindən döndü. Çünki Yəhudada yaxşı işlər də var idi.

Rexavamın padşahlığının sonu

13Padşah Rexavam Yerusəlimdə özünü möhkəmləndirərək padşahlıq etdi. Rexavam padşah olan vaxt qırx bir yaşında idi. O, Rəbbin Öz adını qoymaq üçün İsrailin bütün qəbilələrindən seçdiyi şəhərdə – Yerusəlimdə on yeddi il padşahlıq etdi. Anasının adı Ammonlu Naama idi.  14O, pis olan işlər etdi, çünki ürəyi Rəbbi axtarmaq istəmədi.  15Rexavamın etdiyi işlər, ilk işlərindən son işlərinə qədər peyğəmbər Şemayanın və görücü İddonun tarix kitablarında nəsil şəcərəsinə görə yazılmışdır. Rexavamla Yarovam arasında həmişə müharibə gedirdi.  16Rexavam ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. Yerinə oğlu Aviya padşah oldu.

2 Salnamələr 13

Yəhuda padşahı Aviya

(1Pad. 15:1-8)

1Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.  2O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Givealı Urielin qızı Maaka idi. Aviya ilə Yarovamın arasında müharibə gedirdi.  3Aviya dörd yüz min seçmə igid döyüşçüdən ibarət olan bir ordu ilə hərbə girişdi. Yarovam isə səkkiz yüz min seçmə igid döyüşçünü ona qarşı döyüş üçün düzdü.  4Aviya Efrayimin dağlıq bölgəsində olan Semarayim dağına qalxıb dedi: «Ey Yarovam və bütün İsraillilər, məni dinləyin!  5Bilmirsiniz ki, İsrailin Allahı Rəbb İsrail üzərində padşahlığı əbədi olaraq Davuda və onun oğullarına vermişdir? Bunu duzla əhd etmişdir.  6Ancaq Davudun oğlu Süleymanın qulu Nevat oğlu Yarovam qalxıb ağasına qarşı üsyan etdi.  7Onun ətrafına boş və yaramaz adamlar yığılıb Süleyman oğlu Rexavama qarşı çıxdılar. Rexavam gənc və zəif iradəli olduğu üçün onlara qarşı dura bilmədi.  8İndi siz Davud oğullarının əlində olan Rəbbin padşahlığına qarşı durmağı düşünürsünüz və siz böyük bir kütləsiniz. Yarovamın allahlar deyə sizə düzəltdiyi qızıl danalar da aranızdadır.  9Amma Harun nəslindən olan Rəbbin kahinlərini və Levililəri qovmadınızmı? Başqa ölkələrin xalqlarının qaydasına görə özünüzə kahinlər qoymadınızmı? Buğa və yeddi qoçla təqdis olunmaq üçün gələn hər kəs yalançı allahların kahini ola bilər.  10Amma Rəbb Allahımız olduğuna görə biz Onu tərk etməmişik və bizdə Rəbbin xidmətində Harun nəslindən olan kahinlər və onlara kömək edən Levililər vardı.  11Onlar hər səhər-axşam Rəbbə yandırma qurbanları və xoş ətirli buxur yandırar, təmiz masa üzərində çörək təqdimi verər və hər axşam qızıl çıraqdanda çıraqları yandırar. Çünki biz Allahımız Rəbbin qoyduğu qaydalara əməl edirik, siz isə Onu tərk etdiniz.  12Budur, Allah bizimlədir, başımızın üstündədir. Onun kahinləri də bizimlədir. Sizə qarşı çalmaq üçün əllərində yüksək səs verən kərənaylar var. Ey İsrail övladları, atalarınızın Allahı Rəbbə qarşı müharibə etməyin, çünki işiniz yaxşı getməz».  13Yarovam onların arxasından pusqu qurmaq üçün dəstə göndərmişdi. Onun özü Yəhudalılardan qabaqda idi. Pusqu isə onların arxasında idi.  14Yəhudalılar geriyə baxdıqda gördülər ki, onlara öndən və arxadan hücum olunacaq. Onlar Rəbbə fəryad etdilər və kahinlər kərənayları yüksək səslə çaldılar.  15Yəhudalılar nərə çəkdilər və onlar nərə çəkəndə Allah Yarovamı və bütün İsrailliləri Aviyanın və Yəhudanın önündə qırdı.  16İsrail övladları Yəhudalıların önündən qaçdı və Allah onları bunlara təslim etdi.  17Aviya ilə xalqı onları böyük tələfata uğratdılar: İsraillilərdən beş yüz min seçmə adam həlak oldu.  18Beləcə o vaxt İsrail övladları sakitləşdilər, Yəhudalılar isə atalarının Allahı Rəbbə güvəndikləri üçün üstün gəldilər.  19Aviya Yarovamı təqib etdi və ondan şəhərləri – Bet-Eli və qəsəbələrini, Yeşananı və qəsəbələrini, Efronu və qəsəbələrini aldı.  20Aviyanın dövründə Yarovam bir daha güclü olmadı. Rəbb onu vurdu və o öldü.  21Ancaq Aviya daha da gücləndi. O, on dörd arvad aldı, iyirmi iki oğul və on altı qız atası oldu.  22Aviyanın qalan işləri, əməlləri və sözləri peyğəmbər İddonun təlimində yazılmışdır.

2 Salnamələr 14

1Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Yerinə oğlu Asa padşah oldu. Onun dövründə ölkə on il rahat yaşadı.

Yəhuda padşahı Asa

2Asa Allahı Rəbbin gözündə yaxşı və doğru olan işlər etdi.  3Özgə allahların qurbangahlarını və səcdəgahları aradan qaldırdı və sütunları qırdı, Aşera bütlərini kəsdi.  4Asa atalarının Allahı Rəbbi axtarmağı və qanunla əmrlərinə əməl etməyi Yəhudaya söylədi.  5Yəhudanın bütün şəhərlərindən səcdəgahları və buxur qurbangahlarını aradan qaldırdı. Onun dövründə ölkə rahat yaşadı.  6O, Yəhudada qalalı şəhərlər tikdi, çünki o illərdə ölkədə əmin-amanlıq idi və orada müharibə yox idi. Rəbb ona dinclik vermişdi.  7Asa Yəhudalılara dedi: «Bu şəhərləri tikək, ətrafında divarlar və qüllələr, qapılar və sürgülər düzəldək. Ölkə hələ bizimdir, çünki biz Allahımız Rəbbi axtardıq, Onu axtardığımıza görə Allah bizə hər tərəfdən dinclik verdi». Onlar beləcə uğurla tikdilər.

Asanın Zerah üzərində qələbəsi

8Asanın ordusu Yəhudadan sipər və nizə daşıyan üç yüz min nəfər, Binyamin nəslindən qalxan daşıyan və kaman çəkən iki yüz səksən min nəfərdən ibarət idi. Onların hamısı igid döyüşçülər idi.  9Bunlara qarşı Kuşlu Zerah milyon əsgərlə və üç yüz döyüş arabası ilə Mareşaya hücum etdi.  10Asa onun üzərinə getdi və Mareşada Sefata dərəsində döyüş üçün düzüldü.  11Asa Allahı Rəbbi çağırıb dedi: «Ya Rəbb, güclülər arasında gücsüzəm, yardım edəcək Səndən başqası yoxdur. Ya Rəbb Allahımız, bizə yardım et, çünki Sən bizim dayağımızsan və Sənin isminlə bu qoşunun üstünə gəlmişik. Ya Rəbb, Allahımız Sənsən, qoy insan Sənə üstün gəlməsin».  12Asanın və Yəhudalıların önündə Rəbb Kuşluları qırdı və Kuşlular qaçdı.  13Asa və onunla birgə olan xalq onları Gerara qədər təqib etdi. Kuşlulardan o qədər ölən oldu ki, heç kəs salamat qalmadı, çünki Rəbbin və onun ordusunun önündə məhv olmuşdular. Yəhudalılar çoxlu qənimət ələ keçirdilər.  14Gerar ətrafındakı bütün şəhərləri dağıtdılar, çünki onların canına Rəbbin qorxusu düşmüşdü. Bütün şəhərləri qarət etdilər, orada çoxlu qənimət vardı.  15Çoban çadırlarını da dağıtdılar, çoxlu qoyun-keçi və dəvə apardılar. Sonra Yerusəlimə qayıtdılar.

2 Salnamələr 15

Azaryanın peyğəmbərliyi

1Oded oğlu Azaryanın üzərinə Allahın Ruhu gəldi.  2O, Asanın qarşısına çıxıb ona dedi: «Ey Asa, bütün Yəhudalılar və Binyaminlilər, məni dinləyin! Siz Rəbb ilə bərabər olarkən O da sizinlədir. Əgər siz Onu axtarsanız, O da Özünü sizə göstərər. Ancaq siz Onu tərk etsəniz, O da sizi tərk edər.  3Uzun zamandan bəri İsraildə həqiqi Allah yoxdur. Onun öyrədən kahini və Qanunu da yoxdur.  4Ancaq ağır günlərində İsrailin Allahı Rəbbə qayıdıb Onu axtaranda O Özünü onlara göstərdi.  5O vaxtlar gedib-gəlmək təhlükəli idi. Çünki bütün ölkələrin əhalisi böyük həyəcana düşmüşdü.  6Millət millətə qarşı, şəhər şəhərə qarşı vuruşurdu. Çünki Allah onları hər cür bəla ilə çaşqınlığa salmışdı.  7Ancaq siz möhkəm olun və əlləriniz gücdən düşməsin, çünki işiniz üçün mükafat alacaqsınız».  8Asa bu sözləri və peyğəmbər Odedin peyğəmbərliyini eşitdikdə cəsarətə gəlib bütün Yəhuda və Binyamin torpağından, Efrayimin dağlıq bölgəsində olan aldığı şəhərlərdən iyrənc bütləri götürüb atdı, Rəbbin eyvanı önündə olan Rəbbin qurbangahını təmir etdi.  9Bütün Yəhudalıları və Binyaminliləri, onların arasında yaşayan Efrayimliləri, Menaşşeliləri və Şimeonluları bir yerə yığdı. Allahı Rəbbin onunla birgə olduğunu gördükdə çoxlu İsrailli onun tərəfinə keçmişdi.  10Asanın padşahlığının on beşinci ilinin üçüncü ayında onlar Yerusəlimə toplandılar.  11O gün gətirdikləri qənimətdən yeddi yüz baş mal-qara və yeddi min baş qoyun-keçi Rəbbə qurban etdilər.  12Atalarının Allahı Rəbbi bütün ürəkləri ilə və bütün canları ilə axtarmaq üçün əhd etdilər.  13İstər kiçik ya böyük, istərsə də kişi ya qadın olsun, İsrailin Allahı Rəbbi axtarmayan hər kəs öldürülməli idi.  14Borular və şeypurlar çalaraq bağırtı və yüksək səslə Rəbbə and içdilər.  15Bu anda görə bütün Yəhudalılar sevindi, çünki bütün ürəkləri ilə and içmişdilər, bütün səyləri ilə Onu axtarmışdılar və O da onlara Özünü göstərmişdi. Rəbb onlara hər tərəfdən dinclik vermişdi.  16Padşah Asa nənəsi Maakanı mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsdi və toz edib Qidron vadisində yandırdı.  17Ancaq İsraildə səcdəgahlar aradan qaldırılmadı. Lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.  18O, atasının və özünün təqdis etdiyi şeyləri – qızılı, gümüşü və qabları Allahın məbədinə gətirdi.  19Asanın padşahlığının otuz beşinci ilinə qədər müharibə olmadı.

