Rut

GİRİŞ

«Rut» Kitabı Moavlı bir qadının ürək kövrəldən həyat hekayəsidir. Moavlı Rut İsrailli bir kişiyə ərə gedir. Əri öləndən sonra o, qayınanasına sonsuz sədaqət göstərərək İsraillilərin etiqad etdikləri Allaha bütün ürəyi ilə ümid bağlayır. Allah da Rutun sadiq ürəyini görüb ona yeni bir ümid qapısı açır. Sınıq qəlbli, qərib və tənha dul qadın olan Rut Allahın sonsuz mərhəməti nəticəsində İsrail xalqı arasında sakin olur. O, böyük peyğəmbər və padşah Davudun ulu nənəsidir.
«Rut» Kitabında aydın göstərilir ki, millətindən asılı olmayaraq hər kəs tək Allaha üz tutsa, Allahdan bərəkət alar və Onun sadiq xalqının nümayəndəsi olar.
Kitabın məzmunu:
1:1-22 Naominin Rutla Bet-Lexemə qayıtması
2:1–3:18 Rut Boaza rast gəlir
4:1-22 Boazın Rutla evlənməsi

Rut 1

Elimelekin ailəsi ilə Moav torpağına köçməsi

1Hakimlərin hökm etdiyi günlərdə ölkədə qıtlıq oldu. Elə bu vaxtlarda Yəhudanın Bet-Lexem şəhərindən bir kişi arvadı və iki oğlu ilə birgə müvəqqəti yaşamaq üçün Moav torpağına köçdü.  2Bu kişinin adı Elimelek, arvadının adı Naomi, bir oğlunun adı Maxlon, o birinin adı isə Kilyon idi. Onlar Yəhudanın Bet-Lexem şəhərindən olan Efratlılar idi. Bu adamlar gəlib Moav torpağında yaşadılar.  3Bir gün Naominin əri Elimelek öldü və o, iki oğlu ilə qaldı.  4Oğulları özlərinə Moav qadınlarından arvad aldı. Bu qadınların birinin adı Orpa, o birinin adı isə Rut idi. Onlar on ilə yaxın bu torpaqda yaşadı.  5Sonra Maxlon və Kilyon da öldü, Naomi həm oğulsuz, həm də ərsiz qaldı.

Bet-Lexemə qayıtma

6Bir gün Naomi gəlinləri ilə Moav torpağından geri qayıtmaq üçün ayağa qalxdı. O, Moav torpağında eşitmişdi ki, Rəbb Öz xalqına nəzər salaraq onlara çörək vermişdir.  7Naomi Yəhuda torpağına qayıtmaq üçün gəlinləri ilə yaşadığı yerdən çıxıb yola düşdü.  8Naomi hər iki gəlininə dedi: «Gəlin siz hər biriniz ananızın evinə qayıdın. Sizin mərhumlara və mənə etdiyiniz xeyirxahlığa görə qoy Rəbb sizə xeyirxahlıq etsin.  9Rəbb elə etsin ki, hər biriniz ər evində rahatlıq tapasınız». Sonra o, gəlinlərini öpdü və onlar hönkürüb ağladılar.  10Gəlinləri ona dedilər: «Xeyr, biz də səninlə birgə xalqının yanına gedirik».  11Naomi isə dedi: «Ay qızlarım, qayıdın geri. Axı niyə siz də mənimlə getməlisiniz? Məgər bətnimdə yenə oğullarım var ki, sizə ər olsun?  12Qayıdın, ay qızlarım, öz yolunuzla gedin. Mən indi ərə getmək üçün çox yaşlıyam. Desəm ki, ümidim var, hətta bu gecə ərə gedib oğullar doğacağam,  13onlar böyüyənə qədər gözləyərsinizmi? Ərə getməyib səbir edərsinizmi? Yox, qızlarım! Sizin halınıza çox acıyıram, çünki mənə qarşı qalxan Rəbbin əlidir».  14Onlar yenə də bərkdən ağlaşdılar. Orpa qayınanasını öpüb vidalaşdı, Rut isə ona sarıldı.  15Naomi Ruta dedi: «Bax qaynın arvadı öz xalqının və allahlarının yanına qayıtdı, gəl sən də onun ardınca geri qayıt».  16Rut dedi: «Məcbur etmə ki, səni tərk edib

Səninlə getməyim.

Bil ki, hara getsən, ora gedəcəyəm,

Harada qalsan, orada qalacağam;

Xalqın xalqım olacaq,

Allahın Allahım.

17Sən harada öləcəksənsə,

Mən də orada öləcəyəm,

Orada da basdırılacağam.