2 Salnamələr 16

Asa ilə İsrail padşahı Baaşanın müharibəsi

(1Pad. 15:17-22)

1Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.  2Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi:  3«Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».  4Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu.  5Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı.  6Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi.  7O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı.  8Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi.  9Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq».  10Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm etdi.

Asanın padşahlığının sonu

(1Pad. 15:23-24)

11Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  12Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı.  13Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu.  14Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar.

2 Salnamələr 17

Yəhuda padşahı Yehoşafat

1Onun yerinə oğlu Yehoşafat padşah oldu və İsrailə qarşı özünü möhkəmləndirdi.  2Yəhudanın hər qalalı şəhərinə qoşun qoydu və Yəhuda torpağına və atası Asanın aldığı Efrayim şəhərlərinə hərbi dəstələr yerləşdirdi.  3Rəbb Yehoşafatla idi, çünki atası Davudun əvvəlki yolları ilə getdi və Baal bütlərini deyil,  4yalnız atasının Allahını axtardı və İsraillilərin etdiyi işlərə görə deyil, Allahın əmrləri ilə getdi.  5Rəbb padşahlığı onun əlində möhkəmləndirdi və bütün Yəhudalılar Yehoşafata xərac gətirdilər. Onun bol sərvəti və şərəfi vardı.  6Rəbbin yollarında cəsarətləndi. Üstəlik səcdəgahları və Aşera bütlərini Yəhudadan götürdü.  7Padşahlığının üçüncü ilində Yəhuda şəhərlərində xalqa təlim versinlər deyə bunları göndərdi: rəisləri olan Ben-Xayil, Avdiya, Zəkəriyyə, Natanel və Mikeya.  8Onlarla bərabər Levililər: Şemaya, Netanya, Zevadya, Asahel, Şemiramot, Yonatan, Adoniya, Toviya, Tov-Adoniya və onlarla birgə kahinlər: Elişama və Yehoram.  9Onlar Yəhudada xalqa təlim verdilər. Yanlarında Rəbbin Qanun kitabı olmaqla Yəhudanın bütün şəhərlərini dolaşdılar və xalqı öyrətdilər.  10Yəhuda ətrafında olan bütün ölkələrin padşahlıqları üzərinə Rəbbin qorxusu düşdü və Yehoşafata qarşı müharibə etmədilər.  11Filiştlilərdən bəzisi Yehoşafata hədiyyə və xərac olaraq gümüş gətirdi. Ərəblər də ona qoyun-keçi – yeddi min yeddi yüz qoç və yeddi min yeddi yüz təkə gətirdi.  12Yehoşafat get-gedə əzəmət qazandı. Yəhudada qalalar və anbar şəhərləri tikdi.  13Yəhuda şəhərlərində çoxlu ehtiyatları vardı. Yerusəlimdə igid döyüşçülər olan əsgərləri vardı.  14Nəsillərinə görə onların siyahısı bu idi: Yəhudadan minbaşılar: başçı Adna və onunla bərabər üç yüz min igid döyüşçü;  15onun yanında başçı Yehoxanan və onunla birgə iki yüz səksən min nəfər;  16onun yanında könüllü olaraq Rəbbin işini boynuna götürən Zikri oğlu Amasya və onunla birgə iki yüz min igid döyüşçü;  17Binyamindən igid bir döyüşçü olan Elyada və onunla bərabər ox-kaman və qalxanla silahlanmış iki yüz min nəfər,  18onun yanında Yehozavad və onunla döyüşə hazır olan yüz səksən min nəfər.  19Bunlar padşahın bütün Yəhudadakı qalalı şəhərlərə qoyduğu döyüşçülərdən əlavə ona xidmət edənlər idi.

2 Salnamələr 18

Yehoşafat, Axav və peyğəmbər Mikeya

(1Pad. 22:1-28)

1Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu.  2Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi.  3İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq».  4Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?»  5İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək».  6Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?»  7İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin».  8İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir».  9İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi.  10Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”».  11Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».  12Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış».  13Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm».  14O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək».  15Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?»  16 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”».  17İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?»  18Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm.  19Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə.  20Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?”  21O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”».  22Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı».  23Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?»  24Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən».  25İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin.  26Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”».  27Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»

Axavın ölümü

(1Pad. 22:29-35)

28İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi.  29İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi.  30Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi.  31Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi.  32Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar.  33Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam».  34O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü.

2 Salnamələr 19

1Yəhuda padşahı Yehoşafat Yerusəlimə, evinə salamat qayıtdı.  2Xanani oğlu görücü Yehu onun önünə çıxdı və padşah Yehoşafata dedi: «Pis adama kömək etmək və Rəbbə nifrət edənləri sevmək sənə lazım idimi? Bundan ötrü Rəbbin qəzəbi sənin üzərindədir.  3Lakin sənin yaxşı işlərin də var: Aşera bütlərini ölkədən yox etdin və öz ürəyini Allahı axtarmaq üçün hazırladın».

Yehoşafatın hakimləri

4Yehoşafat Yerusəlimdə yaşadı. Təkrar Beer-Şevadan Efrayimin dağlıq bölgəsinə qədər xalq arasında gəzdi və onları atalarının Allahı Rəbbə tərəf döndərdi.  5Ölkəyə, Yəhudanın bütün qalalı şəhərlərinə hakimlər – hər şəhərə bir hakim qoydu.  6O, hakimlərə dedi: «Baxın ki nə edirsiniz, çünki insan üçün deyil, Rəbb üçün hakimlik edirsiniz və hakimlik işində O sizinlədir.  7İndi sizin üzərinizdə Rəbb qorxusu olsun. Ehtiyat edin, çünki Allahımız Rəbdə haqsızlıq, tərəfkeşlik, rüşvətxorluq yoxdur».  8Yehoşafat Rəbbin hakimliyinə və mübahisəli işlər üçün Yerusəlimə də bəzi Levililəri, kahinləri və İsrailin nəsil başçılarını təyin etdi. Onlar Yerusəlimə qayıdanda  9padşah onlara əmr edib dedi: «Rəbb qorxusu ilə, sədaqətlə və bütün ürəklə belə edin:  10öz şəhərlərində yaşayan qohumlarınızdan sizə gələcək hər mübahisəli iş üçün, istər qan işi olsun, istərsə də qanun, əmr, qayda və hökm barədə olsun, onlara xəbərdarlıq edin ki, Rəbbin qarşısında təqsirkar olmasınlar və Onun qəzəbi sizin və qohumlarınızın üzərinə gəlməsin. Belə etməklə siz təqsirkar olmayacaqsınız.  11Budur, Rəbbin hər işi üçün başçı kahin Amarya, padşahın hər işi üçün isə Yəhudanın qəbilə rəisi İsmail oğlu Zevadya başçınız olacaq, önünüzdə də Levililər məmur olacaq. Cəsarətlə davranın. Rəbb yaxşılıq edənlərlə olsun».

2 Salnamələr 20

Yehoşafat Moavlıları və Ammonluları məğlub edir

1Bundan sonra Moavlılar və Ammonlular, onlarla bərabər Maonlulardan bəzisi Yehoşafata qarşı döyüşmək üçün gəldi.  2Adamlar gəldi və Yehoşafata bildirib dedi: «Dənizin o biri tərəfindən, Aramdan sənə qarşı böyük bir izdiham gəlir. İndi onlar Xaseson-Tamardadır. Bura En-Gedidir».  3Yehoşafat qorxdu və üzünü Rəbbi axtarmağa döndərdi və bütün Yəhuda üçün oruc elan etdi.  4Yəhudalılar Rəbdən kömək diləmək üçün toplandı, Yəhudanın bütün şəhərlərindən də Rəbbi axtarmaq üçün gəldilər.  5Yehoşafat Rəbbin məbədində, yeni həyətin qabağında, Yəhuda və Yerusəlim camaatının önündə durub dedi:  6«Ya Rəbb, atalarımızın Allahı, göylərdə olan Allah Sən deyilsənmi? Bütün millətlərin padşahlıqları üzərinə hakim olan Sən deyilsənmi? Qüdrətlə qüvvət Sənin əlindədir və heç kim Sənə qarşı dura bilməz.  7 Ey Allahımız, bu torpaqda yaşayanları xalqın İsrailin önündə qovan və onu dostun İbrahimin nəslinə əbədi olaraq verən Sən deyilsənmi?  8Orada məskən saldılar, orada Sənin adına müqəddəs bir məbəd tikdilər və dedilər:  9“Əgər üzərimizə bəla, cəza qılıncı, vəba və ya aclıq gələrsə, adın bu məbəddə olduğuna görə bu məbədin önündə, yəni Sənin önündə də duracağıq və çətin günlərdə Sənə fəryad edəcəyik, onda Sən eşidəcəksən və xilas edəcəksən”.  10 İndi bax Ammonlular, Moavlılar, Seir dağının sakinləri nə edir! Misirdən gələrkən İsrailliləri onların torpağına girməyə qoymadın, İsraillilər də dönüb onları məhv etmədi.  11Budur, bizə irs olaraq verdiyin Sənin mülkündən bizi qovmağa gələrək əvəzini necə ödəyirlər.  12Ey Allahımız, onlara hökm etməyəcəksənmi? Çünki üzərimizə gələn bu böyük qoşuna qarşı gücümüz yoxdur və biz nə edəcəyimizi bilmirik, ancaq gözlərimiz Sənin üzərindədir».  13Bütün Yəhudalılar uşaqları, qadınları və oğulları ilə birgə Rəbbin önündə durmuşdu.  14Camaatın arasında olanda Asəf nəslindən olan bir Levili, Mattanya oğlu Yeiel oğlu Benaya oğlu Zəkəriyyə oğlu Yaxazielin üzərinə Rəbbin Ruhu gəldi.  15 O dedi: «Bütün Yəhudalılar, Yerusəlimdə yaşayanlar və sən padşah Yehoşafat, yaxşı dinləyin! Rəbb sizə belə deyir: “Bu böyük qoşundan qorxmayın və ruhdan düşməyin, çünki döyüş sizin deyil, ancaq Allahındır.  16Sabah onlara qarşı enin: budur, onlar Sis yoxuşu ilə qalxır və onları vadinin sonunda, Yeruel çölünün önündə tapacaqsınız.  17Bu səfərdə döyüşmək sizə lazım olmayacaq. Ey Yəhudalılar və Yerusəlimlilər, səf bağlayıb durun, sizinlə bərabər olan Rəbbin xilasını görün. Qorxmayın və ruhdan düşməyin. Sabah onların qarşısına gedin və Rəbb sizinlə olacaq”».  18Yehoşafat üzüstə yerə qapandı və bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar Rəbbə səcdə etmək üçün Rəbbin önündə yerə qapandı.  19Qohat və Qorah nəsillərindən olan Levililər ayağa qalxıb İsrailin Allahı Rəbbə yüksək səslə şükür etdilər.  20Onlar səhər tezdən qalxdı və Teqoa çölünə çıxdılar. Çıxdıqları zaman Yehoşafat durub dedi: «Ey Yəhuda və Yerusəlimdə yaşayanlar, məni dinləyin: Allahınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız».  21Xalqla məsləhət etdikdən sonra Rəbbə ilahi oxuyanları irəli qoydu ki, ordusunun önündə gedərək müqəddəs calalına həmd edib oxusunlar: «Rəbbə şükür edin, çünki Onun məhəbbəti əbədidir».  22Tərənnümlə həmdə başladıqları zaman Yəhudaya gələn Ammonlulara, Moavlılara və Seir dağının sakinlərinə qarşı Rəbb pusqu qurdu və onlar qırıldı.  23Çünki Ammonlularla Moavlılar Seir dağının sakinlərini qırıb tamam yox etmək üçün onlara qarşı qalxdı və Seir sakinlərini qırandan sonra bir-birlərini məhv etməyə başladı.  24Yəhudalılar çölə baxan gözətçi yerinə çatdıqda qoşuna baxıb yerə yıxılmış meyitlər gördülər. Sağ qalan yox idi.  25Yehoşafat və onun xalqı onların qənimətini götürməyə gəldi, onların arasında çoxlu mallar, paltarlar və qiymətli şeylər tapdılar. Bunlardan o qədər yığdılar ki, daşıya bilmədilər. Qənimət o qədər çox idi ki, onu üç gün yığdılar.  26Dördüncü gün Beraka vadisində Rəbbə həmd etmək üçün toplandılar. Bundan ötrü o yerin adını Beraka vadisi qoydular və bu günə qədər də belədir.  27Bütün Yəhuda və Yerusəlim xalqı Yehoşafatın başçılığı altında sevinclə Yerusəlimə qayıtdı, çünki Rəbb düşmənlərini məhv edərək onları sevindirmişdi.  28Çənglər, liralar və kərənaylar çalaraq Yerusəlimə, Rəbbin məbədinə gəldilər.  29İsrailin düşmənlərinə qarşı Rəbbin döyüşdüyünü eşitdikdə bütün ölkələrdəki padşahlar üzərinə Allahın qorxusu düşdü.  30Yehoşafatın padşahlığında isə əmin-amanlıq oldu, çünki Allahı ona hər tərəfdən dinclik verdi.

Yehoşafatın padşahlığının sonu

(1Pad. 22:41-50)

31Yehoşafat Yəhuda üzərində padşahlıq etdi. Padşah olduğu zaman otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi.  32O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı.  33Ancaq səcdəgahlar aradan qaldırılmadı və xalqın ürəyi hələ atalarının Allahı Rəbbə tərəf yönəlməmişdi.  34Yehoşafatın qalan işləri, ilk işlərindən son işlərinə qədər İsrail padşahlarının kitabına daxil olan Xanani oğlu Yehunun tarix kitabında yazılmışdır.  35Ondan sonra Yəhuda padşahı Yehoşafat pis işlər görən İsrail padşahı Axazya ilə razılığa gəldi.  36Tarşişə getməyə gəmilər düzəltmək üçün onunla razılaşdı və gəmiləri Esyon-Geverdə düzəltdilər.  37Mareşadan olan Dodavın oğlu Eliezer Yehoşafata qarşı peyğəmbərlik edib dedi: «Axazya ilə razılığa gəldiyin üçün Rəbb sənin işlərini pozdu». Gəmilər parçalandı və Tarşişə gedə bilmədilər.

2 Salnamələr 21

Yəhuda padşahı Yehoram

(2Pad. 8:17-24)

1Yehoşafat ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu.  2Onun qardaşları, Yehoşafatın oğulları bunlar idi: Azarya, Yexiel, Zəkəriyyə, Azarya, Mikael və Şefatya. Bunların hamısı İsrail padşahı Yehoşafatın oğulları idi.  3Ataları onlara çoxlu hədiyyələr – qızıl, gümüş və qiymətli şeylər, bunlarla bərabər Yəhudada olan qalalı şəhərlər verdi. Padşahlığı isə Yehorama verdi, çünki o, ilk oğul idi.  4Yehoram atasının padşahlıq taxtına çıxıb möhkəmləndikdə bütün qardaşlarını və İsrail rəislərindən bəzisini də qılıncdan keçirdi.  5Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.  6Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.  7 Ancaq Rəbb Davudla etdiyi əhddən ötrü Davudun sülaləsini məhv etmək istəmədi. Çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.  8 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.  9Yehoram rəisləri və bütün döyüş arabaları ilə birgə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı.  10Beləcə Edomlular üsyan qaldırdı, bu günə qədər də Yəhudanın əsarəti altında deyil. Həmin vaxt Livnalılar da üsyan qaldırıb onun əsarəti altından çıxdılar, çünki Yehoram atalarının Allahı Rəbbi tərk etmişdi.  11O, Yəhuda dağlarında da səcdəgahlar tikmişdi. Yerusəlimdə yaşayanları da xəyanətə təhrik edib Yəhudanı da yoldan azdırmışdı.  12Ona peyğəmbər İlyasdan bu məktub gəldi: «Atan Davudun Allahı Rəbb belə deyir: “Atan Yehoşafatın və Yəhuda padşahı Asanın yolları ilə deyil,  13ancaq İsrail padşahlarının yolu ilə getdin, Axav nəslinin etdiyi kimi Yəhudanı və Yerusəlimdə yaşayanları xəyanətə təhrik etdin. Həm də atanın nəslindən qardaşlarını, səndən daha yaxşı olanları öldürdün.  14Buna görə də Rəbb sənin xalqına, oğullarına, arvadlarına və bütün malına böyük zərbə vuracaq.  15Sən isə ağır xəstələnəcəksən, elə bir şiddətli xəstəlik keçirəcəksən ki, nəticədə bağırsaqların töküləcək”».  16Rəbb Yehorama qarşı Filiştlilərin ruhunu və Kuşluların qonşuluğunda yaşayan Ərəblərin ruhunu oyandırdı.  17Onlar Yəhudanın üstünə gəlib oraya hücum çəkdilər. Padşahın sarayında tapdıqları bütün malı, onun oğullarını və arvadlarını apardılar. Oğullarının ən balacası Axazyadan başqa oğlu qalmadı.  18Bunların hamısından sonra Rəbb Yehoramı bağırsaqlarından sağalmaz bir xəstəliklə vurdu.  19Onun xəstəliyi gündən-günə şiddətləndi. Nəhayət, ikinci ilin sonunda xəstəliyinə görə bağırsaqları töküldü və o, şiddətli ağrılarla öldü. Onun xalqı Yehoramın ataları üçün tonqal yandırdığı kimi onun xatirinə yandırmadı.  20Yehoram padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi. Ölümünə heç kəs təəssüf etmədi. Onu Davudun şəhərində basdırdılar, lakin padşahların qəbirlərində basdırmadılar.

2 Salnamələr 22

Yəhuda padşahı Axazya

(2Pad. 8:25-29; 9:21-28)

1Yerusəlimdə yaşayanlar onun yerinə ən kiçik oğlu Axazyanı padşah etdilər, çünki Ərəblərlə birgə ordugaha girən dəstələr bütün böyükləri öldürmüşdü. Beləcə Yəhuda padşahı Yehoramın oğlu Axazya padşah oldu.  2Axazya padşah olduğu vaxt qırx iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası Omrinin nəvəsi olub adı Atalya idi.  3Axazya da Axav nəslinin yolları ilə getdi, çünki anası ona pislik etmək öyrədirdi.  4O da Axav nəsli kimi Rəbbin gözündə pis olan işlər etdi. Çünki atasının ölümündən sonra məhvi üçün bu adamlar onun məsləhətçiləri oldu.  5Onların məsləhəti ilə Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün İsrail padşahı Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladı.  6 Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən aldığı yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o yaralı idi.  7Axazyanın bu yolla məhv olması Allahdan idi. O, Yehoramın yanına gəldi və oraya gəlib Axav nəslini yox etmək üçün Rəbbin məsh etdiyi Nimşi oğlu Yehuya qarşı Yehoramla birgə çıxdı.  8Yehu Axav nəslinə hökmü icra edərkən Yəhuda rəislərini və Axazyanın ona xidmət edən qardaşı oğullarını tapdı və onları öldürdü.  9Axazyanı axtardı və onu Samariyada gizləndiyi halda tutdular. Yehunun yanına gətirdilər və onu öldürdülər. Sonra onu basdırdılar, çünki dedilər: «Rəbbi bütün ürəyi ilə axtaran Yehoşafatın oğlu budur». Beləliklə, Axazyanın nəslində padşahlığı əldə saxlaya biləcək adam qalmadı.

Yəhuda üzərində Atalyanın hökmranlığı

(2Pad. 11:1-20)

10Axazyanın anası Atalya oğlunun öldüyünü görəndə qalxıb Yəhudanın bütün padşah nəslini məhv etdi.  11Ancaq padşahın qızı Yehoşeva öldürülən şahzadələr arasından Axazyanın oğlu Yoaşı gizlincə apardı və onu dayəsi ilə birgə yataq otağında yerləşdirdi. Kahin Yehoyadanın arvadı və padşah Yehoramın qızı olan Yehoşeva Axazyanın bacısı olduğu üçün Yoaşı Atalyadan gizlətdi ki, Atalya onu öldürməsin.  12Yoaş altı il gizli olaraq Allahın məbədində onlarla birgə qaldı. Atalya isə ölkə üzərində padşahlıq etdi.