Əgər ölümdən başqa bir şey

Məni səndən ayırarsa,

Qoy Rəbb mənə beləsini və

Bundan betərini etsin».

18Naomi Rutun onunla getmək üçün qəti qərara gəldiyini görəndə bir daha onu dilə tutmadı.  19Hər ikisi Bet-Lexemə qədər gedib oraya çatdılar. Bet-Lexemə daxil olanda onları görən bütün şəhər əhalisi hərəkətə gəldi və dedilər: «Bu, Naomi deyilmi?»  20Naomi onlara dedi: «Mənə Naomi deməyin, mənə Mara deyin, çünki Külli-İxtiyar həyatımı acı etdi.  21Mən buradan dolu çıxdım, Rəbb məni boş qaytardı. Bir halda ki Rəbb məni ittiham etdi, Külli-İxtiyar başıma müsibət gətirdi, daha niyə məni Naomi çağırırsınız?»  22Beləliklə, Naomi Moav torpağından onunla birgə gələn gəlini Moavlı Rutla bərabər geri qayıtdı. Onlar Bet-Lexemə arpa biçini başlananda gəldilər.

Rut 2

Rut Boazın zəmisində

1Naominin əri Elimelekin nəslindən Boaz adlı mərd və xeyirxah bir qohumu var idi.  2 Bir gün Moavlı Rut Naomiyə dedi: «İzin ver, zəmilərə gedim. Kimin gözündə lütf tapsam, onun ardınca düşüb başaq yığaram». Naomi ona «get, qızım» dedi.  3Rut getdi və bir zəmiyə girib biçinçilərin ardınca başaq yığmağa başladı. Təsadüfən o, Elimelekin nəslindən olan Boazın sahəsinə girmişdi.  4Bu vaxt Boaz Bet-Lexemdən gəldi və biçinçilərə dedi: «Qoy Rəbb sizinlə olsun!» Biçinçilər cavab verdilər: «Rəbb sənə xeyir-dua versin».  5Boaz biçinçilərə nəzarət edən nökərinə dedi: «Bəs bu cavan qadın kimdir?»  6Nökər cavab verdi: «Bu cavan qadın Moavlıdır. O, Moav torpağından buraya Naomi ilə birlikdə gəlib.  7Mənə dedi: “Rica edirəm, qoy biçinçilərin ardınca düşüm və dərzlərin arasından düşən başaqları yığıb toplayım”. Səhərdən gəlib, indiyəcən buradadır, talvar altında isə lap az dincəlib».  8Boaz Ruta dedi: «Mənə qulaq as, qızım! Başaq yığmaq üçün buradan ayrılıb başqa zəmiyə getmə. Burada işləyən mənim qulluqçu qızlarımla qal.  9Yalnız biçinçilərin biçdiyi bu zəmiyə gözünü dik və qızların ardınca get. Nökərlərə əmr etmişəm ki, heç kimin səninlə işi olmasın. Əgər susasan, su qablarının yanına gedib nökərlərin çəkdiyi sudan iç».  10Rut üzüstə yerə düşdü və yerədək təzim edərək dedi: «Nəyə görə mən gözlərində lütf tapdım? Nə üçün mənə hörmət edirsən? Axı mən bir qəribəm».  11Boaz ona cavab verdi: «Ərin öləndən sonra qayınanana etdiyin hər şeyi eşitmişəm. Sən atanı, ananı, doğma torpağını atıb heç tanımadığın bir xalqın yanına gəlmisən».  12Bu işinin əvəzini qoy Rəbb versin! Qoy qanadı altına sığınmaq üçün gəldiyin İsrailin Allahı Rəbb sənə bol mükafat versin!  13Rut dedi: «Qoy sənin gözündə lütf tapım, ağam, necə də mənə təsəlli verdin. Sənin kənizlərinə tay olmadığım halda bu kənizini ürəkləndirən sözlər söylədin».  14Yemək zamanı Boaz Ruta dedi: «Buraya gəl, sən də çörəkdən ye, tikəni sirkə-şirəyə batır». Qadın gəlib biçinçilərin yanında əyləşdi. Boaz ona qovurğa uzatdı. Qadın yeyib-doydu və yeməyindən artıq da qaldı.  15Rut başaq yığmaq üçün ayağa qalxanda Boaz nökərlərinə əmr edib dedi: «Qoy o gedib dərzlərin arasından başaq yığsın, onu incitməyin.  16Dərzlər arasından çəkib onun üçün də atın ki, o da yığsın. Onu qınamayın».  17Rut axşama qədər zəmidə başaq yığdı və yığdığı başağı döyüb bir efaya yaxın arpa çıxartdı.  18Sonra onu götürüb şəhərə gəldi. Qayınanası gördü ki, o, başaq gətirib. Rut naharda doyandan sonra artıq qalan yeməyini qayınanasına verdi.  19Qayınanası ona dedi: «Bu gün harada başaq yığmısan? Harada işləmisən? Sənə hörmət edən qoy xeyir-dua alsın!» Rut yanında işlədiyi adam haqqında qayınanasına danışıb dedi: «Bu gün yanında işlədiyim adamın adı Boazdır».  20 Naomi gəlininə dedi: «Dirilərdən və ölülərdən Öz xeyirxahlığını əsirgəməyən Rəbb qoy ona xeyir-dua versin!» Naomi yenə dedi: «O, qohumumuzdur, yaxın qəyyumlarımızdan biridir».  21Moavlı Rut dedi: «Bir də o mənə dedi ki, mənim biçinim qurtarana qədər işçilərimlə birgə işlə».  22Naomi gəlininə dedi: «Qızım, onun qulluqçu qızları ilə işləməyin çox yaxşıdır, yoxsa başqa zəmilərdə səni incidərlər».  23Beləliklə, Rut arpa və buğda biçinləri qurtarana qədər Boazın qulluqçu qızlarının yanında başaq yığdı və qayınanası ilə birgə yaşadı.