2 Salnamələr 23

1Yeddinci ildə Yehoyada cəsarətləndi və yüzbaşılar Yeroxam oğlu Azarya, Yehoxanan oğlu İsmail, Oved oğlu Azarya, Adaya oğlu Maaseya və Zikri oğlu Elişafatla əhd etdi.  2Onlar Yəhudanı gəzib oranın bütün şəhərlərindən Levililəri və İsrailin nəsil başçılarını topladılar və Yerusəlimə gəldilər.  3 Bütün camaat Allahın məbədində padşahla əhd bağladı. Yehoyada onlara dedi: «Padşahın oğlu budur. Davud oğulları haqqında Rəbbin söylədiyi kimi padşahlıq edəcək.  4Siz belə edin: sizdən Şənbə günü növbə çəkən kahinlərin və Levililərin üçdə biri astanada duran qapıçılar olsun,  5üçdə biri padşah sarayında və üçdə biri Bünövrə darvazasında olsun. Bütün xalq isə Rəbbin məbədinin həyətində olsun.  6Ancaq kahinlərdən və xidmət edən Levililərdən başqa Rəbbin məbədinə heç kəs girməsin, onlar girsin, çünki müqəddəsdirlər. Bütün xalq isə Rəbbin buyurduğunu qorusun.  7Levililər hər biri silahı əlində padşahı hər tərəfdən əhatəyə alsınlar, məbədə girən hər kəs öldürülsün. Onlar padşah girib-çıxdığı vaxt onunla olsun».  8Levililərlə bütün Yəhudalılar kahin Yehoyadanın əmr etdiyi hər şeyi etdilər. Hər biri öz adamlarını, Şənbə günü növbə çəkənləri və növbədə olmayanları götürdü, çünki kahin Yehoyada bölmələrin heç birini buraxmamışdı.  9Kahin Yehoyada yüzbaşılara Allahın məbədində olan padşah Davudun nizələrini, qalxanlarını və sipərlərini verdi.  10Bütün xalqı məbədin sağ tərəfindən sol tərəfinə qədər qurbangahın və məbədin yanında, padşahın ətrafında qoydu. Hər kəsin silahı əlində idi.  11Yehoyada ilə oğulları şahzadəni irəli çıxartdılar və tacı başına qoyub şəhadətnaməni ona verdilər. Onu padşah olmaq üçün məsh etdilər və «Yaşasın padşah!» dedilər.  12Atalya qaçışan və padşahı alqışlayan xalqın səsini eşitdikdə xalqın yanına, Rəbbin məbədinə gəldi.  13O baxıb gördü ki, padşah girəcək yerdə öz sütununun yanında dayanmışdır və rəislərlə kərənay çalanlar da padşahın yanındadır. Bütün ölkə xalqı sevinərək kərənay çalırdı. İlahiçilər də musiqi alətləri çalaraq ucadan həmd edirdilər. Atalya paltarını cırıb bağırdı: «Xəyanət! Xəyanət!»  14Kahin Yehoyada qoşun üçün cavabdeh olan yüzbaşıları çağırıb dedi: «Onu cərgələrin arasından çıxarın və dalınca gələn qılıncla öldürülsün». Çünki kahin «onu Rəbbin məbədində öldürməyin» demişdi.  15Atalyanı tutub sarayın atlar darvazasının girəcək yerinə gətirdilər və orada onu öldürdülər.  16Yehoyada özü və bütün xalqla padşah arasında əhd kəsdi ki, onlar Rəbbin xalqı olsun.  17Bütün xalq Baal məbədinə getdi. Onu dağıdıb qurbangahlarını və bütlərini parça-parça etdilər. Baalın kahini Mattanı da qurbangahların önündə öldürdülər.  18Yehoyada Rəbbin məbədi üzərində məsuliyyəti Davudun Rəbbin evində bölmələrə ayırdığı Levili kahinlərə verdi. Davud onları öz qaydasına görə sevinclə və musiqi ilə Musanın Qanununda yazıldığı kimi Rəbbə yandırma qurbanları təqdim etmək üçün Rəbbin məbədinə qoymuşdu.  19Hər hansı yolla natəmiz bir kəs girməsin deyə Rəbbin məbədinin qapılarına qapıçılar qoydu.  20O, yüzbaşıları, əyanları, xalqın valilərini, bütün ölkə xalqını özü ilə götürdü. Onlar padşahı Rəbbin məbədindən düşürtdülər və yuxarı darvazadan keçib saraya gəldilər. Padşahı padşahlıq taxtında oturtdular.  21Bütün ölkə xalqı sevindi və şəhər sakitləşdi, çünki Atalyanı qılıncla öldürmüşdülər.

2 Salnamələr 24

Yəhuda padşahı Yoaş

(2Pad. 12:1-16)

1Yoaş padşah olduğu vaxt yeddi yaşında idi və Yerusəlimdə qırx il padşahlıq etdi. Anası Beer-Şevadan olub adı Sivya idi.  2Yoaş kahin Yehoyadanın bütün ömrü boyu Rəbbin gözündə doğru olan işlər etdi.  3Yehoyada ona iki arvad aldı. O, oğullar və qızlar atası oldu.  4Bundan sonra Yoaş Rəbbin məbədini bərpa etməyi qərara aldı.  5Kahinlərlə Levililəri toplayıb onlara dedi: «Yəhudanın şəhərlərinə çıxın və Allahınızın məbədini hər il təmir etmək üçün bütün İsraillilərdən pul toplayın, bu işi görməyə tələsin». Ancaq Levililər tələsmədi.  6 Başçı olan Yehoyadanı padşah çağırdı və ona dedi: «Rəbbin qulu Musanın və İsrail camaatının Şəhadət çadırı üçün qoyduqları vergini Yəhudadan və Yerusəlimdən gətirmələrini nə üçün Levililərdən tələb etmədin?»  7Çünki o pis qadın Atalyanın oğulları Allahın məbədini viran etmişdilər və Rəbbin məbədinin bütün müqəddəs şeylərini də Baal bütləri üçün işlətmişdilər.  8Padşah əmr etdi və bir sandıq düzəldib onu Rəbbin məbədinin darvazasına, bayır tərəfə qoydular.  9Allahın qulu Musanın çöldə İsrail üzərinə qoyduğu vergini Rəbb üçün gətirsinlər deyə Yəhudada və Yerusəlimdə elan etdilər.  10Rəislərlə bütün xalq sevindi və sandıq dolana qədər vergini gətirib onun içinə qoydular.  11Padşahlığın məmurları Levililərin onların yanına gətirdikləri sandığın içində çox pul olduğunu gördükləri vaxt padşahın mirzəsi ilə başçı kahinin məmuru gəlib sandığı boşaldar, sonra onu yenə yerinə qaytarardılar. Hər gün beləcə etməklə olduqca çox pul topladılar.  12Padşahla Yehoyada onu Rəbbin məbədinin xidmət işini görənlərə verdilər və Rəbbin məbədini bərpa etmək üçün daşyonanları və dülgərləri, Rəbbin məbədini təmir etmək üçün dəmir və tunc ustalarını muzdla tutdular.  13İşçilər işlədilər, təmir işi onların əlində irəli getdi və Allahın məbədini qaydasına salıb onu möhkəmləndirdilər.  14İşi qurtardıqları vaxt yerdə qalan pulu padşahın və Yehoyadanın önünə gətirdilər və bununla Rəbbin məbədi üçün əşyalar – xidmət və yandırma qurbanları üçün əşyalar, nimçələr, qızıl və gümüş əşyalar düzəltdilər. Onlar Yehoyadanın bütün ömrü boyu daim Rəbbin məbədində yandırma qurbanları təqdim edərdi.  15Yehoyada qocalıb yaşa doldu və öldü. O, öldüyü zaman yüz otuz yaşında idi.  16Onu Davudun şəhərində padşahların yanında basdırdılar, çünki İsrail üçün və Allahla məbədi üçün yaxşılıq etmişdi.  17Yehoyadanın ölümündən sonra Yəhuda rəisləri gəlib padşaha baş əydilər. O zaman padşah onlara qulaq asdı.  18Xalq atalarının Allahı Rəbbin məbədini tərk etdi, Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötrü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi.  19Rəbb onları Özünə tərəf döndərmək üçün onların yanına peyğəmbərlər göndərdi və peyğəmbərlər onlara qarşı şəhadət etdilər, ancaq xalq qulaq asmadı.  20 Kahin Yehoyadanın oğlu Zəkəriyyənin üzərinə Allahın Ruhu gəldi və xalqın arasında çıxış edib onlara dedi: «Allah belə deyir: nə üçün Rəbbin əmrlərini pozursunuz? İşləriniz yaxşı getməz, çünki siz Rəbbi tərk etdiyiniz kimi O da sizi tərk etdi».  21Ona qarşı qəsd hazırladılar və onu padşahın əmri ilə Rəbbin məbədinin həyətində daşqalaq etdilər.  22Beləcə padşah Yoaş Zəkəriyyənin də atası Yehoyadanın ona etdiyi xeyirxahlığı yada salmadı və oğlunu öldürdü. O da ölərkən dedi: «Rəbb görsün və hökm etsin».  23O biri ilin əvvəlində Aram ordusu onun üstünə gəldi. Onlar Yəhudaya və Yerusəlimə hücum etdilər. Xalqın bütün rəislərini xalqın arasından götürüb məhv etdilər və onlardan alınan bütün qəniməti Dəməşq padşahına göndərdilər.  24Aramlılar az qoşunla gəldikləri halda Rəbb çox böyük bir ordunu onlara təslim etdi, çünki xalq atalarının Allahı Rəbdən üz döndərmişdi. Beləliklə, Yoaşa qarşı hökmü icra etdilər.  25Yoaşın yanından getdikləri zaman onu ağır yaralı vəziyyətdə qoydular. Onun əyanları kahin Yehoyadanın oğullarının qanına görə ona qarşı qəsd hazırladılar və onu yatağında öldürdülər. Yoaş öldü və onu Davudun şəhərində basdırdılar, ancaq padşahların məqbərəsində basdırmadılar.  26Ona qarşı qəsd quranlar bunlardır: Ammonlu qadın Şimatın oğlu Zavad və Moavlı qadın Şimritin oğlu Yehozavad.  27Yoaşın oğulları, ona edilən çoxlu xəbərdarlıq və Allah məbədinin bərpası barədə padşahların tarix kitabında yazılmışdır. Onun yerinə oğlu Amasya padşah oldu.

2 Salnamələr 25

Yəhuda padşahı Amasya

(2Pad. 14:2-20)

1Amasya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yehoaddan idi.  2Amasya Rəbbin gözündə doğru olan işlər etdi, ancaq bunları bütün ürəyi ilə etmədi.  3Padşahlıq əlində möhkəmlənəndə Amasya atasını öldürmüş əyanlarını öldürdü.  4 Ancaq Musanın Qanun kitabında yazıldığı kimi qatillərin oğullarını öldürmədi, çünki Rəbb əmr edib demişdi: «Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə ölməlidir».  5Amasya Yəhudalıları topladı, nəsillərinə görə bütün Yəhudalıları və Binyaminliləri minbaşıların və yüzbaşıların başçılığı altında düzdü. İyirmi yaşda və ondan yuxarı olanları yığıb onların arasından nizə və sipər daşıyan, döyüşmək bacaran üç yüz min adam seçdi.  6Yüz talant gümüşə İsraildən yüz min igid döyüşçünü də muzdla tutdu.  7Ancaq bir Allah adamı gəlib ona dedi: «Ey padşah, qoy İsrail ordusu səninlə bərabər getməsin, çünki Rəbb İsraillilərlə, bütün bu Efrayimlilərlə deyil.  8Əgər getsən, tək get, döyüşdə cəsarətli ol, amma Allah səni düşmənin önündə büdrədəcək, çünki Allahda yardım etməyə və büdrətməyə qüdrət var».  9Amasya Allah adamına dedi: «Ancaq İsrail ordusuna verdiyim yüz talant üçün nə edim?» Allah adamı dedi: «Rəbb sənə bundan artığını verə bilər».  10Amasya Efrayimdən yanına gələn ordunu yerlərinə getmək üçün ayırdı. Bundan ötrü Yəhudaya qarşı onların qəzəbi alovlandı və qızğın qəzəblə yerlərinə qayıtdılar.  11Amasya cəsarətləndi və xalqını götürüb Duz dərəsinə getdi, Seirlilərdən on min nəfəri qırdı.  12Yəhudalılar sağ qalan daha on min nəfəri əsir aldılar, onları qayanın başına gətirib oradan aşağı atdılar. Onların hamısı parça-parça oldu.  13Ancaq özü ilə birgə döyüşə getməsinlər deyə Amasyanın geri göndərdiyi ordunun əsgərləri Samariyadan Bet-Xorona qədər Yəhuda şəhərlərinə basqın etdilər. Onlardan üç min nəfəri qırdılar və qarət olunmuş çoxlu qənimət ələ keçirdilər.  14Amasya Edomluları qırıb gəldikdən sonra Seirlilərin bütlərini gətirib onları özü üçün allahlar olaraq qoydu. O bunların önündə səcdə etdi və onlara buxur yandırdı.  15Amasyaya qarşı Rəbbin qəzəbi alovlandı və onun yanına bir peyğəmbər göndərdi. Bu peyğəmbər ona dedi: «Nə üçün o xalqın allahlarına üz tutdun? Onlar öz xalqlarını sənin əlindən qurtara bilmədilər».  16Bunu söyləyərkən Amasya ona dedi: «Məgər səni padşaha məsləhətçi qoymuşuq? Sus, ölməkmi istəyirsən?» Peyğəmbər vaz keçib dedi: «Allahın səni məhv etməyə qərar verdiyini bilirəm, çünki bunu etdin və mənim məsləhətimə qulaq asmadın».  17Yəhuda padşahı Amasya məsləhətləşib İsrail padşahı Yehu oğlu Yehoaxaz oğlu Yoaşın yanına xəbər göndərib dedi: «Gəl, qarşılaşaq».  18İsrail padşahı Yoaş Yəhuda padşahı Amasyaya cavab verib dedi: «Livanda olan qanqal oradakı sidr ağacına xəbər göndərib “qızını oğluma arvad olmaq üçün ver” dedi. Amma Livanda olan bir çöl heyvanı keçərək qanqalı tapdaladı.  19Sən “Edomluları qırdım” deyərək ürəyin qürurlanıb, bununla öyünürsən. İndi öz evində otur. Nə üçün sən Yəhudalılarla birlikdə bəlaya düşmək üçün münaqişəyə atılırsan?»  20Ancaq Amasya qulaq asmadı. Bu iş onları Yoaşın əlinə təslim etmək üçün Allahdan oldu, çünki Amasya Edomun allahlarına üz tutmuşdu.  21İsrail padşahı Yoaş çıxıb Yəhuda padşahı Amasya ilə Yəhudada olan Bet-Şemeşdə qarşılaşdı.  22Yəhudalılar İsraillilərin önündə məğlub oldu və hər kəs öz evinə qaçdı.  23İsrail padşahı Yoaş Yəhuda padşahı Axazya oğlu Yoaş oğlu Amasyanı Bet-Şemeşdə tutub onu Yerusəlimə gətirdi. O, şəhər divarının Efrayim darvazasından Künc darvazasına qədər dörd yüz qulacını uçurdu.  24Bütün qızıl-gümüşü, Allahın məbədində Oved-Edomun ixtiyarında olan bütün əşyaları, sarayın xəzinələrini apardı. Girov olaraq tutduğu adamları da götürüb Samariyaya qayıtdı.  25Yəhuda padşahı Yoaş oğlu Amasya İsrail padşahı Yehoaxaz oğlu Yoaşın ölümündən sonra on beş il yaşadı.  26Amasyanın qalan işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  27Amasya Rəbbin yolundan azdığı vaxtdan başlayaraq Yerusəlimdə ona qarşı qəsd hazırladılar. O, Lakişə qaçdı, ancaq Lakişə onun dalınca adamlar göndərdilər və orada onu öldürdülər.  28Onu atlar üstündə gətirib Yəhuda şəhərində, atalarının yanında basdırdılar.

2 Salnamələr 26

1Bütün Yəhuda xalqı on altı yaşlı Uzziyanı götürüb atası Amasyanın yerinə padşah etdi.  2Padşah ataları ilə uyuduqdan sonra o, Elatı Yəhudaya qaytarıb onu tikdi.

Yəhuda padşahı Uzziya

(2Pad. 15:1-7)

3Uzziya padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi.  4Uzziya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.  5Allahdan qorxmağı öyrədən Zəkəriyyənin ömrü boyu Uzziya Allahı axtarırdı və Rəbbi axtardığı dövrdə Allah onun işini avand etdi.  6O çıxıb Filiştlilərə qarşı döyüşdü və Qat, Yavne və Aşdod şəhərlərinin divarlarını yıxdı. Aşdod torpağında və Filiştlilər arasında şəhərlər tikdi.  7Filiştlilərə, Qur-Baalda yaşayan Ərəblərə və Maonlulara qarşı Allah ona yardım etdi.  8Ammonlular Uzziyaya vergi verirdilər. Onun şöhrəti Misirin girəcəyinə qədər yayıldı, çünki get-gedə çox güclü oldu.  9Uzziya Yerusəlimdə Künc və Dərə darvazaları, divarın küncü üzərində möhkəm qüllələr düzəltdi.  10O, çöldə də qüllələr düzəltdi və çoxlu su anbarı üçün yer qazdı, çünki yamaclı-düzənlikli bölgədə və düzənlikdə çoxlu heyvanları vardı. Dağlarda və Karmeldə əkinçilər və üzümçülər qoydu, çünki torpağı çox sevərdi.  11Uzziyanın döyüşməyi bacaran ordusunda qayda belə idi. Padşahın qoşun başçılarından biri olan Xananyanın nəzarəti altında ordu mirzə Yeielin və məmur Maaseyanın düzdüyü dəstələrin saylarına görə dəstə-dəstə döyüşə çıxardı.  12Nəsil başçılarının ümumi sayı iki min altı yüz nəfər igid döyüşçü idi.  13Onların əli altında düşmənə qarşı padşaha yardım etmək üçün böyük igidliklə döyüşən üç yüz yeddi min beş yüz nəfərlik hərbi qüvvə vardı.  14Uzziya bütün ordu üçün qalxanlar, nizələr, dəbilqələr, zirehlər, kamanlar və sapand daşları hazırladı.  15Yerusəlimdə oxlar və böyük daşlar atmaq üçün məharətli adamların icad etdiyi mancanaqlar düzəldib qüllələr və künclər üzərinə qoydu. Onun şöhrəti uzaqlara yayıldı, çünki ona möcüzəli şəkildə kömək olunduğuna görə çox möhkəmləndi.  16Ancaq Uzziya qüvvətlənəndə öz həlakı üçün onun ürəyi qürurlandı. Allahı Rəbbə qarşı xainlik edərək buxur qurbangahı üzərində buxur yandırmaq üçün Rəbbin məbədinə daxil oldu.  17Kahin Azarya və onunla bərabər Rəbbin səksən igid kahini onun ardınca girdi.  18 Padşah Uzziyaya qarşı durdular və ona dedilər: «Ey Uzziya, Rəbbə buxur yandırmaq sənin işin deyil, buxur yandırmaq üçün təqdis edilmiş Harun nəslindən olan kahinlərin işidir, Müqəddəs məkandan çıx, çünki xainlik etdin və bu iş Rəbb Allahdan sənə izzət gətirməyəcək».  19Uzziya qəzəbləndi. Buxur yandırmaq üçün onun əlində buxurdan vardı. Kahinlərə qarşı qəzəbləndikdə onların önündə Rəbbin məbədində, buxur qurbangahının yanında alnından cüzama tutuldu.  20Başçı kahin Azarya və bütün kahinlər ona baxıb alnından cüzama tutulduğunu gördülər. Onu oradan tez bayıra çıxartdılar. Özü də çıxmağa tələsdi, çünki Rəbb ona bəla göndərmişdi.  21Padşah Uzziya ölüm gününə qədər cüzamlı qaldı. O başqa bir evdə yaşayırdı, çünki cüzamlı olduğu üçün Rəbbin məbədindən uzaqlaşdırıldı. Onun oğlu Yotam isə saray üzərində olaraq ölkə xalqına hökm edirdi.  22Uzziyanın qalan işləri barədə, ilk işlərindən son işlərinə qədər Amots oğlu peyğəmbər Yeşaya yazmışdır.  23 Uzziya ataları ilə uyudu və onu padşahların qəbiristanlığında, atalarının yanında basdırdılar, çünki «cüzamlıdır» dedilər. Onun yerinə oğlu Yotam padşah oldu.

2 Salnamələr 27

Yəhuda padşahı Yotam

(2Pad. 15:32-38)

1Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi.  2Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin məbədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi.  3O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü.  4Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi.  5Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi.  6Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltmişdi.  7Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.  8O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi.  9Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu.

2 Salnamələr 28

Yəhuda padşahı Axaz

(2Pad. 16:1-6)

1Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi.  2Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi.  3Ben-Hinnom dərəsində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı.  4O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı.  5 Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.  6Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.  7Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü.  8İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar.  9Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz.  10İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu?  11İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir».  12Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi:  13«Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var».  14Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular.  15Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar.

Axazın padşahlığının sonu

(2Pad. 16:7-9)

16O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi.  17Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər.  18Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar.  19Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi.  20Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı.  21Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi.  22Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı.  23Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu.  24Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar,  25Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi.  26Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  27 Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu.

2 Salnamələr 29

Yəhuda padşahı Xizqiya

(2Pad. 18:1-3)

1Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi.  2Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.

Məbədin təmizlənməsi

3Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi.  4Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı.  5Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın.  6Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər.  7Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər.  8Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi.  9Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir.  10İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin.  11Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».  12Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden;  13Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya;  14Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel.  15Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər.  16Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı.  17Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.  18Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik.  19Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».  20Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı.  21Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər.  22Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər.  23Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular.  24Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.  25Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi.  26Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı.  27Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı.  28Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi.  29Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi.  30Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.  31Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi.  32Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi.  33Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi.  34Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi.  35Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu.  36Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.

2 Salnamələr 30

Pasxa bayramının keçirilməsi

1Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin məbədinə gəlsinlər deyə bütün İsraillilərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı.  2 Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi.  3Çünki lazımi sayda kahin özünü təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər.  4Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi.  5Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə elan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər.  6Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.  7Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi.  8İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün.  9Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz».  10Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular.  11Amma Aşerdən, Menaşşedən və Zevulundan bəzi adamlar özlərini aşağı tutub Yerusəlimə gəldi.  12Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər.  13İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı.  14Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar.  15İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin məbədinə yandırma qurbanları gətirdilər.  16Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıqları qanı səpdilər.  17Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi.  18Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi.  19Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın».  20Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi.  21Yerusəlimdə olan İsraillilər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səsli musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər.  22Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər.  23Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər.  24Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi.  25Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi.  26Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı.  27Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı.

2 Salnamələr 31

1Bütün bu iş qurtaranda orada olan bütün İsraillilər Yəhuda şəhərlərinə çıxıb daş sütunları sındırdı, Aşera bütlərini kəsdi. Bütün Yəhuda və Binyamin, Efrayim, Menaşşe torpaqlarında olan səcdəgahları və qurbangahları axıra qədər dağıtdılar. Sonra bütün İsrail övladları öz şəhərlərinə, hər kəs öz mülkünə qayıtdı.