Rut 3

Rut Boazın xırmanında

1Bir gün qayınanası Naomi Ruta dedi: «Qızım, sənin ailə xoşbəxtliyin üçün rahat bir yer axtarmayımmı?  2Bax qulluqçu qızları ilə sahəsində işlədiyin Boaz bizim qohumumuzdur. O bu gecə xırmanda arpa sovurur.  3Sən də yuyun, ətirlən və ən gözəl paltarını geyinib xırmana en. Amma o yeyib-içməyini qurtarmayınca özünü ona göstərmə.  4Elə ki yatmağa getdi, yerini tapıb onun ayaqlarının üstünü açaraq ayaq tərəfində yatarsan. Sonra nə etmək lazımdırsa, o özü sənə deyəcək».  5Rut ona «dediklərinin hamısına əməl edərəm» dedi.  6Rut xırmana endi və qayınanasının bütün tapşırıqlarına əməl etdi.  7Boaz yeyib-içib kefi kökələndən sonra yatmaq üçün məhsul tayasının kənarına getdi. Rut da sakitcə gəldi və ayaqlarının üstünü açıb ayaq tərəfində uzandı.  8Gecə yarısı birdən Boaz səksəndi və çevrilib baxanda gördü ki, ayaqlarının yanında bir qadın uzanıb.  9O, qadına dedi: «Sən kimsən?» Qadın cavab verdi: «Mən qarabaşın Rutam. Ətəyinlə bu qarabaşının da üstünü ört, çünki sən qəyyumumsan».  10Boaz dedi: «Qoy Rəbb sənə xeyir-dua versin, qızım! Sonuncu xeyirxahlığın əvvəlkindən də yaxşıdır. Çünki nə kasıb, nə də varlı bir cavanın ardınca düşdün.  11Qızım, daha qorxma! Dediyin hər şeyi sənin üçün edəcəyəm. Şəhərimizin bütün əhalisi yaxşı bilir ki, sən xeyirxah qadınsan.  12 Düzdür, sənin qəyyumun mənəm, amma məndən də yaxın qəyyumun var.  13Bu gecəni qal, sabah əgər o adam sənə qəyyum olmaq istəsə, çox yaxşı, qoy olsun. Yox, əgər bundan imtina etsə, var olan Rəbb haqqı, sənin qəyyumun mən özüm olacağam. Hələlik sabaha qədər yat».  14Rut onun ayaqlarının yanında sübhədək yatdı və səhərin alaqaranlığında – hələ gözün yaxşı seçmədiyi vaxtda ayağa qalxdı, çünki Boaz demişdi: «Qoy heç kəs bilməsin ki, xırmana bu qadın gəlib».  15Sonra Boaz Ruta dedi: «Üst örtüyünü götür, burada tut». Rut örtüyünü götürüb kənarından tutdu. Boaz altı ölçü arpanı örtüyün üstünə töküb ona verdi. Rut şəhərə qayıtdı.  16O, qayınanasının yanına gələndə qayınanası ona dedi: «Necə oldu, qızım?» Rut Boazla olan hər şeyi Naomiyə danışdı,  17sonra dedi: «O mənə altı ölçü arpa verib dedi ki, qayınananın yanına əliboş qayıtma».  18Naomi Ruta dedi: «Qızım, gözlə, gör bu işin sonu necə qurtarır, çünki o adam bu işi bu gün axıra çatdırmayınca sakit olmayacaq».