Xizqiya kahinlərin və Levililərin qayğısına qalır

2Xizqiya kahinləri və Levililəri bölmələrə ayırdı və hər kəsi öz işinə uyğun olan bölməyə təyin etdi. O, Rəbbin darvazalarla hasarlanmış yerində yandırma və ünsiyyət qurbanlarını gətirmək, xidmət etmək, şükür və həmd oxumaq üçün kahinləri və Levililəri qoydu.  3 Rəbbin Qanununda yazıldığına görə yandırma qurbanları – səhər və axşamın yandırma qurbanları, Şənbə günlərinin, Təzə Ay mərasimlərinin və bayramların yandırma qurbanları üçün padşah öz malından pay ayırdı.  4 Kahinlər və Levililər özlərini Rəbbin Qanununa həsr etsinlər deyə onların payını verməyi Yerusəlimdə yaşayan xalqa əmr etdi.  5Bu əmr hər yana yayılanda İsrail övladları taxılın, təzə şərabın, yağın, balın və bütün tarla məhsullarının nübarından bol-bol verdi. Hər şeyin onda birini bol-bol gətirdilər.  6Yəhuda şəhərlərində yaşayan İsraillilər və Yəhudalılar mal-qaranın və qoyun-keçinin onda birini, özlərinin Allahı Rəbbə təqdis olunan müqəddəs şeylərin onda birini də gətirdilər və qalaq-qalaq verdilər.  7Üçüncü ayda bunları qalaqlarla üst-üstə yığmağa başladılar və yeddinci ayda qurtardılar.  8Xizqiya və rəislər gəlib qalaqları gördülər, Rəbbə və Onun xalqı İsrailə minnətdarlıqlarını bildirdilər.  9Xizqiya bu qalaqlar barədə kahinlərdən və Levililərdən soruşdu.  10Sadoqun nəslindən olan başçı kahin Azarya ona belə cavab verdi: «Rəbbin məbədinə nəzirlər gətirilən vaxtdan bəri biz yeyib doyuruq, hələ artıq da qalır. Çünki Rəbb Öz xalqına bərəkət verdi və bu bol şeylər də artıq qaldı».  11Xizqiya əmr etdi ki, Rəbbin məbədindəki otaqları hazırlasınlar. Onlar hazırladılar.  12Nəzirləri, onda birləri və təqdis olunan şeyləri sədaqətlə oraya gətirib saxladılar. Bu şeyləri rəis olan Levili Konanya və müavini olan qardaşı Şimey saxlayırdı.  13Yexiel, Azazya, Naxat, Asahel, Yerimot, Yozavad, Eliel, İsmakya, Maxat və Benaya da padşah Xizqiyanın və Allahın məbədində rəis olan Azaryanın əmrinə görə Konanyanın və qardaşı Şimeyin əli altında məmur idi.  14Şərq darvazasında qapıçı olan Levili İmna oğlu Qore Rəbbə verilən nəzirlər və ən müqəddəs şeyləri paylamaqdan ötrü Allah üçün verilən könüllü təqdimlərə nəzarət edirdi.  15Onun başçılığı altında olan Edenə, Minyaminə, Yeşuaya, Şemayaya, Amaryaya və Şekanyaya bölmələrinə görə kahin şəhərlərində böyükdən kiçiyə qədər bu qohumlarına paylarını bölmək işi tapşırılmışdı:  16nəsil şəcərələrinə baxmayaraq, üç yaşında və ondan yuxarı yaşda olan, vəzifələrinə və bölmələrinə görə gündəlik xidmət işi üçün Rəbbin məbədinə girən kişilərin hamısı;  17nəsil şəcərələrində yazıldığı kimi nəsillərinə görə kahinlər, vəzifələrinə, həm də bölmələrinə görə iyirmi yaşında və ondan yuxarı yaşda olan Levililər;  18nəsil şəcərələrinə görə bütün camaatın uşaqları, arvadları, oğul və qızları – çünki onlar özlərini sədaqətlə müqəddəs xidmət üçün təqdis etmişdilər –  19öz şəhərlərinin ətraf çöllərində yaşayan Harun nəslindən kahinlər. Hər şəhərdə adları çəkilən adamlar qoyulmuşdu ki, kahinlər arasındakı bütün kişilərə və Levililər arasında nəsil şəcərələrində yazılanların hamısına pay versinlər.  20Xizqiya bütün Yəhudada belə etdi, Allahı Rəbbin önündə yaxşı, doğru və sədaqətli işlər gördü.  21O öz Allahını axtararaq Allahın məbədinin xidmətində, qanuna və əmrlərə əməl etməkdə başladığı hər işi bütün qəlbi ilə icra etdi və uğur qazandı.

2 Salnamələr 32

Sanxerivin hücumu

(2Pad. 18:13-37; 19:14-19,35-37; Yeş. 36:1-22; 37:8-38)

1Bu sədaqətli işlərdən sonra Aşşur padşahı Sanxeriv gəlib Yəhudaya girdi. O, qalalı şəhərlərə qarşı ordugah qurdu və onları ələ keçirmək istədi.  2Xizqiya Sanxerivin Yerusəlim üzərinə döyüşmək üçün gəldiyini gördükdə  3şəhərdən kənarda olan su mənbələrini kəsmək üçün öz rəisləri və sərkərdələri ilə məsləhətləşdi və onlar Xizqiyaya kömək etdi.  4Çoxlu xalq yığıldı və «Aşşur padşahları nə üçün gəlib çoxlu su tapsınlar?» deyib bütün su mənbələrinin və ölkədən axan çayların yollarını kəsdilər.  5Xizqiya cəsarətləndi, divarın bütün uçmuş yerlərini tikdi və onun üstündə qüllələr düzəltdi. Bayır tərəfdən başqa bir divar da tikdi, Davudun şəhərində olan qala yamacını da möhkəmləndirdi. Çoxlu silah və qalxan düzəltdi.  6O, xalqın üzərinə sərkərdələr qoydu, onları şəhər darvazası meydanında yanına topladı və onları ürəkləndirib dedi:  7«Möhkəm və cəsarətli olun. Aşşur padşahından və onun yanında olan çoxlu qoşundan qorxmayın, ruhdan düşməyin, çünki bizimlə olan onunla olandan böyükdür.  8Onunla olan insan gücüdür, ancaq bizimlə olan Allahımız Rəbdir ki, bizə kömək edir və müharibələrimizdə vuruşur». Xalq Yəhuda padşahı Xizqiyanın sözlərindən ürəkləndi.  9Bundan sonra Aşşur padşahı Sanxeriv yanında olan bütün qərargahı ilə Lakişin qarşısında dayanarkən Yerusəlimə, Yəhuda padşahı Xizqiyanın və Yerusəlimdə olan bütün Yəhudalıların yanına adamlarını göndərdi və onlar dedi:  10«Aşşur padşahı Sanxeriv belə deyir: “Siz nəyə güvənirsiniz ki, Yerusəlimdə mühasirəyə oturursunuz?  11‹Allahımız Rəbb bizi Aşşur padşahının əlindən qurtaracaq› deyən Xizqiya sizi aclıqla və susuzluqla ölümə vermək üçün azdırmırmı?  12O həmin Allahın səcdəgahlarını və qurbangahlarını aradan qaldıran, Yəhudaya və Yerusəlimə ‹bir qurbangahın önündə səcdə edəcəksiniz və onun üzərində buxur yandıracaqsınız› deyə əmr edən Xizqiyanın özü deyildimi?  13Bütün ölkələrin xalqlarına mənim və atalarımın nə etdiyini bilmirsinizmi? O ölkələrin millətlərinin allahları öz torpaqlarını mənim əlimdən qurtara bildilərmi?  14Atalarımın tamamilə məhv etdikləri o millətlərin bütün allahları arasında hansı biri öz xalqını əlimdən qurtara bildi ki, Allahınız sizi mənim əlimdən qurtara bilsin?  15Qoy indi Xizqiya sizi aldatmasın və bu cür azdırmasın, ona inanmayın. Çünki heç bir millətin və heç bir ölkənin allahlarından heç biri öz xalqını mənim və atalarımın əlindən qurtara bilmədi. Sizin Allahınız da sizi mənim əlimdən qurtara bilməyəcək!”»  16Sanxerivin adamları Rəbb Allaha və Onun qulu Xizqiyaya qarşı hələ çox şeylər söylədi.  17O özü də İsrailin Allahı Rəbbi təhqir etmək üçün yazdığı məktublarda Ona qarşı belə dedi: «Ölkələrin millətlərinin allahları öz xalqlarını necə əlimdən qurtara bilmədilərsə, Xizqiyanın Allahı da xalqını mənim əlimdən qurtara bilməyəcək».  18Onun adamları şəhəri almaq üçün divar üzərində olan Yerusəlim xalqını qorxudub dəhşətə salsınlar deyə onlara tərəf uca səslə Yəhudi dilində bağırdılar.  19Yer üzü xalqlarının insan əllərinin işi olan allahlarına qarşı dedikləri sözləri Yerusəlimin Allahına qarşı da söylədilər.  20Bundan ötrü padşah Xizqiya və peyğəmbər Amots oğlu Yeşaya dua edib göyə fəryad etdilər.  21Rəbb bir mələk göndərdi və o, Aşşur padşahının ordugahında olan bütün igid döyüşçüləri, sərkərdələri və rəisləri məhv etdi. Aşşur padşahı biabırçılıqla öz ölkəsinə qayıtdı. O öz allahının məbədinə girdi və orada öz doğma oğullarından bəzisi onu qılıncla öldürdü.  22Beləcə Rəbb Xizqiyanı və Yerusəlimdə yaşayanları Aşşur padşahı Sanxerivin və bütün başqalarının əlindən qurtardı və onları hər tərəfdən qorudu.  23Onda çoxlu adam Yerusəlimə, Rəbbə hədiyyələr və Yəhuda padşahı Xizqiyaya dəyərli şeylər gətirdi. Bundan sonra Xizqiya bütün millətlərin gözündə ucaldı.

Xizqiyanın padşahlığının sonu

(2Pad. 20:1-3,12-21; Yeş. 38:1-3)

24 O günlərdə Xizqiya ölümcül xəstələndi. O, Rəbbə dua etdi, Rəbb də ona cavab verdi və ona bir əlamət göstərdi.  25Ancaq Xizqiya ona edilən yaxşılığın əvəzini ödəmədi. Çünki ürəyi qürurlanmışdı, buna görə də özünün, Yəhudanın və Yerusəlimin üzərinə Allahın qəzəbi gəldi.  26Amma Xizqiya ürəyinin qürurundan əl çəkib özünü aşağı tutdu, Yerusəlimdə yaşayanlar da belə etdi. Buna görə də Xizqiyanın dövründə onların üzərinə Rəbbin qəzəbi gəlmədi.  27Xizqiyanın olduqca çoxlu sərvəti və şöhrəti vardı. O özünə qızıl-gümüş, qiymətli daşlar, ətriyyat, qalxanlar və hər cür qiymətli əşya üçün xəzinələr tikdi.  28Buğda, təzə şərab və yağ məhsulları üçün anbarlar, hər cür heyvan üçün axurlar və sürülər üçün ağıllar tikdi.  29O özü üçün şəhərlər də tikdi. Onun çoxlu qoyun-keçisi və mal-qarası vardı. Çünki Allah ona lap çox mal-dövlət vermişdi.  30Həmin Xizqiya Gixon sularının yuxarı mənbəyini bağladı və onları yer altından qərbə doğru, Davudun şəhərinə keçirdi. Xizqiya bütün işlərində uğur qazandı.  31Ancaq Babil hökmdarlarının ölkədə baş verən əlamət barədə soruşmaq üçün göndərdiyi elçilər gəldiyi zaman bu işdə Allah sınağa çəkib ürəyində olan hər şeyi bilmək üçün onu tərk etdi.  32Xizqiyanın qalan işləri və sədaqətli əməlləri barədə peyğəmbər Amots oğlu Yeşayanın peyğəmbərliklərində, Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.  33Xizqiya ataları ilə uyudu və onu Davud sülaləsinin qəbirlərinin yuxarısında basdırdılar. Öldüyü zaman bütün Yəhudalılar və Yerusəlimdə yaşayanlar ona ehtiram göstərdilər. Onun yerinə oğlu Menaşşe padşah oldu.

2 Salnamələr 33

Yəhuda padşahı Menaşşe

(2Pad. 21:1-9)

1Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi  2 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.  3Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.  4 Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi məbədində qurbangahlar tikməyə başladı.  5Menaşşe Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.  6O, oğullarını Ben-Hinnom dərəsində oda qurban verdi, gələcəyi dedi, baxıcılıq və cadugərlik edib cindarlara və ruhçağıranlara müraciət etdi. Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.  7 Düzəltdiyi oyma bütü Allahın məbədinə qoydu. Bu məbəd barədə Allah Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.  8Əgər Mənim onlara buyurduğum hər şeyə və Musa vasitəsilə onlara verilən bütün qanuna, qaydalara və hökmlərə əməl etsələr, İsrail övladlarının atalarına təyin etdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».  9Menaşşe Yəhudalıları və Yerusəlimdə yaşayanları İsrail övladları önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı.  10Rəbb Menaşşe və onun xalqı ilə danışdı, amma onlar qulaq asmadı.  11Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar.  12O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu,  13Allaha dua etdi. Allah da onun duasını qəbul etdi və yalvarışını eşitdi, onu yenə Yerusəlimə – öz padşahlığına gətirdi. Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır.  14Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıqlar darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu.  15Menaşşe özgə allahları, Rəbbin məbədindəki bütü, Rəbbin məbədinin dağında və Yerusəlimdə tikdiyi bütün qurbangahları aradan qaldırıb onları şəhərin bayırına atdı.  16O, Rəbbin qurbangahını təmir edib orada ünsiyyət və şükür qurbanları təqdim etdi və İsrailin Allahı Rəbbə qulluq etməyi Yəhudalılara əmr etdi.  17Bununla bərabər xalq hələ səcdəgahlarda qurban gətirirdi, hərçənd ki bunu özlərinin Allahı Rəbbə görə edirdi.  18Menaşşenin qalan işləri, öz Allahına duası və İsrailin Allahı Rəbbin adı ilə ona söz deyən görücülərin sözləri İsrail padşahlarının tarix kitabında yazılmışdır.  19Onun duası və duasının eşidildiyi, bütün günahları və xainliyi, özünü aşağı tutmazdan əvvəl səcdəgahlar tikib Aşera bütlərini və oyma bütləri qoyduğu yerlər barədə görücülərin tarix kitabında yazılmışdır.  20Menaşşe ataları ilə uyudu və onu öz evində basdırdılar. Onun yerinə oğlu Amon padşah oldu.

Yəhuda padşahı Amon

(2Pad. 21:19-26)

21Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi.  22O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atası Menaşşenin düzəltdiyi bütün oyma bütlərə Amon da qurban kəsdi və onlara qulluq etdi.  23O, atası Menaşşedən fərqli olaraq özünü Rəbbin önündə aşağı tutmadı, əksinə, Amon get-gedə daha çox günah etdi.  24Əyanları ona qarşı qəsd hazırladı və onu öz sarayında öldürdülər.  25Ölkə xalqı padşah Amona qarşı qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.

2 Salnamələr 34

Yəhuda padşahı Yoşiya

(2Pad. 22:1-2)

1Yoşiya padşah olduğu vaxt səkkiz yaşında idi və Yerusəlimdə otuz bir il padşahlıq etdi.  2O, Rəbbin gözündə doğru olan işlər etdi, hər işdə babası Davudun yolları ilə gedərək onlardan kənara çıxmadı.  3Padşahlığının səkkizinci ilində hələ gənc ikən babası Davudun Allahını axtarmağa başladı. On ikinci ildə Yəhudanı və Yerusəlimi səcdəgahlardan, Aşera bütlərindən, oyma bütlərdən və tökmə bütlərdən təmizləməyə başladı.  4 Yoşiyanın önündə Baal bütlərinin qurbangahlarını dağıtdılar. Onların üzərində qoyulan buxur qurbangahlarını kəsib atdı. Aşera bütlərini, oyma bütləri və tökmə bütləri sındırdı, onları əzib toz etdi və bu bütlərə qurban gətirənlərin qəbirləri üzərinə səpdi.  5 Öz qurbangahlarında onların kahinlərinin sümüklərini yandırdı, beləcə Yəhudanı və Yerusəlimi təmizlədi.  6Yoşiya Menaşşe, Efrayim və Şimeon qəbilələrinin şəhərlərində və ətraf viranəliklərində də Naftali torpağına qədər qurbangahları dağıtdı.  7Aşera bütlərini və oyma bütləri toz edənə qədər əzdi, bütün İsrail ölkəsində buxur qurbangahlarının hamısını kəsib atdı, sonra Yerusəlimə qayıtdı.

Məbəddə Qanun kitabının tapılması

(2Pad. 22:3-20)

8Padşahlığının on səkkizinci ilində ölkəni və məbədi təmizlədikdən sonra Yoşiya Asalya oğlu Şafanı, şəhər rəisi Maaseyanı, salnaməçi Yoaxaz oğlu Yoahı öz Allahı Rəbbin məbədini təmir etmək üçün göndərdi.  9Onlar baş kahin Xilqiyanın yanına gəldi. Bütün qalan İsraillilərin – Menaşşelilərin, Efrayimlilərin, bütün Yəhudalıların, Binyaminlilərin və Yerusəlimdə yaşayanların Allahın məbədinə gətirdikləri, astanada keşik çəkən Levililərin yığdıqları pulu  10Rəbbin məbədinin işinə nəzarət edənlərə verdilər. Onlar da pulu məbədin uçuq yerlərini təmir etmək üçün Rəbbin məbədində olan işçilərə –  11dülgərlərə və ustalara verdilər ki, Yəhuda padşahlarının xaraba qoyduqları evlər üçün yonulmuş daş və rəzələrlə dirəklər üçün taxta alsınlar.  12Bu adamlar sədaqətlə iş gördülər. İşə nəzarət etmək üçün onların üzərinə Levililər – Merari nəslindən olan Yaxat və Avdiya, Qohat nəslindən olan Zəkəriyyə və Meşullam, hər biri musiqi alətlərində çala bilən Levililər qoyulmuşdu.  13Bunlar yük daşıyanların da üzərində idi və hər cür xidmətdə bütün işi görənlərə nəzarət edirdi. Mirzələr, məmurlar, qapıçılar da Levililərdən idi.  14Rəbbin məbədinə gətirilmiş olan pulu çıxartdıqları zaman kahin Xilqiya Musa vasitəsilə verilən Rəbbin Qanun kitabını tapdı.  15Xilqiya mirzə Şafana dedi: «Rəbbin məbədində Qanun kitabını tapdım». Xilqiya kitabı Şafana verdi.  16Şafan kitabı padşahın yanına apardı, həm də ona xəbər gətirib dedi: «Qulların tapşırdığın hər şeyi edir.  17Rəbbin məbədində tapılan pulu boşaltdılar, onu nəzarətçilərin və işçilərin əlinə verdilər».  18Mirzə Şafan padşaha bildirib dedi: «Kahin Xilqiya mənə bir kitab verdi». Şafan onu padşahın önündə oxudu.  19Padşah Qanun sözlərini eşidəndə paltarını cırdı.  20Padşah Xilqiyaya, Şafan oğlu Axiqama, Mikeya oğlu Avdona, mirzə Şafana və padşahın xidmətçisi Asayaya əmr edib dedi:  21«Gedin, tapılmış kitabın sözlərinə görə mənim üçün, İsraillilərin və Yəhudalıların qalanı üçün Rəbdən soruşun, çünki Rəbbin bizə qarşı tökülmüş qəzəbi böyükdür. Ona görə ki atalarımız bu kitabda yazılan hər şeyə görə Rəbbin sözünə əməl etməmişdilər».  22Xilqiya və padşahın adamları qadın peyğəmbər Xuldanın yanına getdilər. O, paltarlara baxan Xasra oğlu Toqhat oğlu Şallumun arvadı idi və Yerusəlimdə ikinci məhəllədə yaşayırdı. Onunla bu barədə söhbət etdilər.  23Qadın onlara dedi: «İsrailin Allahı Rəbb belə deyir: sizi Mənim yanıma göndərən adama söyləyin ki,  24Rəbb belə deyir: “Mən Yəhuda padşahının önündə oxuduqları kitabda yazılan bütün lənətlərə görə bu yerə və burada yaşayanların üzərinə bəla gətirəcəyəm.  25Onlar Məni tərk etdilər və başqa allahlara buxur yandıraraq bütün əməlləri ilə Məni qəzəbləndirdilər. Buna görə də bu yerə qarşı qəzəbim töküləcək və sönməyəcək”.  26Ancaq Rəbdən soruşmaq üçün sizi göndərən Yəhuda padşahına söyləyin ki, İsrailin Allahı Rəbb belə deyir: “Sözlərimi dinlədin.  27Allahın bu yerə və orada yaşayanlara qarşı Allah sözlərini eşidəndə ürəyin yumşaldı və Onun önündə özünü aşağı tutdun. Bəli, Mənim önümdə özünü aşağı tutdun, paltarını cırıb önümdə ağladın. Buna görə də Mən səni eşitdim” Rəbb belə bəyan edir.  28“Mən səni atalarına qoşacağam və rahat öz qəbrinə qoyulacaqsan, bu yerin və orada yaşayanların üzərinə gətirəcəyim bütün bəlanı gözlərin görməyəcək”». Onlar bu xəbəri padşaha çatdırdı.

Padşah və xalq Rəbb ilə əhd bağlayır

(2Pad. 23:1-20)

29Padşah Yəhudanın və Yerusəlimin bütün ağsaqqallarını çağırtdırıb öz yanına topladı.  30Padşah, onunla birgə bütün Yəhuda adamları, Yerusəlimdə yaşayanlar, kahinlər, Levililər və böyükdən kiçiyə qədər bütün xalq Rəbbin məbədinə qalxdı. O, Rəbbin məbədində tapılmış Əhd kitabının bütün sözlərini onlara eşitdirərək oxudu.  31Padşah öz yerində dayandı. O, Rəbbin önündə əhd bağladı ki, Rəbbin ardınca gedib Onun əmrlərinə, göstərişlərinə, qaydalarına bütün qəlbi və bütün varlığı ilə əməl etsin və bu kitabda yazılmış əhdin sözlərini yerinə yetirsin.  32O, Yerusəlimdə olanların hamısına və Binyaminlilərə bu əhdi təsdiq etdirdi. Yerusəlimdə yaşayanlar Allahın, atalarının Allahının əhdinə görə belə etdi.  33Yoşiya İsraillilərin bütün torpaqlarında iyrənc şeylərin hamısını aradan qaldırdı və İsraildə olanların hamısına özlərinin Allahı Rəbbə qulluq etməyi əmr etdi. Onun bütün ömrü boyu xalq atalarının Allahı Rəbbin ardınca getməkdən dönmədi.