Rut 4

Boazın Rutla evlənməsi

1Boaz şəhərin darvazasına çıxıb adamlar toplanan yerdə oturdu. Boazın bəhs etdiyi qəyyum oradan keçirdi. Onu görən Boaz «ay filankəs, bir dön, burada otur» dedi. O da gəlib orada oturdu.  2Şəhər ağsaqqallarından on adamı çağırıb «siz də burada oturun» dedi. Onlar da gəlib orada oturdular.  3Boaz həmin qəyyuma dedi: «Moav torpağından qayıdan Naomi, qardaşımız Elimelekin zəmisini satır.  4Mən də burada oturanların və xalqımın ağsaqqalları qarşısında sənə eşitdirmək istədim ki, oranı satın alasan. Əgər sən bu qəyyumluq vəzifəsini yerinə yetirəcəksənsə, bunu et, əgər bundan imtina edirsənsə, bunu açıq de, mən də bilim. Çünki səndən başqa bu vəzifəni öhdəsinə götürən kimsə yoxdur, yalnız səndən sonra mən varam». O, Boaza dedi: «Qəyyumluq vəzifəsini mən yerinə yetirərəm».  5Boaz dedi: «Zəmini Naomidən satın alarkən onun mərhum oğlunun arvadı Moavlı Rutu da arvad olaraq almalısan ki, mərhumun adı öz irsi üzərində qalsın».  6Qəyyum olan adam dedi: «Mən ona qəyyumluq edə bilmərəm, yoxsa öz irsim dağılar. Mənim vəzifəmi sən öz öhdənə götür, mən qəyyum ola bilmərəm».  7 Qədim zamanlarda İsraildə belə bir adət var idi: qəyyumluq vəzifəsini icra edərkən və mal dəyişərkən müqavilə bağlanmasına şəhadət olsun deyə biri çarığını çıxarıb bir tayını başqasına atardı. Bu, İsraildə qəbul olunan razılaşma üsulu idi.  8Qəyyum olan adam Boaza dedi: «Sən özün satın al». Sonra da o, çarığının bir tayını çıxardı.  9Boaz ağsaqqallara və bütün xalqa dedi: «Siz də bu gün şahidsiniz ki, mən Elimelekin bütün mülkünü, Kilyon və Maxlonun bütün mülklərini Naomidən satın alıram.  10 Mərhumun adı öz irsi üzərində qalsın deyə Maxlonun dul arvadı Moavlı Rutu da özümə arvad alıram. Qoy qardaşları arasından, yurd qapılarından mərhumun adı silinməsin. Siz də bu gün şahidsiniz».  11 Darvaza yanına yığılan bütün xalq və ağsaqqallar dedilər: «Biz şahidik, qoy Rəbb sənin evinə gələn qadını İsrail evini quran iki qadın Rəhilə və Lea kimi etsin. Efratada qüdrətli işlər görəsən və Bet-Lexemdə adın tanınsın.  12 Qoy Rəbb sənin evini bu gənc qadından verəcəyi nəsli Tamarın Yəhudaya doğduğu Peresin evi kimi etsin».  13Boaz Rutu aldı və Rut ona arvad oldu. Boaz onun yanına girdi. Rəbb Rutun bətninə uşaq verdi və Rut oğul doğdu.  14Qadınlar Naomiyə dedilər: «Rəbbə alqış olsun ki, bu gün sənə gələcək qəyyumunu verdi. Qoy onun adı İsraildə tanınsın.  15Bu körpə səni canlandıracaq və qoca vaxtında səni saxlayacaq. Çünki onu sənə yeddi oğuldan daha yaxşı olan, səni sevən gəlinin doğmuşdur».  16Naomi uşağı qucağına alıb gəzdirdi və onun dayəsi oldu.  17Qonşu qadınlar ona ad qoyub dedilər: «Naomi üçün oğul doğulub». Onun adını Oved qoydular. O, Davudun atası olan Yesseyin atasıdır.

Davudun nəsil şəcərəsi

18Peresin nəsli budur: Peresdən Xesron törədi. 19Xesrondan Ram törədi. Ramdan Amminadav törədi.  20Amminadavdan Naxşon törədi. Naxşondan Salmon törədi.  21Salmondan Boaz törədi. Boazdan Oved törədi.  22Oveddən Yessey törədi. Yesseydən də Davud törədi.