2 Salnamələr 35

Yoşiya Pasxa bayramını keçirir

(2Pad. 23:21-23)

1Yoşiya Yerusəlimdə Rəbb üçün Pasxa bayramını keçirdi və birinci ayın on dördüncü günü Pasxa qurbanını kəsdilər.  2O, kahinləri vəzifələrinə qoydu və onları Rəbbin məbədinin xidməti üçün ruhlandırdı.  3Rəbb üçün təqdis edilmiş və bütün İsrailə təlim verən Levililərə dedi: «Müqəddəs sandığı İsrail padşahı Davud oğlu Süleymanın tikdiyi məbədə qoyun. O daha sizin çiyinlərinizə yük olmayacaq. İndi Allahınız Rəbbə və onun xalqı İsrailə xidmət edin.  4 İsrail padşahı Davudun və onun oğlu Süleymanın yazdığı kimi nəsillərinizə, bölmələrinizə görə hazır olun.  5Qohumlarınız olan xalqın nəsil bölmələrinə və Levililərin nəsil bölmələrinə görə Müqəddəs yerdə dayanın.  6Pasxa qurbanını kəsin, özünüzü təqdis edin və Musa vasitəsilə olan Rəbbin sözünə əməl edərək qohumlarınız üçün hazırlıq görün».  7Yoşiya xalqa, orada olan hər kəsə Pasxa qurbanı olaraq sürüdən otuz min quzu və oğlaq verdi, üç min baş mal-qara da verdi. Bunlar padşahın malından idi.  8Onun rəisləri də xalqa, kahinlərə və Levililərə könüllü hədiyyələr verdilər. Allah məbədinin rəisləri olan Xilqiya, Zəkəriyyə və Yexiel, kahinlərə iki min altı yüz Pasxa qurbanı olacaq davar və üç yüz baş mal-qara verdi.  9Konanya, onun qardaşları Şemaya və Netanel, Levililərin rəisləri Xaşavya, Yeiel və Yozavad Levililərə beş min Pasxa qurbanı olacaq heyvan və beş yüz baş mal-qara verdi.  10Xidmət işi hazır olanda padşahın əmri ilə kahinlər yerlərində və Levililər bölmələrinə görə dayanıb  11Pasxa qurbanını kəsdilər. Kahinlər özlərinə verilən qanı səpdilər, Levililər isə qurbanların dərisini soydular.  12Onları xalqa nəsil bölmələrinə görə vermək üçün ayırdılar ki, Musanın kitabında yazıldığı kimi xalq Rəbbə yandırma qurbanları təqdim etsin. Mal-qaranı da belə etdilər.  13 Pasxa qurbanını da qaydaya görə odda qızartdılar. Müqəddəs qurbanları qazanlarda, tiyanlarda və tavalarda bişirdilər və bütün xalqa tələsik payladılar.  14Bundan sonra özləri və kahinlər üçün hazırladılar, çünki Harun nəslindən olan kahinlər gecə düşənə qədər yandırma qurbanları və yağları təqdim etməklə məşğul idi. Bundan ötrü Levililər özləri və Harun nəslindən olan kahinlər üçün hazırlıq gördülər.  15 Asəf nəslindən olan ilahiçilər Davudun, Asəfin, Hemanın və padşahın görücüsü Yedutunun əmr etdiyi yerlərdə, qapıçılar isə hər darvaza ağzında dayandı. Xidmətlərindən ayrılmaları lazım deyildi, çünki Levili olan qohumları onlar üçün hazırlıq gördü.  16Padşah Yoşiyanın əmrinə görə Pasxa bayramını keçirmək və Rəbbin qurbangahında yandırma qurbanları təqdim etmək üçün Rəbbin bütün xidməti o gün beləcə hazırlandı.  17 Orada olan İsrail övladları o zaman Pasxa bayramını, yeddi gün isə Mayasız Çörək bayramını qeyd etdilər.  18Peyğəmbər Şamuelin dövründən bəri Pasxa bayramı İsraildə belə keçirilməmişdi. İsrail padşahlarından heç biri Yoşiya ilə kahinlərin, Levililərin, bütün Yəhudalıların, orada olan İsraillilərin və Yerusəlimdə yaşayanların qeyd etdikləri bu Pasxa kimi bir Pasxa keçirməmişdi.  19Bu Pasxa Yoşiyanın padşahlığının on səkkizinci ilində keçirildi.

Yoşiyanın ölümü

(2Pad. 23:28-30)

20Yoşiyanın məbəddə gördüyü bütün bu işlərdən sonra Misir padşahı Neko müharibə etmək üçün Fərat çayı yanında olan Karkemişin üzərinə gəldi. Yoşiya onunla qarşılaşmağa çıxdı.  21Misir padşahı onun yanına qasidlər göndərib dedi: «Ey Yəhuda padşahı, mənim səninlə nə işim var? Mən bu gün sənin üstünə deyil, müharibə etdiyim sülaləyə qarşı gedirəm. Allah mənə tələsməyi əmr etdi, mənimlə olan Allahdan çəkin ki, səni həlak etməsin».  22Yoşiya ondan əl çəkmədi və onunla vuruşmaq üçün qiyafəsini dəyişdi, Allah tərəfindən olan Nekonun sözlərinə qulaq asmadı və vuruşmaq üçün Megiddo düzənliyinə getdi.  23Oxatanlar padşah Yoşiyanı oxla vurdu. Padşah adamlarına dedi: «Məni buradan aparın, çünki ağır yaralandım».  24Adamları onu arabadan götürdülər və onu özünün ikinci arabasına mindirib Yerusəlimə apardılar. Yoşiya öldü və atalarının qəbirlərində basdırıldı. Bütün Yəhudalılar və Yerusəlimlilər Yoşiya üçün yas tutdu.  25Yeremya Yoşiya üçün mərsiyə qoşdu. Bütün kişi və qadın xanəndələr bu günə qədər məlum olan mərsiyələrində Yoşiya barədə danışmışlar. Bu mərsiyələri oxumağı İsraildə adət etdilər və bunlar mərsiyələr kitabında yazılmışdır.  26Yoşiyanın qalan işləri, Rəbbin Qanununda yazıldığına görə etdiyi sədaqətli işləri,  27ilk işlərindən son işlərinə qədər İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.

2 Salnamələr 36

1Ölkə xalqı Yoşiyanın oğlu Yehoaxazı götürüb atasının yerinə Yerusəlimdə padşah etdi.

Yəhuda padşahı Yehoaxaz

(2Pad. 23:30-35)

2Yehoaxaz padşah olduğu vaxt iyirmi üç yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi.  3 Misir padşahı onu Yerusəlimdə taxtdan saldı və ölkə üzərinə bir talant qızıl və yüz talant gümüş miqdarında xərac qoydu.  4Misir padşahı onun qardaşı Elyaqimi Yəhuda və Yerusəlim üzərində padşah etdi və adını dəyişdirib Yehoyaqim qoydu. Neko onun qardaşı Yehoaxazı götürüb Misirə apardı.

Yəhuda padşahı Yehoyaqim

(2Pad. 23:36-24:7)

5 Yehoyaqim padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. O, Allahı Rəbbin gözündə pis olan işlər etdi.  6 Babil padşahı Navuxodonosor onun üstünə hücum etdi. Tunc zəncir vurub onu əsir etdi və Babilə apardı.  7Navuxodonosor Rəbbin məbədinin əşyalarından bəzilərini Babilə apardı və onları Babildəki öz məbədinə qoydu.  8Yehoyaqimin qalan işləri, etdiyi iyrənc işlər və onun təqsiri İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır. Onun yerinə oğlu Yehoyakin padşah oldu.

Yəhuda padşahı Yehoyakin

(2Pad. 24:8-17)

9Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay on gün padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi.  10 Bahar gələndə Navuxodonosor onu Rəbbin məbədinin qiymətli əşyaları ilə birgə Babilə gətirtdi və Yehoyakinin qohumu Sidqiyanı Yəhuda və Yerusəlim üzərində padşah etdi.

Yəhudanın son padşahı Sidqiya

(2Pad. 24:18-20; Yer. 52:1-3)

11 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi.  12O, Allahı Rəbbin gözündə pis olan işlər etdi, Rəbbin dili ilə danışan peyğəmbər Yeremyanın önündə özünü aşağı tutmadı.  13 Həm də Allahın adı ilə onu and içdirmiş padşah Navuxodonosora qarşı üsyan etdi, dikbaşlıqla İsrailin Allahı Rəbbə tərəf dönmək istəməyib ürəyini inadkar etdi.  14Kahinlərin bütün rəhbərləri də xalqla birgə başqa millətlərin bütün iyrənc işlərinə görə davranaraq böyük xainlik etdilər və Rəbbin Yerusəlimdə təqdis etdiyi məbədini murdarladılar.

Yerusəlimin süqutu

(2Pad. 25:1-21; Yer. 52:3-27)

15Atalarının Allahı Rəbb dəfələrlə Öz elçilərinin vasitəsilə onlara xəbər göndərdi, çünki Öz xalqına və məskəninə rəhmi gəlirdi.  16 Ancaq Rəbbin qəzəbi Öz xalqının üzərinə gəldi və onlara heç bir çarə tapılmadı, çünki Allahın elçilərini lağa qoydular, Onun sözlərinə xor baxdılar və peyğəmbərlərini təhqir etdilər.  17 Rəbb onların üzərinə Xaldeylilərin padşahını göndərdi. O da Müqəddəs məkanlarında onların cavanlarını qılıncla öldürdü, yeniyetməyə və bakirə qıza, qocaya və zəifə rəhm etmədi, Rəbb hamısını ona təslim etdi.  18O, Allahın məbədinin bütün böyük və kiçik əşyalarını, Rəbbin məbədinin xəzinələrini, padşahın və onun rəislərinin xəzinələrini – hər şeyi Babilə apardı.  19Xaldeylilər Allahın məbədini yandırdılar, Yerusəlimin divarını uçurdular, onun bütün saraylarına od vurdular və orada olan qiymətli əşyaların hamısını məhv etdilər.  20Xaldeylilərin padşahı qılıncdan qurtaranları Babilə sürgünlüyə apardı. Onlar Fars padşahlarının hökmranlığına qədər ona və onun oğullarına qul oldu.  21 Yeremyanın dili ilə deyilən Rəbbin sözü yerinə yetsin deyə yetmiş il bitənə qədər torpaq öz Şənbə vaxtlarını qeyd edərək bütün bu viranəlik müddəti dincəldi.

Kir Yəhudilərə öz ölkələrinə qayıtmağa icazə verir

(Ezr. 1:1-4)

22Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi şəkildə elan etdi:  23 «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı Rəbb yar olsun və oraya getsinlər”».